Bu ilin iyul ayında məşhur alman yazıçısı Erix Mariya Remarkın 125 yaşı qeyd olundu. 1960-cı ildə Azərbaycan Dövlət Universitetini bitirərkən müəllimim, görkəmli ədəbiyyatşünas, tənqidçi və teatrşünas Cəfər Cəfərovun məsləhətiylə diplom işi kimi E.M.Remarkın yaradıcılığına müraciət etdim. Diplom işimin rəhbəri də elə Cəfər Cəfərov oldu. 1960-cı ildə yazılmış diplom işimin bir parçasını "Literatura, İskusstvo, Kultura (LİK) Azerbaydjana" kitabımda dərc etdirmişdim. 63 il bundan qabaq rus dilində yazılmış mətni olduğu kimi dilimizə çevirdim. Həmin mətni Remarkın yubiley ilində oxuculara təqdim etmək istəyirəm.
ANAR
Erix Mariya Remark 1898-ci ildə Şimali Almaniyanın Osnbörk şəhərində kasıb kitabsatıcısı və cildləyicisinin ailəsində anadan olmuşdur. On səkkiz yaşındaykən məktəb sinfindən birbaşa orduya yollanılır. Müharibəni sıravi əsgər kimi başa vuran Remark cəbhədə bir neçə dəfə yaralanır.
1929-cu ilin baharında Remark rəsmli "Sport im bild" jurnalının redaktoru olarkən "Qərb cəbhəsində dəyişiklik yoxdur" romanını yazır. Roman qeyri-adi şöhrət qazanır və müəllif an içində dünya şöhrətli yazıçıya çevrilir. Əsər saysız-hesabsız dillərə çevrilir, radiovariantı meydana çıxır. 1931-ci ildə Amerikanın "Universal interneşnl film" kinostudiyası Remarkın romanı əsasında ekran əsəri çəkir.
Remarkın ikinci əsəri - "Qayıdış" romanı müharibədən sonrakı ilk aylara həsr olunub.
1933-cü ildə hakimiyyətə gələn faşistlər Remarkın romanlarını yandırdılar, yazıçını "döyüş ruhunu sarsıtmaqda", alman əsgərlərinin qəhrəmanlığını alçaltmaqda ittiham edirdilər.
1932-ci ildə Remark Almaniyanı tərk edir, xaricdə yaşamağa başlayır. İlk iki romanından başqa bütün əsərləri mühacirətdə yaranıb. 1938-ci ildə "Üç dost", 1946-cı ildə "Zəfər tağı" romanları alman və ingilis dillərində nəşr olunur.
"Üç dost" romanından başlayaraq, məhəbbət mövzusu Remarkın əsərlərində mühüm yer tutur.
Amerikan yazıçısı Ernest Heminquey "Əlvida, silah" romanında, ondan sonra Remark da "Üç dost" romanında son dərəcə saf, işıqlı və dərin məhəbbət mövzusunu qələmə almışlar. Hər iki romanda bu sevgi qırılır, əsərlərin qəhrəmanları - "Əlvida, silah"da Ketrin, "Üç dost"da Pat - ölürlər. Ölüm ayağında Ketrinin diliylə Heminquey təsirli sözlər yazıb. Sevgilisi Henriyə müraciətlə Ketrin deyir: "Sən başqa bir qadınla mənimlə olduğun kimi olmayacaqsan, eləmi, bizim sözlərimizi deməyəcəksən ona".
