Təbiilikdən doğan sərbəst... - Tərlan QULİYEV

Tərlan QULİYEV

 

Kim nə deyir, desin, bugünkü sərbəst vəzn, sərbəst şeir təfəkkür etibarilə bizim poeziyamıza gəlmə vəzndir. Bunu, bu vəznin bizim poeziyamızdakı tarixi də sübut edir. Amma o da başqa məsələdir ki, bu vəzni dilimiz, təfəkkürümüz üçün də doğmalaşdırdı...

Mən otuz il bundan əvvəl sərbəst vəzn, sərbəst şeir, Rəsul Rza yaradıcılığı haqqında etüd şəklində yazdığım və hörmətli Xalq yazıçımız Anarın da bu illər ərzində Xalq şairimiz Rəsul Rza haqqında yazdığı  yazılarında bir neçə dəfə sitat kimi gətirdiyi fikirlərimin üstündə bu gün də durur və onları hətta bir qədər də irəli aparmaq istəyirəm. Mənim otuz il bundan əvvəl yazıb "Azərbaycan müəllimi" qəzetinin 31 yanvar 1992-ci il tarixli sayında çap etdirdiyim fikirlər isə bunlardan ibarət idi: "Anadilli şeirimizin keçdiyi tarixi inkişaf yolunu poetik mərhələlər nöqteyi-nəzərindən aşağıdakı şəkildə ümumiləşdirmək olar: Azərbaycandilli şeirin ümumtürk mərhələsi; a) "Dədə Qorqud" şeirləri, b) "Divanü lüğat-it Türk" əsərində olan mənzum parçalar. Anadilli şeirimizin orta əsrlər mərhələsi; a) Klassik üslubda yaranan poeziya, b) folklor-aşıq üslubunda yaranan poeziya. Azərbaycandilli şeirin müasir mərhələsi; a) Səməd Vurğun şeiri, b) Rəsul Rza şeiri...

XX əsrin 20-30-cu illərində şerimiz öz inkişafının tamamilə yeni bir mərhələsinə qədəm qoyur. Hətta Hüseyn Cavid kimi klassik normalara tam sadiq qalan bir şair də yaradıcılığında əruz vəzni ilə bərabər heca vəzninə də müraciət edir və elə bu andaca Səməd Vurğun öz böyük istedadı ilə meydana çıxır və poeziyada təşəbbüsü öz əlinə alır. İki min ildən artıq tarixi olan heca vəzni Səməd Vurğun yaradıcılığında demək olar ki, zirvəyə qalxmışdır. Səməd Vurğunla bərabər XX əsr şeirimizin poetik simasını müəyyənləşdirən, XX əsr şeirimizdə ayrıca bir poetik mərhələ olan ikinci şair Rəsul Rzadır. Rəsul Rza poeziyamız tarixində sərbəst şeirin ilk böyük yaradıcısıdır.

Sərbəst şeir, sərbəst vəzn isə istər bizim ədəbiyyatda, istərsə də dünya ədəbiyyatında hələ öz simasını tapmayan, təşəkkül dövrünü keçirən ən cavan ədəbi formadır. Hələ sərhədləri, normaları müəyyən olmayan bir ədəbi formada isə yazıb-yaratmaq olduqca çətindir. Rəsul Rza istedadının nəticəsidir ki, bir şair kimi həm özünü, həm də sərbəst şeiri poeziyamızda təsdiq etmişdir".

Bəli, bunlar mənim 30 il bundan əvvəlki fikirlərim idi. İndi isə vaxtilə proqram xarakterli söylədiyim bu fikirlərin üzərində durub, sərbəst şeir, onun genezis xüsusiyyətləri və bu müstəvidə Rəsul Rza yaradıcılığı haqqında daha bir sıra fikirlərimi oxucularla bölüşmək istəyirəm...

Bilmirəm, haradasa yazmışam, yoxsa, yox, amma yazmamışamsa, onu deyə bilərəm ki, müəllimim, XX yüzilin ən böyük şeirşünaslarından, əruzşünaslarından biri olan Əkrəm Cəfər vaxtilə söhbət zamanı Azərbaycan poeziyasında sərbəst şeirdən danışarkən, onu nəzəri baxımdan əsasən üç yerə böldü və mən də bu bölgüyə sonralar (yenə də şifahi şəkildə) bir növ də əlavə etdim. Beləliklə, aşağıdakı üç növ Əkrəm Cəfərin bölgüsü, dördüncü növ isə mənim əlavəmdir: 1. Ritmi, qafiyəsi olan əsil sərbəst, 2. Hecadan törəyən sərbəst. Yəni əslində heca olub, lakin sərbəst kimi də oxunması mümkün olan sərbəst. 3. Ritmi, qafiyəsi olmayan sərbəst, yəni "ağ şeir". Və birdə... 4. Əruzda sərbəst. 

