Onun haqqında söz demək istəyəndə hər dəfə zəngin xatirələr, dərin təəssüratlar, ali duyğular bolluğunda nədən başlamaq çətinliyini yaşayıram. Çünki ömrümün ən önəmli onilliyində - elm aləmində ilk kövrək addımlarımı atdığım vaxtlarda bu böyük alimin, mələk insanın həyatıma təsirini, sonsuz xeyirxahlıq və qayğısını, ondan öyrəndiklərimi hər hansı bir yazıya sığdırmaq imkansızdır. Daim minnətdarlıq duyğusu ilə xatırladığım, dünyanın nizamını belə insanların tənzimlədiyini düşündüyüm, vəfatından uzun illər keçsə də, ömürlərdə yandırdığı işıqda yaşayan Akademik Kamal Talıbzadə...
Bakının sərt küləkli payız günlərindən birində rəhbərlik etdiyi Abdulla Şaiqin Mənzil-Muzeyində ilk dəfə görüşdüyümüz günün həyəcanı hələ də yadımdadır. Əziz elmi rəhbərim professor Abbas Hacıyevin məsləhəti ilə alimin yaradıcılığını namizədlik dissertasiyam üçün tədqiqat obyekti seçdiyimi bildirəndə nurlu çöhrəsinə çox yaraşan təbəssümlə "Qızım, axı mən tənqiddən yazmışam, sənə çətin olmasın?!" demişdi. Sonra da əlavə etmişdi: "Məndən yazmağa kişi başı gərəkdir." Son dərəcə xeyirxahlığı ilə yanaşı, alim tələbkarlığıyla da məndə elmi işə xüsusi münasibət və ciddi məsuliyyət hissi formalaşdıran Kamal Talıbzadənin böyük qayğısı öz işini görmüşdü. Tədqiqat işimdən çox razı qaldığı üçün monoqrafiya kimi nəşrini tövsiyə etməsi, "Böyük nəslin layiqli yadigarı" (2002) adlı həmin monoqrafiyanın təqdimat mərasimini ədəbiyyatşünaslıq elminin ən nüfuzlu alimlərinin iştirakı ilə Abdulla Şaiqin Mənzil-Muzeyində təşkil etməsi elm yolunda ilk, kövrək addımlarını atan bir gənc kimi məni çox ruhlandırmış, böyük gələcəyə inandırmışdı. Sonralar eyni doğma münasibəti, əvəzsiz qayğını bütün yetirmələrinə qarşı müşahidə edəndə əmin oldum ki, belə böyük ürəkli alimlərimizin sayəsində Azərbaycan elminə gələn gənclərin sayı getdikcə çoxalacaq.
Böyük alimin 100 illik yubileyinə hazırlaşdığımız bu günlərdə qeyri-ixtiyari onun sonuncu aspirantı, dəyərli tənqidçimiz, filologiya elmləri doktoru Elnarə Akimova ilə Akademiyanın Rəyasət Heyəti binasının geniş salonunda Kamal Talıbzadənin 80 illik yubiley tədbirində iştirakımızı xatırlayıram. Kamal müəllim haqqında hamının ən gözəl xatirə saxlancı vardı. Həmin tədbirdə dostu akademik Fuad Qasımzadədən ən gənc yetirmələrinə qədər hamının çıxışı son dərəcə səmimi idi. Çünki hər bir çıxış onunla ünsiyyətin təbiiliyindən, məsumiyyətindən, ülviliyindən qaynaqlanırdı. Biz - gənc yetirmələri kimi Kamal müəllimlə qürur duyur, elm yolumuzun Kamal Talıbzadə məbədgahından başlaması ilə fəxr edirdik. İndi bu qocaman məbədgahın 100 yaşı tamam olur. Sevgi və ehtiramla xatırlanan Kamal Talıbzadənin yaşadığı 82 illik ömür isə hələ neçə yüzillər nəsillərə örnək olacaq.
