Xalq şairi Rəsul Rza, onun “Uzaq ellərin yaxın töhfələri” əsəri və Şəmsəddin Kuzəçi haqqında düşüncələr - Qəzənfər PAŞAYEV

 

Rəsul Rzanın "Uzaq ellərin yaxın töhfələri" əsəri Türkiyədə çap olunub

Xalq şairi Rəsul Rzanın 1969-cu ildə Bağdadda "Qardaşlıq" dərgisinin 6-cı sayında dərc olunan "Uzaq ellərin yaxın töhfələri" əsərini Dr.Şəmsəddin Kuzəçi toplayaraq bu günlərdə Ankarada kitab halında buraxmışdır. Kitaba professor Qəzənfər Paşayev "Xalq şairi Rəsul Rza, onun "Uzaq ellərin yaxın töhfələri" əsəri və Dr.Şəmsəddin Kuzəçi haqqında düşüncələrim" adlı geniş Ön söz yazmışdır. Kitabda Məmmədhüseyn Təhmasibin "Uzaq ellərin yaxın töhfələri haqqında", Aydın Kərkükün "Azərbaycan ədəbiyyatında Rəsul Rza", Nazim Hikmətin "Uzaqlardan yaxınlardan dostum Rəsul Rza", Melik Cevdet Andayın "Sovetlər Birliyi gəzisi", Mehmet Xurşid Daquqlunun "Xoyratlarımız və Azərbaycanca bir əsər", Xeyrulla Kazımın "Şair Rəsul Rza", Yavuz Akpınarın "Bir çift şair", Şəmsəddin Kuzəçinin "Rəsul Rzanın "Layla, balam, a layla" şeiri üzərinə", Bəxtiyar Vahabzadənin "Ölməz şair, ölməz şəxsiyyət", Anarın "Rəsul Rza ilə Nazim Hikmətin dostluğu", İsa Həbibbəylinin "Rəsul Rzanın sənət qüdrəti" və Qəzənfər Paşayevin 1968-ci ildə Bakıda Rəsul Rza ilə birgə çap etdirdiyi "Kərkük bayatıları"na yazdığı Son sözü daxil edilmişdir. Sonda Rəsul Rza ilə bağlı şəkillər verilmişdir.

Qəzənfər Paşayevin "Uzaq ellərin yaxın töhfələri" əsərinə yazdığı Ön sözdə Xalq şairi Rəsul Rzanı türk qardaşlarımıza necə təqdim etməsi maraq doğurur.

Odur ki, alimin "Xalq şairi Rəsul Rza, onun "Uzaq ellərin yaxın töhfələri" əsəri və Şəmsəddin Kuzəçi haqqında düşüncələrim" məqaləsini oxuculara təqdim edirik.

 

Rəsul Rza xoşbəxt taleli insanlardandır, desək, yanılmarıq. Xalqına təmənnasız xidmətinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi, SSRİ Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı kimi yüksək fəxri adlara layiq görülən şair həyatının müxtəlif dövrlərində Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Azərbaycan Sovet Yazıçılar İttifaqının sədri, Azərbaycan SSR Kinematoqrafiya naziri, Azərbaycan Sovet Ensiklopediyasının yaradıcısı və Baş redaktoru və s. kimi məsul vəzifələrdə çalışmışdır. İraqda Məhəmməd Füzulinin, Suriyada İmadəddin Nəsiminin məzarlarını ilk ziyarət etmək, onlar haqqında yeni söz demək və İraq türkmanları və xoyratlardan ilk olaraq söz açmaq da onun qismətinə düşmüşdür. Şairin kitabda verdiyimiz, məhəbbət və ehtiramla yazılmış "Uzaq ellərin yaxın töhfələri" adlı dərin məzmunlu yazısı da çox mətləblərdən söz açır.

Azərbaycanda sərbəst şeirin əsasını qoyan, onun carçısı və hamisi də Rəsul Rza olmuşdur. Şairin irili-xırdalı 64 kitabı işıq üzü görmüşdür.

Şeir-sənət pərəstişkarlarının sevimlisi, cəsarətli novator şair Rəsul Rzanın məhsuldar yaradıcılıq yolunu izlədikcə ixtiyarsız düşünürsən ki, doğrudan da, şair xalqın görən gözü, vuran nəbzi, döyünən ürəyidir.