Sərbəst şeirdən danışarkən, yarı zarafat, yarı gerçək şəkildə onu demək olar ki, bu şeir növünün, vəznin sərbəst adlanmasının bir səbəbi, bəlkə də, onu yaradan şairlərin bu şeirləri qələmə alarkən bəzən tam sərbəst olduqlarını, dilin xüsusiyyətlərini, ritmi, qafiyəni nəzərə almamalarının mümkün olduqlarını düşünmələridir. Təbii ki, bu yanlış düşüncədir. Amma bu yanlışlıq hələ ki, bağışlanılandır və hələ uzun bir müddət də bağışlanacaqdır. Niyə? Ən azından ona görə ki, bu şeir növü, bu vəzn hələ də təşəkkül dövrünü keçirir. Bunu sübut etmək üçün isə sərbəst şeirin poeziyamız tarixindəki təqribən yüzillik tarixinə üslubi baxımdan nəzər salmaq kifayətdir. Ki, orada ən azından Əkrəm Cəfər (Əkrəm Cəfərin sərbəst vəzində yazdığı şeir 1923-cü ildə "Maarif və mədəniyyət" jurnalında çap olunmuşdur), Mikayıl Rəfili, Mikayıl Müşfiq, Səməd Vurğun, Rəsul Rza, Nigar Rəfibəyli, Osman Sarıvəlli sonralar Əli Kərim, Fikrət Qoca, Vaqif Səmədoğlu, Rəfiq Zəka, Ramiz Rövşən, Vaqif Bayat və onlarla başqalarının üslublarını görək... Bu üslublar hələ ələnməli, aranmalıdır. İndi heca vəznində yazmağa nə var ki? Hər şey aranıb, ələnib. Amma sərbəst şeirdə bu proses qarşıdadır və gedir. Bu mənada, bu proses necə gedəcək və yuxarıda adlarını çəkdiyimiz şairlərdən hansı bu yolda örnək ola bilər və niyə? Təbii ki, bu suallara cavab tapmaq lazımdır: həm elmi və həm də poetik baxımdan. Məncə, hər bir qələm sahibi, şair öz daxilində yalnız bu suallara cavab tapdıqdan sonra sərbəst şeirimiz, sərbəst vəznimiz daha doğru istiqamətdə irəliləyəcək... Elmi planda isə müəyyən proqnozlar vermək mümkündür... Bu mənada, mənə elə gəlir ki, heca vəznində olduğu kimi sərbəstin də əsasında, kökündə Azərbaycan dilinin sintaqm quruluşu durur (təqribən, deyəsən, əruzda da bu, belədir. Bu haqda, inşallah, gələn söhbətlərdə...). Başqa sözlə desək, yəni istər heca vəzni və istərsə də sərbəst, hər ikisi Azərbaycan dilinin sintaqm quruluşundan, onun prosodik əlamətlərlə birləşmələrindən törənmişdir. Ona görə də bu iki vəzndə bir-birinə  meyl olduqca güclüdür. Yəni onlarla heca vəznində yazılmış şeirin sərbəst vəzn şəklində oxunduğunun mümkün olduğunu  misal  göstərə bildiyimiz kimi, eyni zamanda, onlarla da sərbəst şeirin heca kimi oxunmasının mümkün olduğunu da göstərə bilərik. Bu mənada, hecadan sərbəstə və sərbəstdən hecaya keçidin arasında əslində bir addımlıq məsafə var... Amma əgər şeirin prosodik xüsusiyyətləri olmasa... Və belə nümunələrə ən azından istər Səməd Vurğunun, istərsə də Rəsul Rzanın yaradıcılığından kifayət qədər nümunə göstərə bilərik.

