ELÇİN
Kamal Talıbzadə mənim yaradıcı həyatımda xüsusi yeri olan bir şəxsdir və indi həmişəlik bir keçmişdə qalmış gözəl 1965-ci ildə (o gözəllikdən o zaman mənim özümün xəbərim yox idi) universiteti bitirib, Elmi Şuranın qərarı ilə aspiranturaya məsləhət görüldüm və ədəbiyyat nəzəriyyəsi üzrə o zamankı Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil oldum. İnstitutun direktoru milli filologiyamızın ən görkəmli nümayəndələrindən biri, akademik Məmmədağa Şirəliyev (hamı ona "professor" deyirdi, "professor" deyən kimi, hamı bilirdi ki, söhbət bir o qədər professorun arasında məhz Məmmədağa müəllimdən gedir), müavini isə Kamal Talıbzadə idi və indi fikirləşirəm ki, o zaman Kamal Talıbzadənin 41-42 yaşı var idi, yəni bugünkü "gənc yazıçı"ların, "gənc tənqidçi"lərin yaşıdı idi, amma o gəncliyə baxmayaraq, Kamal müəllim ədəbi mühitdə nüfuz sahibi idi, hətta deyərdim ki, bizim kimi cavan əhli-qələm üçün ağsaqqal idi. Bu nüfuzun, bu ağsaqqallıq səlahiyyətinin arxasında, aydın məsələdir, Kamal Talıbzadənin əsərləri, ilk növbədə isə, "XX əsr Azərbaycan ədəbi tənqidi" monoqrafiyası dayanırdı, yəni o bu nüfuzu və səlahiyyəti Abdulla Şaiqin oğlu olmağıyla, yaxud da böyük bir institutun direktor müavini olmağıyla yox, yalnız ağır təbiətli, təmkinli və xeyirxah şəxsiyyəti ilə də yox, qələmiylə qazanmışdı.
Mən "Müasir Avropa dramaturgiyasında şərtilik" mövzusunda namizədlik dissertasiyası yazmaq istəyirdim və bu istəyin bir səbəbi Sartr, Anuy, A.Miller, Dürrenmatt, Fermo, Karvaş, Olbi, Veys Ustinov, De Filippo kimi məşhur (və dəbdə olan! - gənclik ilə dəb də ki, əkizdir!) dramaturqları, İonesko, Bekket və Adamovun "absurd teatrı"na çox aludə olmağım, ümumiyyətlə, XX əsr Avropa dramaturgiyasını (O.Nildən, Pirandellodan, Şoudan, O.Keysidən, Brextdən tutmuş, yuxarıda adını çəkdiyim o dramaturqlaracan) yaxşı mütaliə etməyim idisə, o biri səbəbi də, nə gizlədim, bir gənclik təkəbbürü ilə milli ədəbiyyatımıza yuxarıdan aşağı baxmaq, hələ bu ədəbiyyatı - milli ədəbiyyatı - layiqincə (yəni dərindən!) hiss edə və ona görə də qiymətləndirə bilməməyim idi.
Kamal Talıbzadə:
- Bilirsən, nə var? Yaxşı mövzu seçmisən. Bunu gələcəkdə mütləq yazarsan. - dedi və mənim üçün tamam gözlənilməz bir təklif etdi: - Ancaq, gəl, indi tənqiddən bir mövzü götür. Tənqidin buna ehtiyacı var. Aradan düz 41 il (!) keçib, amma onun o zaman dediyi, bir az da pafoslu o sözlər - "Tənqidin buna ehtiyacı var" - indiyə qədər mənim fikrimdə qalıb və elə bu başdan deyim ki, mənim nəinki "tənqidin tənqidi" ilə məşğul olmağımda, ümumiyyətlə ədəbi tənqidə gəlməyimdə Kamal Talıbzadənin rolu böyük olub. Və çox çək-çevirdən, götür-qoydan, tərəddüdlərdən sonra mən "Azərbaycan nəsri ədəbi tənqiddə" (bu konkret mövzu da Kamal Talıbzadənin təklifi idi) mövzusunda dissertasiya yazmaq qərarına gəldim və günlərimi Bakıda M.F.Axundov adına, Moskvada Lenin adına kitabxanalarda keçirərək, iki ildən sonra 430 səhifəlik (normativ isə 250 səhifəyə qədər idi) bir iş yazdım, amma o işi müzakirələrdən keçirmək, müdafiəyə qədərki mərhələni dəf etmək xeyli müşkül bir əhvalata çevrildi. Məsələ burasında idi ki, tənqid mövzusunda yazdığım bu işin əsası tənqidin tənqidi üzərində qurulmuşdu, tənqidin tənqidi isə çox zaman bilavasitə bədii ədəbiyyatın tənqidi demək idi və bu, o deyilən söz idi ki, o dövrün bir çox ədəbiyyat və tənqid "generalları" əsərdə kəskin tənqid edilirdi, onların isə çoxu elə bu əsərin - dissertasiyanın müzakirə olunduğu qurumların üzvləri və rəhbəri idi.
