"Məzhər üt-türki" kitabının müəllifi haqqında - Nadir MƏMMƏDLİ

 

Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə

öyrətmək məqsədilə yazılmış kitab - "Məzhər üt-türki"

 

Əslən Ərdəbil şəhərindən olan XVIII əsr Azərbaycan alimi Əbdürrəhim Ərdəbili Şirvaninin müəllifi olduğu "Məzhər üt-türki" dərsliyi (risalə) təxminən 270 il əvvəl, Nadir Şah Əfşar dövründə Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək məqsədilə yazılmışdır. İranın Qum şəhərində mühafizə olunan, Azərbaycan dili və tarixi üçün bu mötəbər  və qiymətli əlyazmanı Tehranın Fərhangiyan Universitetinin Fars dili və ədəbiyyatı fakültəsinin dosent doktoru, əslən azərbaycanlı İxtiyar Bəxşi AMEA Nəsimi adına Dilçilik İnstitutunun Baş direktoru filologiya elmləri doktoru, profeesor Nadir Məmmədliyə hədiyyə etmişdir.

İlk dəfə Azərbaycanda fars dilindən tərcümə və çap olunan bu dərslik dilimizin inkişaf yolları, qrammatik və leksik normalarının tarixi təkamülünün öyrənilməsi baxımından dil tarixçiləri, türkoloq və iranşünaslar üçün çox dəyərli vəsaitdir. Professor Nadir Məmmədlinin kitaba yazdığı Ön sözü təqdim edirik.

 

"Məzhər üt-türki" kitabının müəllifi haqqında

 

Əlyazmanın əvvəlində qeyd olunur ki, dərslik İranda Qızılbaş türkcəsini qeyri-türklərə öyrətmək üçün yazılmışdır və bu türkcə "axıcı, dəyərli, sadə və şirin"dir. Elə orada "Məzhər üt-türki" kitabının müəllifi Əbdürrəhim Ərdəbili Şirvaninin Ərdəbildə doğulduğu, yaşayıb boya-başa çatdığı, mənşəyinin də Ərdəbildən olduğu haqqında məlumat verilir. Şirvani təxəllüsünü götürməyinin səbəbi "yeniyetməliyinin əvvəllərində bir müddət Şirvanın pak şəhəri olan Şamaxıda yaşaması və gəncliyinin ilk illərini həmin vilayətdə dostları ilə keçirməsi"dir. Müəllif risalədə Şamaxı və yerli əhalisi, dilləri barədə dolğun təsəvvür yaradır: "O diyarın əhalisi, böyükdən kiçiyə, varlıdan yoxsula, ümumiyyətlə türkcə danışırdılar və türk dili o sərhəddə o qədər geniş yayılıb ki, o vilayətdə yeniyetmə ikən müşahidə edirdim ki, bəzən iraqlı, fars və ya xorasanlı olan qonaq ya yad o şəhər və diyara girib farsca sözlərlə danışanda, o vilayətin əhalisi cavab söyləməkdə aciz olub, dilmanca möhtac olurdular və o şəxsin suallarına farsca kitabların üzündən ən çətin şəkildə cavab verməyə çalışırdılar".

Əbdürrəhim Ərdəbili Şirvani bir müddət Türkiyə və Tacikistana səfər etmiş, Adil şah Əfşarın göstərişi ilə Xorasandan "elm diyarı Şiraza" köçmüş, orada məskunlaşmışdır. Uşaqlıqdan elmləri öyrənmək həvəsi onu tərk etməmiş, "alçaq dünyanın işindən" ruzi qazanmağın çətinliyinə baxmayaraq, "bu mənaya çatmaq üçün daim istək və fürsət axtarışında" olmuş, yüksək məqamlı alimlərin ərəbcə və farsca müzakirələrində, dərslərində iştirak etmiş, arzusunda olduğu səadətə qovuşmuşdur. Ərəb və fars dillərinin qayda-qanunlarına dərindən bələd olduqdan sonra, özü qeyd etdiyi kimi, "türk olmaq qeyrətindən və ucalığından" bu dilin həqiqətləri və incəliklərini zəka sahiblərinin anlamaları üçün "belə bir risalənin təlifinin hazırlanması və təsnifinin tərtibi"ni "həzin xatirəsi"ndən keçirir, hətta yaxın dost və tanışları da bu mövzuda yazmasını ondan dəfələrlə acizanə xahiş, hətta tələb etmişlər. Beləliklə, Uca Yaradandan kömək istəyib, uğur diləyib, türkcə sözlərdəki qayda-qanunu "tapıb" "Məzhər üt-türki"ni yazır.

