Ümummilli lider Heydər Əliyev memuar ədəbiyyatında - Tehran ƏLİŞANOĞLU

Tehran ƏLİŞANOĞLU

 

Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin iyulunda Azərbaycanda hakimiyyət başına gəlməsi xalqımızın taleyində həlledici rol oynamış, xalqın həyatını kökündən dəyişmiş, müasir Azərbaycanın, çağdaş Azərbaycan cəmiyyəti və dövlətçiliyinin təməllərini qoymuşdur.

Heydər Əliyev o zaman Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycan Sovet Sosialist Respublikasına 1969-1982-ci illərdə rəhbərlik etmiş, rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat və incəsənəti inkişaf etmiş, bu dövrdə xalqın ictimai və milli şüuru artmış, müasir dünya səviyyəsinə yüksəlmişdir. Heç təsadüfi deyil ki, hələ həmin dövrdən Heydər Əliyev xalqımızın yaddaşında təkcə respublika başçısı olaraq deyil, həm də Ümummilli lider kimi yer tutmuş, silinməz izlər qoymuşdur.

Azərbaycan yazıçıları Heydər Əliyevin Respublikada apardığı islahat və dəyişiklikləri ilk gündən maraq və sevinclə qarşılamış, buna dəstək vermişlər. Çünki Ümummilli liderin Azərbaycan xalqının tarixi keçmişi, dili, ədəbiyyatı, incəsənəti, elm və mədəniyyətinin öyrənilməsi, araşdırılması, o cümlədən inkişafı yolunda atdığı addımlar, dövləti və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər ədiblərin, yazıçıların, sənət adamlarının, alimlərin, ziyalıların arzularına, ideya və fəaliyyət istiqamətlərinə tamam uyğun gəlir, onları ruhlandırır və birbaşa yol göstərirdi. Bu barədə bugün biz Anarın, Elçinin, İsa Muğannanın, Maqsud İbrahimbəyovun, Vidadi Babanlının, Mövlud Süleymanlının və b. yazıçıların müstəqillik illərində qələmə aldıqları xatirələrdə, memuar yazılarında oxuyuruq.

Anar "Şəxsiyyətin miqyası" essesində yazır: "60-cı illərin sonlarında, 68-ci ildə Çexoslavakiya hadisələrindən sonra Mərkəzi narahat edən, nigaran qoyan artıq yalnız Avropanın sosialist ölkələrində deyil, SSRİ-nin müttəfiq respublikalarında belə baş qaldıra biləcək sərbəstlik ("müstəqillik" sözünü dilə belə gətirmək istəmirdilər) meyilləri, millətçilik təzahürləri idi. Bu cür təzahürləri həmişəki tək ilk növbədə Azərbaycanda axtarırdılar. Belə bir zamanda, bu sayaq təhlükələrlə mübarizə aparmaq üçün ən münasib şəxsiyyət DTK generalı ola bilərdi. Moskvada Azərbaycana rəhbərliyi məhz ona tapşırmağı məqsədəuyğun saymışdılar. Bircə şeyi nəzərdən qaçırmışdılar. Heydər Əliyev Mərkəzdə oturub onun təyinatı haqqında qərar verənlərin hamısından ağıllı idi və heç vaxt öz doğma Vətənini - Azərbaycanı, öz xalqını onların ayağına verməzdi. Bu çətin missiyanı lazımi tədbirlərlə həyata keçirmək üçün isə kifayət qədər təcrübəsi və bacarığı vardı. 1969-cu ilin yayında Azərbaycan KP MK-nın Birinci katibi seçiləndən sonra Heydər Əliyev Mərkəzin ondan gözlədiyi mübarizəni - millətçilik təzahürlərinə qarşı mübarizəni tamamilə başqa və təhlükəsi daha real bir bəlaya qarşı - qanun pozuntularına, rüşvətxorluğa, əliəyriliyə, ədalətsizliyə qarşı mübarizəyə çevirdi. Və bununla yalnız Azərbaycanın deyil, ümumən SSRİ-nin gələcək taleyinin dəyişməsi üçün ilk addımlardan birini atdı" (Anar. "Unudulmaz görüşlər". Bakı, Təhsil, 2009, s. 34)

