Azərbaycan ədəbi-mədəni, ictimai-siyasi, elmi-fəlsəfi fikir tarixinin görkəmli nümayəndəsi, bütün ömrünü Türkçülük və Turançılığa həsr eləmiş Əhməd Ağaoğlunun həyatı, mühiti, yaradıcılığı ilə bağlı monoqrafiya üzərində işlədiyim bu yay günlərində böyük ədəbiyyatşünasımız, akademik Kamal Talıbzadənin yüz yaşı tamam olur və bu mübarək yubiley münasibəti ilə ürəyimdən keçənləri yazmaq fürsəti əldə etdiyimdən xüsusi məmnunluq duyuram və əslində yazacağım yazının mövzusunu da, materialını da elə Kamal müəllimin özü verib. İş burasındadır ki, əslən azad Şuşamızdan olan Ə.Ağaoğlu ilə akademik K.Talıbzadəni - bu iki nəhəng fikir adamını birləşdirən möhkəm bağlar var; Azərbaycanda hələ çoxlarının tanımadığı, tanıyanların da çoxunun məlum səbəblərdən adını çəkə bilmədiyi, yaxud barmaqla sayılacaq qədər az sayda araşdırıcının öz fikrini mətnin alt qatında, dərinliklərində gizlədərək ifadə etmək zorunda qaldığı bir dövrdə Ə.Ağaoğlu haqqında həm elmi, həm də səmimi münasibətini bildirənlərin ilk sırasında K.Talıbzadə gəlirdi...
K.Talıbzadəni əyani şəkildə 2000-ci ilin lap əvvəlində, Ədəbiyyat İnstitutuna gəldiyim günlərdə tanımışam və həmin vaxtdan Tanrının dərgahına qovuşduğu günə qədər zaman-zaman xeyirxahlığını, qayğısını görmüşəm. Abdulla Şaiqin Ev-Muzeyində böyük həvəs və zövqlə təşkil etdiyi tədbirlərə məni də dəvət edərdi. Kamal Talıbzadə mənim və bizim nəslin nümayəndələrinin gözündə mələk-adam idi və onu da deyim ki, atasının - böyük yazıçımız Abdulla Şaiqin doğulduğu Borçalıdan olduğum üçün mənə xüsusi nəvazişini heç vaxt əsirgəməz, həmişə diqqət göstərərdi. O vaxtlar az qala iyirmi il olardı ki, Bakıdaydım, amma nədənsə, K.Talıbzadə mənə Borçalıdan təzəcə gəlmiş, qayğıya ehtiyacı olan adam kimi baxırdı və günlərin birində məni aparıb həmin dövrdə Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini icra edən akademik Teymur Kərimliyə "tapşırdığını" və o anda büllur çöhrəsinə qonan zərif təbəssümünü, öz savab işindən özünün də razı qaldığı adamın üzünün ifadəsini çox yaxşı xatırlayıram...
Dünyanın mizan-tərəzisi yaxşılıq və xeyirxahlıq üzərində qurulub və elə bir adam tapılmaz ki, xeyirxahlığa ehtiyac duymasın. Həyat boyu adamın qarşısına yüzlərlə belə adam çıxır və onları heç zaman unutmursan, adlarını həmişəlik yaddaşına yazırsan. Elə adamlar da var ki, onların adları öz-özünə sənin birbaşa tərcümeyi-halına yazılır və illər keçir, sən özün dünyada olmayanda belə yaxınların, doğmaların tərcümeyi-halındakı həmin xeyirxahlardan sənin də əvəzinə minnətdarlıqla danışırlar. Çağdaş Azərbaycan ədəbiyyatşünaslarının böyük əksəriyyətinin tərcümeyi-halında akademik K.Talıbzadənin adı keçir...
