Kamal Talıbzadə - 100: Ədəbi-tənqidi fikrin patriarxı - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

 

Azərbaycan ədəbiyyatşünaslıq elminin tarixində xüsusi mərhələ təşkil edən XX əsrin altmış-səksəninci illərində bir neçə istiqamət üzrə elmi məktəblər formalaşmışdır. Görkəmli elm xadimləri, akademik Məmməd Arif Dadaşzadə müasir Azərbaycan ədəbiyyatı, akademik Məmməd Cəfər Cəfərov ədəbiyyat nəzəriyyəsi, akademik Həmid Araslı Azərbaycan klassik ədəbiyyatı, akademik Feyzulla Qasımzadə ədəbiyyat tarixçiliyi, müxbir üzv Yaşar Qarayev realizm, professor Məmmədhüseyn Təhmasib folklorşünaslıq elmi məktəblərini yaratmışlar. Ədəbiyyatşünaslıq elminin xüsusi bir istiqaməti olan ədəbi tənqid sahəsinin elmi məktəb səviyyəsinə yüksəldilməsi akademik Kamal Talıbzadənin adı ilə üzvi surətdə əlaqədardır. Görkəmli alimin həyat və fəaliyyətinin altmış ilə yaxın bir dövrü Azərbaycan tənqid və ədəbiyyatşünaslıq elminin inkişaf etdirilməsinə həsr edilmişdir. Azərbaycan ədəbiyyatşünaslıq elmində tənqid tarixi və ədəbi tənqid istiqamətinin təkamülü və inkişaf prosesləri Kamal Talıbzadənin elmi tərcümeyi-halının əsas hissəsini təşkil edir. Universal dünyagörüşə və çoxcəhətli elmi fəaliyyətə malik olan Kamal Talıbzadə ədəbiyyatşünaslıq elminin bir neçə aparıcı istiqaməti üzrə: ədəbiyyat tarixçiliyi, müqayisəli ədəbiyyatşünaslıq və müasir ədəbiyyatın tədqiqi sahələrində səmərəli fəaliyyət göstərsə də, özünü daha çox tənqid tarixi və ədəbi tənqiddə tapmışdır. Görkəmli elm xadimi, akademik Kamal Talıbzadənin tənqid tarixi və ədəbi tənqidə həsr olunmuş tədqiqatları onun çoxillik elmi tədqiqatlarının əsas aparıcı hissəsini təşkil edir. Kamal müəllimin tənqid tarixinə və ədəbi tənqidə həsr olunmuş sanballı monoqrafik tədqiqatları geniş mənada Azərbaycan tənqid və ədəbiyyatşünaslıq elminin şah əsərlərindəndir. Akademik Kamal Talıbzadənin "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası ədəbiyyatşünaslıq elminin ədəbi tənqid sahəsində ən mühüm elmi nəticəsidir. Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə və əsaslı şəkildə akademik Kamal Talıbzadə ədəbi tənqidin tarixini bütün mahiyyəti, axınları və miqyası etibarilə monoqrafik şəkildə tədqiq edib elmi ictimaiyyətə çatdırmışdır. Monoqrafiyada "XX əsr Azərbaycan tənqidi" təqdim edilsə də, Kamal Talıbzadə "Azərbaycan ədəbi tənqidinin tarixi kökləri" adlandırdığı birinci bölmədə tənqid tariximizin hələ qədim dövr və orta əsrlərdən etibarən formalaşmağa başladığı tezisini irəli sürmüş və mülahizələrini əsaslandırmaq üçün kifayət qədər tutarlı faktlar göstərmişdir. Kamal müəllim sonralar bu bölməni inkişaf etdirərək, Azərbaycan ədəbi tənqidinin möhkəm təməllər üzərində formalaşması mülahizəsini daha da möhkəmləndirmişdir. O, Xətib Təbrizi, Əbülhəsən Bəhmənyar, Həsən Rami Təbrizi, Vahid Təbrizi, Sadıq bəy Əfşar, Məhəmməd Rəfi Dost, Mirzə Əbutalıb Təbrizi, Lütfəli bəy Azər, Abbasqulu ağa Bakıxanov və başqalarının elmi əsərlərindəki ədəbi tənqid materiallarını üzə çıxarıb təhlil etmiş, orta əsr salnamə və cünglərindən ədəbi tənqidin əsas mənbələrindən, mühüm qaynaqlarından biri kimi söz açmışdır. Kamal müəllim, həmçinin Azərbaycan professional ədəbi tənqidin atası Mirzə Fətəli Axundzadənin tənqidşünaslıq görüşlərinə də yenidən qayıtmış, ədibin ədəbi tənqid sahəsindəki fəaliyyətinin tam elmi mənzərəsini yaratmışdır.