Bu azmış kimi, mən faktiki olaraq, gəmidə oturub, gəmiçi ilə dava edirdim: o əsərdəki əsas tənqid obyekti "müsbət qəhrəman" hərisliyi və vulqar sosiologizm idi, vulqar sosiologizm və "müsbət qəhrəman" hərisliyi isə, öz növbəsində, sosializm realizmi ədəbi metodunun mühüm sütunlarından biri, əslində, birincisi idi.
Uzun sözün qısası, 1968-ci ilin əvvəllərində bitirib, təqdim etdiyim dissertasiyanı, nəhayət ki, 1970-ci ilin fevralında müdafiə etdim. Elmi rəhbərim Mir Cəlal müəllim, opponentlərim isə Mirzəağa Quluzadə və Mehdi Məmmədov idi və bu gözəl insanlarla bərabər, o dissertasiyanın müdafiəsində mənim ən aktiv təəssübkeşlərimdən biri də Kamal Talıbzadə idi.
Orasını da qeyd edim ki, həmin 20 fevral qış günü o müdafiə zamanı məni istəyən və istəməyən ədəbiyyat, elm adamları ilə bərabər, bilavasitə institutda işləyən, aspirant olan dostlarla bahəm, "kənardan" müdafiəyə gəlmiş dostlar - Yusif Səmədoğlu, Anar da zalda idilər və indiyə qədər bu hissiyyat yaddaşımda qalıb ki, Kamal Talıbzadə o müdafiəyə yalnız Elçinin yox, ümumiyyətlə, üzdə olan ədəbi gəncliyin tənqidə gəlişi (hörməti!) kimi baxırdı və tənqidə görə açıq-aşkar qürurlanırdı.
O da heç vaxt yadımdan çıxmayacaq ki, rəhmətlik Abbas Zamanov müdafiə zamanı çıxış edib, məsələ qaldırdı ki, bu dissertasiyaya görə birbaşa doktorluq adı verilsin və bu təklifi də cani-dildən dəstəkləyənlərdən biri yenə Kamal Talıbzadə oldu, müdafiədən sonra bir-neçə gün bu məsələ ilə bağlı ora-bura zəng elədi, sidq ürəkdən çalışdı, amma bir şey çıxmadı, ədəbi "generalların" və obıvatel psixologiyasının səddini dəf etmək olmadı.
Bir hadisə də yadıma düşür və mən bunu əvvəllər də hardasa yazmışam: o zaman müdafiənin stenoqramından tutmuş, avtoreferatınacan bütün sənədləri rus dilinə tərcümə edilib, təsdiq üçün Moskvaya, Ümumittifaq Attestasiya Komissiyasına göndərilirdi və mən sənədləri göndərəndən sonra, elə həmin günlərdə Moskvaya böyük bir anonimka göndərmişdilər və məğzi də bundan ibarət idi ki, Elçinin dissertasiyasını özü yox, İlyas Əfəndiyev yazıb. Bu anonimka barədə Moskvada yaşayan görkəmli şərqşünas alim, professor Qəzənfər Əliyev Kamal Talıbzadəyə xəbər vermişdi və Kamal müəllimin - həmişə sakit, mülayim, dediyim kimi, təmkinini saxlayan bu adamın o zaman necə hiddətlənməsi də indiyə qədər mənim gözlərimin qabağındadı.
Rəhmətlik İlyas Əfəndiyev isə özünə xas olan bir şuxluqla gülə-gülə demişdi:
- Mənim dissertasiya yazmağa hövsələm çatsaydı, indiyəcən birini də özümçün yazardım də!.
