1918-ci ilin may ayında öz müstəqilliyini elan etməsi ərəfəsində Azərbaycanda son dərəcə mürəkkəb və təhlükəli hərbi-siyasi şərait mövcud idi. Çünki Cümhuriyyətin elan edildiyi sərhədlər daxilində olan ərazilərin az qala yarıdan çoxu, o cümlədən, Bakı şəhəri Azərbaycan xalqının müstəqilliyinə və mövcudluğuna qənim kəsilmiş yad qüvvələrin işğalı altında idi. Obyektiv tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə onun müstəqilliyini müdafiə etməyə qadir olacaq yetərli milli-hərbi qüvvələr isə hələ təşkilatlanmamışdı. Ona görə də Cümhuriyyət hökuməti hərbi kömək göstərilməsi üçün Osmanlı Türkiyəsinə müraciət etdi və bu müraciətin nəticəsi kimi Azərbaycana gəlmiş türk hərbi qüvvələri ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu yaradıldı.
Cümhuriyyətin dövlətçilik tarixində xüsusi yeri olan Qafqaz İslam Ordusunun meydana gəlməsi, əslində, XX əsrin əvvəllərindən başlayaraq, Azərbaycan və türk xalqları daxilində milli təfəkkürün və düşüncə oyanışının dərinləşməsinin məntiqi nəticəsi idi. Türkçülük ideyasının getdikcə daha çox insanın zehniyyətinə sahib olması bu iki xalqın ideya və əməl birliyinə də yeni bir təkan verirdi. Onun üçün idi ki, milli təəssübkeşlik daha da güclənir və qarşılıqlı əqidə birliyi qarşılıqlı münasibətlərin əsasına çevrilirdi.
Ona görə də Azərbaycanın aydınları, milli elitası Türkiyənin qarşılaşdığı sınaqları milli sınaqlar kimi qəbul edirdi və bu sınaqların birgə aradan qaldırılması yolları aranırdı. XX əsrin əvvəllərində Türkiyənin qarşılaşdığı müharibə çətinliklərinin aradan qaldırılması üçün Azərbaycan xalqının əməli yardımları buna əyani misal ola bilər. Məsələn, bəllidir ki, 1912-ci ildə Balkanlarda müharibə başlayanda bölgədə böyük çətinliklərlə qarşılaşan türk əhalisinə Hacı Zeynalabdin Tağıyev biganə qalmadı və həmin əhaliyə 1000 qızıl lirə göndərdi. Birinci Dünya müharibəsi başlayanda isə xeyli sayda azərbaycanlı könüllü şəkildə Türkiyə ordusuna daxil oldu və Türkiyənin ərazi bütövlüyü uğrunda mübarizəyə qoşuldu. Azərbaycan o zaman Türkiyəyə qarşı müharibə aparan Rusiyanın tərkibində idi və Rusiya mərkəzi orqanları azərbaycanlıların Türkiyəyə köməyinin qarşısını almaq üçün Bakıda polis rejimini daha da möhkəmləndirirdi. Çar polislərinin davamlı təqibləri ilə rastlaşmasına baxmayaraq azərbaycanlılar məhrumiyyətlərlə qarşılaşmış Türkiyəni tək qoymadılar. Məlumdur ki, Çanaqqala döyüşündə çoxlu sayda azərbaycanlı döyüşürdü. Qeyri-rəsmi məlumata görə, onların sayı 2-3 min nəfər olmuşdu. Çanaqqala şəhidliklərində azərbaycanlı şəhidlərin qəbri indi də qalmaqdadır.
Azərbaycanda müharibə fəlakətləri ilə qarşılaşmış Türkiyə əhalisinə maddi yardım göstərilməsi üçün "Qardaş köməyi" adlı təşkilat yaradılmışdı. Bu təşkilat müharibə qurbanlarına maddi yardım göstərməkdən əlavə, həm də türk şəhidlərinin yetim qalmış uşaqlarını Azərbaycana gətirib, qayğısına qalır, onları məktəblərdə oxutdururdular.
Rusiya ilə müharibədə əsir düşmüş xeyli sayda türk hərbçilərinin bir hissəsi Nargin adasında saxlanılır, xeyli hissəsi də Azərbaycandan keçməklə Rusiyaya daşınırdı. Azərbaycanın milli qüvvələri həyatlarını risk qarşısında qoyaraq, bu əsirlərin müəyyən hissəsini əsirlikdən qaçırmağa nail olmuşdu. Bundan başqa, Rusiya hakimiyyət orqanlarının razılığı ilə Gəncədə türk əsirləri üçün xüsusi xəstəxana açılmışdı. Xəstə türk əsirləri burada müalicə olunur, sonra yola salınırdı.
Bu milli təəssübkeşlik cavabsız qalmadı və çətin günlərdə Türkiyə də Azərbaycana öz kömək əlini uzatdı. Qafqaz İslam Ordusunun yaranması da bunun əməli nəticəsi idi.