Akademik Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslıq elmində ilk dəfə olaraq ədəbi tənqidin nəzəri əsaslarını müəyyən etmişdir. "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası ədəbiyyatşünaslıq elmimizdə ədəbi tənqidin ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat tarixi ilə əlaqəli şəkildə tədqiqinə həsr edilmiş sanballı monoqrafik tədqiqatdır. Məlum olduğu kimi, bizdə ədəbi tənqidin nəzəriyyəsini ilk dəfə olaraq Mirzə Fətəli Axundzadə yaratmışdır. Artıq ədəbiyyatşünaslıq elmi bu qənaətə gəlmişdir ki, Mirzə Fətəli Axundzadə ədəbi prosesi, yaxud ayrılıqda bir yazıçının yaradıcılığını və ya konkret bir əsərini təhlil edərkən fikirlərini daha dərindən əsaslandırmaq üçün ədəbiyyat nəzəriyyəsinin müddəalarına müraciət etmişdir. Beləliklə, Mirzə Fətəli Axundzadənin "Kritika", "Tənqid risaləsi", "Nəzm və nəsr" məqalələri mühüm ədəbi tənqid hadisəsi olmaqla bərabər, həm də tənqid nəzəriyyəsi faktıdır. Akademik Kamal Talıbzadə Mirzə Fətəli Axundzadənin tənqidçilik fəaliyyətinin nümunəsində ədəbiyyat sferasında müşahidə olunan bu meyli ədəbiyyatşünaslıq elminə gətirmiş və daha da inkişaf etdirmişdir. O, tənqid tarixi ilə tənqidşünaslıq elminin, tənqid nəzəriyyəsinin sistemini yaratmış, möhkəm elmi əsaslarını formalaşdırmışdır. Kamal Talıbzadənin tənqid tarixinə dair elmi mülahizələri onun tənqid nəzəriyyəsinə dair fikirləridir və ya ustad tənqidşünasın tənqid konsepsiyası ədəbi tənqidin tarixi ilə nəzəriyyəsini vəhdətdə təqdim etmək təlimidir. Kamal müəllimin tənqid tarixi anlayışı alimin ədəbiyyat tarixi baxışlarının məcmusundan ibarətdir. Bu mənada Kamal Talıbzadənin XX əsrin əvvəllərində "ədəbiyyatın ələyi" formatında qiymətləndirilən Azərbaycan ədəbi tənqidinə dair mülahizələri həm də "tənqid nədir" sualına verilmiş nəzəri qənaətləri də əhatə edir.

Kamal Talıbzadə XX əsrin əvvəllərində ədəbi tənqid faktlarından çıxış edərək tənqidin bədii əsərlər haqqında təəssürat deyil, "safı çürükdən ayırmaq, xalisi qəlpdən seçmək" elmi olduğunu diqqətə çatdırmışdır. Akademik Kamal Talıbzadənin ədəbi tənqidin elmiliyi haqqındakı fikirləri ədəbi tənqidi ədəbi fikrin mətbuatdakı publisist təəssüratlarından, yazıçı sözündən ayırmağa xidmət edir. Akademik Kamal Talıbzadənin ədəbi tənqidin elmiliyi haqqındakı fikirləri böyük tənqid ustadı Vissarion Belinskinin tənqidi "dövrün düşüncəsi" hesab etməsi qənaətinin Azərbaycan ədəbiyyatşünaslıq elmindəki analoji nəzəri təsnifatıdır. "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasının əsasını təşkil edən "Azərbaycan ədəbi tənqidinin əsas cərəyanları" fəsli dövrün ədəbi tənqidinin nəzəriyyəsindən ibarətdir. Bunlar XX əsrin əvvəlləri Azərbaycan ədəbi tənqidinin metodu, üslubları, ictimai vəzifəsi və problemləri haqqında obyektiv elmi qənaətlər əsasında yazılmış mükəmməl tədqiqatlardır. Kamal Talıbzadənin "demokratik tənqid" adlandırdığı ədəbi-tənqidi irs geniş mənada Azərbaycan ədəbi tənqidinin əsas axınlarını özündə əks etdirən tənqid doktrinasıdır. XX əsrin əvvəllərində yaşayıb-yaratmış yazıçı və tənqidçilərin ədəbi-tənqidi və nəzəri görüşləri əsasında formalaşdırılmış demokratik tənqid təlimi Azərbaycan tənqid tarixinin bu dövrünün sistemli elmi təqdimatının ümumiləşdirilmiş ifadəsidir. Əslində Kamal Talıbzadənin doktorluq dissertasiyası kimi yazılmış "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası üçün "demokratik tənqid" adlandırılan ədəbi tənqidin elmi tədqiqi kifayət etsə də və keçən yüzilliyin altmışıncı illəri üçün məqbul sayılsa da, tədqiqatçı dövrü bütün reallıqları ilə təqdim etmək üçün həmin tarixi mərhələnin ideologiyasına uyğun olaraq tam mənzərəni yaratmaq üçün "Marksist tənqid" və "Burjua tənqidi" bölmələrini də əsərə daxil etməli olmuşdur. Kamal Talıbzadənin XX əsrin əvvəlləri dövrü mətbuatından aşkara çıxarıb tədqiqata cəlb etdiyi materialların əksəriyyəti Azərbaycan ədəbiyyatşünaslığında ilk dəfə elmi dövriyyəyə gətirilmiş qiymətli mənbələrdir. Aşkar hiss olunur ki, onun məqsədi nə "marksist tənqid"çiləri mədh etmək, nə də "burjua tənqidi"ni təmsil edənləri "ifşa etmək" deyildir. Kamal Talıbzadə o zaman adlarının çəkilməsi qadağan olunmuş Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu haqqında geniş məlumat vermiş, elmi ictimaiyyəti bu görkəmli ziyalıların həyatı və çoxcəhətli fəaliyyəti ilə əsaslı şəkildə tanış etmək missiyasını məharətlə həyata keçirmişdir. Kamal Talıbzadəyə qədərki tədqiqatlarda Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu daha çox birtərəfli qaydada dəlil-sübutsuz tənqid atəşinə tutulurdu. Kamal Talıbzadə isə bu görkəmli Azərbaycan ziyalılarının həyatı və çoxcəhətli fəaliyyəti haqqında zəruri məlumatları ictimaiyyətə çatdırmaq üçün onların baxışlarındakı mütərəqqi cəhətlərdən də söz açmaq şərti ilə bəzi "mürtəce" fikirlərinə dair məlumatları da nəzərə çatdırmışdır. Bu, XX əsrin əvvəllərində elmdə "burjua tənqidi"nin nümayəndələri ətrafında müsbət söz deməyin Kamal Talıbzadə nümunəsi idi. Bundan başqa, "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasındakı araşdırmalardan onun müəllifinin "burjua tənqidi" adlandırmağa məcbur olduğu Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun şəxsiyyətləri və yaradıcılıqlarına rəğbət bəslədiyi də görünməkdədir. Buradan haqlı olaraq belə nəticə çıxarmaq mümkündür ki, Kamal Talıbzadə "burjua tənqidi" adını bəhanə edərək Əhməd bəy Ağaoğlu və Əlibəy Hüseynzadəni birtərəfli qaydada tənqid edilmək mühasirəsindən çıxarmağı bacarmış, xalqımıza bu böyük şəxsiyyətlər haqqında əsaslı məlumatları çatdırmaq missiyasını məhz ustalıqla həyata keçirmişdir. Bu mənada "XX əsr Azərbaycan tənqidi" monoqrafiyasındakı "burjua tənqidi" sözləri şərti xarakter daşıyır. Monoqrafiyadakı "burjua tənqidi" sözlərini çıxsaq, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadəyə həsr edilmiş araşdırmalar görkəmli ziyalılar haqqında bütün yönləri ilə ifadə olunmuş ciddi elmi söz kimi qəbul edilə bilər. Əliabbas Müznibin 1913-cü ildə "İqbal" qəzetində çap olunmuş "Yazıçılarımız və yazılanların əhəmiyyəti" məqaləsini aşkara çıxarıb, orada Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə barəsində deyilmiş aşağıdakı müsbət fikirlərin yanlış münasibət adı ilə diqqət mərkəzinə çəkilməsi Kamal Talıbzadənin əsl tənqidçi ustalığı ilə bu görkəmli ziyalılar haqqında nə demək istədiyinin bariz nümunəsidir: "Onların (Ə.Ağayevin və Ə.Hüseynzadənin - K.T.) getməsi Qafqaz əhalisini başsız, böyüksüz kimi buraxmış kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, ...Qafqaz müsəlmanlarının ataları idilər".