Sonralar o dissertasiya əsasında işlədiyim "Tənqid və nəsr" monoqrafiyası Azərbaycan dilində də, rus dilində də dəfələrlə nəşr olundu və 1981-ci ildə çap edilmiş "Tənqid və ədəbiyyatımızın problemləri" kitabıma da o monoqrafiyanı daxil etmişdim. Kitabın elmi redaktoru və Ön sözün müəllifi Kamal Talıbzadə idi və o, "Tənqid və nəsr" monoqrafiyası haqqında yazırdı:
"Elçinin "Tənqid və nəsr" monoqrafiyası günün estetik tələbləri mövqeyindən yazılmış konseptual bir əsərdir. Burada müasir nəsr ayrı-ayrı problemlər əsasında təhlil olunur, tənqid və onun vəziyyəti bu aspektdə nəzərdən keçirilir, müəllif tənqidin qarşısında duran vəzifələrlə ədəbi mühit arasındakı əlaqələri araşdırır, hər məsələyə öz münasibətini açıq şəkildə bildirməkdən çəkinmir. Nasir Elçinlə tənqidçi Elçin burada da birləşir, mühakimə və müşahidələr ayrı-ayrı ədəbi problemlərin əsasında şərh olunaraq, etibarlı estetik zəmin qazanır, elə bir zəmin ki, xarakter, forma və məzmun, yazıçı mövqeyi, aktuallıq və müasirlik, bədii dil problemlərinin düzgün elmi tədqiqini təmin edir" (Bakı, "Yazıçı", səh.7-8).
Və mən aradan bu qədər illər keçdikdən sonra, tam səmimiyyətlə deyirəm: hərgah, doğrudan da belədirsə, bunda Kamal Talıbzadənin çox ciddi mənəvi rolu olub.
***
Kamal Talıbzadənin qələmi - ustad qələmi idi və bu yerdə "qələm" məfhumunu mən istedad, düşünmək bacarığı, zəhmətkeşlik və professionallıq toplusu kimi qəbul edir və işlədirəm. Onun klassik və müasir ədəbiyyatın problemləri ilə bağlı bir sıra yüksək elmi-nəzəri səviyyəli məqalələri var, o, "Abbas Səhhət", "M.Qorki və Azərbaycan ədəbiyyatı" kimi monoqrafiyaların müəllifidir, amma bütün bunlarla bərabər, Kamal Talıbzadə bir ədəbiyyatşünas alim kimi, ilk növbədə, Azərbaycan tənqidinin tədqiqatçısıdır və o, mənim fikrimcə, Azərbaycan ədəbiyyatşünaslığında ayrıca bir məktəb - milli tənqidşünaslıq məktəbi yaratmışdır.
Kamal Talıbzadənin 1966-cı ildə nəşr etdirdiyi "XX əsr Azərbaycan ədəbi tənqidi" monoqrafiyası bizim ədəbiyyatşünaslıqda ən mükəmməl elmi əsərlərdən biri olmaqla bərabər, tamamilə yeni bir elmi istiqamətin - dediyim həmin tənqidşünaslıq məktəbinin təməlini qoymuşdur.
Azərbaycan ədəbi tənqidinin keçmişi haqqında da, müasir vəziyyəti haqqında da Kamal Talıbzadədən əvvəllər də yazmışdılar: Məmməd Arifin, Məmməd Cəfər Cəfərovun, Mikayıl Rəfilinin, Cəfər Cəfərovun, Əziz Mirəhmədovun və başqalarının bu mövzuda həm məxsusi yazıları, həm də ayrı-ayrı mövzular daxilində fikir və mülahizələri az deyildi, amma bu mövzunun sistemli şəkildə öyrənilməsi, tədqiqi bilavasitə Kamal Talıbzadənin adı ilə bağlıdır.
Məhz "XX əsr Azərbaycan ədəbi tənqidi" monoqrafiyasından sonra bizim milli tənqidimiz ədəbiyyatşünaslığın birbaşa tədqiqat predmetinə çevrildi və ondan sonra bu mövzuda yazılan əsərlərin bir çoxunun meydana çıxmasında Kamal Talıbzadə elmi rəhbər, redaktor, məsləhətçi, opponent kimi iştirak etmişdir. Onun "Tənqidimiz haqqında qeydlər" (1967, "Ədəbi irs və varislər" (1974), "Sənətkarın şəxsiyyəti" (1978) kimi kitabları tənqidşünaslıq məktəbinin formalaşmasında ciddi rol oynadı, o, "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası üzərindəki yaradıcı işini davam etdirərək, tənqidimizin qədim dövrlərdəki ilkin mərhələlərini də tədqiqata cəlb etdi və 1984-cü ildə fundamental "Azərbaycan ədəbi tənqidinin tarixi"ni nəşr etdirdi.