Əbdürrəhim Ərdəbili Şirvaninin fikrinə görə, Allahın öz hikmətindən yaratdığı tayfa və toplumlar yer üzünə yayılmışlar, "onların hər biri özlərinin danışdıqları dillərdə Allahın adının çəkilməsi və xatırlanması ilə məşğuldurlar". Bu dillərin ən məşhurları ərəbcə, farsca və türkcədir: "Böyüklər və elm sahibləri ərəbcəni fəsahətdə, farscanı məlahətdə, türkcəni şücaətdə tapmışlar". Lakin toplum etibarilə çoxluq təşkil edən türklər, həqiqətdə hamısı türkcə danışsalar da, sözləri arasında fərq çoxdur. Məsələn, özbək ölkəsində, sərhədlərindən uzaqda - Rumda osmanlı tayfaları türkcə danışsalar da, onların əksər ifadələri İrandakı türkcədən seçilir. Hətta İran vilayətlərindəki elat türkləri də müxtəlif cür danışırlar, farslar türkcə sözlərə o qədər əlavələr ediblər ki, "az qalıb ki, kimsə bu vilayətdə türkcə danışıb dinləməyə rəğbət göstərməyib, türkcə danışmağı tamamilə dayandırsın". Belə rabitəsiz sözlərə nümunə göstərir: "Atın çapmağının tərifində deyirlər: "dovi xasdur", türkcəsi isə belədir: "çapmağı yaxşıdır". Dov farsca, xas ərəbcə, dur türkcədir. Ona görə də müəllif bildirir ki, risalənin bünövrəsini İranın həqiqətən "axıcı və rabitəli Qızılbaş tükcəsi tərzində qoymuş" və ona bəzi əlavələr və ixtisarlar edərək qayda və qanunlarını izah və şərh etmişdir.

Əbdürrəhim Ərdəbili "Məzhər üt-türki" risaləsinin son səhifələrində qeyd edir ki, bu kitabı Şirazda olarkən türkcə öyrənmək və danışmaq istəyən fars mənşəli Ağa İsmayıl adlı bir şəxsin xahişi ilə, bəlkə də müəyyən haqq müqabilində "sürətli və hazırlıqsız" yazmışdır. Bir sıra səhv və xətaların olduğunu etiraf etsə də, bu əlyazma, qeyd olunduğu kimi, 270 il bundan əvvəl Qızılbaş türkcəsinin elmi baxımdan araşdırılması üçün mühüm əhəmiyyətə malikdir. Əbdürrəhim Ərdəbili Şirvani türk (Azərbaycan türkcəsi nəzərdə tutulur - N.M.) və fars dillərində şeirlər yazan, böyük zövq və istedada malik fəzilətli şair və ədibdir. "Məzhər üt-türki"yə özünün farsca bir (5 beyt) və türkcə bir (3 beyt), həmçinin Əmir Əlişir Nəvainin türkcə bir (5 beyt) şeirini, Məhəmməd Füzulinin qəzəllərindən parçalar (31 beyt), o dövrdə çox məşhur bir atalar sözü və türkcə beş cümlə daxil etmişdir. "Məzhər üt-türki" üç əsr əvvəl Cənubi Azərbaycan ərazisində işlək olan Səfəvi və Əfşar türkcəsinin təbliği, tədqiqi baxımından dəyərli və çox əhəmiyyətlidir.