Ancaq Azərbaycanın milli azadlıq hərəkatının fəalları Türkiyədən elə bir hərbi yardım almaq istəyirdilər ki, bu yardım xalqı qarşılaşdığı bolşevik-daşnak təhlükəsindən xilas etməklə bərabər, Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə əməli kömək olsun. Milli azadlıq hərəkatı fəallarının bu istəyini Nəsib bəy Yusifbəyli İstanbula yollanmalı olan nümayəndə heyətinin rəhbəri Nağı bəy Şeyxzamanlıya belə çatdırdı: "Nağı, sən İstiqlal komitəsinin üzvüsən. Bütün vəziyyəti Osmanlı dövlətinə anlat, de ki, xalqımız müstəqil yaşamağa əzm etmişlər, bu yolda hər cür fədakarlıq göstərmişlər. Azərbaycanın dörddə üçü bu gün rusların hakimiyyətindən qurtarmış vəziyyətdədir. Onlar bizim ehtiyacımız olan qüvvələriylə kömək etsinlər. Bizə qardaş əli uzatsınlar, əlimizdən tutsunlar, istiqlalımızı elan etməmizə kömək etsinlər. Ancaq bizi özlərinə ilhaq etmək istərlərsə, onda gəlməsinlər. Biz öz yağımızda qovrulub başımıza çarə taparıq".
Bu istək Osmanlı Türkiyəsinin rəhbərliyi tərəfindən qəbul olundu və Azərbaycana göndərilən hərbi heyətə də yalnız azərbaycanlılardan dəstləşdiriləcək bir ordunun təşkilatlanmasına kömək göstərmək tapşırığı verildi. Gəncəyə üz tutan türk hərbi heyətinə isə Nağı bəy Şeyxzamanlının xahişi əsasında Türkiyənin hərbi naziri Ənvər paşanın kiçik qardaşı Nuru paşa rəhbər təyin edildi.
Nuru paşa və onun yanında olan hərbi heyət 1918-ci il may ayının 25-də Gəncəyə daxil oldu. Milli-azadlıq mübarizəsinin lideri M.Ə.Rəsulzadə Nuru paşanın və onu müşayiət edən heyətin Gəncəyə daxil olmasını belə təsvir edirdi: "...Nuru paşa ilə bərabər məiyyətində bulunan bir kaç zabiti İran və Qarabağ təriqilə Gəncəyə varid olmuşlardı. O zaman müdhiş bir anarxiyaya məruz, digər tərəfdən də, bolşevik təcavüzü ilə təhdid olunan Gəncə Nuru paşanı göydən enmiş xilaskar bir mələk kimi tələqqi etmişdi. Xəlqin kəndisinə yapdığı istiqbal Gəncə tarixində görülməmişdir".
Nuru paşa Azərbaycan daxilində və ətrafındakı hərbi-siyasi şəraiti təhlil etdikdən sonra belə bir qənaətə gəldi ki, Azərbaycanın istiqlalına və bütünlükdə xalqın mövcudluğuna qarşı günü-gündən güclənməkdə olan bolşevik-daşnak təhlükəsinin aradan qaldırılması üçün daha ciddi tədbirlər görülməlidir. O, çıxış yolunu Türkiyədən Azərbaycana nizami hərbi qüvvələrin göndərilməsində gördü və bununla bağlı qardaşı Ənvər paşa qarşısında məsələ qaldırdı. Azərbaycana kömək üçün zəruri olan bu təklif də Ənvər paşa tərəfindən qəbul edildi.
1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycanla Osmanlı Türkiyəsi arasında imzalanan dostluq müqaviləsinin 4-cü bəndinə əsasən, 5-ci türk piyada diviziyası Azərbaycana yola salındı. 1918-ci il iyun ayının ilk həftəsinin sonunda həmin diviziya Azərbaycana yetişdi. Bu diviziya ilə Azərbaycanın milli hərbi qüvvələri bazasında Qafqaz İslam Ordusu formalaşdırıldı. Nuru paşa bu ordunun komandanı, general-leytenant Əliağa Şıxlinski isə komandan müavini vəzifəsini aldılar.
Azərbaycanın dövlətçilik tarixindən yaxşı bəllidir ki, türk hərbi qüvvələri Azərbaycana yetişən kimi dərhal bolşevik-daşnak dəstələrinə qarşı döyüşlərə qatıldılar. Qafqaz İslam Ordusu Gəncədən və Qaraməryəmdən başlayaraq, Bakıya qədər şərəfli və qürurlu bir döyüş yolu keçdi. Bakı şəhərinin yad qüvvələrdən azad edilməsi isə Qafqaz İslam Ordusunun Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizənin zirvəsi oldu. Bununla bağlı keçirilən əməliyyatın əsas zərbə qüvvəsi olan 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü türk əsgərlərinin Azərbaycanın baş şəhəri olan Bakının azad edilməsinə hansı duyğu və düşüncələrlə qoşulduğunu belə təsvir edirdi: "Bunu ərz etməliyəm ki, 5-ci Qafqaz firqəsi ona Vətən əqsamının istihlas və istirdadında Azərbaycanda olduğu qədər müşkülata, qanlı və ələmli zayiata uğramamışdı. Həm din və həm irqini qurtarmaq üçün mənsub olduğu millətin və ordunun qəhrəmanlıq dastanını yerə düşürməmək üçün zabitan və əfradımız böyük bir fərağati-nəfislə çalışmış, qiymətli qanlarını axıtmış və bilafütur müəzzəz canlarını da fəda etmişlərdi.
