Vaqif YUSİFLİ
Salyanın Kürqaraqaşlı kəndi ... Çoxları üçün Azərbaycanın bəlkə də adi, o qədər də məşhur olmayan kəndlərindən biri. Rayon mərkəzindən 4 km. cənubda, Kür çayının sağ sahilində, Salyan düzündə yerləşir bu kənd. Amma o kəndi indi mən böyük bir şairin doğulduğu şeir-sənət ocağı kimi xatırlatmaq istəyirəm.
Sən mənə ömrüm boyu
Bir bulanıq Kür suyu,
Bir söyüd yarpağı ver.
Canımdan əziz olan,
Üstündə çiçək solan,
Şor Muğan torpağı ver.
Mən onda hara düşsəm,
Hansı diyara düşsəm,
Deyərəm: "Vətəndəyəm".
XX əsr Azərbaycan poeziyasının tarixində heç vaxt unudulmayacaq bir ad var - Əliağa Kürçaylı. Dillər əzbəri olan bu məşhur şeirin də müəllifi odur. Kürqaraqaşlı kəndi onu bütün Azərbaycanda və onun hüdudlarından uzaqlarda tanıdan Kürçaylı ilə fəxr edir.
Kürqaraqaşlı kəndində doğulan və onu şöhrətləndirən bir başqa yazıçını da unutmaq olmaz - bu il o yazıçının 100 yaşı tamam oldu. Salyan şəhərində onun yubileyi təntənə ilə qeyd edildi. O yazıçı - Əli Ağabəyli 1923-cü ildə bir saatsaz ailəsində dünyaya göz açmışdı. Yeddi yaşında ikən ailəliklə Salyan şəhərinə köçürlər. Əli Ağabəyli burada orta məktəbi əla qiymətlərlə bitirir və imtahansız Tibb İnstitutuna qəbul olunur. İnstitutu bitirəndən ta ömrünün sonuna qədər o, bir həkim kimi müxtəlif tibb ocaqlarında - Yardımlıda, Sabirabadda çalışır. Altımışıncı illərin əvvəllərində "Birinci dərəcəli terapevt" fəxri adına layiq görülür. Mən Əli Ağabəyli ilə, şəxsən, heç tanış deyildim, onun "Azərbaycan" jurnalında çap olunan "Bütün bunlardan sonra" romanını oxumuşdum. Ancaq günlərin bir günü - səksəninci illər idi - tanışlığımız başladı. O, redaksiyaya gəlmişdi, yəqin ki, yazı gətirmişdi, nəticəsini öyrənmək istəyirdi və nəsr şöbəsinin müdiri İsi Məlikzadəni gözləyirdi. Elə bir an oldu ki, mən özümü pis hiss elədim, hamı bunu gördü. Və bu zaman Əli Ağabəyli mənə yanaşdı, təzyiqimi ölçdü, "çox yorğunsan, yəqin gecəni yatmamısan" dedi. Bir dərman uzatdı və mən onu udandan sonra özümə gəldim. Sonralar həkim Əli Ağabəyli ilə bir neçə dəfə qarşılaşdım, görüşdük. Hər dəfə halımı soruşurdu.
Amma bu yazıda həkim Əli Ağabəyli haqqında deyil, yazıçı Əli Ağabəyli haqqında söz açmaq istəyirəm.
Əli Ağabəyli altımışıncı illərdə ilk hekayələrini yazır, 67-ci ildə "Gənclik" nəşriyyatı onun "Zənc" adlı ilk hekayələr kitabını oxuculara təqdim edir. Sonralar onun "Hüsniyə xala", "Bütün bunlardan sonra", "Yeni ilə bir gün qalmış" kitabları da nəşr olunur. 1970-ci ildə o, Yazıçılar İttifaqına da qəbul olunur. Onun hekayə və povestləri, yeganə romanı ilə bir daha tanış olandan sonra əmin oldum ki, Əli Ağabəyli öz dövrünün həqiqətlərini qələmə alan, geniş həyat müşahidəsi, bədii ümumiləşdirmələri ilə diqqəti cəlb edən, bu həqiqətləri maraqlı insan obrazları ilə təqdim edən bir yazıçıdır. Onun hekayələri təkcə o dövrün üzdə olan hadisələrini əks etdirsə də, bu gün üçün də əhəmiyyətini itirməmişdir. Çünki Əli Ağabəyli heç bir zaman solmayan insan hisslərini qələmə alırdı və onun əksər hekayələrində əsas qəhrəman elə insani hissləri, duyğuları özündə yaşadan o insan idi.