Kanadada çıxan "Nozen neybə ("Şimal qonşusu") jurnalının baş redaktoru Dizon Karterin vaxtilə "Sovetskaya literatura" jurnalının baş redaktoruna göndərdiyi məktub bu baxımdan səciyyəvidir:

"...Həmin məktubla sizə Rəsul Rzanın ingiliscə çıxan üç şeirini də göndərirəm. Nəşriyyatımız onları təqribən, bir il bundan əvvəl çap etmişdi. Təəccüblüdür ki, biz bu şeirləri ikinci dəfə təkrar nəşr etməli oluruq. Ola bilər ki, bu sizi təəccübləndirməsin, lakin Kanadada çox nadir hallarda təkrar nəşr  edirlər. Ancaq Rəsul Rzanın şeirləri özünün yüksək humanizmi ilə o dərəcədə fərqlənir ki, Kanadada və Amerika Birləşmiş Dövlətlərində minlərlə oxucu onları cəmi bir neçə ay ərzində alıb oxudu".

Çox keçmədi, şairin şeirləri Kanadada ayrıca buklet şəklində çap olundu. "Nozen neybə" jurnalında "Qəmli ürəkdə ümid şüası" adlı yazı çıxdı: "İnsanın hər şey ürəyincə olduğu vaxtlarda belə, bəzən o, ümidsizliyə qapılır, bədbinləşir. Bu hal bəşər övladına xasdır. Belə anlarda adamın imdadına böyük sovet şairi Rəsul Rza kimi insan qəlbinin xilaskarları çatırlar. Nədənsə usananda, gələcəyə ümidiniz azalanda, ruhdan düşəndə bu heyrətamiz, ecazkar insanın böyüklüyünü, qüdrətini göstərən ilhamlı şeir parçalarını oxuyun! Cəmisi dördcə şeir. Lakin, onların hər biri sehrdir, möcüzədir, məlhəmdir, onları ümidlərini itirmiş, ruhdan düşmüş adamlara çatdırın!.."

Bu yazını oxuduqca qürur hissi keçirirsən, düşünürsən.  Xalq öz görkəmli oğullarını dünyaya gətirir, ona ilham verir, aləmə tanıdır. Lakin, vaxt gəlir ki, xalqın iftixarı olan belə sənətkarlar xalqını dünyaya tanıdır. Bəs bunun sirri nədədir? Bizcə, bunun əsas səbəbi şairin bəşəri olması, bəşəri olduğu qədər də milli kökə bağlılığındadır. Elə götürək Rəsul Rzanın xalq  yaradıcılığına münasibətini.

Şair həmişə xalq yaradıcılığından bəhrələnmişdir. Bu, bir həqiqətdir ki, bəzən xalq yaradıcılığının, hətta ən unudulmuş janrı belə yeni dövrün fikrini ifadə etməkdə çox münasib forma olur. Rəsul Rzanın gənclikdə yazdığı "Beşik nəğməsi" və müdrik çağlarında - 1980-ci ildə qələmə aldığı "Yaralı  Kərkükün bugünkü xoyrat və maniləri" silsilə şeirlərində olduğu kimi. Bu şeir parçalarında xalqa güclü bağlılıq, daha doğrusu, xalqın səsi, nəfəsi, ruhu, qəm, qüssə, kədəri, xalqın bayatılı nəğməsi tam parlaqlığı ilə özünü göstərir:

 

Quzeylər, ay quzeylər,

Dərdim odu buz eylər.

Gəldi ağır günlərim -

Bir dərdimi yüz eylər.

 

Kərkükün baş qalası,

Divarı daş qalası.

Ölü ana yanında

Tökür qan-yaş balası.

 

Bağdaddan karvan gəlir,

Dərdli, pərişan gəlir.

Kimlər qurban kəsilib,

Sularım al-qan gəlir.

 

Atlarım,

İlxı-ilxı atlarım.

Bir çətin günə düşdüm,

Ağladı xoyratlarım.

 

Qara yellər əsəndə,

Elin dərdi var səndə.

Yeddi qurban kəsərəm,

Bu davalar kəsəndə.

 

Eləcə də, ana ilə körpə arasında əbədi məhəbbətin təməlini qoymaq kimi nəcib bir işə xidmət edən istəklə, məhəbbətlə bağlı yaranan "Beşik nəğməsi".

 

Sən ömrümün gülüsən,

Bağçamın sünbülüsən,

Gül dodağın güləndə

Neyləyirsən gülü, sən?

 

Layla gülüm, a layla!

Şirin dilim, a layla.

 

Günəşli gündüz sənin,

Dərə sənin, düz sənin.

