Folklorda Heydər Əliyev obrazı - Tehran ƏLİŞANOĞLU

Tehran ƏLİŞANOĞLU

 

Belə bir fikir var ki, xalq sevdiyi qəhrəmanlar haqqında nəğmələr qoşur, əfsanələr yaradır, nağıllar, lətifələr söyləyir. Xalq yaradıcılığının, folklorun hədəfində real qəhrəmanlara, tarixi şəxsiyyətlərə ümumxalq sevgisi durur. Sovet rejimində çox az rəhbərlər, tarixi simalar folklor qəhrəmanına çevrilə bilmiş, barəsində xalq "olmuş və olmamış" əhvalatlar söyləmişdir. Ümumən inzibatçı sovet sistemi xalq yaradıcılığının ünvanını "keşmiş"ə aid etməyi, yönəltməyi sevir; belə çıxır ki, xalq sevgisindən yayınmağa meyl edirdi. Bununla belə, folklor həmişə yaranmışdır; haçansa olmuşlar xalq sevgisinə bələnərək, ağızdan-ağıza, dildən-dilə ələnərək şifahi söz örnəklərində təcəssüm tapmış, xalq mövqeyi və müdrikliyini ifadə etmişdir.

Heydər Əliyevin xalq arasında əfsanəvi obrazı hələ hakimiyyətinin birinci dönəmində, respublikaya rəhbərlik etməyə başladığı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildiyi dövrdən yayılır. Elmira Axundova "Heydər Əliyev.  Şəxsiyyət və zaman" roman-tədqiqatında Heydər Əliyevin o zamanlar xalq arasında böyük əks-səda doğurmuş "şah abbassayağı" dərviş gəzintilərinə diqqət yetirir: "Üzdən az tanındığından istifadə edərək, Heydər Əliyev şəhərə "partizan yürüşləri"nə çıxırdı. Sadə paltar geyinib evdən çıxar, rastına çıxan ilk taksiyə oturardı. Ən uzun marşrutları seçərdi ki, sürücü ilə "açıq" söhbət etsin: camaatın güzəranı necədir, nədən narazıdırlar, ən çox şikayətləri nədəndir və s. Yaxud dükana girib satıcıdan soruşurdu: "-Ət neçəyədir?". "-İki manat qırx qəpiyə!" Soruşur ki, bəs niyə belə baha? İki manat qırx qəpiyə o vaxtlar birinci növ ət satılırdı. Burada isə, deyir, yalnız sür-sümükdür. Satıcılar çiyinlərini çəkirlər. Bəziləri isə qarayaxa alıcını daha "emosional" sözlərlə başdan eləyirdilər. O da "başdan olurdu" - düz anbara və ya köməkçi otağa keçir, orada istənilən qədər aztapılan ərzaq məhsulları aşkar edirdi..." (Elmira Axundova.  "Heydər Əliyev.  Şəxsiyyət və zaman". Bakı, Ozan, 2007, II c., s. 55)

Ən maraqlısı isə, "şah abbas nağılı"nın sonluğudur: "Hayıf ki, paytaxtı gizli dolaşmaqdan əl çəkməli oldu. Onu tanımağa başladılar. Sonradan ona dedilər ki, kimlər tərəfindənsə Əliyevin yüz nüsxələrlə çoxaldılmış şəkilləri hər bir mağaza müdirinin stolunun üstündə, satıcıların piştaxtası altında saxlanılırmış. Dildən iti Bakı taksi sürücüləri ona hətta ləqəb də vermişdilər: Mixaylo şəhərdədir! O illərdə ölkə ekranlarına Yuqoslaviya və İtaliyada faşistlərə qarşı vuruşmuş əfsanəvi sovet partizanı Mehdi Hüseynzadə ("Mixaylo") haqqında təzə film çəkilmişdi - "Uzaq sahillərdə". Film böyük əks-səda doğurmuş, sevilmişdi. Belə ki, "Mixaylo" ləqəbi hətta onun qəlbini oxşayırdı. Hayıf ki, tezliklə gizli fəaliyyətlə xudahafizləşməli, "Mixaylo"dan ayrılmalı oldu..." (yenə orada, s. 55-56) Elmira Axundova Heydər Əliyevin, haqqında ləqəb-ayama qoşmuş xalqın ilkin reaksiyasından xoşhallandığını nəzərə çarpdırır.

