Sən kimsən, Baron fon Semlin?
Almandilli mənbələrdə (İohann fon Muhlfeld. "XVIII-XIX əsrlərin Avstriya zadəganlıq leksikonu", Vyana, 1822-ci il, səh.86; Johann fon Hellbax. "Adels- Leksikon", İlmenau, 1826-cı il, II cild, səh.475; Avstriya İmperiyasının Bioqrafik Ensiklopediyası, 1877-ci il, 34-cü cild, səh.82 və s.) dünyanın ən görkəmli hökmdarlarından biri, əzəmətli türk Əfşar imperatorluğunun qurucusu Nadir Şah Əfşarın (1688-1747) sonbeşik oğlu Əli Mirzənin (və yaxud Mustafa Əli Mirzə Xan, İohann İosef von Semlin, Cozef fon Semlin, Baron fon Semlin) Avstriyada yaşadığı və 13 fevral 1824-cü ildə Vyanada vəfat etdiyi barədə maraqlı yazılar oxumuşdum.
Alman dili müəllimlərinin Vyanada keçirilən XVII ümumdünya qurultayı günlərində (15-20 avqust 2022) Azərbaycanın Vyana şəhərindəki səfirliyinin Azərbaycan Mədəniyyət Mərkəzində (Vyana, Bellariastrasse 8) də olduq. Mədəniyyət Mərkəzinin gənc əməkdaşı Sahilə Rzazadə (bir daha minnətdarlıq edirəm) Əli Mirzə xanla bağlı məlumatlarımı daha da genişləndirdi, Nadir şah Əfşarın oğlunun vaxtilə yaşadığı evin ünvanını (Grosse Pfargasse 19) və onun dəfn edildiyi qəbirstanlığın adını (Sankt Markser Friedhof) da dedi.
Bu xəbəri hələ Vyanada olarkən 22 avqust 2022-ci ildə internet səhifəmdə (Facebookda) paylaşmışam.
2023-cü ilin avqust ayında respublikamızdakı internet saytlarının çoxu bu mövzu ilə bağlı oxunaqlı yazılar dərc ediblər (müəllifi dosent Zaur Əliyev).
Qəzetimizin oxucuları üçün maraqlı olacağını ümid edib Vyanada topladığım məlumatları bir daha dəqiqləşdirdim...
Türkün düşmənləri tərəfindən Nadir şah Əfşarın qətli xəbəri ildırım sürəti ilə bütün Avropaya yayıldı. Avstriya hersoginiyası, Macarıstan kraliçası, Roma İmeratorluğunu idarə edən Mariya Tereza (o həm də dövrünün ən gözəl qadınlarından biri idi) öz yaxın adamlarını yanına çağırdı: "Nadir şahın övladları təhlükədədir. İsfahana gedib, uşaqları xilas edin".
Mariya Tereza uşaqları çox sevirdi. Onun 16 övladı - 11 qızı, 5 oğlu olmuşdu. Qızlarının çoxunu krallara, ya da kral ailəsinə ərə vermişdi (yalnız bir qızı öz sevdiyinə getmişdi). Bu yolla Mariya Tereza bütün Avropada söz sahibi idi. Ən hörmətli monarxlardan sayılırdı. O özü də, kürəkənləri də Nadir şahın igidliyini, cəsarətini, alicənablığını yaxşı bilirdilər.
Mariya Terezanın özəl göstərişi ilə İsfahana gedənlər Nadir şahın övladlarından birini - sonbeşik Əli Mirzəni (1730, ya da 1736-ci ildə İsfahanda anadan olub) tapırlar, Nadir fədailərinin köməyi ilə onu gizli yolla əvvəlcə İstanbula qaçırır (o vaxt Osmanlı səltənətinin başında Birinci Mahmud dururdu), sonra Semlin şəhərinə gətirirlər, oradan da Avstriyaya...
İstanbulda olarkən 11 yaşlı Əli Mirzəni Məhəmməd (Mühəmməd) adı ilə gizləyirlər.
Bəlkə də, buna görə Mariya Tereza əvvəlcə şübhə etmiş, onun göstərişi ilə Əli Mirzənin kimliyi İmperator dəftərxanası tərəfindən dəfələrlə araşdırılmış, təhlillər aparılmışdır. Amma hər dəfə də sübut olunmuşdur ki, Əli Mirzə imperator oğludur, Nadir şah Əfşarın oğludur.