Elə sevinc gətirən,

Bu xoş günümüz sənin.

 

Layla, quzum, a layla!

Ala gözlüm, a layla! və s.

 

Təsadüfi deyildir ki, kərküklü müğənni Əbdülvahid Kuzəçi oğlu bu şeirə musiqi bəstələmiş, 1966-cı ildə Kərkükdə çap etdirdiyi "Kuzəçi oğlunun xoyrat və bəstələri" kitabına daxil etmişdir. Kərkük dolaylarında çox məşhur olan bu mahnını bilməyən yoxdur. Bu da təsadüfi deyildir ki, Həsən İzzət Çardaxlı bu şeirdən ilham alaraq, "Yurd" qəzetində (6.03.1987) "Gözəl şeirlər silsiləsindən", Rəsul Rzaya layiq, yığcam, bir parçasını burada təqdim etdiyimiz tutarlı məqalə yazmışdır: "Layla! Layla ana ürəgindən cocuğun ürəginə gizlincə əsən havadır, sızılan süddür. Layla məhəbbət bağçasından dərilən bir dəstə güldür. Solmaz, inciməz, incitməz.

 

Layla açılmayan tilsimli qapıları

            açan anaxtardır!

Sadəcə, analar əlində cocuqları

            uyutmaq üçün sehrdir.

 

Layla cocuqla ana arasında qıldan incə, poladdan qüvvətli bağdır, gözlə görünməz, əl ilə tutulmaz, barmaqların ucu hiss eləyən bir bağ!

Əzəldən bəri axan bir sevgi qaynağıdır, qurumaz, axdıqca axar!

Laylanı Rəsul Rza yazmışdır..."

Yaradıcılığının daha da müdrikləşdiyi, məşhur "Rənglər" silsiləsini yazdığı bir dövrdə, şairin bayatı formasına müraciəti bir daha təsdiq edir ki, ənənə Rəsul Rza kimi əsl sənətkarlar üçün təməldir. Büdrəməmək, yıxılmamaq üçün söykənəcəkdir, arxadır. "Şifahi xalq yaradıcılığı Rəsul Rza üçün elə əbədi bir çeşmədir ki, oradan poeziyanın arteriya damarları ilə yeni obrazların həyatverici qanı axıb gəlir".

Qeyd etmək lazımdır ki, Rəsul Rza "Aşıq Yanıqlı bayatıları" silsiləsinə (1961-1964) Füzulinin ölümünün 400 illiyi münasibəti ilə İraqa  gəldikdən, İraq türkmanlarının xoyratları ilə tanış olduqdan, "Uzaq ellərin yaxın töhfələri" əsərini yazdıqdan sonra müraciət etmişdir.

İraq türkmanlarının folkloru Rəsul Rzada böyük maraq oyatmışdır. Bunu görkəmli şair Nazim Hikmətin sözlərindən də görmək olar: "Ötən il Rəsul Rza İraqa getmişdi. Qayıdanda əlində bir kitab gördüm. Elə bil şair əlində öz ürəyini aparırdı. Azərbaycancaya çox, lap çox yaxın olan bu şeirlər İraqda yaşayan  türkmanların bayatıları idi".

Şairin "Uzaq ellərin yaxın töhfələri" məqaləsini həyəcansız oxumaq olmur. Məhz  buna görədir ki, qüdrətli qələmin məhsulu, poetk sözün əsl nümunəsi olan bu məqalə, həm İraqda, həm də Azərbaycanda böyük hadisə kimi qarşılandı. Onu da deyək ki, Rəsul Rzanın yaradıcılığını İraqda layiqincə qiymətləndirirlər.

"Qardaşlıq", "Əlifba", "Qələmlər" jurnallarında, "Əl-Əxbar" və "Yurd" qəzetlərində şeirlərindən nümunələr, haqqında yazılar verirlər. "Əl-Əxbar" qəzetində çıxan yazıdan verdiyimiz  parça dediyimizə parlaq misaldır:

"Yenilikçi bir şair olan Rəsul Rza Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Onun şeirlərində nikbinlik, həqiqətin qələbəsinə inam var. Onun əsərləri öz işığı və təravəti ilə qəlblərə məhəbbət gətirir. Şairin bəşər övladına olan məhəbbətinin özü bu şeirləri yazdırmışdır".