Qeyd olunmalıdır ki, xalq arasında geniş yayılmasının daha bir sübutu həmin əhvalatın Anarın "Şəxsiyyətin miqyası" essesində də yer tapmasıdır: "Mərkəzi Komitənin katibi seçiləndən sonra ilk vaxtlar çox adamın üzdən tanımadığı Heydər Əliyev "Şah Abbassayağı tərki-libas" olaraq bazarları, dükanları gəzir, qanunsuzluqları, əliəyrilikləri, pozuntuları özü öz gözləriylə əyani müşahidə edir və yerindəcə müqəssirin cəzasını verirdi. Və belə faktlar da əhalidə yeni ədalətli rəhbərin iş başına gəlməsi və hər cür ədalətsizliklərin kökünü kəsəcəyi haqqında söz-söhbətlərin geniş yayılmasına səbəb olurdu..." (Anar. Unudulmaz görüşlər. Bakı, Təhsil, 2009,  s. 32-33)

Xalq yaradıcılığında "ədalətli şah", qüdrətli ölkə başçısı obrazına həmişə rəğbət ifadə olunmuşdur. Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev xalqın yaddaşında məhz bu imiclə qalmış, müxtəlif "olmuş əhvalatlar"da, "canlı lətifələr"də obrazlaşmışdır. Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında maraqlı bir xatırlatma var: "1998-ci ilin aprelində "İzvestiya" müxbirinin "Sizi sərt, bəziləri isə avtoritar siyasətçi adlandırırdılar. Əgər belə qiymətlə razısınızsa, onda öz üslubunuzu nə ilə izah edərsiniz - siyasi vəziyyətlə, milli mentalitetlə, Şərq xüsusiyyətləri ilə?" sualına Respublika Prezidenti Heydər Əliyev belə cavab verdi: -Məni nahaq yerə sərt lider hesab edirlər. Mən belə qiymətlə razı deyiləm. Sərtlik, yumşaqlıq - bunlar subyektiv anlayışlardır. Siyasətçi ya liberal, ya da prinsipial ola bilər. Siyasətçi prinsipial mövqe tutursa və onu ardıcıl surətdə həyata keçirirsə, - bu sərt deyil, qəti mövqedir. Liberal siyasətçi isə belə hesab edir ki, hər şey rəvandır - belə də etmək olar, elə də, - bu halda mövqe səbatsız, yayğın, cəmiyyət üçün anlaşılmaz olur. Əminəm ki, hakimiyyətdə olan insan liberal ola bilməz. O ki qaldı mənə, təkrar edirəm, mən "sərt lider" anlayışı ilə razı deyiləm, əksinə, özümü mövqeyini dürüst müəyyənləşdirmiş, onu qorumağı və öz qərarlarını qətiyyətlə həyata keçirməyi bacaran adam sayıram. Xarakterimin və iş üslubunun xüsusiyyətləri, sizin dediyiniz kimi, Şərq mentaliteti ilə əsla bağlı deyildir. Əlbəttə, mən öz millətimə mənsubam və xarakterimdə milli xüsusiyyətlər çoxdur və bununla fəxr edirəm. Lakin böyük siyasət, onunla ciddi məşğul olmağı qərara almış hər bir kəsdən müvafiq mentalitet tələb edir" (Əjdər Ol, Canlı lətifələr, əhvalatlar, deyimlər. Bakı, Qanun nəşriyyatı, 2015. s. 41-42)