Beləliklə, məhz akademik Kamal Talıbzadənin "burjua tənqidi" adı ilə əslində böyük Azərbaycan tənqidçisi və mütəfəkkirləri kimi təqdim etdiyi görkəmli ziyalılar haqqında elmdə həqiqətlərdən bəhs etmək meyli başlanmışdır. Bu sətirlərin müəllifi də Azərbaycan Elmlər Akademiyasının aspiranturasına qəbul olunduğu vaxt Akademiyanın İctimai Elmlər Bölməsində müsahibədən keçərkən o zaman həmin bölməyə rəhbərlik edən akademik Məmməd Arif Dadaşzadənin XX əsrin əvvəllərinin yazıçı və tənqidçiləri haqqındakı sualını cavablandırmaq məqsədilə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Hüseyn Cavid və başqaları ilə birlikdə Əhməd bəy Ağaoğlunun də adını çəkməsinə təəccüblə yanaşaraq, "Bu barədə haradan oxumusan?" sualına cavab kimi Kamal Talıbzadənin "XX əsr Azərbaycan tənqidi" kitabından cavabını verməsi məsələyə aydınlıq gətirmək üçün kifayət etmişdir.

Ümumiyyətlə, "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası ədəbiyyat tarixçiliyi ilə ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəçiliyinin sintezi əsasında yazılmış fundamental elmi tədqiqat əsəridir. Bu, görkəmli bir ədəbiyyatşünas kimi, Kamal Talıbzadənin universal elmi baxışlarını meydana qoyan, bütün yönləri ilə əks etdirən mükəmməl ədəbiyyatşünaslıq əsəri nümunəsidir. Monoqrafiyanın 1984-cü ildə nəşr edilmiş təkmilləşdirilmiş ikinci nəşri Azərbaycan ədəbi tənqidinin tarixi və nəzəriyyəsinin köklərini və inkişaf təmayüllərini bütün aspektləri ilə təqdim edən ciddi tədqiqat əsəridir. "XX əsr Azərbaycan tənqidi" monoqrafiyası ədəbiyyat tarixi ağırlıqlı, nəzəriyyə meyilli ədəbi tənqid tədqiqatıdır. Bütövlükdə, akademik Kamal Talıbzadənin bütün elmi fəaliyyəti ədəbi tənqidlə ədəbiyyat tarixçiliyinin və ədəbiyyat nəzəriyyəsinin qarşılıqlı əlaqəsi əsasında qurulmuşdur. Ona görə də Kamal müəllimin əsərləri informasiya seli yaratmaqdan uzaq olub, ədəbi faktları və hadisələri, ədəbi prosesi, yazıçıları və tənqidçiləri dərin elmi mahiyyəti, geniş miqyası və müasir əhəmiyyəti ilə birlikdə təhlil və təqdim etməyin nümunəsini göstərmişdir. "Ədəbi irs və varislər" kitabındakı (1974) məqalələr ayrı-ayrı yazıçılara və tənqidçilərə həsr edilsə də, son nəticədə ədəbi-tarixi mərhələlər və yaradıcı simalar haqqında oçerklər kimi səciyyələnir. Kitabın müəllifi müxtəlif dövrlərdə yaşayıb-yaratmış yazıçıların və tənqidçilərin elmi-ədəbi fəaliyyətindəki ənənə və novatorluğun miqyasını görüb-göstərməklə bərabər, həm də aydın elmi mövqeyi, yüksək nəzəri səviyyəsi, fəal vətəndaşlıq missiyası ilə səciyyələnən əsl varislərdən biri olduğunu da sübut etmiş olar. "Tənqid və tənqidçilər" (1989) kitabı da Azərbaycan ədəbi tənqidinin inkişaf yolu ilə yanaşı, həm də əsas yaradıcılarının fədakarlığı, cəsarəti, xidmətləri haqqında möhtəşəm tənqidçi sözüdür. "Tənqidimiz haqqında qeydlər" kitabı (1967) həm də görkəmli tənqidçi Kamal Talıbzadənin ədəbi-tənqidi görüşlərinə dair özünüifadəsinin məsuliyyətli bir bəyanatıdır. Bütün hallarda o, mükəmməl tənqidçilik təfəkkürünə malik olan, mütəfəkkir tənqidçi uzaqgörənliyi və alim-vətəndaş nümunəsi göstərən görkəmli elm xadimidir.

