...Seyrək çap olunsa da, oxucularının qəlbində çoxdan özünə yer tapmışlardandır Hafiz Hacxalıl (Təmirov). Zamanın dolaylarında heç vaxt sözlə, sözə çevrilən dərdləri ilə dostluğunda etibarsızlıq eləməyib. İndiyə kimi işıq üzü görən kitablarında toplanan şeirləri Hafizin sözün sədaqətlilərindən olduğunun sübutudur.
Ta dünyanın o başından
İzimnən gələn dərdlərim,
- deyən şair çəkdiklərini özünə yaraşdırır. Nə sirri-xudadırsa, dərd yaradıcı adamların az qala ilham mənbəyinə çevrilib. Sıravi bir adam tuş olduğu dərddən, dərdlərdən biryolluq qurtarmaq istəyir. Yaradıcı adam isə (indiki halda şair) çəkdikcə çəkir, ondan qurtulmaq haqqında düşünmür. Hafiz Hacxalılın bir ömür əzizləyə-əzizləyə çəkdiyi dərdlər misalı:
Dələr sinəmi, ha dələr,
Can üzülər, dada gələr.
Məni ölümnən hədələr
Dərdimdən ölən dərdlərim.
"Arzu ömrü uzatmır" adlı kitabı, əslində, Hafiz Hacxalıl poeziyası haqqında demək istədiklərimi üzə çıxarmaq üçün yaxşı bir bəhanə oldu. Onun "Elm və təhsil" nəşriyyatında çap olunan kitabında Vətən ətirli, sevgi ovsunlu şeirləri, vətəndaşlıq yanğısı ilə yazdığı publisistik yazıları və haqqında yazılanlar yer alıb. AYB üzvü Könül Səidin "Ondan şeir ətri gəlir" adlı Ön Sözü kifayət edər ki, Hafiz Hacxalıl haqqında, onun poeziyası haqqında kifayət qədər bilgi alasan.
Əvvəlki kitablarında da Hafiz Hacxalıl gözəlim Vətəni sevə-sevə, ağrılarına yana-yana tərənnüm edib. Şair kiçik həcmli bu kitabına Vətəni sığdıra bilib, özü də sevə-sevə.
Hafiz Hacxalıl çiynində daşıdığı ulduzların, sözün, torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhid anasının qarşısında sayğı duruşunda dayanmağı bacarır. Çünki o, daşıdığı rütbənin, sözün, torpaq sevgisinin məsuliyyətini yaxşı bilir:
Anam, o qəbrin üstə,
Töküb də dil, ağlama!
Sən şəhid anasısan,
Gözünü sil, ağlama!
Dağıt şəri, yalanı,
Qoru ondan qalanı.
Sən o oğul balanı
Ölümsüz bil, ağlama!
Bütün ölümsüzlükləri yaradan torpaq sevgisidir. O sevgi ki, otuz il bizdən aralı qalsa da, içimizdən ayrı qalmadı. O sevgi ki, uğrunda şəhidlik zirvəsinə ucaldı ərənlərimiz, Vətənə döndərdi qara torpağı. Şair-polisimiz isə torpağı belə əzizləyir:
Adına Vətən deyirik
bu qara gözlü torpağın.
Uğrunda can veririk
bu qara gözlü torpağın.
Kiminsə həyatına qıymaq həm günah, həm də cinayət sayılsa da, polis-şair üzünü göylərə tutub görün, nə deyir:
Səbrin ki, böyükdür, yenə bağışla,
Döndüyüm qibləyə, yönə bağışla.
İlahi, özünü görməzliyə vur,
Məni öldürəni mənə bağışla,
Bir gözəl gəzirəm məni öldürə.
Dedim axı, "Arzu ömrü uzatmır" kitabı əlimə bəhanə kimi keçdi. Hərdən qeyri-ixtiyari mətbuatdan oxuduğum şeirlərinə də müraciət etməli oluram:
Deyirlər, uzadır məhəbbət ömrü,
Yarıyolda qoyur xəyanət ömrü.
Allahın verdiyi əmanət ömrü,
Yarı sən alırsan, yarı gözlərin.
Bu bəndi nəyə görə xatırladım... Kitabın adını daşıyan misrası var Hafiz Hacxalılın:
Arzu ömrü uzatmır,
Xoş gün hələ uzaqdır.
Qırx yaş dayanacaqdır,
Sonuncumu, bilmirəm...
Hə, şair haqlı olaraq düşünür ki, arzu ömrü uzatmır. Arzu məhəbbətlə yoğrulanda ömrü uzadır. İki müxtəlif zaman kəsiyində yazılan bu şeirlər arasında bir-birini tamamlayan əks gözəllik var. Elə bəlkə də, arzuların ifadəçisi olan o gözlərin hökmüdür ki, şairin saçında dənə, ürəyində ağrıya çevrilib. Zamanın əlindən kim qaça bilir ki... Qaçmaq istəyəndə kiminsə saçında dən, kiminsə ürəyində həsrət pərvəriş tapır. Bunlar insanı var edən, yaşadan ağrılardır.
DİN Mətbuat Xidmətinin rəis müavini, "Polis" qəzetinin redaktoru, polis polkovnik-leytenantı Hafiz Təmirovun (Hacxalıl) "Vətən müharibəsinin zəfəri", "Doğum günün mübarək, Ağdam" adlı publisistik yazılarını kövrəklik qarışıq bir istəklə oxumalı olursan. Bu yazılarda, bundan əvvəlki kitablarında olan publisistik yazılarında Vətən müharibəsində əsl igidlik göstərən polis əməkdaşlarının şücaətini ustalıqla qələmə alıb Hafiz.
Kitabın "Dostlar yazır" bölməsində filologiya üzrə fəlsəfə doktoru Afət Abuşova-Viləşsoyun və Mahir Qabiloğlunun Hafiz haqqında yazdıqları yer alıb.
...Sevdiyim qələm adamlarından kimisə mütaliə etmək istəyəndə onların son yazılarını axtarmıram, əlimə keçən ixtiyari əsərini oxuyuram. Səbəbi odur ki, mən bu sevdiklərimin az və ya çox yazdıqlarının fərqində olmuram. Həmin anda mənə elə gəlir ki, bu adamlar hər gün yazır, hər gün çap olunur və mən də onları hər gün oxuyuram. Hafiz Hacxalıl kimi...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!