Uzun illər ərzində xalqın şüuruna Heydər Əliyev obrazı elə bu şəkildə də hakim kəsilmişdir. "Eyhamlı zarafatlar"dan birində deyildiyi kimi. "Respublika Prezidenti Heydər Əliyev müxtəlif görüşlərdə, yığıncaqlarda çıxış edərkən hərdən çox incə, eyhamlı zarafat edərdi. Bir dəfə keçirdiyi yığıncaqda 1969-1982-ci illərə işarə edərək dedi: "-Mən o zaman respublikanın rəhbəri olanda..." Çıxışının bu yerində o, pauza verib arxayın-arxayın qımışdı: "-Mən elə indi də respublikanın rəhbəriyəm..." (Yenə orada, s. 37) O, rəhbər idi və bunu heç vəch xalq təxəyyülündə yaşayan "Şərq ənənəsi" ilə qarışdırmırdı; bütün hüsn-təvəccöhünə baxmayaraq. 1991-ci ilin martında yazıçıların IX qurultayında belə bir əhvalat baş verir. "...Fasilə zamanı Heydər Əliyev foyedə şair Xəlil Rza ilə görüşüb ondan soruşdu: "-Bəs niyə Naxçıvana gəlmirsən? Dəvət edirəm! Buyur, gəl!" Xəlil Rza cavab verdi: "-Ustad Cəlaləddin Ruminin bir kəlamı var: Şair şah qapısında gədadan gəda, Şahsa şair evində ucadan uca!" Heydər Əliyev gülümsədi: -Şükür Allaha, nə mən şaham, nə də sən saray şairi. On dörd il (1969-1982) "şahlıq" etdim, səni bircə yol da Mərkəzi Komitənin həndəvərində görmədim. İndi mən məmləkətin yox, onun bir bölgəsinin başçısıyam. Buyur, gəl" (Yenə orada, s. 21) Qurultay zamanı zalda əyləşmiş Heydər Əliyevi rəyasət heyətinə dəvət etdikdə deyir: "-Burada mənim yerim rahatdır. Mən həmişə yuxarılardan aşağılara baxmışam, indi aşağılardan yuxarılara baxmaq istəyirəm" (Yenə orada, s. 21)

Heydər Əliyevin obrazını təcəssümləndirən, xalq arasında şifahi şəkildə yayılmış onlarla belə əhvalat, şəksiz ki, sovet rejimində yazıya alına bilməzdi. İlk dəfə müstəqillik dövründə yazıçı Əjdər Ol təşəbbüs edərək, həmin əhvalatların bir qismini "Müdriklik anları" (Müdriklik anları, Bakı, "Şirvannəşr", 1996), bir il sonra təkmilləşdirərək bir daha "Müdriklik" (Müdriklik, Bakı, "Azərbaycan" nəşriyyatı, 1998) adı ilə çap etdirir, "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabına da  daxil edir. Yazıçı niyyətini kitaba önsözdə belə açıqlamışdır: "Görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan dövlətçiliyi tarixində əvəzsiz xidmətlər göstərən, hakimiyyət ustası, ayıq-sayıq, çətin anlarında özünü itirməyib xoş günlərində hissə qapılmayan, şəraiti həmişə doğru-düzgün qiymətləndirən, əzəmətli, şax, çevik, yorulmaz, dözümlü, hafizəli, gərgin vəziyyətdən çıxış yolu tapmaqda bənzərsiz iti fikri, qətiyyəti olan Heydər Əlirza oğlu Əliyev bütün yüksək keyfiyyətlərilə yanaşı, həm də güclü yumor hissinə malik, hazırcavab, sözün çəkisini bilən, dediyini vaxtında və yerində deyən bir şəxsiyyət idi. Heydər Əliyevin yuxarıda sadaladığım dəyərli mənəvi keyfiyyətlərilə bağlı maraqlı əhvalatlarla tanış olun. Eşitdiyim və yaxud şahidi olduğum bu əhvalatlarda dünyagörmüş bir insan ömrünün müdriklik məqamlarını yaşayır. Heydər Əliyev çıxışlarının birində deyib: "Sinəm doludur. Onlar gərək yazıla və xalqa çatdırıla. Mənim bildiklərimi, demək olar ki, Azərbaycanda heç kim bilmir!" (Əjdər Ol, Canlı lətifələr, əhvalatlar, deyimlər. Bakı, Qanun nəşriyyatı, 2015, s. 13-14).