Böyük məharətlə yaratdığı görkəmli tənqidçi və ədəbiyyatşünasların sistemli və əhatəli elmi portretlərinin arxasında akademik Kamal Talıbzadənin də özünəməxsus böyük tənqid ustadı obrazı canlanır. Bu mənada akademik Kamal Talıbzadə haqqında böyük ehtiramla söz açdığı yazıçı və tənqidçilər nəslinin görkəmli nümayəndəsidir. Tənqid tarixində xüsusi önəm verdiyi Mirzə Fətəli Axundzadə, Firidun bəy Köçərli, Seyid Hüseyn, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Mehdi Hüseyn, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov kimi tənqidçi klassiklərdən biri də akademik Kamal Abdulla Şaiq oğlu Talıbzadədir. Əsasən ədəbi tənqidçilik fəaliyyəti ilə ardıcıl olaraq məşğul olduqları üçün tənqidçi adı qazanmış sələfləri və müasirlərindən fərqli olaraq, Kamal Talıbzadə həm də ədəbi tənqid haqqında qiymətli ədəbiyyatşünaslıq əsərləri yaratmış tənqidçidir. Bu yolla müxtəlif tənqidçi nəsillərin arasında etibarlı və möhkəm elmi körpülər yaratmış vətəndaş alimdir.

Görkəmli elm xadimi Kamal Talıbzadə həm də böyük ədəbiyyat tarixçisidir. "Abbas Səhhət" monoqrafiyası (1955) onun ədəbiyyat tarixçisi kimi də fərqli bir tədqiqatçı olduğunu göstərir. Belə ki, monoqrafiyada Azərbaycan romantizminin əsas yaradıcılarından biri olan Abbas Səhhətin elmi-tərcümeyi-halı, yaradıcılıq yolu və tərcüməçilik fəaliyyəti ilə yanaşı, həm də ədəbi-tənqidi görüşlərindən də bəhs olunmuşdur. Bundan başqa, Kamal Talıbzadə Azərbaycan romantizm ədəbi cərəyanında Abbas Səhhətin yerini və mövqeyini də müəyyən edərək, onun əsərlərində həm də realist xüsusiyyətlərin olması haqqında özünün nəzəri qənaətlərini də diqqətə çatdırmışdır. Bütün bunlara görə, Kamal Talıbzadənin "Abbas Səhhət" monoqrafiyası onun sonrakı tənqid tarixi tədqiqatlarının mükəmməl bir başlanğıcı olmuşdur. Abdulla Şaiq, Səməd Vurğun, Mirzə İbrahimov, İlyas Əfəndiyev, Osman Sarıvəlli, Nəbi Xəzri, Anar, Elçin kimi görkəmli sənətkarlar haqqında yazdığı məqalələr onun istedadlı portret oçerk ustası olduğunu nümayiş etdirir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 1957-1960-cı illərdə hazırlayıb nəşr etdirdiyi  üçcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin əsas müəlliflərindən biri də Kamal Talıbzadədir. O, Abdulla Şaiqin 5 cildlik, Abbas Səhhətin 2 cildlik və Səməd Vurğunun 6 cildlik əsərlərinin əsas tərtibçisi və naşiridir. Bununla Kamal Talıbzadə həm də zəhmətkeş mətnşünas ədəbiyyat tarixçisi olduğunu sübut etmişdir. Görkəmli alimin ədəbi əlaqələr sahəsində çap etdirdiyi "Qorki və Azərbaycan" monoqrafiyası (1959) həm də ədəbiyyat tarixçiliyi nümunəsidir. Kamal Talıbzadə ədəbiyyatşünaslıqda haqqında tez-tez söz açılan, ara-sıra barəsində xatirələr yazılan bu mövzunu elmi-tədqiqat işi səviyyəsinə qaldırmış, ciddi araşdırma əsasında sistemli bir monoqrafiya yaratmağa nail olmuşdur. Əslində o, "Qorki və Azərbaycan" monoqrafiyası ilə bu mövzuda aparılan tədqiqatların modelini yaratmışdır. Ondan sonra həmin mövzuda yazılmış monoqrafiya, dissertasiya və məqalələrdə Kamal Talıbzadənin formalaşdırdığı modeldən yaradıcı şəkildə istifadə olunmuşdur.

Əlbəttə, akademik Kamal Talıbzadə bacarıqlı bir elm təşkilatçısı idi. O, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda aspirantlıqdan, kiçik elmi işçilikdən şöbə müdirliyinə (XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı şöbəsi, Tənqid tarixi və nəzəriyyəsi şöbəsi, Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsi) və elmi işlər üzrə direktor müavini vəzifəsinədək addım-addım irəliləmiş, 1968-ci ildə İnstitutun direktoru vəzifəsini icra etmiş, elmi şuranın və dissertasiya şurasının sədr müavini olaraq səmərəli fəaliyyət göstərmişdir. Azərbaycan miqyasında elmi-ictimai proseslərdə yaxından iştirak edən akademik Kamal Talıbzadə Yazıçılar İttifaqının Ədəbi tənqid sektorunun rəhbəri, ittifaqın idarə heyətinin üzvü kimi respublikamızda ədəbi prosesin inkişaf etdirilməsi yollarında da var qüvvə ilə çalışmışdır. Azərbaycanın görkəmli maarifçi şairi Abdulla Şaiqin Ev-Muzeyini yaratması da Kamal Talıbzadənin mədəniyyət sahəsindəki böyük xidmətlərindən biridir.