İyirmi ildən sonra professor Məstalı öz doğma kəndlərinə qayıdır. Kənd adamları onların adını ucaldan bu insanı hörmətlə qarşılayırlar. Ancaq onu Zöhrə düşündürür, o Zöhrə ki, iyirmi il əvvəl Məstalıya yox, Müzəffərə ərə gedib. Vəfasızlıq edir Zöhrə. Məstalının ürəyindən keçir ki, illər boyu ürəyində yaşatdığı o Zöhrəni bir də görsün. İş elə gətirir ki, onun əri Müzəffər ağır xəstə yatır və Məstalı onu sağaldır, həyata qaytarır. Və Məstalı son dəfə Zöhrəyə baxır. Duyğuları qocalmayıb, amma Zöhrə qocalıb ("İyirmi ildən sonra").
Əli Ağabəyli öz hekayələrində ailə-məişət hadisələrinə daha çox yer verirdi və həmişə ailənin sevgi üzərində bərqərar olduğunu nəzərə çarpdırır, bu münasibətlərdə xəyanətin, vəfasızlığın, bir-birinə etimadsızlığın faciələrə yol açdığını təsdiqləyirdi. "Ailə sevgi üzərində qurulmalıdır" - onun bir çox hekayələrində bu mənəvi prinsip öz ifadəsini tapırdı. Ülvi və Qənirə. Sevərək evlənmişlər. Amma illər keçdikcə Qənirə o sevgini ərindən hiss etmir və günlərin bir günü ölür. Ülvi isə get-gedə hiss edir ki, təkcə həyat yoldaşını deyil, sevgi adlanan mənəvi dünyasını itirib ("Əfv edə bilmirdi"). Əsl sevgi, illər boyu ürəkdə yaşanılan o saf duyğu heç bir vaxt unudulmur və Krımda tanış olduğu Bədurəni Tahir unutmur. Amma nə edəsən, bəzən həyat bir-biri üçün yaranmış sevgililəri ayrı salır ("Qara geyimli qız"). Əli Ağabəylinin hekayələrinin əsas qəhrəmanları adi insanlardır, ancaq müəllif bu adi insanların çoxlarından fərqli qeyri-adiliyini nəzərə çarpdırır. "Hüsniyə xala", "Qoşa qıfıllı sandıq" hekayələrində olduğu kimi. O da maraqlıdır ki, yazıçının əksər hekayələrində əsas məkan tibb ocaqları, təsvir etdiyi insanlar isə tibb işçiləridir. Çünki bu məkan və orada çalışan insanlar ona tanış idi.
Əli Ağabəylinin heç bir nəsr əsərində mən yaşadığı dövrün ideoloji pirnsipləri ilə səsləşən motivlər tapa bilmədim. Belə dərk elədim ki, o, belə şeylərdən uzaq qaçıb, yalnız yaşadığı həyatı və sadə insanları təsvir edib. Özü də onun nəsr əsərlərində cəmiyyətdə hökm sürən haqsızlıqlar, mənfi-neqativ hallar da tənqid hədəfinə çevrilirdi. "Yeni ilə bir gün qalmış" povesti onun tənqidi ruhda yazılmış və o dövrün maddi-mənəvi eybəcərliklərini real hadisələrlə ifadə edən bir əsərdir. Əsərin qəhrəmanı rayon qəzetinin redaktoru Məzahir Məmmədlidir. Müəllif bir rayonun timsalında orada baş verən müxtəlif hadisələri qələmə alır - sovet dönəmində hər bir rayonda "kiçik padşahlar" bütün rayonun ağası sayılırdılar. Onlar yalnız "yuxarıların" hökmünə tabe idilər. Rayondakı bütün vəzifəli şəxslər o "kiçik padşahlar"ın itaətində idilər - məhkəmə də, prokurorluq da, kolxoz rəhbərləri də, rayonun digər rəhbər işçiləri də "birinci"nin əmrinə, göstərişinə əməl edirdilər. Azərbaycan nəsrində buna aid xeyli əsərlərlə rastlaşmışıq. Amma o əsərlərdə və eləcə də Əli Ağabəylinin povestində Şərə qarşı mübarizə aparan müsbət qəhrəmanlar da (o dövrün təbirincə desək) vardı. Məzahir Məmmədli də belə insanlardan biri idi. O povestdə baş verən hadisələr əksər rayonlara xas idi və yetmiş-səksəninci illərdə mən də bunların şahidi olmuşam. Yeri gəlmişkən, qeyd edim ki, Əli Ağabəyli kənd həyatını, xüsusilə, kəndin təsərrüfat həyatını, orada yaşayan insanların psixologiyasını, adət-ənənələrini çox yaxşı bilirdi və bunu əsərlərində də əks etdirirdi. Məsələn, onun bir hekayəsində pensiyaya çıxan kənd müəllimlərindən söz açılır. Bu müəllimlər ömürlərinin ixtiyar çağlarında oturub dərdləşirlər, keçən günlərini xatırlayırlar. Onlardan biri alverə keçir, özü üçün bir dükan da açır. Amma uğursuzluğa düçar olur.