Mirzə Fətəli Axundova qədərki dövrdə Xətib Təbrizinin (XI əsr) "Əl-kafi fi elmey əl-əruz vəl qəvafi"sindən tutmuş Əhdi Bağdadinin (XVI əsr) məşhur "Gülşənüşşüara" əsərinəcən, Sam Mirzənin (XVT), Sadıq bəy Əfşarın, Lütfəli bəy Azərin (XVIII əsr) təzkirələrinəcən, Lətifinin, Həsən Çələbinin, Aşıq Çələbinin elmi-nəzəri fikirlərinəcən tənqid tariximizin sistemli təhlili Kamal Talıbzadənin adı ilə bağlıdır.
Mirzə Fətəlinin "kritika"sı barədə Kamal Talıbzadəyə qədər az yazılmamışdı, Mikayıl Rəfilinin monoqrafiyasından tutmuş, XIX əsr ədəbiyyatımızı tədqiq edən alimlərimizin əsərlərinəcən, Axundovdan bəhs edəndə ya ötəri, ya da nisbətən müfəssəl onun tənqidi və tənqidə münasibəti barədə danışılırdı, amma məhz Kamal Talıbzadə Azərbaycan tənqid tarixinin Axundovun adı ilə bağlı bu müəyyənedici mərhələsinin elmi konsepsiyasını işlədi, sırf ədəbi tənqid estetikası baxımından həmin mərhələnin rolunu müəyyənləşdirdi. Daha sonrakı dövr Azərbaycan tənqidinin Abdulla Sur, yaxud Kazımoğlu (Seyid Hüseyn) kimi az tanınan nümayəndələri haqqında ilk məlumatları mən Kamal Talıbzadənin əsərlərindən almışam və elə onun köməyi ilə də həmin qism tənqidçiləri mütaliə edə bilmişəm. Bizim Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə kimi fikir adamlarımızın tənqidçilik fəaliyyəti və nəzəri-estetik görüşləri haqqında yazılan əsərlər, söylənən fikir və mülahizələr arasında Kamal Talıbzadənin də sözü ədəbiyyatşünaslığımızda sanballı çəkiyə malikdir və 20-30-cu illərin Əli Nazim, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Mustafa Quliyev, Əmin Abid, Vəli Xuluflu, Atababa Musaxanlı, Məmməd Kazım Ələkbərli və başqaları kimi qələm sahiblərinin ədəbi-tənqidi irsinin üzə çıxarılmasında və öyrənilməsində də Kamal müəllimin xidmətləri çoxdur. Bir əlamətdar cəhəti də qeyd etmək istəyirəm ki, Kamal Talıbzadə klassik ədəbi tənqidi tədqiq etdiyi kimi, cari ədəbi prosesin, yəni müasir tənqidin də tənqidçisi idi və bu mənada onun qoyub getdiyi ədəbi irsdə Azərbaycan tənqidi kompleks şəklində, bütöv bir orqanizm kimi təqdim olunur ki, bu da mövzunun elmi ehtivasında tamlıq yaradır.
Bütün bu dediklərimə orasını da mütləq əlavə etmək lazımdır ki, Azərbaycan ədəbi tənqidinin "60-cı illər nəsli" də öz qələmləri ilə özlərini ifadə edərkən, bir çox hallarda Kamal Talıbzadənin dəstəyinə arxalanıblar və onların Azərbaycan ictimai fikrində özlərini təsdiq etməsində Kamal Talıbzadənin rolu az olmamışdır. Onun Yaşar Qarayev, yaxud Şamil Salmanov kimi tənqidçilərə, ədəbiyyatşünas-alimlərə göstərdiyi xeyirxahlıq mənim gözlərimin qabağında olub və bu yerdə mən, deyəsən, yenə xatirələrə varmalı olacağam.
***
Mən yuxarıda dedim ki, Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktor akademik Məmmədağa Şirəliyev, müavin isə Kamal Talıbzadə idi və professor (yəni Məmmədağa müəllim) dilçi olduğu üçün, ədəbiyyat məsələləri ilə əsasən, o məşğul olurdu. Bir neçə ildən sonra isə İnstitut iki hissəyə ayrıldı - ədəbiyyat və dil - və Nizami adına Ədəbiyyat İnstitutunun direktoru görkəmli ədəbiyyatşünas, professor Mirzəağa Quluzadə, müavini isə yenə də Kamal müəllim oldu və mənim həyatımın aspirantlıqdan baş elmi işçiyə qədərki 10 illik bir hissəsi (1965-dən 1975-ə kimi) Kamal müəllimlə birgə əməkdaşlıqda keçdi. Bu gün, aradan 30 ildən artıq bir vaxt keçdikdən sonra da mən həyatımın o dövrünü ən işıqlı xatirələrlə yad edirəm və bu xatirələrin həmin işığında Kamal Talıbzadənin çox görümlü bir yeri var.