İstiqlalına aşiq Anadolu türkü nəhayət, qonşu və qardaş millətin istiqlalını da həmin mücadilələr ilə təmin və azərbaycanlıların əlinə tövdü və təslim etmişdi.
Bakısız Azərbaycan başsız bir vücuddur. Onsuz bir işə yaraşmazdı. Binaənəleyh Azərbaycan Cümhuriyyəti və istiqlaliyyətini behəmehal Bakı ikmal və itmam edəcəkdi. 5-ci Qafqaz firqəsi bunu əldə etmək üçün avqust bidayətlərində günlərcə boğaz-boğaza düşmənlə müharibə və mücadilə etdi. Fəqət məalesəf Bakının alınması 39 gün qədər təəhhür etdi".
Bakı şəhərinin azad edilməsi, həm Azərbaycan ictimaiyyətinin, həm də Türkiyə dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Nuru paşaya göndərdiyi teleqramında belə yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin zəbti xəbərini ən böyük müsərrətlə qarşılarım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpər, şəhidlərimizə fatihələr ithaf edərim".
Bakının azad edilməsi xəbərini M.Ə.Rəsulzadə İstanbulda olarkən eşitdi. O dərhal Azərbaycan hökumətinin sədri F.Xoyskiyə teleqram göndərib Azərbaycan xalqını və hökumətini bu tarixi hadisə münasibətilə təbrik etdi. Teleqramda deyilirdi: "Hürriyyət və istiqlaliyyət uğrunda çarpışan türk millətinin istinadgahı olan Bakının qurtuluşu münasibətilə rəisi bulunduğunuz hökumət ərkanını candan təbrik edər və salamlaram".
Azərbaycan milli mücadiləsinin liderlərindən biri olan Nəsib bəy Yusifbəyliyə görə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərmiş olduğu xidmətləri Nuru paşaya xitab edərkən bir neçə kəlmə ilə belə dəyərləndirmişdi: "Millət sizə minnətdardır". N.Yusifbəylinin fikrincə, Azərbaycan durduqca bu üç kəlmə azərilərin dilində və qəlbində yaşayacaqdır.
Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun Bakının asayişində dayanan hissələrindən başqa qalan qüvvələrinin rəsmi-keçidi keçirildi. Bu rəsmi-keçid Qırmızı Qışla adlanan məntəqədə (indiki Bakı Dövlət Universiteti ilə Bakı-Quba yolu arasında yerləşirdi) təşkil edildi. Rəsmi-keçiddə Xəlil paşa, Nuru paşa, Əliağa Şıxlinski, Həbib bəy Səlimov, Azərbaycan hökumətinin bir sıra üzvləri də iştirak edirdilər. Rəsmi-keçid bitdikdən sonra adları çəkilən şəxslər, qonaqlar və qoşun hissələri şəhərə daxil oldular. Şəhər əhalisi küçələrə çıxaraq Qafqaz İslam Ordusunun qalib döyüşçülərini salamladılar və Bakı şəhərinin azad edilməsi kimi böyük tarixi hadisənin sevincini onlarla bölüşdülər.
Bakı şəhərinin azad edilməsi Nuru paşanın həyatının ən yaddaqalan səhifəsi idı. O, burada zabit kimi ən böyük qələbəsini əldə etmişdi. Bu elə bir qələbə idi ki, onun sevincindən bütün Azərbaycan xalqına pay düşmüş və bu zəfər iki qardaş ölkənin qəhrəmanlıq tarixinə həkk olunmuşdu. Nuru paşa Bakının azad edilməsi ilə bir sərkərdə kimi nəyə qadir olduğunu nümayiş etdirdi və onun şəxsiyyətinə, eləcə də hünər və qabiliyyətinə bağlanan ümidləri etimadı doğrultdu. Yorulmaz, coşqun fəaliyyəti, sönməz enerjisi ilə bu insan bütünlükdə türk xalqının müstəqil Azərbaycana olan bağlılığını əməlı şəkildə nümayiş etdirdi. Şərq Ordular Qrupunun komandanı Xəlil paşa qardaşı oğlu Nuru paşanın bu məqamda yaşadığı anları çox incəliklə duymuş və onun yaşadığı hissləri cəmi bir cümlə ilə çox dəqiqliklə təsvir edə bilmişdi:
"Nuru paşa məndən daha öncə şəhərə girərək böyük bir oteli özünə qərargah olaraq seçdi. Mən daha sonra şəhərə girdim. Cəngavər ruhlu və böyük vətənpərvər Nuru paşanın bu, bəlkə də, həyatının ən gözəl günüydü".