Elmira Axundova altı cildlik "Heydər Əliyev. Şəxsiyyət və zaman" roman-tədqiqatının ikinci cildini "Hakimiyyət və məsuliyyətin ağır yükü altında (1969-1982)" adlandırmış (Elmira Axundova, "Heydər Əliyev. Şəxsiyyət və zaman". Bakı, "Ozan", 2007, II c., 784 s.), Heydər Əliyevin tarixi missiyasını, həyatın və cəmiyyətin bütün sahələrində apardığı inqilabi islahatlara görə "xilaskar" obrazı ilə səciyyələndirmişdir. Əgər bura qədər, DTK sıralarında onun fəaliyyəti milli insanın xilası naminə yönəlmişdisə, bu dəfə daha böyük miqyasda - ətalətə, durğunluğa, staqnasiyaya mübtəla olmuş respublikanın, ölkənin qurtulmasına tuşlandı. Azərbaycan KP MK-nın 5 avqust plenumunda Heydər Əliyevin "V.İ.Leninin anadan olmasının 100 illiyinə hazırlığın gedişi barədə" ənənəvi qəliblərdən kənar, tənqidi ruhda məruzəsi təkcə respublikada deyil, mərkəzdə, Kreml dəhlizlərində, hətta xaricdə əsl partlayış effekti doğurur. SSRİ-də ilk dəfə yüksək kürsülərdən yuxarı partiya sıralarını bürümüş intriqa, rüşvətxorluq, korrupsiya, əxlaqsızlıq hallarından söz açılması, roman-tədqiqatda göstərildiyi kimi, "Röyter" agentliyi, "Azadlıq" radiostansiyası, "Morninq star", "Keyhan", "Yeni qəzet", "Nyu-York tayms" qəzetləri, "Der Şpiqel" jurnalı və s. xarici mətbuatda əks-səda qoparır.

"Bu, bəlkə də, Sov.İKP və bütün SSRİ-nin tarixində ilk dəfə idi ki, rəhbərin yubileyinə bu cür tənqidi notlar üzərində hazırlıq görülürdü. Bunu yalnız Heydər Əliyev kimi dəmir iradəli, böyük cəsarət və güclü ədalət hissinə malik bir adam edə bilərdi" - "sonralar Azərbaycan KP MK-nın katibi işləmiş" Həsən Əziz oğlu Həsənov belə xatırlayır (Elmira Axundova, "Heydər Əliyev. Şəxsiyyət və zaman". Bakı, "Ozan", 2007, II c., s. 32). Elmira Axundova roman-tədqiqatında bir sıra şahidlərin canlı təəssürüatlarına yer ayırır. O cümlədən yazıçı Maqsud İbrahimbəyov deyir: "Heydər Əliyev ilk dəfə avqust plenumunda çıxış edəndə, mən Siyasi Maarif evində mərkəzi radio və televiziyanın xüsusi müxbiri kimi iştirak edirdim. Zal ağzınadək dolu idi. Plenumda çıxışı zamanı o elə şeylərə toxundu ki, əvvəllər bu barədə pıçıltı ilə yalnız mətbəxlərdə danışırdılar. Zaldakılar özlərini itirmişdilər. Respublikanın rəhbəri çıxışında, hamının yaralı yeri olan məsələlərdən danışaraq, cəmiyyətin həyatındakı çatışmazlıqları açıq-açığına tənqidə məruz qoydu. O vaxtlar, həqiqətən də, korrupsiya respublikanı dəhşətli vəziyyətə salmışdı..." (Yenə orada, s. 36)

Anar yazır: "Əvvəllər də dediyim kimi, 1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan KP MK-nın I katibi seçildi və yanılmıramsa avqustun 5-də Plenumda böyük proqram məruzəylə çıxış etdi. Bu çıxış bizi - bizi deyəndə mən bu cür düşünən bir çox ziyalılarımızı nəzərdə tuturam - həm təəccübləndirdi, həm kədərləndirdi, həm də sevindirdi... Biz bədii yazılarımızda gördüyümüz, hər gün rastlaşdığımız naqislikləri, əyintiləri, eybəcərlikləri az-çox əks etdirməyə çalışırdıq. Mənim də o vaxt "Molla Nəsrəddin 66" adlı kəskin satirik hekayələr silsiləm çıxmışdı. Amma bir var bütün bunları bədii yazıda, obrazlar vasitəsiylə, adsız-ünvansız deyəsən, bir də var ki, yüksək partiya kürsüsündən, konkret adlar çəkərək, tam açıqlığıyla, sərtliyi ilə söyləyəsən. On altı il sonra "aşkarlıq" adıyla təbliğ olunmağa başlayan bir prosesin ilk təməli Azərbaycanda Heydər Əliyevin bu tarixi çıxışıyla qoyulurdu - desək yanılmarıq..." (Anar. "Unudulmaz görüşlər". Bakı, Təhsil, 2009, s. 36)

Yazıçı Elçin 1995-ci ildə qələmə aldığı "Tarixlə üz-üzə dayanmiş adam" adlı "portret cizgiləri"ndə qeyd edir: "...nəhayət ki, vaxt tapıb bu yazını başlamaq istəyəndə xəyal məni birdən-birə düz iyirmi altı il bundan əvvələ -1969-cu ilin iyul ayına apardı. O vaxt mən cavan bir aspirant idim, yay istirahətinə Kislovodska getmişdik və orada eşitdik ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. Yaxşı yadımdadı, bu xəbərin özü qəribə bir yenilik əhvali-ruhiyyəsi gətirdi, yeni ümidlər yaratdı, çox qısa bir müddətdən, xüsusən, avqust plenumundan sonra, respublikada elliklə bir nikbinlik yarandı..." (Elçin, Tarixlə üz-üzə dayanmiş adam // Elçin, Seçilmiş əsərləri. 10 cilddə. 6-cl cild. Bakı, Çinar-Çap, 2005. s. 239-248; s. 239)