O, 1923-cü il 14 avqustda Bakıda, milli ədəbiyyatımızın XX əsrdə yetirdiyi klassik yazıçı, görkəmli maarifçi pedaqoq, böyük insan Abdulla Şaiqin ailəsində dünyaya göz açmışdı. Atasının Mustafa Kamal Atatürkün şərəfinə adını "Kamal" qoyduğu böyük oğlu adına layiq kamalı ilə böyümüş, bir vaxtlar Xalq şairimiz Səməd Vurğunun ona bağışladığı fotosunun arxasına yazdığı "Kamalına inandığım Kamala" etimadını doğrultmuşdu. Ədəbi, elmi həyatın içində böyüyən, böyük söz ustalarının söhbətlərini dinləyən, atasının zəngin kitabxanasındakı kitabları oxuyub mənimsəyən gənc Kamal Talıbzadə erkən yaşlarında öz yaşıdlarından seçilirdi. Sözün müqəddəs tutulduğu, sənət məbədi olan Abdulla Şaiq ailəsində sənətə münasibəti, ədəbi-tənqidi görüşləri atasının dünyaya baxışının və nəzəri irsinin təsirilə formalaşırdı.
Kamal Talıbzadə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda rəhbərlik etdiyi şöbədə. 1982
Kamal Talıbzadə işığı, ziyası ilə Azərbaycan tarixində iz qoyan, milli-mədəni inkişafımızda önəmli xidmətləri olan böyük bir nəslin layiqli nümayəndəsi idi. Ulu babası Süleyman Talıbzadə dövrünün tanınmış ziyalılarından, din alimlərindən olmuş, babası Axund Mustafa Talıbzadə (Süleyman Talıbzadənin oğlu) Zaqafqaziya Şeyxülislamının müavini, Qafqaz vilayətinin baş qazisi, mükəmməl bir şəriət dərsliyinin müəllifi, dini və maarifçilik fəaliyyəti ilə dövrünün qabaqcıl simalarından biri kimi nüfuz qazanmışdı. Əmisi Axund Yusif Ziya Talıbzadə görkəmli pedaqoq, siyasətçi, dramaturq, hərbçi, Balkan müharibələrinin, Birinci Dünya müharibəsinin iştirakçısı, Osmanlı ordusunun albayı, Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 1-ci hərbi komissarı və dövrünün görkəmli ziyalılarından olmuş, Hacı Zeynalabdin Tagıyevlə, Nəriman Nərimanovla yaxın dostluq əlaqələri saxlamışdır. Yüksək dini təhsil almaqla yanaşı, dünyəvi biliklərə də mükəmməl yiyələnən Yusif Ziya türkçü, islamçı bir millətpərvər vətəndaş, publisist, tərcüməçi, maarifçi, şair, dramaturq, hərbçi və siyasi xadim kimi XX əsrin əvvəllərində məşhur bir şəxsiyyət olmuşdur. Quranın ana dilimizə ilk tərcüməsində önəmli rol oynamış, 1907-ci ildə ilk dəfə Azərbaycan dilində nəşr edilən üçcildlik Quran nüsxəsini (təfsirlə birlikdə) Osmanlı sultanı II Əbdülhəmidə hədiyyə aparmaq nüfuzlu bir ziyalı kimi ona həvalə edilmişdir. Kamal Talıbzadənin atası - adı hər bir azərbaycanlıya doğma olan Abdulla Şaiq XX əsr Azərbaycan ədəbiyyatının mühüm ədəbi şəxsiyyətlərindən biri, böyük bir ziyalılar ordusunun müəllimi, milli romantizmin görkəmli nümayəndəsi, ana dilimizdə məktəbin banilərindən biri, maarifçi ziyalı, şair, dramaturq, nasir, publisist və ictimai xadim idi.
Akademik Kamal Talıbzadənin mənsub olduğu bu şərəfli tarixə malik soy-kök zaman-zaman Azərbaycan həyatına önəmli töhfələr verib. Təfəkkürlərinin ziyasını, könüllərinin məhəbbətini, mənəvi güc və qüdrətini səfərbər edib ömürlərini bütünlükdə xalqın, millətin tərəqqisi, azadlığı, maariflənməsi işinə həsr ediblər. O, isə sələflərinin ən yaxşı keyfiyyətlərini, xarakter cizgilərini öz şəxsində birləşdirmişdi: babası Axund Mustafa Talıbzadənin müdrikliyini, humanizmini, xeyirxahlığını, əmisi Yusif Ziyanın hərbçi-siyasətçi təbiətinin ciddiliyini, qətiyyət və prinsipiallığını, əqidəsinə sədaqətini, atası Abdulla Şaiqin mülayim xarakterini, sadəliyini, təvazökarlığını, mənəvi saflığını, səmimiyyətini, insanlığını...