Əsər gözəl nəstəliq xətti ilə yazılmış, 14 x 21 sm ölçüdə, 163 səhifədən, hər səhifəsi 12 sətirdən ibarət əlyazmadır. Bu əlyazma İranın Qum şəhərindəki "Mərkəz-i ihyay-yi turas-ul İslami" (İslam irsini yenidən canlandırma Mərkəzi) kitabxanasında (şifrə № 686) mühafizə olunur. "Mərhəmətli və rəhimli Allahın adı" ilə başlanan kitab müqəddimə, dörd bölmə, birinci və ikinci bölmələrin hər biri iki fəsil və "Əlef ilə başlayan türkcə feillər", "Əlef ilə başlayan türkcə isimlər" başlıqlı lüğətçədən ibarətdir. I bölmənin birinci fəsli "Feillərin təyinedici əlamətləri haqqında", ikinci fəsli "Özünün və başqalarının yardımı ilə icra edilən türkcə feillərin əlamətləri haqqında", II bölmənin birinci fəsli "Feil mənalı türkcə isimlər", ikinci fəsli "Digər türkcə isimlər" adlanır. III bölmə "Hərflər haqqında"dır, IV bölmədə "Türkcə şəkillər, sözlər, o cümlədən feillər və isimlərin qeydi və izahı", Qızılbaş türkcəsi üçün ümumi olan sözlərin əlifba sırası ilə lüğətçəsi verilir. Kitab "Son" başlığı ilə bitir.

"Məzhər üt-türki"ni türk mədəniyyəti, ədəbiyyatı, elminin fədakar təbliğatçısı ərdəbilli Məhəmməd Micəndehi Cəbədər Tehran, Həmədan, Məşhəd, Yəzd, Çalus şəhərlərindən əldə etdiyi çox qiymətli, nəfis türkdilli əlyazmalardan biri kimi Qum şəhərindəki "İslam irsini yenidən canlandırma Mərkəzi" kitabxanasının nadir kitab fondundan əldə etmiş, şəxsi arxivində saxlamış, sonralar vətənpərvər dostlarına hədiyyə etmişdir. İlk dəfə 2011-ci ildə özü "Məzhər üt-türki" kitabına giriş" adlı məqalə yazmış və əsərin əlyazmasını nəşr etdirmişdir. 2012-ci ildə tanınmış alim Fərhad Rəhimi bu əsəri yazdığı geniş ön söz və şərhlərlə (182 səhifə) Tehranın "Yeni fikir" nəşriyyatında 1000 tirajla çap etdirmişdir. Lakin kitabı orijinal əlyazması ilə müqayisə etdikdə nəşrdə bilərəkdən ya bilməyərəkdən, bəlkə siyasi motivli bəzi mövzular olduğundan fərqli verilmiş, yaxud üstündən sükutla keçilmişdir.

 

Dərsliyin (risalə) yazıldığı dövr və tarixi şərait

 

Maraqlıdır ki, İran Milli Konsorsium saytının məlumatında "Məzhər üt-türki" risaləsinin yazılma tarixi XIV hicri əsri göstərilir. Fərhad Rəhimi kitaba yazdığı türkcə müqəddimədə onu XIII hicri əsrinə aid edir. Əbdürrəhim Ərdəbili Şirvaninin yaşadığı dövr və "Məzhər üt-türki"ni yazma səbəbləri ilə bağlı verdiyi məlumatlardan isə risalənin yazılma tarixinin XII hicri əsri olduğu aydın olur. Məsələn, qeyd etmişdik ki, Əbdürrəhim Ərdəbili Şirvani türk və tacik vilayətlərini dolaşdıqdan uzun müddət sonra, nəhayət Adil Şah Namdarın əmri ilə Xorasandan Şiraza göndərilmiş və burada məskən salmışdır. O, Şiraza getməyinin məqsədini bildirmir, baş verənlərlə bağlı da heç bir məlumat qeyd olunmur. Dəqiq olan budur ki, Azərbaycan tarixində Adil Şah yalnız bir şəxsin - Nadir Şah Əfşarın qardaşı İbrahim Xan Zəhir-üd-Dövlənin böyük oğlu Əliqulu xanın təxəllüsü olmuşdur. Əliqulu xan 1719-cu ildə Xorasan əyalətinin Əbivərd ətrafında doğulmuşdur. O, əmisinin döyüş səfərlərində, üsyanların yatırılmasında iştirak etmiş, Rzaqulu Mirzədən sonra Xorasanın hakimi təyin olunmuşdur. Qəndəharı ələ keçirmək üçün döyüşə hazırlaşan zaman, hələ 17 yaşında ikən onu əmisi Məşhəd valisi təyin etmiş, 1747-ci il iyunun 20-nə keçən gecə Nadir Şah Əfşar öldürüldükdən sonra, iyulun 6-da qurulmuş yas məclisində ağsaqqallar və sərkərdələrin iştirakı ilə Əliqulu xan şah seçilir. O, 1747-ci ildə Məşhəddə Sultan Əli Adil Şah titulu ilə taclanır və adına sikkələr zərb edilir.