Bu vəsiyyətdə əbədi məhəbbət haqqında riyakar vədlər yoxdur. Ömrün sonuna qədər yalançı sədaqət öhdəliyindən də söz açılmır. XX əsr insanı boş sözləri bir yana atıb, həyatın gözünə dik baxmağa məhkumdur. Bu insan vaxtilə böyük Çexovun kəşf etdiyi amansız həqiqəti bilir: həyat faciəvi sonluqlarla bitib tükənmir. İnsanı sarsıdan hadisələr də keçib gedir və böyük təbib - Vaxt bütün yaralara məlhəm qoyur, gec-tez sağaldır. Ən ağır faciəvi sınaqlardan keçmiş insan yaşamağa davam edir, itkilərin ağrıları get-gedə səngiyir. Sevgililərini vaxtsız itirənlər intihar etmir. İnsanların ömrü dram kimi bitmir, pərdə yalnız teatrda düşür. Bunu Çexov tapmışdır və bizə elə gəlir ki, onun pyeslərində pərdə bağlanandan sonra aktyorlar qiyafələrini dəyişib, adi paltarlarını geyinib evlərinə getmirlər, pərdə arxasında da personajlarının ömürlərini yaşayırlar. Məhz buna görə Çexovun səhnə əsərləri Voynitskinin - Vanya dayının atəş açmasıyla, yaxud Treplyovun intiharı və Tuzenbaxın ölümüylə bitmir, Teleqinin ahəstə gitara çalmasıyla tamamlanır. Həyat - nə qədər acı olsa da, davam edir.
Ketrin də bilir ki, onun ölümündən Henri necə iztirab çəksə də, ömrü bununla bitməyəcək. Bu acı gerçəyi bilən XX əsr insanı - hissiz, duyğusuz robota çevrilməyib. Odur ki, "BİZİM sözlərimizi başqasına deməyəcəksən?" ifadəsi son təsəlli kimi səslənir. Əlbəttə, leytenant Henri sevgilisini itirib intihar etməyəcək, yaşayacaq, uzun zaman, bəlkə ömrünün sonuna qədər xatirələrin acısıyla yaşayacaq. Bəlkə başqasına rast gələcək, həsrətini onunla ovudacaq, bəlkə, hətta yenidən aşiq olacaq. Lakin heç vaxt başqa qadına "ONLARIN" sözlərini deməyəcək. Hər sevgi təkrarsızdır, yeganədir, başqasına bənzəri yoxdur.
Leytenant Henrinin də, "Üç dost" romanının qəhrəmanı Robbinin tale faciəsi ona görədir ki, sevdikləri qadınları itirəndən sonra da qəlblərinin bu qubarını yaşayaraq ömür sürürlər.
Patın ölüm səhnəsi Remark tərəfindən son dərəcə təsirli və müəyyən dərəcədə Heminqueyin təsiriylə yazılıb. Bu səhnələrdə Remarkın üslubu, təhkiyəsi, "Əlvida, silah"ın insanı sarsıdan səhifələriylə səsləşir. Əlbəttə, söhbət təqliddən, təkrardan getmir. Remark da Heminquey kimi, öz ədəbi siması olan yazıçıdır. Söhbət müharibənin dərslərindən, "itirilmiş nəsil" nümayəndələrinin qadına, sevgiyə və itkiyə eyni cür münasibətindən gedir.
"Zəfər tağı" romanının da əsas mövzusu məhəbbətdir. Roman Ravikin və Joanın Paris küçələrində təsadüfi görüşlərindən başlanır. Ravik özünə qəsd etməyə qərar vermiş Joanı onun ağır dəqiqələrində intihardan xilas edir. Romanın paradoksudur ki, Ravikin Joanı xilas etməsiylə başlanan əsər Joanın Raviki xilas etməsinə həsr olunub. Bəzi tənqidçilər Joanı yüngülməcaz, bəsit insan sayır, sanki o Paris gecəsinin nəşəli xumarından doğulub.
Zahirən belə də görünür. Amma Remarkın Joanı qeyri-adi qadındır və romanda məhəbbətin rəmzinə çevrilir. Öz iztirabları bahasına başqa bir insanı xilas edə biləcək bir rəmzə.
Ravik Joana ürəyində belə müraciət edir:
"İğbalın açıq olsun, hərdəmxəyal məleykə, rumın ləhcəli Zəfər ilahəsi (Joan - rumındır). Sən həm arzulardan yaranmısan, ancaq hansısa şər qüvvənin sındırdığı güzgüsən".
Əfsus ki, rəvan bədii dillə yazılmış romanda yuxarıda gətirdiyim saxta, pafoslu ibarələr də yer alıb. "Gecənin zülmətində möcüzə nəticəsində peyda olmuş məhəbbət meşəsi", yaxud "Məhəbbət - əbədi möcüzədir, göy qurşağı kimi gündəlik həyatın boz səmasını bəzəyir. O zibili də romantik haləyə bürüyə bilir. Əbədi möcüzə və yersiz istehza" - bu qəbildən üslub" gözəllikləri mətni heç də bəzəmir.