Həmin "nikbinlik" epopeyasını Elmira Axundova roman-tədqiqatın on beş fəslində həyatın, mədəniyyətin və xalq təsərrüfatının bütün sahələrində geniş və təfərrüatlı işıqlandıraraq "milli lider" obrazını hərtərəfli təqdim etməyə nail olur. Müəllif 1990-cı ilin noyabrında, ilk görüşü zamanı Ulu öndərə: "ümumiyyətlə, bəyan etdiyi yüksək idealları həyatda pozduğu hallar olubmu?" sualını verir və belə cavab alır: "Əlimi ürəyimin üstünə qoyub deyirəm: heç vaxt pozmamışam! Mən uzun ömür yaşamışam, 13 il respublika partiya təşkilatına rəhbərlik etmişəm - namusla xidmət etmişəm, xalqımın mənəvi təmizliyi uğrunda mübarizə aparmışam... Mən xalqım qarşısında təmizəm! Bu da mənim ən böyük sərvətimdir" (Elmira Axundova, "Heydər Əliyev. Şəxsiyyət və zaman". Bakı, "Ozan", 2007, II c., s. 777)

Heydər Əliyev Respublikaya rəhbərlik etdiyi birinci hakimiyyəti dövründə həyata keçirdiyi quruculuq proseslərinə bilavasitə yazıçıları da cəlb edir, sanki görülən işlərin miqyas və pafosuna şahid olmağa çağırırdı. Səfər təəsüratlarından birində elə beləcə də görürük: "-Sizi bura çağırmaqda məqsədim səfərimiz barədə təəssüratınızı öyrənməkdir. Nə gördünüz? Nə eşitdiniz? Nələrin şahidi oldunuz? Mənim üçün bunlar çox maraqlıdır. Siz yaradıcı, aydın zəkalı insanlarsınız. Gözləriniz iti, müşahidələriniz dəqiqdir. Xahiş edirəm, buyurun, rəy açıqlayın..." (Vidadi Babanlı, "Unutmadığım günlər (Heydər Əliyev haqqında xatirələrim)" // "Azərbaycan" jurnalı, 2007, № 2, s. 124-135; s. 128)

Roman, povest, hekayələrdə olmasa da, həmin səfərlər, ümummilli liderin obrazına bugün memuarlarda(n) nəzər salmağa imkan verir. Səfərlərdə, görüşlərdə Heydər Əliyevi müşaiyət edən yazıçılar müxtəlif portret cizgilərinə diqqət yetirmişlər.

Yazıçı Vidadi Babanlı "Unutmadığım görüşlər" xatirə-oçerkində Heydər Əliyevi qızğın pambıq mövsümündə müşahidə edir və bu zaman iki cəhətə məxsusi diqqət çəkir: Azərbaycan KP MK birinci katibinin rəsmi-parad qəbulu, məmurlarla rəftarına və sadə xalqla ünsiyyəti, davranışına. Heydər Əliyevin məmurlara münasibəti sərt, ciddi və konkretdir; bəyəndiyini təqdir edir, səhlənkarlığı, nöqsanları, yarıtmazlığı yerindəcə ifşa edir. "O, iclası başlanğıcdan tənqidi müstəviyə yönəltdi. Pambıq toplanışının yarıtmaz təşkilində kolxoz sədrlərini, rayon rəhbərlərini ciddi tənqid etdi. İşdə intizamsızlıq halları ilə rastlaşdığını bildirdi. Böyük zəhmətlə becərilmiş məhsulun yerə tökülməsini, keyfiyyətini itirməsini ziyankarlıq adlandırdı. Öz növbəsində nəyəsə açıqlama vermək istəyən rayon başçısının isə sözünü əsəbi sərtliklə kəsib, "Əfəl adamsan. Vəzifənin öhdəsindən gələ bilmirsən. İşindən çox narazıyam" - dedi. Bu kəskin ifadələrdən rayon başçısı sarsıldı. Sifəti gah ağarıb, gah qaraldı. O dərəcədə çaşdı ki, müvazinətini itirdi. Az qaldı xitabət kürsüsündən yerə yıxılsın... " (Yenə orada, s. 128) Bu yerdə yazıçı insan psixologiyasını yaxşı bilən Heydər Əliyevin həssaslığına, sərt olduğu qədər də istiqanlığına diqqət çəkir: "...Heydər Əliyev gərginliyin qarşısını tezcə aldı. Mülayim rəftarla, zarafatla əsəb hovunu yumşaltdı. Salon rahat nəfəs çəkdi. Çıxışçı özünü tarazlayıb, sözünə davam etdi..." (Yenə orada, s. 128)