Adil Şah Əfşarın Astrabadda Məhəmməd Həsən Xan Qacar və İsfahanı idarə edən qardaşı İbrahim Mirzə kimi güclü rəqibləri var idi. Məhz o, ilk dəfə Qarabağ xanı Pənahəli xanın müstəqil dövlət quruculuğu sahəsindəki fəaliyyətini və xanlığını rəsmən tanımışdı. Lakin hakimiyyəti uzun sürmür və bir ildən az bir zaman ərzində dövləti idarə edir. Zəncan və Soltaniyyə yaxınlığında - Əfşar dövlətinin  qərbindəki mövqeyini möhkəmləndirən İbrahim Mirzə Əmiraslan Xanla qüvvələrini birləşdirərək Adil Şaha qarşı yürüşə keçib. Adil Şah sayca çox olan üsyançı ordunun qarşısını ala bilmir, əvvəlcə Gilana, sonra silahdaşlarının itaətsizliyi ucbatından Tehrana qaçır. Yerli hakimlərdən biri Məhəmməd Həsən xan onu həbs edir, gözlərini kor edərək İbrahim Mirzəyə təhvil verir. Adil Şah zəncirlənmiş halda Məşhəd şəhərinə göndərilir.

Əbdürrəhim Ərdəbili Şirvani, yazdığına görə, Adil Şah Əfşarın hakimiyyəti dövründə onun hüzurunda olmuşdur. Bu zaman gəncliyindən xeyli vaxt keçmişdi, Şiraza getmək göstərişi alanda, artıq orta yaşda idi. Şirazda Adil Şah Əfşarın məğlubiyyəti və korluğu xəbərini eşitmiş, xidmətindən ayrılsa da, Xorasana qayıtmamışdır. Qeydlərinə əsasən, Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər üt-türki"ni XVIII əsrdə, 1747-ci ildən sonra yazması daha düzgün nəticədir. Bütün bu faktlar göstərir ki, müəllifin anadan olmasından 300 ildən çox, "Məzhər üt-türki"nin yazılmasından isə 270 ilə yaxın zaman keçmişdir. Bu dövrün qiymətli əsərinin öyrənilməsi həm də orta əsrlərdə Cənubi Azərbaycan tarixinə dair araşdırmalar üçün çox əhəmiyyətlidir, kitabda bəhs edilən dil Səfəvi hakimiyyətinin sonları və Nadir Şah Əfşar dövründə İranda yayılmış türk dilidir.

Əmir Teymur 20 iyul 1402-ci ildə Osmanlı sultanı İldırım Bəyazidi məğlub etdikdən sonra bəzi oğuz boylarını əsir götürərək Azərbaycana gətirir. Ərdəbilin Kəhrəlan (Kəlhoran) kəndindəki Cəbrayıl (Şeyx Səfiyəddin Ərdəbilinin atası) türbəsinin yaxınlığında Səfəvi şeyxi Xoca Əli Siyahpuşun xahişi ilə əksəriyyətini azadlığa buraxır. Onlar Anadoluya qayıtmayaraq, Azərbaycanda məskunlaşır, türklərin sayını daha da artırırlar. Azərbaycana etdiyi sonuncu yürüş zamanı Əmir Teymur Ərdəbil şəhərini Şeyx Səfinin varislərinə vermişdi. XIV əsrin ortalarından etibarən Ərdəbil əhalisi Şeyx Səfiəddinin müridləri hesab olunurdu. O, sünni məzhəb olsa da, varisləri qədim türk inanclarını ehtiva edən qızılbaşlıq dini-fəlsəfi ideologiyasına üstünlük vermiş, sonralar şiəliyi qəbul etmişlər. Əslində qızılbaşlıq öz ideoloji qaynaqlarını xürrəmilik və hürufilikdən götürmüşdür. İslam dininin Azərbaycan türkünün ənənələrinə uyğunlaşdırmağın cəhdi özünü qızılbaşlığın yaranmasında, elm, mərifət və savaş imamı kimi İslam müqəddəslərindən olan Həzrəti Əli(ə.)ın simasında tapdı.