Heydər Əliyev ömrünün müxtəlif anlarını bu və ya digər rakursdan qabardan canlı lətifə, əhvalat və deyimlər əsl müdriklik təzahürü olub, xalq gülüşü ədəbiyyatına da  bir töhfədir.

Mövlud Süleymanlı "Qırx ilin yeddi görüşü" memuar-əsərində Heydər Əliyev sözünün xalq arasında şifahi yayılmasına dair maraqlı misallar gətirir. Bunlardan biri Azərbaycan dili barəsindədir: "Yadımdadır, 70-ci illərin ortalarıydı, Novruz bayramı ərəfəsində böyükdən kiçiyə hamı Şıx çimərliyi səmtində ağac əkməyə çıxmışdı. Yazıçılar İttifaqının ayrıca sahəsi vardı, orda ağac əkirdik. Heydər Əliyev sahələri dolaşıb, adamlarla görüşüb axırda yazıçıların yanına gəldi. Həmişə olduğu kimi səmimiydi, ərki çatanlarla zarafat edir, gənclərlə maraqlanırdı. Şair Qabil yenə özünəməxsus orijinallığı ilə seçildi: "-Yoldaş Əliyev, Siz azərbaycanca nə gözəl danışırsınız!" Heydər Əliyev astadan gülüb dedi: "-Qabil, sən niyə mənim rusca gözəl danışmağıma təəccüb etmirsən, azərbaycanca danışmağıma təəccüb edirsən? Bu dil mənim ana dilimdir, mən bu dili bilməliyəm! Eləcə də hamımız" Bu söz, bu fikir elə oradaca alqışlarla qarşılandı... Amma onunla bitmədi, çoxlarımızın xəbəri olmadan bu söz, bu fikir kiçik məcrasından çıxdı. Uzun müddət milli tərbiyəmizdə iş gördü... Bu da faktdır ki, bir az əvvəl yuxarı səviyyələrdə Azərbaycan dilində ümumiyyətlə danışıq getmirdi, rus dilini pis bilənləri işə götürmürdülər, ona pis baxırdılar və s. Adi bir iməcilik günündə deyilmiş bu söz, bu fikir və ümumiyyətlə Heydər Əliyev fəaliyyəti doğma dilimizə olan soyuq münasibəti dəyişdirdi. Yeri gəldi-gəlmədi rus dilində danışan və danışmağa can atan kütləviliyin qarşısı alındı..." (Mövlud Süleymanlı, Qırx ilin yeddi görüşü//Tənqid.net jurnalı, № 10 (2013), s. 24-35; s. 31)

Belə ki, milli xalq mərasimlərinin qorunub-saxlanması, getdikcə daha geniş əhatə alması faktı da Heydər Əliyevin respublikaya başçılığı dövrünə təsadüf edir. "Rəhmətlik Rəsul Rza danışırdı ki, (Anarın dediklərindən) Azərbaycan KP MK-nın I katibi Heydər Əliyevin qəbulunda oldum... Novruz bayramı ilə bağlı fikirlərimi bildirdim. Mənə dedi: "-Rəsul müəllim, gəlin gedək bizim evə, görək Novruz bayramını siz yaxşı keçirirsiniz, yoxsa biz. Əgər bizim ziyalılarımız Novruz bayramını mənim tapşırığımla keçirəcəklərsə, bu heç də yaxşı deyil... Qoy ürəkləri istədikləri şəkildə keçirsinlər". O zaman 70-ci illərin əvvəlləri idi, bu söz də dildən-dilə düşdü. Yaz bayramımız öz səmənisiylə evlərdən bayıra çıxdı, yaxınlı-uzaqlı yurdumuzu dolaşdı..." (Mövlud Süleymanlı, Qırx ilin yeddi görüşü//Tənqid.net jurnalı, № 10 (2013), s. 24-35; s. 32)

