"Quran"dakı dəvə və iynə bənzətməsinin müəmmaları, yaxud Füzulinin gözlənilməz aldanışı - Təvəkkül Boysunar

 

 

"Quran"ın Əraf surəsinin 40-cı ayəsində belə bir cümləyə rast gəlirik:

"...dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər".

Azərbaycan dilinə edilmiş bütün tərcümələrdə eyni mənanı və demək olar ki, eyni cümləni görürük. Və bu bizə qətiyyən təəccüblü, yaxud qüsurlu da görsənmir.

Çünki azdan-çoxdan Füzuli mütaliəsi olanlar hətta ömrü boyu "Quran" oxumamış olsalar da, yaxud əksər qələm adamları kimi həyatın və ölümün ciddiyyətindən xəbərsiz şəkildə "Quran"a barmaqarası yanaşaraq sadəcə inkar etmək üçün oxusalar da, nə vaxtsa Füzulinin "Oynar" rədifli qəzəlində bu beytə rast gələrkən istər-istəməz "Quran"ın da o ayəsiylə tanış olublar.

 

Bu qəmlər kim, mənim vardır,

            bəirin başinə qoysan,

Çıxar kafər cəhənnəmdən,

            gülər əhli-əzab, oynar.

 

Bir çoxumuz bu beytin mənasını bilsək də, bilməyənlər üçün qısaca qeyd edək:

"Bəir" ərəbcədə "dəvə" mənasına gəlir və Füzuli Əraf surəsinin 40-cı ayəsindəki bənzətmədən istifadə edərək öz poetik mübaliğələrindən növbəti nümunəni sərgiləyir. Yəni deyir ki, qəmlərim o qədər çoxdur, dəvə onun altında qalsa, iynənin dəliyindən keçəcək qədər əzilər, nazilər və beləcə kafirlər cəhənnəmdən çıxaraq xilas olar, sevinərək şadyanalıq edərlər.

Bu beyti ilk dəfə oxuyarkən Füzulinin gözəl bənzətməsinə heyrət etsəm də, indi məni heyrətləndirən yeganə şey ayəni doğru anlamaqda Füzulinin də bir çox tərcüməçilər kimi səhvə yol verməyi, dəvə və iynə bənzətməsindəki uyğunsuzluğu hiss edə bilməməyidir.

 

Oxucu marağını cəlb etməkdən yana bu cür təkəbbürlü və qələmindən yekə danışdığını düşündüyünüz müəllif, sizi daha artıq qıcıqlandırmasın deyə, bəri başdan bunları demək məcburiyyətindəyəm ki, məqalə müəllifinin haqsız olmadığını görməniz üçün azacıq səbr etməlisiniz və bilməlisiniz ki, bu gənc müəllif əgər həmin ayənin fərqli bir tərcüməsinə rast gəlməsəydi, heç özü də o bənzətmədəki uyğunsuzluqdan duyuq düşməyəcəkdi. Lakin indi qınayıcı nəzərlərlə baxdığınız gənc yazarı bir şeydə bağışlamaq olar ki, Füzulidən fərqli olaraq o, ərəb dili dərsində ümumən cahildir və bu dildən sərapa bixəbərdir. Elə təəccüb doğuran məqam da odur ki, axı Füzuli ərəb dilini bilə-bilə bu səhvə yol verməməliydi...

Türkiyə və Azərbaycan türkcələrindəki bir neçə tərcümə versiyasını oxuduqdan sonra "Quran"ın ingilis dilindəki tərcüməsinə başlayıb Əraf surəsinin 40-cı ayəsinə çatanda həmin "dəvə" sözünün yoxa çıxdığını görmək olur. Çünki milliyyətcə yəhudi olub sonradan İslam dinini qəbul edən və "Quran"ı olduqca gözəl və təsirli şəkildə ingilis dilinə çevirən; o səbəbdən, hal-hazırda bu sətirləri yazarkən də səmimi minnətdarlığımı necəsə bildirmək istədiyim Məhəmməd Əsəd həmin ayədəki "dəvə" sözünün uyğun olmadığını hiss edərək o sözün əvəzinə orijinaldakı mənaya uyğun olaraq başqa bir söz işlədir. Ayənin qeyd edilən tərcüməsi bu şəkildədir:

"...they shall not enter paradise any more than a twisted rope can pass through a needle's eye".

Tərcüməçi "dəvə" sözünün əvəzinə "rope" sözünü işlədir ki, ana dilimizdə bu sözün mənası "kəndir" deməkdir.