Heydər Əliyevin xalqla təması doğmalıq üstündə köklənib: "Heydər Əliyev hər yerdə bizim önümüzdə gedirdi. Üst-başının toz-torpağa bələnəcəyinə əhəmiyyət vermir, şax-şəvəlləri yara-yara tarlanın içərilərinə girir; kolxozçularla iş əsnasında görüşür, hal-əhval tutur, problemlərini elə oradaca öyrənirdi. Şirin söhbətlə bərabər, belinə önlük bağlayıb özü də pambıq yığırdı. Və beləcə, adi adamlarla qaynayıb-qarışır, səmimiyyətə, açıq söhbətə körpü salırdı..." (Yenə orada, s. 126). Hətta rəhbərin xalqa bağlılığını, ünsiyyət istedadını qabardaraq bəzən yazıçı məmurlara öz "yad" münasibətini də gizlətmir: "İşlərlə, vəziyyətlə bu sayaq tanışlıqdan sonra hər briqadanın öz "tarla çardağı" altında məsləhət-məşvərət iclası başlanırdı. İclasların gedişinə də Heydər Əliyev bilavasitə özü rəhbərlik edirdi. Böyür-başında fır-fır fırlanan, yanından bir addım belə uzaqlaşmayan raykom katibinə, sırtıq kolxoz sədrlərinə irəli durub söz deməyə aman vermirdi. Kolxozçularla söhbəti elə qurur, elə səmtə yönəldirdi ki, yerli rəhbərlərin müdaxiləsinə, nəsə söyləməsinə ehtiyac yaranmırdı. Tarla içində, pambıq toplaya-toplaya edilmiş xoş gap-gələci öz bəhrəsini əyani göstərirdi. Briqadirlər, manqabaşçıları, sıravi zəhmətkeşlər bir-birinin ardınca ortaya çıxıb məsələ barədə rəy bildirir, dil-dil ötürdülər. Sanki Mərkəzi Komitənin birinci katibi, respublika başçısı qarşısında deyil, adi kolxoz yığıncağında danışırdılar..." (Yenə orada, s. 126-127). Bu, Heydər Əliyevin insanların qəlbinə nüfuz etmək, onu dilə gətirmək məharətindən xəbər verirdi.

Yazıçı eyni zamanda zəhmətkeşlərlə görüşlərdə Heydər Əliyevin natiqlik məharətinə, həm də adi bacarıq kimi yox, çoxlarından fərqli olaraq bədahətən natiqlik istedadına diqqət yetirir: "Gəzdiyimiz bütün kolxozlarda, briqada və manqalarda bu hal eynən təkrarlandı. Amma çox qəribə idi ki, Heydər Əliyev heç yerdə özünü təkrarlamırdı. Bir dəfə dediyini dönüb bir də demirdi. Həmən mövzunu tamam yeni məcraya yönəldir, başqa formada dilə gətirirdi. Onun tükənməz söz ehtiyatına, səlis natiqlik qabiliyyətinə heyran qalmaya bilmirdin..." (Yenə orada, s. 127)

Bugün Heydər Əliyevin mütəfəkkir obrazı haqqında düşünürkən, yazıçılar o illərdəki rəsmi-parad mənzərələrini, "keçici bayraq" nümayişlərini, hər cür qələbə görüntülərini də dərk etməyə, tarixi proseslərin eyni bir şəxsiyyətin iradəsi və idarəsi altında cəmləşmiş görünən və görünməz tərəflərinə nüfuz etməyə çalışırlar. "Tarixlə üz-üzə dayanmış adam" essesində Elçin yazır: "Bu mənada yetmişinci illərdəki, səksəninci illərin əvvəllərindəki "sosialist əməyi qələbələri"nin, "qızıl bayraqlar"ın arxasında da, ilk növbədə, xalqın milli özünütəsdiqi dayanırdı və bir neçə il əvvəl mən bu barədə yazmışdım. O "əmək qələbələri", "qızıl bayraqlar", respublika bayrağına taxılan o ordenlər böyük və dövrü üçün çox cəsarətlə yaradılmış aysberqin görünən hissəsi idi, mühümü, vacibi, əsası isə, yəni xalqın, hərgah belə demək mümkünsə, gizli özünütəsdiqi isə həmin aysberqin görünməyən, suyun altında qalan hissəsi idi..." (Elçin, "Tarixlə üz-üzə dayanmiş adam" // Elçin, Seçilmiş əsərləri. 10 cilddə. 6-cı cild. Bakı, Çinar-Çap, 2005. s. 239-248; s. 242-243). Aysberqin zahiri tərəfinə yazıçı respublikanın beşilliklərdəki zəfər yürüşlərini yozursa, əsl dərində qalan təmələ Heydər Əliyevin həyata keçirdiyi real milliləşmə tədbirlərini aid edir.  