Kraliça özü də hiss etmişdi ki, heç bir sənədi-sübutu olmasa da, elə bil təbiət özü bu uşağı hökmdarlıq üçün yaradıbdır.
Mariya Tereza öz həyat yoldaşı və böyük oğlunun şərəfinə Əli Mirzə xana İohann Cozef fon Semlin adı verdi (Vəliəhd oğlunun adı Cozef (İosif) idi. "Semlin" isə qeyd etdiyimiz kimi, yer adıdır. Əli Mirzə Vyanaya bu şəhərdən gətirilib. Semlin 1718-ci ilə kimi Osmanlı imperiyasına məxsus idi, sonradan Dunay monarxiyasının sərhəd şəhərinə çevrildi. İndi Serbiyada, Belqrad).
Mariya Tereza Əli Mirzə xanı oğulluğa götürdü ( Bəlkə də... Mariya Terezanın son məqsədi Əli Mirzəni yenidən atasının yurduna göndərmək, ona hərbi dəstək verib, hakimiyyəti ələ almaq, Asiyada da söz sahibi olmaq idi...).
Kraliça Əli Mirzənin təhlükəsizliyini təmin etdi. Bu məqsədlə xüsusi adamlar və pul ayırdı.
1755-ci ilin 10 martında İohann Cozef von Semlin alman dilini öyrənmək üçün Avstriyanın Qrats şəhərinə göndərilir. Dil öyrənmək bacarığı ilə hamını təəccübləndirir. Çox güclü hafizəyə malik idi. Bir dəfə eşitdiyi sözlərin hamısını yadda saxlaya bilirdi.
1756-cı ilin 25 yanvarında İohann Cozef fon Semlin Roma-katolik adəti ilə xaç suyuna salınır. Onun xaç anası imperator Mariya Tereza özü olur.
İohann Cozef hərbi məktəbdə və Vyana Hərbi Akademiyasında təhsil alır. Bu akademiya Mariya Terezanın 14 dekabr 1751-ci ildə verdiyi qərarla yaradılmışdır. Akademiyaya qısaca TerMilAk (Tereza Hərbi Akademiyası) deyirdilər. (TerMilAk bu gün də fəaliyyət göstərir və Avstriya Silahlı Qüvvələrinin zabitləri üçün yeganə təlim müəssisəsi sayılır).
İohann Cozef akademiyada fərqlənir. O, sağlam bədənli, fiziki cəhətdən güclü, dözümlü idi. Yorulmaq nə olduğunu bilmirdi. Hərbi akademiyada dostları İohann Cozefi sevir, ona "şahzadə" deyə müraciət edirlər.
Akademiyanı əla qiymətlərlə bitirən İohann Cozef (Əli Mirzə xan) 1757-1759-cu illərdə Avstriya ordusu sıralarında gizir rütbəsində Prussiya ilə Yeddiillik müharibədə iştirak edir.
İohann Cozef (Əli Mirzə xan) Breslau (1757), Hoxkirxe (1758) döyüşlərində qəhrəmanlıqlar göstərir, medallara layiq görülür, "Şərəf nişanı" alır. ("Şərəf nişanı" Avstriyanın ən önəmli ödüllərindən biridir).
Öz alaylarında da İohann Cozef "Şahzadə" adı ilə məşhur olur. Ölüm qorxusu yox idi.
Döyüşlərin birində o, başından ağır yaralanır, sonrakı döyüşlərdə top gülləsinin qəlpəsi sol ayağını da qoparır. İki dəfə ağır yaralanan İohann Cozef kapitan rütbəsində hərbi xidmətini başa vurur.
...Hələ gizir olarkən yaralanan İohann Cozef prussiyalılara əsir düşmüşdü.
"Şahzadə prussiyalıların əsiridir" xəbəri Prussiya kralı qüdrətli II Fridrixin özünə də gedib çatır. Kral Əli Mirzə xanı öz malikanəsinə çağırır, uzun müddət söhbət edirlər. Prussiya kralı II Fridrix də əmin olur ki, İohann Cozef həqiqi şahzadədir, Nadir şah Əfşarın oğludur (Zəngin Sileziya torpaqlarına görə Mariya Tereza ilə II Fridrix arasında düşmənçilik var idi. Yeddiillik müharibədə Mariya Tereza bu torpaqları geri qaytara bilmədi).
