Şirinli, acılı xatirələr - Qafar Cəfərli haqqında - Vaqif YUSİFLİ

Vaqif YUSİFLİ

 

Yazıçıların öz ömür yolları, yaşadıqları həyatın acılı-şirinli həqiqətləri barədə avtobioqrafik səpkidə əsərlər yazması ədəbiyyatımızda xüsusi bir səhifə təşkil edir və biz bu qiymətli səhifənin get-gedə zənginləşdiyinin şahidi oluruq. Avtobioqrafik əsərlər yazçı ömrünün salnaməsidir desək, səhv etmərik. Öz bədii əsərləri ilə minlərlə oxucuya estetik zövq aşılayan yazıçının öz həyatı və ömür yolu da elə o bədii əsərlərin qəhrəmanları kimi maraqlıdır. Dünya ədəbiyyatında yazıçı-qəhrəman obrazları ilə azmı qarşılaşmışıq? Mən Xalq yazıçılarımız Mirzə İbrahimovla, Əzizə Cəfərzadə və Elçinlə, Xalq şairi Süleyman Rüstəmlə, Musa Yaqubla müxtəlif illərdə apardığım müsahibələrdə, onların yaradıcılığı ilə bağlı məqalələrimdə bu sənətkarların həyatı, ömür yolu barədə söz açmışam və gözlərim qarşısında elə hadisələr, lövhələr canlanıb ki, o yazıçıları sanki təzədən tanımışam, kəşf etmişəm.

Yazıçı-publisist Qafar Cəfərli "Ömür yolu. 65 ilin işığında" adlı avtobioqrafik bir roman yazıb və mənim üçün Qafar Cəfərlinin təkcə nəsr əsərləri deyil, onun özü də bir insan və yazıçı kimi böyük maraq doğurub. Qafar Cəfərli Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədridir. Cənub rayonlarında fəaliyyət göstərən bütün qələm sahibləri burada toplaşır, keçirilən ədəbi müzakirələrdə fəal iştirak edir, öz əsərləri barədə ilk təəssüratları ilə tanış olurlar. Mən bir neçə dəfə həmin müzakirə və tədbirlərin iştirakçısı olmuşam, açığını deyim ki, Lənkəranda əsl qaynar ədəbi mühitlə qarşılaşdım və bu barədə "Azərbaycan" jurnalında "Lənkəranın söz havası" adlı geniş yazı ilə çıxış etmişəm (№ 7-8). Ona görə də təfərrüata varmıram.

Qafar Cəfərli öncə qeyd etdiyim kimi yazıçı-publisistdir. Xalq yazıçısı Çingiz Abdullayevlə yanaşı, hal-hazırda detektiv janrda əsərlər yazan qələm sahibləri arasında seçilir, fərqlənir. "Günahsız mələk", "Namus yarası", "Gecənin lal fəryadı" və s. povestləri, hekayələri ilə oxucular yaxşı tanışdırlar. O, Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, "Tanrının göz yaşları" romanı da bir müharibə veteranının müşahidələrini əks etdirir.

"Ömür yolu" avtobioqrafik romanı bir insan və yazıçının xatirələr dünyasını gözlərimiz qarşısında canlandırır və açığını deyim ki, onun keçirdiyi hisslər, başına gələn hadisələr, iyirmi ildən artıq hüquq-mühafizə sistemində fəaliyyəti zamanı çətin və mürəkkəb olaylarla, cinayət hadisələri ilə üz-üzə gəlməsi, ancaq bütün bunlarla yanaşı, ədəbiyyata sevgisi bir an belə səngiməyən bir insanın həmin o xatirələr dünyasının acılı-şirinli hekayətləridir.

Qafar Cəfərlinin bu avtobioqrafik romanını geniş təhlil etmək niyyətində deyiləm, amma əsərdə nəzərə çarpan bəzi məqamlara və müəllifi bir insan və yazıçı kimi səciyyələndirən məsələlərə diqqət yetirirəm.

