Tarix mövcud olanı - təbiət və cəmiyyətin həqiqi görüşünü, həqiqi mahiyyətini tədqiq edərək obyektiv münasibəti - təqdir, yaxud tənqid edir. Əslində gerçəklik tarix yaradanlar tarixi yazanlar tərəfindən zaman-zaman müəyyən dövrlərin sosial-iqtisadi münasibətləri, siyasi, ideoloji və məfkurəvi, sosioloji tələblərinə uyğunlaşdırılmış ifadəsindən ibarətdir. Müasir dövrün tarixşünaslığı da bu faktla barışmaqdadır. Sosialist ideologiyası, sovetlərin siyasi və sosial diktəsinin XX əsr Azərbaycanını, onun milli istiqlal hərəkatını, Cümhuriyyət dəyərlərini, lap elə tarixi milli kimlik şüurunu necə saxtalaşdırması artıq hər birimizə gün kimi aydındır. Həmin təsisatların saxta, zorakı təsiri tarixi yazanların da sosial həyatında görünüb, mədhiyyəçiliyin yeni forma və üsulları yaranıb. Ədəbiyyatımızı yaradan və onu tarixləşdirənlər də belə bir aksioma ilə çox üzləşiblər. Sosialist realizm metodologiyasının tələbləri bu sahənin adamlarını da məddaha, yaxud repressiyalara məruz qoydu. Bütün bunlar müstəqillik qazandıqdan sonra yeni araşdırmalarda yeni rakursda təhlilə cəlb olundu, yüzlərlə tarixi, ədəbi əsərlər yazıldı, dərsliklər təzələndi. Hətta o dərəcədə təzələndi ki, həmin təzələrin yenidən yazılması tövsiyə olundu. Özünə güvənc və cəsarətdən qeyrət libası geyənlər saxta yox, həqiqi tarix yazmağa rəvac verdilər. Ədəbiyyat tarixini yaradan və yazanlar da hərəkətə gəldi; bu düşüncədən doğulan iki tədqiqatçının adını vurğulamaq istəyirəm: akademik İsa Həbibbəyli və professor Bədirxan Əhmədli. İsa Həbibbəyli ədəbiyyat tariximizin dövrlər üzrə konsepsiyasını hazırladı, Bədirxan Əhmədli isə "XX yüzil Azərbaycan ədəbiyyatı; mərhələlər, istiqamətlər, problemlər)" monoqrafiyasını və üç cilddə "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" dərslik-monoqrafiyalarını yazdı. Bu qeydlərimiz də adı çəkilən monoqrafiyasına giriş kimi düşünülmüşdür. Müəllif XX əsr ədəbiyyatımızın mənzərəsi fonunda yeni problemlər qoyur və onun həllinə çalışır; ədəbiyyatın sosial məzmunu, yeni yaradıcılıq konsepsiyaları, metodoloji yanaşmalar, yeni forma və janr axtarışları, ədəbi proses üçün qeyri məqbul hesab olunan basqılar, siyasi repressiyalar, senzura və müxtəlif "izm"lərin təşəkkülü və s. problemlər dövrün ədəbi genezisini dərk etmək üçün açar rolunu oynayır. Bu məsələlərin məzmun arenası bir yana, elə başlıqların özü dövrün, zamanın siyasi, ideoloji, sosioloji təsisatlarının möhürünü çiyinlərində daşımaqdadır. B.Əhmədli tarixə xidmət və sədaqətini məhz həmin təsisatları mərhələ, istiqamət və problemlər kontekstində təhlil edir. Tədqiqatçı ədəbi hadisə və prosesin məzmunu, təşəkkülü və şərhini tarix üçün açaraq böyük zəhmət hesabına, elmi təfəkkürün dərininə və eninə enir, hüdudlarının miqyasını bəlirləyir və bunun öhdəsindən şərəflə gəlir. Ədəbiyyatın inkişaf mərhələsini araşdırarkən belə bir qənaətə gəlir ki: "Ötən yüzilliyin adı çəkilən ilk mərhələsi milli müstəqillik uğrunda ictimai, ədəbi mübarizəni şərtləndirirsə, ikinci mərhələsi fərqli yalançı müstəqilliyin imitasiyası fonunda baş verir. Bugünkü ədəbiyyatşünaslıqda da ədəbi nümunələr içərisində ən çox tənqidə məruz qalan da məhz bu dövrün ədəbi məhsulları olur". Təbii, burada söhbət sosializm donuna bürünmüş ədəbiyyatdan gedir, o ədəbiyyat ki, sosialist realizminin ədəbi tənqidində öz dəyərini almaq məcburiyyətində idi. Müəllifin yüzilliyin ədəbi nümunələrini mərhələlər üzrə araşdırması məhz həmin dəyərdən yaxa qurtarmaq üçün ayrı-ayrı şərhini işləməklə məqsədli olaraq düşünülüb. Və məhz akademik İsa Həbibbəyli haqlı olaraq müəllifin bu bölgüsünü qanunauyğun, düzgün yön, seçim kimi qiymətləndirir. Qeyd edək ki, monoqrafiyanın doğuluşunu müəllif dövrə yeni yanaşma metodu ilə çəpərləmir, həm də dövrün ədəbi prosesini və "həmin mərhələdə yaranmış, indiyədək tədqiqata cəlb edilməyən əsərlərin, tədqiqatların fundamental səciyyələndirilməsi"ni elan edib tədqiqata cəlb etməsiylə də çəpərləri dağıdır, gerçək ədəbi prosesin mərhələlərini obyektivlik taxtında əyləşdirir. Bu isə siyasi müstəqilliyimizin yeni iqtisadi inkişaf kursunun davamlılığı dövründə ədəbi-bədii düşüncənin inkişaf problemlərinin yenidən işlənməsini zərurətə çevirir.