Həyatının bütün dövrlərində Kamal Talıbzadə elmdə və ədəbiyyatda yeni nəslin daim müdafiəçisi olmuşdur. Kamal müəllim ağsaqqal ədəbiyyatşünaslarla, Ədəbiyyat İnstitutunun rəhbərliyi ilə gənc elmi nəsil arasında davamlı və dayanıqlı bir körpü yaratmaq funksiyasını uğurla yerinə yetirmişdir. Hazırda Azərbaycan ədəbiyyatşünaslıq elminin orta nəslini təmsil edən elm adamlarının akademik Kamal Talıbzadənin böyük diqqəti və qayğısının olduğunu minnətdarlıq hissi ilə qeyd etməyi özümə borc hesab edirəm.

Yeri gəlmişkən,  Kamal Talıbzadə ilə şəxsi münasibətlərim haqqında bir neçə kəlmə yazmağı da lazım bilirəm. Mənim Kamal müəllimlə ilk tanışlığım Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş vermişdir. Belə ki, 1972-ci ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul imtahanı verərkən yaranmış çətin vəziyyətdə baş vermiş bir hadisə Kamal müəllimi əbədi olaraq qayğıkeş və uzaqgörən bir elm xadimi kimi yaddaşıma həkk etmişdir. Aydınlıq gətirmək üçün deyim ki, Ədəbiyyat İnstitutuna həmin il qəbul imtahanlarında iştirak etdiyim Folklorşünaslıq ixtisasındankı 1 yeri qazanmaq üçün 4, SSRİ xalqları ədəbiyyatı ixtisasında isə 2 yer üçün 11 nəfər mübarizə aparırdı. Elanda göstərilən "SSRİ xalqları ədəbiyyatı"na aid fənn yalnız Azərbaycan Dövlət Universitetində keçirildiyi üçün və mən də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Naxçıvan Filialından məzun olduğuma görə həmin fənnin bizə tədris olunmadığını nəzərə alaraq, sənədlərimi Folklorşünaslıq ixtisasına təqdim etmişdim. İnstitutda sənəd qəbulu zamanı bizi Folklorşünaslıq ixtisasından yayındırmağa çalışsalar da, mən SSRİ xalqları ədəbiyyatı fənnindən xəbərsiz olduğuma görə təkid edərək şifahi xalq ədəbiyyatı ixtisasını seçməyim haqqında ərizə yazdım. Doğrudur, əslində ədəbiyyat nəzəriyyəçisi olmaq istəsəm də, bu ixtisas üzrə ayrılan yeri yaz qəbulu imtahanlarında tutulduğu üçün payız qəbulu üzrə elanda göstərilməmişdi. Folklorşünaslıq üzrə ixtisas imtahanında Ədəbiyyat İnstitutunun direktoru, professor Mirzağa Quluzadənin rəhbərlik etdiyi imtahan komissiyasının üzvləri biletdəki suallardan başqa, mənə 4-5 əlavə sual da ünvanladılar. Həmin suallara da inadla cavab verdim. Yenə də suallar meydana çıxdı. Mənim ətrafımda müəyyən bir münasibətin olduğunu sezsəm də, nə baş verdiyi barədə heç bir məlumatım yox idi. Hamı imtahan verib qurtarandan sonra cavabların qiymətləndirilməsinə qədərki qapalı müzakirə uzun çəkdi. İmtahan verənlərin gözü qapıda idi. Birdən Ədəbiyyat İnstitutunun direktor müavini Kamal Talıbzadə dəhlizə çıxdı və İnstitutun direktoru professor Mirzağa Quluzadənin tapşırığı ilə iddiaçıların arasından məni çağırıb qonşuluqdakı öz otağında söhbət etdi. Məlum oldu ki, bir il əvvəl Folklorşünaslıq ixtisası üzrə imtahanlarda iştirak edənlərdən 2 nəfəri eyni səviyyədə yüksək bal toplasalar da, onlardan biri aspiranturaya qəbul edilməmiş, bu məsələ ətrafında müəyyən söz-söhbət yaranmışdır. Ədəbiyyat İnstitutunun rəhbərliyi həmin vəziyyəti aradan qaldırmaq üçün keçən ildən qalan iddiaçını aspiranturaya qəbul etməklə mövcud gərginliyi aradan qaldırmaq istəyirmiş.

- Cavabların imtahan komissiyasının bütün üzvlərini qane etdi. Əlavə suallara verdiyin cavablar da bizi razı saldı. Ancaq keçən ildən qalan iddiaçı ilə eyni "əla" qiyməti almaq, bu dəfə də sənin növbəti ilə qədər gözləməyin demək olacaqdır. "SSRİ xalqları ədəbiyyatı" ixtisası üzrə imtahan verən 11 nəfərdən yalnız bir nəfəri yüksək bala layiq görülə bilər. Orada 1 yer boş qalacaqdır. Biz təklif edirik ki, sən ərizəni dəyişib, həmin yerə qəbul olunmaq istədiyini bildirəsən. Sənin yaxşı ədəbiyyatçı olacağına inandıq. Ümidimiz çoxdur.

- Ali məktəbdə SSRİ xalqları ədəbiyyatı fənnini keçməmişəm. Həm də Ədəbiyyat nəzəriyyəsi və ya Azərbaycan ədəbiyyatı ixtisası üzrə aspirant olmaq istəyirəm.

Kamal müəllim izah etdi ki, elanda yazılan "SSRİ xalqları ədəbiyyatı" sözləri keçmiş Sovetlər İttifaqı miqyasında hər respublikanın öz ədəbiyyatını bildirən ümumi addır. Bu, elə Azərbaycan ədəbiyyatı deməkdir. Bundan sonra ərizəmi razılıq hissi ilə dəyişdim.