5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdünün yuxarıdakı qeydlərindən göründüyü kimi, bu diviziya Azərbaycanda daha çox şəhid vermişdi. Yəni bu diviziyanın hərbçiləri Türkiyə ərazisində gedən döyüşlərlə müqayisədə Azərbaycanda qatıldıqları döyüşlərdə daha çox qiymətli qanlarını axıtmışdılar. Bu şəhidlik həmin hərbçilərin şüurlu seçimi, azərbaycanlı qardaşlarına kömək əzminin göstəricisi idi. Rüşdünün məlumatına görə, bu diviziya Azərbaycan ərazisində 1200 nəfər şəhid vermişdi. Azərbaycan ərazisində vuruşan isə yalnız 5-ci diviziya deyildi. Məlumdur ki, sonradan Azərbaycana 15-ci türk diviziyası və ayrı-ayrı bölmələr gəlmişdilər və onlar da döyüşlərin gedişində şəhidlər vermişdilər. Əgər bura Azərbaycan milli hərbi qüvvələrinin və könüllülərinin verdiyi şəhidlər də əlavə olunsaydı, onda demək olardı ki, Qaraməryəmdən Bakıya kimi Azərbaycan torpaqları türk və Azərbaycan şəhidlərinin qanı ilə suvarılmışdı. Azərbaycanın istiqlal şairi Əhməd Cavad özünün "Sarmaşıqlı məzarlar" adlı məşhur şeirində bu şəhidlərin xatirəsini belə yad edirdi.
Qalx, qalx, sarmaşıqlı məzar altından,
Gəlmiş ziyarətinə qızlar, gəlinlər.
Ey karvan keçidi, yollar üstündə
Hər gələn yolçuya yol soran əsgər.
Qafqaz İslam Ordusunun mövcudluğu dövründə Azərbaycana gəlmiş türkiyəli yazar Ruşən Əşrəf isə özünün "Çiçəklərə" adlı şeirində türk və azərbaycanlı şəhidləri daha duyğulu şəkildə anmışdı. Şeirin məzmunu belədir ki, təbiətdə rəngləri solğunlaşan, qoxuları artıq fərqli olan çiçəklərə yaxınlaşan şair belə solğunlaşmalarının səbəbini soruşur. Çiçəklər də ona bildirirlər ki, nə vaxtdandır, bizim köklərimizə su yerinə qan axmaqdadır. Rəngin solğunlaşması və əvvəlki qoxuların itməsi də bununla bağlıdır. Yəni Azərbaycan təbiətindəki çiçəklər də su yerinə şəhidlərin qanı ilə suvarılırdı və hər bir çiçək də şəhidlərin qanının qoxusunu verirdi. Həmin şeirin sonuncu bəndi belədir:
Hər çiçəkdən bir qoxladım,
Baxa qaldım heyran-heyran.
Qərib-qərib çox ağladım,
Qoxuyordu həpsi də qan...
Azərbaycan ədəbiyyatının böyük təmsilçiləri olan Əhməd Cavad, Məhəmməd Hadi, Salman Mümtaz, Abdulla Şaiq, Umgülsüm və digərləri türk əsgərlərinin Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda göstərdiyi təmənnasız qardaşlıq yardımına özlərinin ən yaxşı əsərlərini həsr etmişdilər. Cəfər Cabbarlı isə Bakının azad edilməsi mövzusunda dram əsəri yazmış və həmin illərdə də Bakıda tamaşaya qoyulmuşdu.
Azərbaycanın bu ədibləri Azərbaycan-Türkiyə qardaşlıq tarixini mövzu seçməklə, əslində, bütün Azərbaycan xalqının duyğularını, düşüncələrini əks etdirirdilər. Baxmayaraq ki, xalqın bu duyğuları və düşüncələri də tarixin sınaqları ilə qarşılaşmalı olmuşdu. Bəllidir ki, sovet hakimiyyəti illərində Cümhuriyyət tarixi, Qafqaz İslam Ordusu, Bakı şəhərinin azad edilməsi tarixi, Azərbaycan-Türkiyə hərbi mübarizə tarixi birmənalı şəkildə qəbul edilmirdi. Çünki müstəqillik ideologiyası ilə bolşevik-sovet ideologiyası daban-dabana zidd olan ideologiyalar idi. Amma Qafqaz İslam Ordusunun tarixinə elə Cümhuriyyət dövründə də qənim kəsilənlər tapılmaqda idi. Məsələn, Bakı şəhərində formalaşmaqda olan bolşevik təşkilatlarının nümayəndələri, Bakıda yaşayan ermənilər belələrindən idi. Onlar öz mətbu orqanlarında, apardıqları təbliğatlarda Qafqaz İslam Ordusunun tarixini qaralamaq üçün çoxlu sayda məntiqsiz faktlar ortaya qoymaqdan da çəkinmirdilər.
Maraqlıdır ki, Qafqaz İslam Ordusunun tarixinin təhrif edilməsinə xidmət edən belə təbliğati iddialara elə müasir dövrdə də rast gəlmək mümkündür. Məsələn, vaxtaşırı və bir çox hallarda cəmiyyət daxilində kifayət qədər nüfuz sahibi olan insanlar tərəfindən ictimai müzakirələrə Bakı şəhərinin türklər tərəfindən azad edilməsi, yoxsa, işğal edilməsi, Qafqaz İslam Ordusunun mövcudluğu dövründə Azərbaycan dövlətinin hansı statusa malik olması, Azərbaycan ərazilərinin azad edilməsinə başlanması üçün hansısa, təmənnalar güdülməsi, türklərin Azərbaycanın daxili işlərinə qarışması kimi suallar çıxarılır. Bu zaman bir çox hallarda konteksdən çıxarılmış faktlara istinad edilir və bununla əsil mahiyyət haqqında oxucuda yarımçıq təsəvvür yaradılır. Belə hallarda isə ortaya atılan iddiaların əsaslandırılması üçün mötəbər faktlara deyil, şayiə xarakterli məlumatlara istinad olunur.