Bunlar zövq cəhətdən də qəbuledilməzdir.
"Xrizantemlər arasında Ravikin qarşısında lüt Joan" bulvar romanlarında daha uyğun, daha yerində olardı.
Personajlar həmişə intellektual cümlələrlə danışırlar. Aforizmlər, tövsiyələr, paradokslar, ağıllı sözlər dillərindən düşmür. Müəllif bəzən ölçü hissini itirir. Ən adi söhbətlərdə belə "müdrik" fikirlərin bəyan edilməsi süni təsir bağışlayır. İnsanlar adi həyatda belə danışmırlar axı... Bəzən belə təsəvvür yaranır ki, qəhrəmanlarının yerinə müəllimi özü danışır. İllah da, bu ona görə etiraz doğurur ki, Remark bir çox müdrik kəlamları əvvəlki əsərlərindən, özəlliklə "Üç dost"dan bura köçürüb.
"Biz məhəbbətdə gurultulu sözlərdən qorxuruq, amma siyasətdə onları bol-bol işlədirik".
Yaxud "Sevgisiz insan məzuniyyətə çıxmış ölüdür". - Bütün bu fikirləri "Üç dost"da oxumuşduq. Remark köhnə əsərlərindən yalnız ayrı-ayrı sözləri, fikirləri yenidən yazmır. Bəzən süjet yollarını, xarakterləri, hadisələrin gedişatını da təkrar edir. Bu bəlkə də onunla bağlıdır ki, onun əsas qəhrəmanı "itirilmiş nəslin" yeni, fərqli bir dövrdə düşünən, duyan, yaşayan personajlarıdır. Onlar İkinci Dünya müharibəsinə və faşizmlə mübarizəyə də məhz bu itirilmiş nəslin mövqeyindən yanaşırlar.
Ona görə də Remark yaradıcılığında həm mövzu, həm ideya-bədiilik baxımından yeni mərhələ sayılacaq əsəri "Yaşamaq zamanı, ölmək zamanı" romanı oldu.
Heminqueyin "Və günəş doğur" romanının adı kimi, Remarkın da əsərinin adı Bibliyadan alınıb. Ekleziasta aid edilən fəsildə deyilir ki, hər şeyin öz məqamı var; "İtirmək məqamı, tapmaq məqamı. Sevmək və nifrət etmək məqamı. Yaşamaq məqamı və ölmək məqamı"...
Roman İkinci Dünya müharibəsinin hadisələrinə həsr olunub. Bu səfər Remarkın qəhrəmanları yeni nəslin nümayəndələridir - Qreber, Elizabet, Şteynbrenner... Bu nəsil Birinci Dünya müharibəsi nəslindən çox fərqlidir. Amma hər halda Qreberin taleyində "Qərb cəbhəsində dəyişiklik yoxdur" və "Qayıdış" romanlarıyla səsləşən məqamlar az deyil. Ən böyük fərq isə ondadır ki, "itirilmiş nəsil" üçün əsas dəyər olan "cəbhə qardaşlığı" əvəzinə, İkinci Dünya müharibəsinə aid olan nəsil pərən-pərən düşmüşdür. İkinci fərq ondadır ki, "itirilmiş nəsil" üçün etirazlarının konkret ünvanı yoxdu. "Yaşamaq zamanı, ölmək zamanı" romanının əsas pafosu isə faşizmə nifrətdir. Sonra isə faşizmin törətdiyi müharibəyə nifrət.
Faşizmə qarşı mübarizədə Qreberin ilk addımı qəddar faşist, SS cəlladı və gestapo çuğulçusu Şteynbrenneri öldürməkdir. Bu aktla bağlı o, əsir rusları - ölümə məhkum edilmişləri xilas edir.
Roman Bethovenin 5-ci simfoniyası kimi ağır akkordlarla - cümlələrlə başlayır:
"Ölüm Rusiyada Afrikadan fərqli olaraq ayrı qoxu verirdi..."