Rəsul Rza bir müəllim kimi yeni ədəbi nəslə qayğı ilə yanaşır, onların hər hansı bir yaxşı əsərini oxuyanda ata kimi sevinirdi. "Gənclərlə qaynayıb-qarışan, onların poetik nailiyyətlərini öz nailiyyəti hesab edən sənətkarlar heç vaxt qocalmırlar. Bunun üçün böyük şair ürəyi lazımdır. Rəsul Rza  belə bir insan idi".

Böyük Azərbaycan bəstəkarı Qara Qarayevin bu müdrik kəlamını yaşa dolduqca daha yaxşı başa düşmək olur.

Vaxtilə Rəsul Rzanın hələ ədəbiyyat aləmində heç bir xidməti olmayan, tanınmayan bir gəncin, bu məqalə müəllifinin - Qəzənfər Paşayevin adının "Kərkük bayatıları" (Azərnəşr, Bakı, 1968) kitabında öz adı ilə qoşa getməsinə razılıq verməsi, sonradan həyat göstərdi ki, gənclərə göstərilən qayğının, etimadın, onu ruhlandırmaq arzusunun nəticəsi imiş.

Demək lazımdır ki, böyüklərə, xalqın qiymətli övladlarına münasibətdə də Rəsul Rza gənclərə örnək olur, onlara yol göstərirdi: "Çox zaman bizimlə bir gündə, bir yerdə yaşayan adamlar arasındakı böyük istedadların nə qədər nadir olduqlarının fərqinə varmırıq. Onları tez-tez görüb, onlara alışırıq, düşünmürük ki, yanımızda oturan bu adam klassikdir, bir sənət möcüzəsidir, nadir istedaddır". Təkrarsız müğənni Bülbül haqqında onun dediyi bu sözləri bütövlükdə ölməz sənətkar, böyük şəxsiyyət Rəsul Rzanın özünə də aid etmək olar.

Şair Azərbaycanın mədəni irsinin qorunub saxlanması və tədqiqi sahəsində də hamıya örnək olacaq fikirlər söyləyir, gənclərə istiqamət verirdi. Hələbdə Nəsiminin qəbrini üzə çıxaran (1968-ci il) şair ölməz Nəsiminin tədqiqatçılarına müraciətlə deyir: "Bu möhtəşəm ədəbi-elmi abidənin gözəl, dəqiq, maraqlı və uzunömürlü yaranmasında bir kərpic qoyanın da, yüz kərpic qoyanın da zəhməti hörmət və təqdirlə yad edilməlidir".

Bu kəlamı, əslində, bütün tarixi şəxsiyyətlərimizin yaradıcılığı ilə məşğul olan gənc tədqiqatçılara şairin  xeyir-duası kimi qiymətləndirmək olar. Xalq, şair oğlunun xatirəsini əbədiləşdirmişdir. Bakıda ən geniş küçələrdən biri indi onun adını daşıyır. Bu, şairin yaradıcılığına verilən layiqli qiymətdir. Fəxr edirəm ki, keçən əsrin ağrılı-acılı 90-cı illərində Bakı Sovetində küçələrin adlarının qaydaya salınması komissiyasının üzvü kimi yaşadığı küçənin şairin adına qoyulması məsələsini mən irəli sürmüşdüm.

Yaradıcılığına neçə-neçə monoqrafiya, dissertasiya və məqalələrin həsr olunması isə Rəsul Rza poeziyasının ecazkarlığına, heyrətamizliyinə dəlalət edir. Hər il Bakıda şairin anadan olduğu gün, may ayının 19-da şairə həsr olunmuş əsərlərin müsabiqəsi keçirilir. Fəxri Xiyabanda məzarı ziyarət edilir.

Fəxr edirəm ki, Beynəlxalq Rəsul Rza mükafatına layiq görülənlərdən biri də mənəm.

Deyirlər, nəcabətli adam hər yerdə doğulmur. Ancaq belə müdrik harda doğulursa, orda bütöv bir xoşbəxt nəsil yetişir. Elə bil bu sözlər Azərbaycan Sovet poeziyasında məktəb yaradan Rəsul Rzanın ünvanına deyilib. Bu məktəbi "Rəsul poeziya məktəbi" adlandırmaq  olar. Bunu biz Bəxtiyar Vahabzadədən verdiyimiz parçada tam aydınlığı ilə görürük:

 

Ey Rəsul, sən haqlısan,

Çünki sən öz əsrinə

Daha artıq bağlısan.

Sənət gülüstanına

Qədəm basandan bəri

 

O köhnə ölçüləri

Cəsarətlə sən atdın.