Roman Vətənə - Azərbaycana sevgilərlə başlayır. "Vətən deyib qürur duyduğum bu torpağın adı Azərbaycandır". Amma "Vətən həm də yaşadığın şəhərdən, rayondan başlanır". Təzə deyil bu ifadə, Dağıstan şairi Rəsul Həmzətov da belə bir etiraf etmişdi ki, Vətən mənə doğulduğum auldan başlayır. Əlbəttə, hər hansı yazıçının belə düşünməsi təbiidir - dünyaya göz açırsan, sənə doğma olan kəndini, o kəndin təbiətini, insanlarını görürsən. Qafar Cəfərli elə bir diyarda doğulub ki, o diyar Azərbaycanın nadir təbiət möcüzələrindən biridir - "Bu füsunkar diyarı Lənkəran deyib çağırırlar". Lənkərandan söz düşəndə həmişə unudulmaz şairimiz Camal Yusifzadənin bu şeirini xatırlayıram: "Gözü yaşlı, Buludu kövrək, Yatağı nəm, Mənim İslanmış, Yaşıl, Zərif nanəm". Və Qafar Cəfərlinin dünyaya göz açdığı Viyən kəndi Talış dağları ilə Xəzər dənizi arasında yerləşən bir məkandır. Qafar Cəfərli bu kəndin adının mənasından tutmuş qədimdən üzübəri bütün tarixini araşdırır. Yazır ki: "Oykonim talış dilində "söyüdlük" mənasını verən "viyə" sözündən götürülüb. Adının "Ve yane" sözündən götürüldüyünü ehtimal edənlər də vardır. Bu oykonim talış dilində "ve" (çox) və "yane" ("kənar") sözlərinin birləşməsindən əmələ gəlib", çox kənarda olan kənd" mənasına uyğundur".

Qafar Cəfərli doğulduğu kəndlə bağlı tarixdən gələn mənbələrə müraciət edir, Viyən kəndi ilə bağlı Milli Tarix arxivində olan sənədlərə göz gəzdirir. Bu işdə ona tarixçi-şəcərəşünas Rəzzaq Xansuvarov yardım edir. Məlum olur ki, balaca bir kənd olsa da Viyənin adı Knyaz Bulqakovun 1817-ci il tarixli rəsmi raportunda, Lənkəran qaziliyinə aid əlyazmalarda, Səidəli Kazımbəyoğlunun "Cəvahirnameyi Talış" tarixçi-etnoqrafik təzkirəsində qeyd edilib. O, Viyən kəndinin ən yaşlı sakinlərindən olan - 1932-ci il təvəllüdlü İsmayıl Həsənovun da dediklərinə biganə qalmır. "İsmayıl Həsənovun dediyinə görə Viyən kəndinin bünövrəsi təxminən 1600-cü illərin əvvəllərindən qoyulub". Daha sonra Q.Cəfərli bu kəndin XX əsrdə keçdiyi və əksər Azərbaycan kəndlərinə məxsus olan yaxın tarixini vərəqləyir, onun Vətən müharibəsi illərində və ondan sonrakı illərdə necə inkişaf etdiyini nəzərə çarpdırır. Unudulmayan viyənliləri yada salır. Qarabağ torpaqlarının erməni və rus işğalçılarından azad edilməsi uğrunda gedən müharibələrdə qəhrəmanlıq göstərən oğullardan söz açır. Bu, bir yazıçının öz kəndinə, elinə-obasına, doğulduğu torpağa necə bağlandığını sübut edir. Və bizi Qafar Cəfərlinin yazıçı olana qədər keçdiyi həyat yolu daha çox maraqlandırır. Əlbəttə, yazıçılarımızın bir çoxu başqa peşə sahibləri olmuşlar, bəziləri elə başqa peşə sahibi ola-ola bədii əsərlər yazıb, bəziləri isə sonradan ədəbiyyata meyl göstəriblər. Qafar Cəfərli həm birincilərdən, həm də ikincilərdəndir. Belə ki, o, 28 il xidmət etdiyi hüquq-mühafizə orqanlarında işləyərkən oçerklər, hekayələr yazmış, amma yazıçı kimi o qədər də tanınmamışdı. Amma ikimininci illərdə, polis mundirini əynindən çıxardandan sonra illər boyu müşahidə etdiyi hadisələri hekayələrə, povestlərə gətirdi.