Hakimiyyəti dövründə Mariya Terezanın ən böyük rəqibi olsa da, Prussiya kralı II Fridrix hörmət əlaməti olaraq, Əli Mirzə xanı xaç anası Mariya Terezanın yanına qaytarır...
24 mart 1759-cu ildə İohann Cozef fon Semlinə Baron rütbəsi verilir (Baron qrafdan aşağı olsa da yüksək zadəgan rütbəsidir). Onun Baron diplomunda yazılır: "Fon Semlin ən alicənab və qəhrəman ailədəndir".
Mariya Tereza 40 il hakimiyyətdə oldu. Hələ 1740-cı ildə (atası VI Karlın vəfatından sonra) taxta çıxan 24 yaşlı (evli bir qadın) Mariya Tereza İtaliya, Macarıstan, Avstriya, Çexiya, Cənubi Hollandiya torpaqlarını əhatə edən geniş bir ərazini idarə edirdi. Onun hakimiyyəti dövründə Avstriya zənginləşdi, Avropanın ən güclü ölkəsinə çevrildi.
...Mariya Terezanın təklifi Əli Mirzə xan üçün gözlənilməz olmadı: "Öz ölkənə qayıt, şahlığı ələ keçir. Sən atanın qanuni varisi sayılırsan. Atan Dehlini də, bütün Hindistanı da sənə demişdi. Haqqına sahib ol. Biz kömək edərik".
Lakin Əli Mirzə bu təklifi qəbul etmir: "Tovuz quşu tək bəzədilmiş o şah taxtına nifrət edirəm. Müsəlmanlar arasında qardaş qırğını salmaq istəmirəm" - deyir.
Napoleon da Əli Mirzə xanın yanına səfir göndərir (Napoleonun Nadir şah Əfşar haqqında yaxşı məlumatı var idi. O, özünü Nadir şaha bənzədirdi), hərbi dəstəyini təklif edir. Atasının qisasını almaqda, hakimiyyətə gəlməkdə ona kömək etməyə hazır olduğunu bildirir.
Əli Mirzə böyük nəzakətlə bu təklifi də rədd edir: "Nə mən, nə də mənim uşaqlarım o tac haqqında düşünmürük. Hətta mənim İran şahı olmağa haqqım olsa belə, mən öz haqqımı mənə daim atalıq qayğısı göstərən, bu günə kimi dəstək olan Müqəddəs Roma imperatoru II Fransa verirəm".
Yeddiillik müharibədə ağır yaralanandan sonra Baron fon Semlin uzun müddət Vyana yaxınlığındakı Baden şəhərciyində müalicə olundu...
1763-cü ildə o, yenidən hərbi xidmətə qayıdır. 1763-1768-ci illərdə kapitan rütbəsində Qrats şəhərində işləyir, sonra Tirol Kufstayn qalasının komendantı təyin olunur.
1791-ci ilin 28 iyununda İohann Cozefə mayor rütbəsi verildi. Bəzi məlumatlara görə, elə həmin ildə də polkovnik rütbəsini aldı.
Növbəti il Baron fon Semlin ordudan tərxis olundu. Böyük xidmətlərinə və fədakarlığına görə Avstriya hökuməti ona hər il 810 qulden (pul vahidi) olmaqla pensiya kəsdi (bu böyük məbləğ idi).
Avstriya kraliçası Mariya Tereza 29 noyabr 1780-ci ildə 63 yaşında vəfat etdi.
...Əli Mirzə xan 1792-ci ildə Vyanada ailə həyatı qurur. Deyilənə görə, onun həyat yoldaşı Roza (Baronessa fon Semlin) türk qızı idi (1775-ci ildə anadan olub, 1837-ci il 6 oktyabr tarixində Vyana şəhərində Grosse Pfargasse küçəsində 19 nömrəli evdə vəfat edib. ("Viener Zeitung" qəzetinin 10 oktyabr 1837-ci il tarixli sayında 4-cü səhifədə nekroloq verilmişdir).
Semlin ailəsinin iki uşağı olub, birinə Yəhya (İohann), o birinə Yusif (Cozef) adını qoyublar ( Əli Mirzə bir oğluna öz adını verib - Cozef-Yusif ). Həm Yəhya, həm də Yusif Avstriya ordusunda xidmət ediblər, hər ikisi zabit olub. Təəssüf ki, Yəhya və Yusif haqqında ətraflı məlumat öyrənə bilmədik. Bəzi mənbələrə görə onlar sonradan Almaniyada yaşayıb və işləyiblər.