Məlumdur ki, Cümhuriyyət hökumətinin qərarına əsasən, Azərbaycan əraziləri yad qüvvələrdən təmizləndikdən sonra türk hərbçilərinin bir çoxu yüksək vəzifələrə təyinat almışdılar. Belə vəzifə sahibləri müəyyən hallarda yerli şəraiti düzgün qiymətləndirməyərək, bəzi hallarda da hərbçi tələbkarlığı ilə Azərbaycanın daxili idarəçilik normalarını aşan hərəkətlərə yol verirdilər. Azərbaycanın milli-azadlıq hərəkatının lideri M.Ə.Rəsulzadə, uzun müddət baş nazir olmuş Fətəli xan Xoyski belə hərəkətlərə qarşı barışmazlıq nümayiş etdirirdilər və bununla bağlı, hətta Türkiyənin rəhbərliyi qarşısında məsələ qaldırırdılar. Lakin belə hallar kütləvi xarakter daşımırdı və belələrinin hərəkətləri heç də Türkiyə dövlətinin Azərbaycana qarşı izlədiyi siyasətin nəticəsi deyildi. Bu məsələ, hətta Azərbaycanda olan bəzi türklər tərəfindən də qəbul edilmirdi. Məsələn, Cümhuriyyət tərəfindən vali vəzifəsinə təyin edilmiş Məhəmməd Fəthi bəy 1918-ci ilin oktyabrında Quba sakinləri ilə görüşərkən, bu məsələ ilə bağlı öz fikrini belə ifadə etdi: "Mən şey istəməm, filan etməm - kimi nifaqəngiz laqqırtılar ortadan qaldırılmalıdır. Şöylə nifaqamiz [nifaq salan] laqqırtılar ittihad rişəsinə xələl yetirib, böyük fəlakətlərə səbəbiyyət verər. Bir dəfə anlaşılsın ki, Türkiyə - Azərbaycan demək və Azərbaycan da Türkiyə deməkdir. İslam demək bir təni-vahid [vahid bir bədən] deməkdir. Biz ancaq əsaslı bir ittihad ilə hər dürlü qüvvəyə qarşı dura biləriz".
Milli-azadlıq mübarizəsinin liderlərinin, Cümhuriyyət qurucularının da geniş planda Azərbaycan-Türkiyə münasibətlərinə yanaşması belə idi. Məsələn, M.Ə.Rəsulzadə yazırdı: "Bu surətlə həyat təbiyyəsini təhdid edən bir təhlükəyə qarşı... Azərbaycan əfkari-ümumiyyəsini pək təbii olaraq bir iman doğuyordu. Bu müşkül vəziyyətdən milləti qurtaracaq yeganə bir çarə vardı: - Türkiyə".
Fətəli xan Xoyski də, Əlimərdan bəy Topçubaşov da, Nəsib bəy Yusifbəyli də, Nağı bəy Şeyxzamanlı və digərləri də geniş planda Türkiyəni və türk hərbi qüvvələrinin bazasında yaradılmış Qafqaz İslam Ordusunu Azərbaycanın xilaskarı kimi görürdülər. Bunu onların xatirələrində və yazışmalarında da müşahidə etmək mümkündür.
Yəni Qafqaz İslam Ordusunu yaradanlar, onun fəaliyyətini təşkil edənlər və onun ləğvini böyük ağrı ilə qarşılayanlar bu ordu haqqında belə yüksək fikirdə olduqları halda, təxminən yüz ildən sonra mənbəsi bəzən məlum olmayan faktlar əsasında Qafqaz İslam Ordusunun doğru tarixini şübhə altına ala biləcək məlumatların mediaya çıxarılması heç də təəccübdən kənar deyildir. Doğrudur, belə məlumatlar və onların müəllifləri kütləvi şəkildə dəstəklənmir və elə xalq tərəfindən də sərt qiymətini alır. Bununla belə, belə müzakirələrə son da qoyulmur.
Türk generallarının, o cümlədən, Nuru paşanın, Xəlil paşanın Azərbaycanı işğal edən XI ordu ilə əlaqəsi, guya onlar tərəfindən bu ordunun Azərbaycana müşayiət edilməsi və bununla Azərbaycanın istiqlaliyyətinin itirilməsində Türkiyənin də müəyyən rola malik olması son illərdə artıq neçənci dəfədir ki, ictimai müzakirələrə çıxarılmaqdadır. Birmənalı şəkildə qeyd edilməlidir ki, Nuru paşanın XI ordu ilə heç bir əlaqəsi olmamışdır. O, heç rus zabitlərinin də Azərbaycan ordusu daxilində xidmətdə olması ilə razı deyildi. Bunun üçündür ki, 1918-ci il avqust ayının 13-də Nuru paşa Azərbaycan korpusunun yenidən qurulması haqqında verdiyi əmrində Azərbaycan ordusunda xidmətdə olan bütün rus zabitlərini Denikin ordusu ilə əlaqə ehtimalına görə, xidmətdən uzaqlaşdırdı və eyni zamanda ordu daxilində Azərbaycan dilinin tətbiqinə rəvac verdi.
