Azərbaycan mühacirət mətbuatında Nigar Rəfibəyli yaradıcılığı - Nəsiman Yaqublu yazır

 

Azərbaycan mühacirət mətbuatı haqqında yazılar çap olunan, şeirləri nəşr edilən şairlərdən biri də Xalq şairi Nigar Rəfibəyli idi.

Məşhur Rəfibəylilər nəslindən olan Nigar xanımın ailəsinin və özünün təqib olunması haqqında məlumatlara mühacirət mətbuatında ilk dəfə olaraq "Bildiriş" qəzetində rast gəlirik (bax: "Bildiriş" qəzeti, İstanbul,1931-ci il, №27).

Qeyd edək ki, bu qəzet M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi və Abbasqulu Kazımzadənin baş redaktorluğu ilə Türkiyənin İstanbul şəhərində nəşr edilirdi. Həftəlik nəşr edilən bu qəzet Yaxın və Uzaq Şərqdə, türk dünyasında cərəyan edən hadisələr haqqında məlumatlar yayırdı. Qəzetin ilk baş yazısında isə qeyd olunurdu: "Bildiriş" Azərbaycan, Türküstan, İdıl-Ural, Şimali-Qafqaziya, Krım, Gürcüstan və Ukraynada cərəyan edən hadisələri bildirməklə bərabər, Sovet Rusiyasına aid siyasi, iqtisadi, ictimai həyat səhifələrini göstərən hadisələr haqqında da oxucularını məlumatlandıracaqdır" (bax: "Bildiriş", 1930, №1). "Bildiriş" qəzetinin 1931-ci ildə 27-ci sayında, birinci səhifədə "Şimaldan günəşin doğmasını bəkləyənlər" (gözləyənlər - N.Y.) adlı bir yazı çap olunub. Məqalədə bildirilir ki, bolşevik Əliheydər Qarayev Bakıda çap olunan "Kommunist" qəzetindəki bir məqaləsində Milli Hökumət dövründə Gəncə valisi olmuş doktor Xudadat bəy Rəfibəylinin həyat yoldaşının evi axtarılarkən oradan qızı Nigar xanımın 1928-ci ildə iyun ayında yazdığı bir şeir tapılmışdı. Şeir belə adlanır: "Şimaldan günəşin doğmasını gözləyənlər". Şeirdə deyilir: "Başında şimal rüzgarları əsən "şair", sən İsa şəklini Lenin şəkli ilə əvəz edib, bizi rus mujiki ruhunda tərbiyə edir, ona baş əyməyə məcbur edirsən. Lakin bunu bil ki, şimaldan günəş doğmamış və doğmayacaqdır. Şimal Şərqin qanını içəndir. Sənin al bayrağın Şərqin qanına boyanmışdır. Qızıl bayraq altında "İnternasional" bağırırsan. Fəqət mənim daha hüquqlarım var. Şərq daha inləməkdədir. Oradan zəncir səsləri gəlir. Bu səsi eşidənlər anlayırlar ki, heç bir zaman şimaldan günəş doğmamış, heç bir zaman günəş doğmayacaqdır. Günəş şimaldan deyil, daima olduğu kimi, Şərqdən doğacaqdır!" (bax: "Bildiriş", 1931, №27).

"Bildiriş" yazırdı ki, bu şeirinə görə Əliheydər Qarayev Azərbaycan Pedaqoji İnstitutunun tələbəsi olan Nigar Rəfibəylinin bütün işlərdən uzaqlaşdırılmasını tələb etmişdi.

Kommunist rejiminin alovlu təbliğatçısı olan, sonradan  - 1937-ci ildə elə həmin sistemin əli ilə amansızcasına qətlə yetirilən Ə.Qarayev 1930-cu ilin 18 sentyabrında "Kommunist" qəzetində N.Rəfibəylini tənqid edən "Cənab Cavad bəy və onun bacısı qızı" məqaləsində yazmışdı: "Müsavatçı mülkədarın qızı öz ulularının işini durmadan davam etdirir" (bax: N.Yaqublu, "Müsavat Partiyasının tarixi". B., 1997, səh. 165).

O zamanın proletar şairlərindən biri isə N.Rəfibəyliyə belə cavab yazmışdı:

 

"Bağlamışsan ümidini Şərqdən doğan Günəşə,

Fəqət sənin duymadığın bir Günəş var, ey Nigar"

Biz Günəşiz, Günəş biz,

O gündən başlayar mübarizəmiz!"

 

Başqa bir şair isə bu misraları yazmışdı:

 

"Sən atanın yolunu izləyirsən, deyilmi?

Sən Müsavat dövrünü gözləyirsən, deyilmi?"

 

Təbiidir ki, N.Rəfibəylinin atasının yolunun Azərbaycan tarixinin şanlı dövrü olan Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) zamanı olduğunu çoxları bilirdi. Bolşeviklərin 1920-ci ilin aprelin 28-də işğal etdikləri "o Azərbaycan"dan isə heç bir əlamət qalmadığını Rəfibəylilər ailəsində böyümüş Nigar xanım daha yaxşı bilirdi. Çünki bolşevik işğalından sonra bu rejimin Gəncədə ilk qurbanı Azərbaycan Xalq Cümhuriyyəti dövründə həmin bölgənin qubernatoru olan atası Xudadat bəy Rəfibəyli olmuşdu.