Soldan sağa: ..., Şahbaz Şamıoğlu, Əflatun Saraclı, Kamal Talıbzadə, Vəli Osmanlı, Minaxanım Əsədova, Arif Ramazanov A.Şaqin Mənzil-Muzeyində, 2004
...Sovet hökumətinin addım-addım dağılmağa doğru getdiyi, qadağalar epoxasının öz ömrünü başa vurmaqda olduğu 1988-ci ildə K.Talıbzadə "Əhməd Ağaoğlu və onun "Rus ədəbiyyatının ümumi səciyyələri" adlı mükəmməl araşdırmasının əvvəlində unudulmaz unudulmuş mühacir yazıçı-filosofa vətənində olan münasibəti nəzərdə tutaraq yazırdı: "Bu "təpədən-dırnağa qədər azərbaycanlı" (dırnaqdakı ifadə mühacir alim Ə.Cəfəroğlunundur) olan şəxsiyyəti biz, məlum səbəblər üzündən, həm az öyrənmiş, az təbliğ etmiş, həm də ona bir çox hallarda obyektiv yanaşmamış, birtərəfli münasibət bəsləyərək, bir çox həqiqətləri deyə bilməmişik". K.Talıbzadə nüfuzlu bir söz sahibi kimi bu fikirləri ilə Azərbaycan ədəbiyyatşünaslarının uzun illərdən bəri ürəyindən gələn, dilinin ucunda olan etirafını səsləndirir, eyni zamanda Ə.Ağaoğlunun tufanlarla, qasırğalarla dolu həyatını, mühitini, müasirləri ilə əlaqələrini, zəngin elmi və bədii irsini, ictimai-siyasi fəaliyyətini hərtərəfli öyrənməyə çağırırdı. K.Talıbzadə bu tədqiqatında hələ illər öncə, 1959-cu ildə Ə.Ağaoğlu irsinə müraciət etmişdi və ideologiyanın zaman üzərindəki hegemonluğu şəraitində mühacir alimin M.Qorki haqqında məqalələrini xüsusi incəliklə dəyərləndirmişdi. Söhbət H.Z.Tağıyevin himayəsi ilə çap olunan "Kaspi" qəzetinin 1903-cü ilin fevral nömrələrinin birində Ə.Ağaoğlunun "Qorkinin "Həyatın dibində" pyesində tatar Asan" və yenə "Kaspi"nin 26 və 28 noyabr tarixli iki sayında dərc etdirdiyi "Qorki və müsəlmanlıq" məqalələrindən gedir və K.Talıbzadə M.Qorki ilə bağlı araşdırmalarında, sözsüz ki, həmin məqalələrsiz də keçinə bilərdi, lakin ona həm də senzuranın ağır və qara pərdəsini qaldırmaq, Ə.Ağaoğlunun adını gün işığına çıxarmaq, onu elmi dövriyyəyə gətirmək lazım idi. Sonrakı illərdə də K.Talıbzadə Ə.Ağaoğlu irsinə müraciət etmiş, onun ədəbi-tənqidi, nəzəri-estetik görüşlərini şərh etmiş, yenə zamanın verdiyi imkanlar çərçivəsində dəyərləndirmələr aparmışdı.
K.Talıbzadənin Ə.Ağaoğlu haqqında daha əhatəli və dərin elmi məzmunlu araşdırması, təbii ki, yuxarıda adını çəkdiyimiz "Əhməd Ağaoğlu və onun "Rus ədəbiyyatının ümumi səciyyələri" əsəri"dir və 1988-ci ildə qələmə alınıb. Elə həmin vaxtlarda K.Talıbzadə Ə.Ağaoğlunun məşhur "Rus ədəbiyyatının ümumi səciyyələri" əsərini "Azərbaycan" jurnalında (1989, №1, s. 146-164) şərhlərlə çap etdirib ədəbiyyatşünasların ixtiyarına verdi. K.Talıbzadənin, bir nüfuzlu ədəbiyyatşünas olaraq, ilk növbədə, Ə.Ağaoğlunun məhz ədəbiyyatşünaslıq irsinə diqqət yetirməsi tamamilə təbiidir. Digər tərəfdən, həmin araşdırma Ə.Ağaoğlunun ədəbiyyatşünas alim kimi peşəkarlığını qiymətləndirməyə, elmi yaradıcılığının miqyasını, maraq dairəsinin hüdudlarını müəyyənləşdirməyə imkan verir. Rus ədəbiyyatının təşəkkülü, inkişaf istiqamətləri və meyilləri, ayrı-ayrı yazıçıların bədii yaradıcılıq metodları, bir-birini əvəz edən, yaxud bir-biri ilə çarpışa-çarpışa oturuşmağa cəhd edən ədəbi-estetik cərəyanlar haqqında Ə.Ağaoğlunun mülahizələri onun dərin və hərtərəfli biliyə, zəngin mütaliəyə, mükəmməl ümumiləşdirmə qabiliyyətinə malik olduğunu göstərir və K.Talıbzadənin diqqətini də məhz mühacir alimin bu yönü cəlb edirdi.