Monoqrafiya "Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü, "Cümhuriyyət ədəbiyyatı; milli istiqlal ideyalarının təşəkkülü", "Postcümhuriyyət ədəbi prosesi və onun xarakteri", "Siyasi-ictimai repressiyalar dövrü ədəbi prosesi və onun xarakteri", "Sosializmin təşəkkülü və yeni meyllərin təzahürü", "Altmışıncı illər ədəbi prosesi və onun genezisi" başlıqlarını əhatə edir. Fəsillər ayrı-ayrı bölmədə işlənməklə bütövlüklərini bərpa edərək mərhələləri, istiqamətləri və problemləri öz bətnlərinə ustalıqla hopdurmuşdur. Monoqrafiya üçün əsas daşıyıcı amilə çevrilən cəhət konkret ədəbi-bədii nümunələrin yürüdülən düşüncələrin təsdiqinə xidmət missiyasından ibarətdir. Cəsarətlə deyə bilərik ki, həmin missiya dəqiqliklə, professional ustalıqla, fundamental elmi təfəkkürə söykənməklə yerinə yetirilir. Araşdırma boyu bu missiya səni özünə həmsöhbət kimi qəbul edir, başqa cür desək, düşünən, düşündürən canlı orqanizm təsiri bağışlamaqla oxunaqlıq gücünü artırır. Bəs bu cür missiyaçılığa dəyər verən müəllif şərhləri, analitik təhlilləri və onların fərdi üslubi cəhətləri? B.Əhmədlinin elmi təfəkküründən süzülüb gələn düşüncələr də ədəbi-bədii və elmi nümunələr kimi çəkilidir. Bax, bu iki cəhət vəhdətdə monoqrafiyaya klassik mükəmməllik, fundamentallıq bəxş edir. Budur o, milli hərəkatın mənbə və qaynaqlarını sərgiləyərkən nə az, nə çox 24 ədəbi şəxsiyyətin, dövlət və ictimai xadimin adlarını sıralayır və qeyd edir ki, Azərbaycan xalqı tarixin heç bir zaman kəsiyində bu mərhələdə olduğu qədər fikir və milli hərəkat adamlarına, ziyalılara şair və yazıçılara, publisistlərə malik olmamışdı. Və mənbə və qaynaq kimi ilkin olaraq M.F.Axundzadəyə, H.Zərdabinin "Əkinçi"sinə daha çox istinad edir. Nəticə isə belədir: "M.F.Axundzadə milli kulturoloji oyanışın əsasını qoymaqla problemi ədəbi, ictimai, siyasi fikir arenasına daxil edir, maarifçi və realist düçüncədən çıxış edərək avropasayağı formalardan istifadə etməklə milli mədəniyyətin təşəkkülünü Qərb mədəniyyəti ilə qovuşuğunu təmin edir". Burada gözümüz önünə F.Qasımzadə, M.C.Paşayev və F.Hüseynovun ötən əsrdə yazılmış ali məktəb dərslikləri və digərlərinin öndə Y.Qarayev olmaqla, onlarla nəşr olunmuş monoqrafiyaları gəlir. Vaxtilə bizlər bu ədəbi-elmi şəxsiyyətləri özümüzə ustad bilmişik, onların mühazirələrini dinləmişik. Məmməd Məmmədovu, Xeyrulla Məmmədovu XX yüzilin canlı ensiklopediyaları kimi qəbul etmişik. Hələ M.Cəfər müəllim... Buradan yola çıxaraq, deyə bilərəm ki, B.Əhmədlinin araşdırmalarından onların hər birinin elmi qənaətlərinin iyi gəlir və unutmayaq, o, monoqrafiyanı ərsəyə gətirmək üçün 550-dən artıq ədəbiyyata mənbə kimi yanaşıb. Təkcə M.F.Axundzadəyə istinad etdiyi fikir öz təzəliyi və mükəmməlliyi ilə bənzərsizliyini gerçəkləşdirib. Monoqrafiyaya bir də bu cəhətdən dəyər vermək lazımdır. Budur, milli hərəkat dövrünün proyeksiyasını belə cızır: "Lakin milli hərəkatın bu qədər qısa zaman kəsiyində formalaşması və Cümhuriyyətin yaranması ilə başa çatması heç də milli hərəkat və milli kimlik ideyalarının da bu zamandan doğulması anlamına gəlməməlidir. Belə ki, başlanğıcını XIX yüzildən götürərək bir mərhələ kimi, əlli ildən çox gizli şəkildə yol gələn milli ideya məhz XX yüzilin əvvəllərində reallaşır. A.Bakıxanov, M.F.Axundzadə və H.Zərdabinin davam və inkişaf etdirdiyi milli ideya daha çox ədəbi, bir qədərsə publisistik, siyasi müstəvidə, lakin başa düşüldüyü qədər açıq şəkildə olmadan uzun bir yol keçib gəlmişdir".