Doğrudur, Ədəbiyyat İnstitutuna qəbul imtahanlarının hamısını verib yüksək qiymət alandan və hətta İnstitutun elmi şurasından və Akademiyanın müvafiq elmi bölməsində müsahibədən keçəndən sonra Rəyasət Heyətinin müsahibəsinə cəmi bir həftə qalmış əsgərliyə yola düşməli oldum. Hərbi xidmətdən sonra ikinci dəfə Ədəbiyyat İnstitutunda Ədəbiyyat nəzəriyyəsi üzrə qəbul imtahanlarında iştirak edib yüksək bal toplayaraq aspiranturaya qəbul oldum. Arzuma çatdım və akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı oldum. Lakin birinci qəbul imtahanından sonra Kamal müəllimin mənə göstərdiyi xeyirxah münasibət və doğru yol heç vaxt yadımdan çıxmaz. Bu, akademik Kamal Talıbzadənin yeni elmi nəslə göstərdiyi çoxsaylı qayğılardan yalnız biri olsa da, onun gəncliyə münasibətinin bariz ifadəsidir.

Aspirantura illərində akademik Kamal Talıbzadənin həmişə doğma münasibətini hiss etmişəm. O, vaxtaşırı minimum imtahanlarında, mətbuatda məqalələrim çıxarkən məni saxlayıb münasibətini bildirir, irəliyə inamla baxmağıma dəstək verirdi. Nəhayət, Kamal müəllimlə əməkdaşlıq etməyim üçün də zəmin yarandı. Günlərin birində Kamal müəllim mənə vaxtilə Azərbaycan Xalq Komissarları Şurasının sədri, görkəmli yazıçı Nəriman Nərimanovun təklifi ilə Naxçıvanda məsul vəzifəyə göndərilmiş əmisi Yusif Talıbzadənin oradakı fəaliyyətinə dair materialları tapıb ona göndərmək barədə tapşırıq verdi. Ədəbiyyat nəzəriyyəsi ixtisasına aid olan mütəxəssis kimi formalaşdığım bir mərhələdə bu mənim arxivdə axtarışlar aparmaq baxımından təcrübələrimdən biri oldu. Bundan əvvəl mən Abbas Səhhətin XX əsrin əvvəllərində çap olunmuş kitablarının orijinal nüsxələri ilə tanış olmaq üçün Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın arxiv fondunda axtarışlar aparmış və həmin kitabların üz qabığının şəkillərini çəkib, müşayiətedici bir məqalə ilə "Mədəni-maarif işi" jurnalında çap etdirmişdim. Lakin bu, kitabxana fondunun arxivi idi. Mənim əsl mənada arxivdə axtarış aparmağım Yusif Talıbzadənin sənədlərini tapmaq üçün Naxçıvan Dövlət Tarix Arxivindən başlamışdır. Və mən Naxçıvan Dövlət Tarix Arxivindən Yusif Talıbzadənin o zamankı fəaliyyətini əks etdirən bir neçə rəsmi sənədi tapıb, məktubla unudulmaz müəllimimiz akademik Kamal Talıbzadəyə göndərdim. Həmin məktublar və sənədlər hazırda Abdulla Şaiqin ev muzeyinin arxivində saxlanılır. Bu hadisə sonralar "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda doktorluq dissertasiyası üzərində çalışdığım illərdə arxivlə işləmək baxımından mənə bələdçi oldu.

Kamal müəllimlə əlaqədar çoxsaylı xatirələrimdən biri də "XX əsr Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusunda namizədlik dissertasiyamın müdafiəsi ilə əlaqədardır. Qeyd etməliyəm ki, aspiranturaya ikinci dəfə Ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə qəbul olduğum vaxt bu mövzunu mənə akademik Kamal Talıbzadə tövsiyə etmişdi. Bu faktla o, həm romantik şair Abbas Səhhətin ilk tədqiqatçılarından biri kimi romantik lirikanın poetika baxımından tədqiq olunmasının zəruriliyini və həm də yəqin ki, Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, ustadım akademik Məmməd Cəfər Cəfərovun Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas tədqiqatçısı olması faktlarını nəzərə almışdı. Həqiqətən də,  XX əsrin əvvəlləri Azərbaycan romantik şeirinin görkəmli yaradıcıları olan Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət və Abdulla Şaiqin şeir yaradıcılığının bədii sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi mənim üçün həm o mürəkkəb dövrdə gedən ictimai-ədəbi prosesləri və həm də ədəbiyyat nəzəriyyəsini öyrənmək baxımından geniş imkanlar açdı.