Gen yaddaşından gələn keyfiyyətlərlə yanaşı, böyüdüyü ailə mühiti də erkən yaşlardan Kamal Talıbzadənin milli dəyərlərlə, mənəviyyatla birbaşa bağlı olan söz sənətinə marağını artırmışdı. Onların evində böyük Səməd Vurğunun və dövrünün ən məhsuldar folklorçusu Hümmət Əlizadənin toyu gerçəkləşmiş, saysız sənət məclisləri, görkəmli sənətkarlarımızla bağlı əlamətdar şənliklər keçirilmişdi. Təbii ki, belə bir mühitdən yetərincə yararlanması sayəsində elmi istedadı hələ orta məktəb illərində özünü göstərmişdi. 6-cı sinifdə oxuyanda Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri haqqında hazırladığı məruzəni ədəbiyyat müəllimi İsmayıl Əhmədov çox bəyənmiş, onun gələcəkdə elm yolunu tutmasına ümid etmişdi.
1940-cı ildə 14 saylı (indiki 132 saylı) orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinə qəbul olunanda ona dərs deyən müəllimlərin çoxunu, Azərbaycan elmi mühitinin ən nüfuzlu söz sahiblərini - Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər və başqalarını artıq Şaiq ocağındakı sənət məclislərindən tanıyırdı. Bu klassik ədəbiyyatşünas alimlərin məktəbini keçən Kamal Talıbzadə elə tələbəlik illərində ədəbiyyatşünaslıq elminin cazibəsinə düşmüşdü.
Univeristeti bitirəndə vaxtından əvvəl diplom işi müdafiə etdyinə görə Azərbaycan KP Mərkəzi Komitəsinin rəsmi təqdimatı ilə onu Moskva Dövlət Ali Diplomatiya məktəbinə göndərmişdilər. Burada qəbul imtahanları verərək komissiyanın qərarı ilə məktəbin İran şöbəsinə daxil olsa da, atası Abdulla Şaiqin vaxtilə ailəsiylə birlikdə altı il İranda yaşaması və əmisi Axund Yusif Ziya Talıbzadənin görkəmli türkçü, islamçı olması səbəbiylə burada oxumasına icazə verilməmişdi. Kamal Talıbzadə sonralar bu haqda söz düşəndə deyirdi: "…işin belə nəticələnməsi məni gələcəkdə rus diplomatları ilə çalışmaq əzabından, xətasından xilas etdi, həyatımın başqa istiqamətdə, arzuladığım yöndə davamına səbəb oldu, yoxsa, kim bilir, başım nələr çəkəcəkdi." Böyük alimin həyatı ilə bağlı bu faktı xatırlayanda qeyri-ixtiyari düşünürsən ki, əgər həmin məqsəd baş tutsaydı, ədəbiyyatşünaslıq elmimiz neçə-neçə qiymətli tədqiqat əsərini, Kamal Talıbzadə məktəbini, onun yetişdirdiyi istedadlı elmi kadrları itirəcəkdi...