Bu yolun karvanını çəkib aparan sarvanlardan bizə öncədən məlum olanlardan başqa Əli bəy Hüseynzadə, Əhnəd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Abdulla Sur, Haşim bəy Vəzirov, Əhməd Cavad və başqalarının irsinə müraciətin nəticəsidir ki, otuz illik epoxa təkcə ədəbi düşüncənin deyil, "ictimai-siyasi təfəkkürün, bütövlükdə milli şüurun və dövlətçilik fəlsəfəsinin formalaşması, yaranması kimi yadda qalır". Fərdi düşüncənin məhsulu kimi bu son qənaət ilk dəfədir ki, elmdə özünə yer qazanıb, müəllifinə uğur gətirib. Əslində monoqrafiya boyunca bu cür tezislərə tez-tez rast gəlinir. Və bu da onun yeni məzmunlu tədqiqat əsəri olduğunu bəyan edir, ədəbiyyatşünaslıq elminin tərəqqisinə ünvanlanır. "Mətbuat və publisistikanın təşəkkülü" bölməsində 80-ə yaxın Azərbaycan və rus dillərində fəaliyyət göstərən qəzet və jurnalların istiqamətləri, həyat yolu müəyyənləşdirilir. Əks qütblərdə dayanan mətbuat orqanlarının məslək birliyi və ayrılıqları, eləcə də senzura nəzarəti şəraitində dövrün ədəbi-milli aydınlarının fəaliyyəti ön plana çəkilir. Həmin aydınlar arasında kimlər yoxdur... Bizə məlum olan və olmayanlar. "Əks qütblər", "məslək ayrılıqları" ifadələri bizə sovet ədəbiyyatşünaslığının sırıdığı varlıqlardır. Bu "qarşıdurmalar"ı müəllif həqiqi mənada qəbul etsə də, bir çoxunun ayrı-ayrı yazarların şəxsi fakt qarşısında qoyur. Bununla belə etiraf edir ki, həmin münaqişələrin ümumiləşdirilib nəticəyə gəlməsinə ehtiyac var. "Molla Nəsrəddin"in fəaliyyətinə daha çox diqqət ayıran müəllif özündən sonra satirik ədəbi məktəb yaradan jurnala belə qiymət verir: "C.Məmmədquluzadə elə bir satirik zirvəni (şeirdə, dramaturgiyada, nəsrdə və publisistikada) fəth etdi ki, "sələflərinin heç birinin əli o zirvəyə çatmadı". Məhz bu fonda "Füyuzat" və onun konsepsiyası, proletar mətbuatında ictimai fikrin formalaşması, eləcə də satirik mətbuat və milli özünü dərk problemləri fakt və nümunələr əsasında şərh olunur və yekun nəticələr qara şriflərlə təqdim edilir.