İri, sərt boyalarla yazıçı müharibənin müdhiş mənzərəsini yaradır. Hər yer müharibəni xatırladır. Göydə parlaq ulduzlar bərq vurur. İnsanlarsa səmaya nifrətlə baxırlar. Açıq səma bombardmançı təyyarələr üçün əlverişli şəraitdir. "Üç dost"dakı məhəbbət səhnələri bu romanda Qreberlə Elizabetin sevgisində təcəssüm olunur.
Bu sevgi döyüş gurultularının fonunda cərəyan edir və yenə də təbiət hadisələri müharibəylə əlaqələndirilir.
"Elizabet ehtiyatla: nədi, bomba yağdırırlar, ya uçub getdilər? - deyə xəbər aldı. Qreber: - Bu bombalar deyil, təyyarə səsi də deyil, Elizabet. Sadəcə göy guruldayır", Qreberin cəbhə həyatında qısa bir fasilə əmələ gəlir. Üç həftəlik məzuniyyətə nail olub, 3 il cəbhə həyatından sonra vətənə qayıdışı Qreberin son ümidlərini dağıdır. Dava meydanıyla dinc şəhərlərin arasında fərq yoxdur, Qreberin doğma şəhərində də daş daş üstə qalmayıb. Panika, ümidsizlik, ehtiyac... Yazıçı bu məqamda qəhrəmanına son bir sevinc bəxş edir. Məhəbbət. Qreberlə Elizabetin zülmət faşist gecəsində başlanan sevgiləri onlarçün hər şeyi əvəz edir.
"Sevmək" onlarçün "yaşamaq" deməkdir. Təsadüfi deyil ki, alman dilində "Yaşamaq zamanı, ölmək zamanı" adıyla nəşr olunmuş roman ingilis dilində "Sevmək zamanı, ölmək zamanı" adıyla çıxıb.
Faşist "həqiqətlərindən" təngə gəlmiş Qreberçün sevgi həyat problemlərindən uzaqlaşmaq deyil, narkotik uyuşmada deyil, yaşamağın rəhnidir. Məhəbbət Qreberi nəinki dirildir, həyata qaytarır, həm də əvvəlki həyatından sıyrılıb çıxmağa yardım edir. "Qreber Elizabeti özünün ikinci "məni" kimi qavrayır, sevgi onu keçmişindən aralayır, günahlarını silib unutdurur. Amma məhəbbətin də dəqiq sərhədləri var, sevgi günləri qısa bir müddətdən sonra "ölmək zamanıyla" əvəz olunmalıdı.
Elizabetin evi də bombardmanda darmadağın olub. Qreberlə Elizabet açıq səma altında bir-birinə sarılıb yatırlar. Qreber xatırlayır ki, cəbhədə ən çox arzuladıqları şey "bir dam altında çarpayı, qadın və dinc gecə idi".
Qəhrəmanların arzuladıqları yalnız bu deyil. Romanda təsirli bir rəmz də var. Qreberlə Elizabet tez-tez bu rəmzi xatırlayır. Bu rəmz İsveçrədir. Romanda İsveçrə, sadəcə, coğrafi anlayış deyil, sakitliyin, səssizliyin, rahatlığın rəmzidir.
"Bütün Avropa qaranlığa qərq olub. Deyilənə görə, ancaq İsveçrədə gecələr bütün evlərdən işıq gəlir. Bunu özəl olaraq təyyarə pilotları üçün edirlər ki, yanılıb neytral ölkəyə bomba atmasınlar".
"Elizabet: Heç təsəvvür edə bilmirəm ki, - dedi, - dünyada hələ tarmar olunmamış yerlər də var".
Qreberin cəbhəyə yollanacağı gün Elizabet deyir ki, hamilədir, onları uşaq gözləyir. Arxada arvadını və gələcək körpəsini buraxaraq Qreber cəbhəyə yollanır. Onunçün "Sevmək zamanı" bitib, "ölmək zamanı" gəlib.
Romanda iddia olunur ki, bütün dəyərləri əvəz edən məhəbbətin özü də illüziyaya çevrilir. Elizabet kimsəsiz adada Qreberin tənhalığını bölüşsə də, onun taleyini bölüşə bilmir. Məhəbbət robinzoniadası bir müddət hər şeyi əvəz etsə də, seçim məsələsini əvəz edə bilmir. Elizabet Qreberi sevgiyçün həyata qaytardısa, mübarizə üçün də seçim qarşısında qoydu.