Əziz müəllimi, akademik Məmməd Arifin tövsiyəsi ilə aspiranturaya sənədlərini verib qəbul olunanda hələ universitet illərindən ədəbi cazibəsinə düşdüyü romantizmlə bağlı mövzu seçir. Məhəmməd Hadidən diplom işi, Məhəmməd Füzulidən kurs işi yazarkən Azərbaycan romantizminə sonsuz marağını kəşf edən Kamal Talıbzadə romantizm mövzusuna tədqiqatçıların ehtiyatla yanaşdıqları bir dönəmdə Abbas Səhhət haqqında dissertasiya yazır. Tədqiqatçıdan cəsarət tələb edən bir mövzuya müraciəti ilə, eləcə də "Abbas Səhhət" (1955) monoqrafiyasını nəşr etdirməklə XX əsrin 40-cı illərində elm aləmində ilk sözünü deyir. Elə ilk tədqiqatından başlayaraq ədəbiyyatşünaslığın ən çətin və həllivacib məsələlərini yerinə yetirməklə məşğul olan alimin "Abbas Səhhət" monoqrafiyası milli romantizmin və romantik sənətkarların bəraət almasında ciddi önəm kəsb edir. Romantizmin ədəbi metod kimi gözdən salındığı, onun ən görkəmli nümayəndələrinin "pantürkist", "panislamist" damğasıyla həbs olunduğu vaxtlarda ilk elmi əsərini "təhlükəli" bir mövzuda yazan tədqiqatçı Abbas Səhhət yaradıcılığını bütün parametrləri ilə araşdırmışdı. O, romantik şairin ilk elmi tərcümeyi-halını yaratmış, yaradıcı fəaliyyətini dövrün ədəbi mühiti və Azərbaycan romantizminin inkişafı kontekstində dəyərləndirmişdi. Tədqiqat əsərinə yüksək qiymət verən rəylərində Səməd Vurğun, Mehdi Hüseyn, Cəfər Xəndan gənc Kamal Talıbzadəni mövzu seçiminə, ədəbi hadisələrə ayıq və tənqidi münasibətinə, elmə məlum olmayan sənəd və faktları üzə çıxardığına, şairin çoxşaxəli yaradıcılığının bütün istiqamətlərinə toxunduğuna görə təqdir edirdilər. Əsərin ən böyük uğuru isə bütövlükdə romantik sənətə bəraət qazandırmasında idi.
Sonralar Kamal Talıbzadənin "Qorki və Azərbaycan", "XX əsr Azərbaycan tənqidi", "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyalarının, yüzlərlə məqalələrinin, məruzə və çıxışlarının yaranmasında gərgin alim zəhməti ilə yanaşı, həmin ilk ruhlandırmanın, dəyərləndirmələrin önəmli rolu vardı. Alim istedadını düzgün yönləndirən həmin elm korifeylərinin bütövlükdə yaradıcılıq yoluna önəmli təsiri sayəsində Kamal Talıbzadənin bütün tədqiqatları ədəbiyyatşünaslığımızın ən seçkin əsərləri kimi elm tarixinə daxil olmuşdur.
O, elmin hansı sahəsinə müraciət edibsə, orada təzə söz deyə bilib, ciddi bir elmi yenilik əlavə edib. Ədəbi əlaqələrdən yazmağın hakim ideologiyanın maraqlarına xidmət etdiyi, daim rus ədəbiyyatının üstün mövqeyini nəzərə çatdırmaq məqsədi güddüyü vaxtlarda Kamal Talıbzadə "Qorki və Azərbaycan" monoqrafiyasında məsələyə tamamilə fərqli prizmadan yanaşır. O, Azərbaycan mühiti və ədəbiyyatının Qorki yaradıcılığında izlərini axtarıb tapır, təkcə Qorkinin Azərbaycan ədəbiyyatına deyil, Azərbaycanın da Qorki yaradıcılığına təsir aspektlərini üzə çıxarır. Bununla da ədəbi əlaqələrin qarşılıqlı bir proses olduğunu yada salır, tədqiqatçıları bu sahəni birtərəfli izah etmək üsulundan imtina etməyə səsləyir.