Poeziyadan, ədəbiyyatdan, uğurlu bənzətmələrin, mübaliğələrin nə olduğundan xəbərdar olan hər bir kəs bu "kəndir" sözünə diqqətlə nəzər yetirdikdə, yerinə oturmayan bütün parçaların bir-biriylə doğru şəkildə birləşdiyini hiss edib bənzətmənin həqiqiliyini dərhal görə bilər.

Çünki müqəddəs kitabın müəllifi olan Tanrı o ayədə həmin bənzətmədən bir şeyin nə qədər çətin olduğunu izah etmək üçün istifadə edir. Lakin bu məqamda "dəvə"nin iynə dəliyindən keçməsi, əslində, o çətinliyi lazımınca hiss etdirə bilmir, çünki dəvəylə iynə arasında heç bir əlaqə yoxdur, dəvəni iynə dəliyindən keçirmək kiminsə ağlına gələn, yaxud kiməsə lazım olan bir şey deyil, indiyəcən heç kəs hətta xəyalında da belə bir şeyə cəhd etməyib, buna nə zamansa cəhd də edilməyəcək. Yəni dəvəylə iynənin heç bir əlaqəsi yoxdur və bu bənzətmə bir qədər absurd görsənir. Amma kəndir deyilən şey sapın daha qalın bir şəklidir. Yəni kəndiri iynə dəliyindən keçirmək aktı təsəvvür ediləsi bir şeydir və bunu tam diqqətlə təsəvvüründə canlandıran hər bir şəxs belə bir şeyin necə mümkünsüz olduğunu dərindən hiss edə bilər. Bəzən nazik bir sapı da iynədən keçirmək çox çətin olur, indisə düşünün ki, bir əlinizdə qalın bir kəndir, bir əlinizdə isə balaca bir iynə tutub o kəndiri, həddən artıq kiçik olan dəlikdən keçirməyə çalışırsınız. 

Tərcüməçi Məhəmməd Əsəd öz "Quran" tərcüməsinin 292-ci səhifəsində həmin kəlmənin izahına eynən bu cümləylə başlayır:

"...As for the word jamal occurring in this sentence, there is hardly any doubt that its translation, in this context, as "camel" is erroneous".

Tərcüməsi:

"Cümlədəki "cəməl" sözünə gəldikdə isə, bu kontekst daxilində həmin sözün "dəvə" kimi tərcümə edilməsinin yanlış olduğuna, demək olar ki, heç bir şübhə yoxdur".

Bunun ardınca Məhəmməd Əsəd yazır ki, ayədə "dəvə" şəklində tərcümə edilən ərəbcədəki "cəməl" sözü, "cümməl" şəklində də oxunur və bu "cümməl" sözü də "kəndir", "gəmi kəndiri", "qalın ip" mənasına gəlir. Məhəmməd Əsədin yazdığına görə, bundan əlavə, Zəməxşəri və Razi kimi məşhur müfəssirlər də öz təfsirlərində İbn-Abbasın həmin ayəni məhz "cümməl" yazılışıyla oxuduğunu qeyd etmişlər. Tərcüməçi, eyni zamanda misirli müfəssir Cevhərinin yazdıqlarına istinadən bunu da qeyd edir: Bu sözün bütün başqa dialektlərdəki yazılışları olan "cüməl", "cüml", "cümül" və "cəməl" ("Quran"dakı versiya) sözlərinin hamısı "qalın kəndir" mənasını verir. Zəməxşərinin təfsirinə əsasən, peyğəmbərin əmisi oğlu olan və təfsir qaynaqlarında da ən çox istinad edilən səhabələrdən biri İbn-Abbas hətta bu ayə ilə bağlı fikir bildirərkən Allahın bu cür uyğunsuz metaforadan istifadə etməyinin mümkünsüz olduğunu, dəvəylə iynə arasında heç bir əlaqənin olmadığını demişdir. (Muhammad Asad, "The Message of the Quran". Səh. 292)

Məhəmməd Əsədin yazdıqlarıyla kifayətlənməyib, digər qaynaqlara nəzər saldıqda isə İbn-Kəsirin öz təfsirində bunu yazdığını görmək olur:

"Əli b. Əbu Talha və Əl Üfi adlı alimlərin İbn-Abbasdan, eləcə də Mücahid və İqrimənin yenə İbn-Abbasdan rəvayət etdiklərinə görə İbn-Abbas ayədəki "əl-cəməl" kəlməsini "qalın kəndir" mənasına gələn "əl-cümməl" şəklində oxumuşdur. Səid b. Cübeyr də bu oxunuşu seçmişdir". (İbn-i Kesir, "Tefsirül Kuranı-Azim" (türkçə))

Montqomeri Vatt "Dəvə və iynənin gözü" adlı kitabının 156-cı səhifəsində qeyd edir ki, Səid b. Cübeyr həmin sözü "cüməl" şəklində də oxumuşdur və bu söz bir yerə toplanmış iplərin əmələ gətirdiyi "kəndir" mənasını verir.