Respublika başçısının ölkədəki parad əhval-ruhiyyəsinə nə qədər vaqif olması barəsində publisist-yazıçı Mark Verxovski də qələmə aldığı maraqlı bir xatirədə söz açır. Yazıçı çiskinli bir mart günündə təsadüfən seçiciləri ilə görüşə çıxmış Heydər Əliyevin nitqini eşidir. Qucağında uşaq olduğundan, kütləni yarıb ön sıralara irəliləməyə nail olur. Bir anlıq yaranmış sükutdan sanki bəhrələnərək uca səslə sualı olduğunu bildirir. Amma respublika başçısının: "-Buyurun, cavan oğlan", - deyə gümrah səsindən karıxır; və səhərdən bəri içini gəmirən sualı verir: "-Mümkünsə, deyin, Heydər Əliyeviç! Respublikada kimsə havanın dəyişməsinə təsir göstərə bilərmi? Axı necə olsa, bugün seçkidir, bayramdır, hava isə zəhər kimidir..." Hər hansı məişət səciyyəli konstruktiv bir sual əvəzinə, replikanı eşidəndə kütlə arasına öldürücü bir sükut düşür; elə ki, hətta damcıların tıppıltısı da əks-səda verir. "-Demə, siz, yaman zarafatcılmışsız, cavan oğlan! - Amma çox təəssüf ki, Siyasi büro belə, havaları dəyişməyə qadir deyil", - deyə birinci katib zarafatla cavab verəndə, kütlə rahat nəfəs alır və eyni zamanda yekdil xalq gülüşü ətrafı bürüyür. Heç də cavan olmayan "zarafatcıl adam"ı əhatələmiş cangüdənlər "təhlükə"nin sovuşduğuna sevinib, rəğbətlə onun kürəyinə toxunurlar. Yaranmış xoş situasiyadan razı qalan Heydər Əliyev ayrılarkən müsahibi ilə bir daha gözləşir və "cavan oğlan" bu gözlərdəki çoxmənalı təbəssümü tutur (Mark Verxovskiy, "Vstreça s Qeydarom Alievım". // "Literaturnıy Azerbaydjan", 2016, № 5, s. 74-75).

Rayonlara səfərlərində Respublika rəhbəri onu müşaiyət edəcək ziyalı heyətini özü seçirdi. Məsələn, Vidadi Babanlı xatırlayır ki, haqqında söz açdığı səfərdə bəstəkarlar, rəssamlar, jurnalistlər, fotoreportyorlar arasında yeganə yazıçılar Nurəddin Babayev və o özüdür. Və qeydə alır: "Yığımın gedişi, ümumi vəziyyətlə maraqlandıq. Cib dəftərçəmizə müəyyən qeydlər etdik. Fotoreportyorlar şəkillər çəkdilər. Jurnalistlər müsahibələr apardılar. Rəssamlar eskizlər götürdülər. Bəstəkarlar nəsə qeyd etdilər..." (Vidadi Babanlı, "Unutmadığım günlər (Heydər Əliyev haqqında xatirələrim)" // "Azərbaycan" jurnalı, 2007, № 2, s. 124-135; s. 126)

Başqa bir səfərdə Heydər Əliyev daha çox cavanlara üstünlük verir və gənc yazıçıların müşahidələri də tam başqadır. Məsələn, Mövlud Süleymanlı "Qırx ilin yeddi görüşü" əsərində belə xatırlayır:

"Vaxt o vaxt idi ki, yazdığımız şeirləri, hekayələri milli soyadımızla yaza bilməzdik, gizli qadağa qoyulmuşdu. Və gizli qadağaların əslində daha qorxulu olduğunu nəzərə alsaq, o günlərin sıxıntılarını anlamaq o qədər də çətin deyil...

Azərbaycan Yazıçılar İttifaqının sədri İmran Qasımov bizi tanış etdi. Bir-bir qalxıb özümüzü təqdim etdik:

-Nüsrət Kəsəmənli.

Mətbuat nümayəndələri, ittifaqın müxtəlif yerlərindən gəlmiş qonaqlar, jurnalistlər, kinooperatorlar, teleoperatorlar maraq içindəydilər. Bir anlıq sükutdan sonra Nüsrətin soyadını Heydər Əliyev də təkrar etdi.

-Həə, Kəsəmənli... Nə deməkdir Kəsəmənli?

-Kəndimizin adıdır.

-Oldu, Kəsəmənli...

Sırayla oturmuşduq. Sabir qalxdı:

-Sabir Rüstəmxanlı!

Heydər Əliyev Sabirin soyadını da təkrar etdi.

-Hə, Rüstəmxanlı!

Mətbuatda "oğlu", "xanlı", "lı-lü" soy-famil sonluğunu yaxın buraxmayanların bəziləri də müşavirədə iştirak edirdilər. Çoxunu hətta tanıyırdıq da. Onların hamısı ləzzət içində gülümsəyirdilər. Yəqin düşünürdülər ki, indi ciddi şəkildə tapşırılacaq ki, yığışdırın bu cür familiyaları. Hamı gərginlik içində gözləyirdi.

-Səyavuş Sərxanlı.

Heydər Əliyev gülümsədi:

-Hə, Sərxanlı - xanlı!

Mən ayağa durdum:

-Mövlud Süleymanlı.