Bura dini mərasimləri də əlavə etmək olar; 1970-ci illərin əvvəllərində bizim Bakı-ətrafı kənd və qəsəbələrdə "məhərrəmlik" mərasimi canlı qorunub-saxlanırdı. Evlərdə təkyələr qurular, qırx gün Kərbəla müsibətinin təziyəsi tutulardı. Xüsusən Aşura günləri dini hisslər coşar, izdiham Ələmi (Əl formasında olan dini bayraq- T.Ə.) götürüb küçələrə çıxar, imam Hüseyn və Həsən eşqinə yürüşlər edərdi. Sözsüz ki, bu, sovet rejimi ilə qəti uyuşmurdu. Uşaqlıq yaddaşımda qalıb; məhəlləmizdəki belə məclislərdən birində qadağalarla bağlı fikirlər səslənəndə, Heydər Əliyevin adı keçdi. Deyirdilər ki, respublika başçısı bu mərasimləri qadağan etməyib, amma Naxçıvanda da gur keçən mərasimdə xalqa küçələrə çıxmamağı, mərasimi evlərdə sakit tərzdə keçirməyi tövsiyə edib.

Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət və zaman" kitabında "kommunist" qəhrəmanının dinə münasibətinə dair əhəmiyyətli məqamlar var. "Dostlarının və yaxınlarının söylədiklərinə görə, Heydər Əliyev anasına qarşı çox mehriban və qayğıkeş idi, bir sözünü iki eləməzdi, onun dünyagörüşü və həyat tərzindəki xüsusiyyətlərə hörmətlə yanaşırdı. Məlumdur ki, İzzət xala olduqca dindar qadın idi, məscidə gedirdi, oruc tutub namaz qılırdı... Naxçıvanda İzzət xanım Ələviyyə adlı qonşusu ilə çox yaxın idi. Ələviyyə seyid qızı idi, ruhani təhsil almışdı. İzzət xanım onu tez-tez evlərinə söhbətə dəvət edirdi. Nəsə ləzzətli bir şey hazırlayar, samovara od salıb rəfiqəsini çağırardı. O da gələndə özü ilə Quran gətirərdi, çay süfrəsindən sonra avazla müqəddəs surələri oxuyardı. İzzət xanım iri ala gözlərini saralmış vərəqələr üzərindəki ərəb yazılarının müəmmalı naxışlarına dikib diqqətlə qulaq asardı. Ramazan günlərində İzzətlə Ələviyyə hərdən səhərə kimi Quran oxuyar, ibadət edərdilər. Bakıda oğlunun yanında yaşayanda da İzzət xanım adətini pozmurdu: əvvəlki kimi oruc tuturdu, namaz qılırdı. O vaxt Heydər Əliyev Dövlət Təhlükəsizlik Komitəsinin məsul əməkdaşı idi. Komitənin fəaliyyət istiqamətlərindən birini dini mövhumata qarşı mübarizə təşkil etsə də, o, anasının dindarlığına hörmət və ehtiramla yanaşırdı..." (Elmira Axundova,  "Heydər Əliyev.  Şəxsiyyət və zaman". Bakı, "Ozan", I cild 2007, s. 140-141)

Eynən bütövlükdə də xalqın dini inamına, adət-ənənələrinə hörmət bəsləyən, daha sonralar müstəqillik illərində buna birbaşa, dövləti səviyyədə rəvac verən, neçə-neçə məscidləri, o cümlədən Bibiheybət məscidini bərpa etdirən, yeni məscidlər tikdirən, özünə və ailəsinə müqəddəs Həcc ziyarəti qismət olan Heydər Əliyevin millətsevər obrazı xalqının qəlbində və yaddaşında silinməz yer tutmuşdur. Bugün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən şərəfinə bütün Qafqazda ən uca olan Heydər məscidinin inşa olunması həmin sevginin ifadəsi və nişanəsidir. 