Mövcud tədqiqatlardan məlum idi ki, ədəbiyyatımızın romantizm mərhələsi iki konseptual mövqedən-mütərəqqi və mürtəce anlayışlarla şərh olunub. Zaman keçdikcə romantiklərin məslək və əqidələrində bərabərləşməyə meyl uyarlığı və maarifçilik zəminində azadlıq və müstəqillik carçılığı birliyi, onların qəhrəmanlarının işıqlı gələnəkçilik ümidləri, ideal həqiqət axtarışları üzə çıxarıldıqca bu mövqe tarixin arxivinə çəkildi. B.Əhmədli romantizmin mərhələsi və onun ədəbi-estetik prinsiplərini müəyyənləşdirərəkən romantizmin mütərəqqi və mürtəce nümayəndələrini xatırladaraq, bu sahədə tədqiqatlar aparmış Məmməd Cəfər, Məsud Əlioğlu, Yaşar Qarayev, Vəli Osmanlı, Kamran Əliyev, İsa Həbibbəylinin elmi düşüncələrindən fikrinə söykək kimi istifadə etmişdir. Azərbaycan romantizminindəki milliliyi dünya romantizmindəki mədəniyyət tipindən ayırmağın yalnız milli hadisə kimi şərh etməyin doğru olmadığını əsaslandırır. Onun fikrincə, Qərb romantiklərinin yaradıcılığında ağılın təntənəsi və azad cəmiyyət ideyası əsas yer tuturdusa, milli romantiklərin yaradıcılığında maarifçilik ideyalarına üstünlük verilirdi. Klassik Azərbaycan və Şərq ədəbi fikrilə Avropa ədəbiyyatı və rus romantizmilə bağlılıqda təsnif olunması düzgün olsa da, onu özünəməxsusluqdan qətiyyən ayıra bilməz. Tədqiqatını bunu nəzərə alaraq dərinləşdirən müəllif bu nöqteyi-nəzərdən fikrini israrlı olaraq elan edir: "Milli şüur, ictimai və milli azadlıqlar, türkçülük, dil, vətəndaşlıq kimi problemlər romantizmin əsas qayəsini təşkil edir. Bir sözlə romantizmin Azərbaycan intibahının bir tərkib hissəsi olaraq meydana çıxdığı qətiyyətlə söyləyə bilərik". Dünyəvilik baxışlarından güc alan, eyni zamanda, həm də turançılıq, müasirlik ideyaları, mədəniyyətlərin sintezi problemlərin bətnində oturaqlaşdığı aydın olur. Azərbaycan romantizminin ədəbi, estetik prinsiplərini onun poetikası fonunda açıqlayan müəllif bu poetikanın bətnində folklor poetikası və süjetləri, gözəlliyə münasibət, insanın daxilindəki real və irreal aləmin təsviri, azadlıq və mübarizə, eləcə də ilblislik, platokin məhəbbət, vətən məhəbbəti, Şərq-Qərb qarşıdurması və s. komponentlərin olduğunu qeyd edir. Onun romantiklərin düşüncələrindən, bədii əsərlərindən kifayət qədər nümunələr gətirməsi yetərincə əsaslıdır və yeganə dəqiq tədqiqat yönüdür. Və əlavə olaraq bildirir ki, bu poetizmin çeşidli üslubu və yarı ədaları fərqliliyi nəzər alınmalı və bu romantizmin nümayəndələrinin ədəbi prosesdəki mövqeyini bərabərləşdirmək doğru olmazdı.
Bədirxan Əhmədlinin araşdırmalarında tənqidi realizmin genezisi və inkişaf meylləri, maarifçilik hərəkatı və maarifçi realist ədəbiyyat məsələlərinə müasir baxış bucağından münasibət göstərilmiş, məlum fikirlər daha da dolğunlaşdırılaraq dərinləşdirilir. Onun düçüncələri özünə qədərki tədqiqatların aparıcı istiqamətləri üzərində dayanaraq fundamentallıq qazanır, bütöv bir ədəbi epoxanın ictimai-siyasi və sosial problemlərinin maarifçilik zəminində tənqidi realizmin genezis və inkişaf mərhələlərini, maarifçilik hərəkatını milli və dünya ədəbi müstəvisində təhlil edir. Tədqiqatçı problemlərin inkişaf meyllərinin mənzərəsinə işıq salaraq elmi-tədqiqat yönəmində müstəqil mühakimələri ön planda oturaqlaşmışdır. Və doğru olaraq o, qeyd edir ki, "tipik şəraitdə tipik xarakterlərin yaranması və tipik hadisələrin təsviri məhz bu dövrün realizmin əvvəlki realizm mərhələlərindən fərqləndirən ən mühüm faktorlardan bir idi". Məlum olur ki, müasirlik, xalq, vətən dərdləri, onlara çarə qılmaq bu realizmin episentri ilə kifayətlənmir, sənətin poetikasındakı yeni düşüncəni də təmsil etməklə öz tarixi missiyasını böyüdür; janrların inkişafı, dil, üslub, forma sənətkarlığının inkişafı, nəsr və dramaturgiyanın poeziyaya nisbətən dominantlıq qazanması, satiranın bütün janrlarda yeni situasiyalar doğurması, ən əsası ədəbiyyatda həyat nəbzinin döyüntüləri, səmimilik, sadəlik və kütləvilik, xüsusən də bədii düşüncədə mücərrədlikdən uzaqlaşma əsrin tənqidi realizmini şərtləndirən amillərə çevrildi. Maarifçilik hərəkatından danışanda isə bədii yaradıcılıq metodu baxımından onun digər ədəbi konsepsiyalardan geri qalmasını vurqulamaqla onu da əlavə edir ki, ancaq funksionallıq baxımından onların hərəkatı cəmiyyətə daha çox nüfuz edib və bununla da maarifçiliyin əbədi və əzəli missiyasını daha da inkişaf etdirmiş, bu inkişafa Hacı Zeynalabdinlərin, Musa Nağıyevlərin dəstəyi, hərəkatda iştirakları da aparıcı faktor kimi müəllif tərəfindən əsaslandırılır. Maarifçi realizmin nümayəndələri mövzu və problematika baxımından yaxın olub oxucu şəbəkəsinin daha geniş auditoriyası olan məktəbin gənclərdə vətəndaşlıq hisslərinin, ədəbi dünyagörüşünün artırılmasındakı rolları böyük dəyər qazanıb. Məhz bu dəyər hesabına bu ədəbiyyat mövzu, ideya, janr və forma, obraz, xarakter baxımından xüsusi səciyyəvilik qazanmış, ədəbi sərvətimizi artımlı etmişdir. B.Əhmədli öz təhlillərində bu məsələlərin XX yüzilə məxsus maarifçilik hərəkatının məzmun və ideyasında oturaqlaşdığını zəngin nümunələr əsasında uğurla təsdiq etmişdir.