Aspirantura illərində akademik Kamal Talıbzadənin həmişə doğma münasibətini hiss etmişəm. O, vaxtaşırı minimum imtahanlarında, mətbuatda məqalələrim çıxarkən məni harada görsə saxlayıb münasibətini bildirir, irəliyə inamla baxmağıma dəstək verirdi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Dissertasiya Şurasında 14 mart 1980-ci ildə "XX əsr Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətləri" mövzusundakı tədqiqat işimin müdafiəyə çıxarıldığı iclasa akademik Kamal Talıbzadə sədrlik edirdi. Birinci rəsmi opponentim, son dərəcədə ciddi elm xadimi olan Akademiyanın müxbir üzvü Əziz Mirəhmədov öz rəyini müdafiədən bir gün əvvəl axşam saatlarında mənə çatdırmış və "cavabların Moskvaya Ali Attestasiyası Komitəsinə göndəriləcək, nə qədər bacarırsansa, əsaslı şəkildə fikirlərini çatdır" deyərək şəxsən özümə tapşırıq vermişdi. Mən də bütün gecəni səhərə qədər yatmayıb, Əziz Mirəhmədov kimi xasiyyətcə sərt, elmdə çox tələbkar sima olan müəllimimizin rəyindəki 6 tənqidi qeydin hamısına bacardığım qədər əsaslı cavablar hazırlamışdım. Dissertasiya şurasının iclasından yarım saat əvvəl bir qədər inkarçı mövqedən yazdığım cavabları bir daha oxuduqda Əziz müəllimin rəyi mənə verərkən dediyi "Mənim opponentlik təcrübəm azdır, sən özünü ifadə etməkdən çəkinmə" sözlərini xatırlayıb, özümü səfərbər etmişdim. Dissertasiya şurasının iclasında birinci rəsmi opponentim Əziz Mirəhmədova verdiyim "cəsarətli" cavablar zaldakıların əksəriyyətinin təəccübünə səbəb oldu. Əziz müəllimin sərt və tələbkar mövqeyinə görə onu rəsmi opponent götürməyə məndən əvvəl heç kəs ürək etməyibmiş. Bu mənada "təcrübəsiz opponent" olan, ətafında cərəyan edən proseslərə və simalara həmişə tənqidi münasibətini bildirən Əziz Mirəhmədovun özünün tənqidə dözümlü olmadığını məndən başqa hər kəs çox yaxşı bilirmiş. Unudulmaz müəllimimiz Əziz Mirəhmədovun tənqidi qeydlərinin özünün tapşırdığı kimi hamısına "elmi cəhətdən əsaslandırılmış" yox cavabı verdikdən sonra Dissertasiya şurasının sədri akademik Kamal Talıbzadə prosedura uyğun olaraq rəsmi opponentə müraciətlə "dissertantın cavablarından razı qaldınızmı?" deyə soruşduqda o da öz növbəsində ən azı 2 cavabımla razı olmadığını bildirmişdi. Doğrusu, belə məqamda vəziyyətdən çıxış yolunu tapmaq çox çətin idi. Lakin böyük təcrübəyə malik, müdrik müəllimimiz akademik Kamal Talıbzadə vəziyyətdən çıxmaq üçün "Belə olduğu halda rəsmi opponent çıxış edib, nə üçün razı olmadığını bildirməlidir" deyərək, mənim Əziz müəllimə ikinci dəfə cavab verməyimə şərait yaratdı.

Müdafiə prosesinin iştirakçısı olmuş, onda hələ aspirant olan, indi ölkəmizin Bosniya və Hersoqovinadakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev məqalələrindən birində həmin prosesi "dissertasiya müdafiəsi prosesində qeyri-adi hadisə" adlandırmışdı. Təsvir etdiyim qeyri-adi prosesdən çıxış yolunu tapan Kamal Talıbzadə cavan bir elm adamına dəstək verməyi bacarmışdı. Bu, akademik Kamal Talıbzadənin yeni elmi nəslə göstərdiyi diqqət və qayğının çoxsaylı təzahürlərindən biridir. Ümumiyyətlə, görkəmli elm xadimi Kamal Talıbzadə yeni elmi nəslin ən böyük müdafiəçisi və bələdçisi idi.

Namizədlik dissertasiyasını müdafiə edib müəllim kimi Naxçıvan Dövlət Pedaqoji İnstitutunda fəaliyyət göstərdiyim günlərin birində Kamal müəllim mənə vaxtilə Azərbaycan Xalq Komissarları Şurasının sədri, görkəmli yazıçı Nəriman Nərimanovun təklifi ilə Naxçıvanda məsul vəzifəyə göndərilmiş əmisi Yusif Talıbzadənin oradakı fəaliyyətinə dair materialları tapıb ona göndərmək barədə tapşırıq verdi. Bu mənim arxivdə axtarışlar aparmaq baxımından daha bir yaddaqalan səhifə oldu. Bundan əvvəl ilk dəfə mən Abbas Səhhətin XX əsrin əvvəllərində çap olunmuş kitablarının orijinal nüsxələri ilə tanış olmaq üçün Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın arxiv fondunda axtarışlar aparmış və həmin kitabların üz qabığının şəkillərini çəkib, müşayiətedici bir məqalə ilə "Mədəni-maarif işi" jurnalında çap etdirmişdim. Ondan sonrakı illərdə, xüsusən, "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" mövzusunda 1983-cü ildən sonra doktorluq dissertasiyası üzərində çalışarkən Tiflisdə, İrəvanda və Sankt-Peterburqda arixvlərdə axtarışlar aparmışdım. Lakin daha əlçatan olan Naxçıvan Dövlət Tarix Arxivindən axtarışları sonraya saxlamışdım. Akademik Kamal Talıbzadənin əmisi Yusif Talıbzadə haqqında verdiyi tapşırığın icrası əlaqədar olaraq mən ilk dəfə Naxçıvan Dövlət Tarix Arxivinin qapısını açmalı oldum, fondlarına baş vurdum. Naxçıvan Dövlət Tarix Arxivindən 1987-ci ildə Yusif Talıbzadənin o zamankı fəaliyyətini əks etdirən bir neçə rəsmi sənədi tapıb, məktubla unudulmaz müəllimimiz akademik Kamal Talıbzadəyə göndərdim. 1921-1922-ci illərdə Naxçıvanda hərbi komissar vəzifəsində işləmiş Yusif Talıbzadə ilə bağlı arxivdə araşdırmalar apararkən, ona aid qovluqlardakı sənədlərin səhifələrində həmin dövrdə maarifçi fikrin inkişafında mühüm rol oynamış tanınmış nəsillərin nümayəndələri haqqında da əlavə məlumatlar əldə etmişdim. Tapdığım bütün sənədləri 21 may 1987-ci ildə yazdığım məktubla Kamal müəllimə göndərdim. 11 səhifədən ibarət olan həmin məktub hazırda Bakıda, Abdulla Şaiqin ev muzeyinin arxivində saxlanılır. Məktubda böyük şairimiz Mirzə Ələkbər Sabirin 125 illik yubileyinin Naxçıvanda keçirməyimizlə bağlı Kamal müəllimə ətraflı məlumat vermiş, elmlər doktorluğu dissertasiyamın plan-prospekti ilə bağlı etdiyi dəyərli qeydlərinə görə dərin təşəkkürümü bildirmişdim. Məktubda Yusif Ziya Talıbzadə ilə əlaqədar əldə etdiyim məlumatlardan bir neçə məqamı oxucuların diqqətinə çatdırıram: "Hörmətli Kamal müəllim, salam!