Heydər Əliyevə geniş xalq kütlələrinin məhəbbəti, Ulu Öndərin uzun ayrılıqdan sonra, qürbətdən Vətənə dönüşündə daha parlaq əksini tapır. Bioqrafları yazır: "Bu meydan hələ heç vaxt belə gur izdiham görməmişdi. Sakinlər ətrafdakı evlərin eyvanlarına çıxmışdılar, dama qalxanlar da vardı. Heydər Əliyevə, çətinliklə də olsa, yaxınlaşan Naxçıvan qəzetinin müxbiri öz bloknotunda belə qeyd edir: "Bu böyük şəxsiyyətin qarşısına çıxan insanların fərəh hissini təsvir etmək mümkün deyil. Heydər Əliyevin çox yığcam qısa çıxışı isə vətən eşqiylə dolu bir ürəyin səsiydi" (Viktor Andriyanov, Hüseynbala Mirələmov, "Heydər Əliyev". Bakı, "Nurlan", 2008, s. 279). Bu, sadəcə bütün zahiri şiddətilə özünü göstərən "kütlə sevgisi" yox, əsl xalq məhəbbəti idi: "Naxçıvana bir-birinin ardınca məktublar gəldi. Ünvanı dəqiq bilməyənlər sadəcə: "Naxçıvan şəhəri, Heydər Əliyevə" yazırdılar. Bəziləri qayıdışı münasibətilə onu təbrik edir, bəziləri isə belə bir liderin Azərbaycana gərəkliyini vurğulayır, digərləri Bakıda, onun vaxtında Əhmədli kimi nəhəng bir yaşayış massivi və on mikrorayon salınan şəhərdə mənzilinin olmamasını eşidib, ona "bizim mənzilimizdə qalın, gen-bol, işıqlı, şəhərin mərkəzindədir, biz qohumlarımızgildə qalarıq" kimi təkliflər verirdilər. İnsanlar yaxşılığı unutmur, yaxşılığa cavab verirdilər... Bakı sakinlərindən biri öz mənzilinin açarlarını təklif edir: "Buyurun, mənim evim - sizin eviniz". Nehrəm kəndindən bir el ağsaqqalı yenicə tikdirdiyi rahat mülkünü töhfə kimi qəbul etməyi ondan xahiş edir" (Yenə orada, s. 289)

"Naxçıvan görüşləri"nin hərarəti canlı xatirələrdə yer aldığı kimi, xalq yumorunda da bədii ifadəsini tapmışdır. "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabından bir sıra misallar sadə insanların böyük sevgisini nişan verir. Əhvalatlardan birində deyilir: "1990-cı ildə Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra Azərbaycanın hər yerindən adamlar onun ziyarətinə gəlirmişlər. Bir qohumumuz danışırdı ki, vaxtilə Heydər Əliyevlə Naxçıvanda qonşuluqda yaşamış Xurşid arvad da ara soyuyanda, hamıdan gec onun görüşünə gedir. Qarı sovqat kimi Heydər Əliyev üçün az ələ düşən beş-on Ordubad limonu da aparır. Xurşid arvad Heydər Əliyevlə görüşəndə onun görüşünə gec gəldiyi üçün üzr istəyib dil-ağız eləyəndə Heydər Əliyev özünəməxsus yumorla limonlara işarə edib deyir: -Gecikməyinin eybi yoxdur, Xurşid, gec gəlmisən, güc gəlmisən" (Əjdər Ol, Canlı lətifələr, əhvalatlar, deyimlər. Bakı, Qanun nəşriyyatı, 2015, s. 19). Başqa bir lətifədə "Şəmkirdən onu görməyə getmiş boyu yarım metrə yaxın, çəkisi 19 kiloqram olan orta yaşlı Alı Əliyev adlı bir kişi" "vaxtilə ölkə rəhbəri Heydər Əliyevin Şəmkirdə ona mükafat verdiyini yada salıb" şəkil çəkdirmək istəyir: "-Yoxsa Şəmkirə qayıdanda sizinlə görüşdüyümü sübut edə bilmərəm". Şəkil çəkdirənlərdən birinin uca, birinin  gödək olmasından fotoqraf çaşır. Onu vəziyyətdən Heydər Əliyevin yumoru çıxarır: "-Şəkli elə çək, mən də düşüm!" (Yenə orada, s. 22)