Deməli, ayədəki sözün, əslində, "dəvə" yox, "kəndir" olması üçün tərcüməçinin qarşısını kəsən heç bir maneə yoxdur və sırf bənzətmənin daha tutarlı olmasından ötrü "kəndir" sözü daha doğru seçim kimi görsənir.

Amma ortaya böyük və çox ciddi bir sual çıxır:

Təkcə Türkiyə və Azərbaycan türkcələrinə yox, eləcə də ingilis və başqa dillərə tərcümələrdə nəyə görə tərcüməçilərin çoxu məhz "dəvə" sözünü seçirlər?

Bəli, bu seçim heç də səbəbsiz deyil.

Bu seçimin ən vacib səbəbi məhz odur ki, iynə və dəvə bənzətməsi təkcə "Quran"da keçmir, "Quran"dan əvvəlki müqəddəs kitab olan İncildə də eynən bu dəvə və iynə bənzətməsinə rast gəlirik.

"Təkrar edirəm, dəvənin iynə dəliyindən keçməsi, varlı bir insanın Tanrının mülkünə daxil olmağından daha asandır. (Matta İncili 19;24) 

İlk baxışda bu fakt "Quran"ın o ayəsindəki sözün də, əslində, "kəndir" yox, elə "dəvə" olduğunu isbat edir və bütün əks iddiaları susdurur.

Lakin elə ən maraqlı məqam da məhz burda ortaya çıxır.

Çünki Bibliya ilə məşğul olan bir sıra əcnəbi alimlər İncildəki o sözün "dəvə" yox, "kəndir" olduğunu bildirmiş və bu iddiaların kifayət qədər tutarlı əsaslardan qaynaqlandığını göstərmişlər.

Bir neçə nümunəyə baxaq:

Bu nümunələrin ən qədimindən başlasaq, İskəndəriyyəli Krillin (376-444) öz "Fraqmentlər"ində bu məsələyə toxunub. İncildəki o kəlmənin "dəvə" mənası yox, qayıqları və gəmiləri bağlamaq üçün istifadə edilən "kəndir" mənası verdiyini qeyd etdiyini görürük. (Cyril of Alexandria, "Fragment on Mt 19:24" (səh 72: 429)

Bu izahın tərəfdarı olan alimlər həm də belə bir arqument irəli sürürlər ki, İsa peyğəmbərin öz təlimini yaydığı ərazilərdə insanlar balıqçılıqla məşğul olurdular, qayıqlardan və gəmilərdən, eləcə də onları bağlamaq üçün kəndirlərdən istifadə edirdilər və kəndir - iynə bənzətməsi də o ərazilərin sakinləri üçün daha əyani, inandırıcı və təsiredici ola bilərdi. Qədim əlyazmalarda da İsanın təsviri bəzən məhz qayıqlarla birlikdə verilmişdir, nəinki dəvə.

İncilin ilk versiyasının yunanca yox, arami dilində olduğunu iddia edən və İncili arami dilindən ingiliscəyə çevirib 1933-cü ildə çap etdirən Corc Lamsa da öz tərcüməsində bu sözü "kəndir" kimi qeyd edir.

Əslində, ən təəccüblü məqam da ondan ibarətdir ki, ərəb dilində olduğu kimi "dəvə" və "kəndir" mənasını verən sözlər həm arami, həm də yunan dillərində bir-biriylə, demək olar ki, eynilik təşkil edir. Stant Litore "Lives of unforgetting" kitabında Bibliya tərcüməsindəki səhvlərdən danışarkən bu eyniliyi qeyd edərək bildirir ki, arami dilindəki "gamlo" sözü "dəvə", "gamla" sözü isə "kəndir" mənasını verir, eləcə də yunan dilindəki "kamilon" sözü "dəvə" mənasını, "kamelos" sözü isə "kəndir" mənasını verir. Və ilk tərcümələrdə də tərcüməçilər bir hərflə bağlı mexaniki səhvə yol verdikləri üçün bu yanlış, beləliklə, bütün tərcümələrə keçmişdir. Bu xətanın ən dəqiq səbəbi kimi isə arami dilində sözlərin sadəcə samitlərlə yazılması faktı qeyd edilir. Yəni "gamlo" şəklində tələffüz edilən "dəvə" sözü ilə "gamla" şəklində tələffüz edilən "kəndir" sözləri arami dilində sadəcə "gml" samitləri ilə yazılırmış. İsa peyğəmbərin danışdığı arami dilindən yunan dilinə tərcümə zamanı da məhz bu söz xətaya səbəb olmuşdur. Diqqət etsəniz, aramicədəki bu "gml" samitlərinin ərəbcədəki dəvə sözünün "cml" samitlərinə bənzədiyini də görmək olar.