Ə.Ağaoğlunun ədəbiyyat haqqında düşüncələri isə maraqlı olduğu qədər də mürəkkəbdir, yeri gəldikcə, hətta ziddiyyətli məqamlardan da uzaq deyil. Bu onun nəzəri-estetik görüşlərində Şərq və Qərb ədəbiyyatı məsələsinə (bütövlükdə Şərq-Qərb probleminə) yanaşmada özünü daha çox büruzə verir. Burada, heç şübhəsiz, Ə.Ağaoğlunun keçdiyi həyat yolunun naxışları da öz sözünü deyir. K.Talıbzadə ədibin keçdiyi həyat yolunun, təhsilinin, zəngin mütaliəsinin onun dünyagörüşünə xüsusi təsirini tamamilə düzgün qiymətləndirərək yazırdı: "Əhməd bəy Ağaoğlunun dünyagörüşü mürəkkəb və ziddiyyətli yollarla irəliləmişdir. O, demək olar ki, bütün yaradıcılıq boyu kifayət qədər dərindən bildiyi Qərb və rus ictimai-siyasi və fəlsəfi-estetik fikri ilə Şərq zehniyyəti və klassik ənənələrinin üzvi əlaqəsini yaratmağa çalışmışdır". K.Talıbzadənin fikrincə, Ə.Ağaoğlunun ibtidai təhsili Şərqin, o cümlədən Azərbaycanın zəngin mədəni və ədəbi irsini, əsrlər boyu davam edib gələn ənənələri öyrənmək imkanlarından çox uzaq olduğu halda, rus və bir az sonra Qərb mədəniyyəti, elm və ədəbiyyatını öyrənməsi isə kiçik yaşlarından davamlı bir istiqamət almış, sonralar tələbəlik illərində daha sistemli bir şəklə düşmüş, Fransadakı təhsili ona Şərqə, İslam dininə Qərb şərqşünasların gözü ilə baxmağı öyrətmişdir. "Əhməd bəyin Bakıya gələnə qədər təhsili, məlumat və mütaliə dairəsi bu istiqamətdə olmuşdu. O, milli ədəbiyyatın tarixini, özünəməxsusluqlarını, onun inkişaf yolunu, konkret şəxsiyyət və abidələrini öyrənməyə, onlarla tanış olmağa macal tapmadan böyük diapazonda işə başlamışdı ki, bu da şəksiz, milli mədəniyyətin bir çox məsələlərinə münasibətdə öz təsirini göstərirdi. Əhməd bəy Azərbaycan tarixi və mədəniyyəti ilə əsasən, Bakıya köçəndən sonra məşğul olmağa başlamışdı və ondan xəbərsizlik, məlumat azlığı hər addımda hiss olunurdu. Ümumşərq, din tarixi, Şərq mifologiyası məsələlərində böyük professionallıq göstərən ədib milli mədəniyyət məsələlərinə gələndə böyük çətinliklər qarşısında qalırdı". Dünyaya açılmaq və bu kontekstdə milli kökdən uzaq düşməyin faciəvi nəticələri barədə Ə.Ağaoğlu çox-çox sonralar - "Altmış yeddi il sonra" memuarında acı-acı etiraf edəcəkdi. Şuşadan araba təkərlərinin üstündə ayrılıb, Peterburqa, oradan da Parisə gedən Ə.Ağaoğlu illər sonra, artıq son "dayanacaq"ın astanasında həyatı boyu itirdiklərinin hesabına "qazandığından" yazırdı: "Təkərlər hər döndükcə bu doğulduğum, böyüdüyüm yerlərdən, bu mənə can və ruh vermiş olan insanlardan bir az daha uzaqlaşırdım. Yalnız maddətən deyil, mənən də uzaqlaşırdım. Fəqət kimə və nəyə yaxınlaşmaq üçün? O gün məchul olduğu kimi bu gün də məchul!.. Mən tarixin və təbiətin verdiyi bütünlüyü itirəcəkdim. Fəqət yeni bir bütünlük də almış olmayacağam. Yarım-yamalaq bir şey olacağam! Ah, bu yarım-yamalaqlıq nə tükənməz bir dramdır! Bir iç dramı, bir ruh faciəsidir! Mən indi heç zaman tam və bütün duya bilmirəm. Və bilirsinizmi, yarım-yamalaq duymaq nə cəhənnəm əzabıdır! Mən Avropa musiqisindən də, Şərq musiqisindən də xoşlanıram. Eyni zamanda, görürəm, hiss edirəm ki, nə birincisini bir avropalı qədər tam və bütün duyuram, nə də ikincisini bir şərqli kimi..."
K.Talıbzadə Ə.Ağaoğlunun Şuşa, Tiflis, epizodik olsa da, Peterburq, Paris, daha sonra yenidən Şuşa, Bakı, nəhayət, Ankara və İstanbul həyatını zəngin faktlar əsasında tədqiq edib, yeri gəldikcə, ilk mənbələrə, mühacir yazıçı-filosofun qeydlərinə, xatirələrinə müraciət edib, yekunda Ə.Ağaoğlunun dolğun və gerçək portretini yarada bilib. K.Talıbzadənin təqdimatında Ə.Ağaoğlu bütün yönləri ilə çox aydın görünməkdədir... Ə.Ağaoğlunun həyatı, mühiti barədə araşdırması K.Talıbzadənin elmi yaradıcılığının ən yaxşı nümunələrindən biri kimi öyrənilməyə tamamilə layiqdir.
K.Talıbzadənin şəxsiyyəti və elmi fəaliyyətindən daha geniş bəhs etmək olar. Lakin bir həqiqətdir ki, bu bənzərsiz insanın şəxsiyyəti ilə elmi irsi bir-birini layiqincə tamamlamaq gücündədir. Kamal Talıbzadə öz mübarək adı ilə elə kamalın zirvəsidir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!