Bədirxan Əhmədlinin araşdırmalarında ilk dəfə olaraq Azərbaycan Cümhuriyyəti dövrü tədqiqata cəlb edilir. Ədəbi sahədə həmin dövrün siması onun təqdimatında əsaslı sistematiklik, dərin və ciddi ümumilik kəsb edir: milli istiqlal ideyalarının təşəkkülü, yaranan ədəbi prosesi və onun xarakteri, ədəbiyyatın proletar mərhələsi fonunda ictimai-siyasi proseslər və poetik təfəkkürün formalaşması, satirik poeziyanın inkişaf yolları, bədii nəsr və onun formalaşması, dramaturji istiqamətlər və bədii gerçəklik məsələləri özünün elmi tədqiqi həllini tapır. Cümhuriyyətin tarixi, siyasi, ideoloji gerçəkliyini həmin illərin milli siyasi, ədəbi fəlsəfi düşüncənin nəticəsi olaraq meydana gəlməsi ilə şərtləndirən müəllif qeyd edir ki, "Milli dövlətçiliyi, müstəqillik ideyalarını şərtləndirən milli mənlik şüurunun yaranmasının aspektləri məhz bədii düşüncəyə söykənir. Yəni milli, etnik mənlik şüurunu, əvvəlcə bədii. Sonra isə ictimai-siyasi təfəkkürdə təşəkkül tapır". Araşdırmanın bir fəsli məhz bu kardinal düşüncənin gerçəkliyi şərhinə xidmət edir, bu missiyanı inandırıcı faktlarla sübuta yetirir. Və bu fonda poeziyaya yeni ideya və istiqamətlər gələrək mövzu və problematika zənginliyinə səbəb olur: "Ə.Hüseynzadənin, Ə.Ağaoğlunun başlatdığı ideoloji yönləndirmələr ictimai fikirdə olduğu kimi, poetik düşüncədə də yeni şərait formalaşdırıb". Yazarların simasında olduqca arqumentli, bədii nümunələrin mətndə özlərinə yer alması qeyd olunan şəraitlə vəhdətdə monumentallıq kəsb edir. Bu monumentallıq müxtəlif yorumunda iki istiqamətdə özünü bəyan edir: "Bədii nəsrdə müəyyən inkişaf yolu keçərək görkəmli nasir kimi tanınan yazıçıların bədii nəsri 2. Yaradıcılığa yeni başlayaraq bədii nəsr və publistikada siyasi, milli düşüncəni əsərlərində ehtiva edən yazarların əsərləri". Təhlillərdən aydın olur ki, bu dövrün poeziyası öncüllük qazanmış, nəsr və dramaturgiya ona nisbətdə zəif olsa da, dramaturgiya bəşəri mövzu və problematika, sənətkarlıq baxımından özünəməxsusluq qazanaraq ədəbiyyatı canlandırmış, onun rövnəqliyini artırmışdır. Çox keçmir ki, postcümhuriyyət ədəbi prosesi və onun fonunda proletar ədəbiyyatının mərhələləri sətirlərdə özünə yer alır; satirik poeziyanın inkişaf yolları və meyilləri, bədii nəsrin formalaşması, dramaturji istiqamətlər şərhə cəlb olunaraq yekun dəyərlərin müəllif yozumunda dəqiqliklə qazanırlar: "Azərbaycan", "Kommunist"lə, "Füyuzat", "Füqəra-Füyuzat" ilə əvəzlənir, yeni quruluşlu düşüncələrlə milli istiqlaliyyət düşüncələri arasında təpkilər, ağır cəzalar dövrü baş alıb gedir, "sosializm quruluşunun üstünlükləri? onun böyük naliyyətləri? mədhiyyəçiliyin olimp zirvəsinə" qaldırılır. Və bütün bunlar ədəbiyyatdan təbliğat vasitəsi kimi sosializm cəmiyyətinin qurulmasında istifadə maşını məqsədinə yönləndirilirdi. Bolşevizmin istilasından sonra "sənət sənət üçündür" yox, "sənət həyat üçündür" formulu poeziyada iki tendinasiya qərarlaşdırır: poeziya sənətinin yaradıcılıq prinsiplərindən doğan yeni poetik təfəkkürün formalaşması və cəmiyyətin, dəyişən həyatın ictimai-siyasi, iqtisadi proseslərini inkişaf etdirən ədəbi-poetik