Məlumdur ki, Nuru paşa Qafqaz İslam Ordusunun ləğvindən sonra Azərbaycanı 1918-ci ilin sonunda tərk etdi. Türkiyədə onu ingilis qüvvələri həbsə aldılar və sonradan Batumdakı həbsxanaya apardılar. O, bu həbsxanadan azərbaycanlı vətənpərvərlərin silahlı basqını nəticəsində azad oldu. Lakin Türkiyəyə qayıtdıqdan sonra yenə orada uzun müddət qala bilmədi. Çünki Türkiyə ərazisinə qoşun çıxarmış ingilis hərbi rəhbərliyi onu yenidən həbsə almaq istəyirdi. Bu zaman Türkiyə ağır günlər yaşayırdı və böyük dövlətlər tərəfindən parçalanmaq təhlükəsi ilə qarşı-qarşıya idi. Çox böyük dövlətlərə və qüvvələrə qarşı dayanmış Türkiyənin istiqlal dairələrində belə bir düşüncə var idi ki, kömək üçün bolşevik Rusiyasına müraciət etmək olar. Çünki bolşevik Rusiyası da Türkiyənin mübarizə apardığı dövlətlərə qarşı mübarizə aparırdı. Belə bir ideya Türkiyə daxilindəki sosialist təmayüllü qüvvələr tərəfindən də dəstəklənirdi. Bolşevik Rusiyası da belə bir ideyaya biganə deyildi. Nəticədə Rusiyanın qoşunlarının Cənubi Qafqazdan Türkiyəyə çatdırılmasının mümkünlüyü söhbətləri ortaya çıxdı. Türkiyənin istiqlal mübarizlərinin o zamankı yazışmalarının məzmunundan belə bir qənaət hasil olur ki, onların təsəvvüründə sovet ordusunun Azərbaycandan keçməklə Türkiyəyə tərəf yollanması Azərbaycanda hakimiyyət dəyişikliyinə yol aça bilsə də, onun müstəqilliyinə xələl gətirməyəcəkdir.
Amma bolşevik Rusiyası Türkiyəyə qoşun göndərmək ideyasına öz maraqları çərçivəsində yanaşırdı. Belə ki, bu dövlət Türkiyənin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasında heç də birmənalı deyildi. Çünki hələ 1917-ci ilin dekabrında Leninin dekreti ilə S.Şaumyan, həm də "Türkiyə Ermənistanı"nın komissarı təyin edilmişdi. Bununla nəzərdə tutulurdu ki, Türkiyənin "erməni" vilayətləri S.Şaumyanın rəhbərliyi altında sovet Rusiyasının nəzarəti altına düşsün. Hətta 1920-ci ildə Türkiyənin istiqlal mübarizləri ilə Rusiya arasında müəyyən münasibətlər formalaşanda bolşevik hakimiyyəti ehtimal edirdi ki, Türkiyə ərazisinə daxil olmaqla orada sosialistmeyilli bir iqtidarın formalaşmasına təkan verə biləcəkdir.
Türkiyədə həbs olunmaq təhlükəsi ilə üzləşən Nuru paşaya da Kazım Qarabəkir paşa tərəfindən belə bir tapşırıq verildi ki, yenidən Bakıya qayıtsın və bolşevik mənsubları ilə əlaqəyə girməklə Qırmızı ordunun Türkiyə sərhədinə istiqamətləndirilməsi ilə bağlı müəyyən müzakirələr aparsın. Belə bir tapşırıqla Nuru paşa 1919-cu ilin sonlarında yenidən Bakıya döndü və 1920-ci ilin əvvəllərində isə Dağıstana yollandı. İstər Bakıda, istərsə də, Dağıstanda Nuru paşanın bolşevik mənsubları ilə görüşməsi haqqında məlumatlar vardır. Lakin tezliklə Nuru paşa belə müzakirələrdən imtina etdi və istiqlaliyyəti uğrunda mübarizə apardığı Azərbaycanın sovet qoşunları tərəfindən işğalına dəstək verməyi mümkünsüz saydı. O, elə Dağıstan ərazisində sovet qoşunlarının Azərbaycana müdaxilə etməsinin qarşısını almaq üçün fəaliyyətə başladı.
Sözsüz ki, Nuru paşanın XI orduya qarşı dura biləcək imkanları yox idi. 1920-ci ilin aprel işğalı ərəfəsində Nuru paşa Azərbaycana döndü. Nuru paşanı Xəlil paşa Dağıstandan geri gətirdi. Bununla bağlı Xəlil paşa öz xatirələrində belə yazırdı: "Bu arada Denikin qüvvələri məğlub edilmiş və Nuru paşa Qızıl Orduya qarşı müdafiəyə keçmiş idi. Bakı və ətrafındakı kommunist təşkilatı kimi Dağıstanda da bir yayılma başlamışdı, bu durumda Nuru paşa qüvvələrinin bu mübarizəni davam etdirməsi əbəs idi. Nuru isə davam edirdi. Bir gecə Baha Sait bu dəfə yanıma dağıstanlı kommunist Cəlal Qorxmazovu gətirdi. O dedi kı, Nuru paşanın qüvvələri tükənmək üzrədir, özü də ölə bilər. Bu işə müdaxilə edin, onu geri çəkin. Nuru paşa başına qoyduğu işdən başını vermədən ayrılmazdı. Ertəsi gün Dağıstanın mərkəzi olan Qasımkəndə getdim, Nurunu tapdım. Onu özümlə gətirdim".