1501-ci ilin ortalarında Şərur düzündəki döyüşdə Əlvənd Mirzəni məğlub edən İsmayıl Təbrizə daxil olaraq özünü şah elan etdi və Səfəvilər dövlətinin əsasını qoydu. Səfəvilər dövründə hərbi komandanlıq, maliyyə idarələri, vilayətlərin idarəçiliyi və şah sarayında bütün vəzifələr Azərbaycan türklərinin əlində idi. Dövlət işlərində, sarayda, qoşunda və diplomatik yazışmalarda Azərbaycan türkcəsi işlənirdi. Ordu Qızılbaş türk soylarından ibarət idi. Qızılbaşlar Oğuz türklərinin bir tayfasıdır, onların çoxu Azərbaycan torpaqlarında və Anadoluda yaşamış, ictimai-siyasi tariximizdə mühüm rol oynamışlar. Əgər Qızılbaşlara qədər Sacilər, Salarilər, Eldənizlər, Qaraqoyunlular, Ağqoyunlular dövlətlərinin mənşəyini tayfalar təşkil edirdisə, qızılbaşlığın qurduğu dövlət modeli tayfaçılıq prinsipindən uzaq, dövlətləşməyə yönəlmişdi. Şah İsmayıl özünü Tanrı elan etməyib - Tanrı aşiqi olub, şeirlərində bidətçiliyə rast gəlinmir, Həzrət Məhəmməd(s.ə.s.)i və Həzrət Əli(ə.)ni vəsf etmişdir. İslam dinində Həzrət Əli(ə.)yə həddən artıq məhəbbət var, elə bir adam tapılmaz ki, onu sevməsin.

Qızılbaşlıq hərəkatı dərviş ordeni formasında yaranmış və ruhani həyatın təbliği ilə genişlənmişdi. Əmir Teymurun yürüşlərindən sonra Səfəvi tarixinin daha çox hərbi-siyasi doktrina əhəmiyyəti daşıyan dövlətləşməyə doğru gedən yolunun əsas mərhələsi başlayır. Qızılbaşlığı həm də tərki-dünyalıq, ruhanilik, dünya malına göz dikməmə kimi prinsiplərə əsaslanan sufilikdən gələn ideoloji sistem kimi qəbul etmək olar. Bu sistem sosial ədalət, mülklərin bərabər bölünməsi prinsiplərini də özündə ehtiva edir. Qızılbaşlıqla İran şiəliyi arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil, burada fars dini inanc sistemindən heç bir element yoxdur, daha çox türk şamançılığından süzülüb gələn ənənələr özünü büruzə verir. Qızılbaşlıq türk İslamının simvoludur.

1501-ci ildən sonra qızılbaşlığın dini və dünyəvi hakimiyyətinin birliyi təcəssüm olunmağa başlayır və bu, 1736-cı ilə qədər davam edir. Səfəvilər dövləti süqut etmir, Azərbaycan taxtında bu sülaləni digər tayfa - Əfşarlar əvəz edir. Qızılbaşlıq ideologiyası Nadir Şahın zamanında bir qədər dəyişir, qeyri-türklərin əlində alətə çevrilir, onların həyat tərzi ruhani aləmdən uzaqlaşdırılır, lakin sonralar Qacarlar dövründə yenidən əsas doktrinalardan birinə çevrilir.

 

"Məzhər üt-türki"nin dil xüsusiyyətləri

 

(qrammatik izahlar və lüğətçə)

 

"Məzhər üt-türki" İrandakı Qızılbaş türkcəsinin qrammatik qaydaları və leksik tərkibini öyrətmək üçün yazılmış ilk dərslikdir. Müəllif "Məzhər üt-türki"nin əlyazmasının müqəddiməsində bu barədə məlumat verir və onu "gözəl türk dili" kimi təqdim edir. Səfəvilərin hakimiyyətə gəlişi zamanından Nadir Şah Əfşarın hakimiyyətinədək, təxminən iki yüz əlli illik bir dövrdə "Məzhər üt-türki"dən savayı türkcənin (Səfəvi hakimiyyəti dövründə istifadə edilən Azərbaycan türkcəsi - N.M.) qrammatika və leksikası ilə bağlı mənbə olmadığı üçün bu kitabın əhəmiyyəti dil tariximiz üçün əvəzsizdir. Bundan əlavə, Səfəvi və Əfşarlar dövründə Azərbaycan türklərinin ictimai-siyasi tarixinin aydınlaşdırılmasında etibarlı və dəyərli bir mənbədir. Əbdürrəhim Ərdəbili Şirvani müqəddimədə bildirir: "Fars və İraqi-əcəmdə türk olmayan böyüklərin çoxu türk dilini başa düşməyə hazırdır və bir çox dostlar da bu barədə kitab yazmaq istəyirlər". Müəllif kitabını ərsəyə gətirənə kimi türk dilinin qanunları, qaydaları, faktları və təfərrüatları haqqında bu səpkidə heç bir risalə görmədiyini, məhz bu səbəbdən yazdığını bildirir.