Qeyd edək ki, 1920-ci il mayın ortalarından Gəncədə vəziyyət kəskinləşmiş və Qızıl Ordu hissələri ilə əhali arasında toqquşma baş verəcəyi gözlənilirdi. Vəziyyəti gərginləşdirən, Gəncə üsyanının başlamasına səbəb olan amillərdən biri də Xudadat bəyin bolşeviklər tərəfindən güllələnməsi idi. X.Rəfibəylinin istintaq işini burada ermənilər aparmışdı. Bu hadisədən bir neçə gün sonra, mayın 25-dən 26-na keçən gecə üsyan başlamışdı. Gəncə üsyanına başçılıq edən, Azərbaycan milli ordusunun keçmiş 3-cü piyada Gəncə polkunun komandiri, sonradan Polşa ordusunda xidmət etmiş, 1955-ci ilin yanvarında sovet "KQB"-sinin göndərdiyi bir xanım tərəfindən Almaniyada zəhərlənib öldürülən (bax: N.Yaqublu "Azərbaycan legionerləri". B., 2002-ci il) məşhur albay Cahangir Kazımoğlu da xatirələrində üsyanın başlanmasında X.Rəfibəylinin güllələnməsinin təsirli səbəb olduğunu göstərirdi (bax: "Azərbaycan" qəzeti, 1993 №123-124).

Belə bir hadisədən sonra N.Rəfibəylinin sovet hökumətinə nifrəti, şübhəsiz ki, özünü büruzə verməyə bilməzdi. O, bütün imkanları daxilində bu quruluşun əleyhinə mübarizəsini davam etdirirdi. O dövrdə gənclər arasında antisovet ruhlu ədəbiyyatlar yayılmasında N.Rəfibəyli böyük fəallıq göstərirdi. Müsavat Partiyasının yaratdığı "Gənc Azər" təşkilatının fəal üzvlərindən biri də N.Rəfibəyli idi.

İstintaq materiallarına diqqət yetirək: "Bir dəfə şagird Nigar Rəfibəyova mənə türk doktor Rza Nuribəyin kitabını verdi. Bu kitabda doktor Azərbaycandan bəhs edərkən yazmışdır ki, Azərbaycan müstəqil olsa da, lakin faktiki olaraq Rusiyanın müstəmləkəsi vəziyyətindədir" (bax: "Gənc Azər" istintaq materialları üzrə, B., 1993).

N.Rəfibəylinin fəal üzvü olduğu "Gənc Azər" təşkilatı Almaz İldırımın "Leninə" şeirini (şeirdə Lenin sovet imperiyasının ideoloqu kimi təsvir edilib), türk yazıçısı Ömər Seyfəddinin "Bomba" hekayəsini (hekayə mahiyyət və xaraktercə əksinqilabi idi) məktəblərdə yayıb təbliğ edirdilər.

Sonrakı illərdə də Azərbaycan mühacirət mətbuatında N.Rəfibəylinin müxtəlif şeirlərinə rast gəlmək mümkündür. Bu həm də məntiqi əsası olan bir proses idi. Azərbaycan mühacirət mətbuatını yaşadanlar milli istiqlal mübarizəsinin həm də daşıyıcıları idi. Və bu mətbuat orqanlarında onlar sovet rejimindən hansı formadasa narazılıq hiss etdirən nümunələri daha çox dərc edirdilər.            N.Rəfibəylinin Türkiyənin Ankara şəhərində əsası 1952-ci ildə M.Ə.Rəsulzadə tərəfindən qoyulan "Azərbaycan" jurnalında da şeirləri çap edilirdi (bax: "Azərbaycan" jurnalı, Ankara, 1979, №231, s. 230).

Onun bu jurnalda nəşr edilən "Buludlar" şeirinə diqqət yetirək:

 

Uzaq ölkələrə, iraq ellərə,

Axışan buludlar, axan buludlar!

Bir ilıq nəvaziş umarkən sizdən,

Könlümü həsrətlə yaxan buludlar!

Solan çiçəkləri siz öpərsiniz,

Siz ey köksünüzdə örpək buludlar!

Yanan səhralara su səpərsiniz,

Ey atlas buludlar, ipək buludlar!

 

Yəqin ki, adi görünən bu şer və misraları sovet "KQB" maşınının 1930-cu illərdəki kimi, "çarxları" arasında sıxsaq, belə məna alınacaq: "Uzaq ölkələrə, iraq ellərə üz tutmaq. Deməli, mövcud quruluşdan narazılıq!.." Və yaxud şeirdə işlədilən "Yanan səhralara su səpilməsi" daha çox siyasi çalarlar verməkdə idi və s.

Razılaşaq ki, sovet quruluşunun əleyhinə yazmağı qarşısına məqsəd qoymuş "Azərbaycan" jurnalı adi şeirləri öz səhifələrində çap etmirdi.

N.Rəfibəylinin "Azərbaycan" jurnalında nəşr edilən "İnsan hərarəti" şeirində də maraqlı məqamlar vardır (bax: "Azərbaycan" jurnalı. Ankara, 1981, № 237, s.20). Şeirdə şairə öz vətəninin nə qırmızı bayraqlarını", nə də "sovet təntənəsini" qabardır.

Sadəcə, belə deyir:

 

Dost dilində əzbər olan,

Yurdum, şöhrətim mənim.

Nizami ünvanlı, Füzuli imzalı

Millətim mənim.

 

Göründüyü kimi, Sovetlər Birliyi dövründə yazıb-yaratmış şair və yazıçılarımızın, o cümlədən xalq şairi N.Rəfibəylinin yaradıcılığına yeni dəyərlərdən və obyektivcəsinə yanaşmağın, tədqiq etməyin zamanı çoxdan gəlib çatmışdır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!