Görkəmli alimin Azərbaycan tənqidinin inkişaf tarixinə həsr etdiyi əsəri "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyası isə elmi mühitdə ən böyük əks-səda doğuran əsər kimi yadda qalır. 1970-80-ci illərdə ittifaq miqyasında nüfuzlu alimlər - M.Arif, F.Qasımzadə, Ə.Şərif, Ə.Cəfəroğlu, R.Berdıbayev, U.A.Coldasbəyov, T.Kəkişev, A.Sprindis, A.X.Haytmetov, Q.S.Sultanov, M.M.Haynullin və b. tərəfindən bəyənilib təqdir edilən əsər 1986-cı ildə Dövlət mükafatına layiq görülmüşdü. Məmməd Arif hələ 60-cı illərin sonlarında əsərin ilk nəşrini - "XX əsr Azərbaycan ədəbi tənqidi" monoqrafiyasını elmi-nəzəri qənaətlərinin ciddiliyi və dəqiqliyi ilə seçilən ədəbiyyatşünaslıq nailiyyəti hesab edirdi. Əsərin yaratdığı dərin təəssüratla Kamal Talıbzadəyə məktub yazan Mirzə İbrahimov tədqiqatçını nəhəng bir əməyin səmərəli nəticəsi üçün təbrik edirdi. Mir Cəlal XX əsrin əvvəllərində ədəbi həyatın müstəqil bir sahəsinə çevrilən ədəbi tənqidin ilk tarixini yaratdığına görə onu alqışlayırdı. Türkiyəli ədəbiyyatşünas Əhməd Cəfəroğlu bu əsəri türk ədəbiyyatında hələ işlənməmiş ən mürəkkəb problemlərdən birinə həsr edildiyi üçün təqdir edirdi. Əziz Şərif Kamal Talıbzadənin ədəbi tənqidin inkişaf tarixi kimi mürəkkəb bir prosesdən bəhs edən əsərini Azərbaycan filologiyasında ilk və hələlik yeganə təşəbbüs kimi yüksək dəyərləndirirdi. Kamal Talıbzadə "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyasını yazmaqla Azərbaycan tənqidşünaslığının banisi kimi elm tarixinə adını yazdırmışdı. Əsərin günümüzdə də ali məktəblərin filologiya fakültələrində təməl dərslik kimi istifadəsi bunun bariz göstəricisidir. Milli ədəbi tənqidimizin Xətib Təbrizidən Seyid Hüseynə qədərki 900 illik geniş inkişaf tarixini yazan Kamal Talıbzadənin nə qədər mürəkkəb bir elmi vəzifəni yerinə yetirməsi keşmiş sovet məkanında böyük rezonans doğurmuşdu. Müxtəlif respublikalardan müəllifə ünvanlanan məktublarda onun bir elmi institutun yerinə yetirəcəyi vəzifəni təkbaşına həll etdiyi vurğulanırdı. Xarici ölkələrlə əlaqənin məhdud olduğu sovet dövründə onun alim şöhrətinin Şərq və Qərb ölkələrinə yayılmasında bu monoqrafiya xüsusi önəm kəsb etmişdi. İtaliya, Hindistan, Bolqarıstan, İran, Türkiyə, Gürcüstan, Latviya, Rusiya, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Tacikistan və b. ölkələrin ədəbi-elmi ictimaiyyəti Kamal Talıbzadə elmi-nəzəri irsini kifayət qədər yaxından tanıyır və yüksək qiymətləndirirdilər.
Kamal Talıbzadə çoxsaylı məqalələrində poeziya, nəsr, dramaturgiya, tənqid, yaradıcılıq metodları, ədəbi mətbuatla bağlı məsələlərə fəal tədqiqatçı münasibəti bildirib. Bu sahələrin düzgün inkişaf istiqamətini müəyyənləşdirməkdə alimin tədqiqatlarının önəmli rolu olub. Tənqidə dair yazıları isə xüsusi elmi tutuma malik olub, ədəbi-nəzəri düşüncənin müxtəlif məsələlərini əhatə edirdi. Ədəbi tənqidimizin uğur və çatışmazlıqlarını üzə çıxaran, inkişaf yönlərini müəyyənləşdirən bu məqalələr 1967-ci ildə "Tənqidimiz haqqinda qeydlər" kitabında toplanıb nəşr edilmişdi. Həmin məqalələrində ədəbi tənqidin qarşısında duran problemlərdən, tənqidin və tənqidçinin başlıca vəzifələrindən bəhs edən müəllif müasir Azərbaycan tənqidçisini belə görmək istəyirdi: "Tənqidçi nadir istedada, gözəlliyi, sənəti duya bilən estetik hisslərə, ədəbiyyatı sevən böyük bir qəlbə malik olmalıdır. Bütün bunlarla yanaşı, həqiqi tənqidçi dövrünün ən irəlidə gedən, geniş dünyagörüşə sahib bir adamı olmalı, dövrün hakim görüşlərini izah və inkişaf etdirməyi bacarmalıdır. Ancaq bu halda o, ədəbiyyata doğru istiqamət verər, tənqidi həqiqi nəzəri yüksəkliyə qaldıra bilər… Orada ki cəsarət yoxdur, orada həqiqi ədəbi tənqid də yoxdur".