Əli Ağabəylinin "Bütün bunlardan sonra" romanını onun yaradıcılığında maraqlı bir hadisə kimi səciyyələndirmək olar. Birincisi; o, nəsrin romandan kiçik janrlarında yazıb-yaratmışdı, hekayələri və povestləri ilə ədəbi aləmdə tanınmışdı. İndi isə həyatın və insanların daha geniş planda əks etdirilməsi zamanı gəlmişdi. İkincisi; onun bir sıra hekayələrində ailə-məişət və sevgi mövzuları üstün yer tutsa da, bunları yalnız kiçik janrda dolğun əks etdirmək çətin idi. Odur ki, ən yararlı və münasib janr roman idi.
Yetmiş-səksəninci illərdə Azərbaycan nəsrində sevgi mövzusunda ən çox Salam Qədirzadənin povestləri və poeziyada Nüsrət Kəsəmənlinin şeirləri gənclərin ən çox mütaliə etdikləri əsərlər idi. Salam Qədirzadənin povestləri cavanların stolüstü kitablarına çevrilmişdi, Nüsrətin şeirləri isə yaşanılan hisslərin poetik ifadəsi kimi diqqəti cəlb edirdi. Əli Ağabəylinin "Bütün bunlardan sonra" romanı da həmin illərdə qələmə alınmışdı. Mən bu romanı ilk dəfə "Azərbaycan" jurnalında oxumuşam. 1980-ci ildə roman kitab halında nəşr edildi və bir hadisənin şahidiyəm ki, kitab mağazalarının birində cavanlar bu kitabı necə həvəslə alırdılar.
"Bütün bunlardan sonra" romanı barədə geniş söz açmaq istəmirəm. Yalnız bəzi qeydlərimi nəzərə çatdıracağam. Təbii ki, indiki baxışımla mən romanda bir sıra qüsurlar görürəm. Romanda bir az uzunçuluq diqqəti cəlb edir. Obrazların qarşılıqlı münasibətlərində tamamlanmayan nöqtələr də nəzərə çarpır (İmran-Gülayə xəttində). Amma ilk roman cəhdində bütün bunlar təbii idi, müəyyən çatışmazlıqlar olmalıydı. Amma bu əsəri əsl sevgi romanı kimi səciyyələndirmək olar. Romanın qəhrəmanı Gülayə, mənim fikrimcə, sevgisiz yaşaya bilməyən bir obrazdır və real həyatda yüzlərlə belə qızlara, qadınlara rast gəlirik. Amma Səməd Vurğunun öz qəhrəmanı Humay haqqında dediyi kimi, Gülayə də nə Tatyanadır, nə də Ofeliya. O, yetmiş-səksəninci illərin yetirməsidir və bütün əsər boyu onunla Təhsin arasında olan münasibət də bizə o dövrdə təbii təsir bağışlayırdı. Nəticə etibarilə deyə bilərəm ki, Əli Ağabəyli romanda "Sevgi bütün maneələrə baxmayaraq ölmür, yaşayır, insanı mənən ucalığa səsləyir" fikrini bədii cəhətdən reallaşdıra bilmişdir.
Əli Ağabəylinin 100 yaşı... Allah ona qəni-qəni rəhmət eləsin! Deyirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!