Həmin ərəfədə görkəmli Azərbaycan alimi, tarixçisi, yazıçısı, Nadir şah Əfşarın münşisi və saray tarixçisi Mirzə Mehdi Xan Astrabadinin (tam adı Nizaməddin Məhəmməd Hacı əl-Hüseyn əs-Səfəvi Astrabadi) ömrünün sonlarında qələmə aldığı "Sənglax" yeganə və çox qiymətli türkcə qrammatik oçerk idi. "Məbən əl-lüğət" cağatayca-farsca lüğət əsərə giriş kimi yazılmışdır, tam adı "Sərfü nəhvi-lüğəti-cağatayi"dır. Qrammatik oçerk və lüğət böyük özbək şairi Əlişir Nəvainin əsərləri əsasında tərtib edilmiş, məqsəd Şərq türkcəsində yazılmış şeirlərin izahını vermək olmuşdur. İranda geniş yayılmış Səfəvi və ya Qızılbaş türkcəsinə aid sözlər lüğətə daxil edilməmişdir. Məhz elə bu baxımdan da Əbdürrəhim Ərdəbili Şirvaninin "Məzhər üt-türki"si əcnəbilərə türk dilinin qrammatikasını və leksik tərkibini öyrətmək üçün yazılmış çox qiymətli dərslikdir.

Kitabın dilinin sadəliyə, aydınlığa doğru istiqaməti əsas inkişaf xəttidir, anlaşılmazlıq yaradan qəliz tərkiblər, silsilə izafət birləşmələri çox deyildir, xüsusilə istər mətndə, istərsə də lüğətçədə xalq danışıq dilinə, məişətə aid sözlər geniş yer tutur, milli xüsusiyyətlər üstünlük təşkil edir. Canlı xalq dilinin təsiri təkcə leksik yox, qrammatik izahlarda da özünü göstərir.

Əbdürrəhim Ərdəbili Şirvani peşəkar dilçi deyildir, lakin dərsliyində dilçiliyimiz üçün təqdirəlayiq və dəyərli məlumatlar vermişdir. Bütün türk dilləri üçün xarakterik olan sözlərin - feillərin, isimlərin "kökünün sabit, daimi və dəyişməz olduğu"nu qeyd etmişdir. Lakin feil köklərinin əmr formasında olduğunu, məsdər və zaman formaları haqqında bəhs etmək əvəzinə, təəssüf ki, Azərbaycan dilinə ərəb dilinin qaydalarını tətbiq etmişdir. Müəllif müqəddimədə risalənin yazılmasında ərəb dilinin qayda-qanunlarının nəzərə alınmasına işarə edir. Əvvəlcədən məlumat verir ki, ərəb dilinin qrammatikasından müxtəsər də olsa, biliyi olmayanlar burada qeyd olunanlardan həzz ala bilməyəcək və deyilənlər onların idrakına çatmayacaqdır: "Türk mənşəli sözün kökü "əmr" olsa da və elmi əsaslara görə "əmr"lə başlayıb türkcədə "əmr"i ifadə etməli olsaq da, biz ərəb dilində məsdər əsas olduğu və sözün kökü hesab olunduğu üçün ərəb dilinin qaydasına əməl etdik". Təəssüf ki, bu mühüm metodoloji səhv kitabda verilmiş qrammatik izahlarda da özünü göstərir. Ərəb dilinin qrammatikası və kateqoriyalarını türk dilinə aid edərkən bəzən türk dilinin tələffüz imkanlarını nəzərə almamış, əksinə, qrammatik qaydaları, özünün yazdığı kimi, Xəmsə alimlərinin fətva və əmrlərinə uyğunlaşdırmışdır.