Çoxdandır ki, Sizə məktub yazmağa hazırlaşıram. Hərdən bir fikirlə vaxtı uzatmalı oluram. Əsas səbəb odur ki, əminiz Yusif Talıbzadə ilə əlaqədar xeyli axtarış lazım oldu. Və bu axtarış məni o qədər maraqlandırdı ki, "bəlkə yenə bir material tapıldı" ümidi ilə məktub yazmağı yubatmalı oldum.

Y.Talıbzadənin sənədlərini əldə etmək üçün hələ aprelin əvvəllərində Naxçıvan Dövlət Arxivinə getdim. Tarix elmləri namizədi Əli Əliyevin şəxsi arxivi bütünlüklə burada saxlanır.  Fondun müdiri Fəxrəddin Cəfərovla birlikdə axtarışa başladıq. 2-3 günlük mübarizədən sonra heç nə tapa bilmədik. Ola bilsin ki, Əli müəllim həmin sənədləri bura təqdim etməmişdir. Lakin tez-tez Əli müəllimlə əlaqə saxlayan Fəxrəddin Cəfərov 83 yaşlı alimin səhhətini nəzərə alıb, ona indiki vəziyyətdə müraciət etməyi məsləhət bilmədi.

Sonralar bir neçə dəfə də arxivdə oldum. Təbii şəkildə müəyyənləşdirdik ki, Y.Talıbzadənin şəxsi işi burada yoxdur. Lakin arxiv işçiləri inamla dedilər ki, hərbi komissar vəzifəsində çalışan bir adamın şəxsi işi itə bilməz. Çünki bu cür işlər xüsusi qayğı ilə, ayrıca fondda mühafizə olunur. Burada məsləhət bildilər ki, həmin məqsədlə Azərbaycan hərbi komissarlığına müraciət etmək lazımdır. Mənə verilən məlumata görə, hərbi komissarlığın öz arxivi olduğu üçün oradan Dövlət arxivinə çox az material daxil olur. Bununla belə, 1920-1922-ci illərdən yadigar qalmış xeyli materiallarla tanış olduq. Bu materialların əksəriyyəti hərbi komissarlığın tərkibi haqqında siyahılardan ibarətdir. Həmin siyahılar ya təsdiq, ya da məlumat üçün Naxçıvan SSR (1924-cü ilə qədər belə adlanmışdır) Xalq Komissarlar Sovetinə, yaxud  da İnqilab Komitəsinə təqdim edilmişdir. Müxtəlif siyahılardan çıxan nəticə belədir: Y.Talıbzadə Naxçıvanda 1921-ci ilin təxminən fevral-mart aylarından 1922-ci ilin axırlarınadək hərbi komissar vəzifəsində çalışmışdır.

Siyahılar Y.Talıbzadənin kimlərlə birlikdə işlədiyini öyrənmək üçün də maraq doğurur. Məni həmin baxışdan maraqlandıran bu oldu ki, siyahılarda Y.Talıbzadə ilə eyni vaxtda çalışanlar arasında Cəlil Məmmədquluzadə və Eynəli Sultanova yaxın olan, inqilabdan əvvəl Rusiya və Zaqafqaziyanın müxtəlif yerlərində təhsil almış, rus dilini mükəmməl bilən ziyalıların familiyaları da vardır. Buradakı Kəngərli və Kələntərov familiyalı şəxslər Naxçıvanın məşhur ziyalı nəsillərinin nümayəndələridir".

Bütün bunlar akademik Kamal Talıbzadə ilə bağlı olan xatirələrimin yalnız bir qismidir. Kamal müəllimlə Bakıdakı müxtəlif elmi konfranslar və yubiley mərasimlərində, 1996-cı ildə doktorluq dissertasiyasını müdafiə etdiyim məqamlarda, habelə 1998-ci ildə Fransanın paytaxtı Parisdə "Kitabi Dədə Qorqud"un YUNESKO-nun baş iqamətgahında keçirilən 1300 illik yubileyi mərasimində və həmin vaxt birlikdə Eyfel qülləsinə qalxarkən, daha sonrakı illərdə, XXI əsrin əvvəllərində Abdulla Şaiqin ev muzeyində və Bakıda Hüsü Hacıyev küçəsində yerləşən evlərində çay süfrəsi ətrafındakı görüşlərim və söhbətlərim ayrıca bir məqalənin mövzusudur.

Bu günün elmi-ədəbi mühitinin müasir inkişaf səviyyəsindən dönüb geriyə baxarkən böyük müəllimlərimiz Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Əziz Mirəhmədov, Mirzağa Quluzadə, Məmmədhüseyn Təhmasib habelə mütəffəkkir ədəbiyyatşünas Yaşar Qarayev və başqaları ilə birlikdə akademik Kamal Talıbzadə də ədəbiyyatşünaslıq elmində pozulmaz dərin izləri və böyük xidmətləri olan, öz dövrünün və sonrakı nəsillərin inkişafı yollarına işıq salan qüdrətli elm xadimlərindən biri kimi görünür. Ümumiyyətlə, akademik Kamal Talıbzadə Azərbaycan ədəbiyyatşünaslıq elmində ədəbi-tənqidi fikrin əsl patriarxı zirvəsini fəth etmiş görəkmli elm xadimidir. Bu gün də elmi-ədəbi fikir meydanında olan tənqidçilərinin əksəriyyəti unudulmaz Kamal müəllimin irsindən yaradıcı şəkildə öyrənməkdə və yolunu uğurla davam etdirməkdədirlər. 

 

1 avqust 2023-cü il


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!