Qreber qəti qərara gəlir - zamanı yetişib.
Bu seçim romanın sonuncu fəslində göstərilir. Almanlar rus partizanlarını ələ keçirirlər - iki qadın, iki kişi. Onların mühafizəsi Qreberə tapşırılıb. Ştreynbrenner istəyir ki, onları qəsdən qaçmağa məcbur etsin və bu bəhanəylə qaçış zamanı onları öldürsün. Qreber onu qovur, əsirlərə siqaret verir.
Qreberdə nə isə insani cəhətləri sezən qoca partizan pozuq alman dilində:
- Siz rəhmli adamsınız, - deyir - almanlar məğlub olub.
Təklif edir ki, onlara qoşulub getsin, "əsir olmaq meyit olmaq deyil".
Qreber:
- Yox, - deyir - bu çıxış yolu deyil. Bəs çıxış nədədi? - deyə düşünür.
- Bunlar heç partizana oxşamır - Bunları buraxıb dörd adamın həyatını xilas edə bilərəm.
Amma onlarla gedə bilmərəm, yox.
Ştreynbrenner yenidən peyda olur, silahını qaldırıb rusları nişanlayanda Qreber onu qabaqlayır və öldürür. Əsirləri sərbəst buraxır.
"Həyatında nəyəsə qərar verildi".
Roman elə bununla bitə bilərdi. Belə olsaydı, əsər "Yaşamaq zamanı, qərar vermək zamanı", yaxud "Mübarizə etmək zamanı" adlana bilərdi. Amma romanın adı "Yaşamaq zamanı, ölmək zamanı"dır. Cümlə-adın ikinci hissəsi romanın son abzasında açılır:
"O rusları gördü. Qoca da çönüb Qreberi gördü, əlində Qreberin atdığı tüfəng vardı, tüfəngi qaldırıb Qreberi nişan aldı.
Qreber: "Deməli, partizanlar imiş", - deyə düşündü. Tüfəngin qaranlıq lüləsi elə bil get-gedə böyüyürdü. Qreber qışqırmaq istədi, qısa müddətdə o qədər söz demək gərəkdi ki...özü də tez-tələsik. Zərbəni hiss etmədi, amma birdən torpağı, otları lap yaxında gördü. Otlar yaxınlaşır, yaxınlaşırdı, bütün səmanı tutmuşdular, Qreberin gözləri qapandı".
Romanın belə sonluğu mübahisələr doğurur. Özəlliklə də, sovet oxucuları arasında. Müharibədə hər bir insan təsadüfi gülləyə tuş gələ bilər. Amma ədəbi əsər qəhrəmanları təsadüfən həlak olmurlar. Remark yazırdı: "Həyatda təsadüflər çoxdu. Onlar yalnız yaxşı ədəbiyyatda olmur".
Aydındır ki, Remark Qreberin ölümünü təsadüf saymır. Qreberi öldürən onun xilas etdiyi qocadır, özü də Qreberin kənara atdığı silahdan atəş açır ona. Axı qoca Qreberin daxili aləminə hardan bələd olaydı, içindəki təbəddülatı hardan biləydi? Axı ona birlikdə qaçmaq təklif etdikdə də, təklifi qəbul etməmişdi. O da həqiqətdir ki, qoca öz ölkəsinə işğalçı kimi gəlmiş düşməni öldürür. Düşmənin daxili iztirablarından, şübhə və tərəddüdlərindən nə xəbəri var? Amma axı həmin bu alman onu nəinki öldürmədi, hətta onu öldürmək istəyən həmmillətini gəbərtdi, rusları isə sərbəst buraxdı.
Olsun ki, bu finalla Remark müharibənin heç bir məntiqə uyğun gəlməməsinə işarə edir. Müharibə kimin haqlı, kimin haqsız olduğuna məhəl qoymur. Rusları öldürmək istəyən cəllad Ştreynbrenner də gorbagor olur, onları xilas edən Qreber də həlak olur. Bəlkə də bu final "itirilmiş nəslin" Heminquey tərəfindən dəqiqləşdirilmiş deviziylə bağlıdır: "Qalib heç nə qazanmır".