Həm yunan, həm arami, həm də ərəb dillərində "kəndir" və "dəvə" sözlərinin eyni olması, yaxud bir-birinə bənzəməsinin səbəbini izah edərkən isə Corc Lamsa bildirir ki, keçmiş zamanlarda qalın kəndirlər dəvənin tükündən hazırlanırdı və çox ehtimal ki, yaratdıqları yeni əşyaya da insanlar məhz o əşyanın mənşəyinə uyğun ad verirmişlər.

X əsrdə yaşamış arami dili üzrə leksikoqraf Mar Bahlulun fikirləri də İncildəki mübahisəli sözün "kəndir" olması istiqamətindədir.

"Kəndir" seçimini təsdiq edən başqa bir məqama nəzər salaq.

Yuxarıda İncildən verilən o cümləni kontekstdən çıxarmadan mətnin əvvəlini də oxusaq, görərik ki, bir nəfər varlı insan İsanın yanına gələrək ondan əbədi həyatı necə qazana biləcəyini soruşur. İsa isə ona bildirir ki, hər şeyini satıb kasıblara paylamalıdır. Adam bu cavabdan çox məyus olur, məhz bu vaxt İsa öz tələbələrinə sarı dönərək var-dövlətli insanların  cənnətə girməyinin çətin olduğunu bildirir və məlum iynə bənzətməsindən istifadə edir. İsanın dediyi cümlənin "kəndirin iynə dəliyindən keçməsi, varlı bir insanın Tanrının mülkünə daxil olmağından daha asandır" şəklində olduğunu iddia edənlər bildirirlər ki:

Kəndir bütöv şəkildə heç vaxt iynə dəliyindən keçə bilməz, amma kəndirin onu yaradan iplərə, daha sonra isə saplara bölünərək iynə dəliyindən keçməsi mümkündür. İncildəki bu bənzətmə də məhz o məqamı vurğulayır ki, zəngin insan öz var-dövlətini məhz o kəndir kimi qatbaqat soyunmalıdır, kəndir saplara qədər kiçildikdən sonra iynədən keçdiyi kimi zənginlər də yalnız bu şəkildə cənnətə daxil ola bilərlər.

Dəvə bənzətməsi varlı insanlar üçün heç bir qurtuluş yolu qoymur, çünki dəvənin iynə dəliyindən keçməsi ümumiyyətlə mümkün deyil. Bu isə bir qədər ədalətsiz görsənə bilər. Yəni İsa peyğəmbərin heç bir çıxış yolu qoymadan varlı insanlarla bağlı "dəvənin iynə dəliyindən keçməsi, varlı bir insanın Tanrının mülkünə daxil olmağından daha asandır" deməyi, bütün varlılarla bağlı bu cür qeyri-adi hökmü səsləndirməsi sual doğurur: varlı olmaq məgər günahdırmı? "Kəndir" variantı isə onu demək istəyir ki, varlı olanlar cənnətə getmək üçün daha ciddi sınaqla üz-üzədirlər və bunun üçün daha böyük səy göstərməlidirlər. Çünki onların qarşısında öz var-dövlətlərini kasıblarla paylaşmaq borcu dayanıb.

Qısası, təhlillər və uzun araşdırmalardan sonra bu qənaətə gəlmək mümkündür ki, İlahi mətndə nəzərdə tutulan söz, əslində, məhz "kəndir" sözüdür.

Və bu kəndir bənzətməsinin dəvə bənzətməsindən daha həqiqi, inandırıcı, tutarlı və təsirli olduğunu ərəb dilini bilən Füzulinin hiss etməməyi xeyli təəccüblü görünür. Tədqiq etdiyimiz qədəriylə, Füzuli beytindəki "bəir" sözünün başqa mənaları arasında "kəndir" mənası yoxdur. Bu ehtimal da mümkündür ki, Füzuli, o beytdə istifadə etdiyi gözəl bənzətməni bu incə məqama görə heyif etmək istəməyib və dəvəni öz dərdləriylə yükləməyə razı olub.

 

19-20 iyul, 2023


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!