O, elmdə qətiyyətlə öz sözünü deyən, düzgün hesab etdiyi mövqeyi prinsipiallıqla müdafiə edən, ədəbiyyatın, nəzəri-estetik fikrin səviyyəsini aşağı salanlara qarşı barışmazlığı ilə ən sərt mövqedə dayanan alim kimi tanınırdı. Tanıyanlar təsdiq edərlər ki, Kamal müəllimin üz cizgilərinin mülayimliyi, xarakterinin ipək həlimliyi ilə elmin mövqeyinin müdafiəsindəki sərtliyi, alim ciddiyyətindən doğan prinsipiallıq və qətiyyəti kəskin təzad təşkil edirdi. O, asan anlaşılan, adamlarla tez dil tapan insan kimi nə qədər sadə təbiətli idisə, alimə, elmə münasibətdə bir o qədər ciddi və tələbkar idi.
Kamal Talıbzadə ömrünün 66 ilini sovet imperiyasının sərt qanunlarının hökm sürdüyü illərdə yaşayıb. 82 illik ömründə iki müharibə görüb: II Dünya müharibəsi və Qarabağ müharibəsi. Birinci müharibə gətirdiyi bütün çətinliklərlə ömrünün gənclik çağına öz zərbəsini vurubsa, ikinci müharibə bitmək bilməyən ağrı-acıları ilə ahıl vaxtında qocaman alimi sarsıdıb. O, isə həyatın bütün gözlənilməz həmlələrinə, dövrün siyasi, sosial problemlərinin doğurduğu çətinliklərə baxmayaraq qələmini əlindən yerə qoymayıb. Həm sovet dövründə, həm də müstəqillik illərində elmi yaradıcılığına bir gün belə ara vermədən dəyərli əsərlər yaradıb. Yaradıcılığının 45 ili - fundamental tədqiqatlarını ərsəyə gətirdiyi ən məhsuldar illər isə sovet dövrünə təsadüf edib. Bu mürəkkəb dövrün, ictimai-siyasi gərginliyi arta-arta gedən, bu ağırlığın əsas yükü qələm sahiblərinin üzərinə düşən həmin illər haqqında ən dolğun təəssüratı da yenə Kamal müəllimin yazılarından oxuyuruq: "...Həm Stalin irticasının yaratdığı vəziyyət, həm müharibənin dəhşətləri bizim nəslə nə təhlilini adi qaydada davam etdirməyə, nə də bir millətin övladları kimi öz şüuru, öz mənlıiyi, öz münasibətləri ilə yaşamağa, yetişməyə imkan verirdi. Yeni nəslin fikrən, mənən şikəst "inkişafı" üçün hər cür şərait - məcburi köləlik, həqiqəti demək həsrəti, nəhayət, bəzən də özün anlamadığın "həqiqətləri" demək məcburiyyəti və Marksın, Leninin, Stalinin sitatları ilə düşünmək isə beyinlərimizi, mühakimələrimizi kütləşdirmiş, yaradıcı təfəkkürü bir növ öldürmüşdü. Bizim nəsil təxminən 40 il belə şəraitdə yazıb-yaratmış və əgər o, öz mənliyini, özünəməxsusluqlarını müəyyən dərəcədə qoruya bilibsə, şübhəsiz, bu onun istedadı, fədakarlığı, qorxmazlığı, vətəndaşlığı hesabına baş vermişdir."