Aprel işğalı baş verəndə Nuru paşa Gəncədə idi. Sonradan o, Qarabağa yollandı və orada sovet işğalına qarşı üsyan təşkil etdi. Qaryagin qəzasında Cümhuriyyət ordusunun bölgədəki qalıqlarının da cəlb edilməsi ilə 1920-ci il may ayının son günlərində başlanan üsyana Nuru paşa rəhbərlik edirdi. İyun ayının 3-də Nuru paşa rəhbərlik etdiyi üsyançı qüvvələrlə Şuşa şəhərinə daxil oldu və bu şəhərdəki sovet hakimiyyətini devirdi. Lakin XI ordu komandanlığı əlavə qüvvələr cəlb etməklə iyun ayının 15-də Şuşa şəhərini yenidən nəzarət altına aldı və bununla Nuru paşanın rəhbərlik etdiyi üsyan da sona çatdı. Bundan sonra, Nuru paşa Cümhuriyyət ordusunun yanında olan bölmələri ilə Türkiyəyə çəkilmək məcburiyyətində qaldı.
Xəlil paşaya gəlincə isə, onun XI ordu ilə Azərbaycana daxil olması faktı doğrudur. Lakin bu faktın arxasında başqa həqiqətlər dayanır. Bu həqiqətlərə keçməzdən əvvəl bir məqama aydınlıq gətirilməsinə ehtiyac vardır. Bəzən belə bir iddia səsləndirilir ki, guya XI ordunu Azərbaycana türk generalları və hərbçiləri gətirdilər və bununla da onlar Azərbaycanın işğalına rəvac verdilər. Bəzən də bu məsələ ilə əlaqə olmasa da, belə bir iddia da irəli sürülür ki, Samur çayı üzərindəki körpü partladılsaydı, XI ordu Azərbaycana daxil ola bilməzdi və Azərbaycanın işğalı mümkün olmazdı. Bununla belə bir təsəvvür yaradılır ki, guya Samur körpüsü partadılsaydı və ya XI ordunun tərkibində türk hərbçiləri olmasaydı, XI ordu Azərbaycanı işğal etməyəcəkdi. Bu iddiaların heç bir əsası yox idi. Çünki Azərbaycanın işğal edilməsi Rusiyanın dövlət siyasəti idi və Samur körpüsü partladılsaydı da, XI ordu düşərgəsində türklər olmasa da, Dağıstan ərazisində toplanmış 70 min nəfərlik XI ordu bu siyasəti həyata keçirəcəkdi. Bunun üçün həmin orduya hələ xeyli əvvəldən xüsusi əmrlər də verilmişdi.
Bakının işğal edilməsi Sovet Rusiyası üçün ölüm-dirim məsələsi idi və bolşeviklər, hətta hakimiyyətə gəlməzdən əvvəl də bu şəhərin ələ keçirilməsini vacib sayırdılar. Onlar üçün yaxşı aydın idi ki, Bakı nefti olmasaydı, sovet dövlətinin iqtisadiyyatını dirçəltmək mümkün olmayacaqdır. Ona görə də V.Lenin hələ 1918-ci ilin əvvəllərində Bakıdakı bolşevik təşkilatının rəhbəri S.Şaumyana yazırdı: "Bakı bizim üçün hər şeydir və onu müdafiə edib saxlamaq lazımdır". Elə həmin ildə V.Leninin rəhbərlik etdiyi sovet hakimiyyətinin yerli təmsilçisi olan Bakı Soveti qoşunları Bakını və onun ətrafını işğal etməyə başladı.
Cümhuriyyətin mövcudluğu illərində Bakıda gizli fəaliyyət göstərən bolşeviklər dəfələrlə Lenin və onun həmkarları ilə əlaqə saxlayaraq, sovet qoşunları tərəfindən Azərbaycanın işğalı məsələsini müzakirə etmişdilər. 1920-ci ilin fevral-mart aylarında isə işğal planının icrası üçün əməli hazırlıqlar başlandı. Belə ki, 1920-ci il mart ayının 17-də V.Lenin Qafqaz cəbhəsi inqilab şurasının üzvləri Orcenikidzeyə və Smilqaya göndərdiyi teleqramında belə yazırdı: "Bakını almaq bizim üçün çox və çox zəruridir. Bütün gücünüzü buna istiqamətləndirin". Rusiya silahlı qüvvələrinin baş komandanı Kamenev isə 1920-ci il mart ayının 22-də imzaladığı əmrdə yazırdı ki, Denikin ordusunun məğlub edilməsindən sonra Rusiya qoşunları Bakı istiqamətində hücumu davam etdirməli və bütün Bakı quberniyasını işğal etməlidir. Belə faktların sayını artırmaq da olar. Bu əmrlərdə və qərarlarda söhbət yalnız Azərbaycandan gedir. Rusiya üçün strateji vəzifə Azərbaycanın işğal edilməsi və sonra da bu işğalın Cənubi Qafqaza yayılması idi. Sovet qoşunlarına qoşulan və Bakıda sosialist meyilliliyi ilə tanınan bir qrup türkün hansı istəkdə olmasından asılı olmayaraq sovet hakimiyyəti üçün Azərbaycanın işğal edilməsi əsas strateji vəzifə idi və bu vəzifə də həyata keçirildi. XI ordu Azərbaycana daxil olandan sonra sovet ordusuna liberal yanaşan türk vətəndaşlarına verilən vədlər isə unuduldu və bolşevik ordusu Türkiyə sərhədinə yollana bilmədi.