Əbdürrəhim Ərdəbili "Məzhər üt-türki"ni Azərbaycan türkcəsinin tədrisində ilk dərslik kimi görsə də, əsərdə "təfəkkür şəhərinin beşiyində doğulan", əsərlərinə müraciət etdiyi təsəvvür xəyal dünyasında vaxtlarını gərəkli və gözəl müzakirələrə sərf edən, "türkcənin axıcılığını yaxın və köklü hesab etdikləri qaydada yerinə yetirən" 5 müctəhid alimin adını çəkir. Türk dilinin dahiləri hesab etdiyi üçün onları Xəmsə (beşlik) alimləri adlandırır: Molla Cecimxan Şamlu, Molla Qaraxanoğlu Qurt, Molla Daşdəmir Qaragözlü, Molla Tə?rıverdi Şahsevən və Molla Yaradanqulu Silsüpür. Əbdürrəhim Ərdəbili Şirvani "Məzhər üt-türki"də onların yaradıcılığından bəhs etməsə də, belə nəticəyə gəlmək olar ki, Səfəvilər dövrünün çox tanınmış, bilikli bu beş türk aliminin hər birinin Qızılbaş türkcəsi və onun qrammatik qaydalarına aid yazıları olmuşdur. Lakin "Məzhər üt-türki"dən savayı heç bir mənbədə onların kimliyi və irsi haqqında məlumat yoxdur. Dərslikdən məlum olur ki, bu din alimlərinin təkcə türk dilinin qaydaları və türk dilçiliyi haqqında deyil, həm də haram, müstəhəb və məkruh kimi fiqh terminlərinin izahları, fərdi təfsirləri, türkcə öyrənib, danışa bilmək üçün fikirləri vardır, hətta onlar bu barədə "vacib fətva"lar da vermişlər: "Xəmsə alimləri türkcə danışan şəxsin məqam və rütbəsi olan, sürü və ilxıya sahibi olan və ya heç olmasa, atlı və divanın işlərinə cavabdeh olan şəxsə "müstəhəb" olduğunu, onlardan heç biri danışan şəxsdə olmasa, onun türkcə danışması "məkruh"dur söyləmişlər. Molla Yaradanqulu bu vəziyyəti "haram" olaraq dəyərləndirir". Müəllif bir vacib məqama da diqqət yönəldir ki, türk dili Səfəvilər və Əfşarlar dövründə bütün İranda dini və müqəddəs dil kimi qəbul olunmuşdur. Təsadüfi deyildir ki, fiqh terminlərini "vacib şəriət hökmü və ya vacib şəriət fətvası" kimi qəbul etmişdir. Bunun səbəbini o dövrdə türklərin Cənubi Azərbaycanın dini, siyasi və ictimai həyatında tutduğu yüksək mövqedə axtarmaq lazımdır. "Məzhər üt-türki"dən aydın olur ki, Səfəvi və Əfşarlar dövründə İranda türklər elə bir qüdrət, əzəmət və ictimai, mədəni, dini, siyasi mövqeyə malik olmuşlar ki, qeyri-türk rəsmiləri, güc və sərvət sahibləri bu dili öyrənməyə və danışmağa çox həvəs göstərmişlər. Buna görə də, Səfəvi hakimliyi "nəcib türk dili və İran türkləri" ilə bağlı ən xırda məsələləri müzakirə etmək üçün Xəmsə alimlərinə, bəzi türk dilçi üləmalarına şəriət hökmləri və fətvalar imtiyazı vermişdi. O dövrdə İranda şiə məzhəbini yayan Qızılbaşlar türk dilini hakim dilə, sultanın və ətrafının dilinə, saray dilinə,"böyüklərin" və "hökmdarlar, ordunun dili"nə, nəticədə "hökmdar" bir dilə çevirmişdilər. "Məzhər üt-türki"dəki bu fikirlər kitabın yazıldığı və ondan əvvəlki dövrlərdə İranda türk dilinin aliliyi və nüfuzu haqqında təsəvvür yarada bilir: "Türkcə danışmaq cox yaxşı və istəklidir və bu dil əmr və fərman sahiblərinin istiqlalının mühüm bir hissəsidir və bu dil zəmanə və dövrün əmr sahibi olan sultanlar və hakimlərin dilidir. Bu dilin onların işlərinin keçməsində hədsiz və sonsuz faydaları var, bəlkə, bu dil onların dünyəvi işlərində ən üstün və ən kamildir və əgər onlar bu məna libasını əyinlərinə geyinməyiblərsə, şübhəsiz, bu zəmanənin insanlarının nəzərində danlaq və məzəmmətə layiqdirlər və dövrün camaatının gözündə onlar üçün heç bir təmkin, vüqar, cəlal və etibar qalmaz". Və ya: "Molla Qaraxanoğlu türk dilinin ucsuz-bucaqsız bir dəniz olduğunu söyləyir və qeyd edir ki, türklərlə tez-tez türkcə danışmasanız, ondan tam yararlana bilməyəcəksiniz".