-Oldu, sağ olun, əyləşin!" (Mövlud Süleymanlı, "Qırx ilin yeddi görüşü". // Tənqid.net jurnalı, № 10 (2013), s. 24-35; s. 33-34)

Bu lövhədə "aysberq"in o biri tərəfi aydın şəkildə görünür; lakin bu barədə heç kəs danışmır. Epizodu olduğu kimi, bütün psixoloji gərginliyi ilə təqdim etməklə yazıçı Heydər Əliyevin işdə, əməldə məhz kimin yanında olduğunu cızmağa çalışır: "Müşavirədən bir müddət sonra İmran müəllim bizi qəbul etdi: "-Mən yoldaş Heydər Əliyevin tapşırığıyla sizi bir də çağırtdırdım. İstəyirəm onun sözünü sizə çatdırım. Heydər Əliyev dedi ki, müşavirədə iştirak edən gənc yazıçılardan muğayat ol, nə problemləri olsa həll et. Yaxşı uşaqlardır". Doğrudan da, elə o ərəfədə evlə təmin olunduq, maşın aldıq, hərəmiz bir yerdə işləyirdik. Bir yazmaq qalırdı. Və doğrudan da böyük həvəslə, ruh yüksəkliyilə yazılarımızı yazırdıq..." (Yenə orada, s. 34)

Özünü Kommunist Partiyası daxilində "dissident" adlandıran Heydər Əliyev sovet rejimi içrə dissidentizmi mədəniyyət quruculuğunda, ədəbiyyat və sənətdə bir növ himayə edirdi. Çünki xalqın mənəviyyatının, milli mənliyinin özünü biruzə verməsi məhz bu sahələrdə qabarıq idi. Anar yazır: "Özümüzün əli ilə özümüzə vurulan zərbələrin bir ucu Mərkəzi Komitənin rəhbərinə gəlirdi və o, bacardıqca bu zərbələrin qarşısını almağa, ya heç olmasa yumşaltmağa çalışırdı. Məhz buna görə də yüksək kürsüdən əhli-qələmlərimizdən biri başqa birisi haqqında "filankəs də bizim Soljenitsınımızdır" (yəni o vaxtkı anlayışa görə düşməndir, təqib olunmalıdır) deyəndə, başqa birisi "toplu", yaxud "önəmli" sözlərini işlədənləri "pantürkist" adlandıranda bu danoslara ustalıqla, tədbirlə reaksiya vermək lazım gəlirdi və belə bir təmkinli siyasətin nəticəsində Azərbaycanda sənət adamları nəinki dissident kimi təqib olunur, təqiblərə məruz qalırdı, əksinə, onların Moskva, Leninqrad yazıçılarının əsərləri qədər cəsarətli, ifşaedici yazıları himayə edilirdi. Xatırlayıram ki, yalnız Moskvanın deyil, Pribaltika kimi sərbəst, müstəqil düşüncəyə alışmış regionların ziyalıları belə, bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə, onların yasaqlanmamasını biləndə təəccüb qalırdılar" (Anar. "Unudulmaz görüşlər". Bakı, Təhsil, 2009, s. 35). 

Ümumən, məşhur 60-cılar ədəbiyyatının elə bir nümayəndəsini tapmaq çətindir ki, 1970-1980-ci illərdə respublika rəhbərinin dolayısı ilə dəstəklədiyi ədəbiyyat və sənət mühitinin pozitiv təsirini yaradıcılığında hiss etməsin. Ulu öndərin bu barədə xatırlatması həmin həqiqəti dürüst ifadə edir: "Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, sizdə, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi? Dedim ki, yox idi. Dedi, nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir ki, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Məsələn, əgər o illər, 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq..." (Bax: Anar. "Unudulmaz görüşlər". Bakı, Təhsil, 2009, s. 48-49)

Yazıçı İsa Muğanna "Həyatımdan səhifələr" adlı memuarında "ulu öndərimiz Heydər Əliyevin dövründə mənim xoşbəxtliyim başlanır" - deyə qeyd edir: "Amma xoşbəxtlik birdən-birə yaranmadı. Çox dolaşıq, o qədər də anlaşılmayan bir sarsıntı üz verdi" (İsa Muğanna, "Həyatımdan səhifələr" // Azərbaycan, 2010, №7, s.114-157; s. 141). Yazıçı Heydər Əliyevin milli kinonun inkişafına nə dərəcədə önəm verdiyinə, o sıradan bu məqamda sənətçilərin yanında olmasına dair iki epizod yada salır.