Özünün də dönə-dönə qeyd etdiyi kimi, Kamal Talıbzadə və onun mənsub olduğu ədəbiyyatşünaslar nəsli belə bir çətin şəraitdə, əvvəl stalinizm xofunun, daha sonra dövrün ideologiyasının şüurlara təzyiq etdiyi, "ədəbiyyata dair bir-birinin ardınca çıxan və yerinə yetirilməsi məcburi olan qərarlar dövründə" yazıb yaratmış, əsərləri nəşr olunmuşdur. 1990-cı illərin əvvəllərində ikicildlik "seçilmiş əsərləri" nəşr ediləndə Kamal Talıbzadə ilk cildə yazdığı müəllif sözündə bütün bu həqiqətləri böyük təəssüflə xatırlayırdı. Alim özünün 45 illik yaradıcılıq məhsulunu, ömrünü verdiyi əsərlərini müstəqillik illərinin oxucusuna təqdim etməkdə çətinlik çəkirdi. Lakin çağdaş oxucu bu əsərlərin konkret bir dövrün, özü də yazıçı və tənqidçilərin, ədəbiyyatşünasların amansız siyasi təqiblərlə üzləşdiyi bir zaman kəsiyinin məhsulu olduğunu göz önündə canladırdığında Kamal Talıbzadənin həmin illərdə ən az səhvə yol verən alim olduğunu aydın şəkildə müşahidə edəcəkdir. O, ən az səhv edən və ən az tənqid olunan ədəbiyyatşünas idi, bunun başlıca səbəbi isə ondadır ki, Kamal Talıbzadə sosializm diqtəsinin bir an belə səngimədiyi illərdə də milli zəmindən qopmamış, əsərlərində milli təfəkkürün formalaşması prosesində önəmli xidmətləri olmuş M.F.Axundovdan, Sabirdən, Cəlil Məmmədquluzadədən, Hadidən, Səhhətdən, Şaiqdən... yazmışdı.
Hələ sağlığında haqqında üç fundamental monoqrafiya və yüzlərlə məqalə yazılıb nəşr edilən Kamal Talıbzadəni klassik ədəbiyyatşünaslar nəslinin "sonuncu mogikanı", "elmin patriarxı" hesab edirdilər. Böyük alim və şəxsiyyətin insanlığı, müqayisəyəgəlməz kübarlığı orijinal elmi təfəkkürü və yaradıcı istedadı ilə vəhdət təşkil edirdi. Mənsub olduğu soy-kökün genetik yaddaşından ruhuna hopan sadə təbiəti, təvazökarlığı, yüksək ziyalı etikası, dürüstlüyü, son dərəcə mehribanlığı və insansevərliyi onu hamının doğmasına çevirmişdi. "Torpağın bağrını incitməmək üçün ehmalca yeriyən" (Himalay Qasımlı), adamları yormamaqdan ötrü çox sakit səs tonuyla, aramla danışan, insanlara rütbəsinə, titul və adlarına görə deyil, istedadına, ləyaqətinə, qabiliyyət və bacarığına, bütövlükdə mənəvi keyfiyyətlərinə görə dəyər verən Kamal Talıbzadə bütün parametrləri ilə klassik ziyalılığın örnəyi idi.
2006-cı ilin 20 yanvarında dünyasını dəyişən alim milli tariximiz, elmi-mədəni həyatımız üçün zəngin bir irs qoyub getdi. Elm yolunda fədakarlığı ilə ömrünü millətinin ömrünə qatan alimin ruhu vətən üçün canlarını fəda etmiş 20 Yanvar şəhidlərinin ruhlaru ilə eyni yüksəklikdə birləşdi. Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyündədirsə, insanın ölməzliyi də özündən sonra vətən üçün miras qoyduğu böyük və faydalı işlərdədir. Kamal Talıbzadə Vətən ilə ruhən rabitəsi olan, izahedilməz millət sevgisi ilə yaşayan bir ziyalı-vətəndaş kimi 82 illik şərəfli bir həyat yolu keçdi, vəfat etdiyi günə qədər yeni elmi əsərlər üzərində işlədi. Masasının üstündə qalan sonuncu işin - əsas müəlliflərindən və Baş Redaksiya Şurasının üzvlərindən olduğu 6 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin səhifələri onun son nəfəsinədək elmimizin ən məsuliyyətli vəzifələrinin həllində canıyananlıqla iştirak etdiyini təsdiqləyir. Elmimizin şöhrətini çox-çox uzaqlara aparan Şöhrət ordenli alimin, Əməkdar incəsənət xadiminin bu örnək həyatının böyük Azərbaycan sevgisi ilə süslənən hər bir səhifəsi daim elmimizin, mədəniyyətimizin gələcəyinə işıq tutacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!