Yəni XI ordunu Azərbaycana heç də türk hərbçiləri gətirməmişdi, Rusiyanın işğalçılıq planlarında onların heç bir rolu da yox idi. XI ordunun Azərbaycana gəlməsində heç bu ordunu qarşılamağa gəlmiş azərbaycanlı bolşeviklərin də təsirli bir rolu yox idi. Çünki onlar Sovet Rusiyasının işğalçılıq siyasəti qarşısında aciz və gücsüz idilər.
XI ordu düşərgəsinə nə üçün yollandığını isə Xəlil paşa öz xatirələrində açıqlamışdır. Onun yazdığına görə, Bakıda olarkən Kazım Qarabəkir paşadan sovet Rusiyası qoşunlarının Türkiyə sərhədlərinə gəlməsinə yollar axtarması barədə məktub aldı. Bununla bağlı Xəlil paşa öz hisslərini belə bölüşürdü: "Qarabəkir paşa məni, Ənvəri və Nuru paşanı gərəkdiyi kimi tanımamışdı. Baş komandanlığı altında çalışdığı Ənvərin düşüncələrini bilirdi hər halda. Təbii ki, bu acı təlimatı qəbul etmək mənim üçün imkansızdı. Sovet hüdudunu Türkiyəyə qədər ulaşdırmaq açıqca Azərbaycanı ruslara təslim etmək olardı. İstiqlal və istiqbalı üçün əmək sərf etdiyimiz Azərbaycanın rəngi nə olursa-olsun, rusların idarəsi altına buraxmağı bir vətən parçası saydığım Azərbaycana ihanət sayırdım. Bu, mənim və ötəki türk paşalarının maddən və mədənən intiharından başqa bir şey olmazdı. ...Zamanın hərəkətizliyə müsaidəsi yox idi. Bir gün Müsavat hökuməti rəisi Nəsibbəyli, Azərbaycanın daxili işlər naziri Rəşid xan Qaplanov, Müsavat partiyası başqanı M.Ə.Rəsulzadə və digər bəzi nazirlər Baş vəkalətdə bir toplantı yapdıq, bu toplantıda mənim həmən xüsusi bir qatarla Şimalı Qafqaza gedərək toplandığı söylənən rus ordusuyla təmas etməyimə qərar verildi".
Dərbəndə yetişdikdə isə Xəlil paşa artıq hər şeyin gec olduğunun, Azərbaycanın işğalı planının artıq işə düşdüyünün şahidi oldu: "İş işdən keçmişdi. Levondovskidən Azərbaycan xalqı üzərində terror yapılmamasını, xalqın nifrətinin çəkilməməsini rica edərək bu davranışın Azərbaycan xalqı və Türkiyə üzərində olumlu təsirlərinin olacağını söylədim. ...Azərbaycan ən bədbəxt gününü yaşayırdı. Mənim buralarda yapacaq işim qalmamışdı".
Xəlil paşa XI ordunun qatarlarında Bakıya gəlsə də, Azərbaycanın istiqlalının qorunmasında bir iş görə bilmədiyi üçün böyük təəssüflə Moskvaya yollandı. Burada o, Rusiyanın xarici işlər naziri Çiçerinlə görüşdü və onunla söhbətində ilk olaraq Azərbaycanın işğal edilməsi məsələsinə toxundu: "Azərbaycan tərəfinizdən bir əmri-vaqiə ilə işğal edildi. Bunu çox əbəs buldum". Çiçerin açıqsözlüyü sevirdi. Qaraxana [Rusiya xarici işlər nazirinin müavini, milliyyətcə erməni] şöylə bir baxdıqdan sonra bu cavabı verdi: "Rusiya sənayesi mazut əsası üzərində qurulmuşdur, ona möhtacdır. İstədiyimiz petrolun bədəlini ödəyərək belə ala bilmirdik. Bu səbəblə buna məcbur idik". "Mən Azərbaycan üçün bir xeyli mübarizə apardım. Bunda siz qalib gəldiniz, zamanın şərtləri... və qədər".
Son illərin hadisələri də bir daha göstərir ki, Azərbaycanın ən çətin sınaqlar qarşısında etibar edə biləcəyi arxa və dayaq Türkiyə xalqıdır, Türkiyə dövlətidir. Türkiyə və Azərbaycanın qardaşlıq münasibətləri təbii və xalqlarımızın milli köklərindən irəli gələn bir münasibətdir. Bu, Azərbaycan xalqı üçün danılmaz bir həqiqətdir. Bu həqiqətin dəyərini, bəzən məlumatsızlıqdan, bəzən isə ötəri gündəmdən doğan hay-küylə təsirə məruz qoymaq isə mümkün deyildir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!