Amma təmiz hecadan və təmiz sərbəst xüsusiyyətlərinə malik olan sərbəstdən, yəni sərbəstin təsirinə düşməyən hecadan və hecanın təsirinə düşməyən sərbəstdən isə ayrıca danışılmalıdır. Çünki bu vəznlər şeirimizdə ayrı-ayrılıqda öz vəzn xüsusiyyətlərini artıq çoxdan təsdiq etmiş və bu xüsusiyyətlərin nədən ibarət olduqlarını ortaya qoymuşlar. Əslində heca vəzninin xüsusiyyətləri çoxdan məlum idi. Sərbəsti isə Rəsul Rza müəyyənləşdirdi. Bu barədə danışarkən  Səməd Vurğun və Rəsul Rza yaradıcılıqlarına müraciət etməyimizin səbəbləri isə xüsusidir. Bizcə, əgər heca vəznində Səməd Vurğun daha çox Azərbaycan dilinin sintaqm quruluşuna söykənən şairdirsə, yuxarıda göstərdiyimiz sərbəstçilər sırasında,  sərbəst vəzndə də Rəsul Rza Azərbaycan dilinə, onun ritminə, sintaqmına, prosodik xüsusiyyətlərinə daha çox əsaslanan və özü də ilk əsaslanan, bu istiqamətdə ənənə yaradan, məktəb yaradan şairdir. Bunu Rəsul Rza poeziyasını sərbəst yazan digər şairlərin yaradıcılıqları ilə azacıq müqayisə də sübut edir. Belə ki, əgər Rəsul Rzanı sərbəstin ilk böyük yaradıcısı sayırıqsa və sonrakı şairləri onun davamçısı adlandırırıqsa, deməliyik ki, onun yolunu davam etdirən şairlər ilk növbədə onun dildən istifadəsindən öyrənmiş, bəhrələnmişlər. Təbii ki, bu işə  onlar nə qədər şüurlu şəkildə yanaşmış və nə dərəcədə nail ola bilmişlər, bu, başqa söhbətdir. Amma bu bir həqiqətdir ki, sərbəstdə, bu vəznin misra həcmini, Azərbaycan dilinin, sintaqmına, ritminə əsaslanan misra həcmini Rəsul Rza yaratmış və yaratdığı bu poetik kəşf Azərbaycan dilindən, təbiilikdən doğduğu, ana dilinə söykəndiyi üçün sonuna qədər onun yaradıcılığına yoldaşlıq etmiş və belə demək olarsa, Azərbaycan sərbəstinin əsas aparıcı istiqaməti kimi bir normaya çevrilmişdir. Təbii ki, bu məqamda mənimlə mübahisə edib ən azından Mikayıl Müşfiq və sonralar Əli Kərim yaradıcılıqlarında da maraqlı misra həcmlərinin olduqlarını söyləmək olar. Amma yenə də demək istəyirəm ki, bütün bunlar nə qədər uğurlu olsalar da,  sərbəstin inkişafında ekspremental, kəşfiyyat xarakterli gəzişmələrdir və demək olar ki, normanı əks etdirmir. Norma isə Rəsul Rzadır... Amma bu da var ki, Rəsul Rza poeziyası da nə qədər  norma olsa da, bizcə formal baxımdan, şeirlərin yazıda əksi zamanı ritmin, bölgünün, dilin sintaqm quruluşunu, bu sintaqmı şeir yaranarkən şair necə əks etdirirsə, şeir kağıza köçürülən zaman da o şəkildə əks etdirməsi üçün azacıq redaktəyə ehtiyacı vardır. Bu mənada, məncə, Rəsul Rzanın bir şeirinə sintaqm və xüsusilə də sərbəst şeirin ritmi baxımından nəzər salmaq maraqlı olardı. Onu da deyək ki, bu yaxınlarda Rəsul Rza əsərlərinin əksəriyyətinin tərtibçisi olan Anar müəllimlə söhbət zamanı o, Rəsul Rza şeirlərinin tərtibi zamanı şeirlərin quruluşuna, tərtibinə toxunmadığını, bu tərtiblərin kitablarda Rəsul Rza necə yazıbsa, eləcə də saxlanıldığını söylədi. Biz isə onun məşhur "Mən torpağam" şeirindən bir parçanı ilk növbədə onun bölgüləri ilə sonra isə bizim gördüyümüz şəkildə, bölgülərlə verək.

 

Mən torpağam, məni atəş yandırmaz,

tərkibimdə kömürüm var,

külüm var.

Mən baharam, çəmən-çəmən

çiçəyim var, gülüm var.

Mən küləyəm, əsməsəm,

kim bilir ki, mən varam.

Mən buludam, səhraları susuz görüb,

ağlaram...

 

Mən torpağam, 4

məni atəş yandırmaz, 7 (4+3)

tərkibimdə 4

kömürüm var, 4

külüm var. 3

Mən baharam, 4

çəmən-çəmən 4

çiçəyim var, 4

gülüm var. 3

Mən küləyəm, 4

əsməsəm, 3

kim bilir ki, 4

mən varam. 3

Mən buludam, 4

səhraları susuz görüb, 7 (3+4)

ağlaram... 3

 

Şeir eyni şeirdir... bir sözünə də toxunulmayıb. Amma bu düzülüşdə dilin ritmi, sintaqmı daha çox nəzərə çarpır ki, məncə, şeir də daha çox bu ruhda qələmə alınmışdır... Və  əslində Azərbaycan dilinin sintaqm, ritm quruluşunu əks etdirən bu bölgü sistemi aşağı-yuxarı Rəsul Rzanın bütün şeirlərinə xasdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!