yol-proletar poeziyasının yaranması özünə yer alır: ruporçuluq, keçmiş ənənə və təsvir üsullarından imtina, "formaca milli, məzmunca beynəlmiləl" (az sonra sosialist!) ədəbi konsepsiya hakim ideologiyanın hakim təbliğat maşınına çevrilir. Milli istiqlalçıların yaradıcılığında isə qəm, kədər notları üstünlük təşkil etməyə başlayır. Nəticədə satirik poeziya bir neçə ədəbi-poetik ənənəli yol ayrıcında qalmalı olur, ən əsası realist satirik poeziya ənənəsindən imtina edilir. Onun fikrincə, 20-ci illərin bədii nəsrini isə sırf yeni quruluşla bağlamaq düzgün olmazdı. O, təkcə mövzu və problematika cəhətdən yox, janr, üslub zənginliyi və bədii forma müxtəlifliyi ilə fərqlənirdi. İki sistem - sosializm və kapitalizm arasında gedən mübarizə bədii nəsrdə də təsirsiz ötüşmürdü. Buna görə də ədəbi məhsullar "sırf sənət etibarilə deyil, faktoloji material baxımından" əhəmiyyətli hesab olunmağa başlayır. "İnqilab" "inqilabdan doğan quruculuq eyforiyası" ədəbiyyat və incəsənətin bütün forma və janrlarında rupora çevrilməyə başlayır. "Hər bir dövrün öz teatrı olmalıdır!" tezisi özünü bir daha sosialist gerçəkliyində sınayır. Bu illərin teatr və dramaturgiyası əvvəlki dövrlərdən yalnız mövzu və problematikasına görə deyil, estetik və teatral düşüncə tərzi, üslubu ilə də fərqlənir. Bu fərq, şübhəsiz, həm "inqilab"ın xarakterindən, həm də dövrün zamanın mahiyyətindən irəli gəlirdi". Həyat həqiqəti və bədii gerçəkliyin inikası və aktuallıqdan doğan müasirlik bu dövrün dramaturgiyasının əsas istiqamətlərini təmsil etməyə başlayır. Ümimiyyətlə, bu təhlillərdə faktoloji özəlliklər elmi məzmunla qovuşur. Bir növ böyük tədqiqatçı fenomenliyi təhlillər və faktoloji özəlliklər üzərində köklənir.
Bədirxan Əhmədli ilk dəfə olaraq siyasi-ictimai repressiyalar dövrünü ayrıca fəsildə təhlil edərək müəyyən elmi qənaətlərə gəlir. Bu qənaətlərdən aydın olur ki, ədəbiyyatda, sənətdə ideoloji təmayüllər qalmaqda idi. Ədəbi həyatda müzakirə olunan mövzular, problemlər əksərən Mərkəzdən ötürülür və bir müddət ədəbi mühitdə çəkişməyə səbəb olurdu. Mədəni irsə münasibət, formalizm və naturalizm əleyhinə, proletkutçuluq, ədəbi mühacirlik, bədii dəyər uğrunda kampanyalara da məhz mərkəzdən rəvac verilirdi. Ədəbiyyatşünaslıq və ədəbi tənqidin qiymət verməsində "prokuror ədası" aydınca sezilirdi. Ədəbiyyata şeirlə gələn Əkrəm Cəfər "Cavidə açıq məktub" şeirində "şeirlərim şeirlərinlə vidalaşdı, gedib girdilər komsomola" deyərək onu ədəbi kredosundan uzaqlaşmağa çağırır və özünü Stalin qarşısında "süpürgəçi" libasında təqdim edərək deyir ki, "İnsanların içində görməmək üçün nə burjuy, nə dilənçi, olacağam o rəhbərin qapısında süpürgəçi" - deyə məramını elan edir. S.Vurğun "Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənən, onlara yadam" - deməklə düşmənçiliyini yox, ədəbi-bədii yollarının ayrılığını önə çəkirdi. MK-nın isə ideoloji, siyasi qərarı qəti idi: Proletar Yazıçılar Cəmiyyətini "təsviyə etməli" və "sovet platformasına yardım edərək sosializm quruluşunda iştirak etməyə çalışan bütün yazıçıların kommunist fraksiyalı vahid sovet yazıçıları ittifaqında birləşdirməli".