1970-ci ildə "Ulduzlar sönmür" ("Doktor Nəriman") filminin Mərkəzi Komitədə birinci baxışından sonra ssenari müəllifi İsa Hüseynovu Moskvanın təhriki ilə "Azərbaycan gəncliyini "nərimanlaşdırmaq" ideyasına görə suçlayırlar. Heydər Əliyevin tapşırığı ilə "maloye büro"da ("kiçik büro" - red.) əsərin müzakirəsi keçirilir və İsa Hüseynovu Tağıyev obrazını idealizə etməkdə günahlandırırlar. Lakin yazıçı çıxış edərək: "Hətta böyük sənətkarlar da yalançı sosiologiyaya uyaraq səhvlər edirlər. Yalançı sosiologiya ədəbiyyatı məhv edir" - deyir. Mirzə İbrahimov da bunu başıyla təsdiqləyir. İsa Muğanna bu hadisədə Heydər Əliyevin ədalətli və prinsipial mövqeyini belə xatırlayır: "İslas qurtardı. Səhərisi birinci katibin referentindən eşitdim ki, Heydər Əliyev işə gələn kimi dünənki "maloye büro"nun stenoqramını istəyib, mənim çıxışımı oxuyan kimi əlini stola vurub "On prav!" ("O haqlıdır!" - red.) - deyib və azərbaycanca göstəriş verib: "Filmi bütün kinoteatrlara verin, nə qədər gedir getsin. Mane olmayın". Beləliklə, bütün büro üzvlərinin təqsirnamələri kənara atıldı, ədalət bərpa olundu. "Ulduzlar sönmür" filmi Bakının bütün kinoteatrlarında qırx gün nümayiş etdirildi..." (Yenə orada, s. 142)

İkinci epizod "Nəsimi" filminin çəkilişləri ilə bağlıdır. Bədii filmin çəkilməsi ideyası Heydər Əliyevə məxsus olduğu kimi, ssenarisini də İsa Hüseynova şəxsən tapşırır. Bir neçə ay sonra ssenari hazır olsa da, çəkiliş ləngiyir. "Aradan bir neçə ay keçəndən sonra eşitdim ki, Heydər Əliyev mədəniyyət şöbəsinin müdiri Azad Şərifovu çağırıb "Nəsimi" filminin nə vəziyyətdə olduğunu soruşub. Şərifov deyib: "U menya bolşiye somneniya po povodu ssenariya" (Tərcüməsi: "Filmin ssenarisi məndə şübhə doğurur" - T.Ə.). Heydər Əliyev qəzəblənib: "Mən filmi gözləyirəm, a vı vsyo yeşşo somnevayetes", - deyib. Həmin gün SSRİ Kinomatoqrafiya Komitəsinin sədrinə zəng vurub, ssenarinin vəziyyətini soruşub, müsbət cavab alıb" (Yenə orada, s. 142). Yazıçı şəxsən özü gedib təcili ssenarini gətirməli olur və Heydər Əliyevin daimi dəstəyi ilə film Bakıda, Naxçıvanda, Özbəkistanda Xivə şəhərində uğurla çəkilib başa çatır. İsa Muğanna xatırlayır: "Ulu öndər filmi qəbul edəndə məni yanında oturtmuşdu. Baxış - "prosmotr" qurtarandan sonra xeyli sükut oldu. Nəhayət, ulu öndər dillənəndə mənə bir sual verdi. "-Baş ideya nədi?" Dedim: "Bu əsərdə bütün detallar baş ideya ilə - kamil insanla bağlıdır". Ulu öndər: "Kamil insan, - deyə təkrar etdi və əlini mənə uzatdı: - Təbrik edirəm" (Yenə orada, s. 145).

Heydər Əliyevin yüksək bədii zövqü ona həmişə dövrün dar ideoloji tələblərinin fövqündə durmağa imkan vermişdir. "Nəsimi" filmi ilə bağlı Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında da bir əhvalat var: "Nəsimi" filminə rəsmi baxışdan sonra respublikanın başçısı Heydər Əliyev salonda onun yanında oturmuş "Azərbaycanfilm"in o zamankı direktoru Adil İsgəndərovdan soruşur: "-Nəsimini oynayan bu cavan oğlana (Rasim Balayevə) heç olmasa on min manat qonorar verə bilmisiz?" Ağır taxtalı Adil İsgəndərov əlinin baş barmağı ilə arxa tərəfə işarə edərək deyir: "-Xeyr, Heydər Əliyeviç! On min verə bilmədik. Onu o tərəfdə verirlər". Heydər Əliyev soruşur: "-Harada, Moskvada?" Adil İsgəndərov özünəməxsus təmkinlə cavab verir: "-Yox, bir az da o tərəfdə!" Adil İsgəndərovun xaricə işarə etdiyini başa düşən Heydər Əliyev kapitalist dünyasına ideya düşməni kimi baxmağa məcbur olduğundan üstünü vurmur" (Əjdər Ol, "Canlı lətifələr, əhvalatlar, deyimlər". Bakı, Qanun nəşriyyatı, 2015, s. 16-17).

Elçin 1992-ci ildə qələmə aldığı "Dünya axirət əkini..." essesində yazır: "Dəfələrlə bunun şahidi olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və qurtardıqdan sonra, səhnə arxasında yaradıcı kollektivlə görüş keçirib və heç bir mübaliğəyə yol vermədən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi tamaşanın təhlilini verib. Orasının da şahidiyəm ki, həmin görüşlərdən sonra yaradıcı kollektivin həvəsi birə-on artırdı..." (Elçin, Dünya axirət əkini // Elçin, Seçilmiş əsərləri. 10 cilddə. 6-cı cild. Bakı, Çinar-Çap, 2005, s. 231-238; s. 235)