Bu tezis "itirilmiş nəslin" başqa bir görkəmli yazıçısı, ingilis romançısı Riçard Oldinktonun nəsrinə də aid edilə bilər.
Finalın bir şərhi də - intiqam, qisas ideyasıdı. Qreber daima şəxsi məsuliyyəti, şəxsi günahı haqqında düşünürdü. Amma qisas onu da haqlayır, çünki məsələ hər kəsin şəxsi günahında deyil, hamının ümumi müştərək məsuliyyətində və ümumi günahındadır. Odur ki, hər hansı fərdin tövbəsi, onu ümumi günaha şərikliyindən xilas edə bilməz. Onun cəzalandırılmasına başqa səbəb aramaq lazım deyil. Yetər ki, əlində silah başqasının ölkəsinə təcavüz edib.
Və "ölmək zamanı" gələndə o, sonunu yad ölkədə, yad səmanın altında tapır.
1960
Sözardı
Remark və diplom işimlə bağlı bir səciyyəvi əhvalatı da bu yazıma sözardı kimi əlavə etmək istəyirəm. Diplomumu müdafiə edəndən sonra toplantıda iştirak edən universitet müəllimlərimdən biri Raisa Qoldina məni təbrik etdi və dedi ki, yaxşı olar, bizdən bir kurs aşağı oxuyan tələbələrlə görüşüm, onlarla da Remark haqqında bildiklərimi bölüşüm, onları maraqlandıran suallara cavab verim. O illər Remark SSRİ-də ən çox populyar olan Qərb yazıçısı idi. Təklifi qəbul etdim, amma elə bil şeytan qulağıma nə isə pıçıldadı. Görüşdən əvvəl oturub Remark üslubunda bir mətn yazdım. Mətndə Xossi adlı personaj eynilə Remark qəhrəmanları kimi alma arağı "Kalvados" içir, onlar kimi məhəbbət macəralarında vaxt keçirir və s.
Bu təşəbbüsümdə o vaxt oxucular arasında ifrat Remark heyranlığına bir etiraz çaları da vardı. Mənə elə gəlirdi ki, Remark kimi yazmaq o qədər də çətin iş deyil.
Bizdən aşağı kursda oxuyan tələbələrin içində sonralar məşhur şair kimi tanınmış Mənsur Vəkilovu və rejissor Məhərrəm Haşımovun qızı, sonralar Maqsud İbrahimbəyovun birinci arvadı olmuş Tamilla Haşımovanı xatırlayıram.
Çox illər sonra Mənsur mənimlə söhbətlərində bu məzəli vaqiəni gülə-gülə xatırlayırdı. Görüşdə sözə onunla başladım ki, Moskva tanışlarım Remarkın hələ rusca çap olunmamış təzə əsərini mənə göndəriblər, mən də o əsərdən bir parçanı makinada köçürmüşəm və sizə oxumaq istəyirəm.
Yazdığım mətni oxuyub qurtarandan sonra müzakirələr başladı. Dedilər ki, çox maraqlıdı. Remarkın üslubu heç dəyişmir, daha da püxtələşir. Bu əsəri də əvvəlkilər kimi oxucunu cəlb edəcək və s.
Bu vaqiə məzəli bir hadisə kimi yadımda qalıb, amma bir ona təəssüf edirəm ki, bu zarafatımla çox savadlı müəllimlərimizdən olan Raisa Qoldinanı da pis vəziyyətə saldım. Çünki o da mənim mətnimi Remarkınkı bilib, peşəkarlıqla təhlil etməyə başladı. Gərək görüşü elə bu məqamda tamamlayıb, sirri faş etməməliydim. Amma neyləməli ... Olan oldu, məsələni açıb hamını, o cümlədən Qoldinanı da şok vəziyyətə saldım.
Etirafıma şübhəylə yanaşanlarçün yazdığım mətndə bir adı göstərdim. Oxuyanda Xossi adlandırdığım personajın yazdığım mətndə adını Xosməmməd qoymuşdum.
11 iyul 2023
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!