Üçüncü bir əhvalat da olmuş hadisəyə söykənir: "Naxçıvan Muxtar Respublikasının baş naziri olmuş Şəmsəddin Xanbabayev danışırdı ki, Naxçıvan Muxtar respublikası Ali Məclisinin sədri Heydər Əlievlə qonşu İran İslam Respublikasına səfərdən qayıdanda İran ərazisindən Xudafərin körpüsünə baş çəkdik. İşğal edilmiş Azərbaycan ərazisindən atəş açılacağından ehtiyat etdiyimdən bədənimlə onu qorumaq cəhdimi hiss edən Heydər Əliyev zarafatla mənə dedi: - Şəmsəddin, özünə əziyyət vermə, mənim boyum səninkindən yarım metr hündürdür. Sən məni erməni gülləsindən qoruya bilməzsən, havayı qurban gedərsən..." (Yenə orada, s. 22) İncə yumorla yanaşı, burda Ulu Öndərin qorxmazlığı, millət yolunda fədakarlığı, bu yolda özünə-inamı da əks olunub.

Xalq ağzından çıxmış, yazıçı qələmi llə qeydə alınmış lətifələrdə həqiqətin payı olduqca böyükdür. Millətin pənah yeri, ümid mənbəyi olan Heydər Əliyevi düşmən zərbələrindən İlahi hökmü və ümumxalq sevgisi qoruyurdu. Ulu Öndərin az bir zamanda Naxçıvanda həyata keçirdiyi misilsiz tədbirlər, Naxçıvanı blokada şəraitindən qurtarması, milli müstəqilliyə doğru atılan addımlar əsl epopeya səciyyəlidir. Elmira Axundova yazır: "İndi "Heydər Əliyev Naxçıvanı xilas etdi, Naxçıvan da Heydər Əliyevi" ifadəsi zərbi-məsələ dönüb. Bu doğrudan da belə idi, həmin anda Naxçıvanda hakimiyyət sükanı arxasında Heydər Əliyev olmasaydı, muxtar respublikanın taleyinin necə olacağını heç kəs deyə bilməzdi" (Elmira Axundova, "Şüşə saray". Siyasi detektiv. Bakı, Yurd NPB, 2007, s. 57)

Heydər Əliyevin Bakıya qayıdışı, ölkəni vətəndaş müharibəsindən qurtarması, xalqın arzusu ilə hakimiyyətə gəlməsi faktı da xalq təfəkküründə xilaskar obrazı ilə təcəssüm tapmışdır. "Heydər Əliyev və Azərbaycan folkloru" tədqiqatının müəllifi Məhərrəm Qasımlı yazır: "Bütün mübariz həyatı boyu apardığı qlobal, uzaqgörən və taleyüklü siyasətlə vətən, millət öndərinə, qurtuluş gətirən xilaskara çevrilən Heydər Əliyevə Azərbaycan xalqının dərin, sarsılmaz sevgisi və sonsuz ehtiramı yığıncaq və toplantılarda tez-tez diqqəti çəkən "Xalq - Heydər" şüarında çox dəqiq ifadə edilmişdir. Xalq öz ümummilli liderini ruhunun, varlığının yenilməz ifadəçisi və əvəzolunmaz tərcümanı kimi görür" (Məhərrəm Qasımlı, "Heydər Əliyev və Azərbaycan folkloru" // "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı". Bakı, Şərq-Qərb, 2009, s. 72-90; s. 89) Tədqiqatçının misal gətirdiyi aşıq yaradıcılığından nümunələr Ulu Öndərə ümumxalq sevgisinin əbədiliyini əks etdirir:

 

Dilləndir sazını, Aşıq Əhliman,

Sözlərin aləmə qoy olsun bəyan.

Otuz beş il xalq yolunda can qoyan

Ulu Heydər kimi rəhbərimiz var.

 

Aşıq Əhliman

 

Elin ər oğludu, yurd dayağıdı,

Dünyaya səs salır sözü Heydərin.

Sabaha nur saçan el mayağıdı,

Qartal baxışlıdı gözü Heydərin.

 

Aşıq Murad

 

Yurduna bağlıdı eşqi, həyatı,

Azad Azərbaycan onun muradı.

Elin sərkərdəsi, xalqın nicatı

Yenilməz qüdrətdi Heydər babamız.

 

Aşıq Mahmud

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!