Ulu öndərin geniş sənət baxışları barədə Elçinin daha bir xatırlaması: "Yadıma gəlir, 1976-cı il idi, onda lap cavan bir yazıçı idim və Yazıçılar İttifaqına yenicə katib seçilmişdim. Moskvada Səməd Vurğunun anadan olmasının 70 illiyini keçirirdik və sonra Daimi Nümayəndəliyimizdə Yubiley iştirakçıları üçün kiçik bir qəbul düzəltdik. Adamların sayı az idi - 30-35 nəfər, amma kimlər idi: Leonid Leonov kimi "canlı klassik"dən tutmuş o zamanın böyük "ədəbiyyat generalları" - Georgi Markov, Aleksandr Çakovski, Nikolay Qribaçovacan rus ədəbi ictimaiyyətinin "rəsmi" və qeyri-rəsmi ən irəlidə gedənləri. Heydər Əliyev də orada idi və söhbətləri, çıxışları ilə miz arxasında əyləşənlərin, xüsusən "ədəbiyyat generalları"nın çoxundakı "böyük qardaş" təkəbbürünü sözün əsl mənasında məhv etdi və o danışdıqca həmin "ədəbi generallar" göz-görəti kiçilirdi..." (Yenə orada, s. 235-236)

Elə məqamlar da olmuşdur ki, Heydər Əliyev dövrünün dar və köhnə düşüncəli ədiblərindən daha geniş, daha milli mövqe nümayiş etdirmiş, yazıçını yazıçıdan qorumalı olmuşdur. 1979-cu ildə Mövlud Süleymanlının "Dəyirman" əsəri ətrafında kəskin mübahisələr buna misal ola bilər. Yazıçı "Qırx ilin yeddi görüşü"ndə xatırlayır: "Əsər 1979-cu ildə "Azərbaycan" jurnalında dərc olunan kimi hücumlara məruz qaldı. Antisovet əsər adıyla hallandırıldı. Mərkəzə məktublar yazıldı. Elə həmin ilin payızında Yazıçılar İttifaqı, Natəvan adına klubda "Dəyirman" povestinin müzakirəsini - "məhkəməsini" keçirməli oldu... "Dəyirman" əsərinin müzakirəsi, ona qarşı olan hücumlar böyüyüb bütün Azərbaycanı bürüdü, Moskvaya teleqramlar vuruldu... Burda da, orda da kitablarım plandan çıxarıldı. Hamısı üstümə qaytarıldı...

... Heydər Əliyevin qəbulunda da olmuşdular artıq. O dəstənin arasından bir nəfər mənə danışdı:

-Hərəmizin əlində "Dəyirman" povestinin nəşr olunduğu "Azərbaycan" jurnalı Heydər Əliyevin qəbulunda olduq. Bizi görən kimi, - nolub, - dedi, - nə baş verib?!

-Yoldaş Əliyev, bu əsərdə bizim quruluşumuza böhtanlar atılıb, qara yaxılıb, söyüşlər yağdırılıb!

-Nə söyüş? - soruşdu.

-Söyüşlərin altını qırmızı karandaşla cızmışıq... Sayını da bilirik. Yetmiş üç söyüş var.

Heydər Əliyev əsəri vərəqlədi, altından xətt çəkilmiş söyüşün birini oxuyub bərkdən güldü, dedi:

-Onda gərək rus xalqı M.Şoloxovu məhkəməyə versin ki.

Beləcə... Heydər Əliyev məni sözün əsl mənasında qaragüruhun əlindən aldı. Mən nihilist tənqidin dəmir caynaqlarından qurtulub bir-birinin ardınca romanlarımı yazdım. Bacardığım qədər sağlam, təmiz, halal sözümü dedim. Bütün bunlara görə və ən əsası yurdumuz Azərbaycanı yenidən tikib yaratdığına, Azərbaycan xalqını əsl oğul istəyi ilə sevdiyinə, dünyanın ən uca kürsülərində Azərbaycan adını sevə-sevə çəkdiyinə görə Heydər Əliyevə minnətdaram" (Mövlud Süleymanlı, "Qırx ilin yeddi görüşü". // Tənqid.net jurnalı, № 10 (2013), s. 24-35; s. 34-35)

Beləliklə, Ulu öndərin xatirəsinə müstəqilllik illərində yaranmış memuar ədəbiyyatının nümunələri göstərir ki, hələ sovet dönəmində Ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi, qurduğu, yaratdığı Müasir Azərbaycan xalqın, millətin, insanların qəlbində, şüurunda, bilavasitə həyatında izini qoydu, milli özgürlük və birlik, müstəqil vətən ideyalarını cücərtdi, irəli gələn yeni nəsillər bir azərbaycanlı kimi özünü tanıdı, millət olaraq fəxrlə, qürurla müasir dünyada yerini axtardı və tapdı.

Bugün əminliklə demək olar ki, o illərdə Ümummilli lider Heydər Əliyevin yeritdiyi milliləşmə siyasəti olmasaydı, bugünkü milli cəmiyyətin formalaşması da, müstəqilliyimizə gedən yol da çox-çox uzaq ola bilərdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!