Tədqiqatçı 30-cu illərin poeziyasının inkişaf meyillərini də təhlilə cəlb edir; bu fonda onun fərdi təzahür formaları, sərbəst şeirin təşəkkülü və poema janrının imkanları araşdırılır. Elə buradaca tutarlı arqumentlərə söykənərək sərbəst şeirin inkişaf yolunu, onun platformasını daha öncə tarixə çəkir. Həmçinin, epik poeziyanı müasir baxış, "həyatı təsdiq pafosu sosialist "gerçəkliyin tərənnümü, kəmiyyət və keyfiyyət dəyişmələrini", yeni forma-struktur qəliblərinin yaranması aspektləri epik şeirin təşəkkülü mərhələsini şərtləndirdi. Yeniləşmə, müasirləşmə, böyük ictimai mətləbləri ifadə etmək, yeni yaradıcılıq prinsiplərindən irəli gələn xüsusiyyət artıq bədii nəsrin görkəmini müəyyənləşdirməkdə idi. Müəllif roman janrının epik və epoxal hadisələrin təsvirinə xidmət işindən danışarkən "Dövrün epoxal hadisələrinə yeni münasibət roman janrına müraciəti şərtləndirdi ki, bu da ümumittifaq miqyasında məhz 30-cu illərin əvvəllərindən müşahidə olunur. Yeni "sovet" varlığını göstərmək "cəmiyyət və insan" probleminin bədii həllini vermək roman janrının payına düşür" - deyə yazır. Xalqımızın tarixi keçmişi, milli varlığının bədii təsviri, yaxın dövrün tarixi hadisələrinə münasibət və müasir, yeni ictimai varlığın ifadəsi yeni yaranan roman janrının mövzu və problematikasını əhatə etməyə başladı. Müəllif "xalqlar dostluğu", "beynəlmiləlçilik" ideyalarının təsviri və təbliğində müasir yanaşmanı Azərbaycan nəsrinin "Axilles dabanı" kimi səciyyələndirir. Fikrini əsaslandırmaq üçün bunların tərənnümünə həsr olunan əsərlərlə mərkəzdən gələn inqilabçi ya qeyri millətin münayəndəsi olur, yaxud da əsərdə müsavat dövrü kəskin tənqid ediirdi. "Bu tendensiya uzun müddət Azərbaycan nəsr əsərlərinin içərisinə atılmış desant rolunu oynayaraq həmin əsərlərin bədii keyfiyyətinə xələl gətirmişdir" - deyərək konkret əsərlərin adlarını sıralayır. Artıq 30-cu illərin dramaturgiyasında yeni təmayüllər və istiqamətlər boy göstərir; yeni metodoloji prinsiplər, mövzu, problematika, ideya mükəmməliyi, süjet dolğunluğu, xarakter yaradıcılığı etibarilə inkişafa doğru start götürür, "sənətin ədəbiyyatın siyasətdən uzaqlaşdırılmasına tərəfdar olan formalistlərlə sənəti məfkurələşdirənlər arasında münasibətlər dərinləşir". Bir sözlə dramaturgiya sosialist quruluşunun ruporuna çevrilir. Müasir həyatdan uzaq keçmişə söykənən romantizm və fəlsəfi ideyalarla təmsil olunan "Cavid teatrı", müəyyən mənada sosialist məzmunlu "Cabbarlı teatrı" və hər iki istiqaməti özündə toplayan yeni səhnə dili, estetik prinsipi olan teatr (S.Vurğun, M.İbrahimov və S.Rəhman) kimi ədəbi-mədəni düşüncədə, geniş tamaşaçı auditoriyasında dəyər meyarına çevrildilər. Eyni zamanda bəzi dramaturji əsərlərdə sosialist tendesiyası ön plana çəkilir, tarixi əsərlərdə təzadlar reallıqla göstərilimir, "hadisələr siyasi və sinfi cəhətdən bədii düşüncə orbitinə daxil edilirdi". Bu aspektdə tədqiqatçı yeni dövr Azərbaycan satirik komediyasının klassik zirvəsi olan S.Rəhmanın "Toy" komediyasının mükəmməl izahını verir, "kərəmovçuluq" fəlsəfəsinin "komik maska"sını açır və qeyd edir ki, Kərəmov bu gün də həyatda başqa bir pozada görünməkdədir.