Mən Gülrux Əlibəyova, Yaşar Qarayev, Şamil Salmanov, bir az sonra da Vəli Osmanlı ilə birlikdə Məmməd Cəfər müəllimin rəhbərlik etdiyi ədəbiyyat nəzəriyyəsi şöbəsində (bu, şöbənin rəsmi adı idi, qeyri-rəsmi isə: Məmməd Cəfər müəllimin şöbəsi!) işləyirdim və institutda bizim şöbəyə ən məhrəm iki-üç nəfər vardısa, onlardan biri, sözsüz ki, Kamal müəllim idi. Mən indicə "əməkdaşlıq" sözünü işlətdim, amma əslində, bu, elmi əməkdaşlıq yox, əgər belə demək mümkündürsə, elmi dostluq illəri idi, çünki Məmməd Cəfər müəllim başda olmaqla, Kamal müəllimi də, bizi - yeni ədəbi nəsli də bir tərəfdən ədəbi prinsiplər, bədii-estetik zövq yaxınlığı, əsrin əvvəllərindən gələn (Azərbaycan ədəbi-ictimai mühitinin Mirzə Cəlil və Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski və Hüseyn Cavid, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev, Əhməd Cavad və Abdulla Şaiq dövründən gələn!) ziyalılıq ənənələrinə hörmət və məhəbbət birləşdirirdisə, o biri tərəfdən də sırf insani münasibətlər bu "elmi dostluq"da öz istiqanlı işini görürdü.
Yaşar Qarayev kimi böyük tənqidçi və ədəbiyyatşünasın yetişməsində, yaxud Şamil Salmanovun 20-30-cu illər ədəbi prosesini çox effektli şəkildə tədqiq etməsində Kamal Talıbzadənin havadarlığı, xeyirxah münasibəti, məsləhətləri az rol oynamayıb və bu havadarlıq, isti münasibət, dediyim kimi, eyni zamanda, insani yaxınlığı da ifadə edirdi.
Mən bu cümlələri yazarkən yalnız elmi müşavirələri, müzakirələri, müdafiələri xatırlamıram, gözəl şam məclisləri, heç vəchlə həddini aşmayan duzlu zarafatlar, həyati "dərdləşmələr" də yaş, elmi dərəcə, vəzifə fərqlərinə baxmayaraq, bizim Nizami İnstitutundakı münasibətlərimizin tərkib hissəsi idi və hərgah bu münasibətləri bircə sözlə səciyyələndirmək lazım gəlsəydi, o söz - səmimiyyətdir, elmdə də səmimiyyət, şəxsi münasibətlərdə də səmimiyyət.
Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığımızın, ədəbi tənqidin keçən əsrin ikinci yarısında, xüsusən 60-70-80-ci illərdəki inkişafında, yeni-yeni bədii-estetik və elmi-nəzəri keyfiyyətlərin üzə çıxmasında Nizami adına Ədəbiyyat İnstitutunun o illərdəki fəaliyyətinin, oradakı aurası müsbət emosiyalardan ibarət aktiv yaradıcı atmosferin rolu, mənim üçün, tamam şəksiz və qeydsiz-şərtsizdir. Həmin fəaliyyəti istiqamətləndirən, həmin atmosferi yaradan ədəbi simaların arasında da ən effektli iş görən, ən aktiv çalışan qələm və fikir adamlarından biri də, heç şübhəsiz ki, Kamal Talıbzadə idi.
Bu gün Məmməd Cəfər müəllim haqq dünyasındadı, Yaşar Qarayev vaxtsız vəfat etdi, Kamal müəllim 80 illiyindən bir az sonra rəhmətə getdi, lap bu günlərdə Şamil Salmanovu itirdik...
İllər keçir (özü də necə illər!) və olsun ki, Nizami İnstitutunun daha gözəl günləri hələ irəlidədir, orada daha gözəl bir atmosfer yaranacaq, işçiləri daha sanballı əsərlər yazacaqlar, bir-biriləri ilə daha artıq dostluq münasibətlərində olacaqlar, amma o institutun o günləri ki, mən haqqında danışdım, bir də heç zaman təkrar olunmayacaq.
Bu, əlbəttə, həyatın gedişat qanunauyğunluğudur.
Amma çox da təsirlidir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!