"Məna, məna" - demədən,

Sən mənalar yaratdın.

 

Doğrudan da, Rəsul Rza poeziyasındakı mənalar, fikirlər insanı düşünməyə, kim olduğunu anlamağa, soykökə qayıtmağa, gələcəyə ümidlə baxmağa çağırır. Odur ki, biz də onun təkrarsız poeziyasına daxili ehtiyac duyur, şairi minnətdarlıqla yad edirik.

Dr.Şəmsəddin Küzəçinin Xalq şairi Rəsul Rzanın İraq türkmanlarının yazılı və şifahi ədəbiyyatından bəhs edən "Uzaq ellərin yaxın töhfələri" əsərinin vaxtilə "Qardaşlıq" dərgisinin müxtəlif saylarında çıxan hissələrini toplayaraq kitab halında çap etməsini, İraqda yaşayan soydaşlarımıza, qürur və güvənc yeri olan türkiyəli qardaşlarımıza ərməğan etməsini ədəbi əlaqələrimiz yolunda atılan əlamətdar hadisə kimi yüksək qiymətləndirirəm.

Dr.Şəmsəddin Kuzəçi hazırda böyük bir əsər  - 1961-ci ildə ilk sayı çıxan və bu gün də çap olunan "Qardaşlıq" və "Birlik səsi", "Türkman eli", "Kərkük" dərgilərində, "Yurd", "Türkman eli" və  başqa qəzetlərdə Azərbaycan yazıçı və şairlərinin, eləcə də elm adamlarının əsərlərini və onların yaradıcılığına həsr olunmuş məqalələri toplayaraq kitab halında çapı üzərində işləyir.  

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin fəxri üzvü, "Ədəbiyyat qəzeti"nin Redaksiya Şurasının üzvü Dr.Şəmsəddin Kuzəçi 25 ilə yaxındır ki, Azərbaycan-İraq ədəbi-elmi əlaqələri yolunda yorulmadan çalışır. Bu sətirlərin müəllifinin "Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti" adlı monoqrafiyasını Ankara və Kərkükdə ərəb əlifbası ilə çap etdirib.

Eyni zamanda Dr.Mustafa Ziya ilə birgə İraqda və Türkiyədə "Kərkük sevdalısı Qəzənfər Paşayev" monoqrafiyasını (Kərkük, 2017, 152 səh., Ankara, 2018, 212 səh.) çap etdirmişdir.

Qədirşünaslıq əlaməti olaraq Bakıda Prof. Dr. Rəsmiyyə Sabirin tərtibində "Azərbaycan sevdalısı Şəmsəddin Kuzəçi" (Bakı, 2023, 197 səh.) kitabı çap olunub. Kitaba Ön sözü mən yazmışam. Bundan əlavə, bu çox maraqlı əsərdə "Şəmsəddin Kuzəçi dünyası" adlı geniş məqaləm də yer alır.

Kitabda professorlar: Rəsmiyyə Sabir, İsa Qayacan, Qənirə Paşayeva, Nurulla Çətin, Hikmət Babaoğlu, Elçin İskəndərzadə, Tamilla Əliyeva, Güllü Yoloğlu, Qalibə Hacıyeva, şair Əkbər Qoşalı, jurnalistlərdən Azər Həsrət, Aydın Kərkük, Nicat Kövsər və başqalarının Şəmsəddinə layiq məqalələri dərc edilib...

Azərbaycanda Şəmsəddin Kuzəçinin bir neçə kitabı işıq üzü görüb: "İraq Türkman poeziya antologiyası", Azərbaycanca və ingiliscə çıxan "İraq Türkman mətbuat tarixi" dəyərli kitablardır. Azərbaycanla bağlı "Kərkükdən səsləniş" (Bakı, 2018) və "Kərkükdən Azərbaycana" (Ankara, 2019) adlı genişhəcmli kitabları çıxıb.

İnanılası deyil, hələ 60 yaşı tamam olmayan Şəmsəddinin 60-dan artıq kitabı çıxıb.

Yaradan Dr.Şəmsəddin Kuzəçiyə tükənməyən enerji bəxş etmişdir. O, bu enerjini bütövlükdə İraq türkman ədəbiyyatına və ədəbi əlaqələrə həsr etmişdir.

Ürəyi xeyirxahlıqla döyünən Şəmsəddin qardaşıma yeni-yeni uğurlar, qədrini itirəndən sonra bildiyimiz möhkəm cansağlığı diləyirəm.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!