Məlumdur ki, Sovetlər birliyində ədəbi və mədəni fikir sahiblərinə qarşı repressiyaların baş alıb getməsi, onun genezisi, xarakteri və yanaşma meyilləri otuz ildən artıqdır ki, ədəbiyyatşünaslıq elminin məşğul olduğu predmetlərdən biri kimi aktual mövzu olaraq gündəmdədir. B.Əhmədli təxminən on səhifəlik bir mətndə ədəbiyyat və represiyanın mükəmməl, dərin ümumiləşdirmə, klassik bir yarı manerası çərçivəsində mənzərəsinin ciddi analizini təqdim edir. Və belə bir dilemma ilə bizi qarşı-qarşıya qoyur: "Repressiyaların dəyərləndirilməsində hansı metodoloji meyarlar əsas götürülməlidir? "Kimsə kimisə satıb", "filankəsin donosu əsasında güllələnməyə məhkum edilib", "yeni qurluşu qəbul etməyənlər həbs olunub, qəbul edənlər sağ qalıb", "filankəsi satdığı üçün sağ qalıb..." O, əsərdə 13 bənddən ibarət ciddi arqumentlər gətirərək repressiyanın genezisini, yanaşma meyillərini "açaram sandığı tökərəm pambığı" aforizminin ifadə etdiyi fikir yükü çəkisində elmi ictimaiyyətin rəyinə təqdim edir. Tədqiqatçı ağır ötən 30-cu illər repressiyasını dövlət səviyyəsində keçirilən "analoqu olmayan son dərəcə mürəkkəb siyasi aksiya" kimi inkarolunmaz bir gerçəkliklə əyaniləşdirir. Və bu sahədəki araşdırmasını nikbin sonluqla müasir dövrümüzün insanlarına ünvanlayır və bu materiallarda "əl izləri" axtarmağın doğru olmadığını bildirir. Təəssüf ki, bu "əl" izləri N.Nərimanovun da ruhunu incitmək işinə xidmət etməkdədir. Dövrə, zamana dərin elmi təfəkkürlə yanaşan alimin bu cəhətdən N.Nərimanovun siyasi baxışlarını, onun həyatını, xalqına bağlılığını, milli özünüdərkini obyektivliklə sərgiləməsi ideoloji fikir mübarizənin davamlılığına tutarlı müxtəlif münasibəti ifadə edir.
Bədirxan Əhmədlinin araşdırmalarında ilk dəfə olaraq mühacirət ədəbi-bədii düşüncəsinin formalaşması və legion ədəbiyyatına da yer verilir. Qurban Səid-Məhəmməd Əsəd bəy və onun "Əli və Nino" romanı altmışıncılar nəsrinin yaradıcılıq axtarışları, bədii nəsrdə tarixi hadisələr və şəsxiyyətlərin təsviri, poeziyanın iknişaf yolları və mərhələləri, assosiativ poeziya və onun imkanları, dramaturgiyada yeni təmayüllər; lirik-psixoloji üslub, komediyada konflikt və xarakter problemi və dramaturgiyada sosial psixologizmin təzahürü kimi məsələlərin elmi həllinə diqqət yetirilmiş və əvvəlki fəsillərə uyğun olaraq rəngin ədəbi nümunələr əsasında dolğunlaşdırılmışdır. Bu son qeydlərin müəllif şərhinə münasibət açıqlaması vermədən düşüncələrimizə elə buradaca son vermək istərdik, ona görə ki, bu məsələlər öz yaşam dövrümüzə aid ədəbi prosesləri əks etdirir və bu məsələlər bizim cari maraq və biliklərimizin daha çox təzahürü kimi gerçəkləşir. Və nəzərə alsaq ki, bizim ədəbi tənqidi düşüncəmizin obyekti məhz bu mərhələlərin ədəbi və elmi təsərrüfatı olmuşdur, yəqin ki, bir o qədər da qınamazlar. Bilgimiz sayəsində yekun olaraq deyə bilərik ki, Bədirxan Əhmədli sosrealizm ədəbiyyatı dövrünü və bu dövrün bağrından qopan məşhur altmışıncılar nəslinin ədəbi yeniliyini və bununla da XX yüzilin ədəbiyyatını tutarlı arqumentlərlə təhlilini vermiş, fundamental ucalıq və zənginliklə, klassik bir səpgidə monumental abidəsini yarada bilmişdir. B.Əhmədli bu araşdırmalar kontekstində özünün konseptual mövqeyini obyektlivlik və sənətkarlıqla sərgiləmiş, bütöv bir dövrün ədəbiyyat tarixini yaratmışdır. Bu tarix neçə-neçə araşdırmalara sığan əhatəli və məzmunlu, olduqca konfliktli, təzad, rəzalət və şərəflə müşaiyət olunan ədəbiyyatımızın milli mənlik zirvəsindədir, ictimai şüur və siyasi mübarizədə ədəbi silah abidəsidir. B.Əhmədli bu abidənin monumental layihəsini, məzmun və formasını bir neçə doktorluq dissertasiyalarına bərabər ölçüdə vermiş və yaratmışdır. Tarixsə yenə də siyasi- ideoloji təsisatlarla müşaiyət olunmaqdadır. Vicdana söykənən, ədalətlə dirəklənən ədəbi tarixin Bədirxan Əhmədli yanaşması ideoloji prinsiplərə sinə gərərək tarixin əbədi prizmasında boy artımlığı ilə görünəcəyinə əminik. Ona da əminik ki, bu monumental araşdırmalar tədqiqatçı alimin böyük zəhmətinin tükənməzliyinin bir faktıdır. Bu inamla da ömrünün böyük bir hissəsini elmə həsr edən alim qardaşım, məslək yoldaşıma müqəddəs işində və missiyasında uğurlar diləyirəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!