Baron İohann Cozef fon Semlin (Əli Mirzə xan) 13 fevral 1824-cü ildə təxminən 90 yaşında Vyana yaxınlığındakı Mödlinq şəhərciyində öz malikanəsində vəfat etmişdir. "Viener Zeitung" qəzeti özünün 18 fevral 1824-cü il tarixli sayında 3-cü səhifədə nekroloq vermişdir.
Vyanada olanda Əli Mirzə xanın (İohann Cozef fon Semlin) vaxtı ilə yaşadığı evə getdim. Bina Vyananın, necə deyərlər, yaxşı yerində Grosse Pfargasse küçəsi 19-da yerləşir. Qədim, yaraşıqlı, dövlət tərəfindən qorunan binadır. Xatirə lövhəsi yoxdur.
Bəzi məlumatlara görə Semlinlər ailəsinin Macarıstanın şimalında da malikanələri olmuşdur.
Almandilli mənbələrin bəzisində İohann Cozef fon Semlinin Vyana şəhərindəki Sankt Markser Friedhofda basdırıldığı göstərilir (Səfirliyin Mədəniyyət Mərkəzində də həmin qəbirstanlığı demişdilər).
Müqəddəs Marks qəbirstanlığı (Sankt Markser Friedhof) Vyananın 3-cü rayonunda Landstrasse küçəsinin cənubunda yerləşir. 1874-cü ildən Sankt Markser Friedhof bağlanıb, indi bu qəbirstanlıq dövlət tərəfindən abidə kimi qorunur. Ziyarətçilərin üzünə həmişə açıqdır.
İsti avqust günlərində qəbirstanlıqda adam az idi. Gələnlər daha çox dahi bəstəkar Amadeus Motsartın qəbrini ziyarət edirdilər.
Qəbirstanlığın girişində Sankt Markser Friedhofda dəfn olunanların siyahısı, məzarların nömrəsi və yerini göstərən lövhə var. Vaxtı ilə burada 8 min məzar olub, indi isə 5635 məzar tanınır. Təəssüf ki, məzarların bəzisi sıx ağac və kollarla örtülüdür, əksər məzarların üzərindəki yazıları pozulub, adlar oxunmur. 3 məzar arasında qaldım, görəsən hansıdır ( № 23, 77, 161)?
Başqa bir məlumatda isə Mustafa Əli Mirzə xanın Vyana yaxınlığında Mödling malikanəsindəki özünün bağında dəfn edildiyi qeyd olunur. Onun vəsiyyətində bildirilir:
"Mən burada qəribəm. Yəqin ki, mənim dəfnimə gələnlərin əksəriyyəti kasıb insanlar olacaqlar. Mənim yasıma gələn kasıbların hərəsinə 5 qulden pul verin".
Əli Mirzə xan qalan pulunu Əlillər evinə (İnvalidenhaus) bağışlamağı vəsiyyət etmişdi.
Hələ keçən əsrlərdə Avstriyada dərc olunan jurnallarda, "Pəhləvi silsiləsi zamanında dövlətin önəmli vəzifələrində çalışmış" (Güntay Gencalp) Əvşar boyundan olan Əmir Aslan Avşarın 2002-ci ildə Kanadada yayımlanan "Xatirələr" kitabında qeyd olunur ki, İohann Cozefin xarici görkəmi onun sadəliyindən xəbər verirmiş.
İohann Cozef kasıblara, fağırlara, zəiflərə qarşı rəhmli, mərhəmətli, əliaçıq idi. Axirət dünyasını da unutmurdu (bunu vəsiyyəti də sübut edir). Lap qoca yaşlarında da zehni və zəkası çox iti idi.
Vətənini sevirdi. Doğulduğu yurdun daim əmin-amanlıqda olmasını istəyirdi.
İohann Cozef fon Semlinin mənəvi keyfiyyətlərinin formalaşmasında onun Azərbaycan-türk soyu olan Əfşar boyundan olmasının və ana dilinin - Azərbaycan dilinin rolu inkar edilməzdir.
İohann Cozef von Semlin ölənə qədər öz doğma dilini və atası Nadir şah Əfşarın qoyduğu Əli Mirzə adını unutmadı, vəsiyyətinə, haqq-hesab kağızlarına, özünün bütün rəsmi sənədlərinə Əli Mirzə xan adından istifadə edərək imza etdi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!