Bir daha aydın olur ki, o dövrdə İranda türk dilindən savayı bu səviyyədə başqa bir ünsiyyət dili olmamışdır. Türkcəni öyrənmək və bu dildə danışmaq "dövrün hökmdarlarına, vəzifə sahiblərinə, ağsaqqallara, məmurlara, mal və sürü sahiblərinə, ən azı divan üzvlərinə, məmur atlılara" bir vəzifə kimi həvalə edilmiş, "türkcə danışdıqda dünya işlərində böyük faydalar qazanacaqlarını" bildirmişlər. Bu ondan irəli gəlirdi ki, Qızılbaş türkləri Şah İsmayılın və onun əcdadlarının dili olan türkcəyə "müqəddəs lisan" kimi baxırdılar. Şah İsmayıl dövrü üçün "dünyəvi sultan, ilahi nurun daşıyıcısı, ilahiyyatın mahiyyətinin təcəllisi", "kamil bir sufi və mürşid" idi. Türkcə şeirlərindən bəlli olur ki, o dövrdə Qızılbaş müridləri arasında çox böyük nüfuza, "yüksək müqəddəslik dərəcəsi"nə malik olmuşdur. Səfəvi və Əfşarlar dövrlərində türk dilinə bu cür münasibət türklərin güc və səlahiyyət zirvəsində olduğunun göstəricisidir. Kitabdan həmin dövrdə İranda, xüsusən qeyri-türklər arasında Qızılbaş türkcəsinin sürətlə yayılmasını, yüksək ictimai-siyasi mövqeyini və aliliyini bilmək çətin deyildir.

Qeyd olunur ki, ərəb dilində olduğu kimi, türk dilində sözlər feil, isim və hərflərə (köməkçi nitq hissələri - N.M.) bölünürlər. İsimlər əşyanın adını bildirir, müstəqil mənaları olur, feillər indiki, keçmiş, gələcək zamana görə fərqlənirlər, lakin hərflər, bunların hər ikisinə zidd olaraq, heç bir məna daşımır, isim və ya feillə əlaqələndikdə faydalı olurlar. Ərəb dili qrammatikasının qaydalarına uyğun olaraq əvvəlki müəlliflər, Xəmsə alimlərindən Molla Yolqulu və Molla Cecimxan başqalarından fərqli olaraq, cins kateqoriyası olmadan müəyyən izah verməyin mümkünsüzlüyünü bildirir. Əbdürrəhim Ərdəbili Şirvani isə, əksinə, qeyd edir ki, türk dilində, ərəbcədən fərqli olaraq, kişi və qadın cinsi olmasa da, təyinedici əlamətlər vardır, kəmiyyət formaları ümumidir. Başqa bir nümunədə bildirir ki, ərəb və fars dillərində tələffüz zamanı iki sokun yanaşı gələ bilər, lakin türk dilləri üçün bu qayda məqbul deyildir.   

Türkcə an, anlar, sən, bən, biz əvəzliklərinin ərəbcə qarşılığı huvə, hum, əntə, əntum, ənə, nəhnu, farscada an və anha, to və şoma, mən və ma-dır. Müəllif qeyd edir ki, ərəbcə feillərdə əvəzliklər gizli olurlar. Molla Daşdəmirə görə, o və onlar əvəzlikləri danışıqda sərbəstdir, hətta mənaca eynidirlər, təzad, onlardan istifadəyə görədir.

 

(Davamı gələn sayımızda)

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!