Qafar Cəfərli 65 yaşı ərəfəsində özüylə müsahibə aparır, özünə 65 sual verir və əlbəttə, bu üsul da yeni deyil, amma hər bir müəllifin dünyaya, gerçəkliyə, insanlara və xüsusən də ədəbiyyata münasibətində maraqlı məqamlar meydana çıxır. Və təbii ki, verilən cavabların nə dərəcədə həmin müəllifin həyatı və şəxsiyyəti ilə bağlılığı diqqəti cəlb etməlidir. Həm də bu sual-cavab yazıçının həyatı ilə bağlı bilmədiyimiz çox şeyləri aşkarlayır. Məsələn, belə bir sual: "Yazıçı olaraq ilk kitabın 57 yaşında işıq üzü gördü. Gecikmədin ki?" Cavabı belədir: "Əslində, uşaqlıqdan sözə, sənətə, ədəbiyyata olan sevgi ürəyimin ən uca və dərin  yerində özünə yuva qurmuşdu. Bu sevgini mütəmadi olaraq ağ varaqlara köçürmüşəm. Sonrakı illərdə, tələbəlikdə, dövlət işində olanda bu sevginin sübutları müxtəlif qəzet və jurnallarda əks olunsa da, etiraf edim ki, bu, təsadüfi və qeyri-sabit olub. Təqaüdə çıxandan sonra həyatımın yeni səhifəsi açıldı və yazmaqla daha ciddi məşğul olmağa başladım. Doğrudur ki, ilk kitabım 57 yaşımda işıq üzü görsə də bunu fəlakət hesab etmirəm". "Özünü xoşbəxt hesab edirsənmi?" sualına cavab verir ki: "Bu ömrü və bu günləri yaşadığım üçün xoşbəxtəm".

Qafar Cəfərlinin bir xoşbəxtliyi də ondan ibarətdi ki, onu bir yazıçı kimi etiraf edənlər və qiymətləndirənlər az deyil. Həyat yolu və yaradıcılığı haqqında monoqrafiya da yazılıb - müəllifi tanınmış ədəbiyyatşünas Allahverdi Eminovdur. Allahverdi müəllim yazır: "Qafar Cəfərli həyat adamıdır, - desəm, yanılmaram. Həyat onun üçün hərəkət və mübarizədir". Şair Elçin İsgəndərzadə isə yazır: "Qafar müəllimin xüsusi təşkilatçılıq bacarığı ilə Lənkəran bölməsində mütəmadi olaraq bölmədə ədəbi vəziyyətin müzakirəsinə həsr olunmuş tədbirlər keçirilir və bu tədbirlərdə Lənkəran, Masallı, Yardımlı, Lerik, Astara rayonlarının qələm adamları  dəvət olunmaqla həmin rayonlardakı ədəbi vəziyyət geniş təhlil olunur". Qafar Cəfərlinin yaxın dostlarından biri - AYB Şəki bölməsinin sədri - şair Vaqif Aslanı dinləyək: "Qafar Cəfərli ilə üzbəüz tanışlığım "Vaqif poeziya günləri"ndən başladı. Səmimiyyət və istiqanlığı ilə insanlara doğmalıqdan xəbər verən bu insanın içindən doğan Günəş üzündə və baxışlarında şəfəq verib təbəssümündə dalğalanıb yayılırdı. Hamı ona hörmət və ehtiramla yanaşırdı. Mənə elə gəldi ki, bu sadə və səmimi insanı lap çoxdan tanıyıram". Yeri gəlmişkən qeyd edim ki, mən də "Vaqif poeziya günləri"nin hər ikisində (2021 və 2022-ci illərdə) iştirak etmişəm və Qafar Cəfərli ilə Vaqif Aslanın bir-birindən ayrılmadıqlarının, həmişə bir yerdə gəzib-dolandıqlarının şahidi olmuşam. Deməli, həqiqi dostluq üçün uzun illər lazım deyilmiş. Nəhayət, mən Qafar Cəfərlini hər gün görən, bölmənin ədəbi məsləhətçisi Ağamir Cavada müraciət edirəm: "Onun yaradıcılığı təkcə detektiv əsərlərdən ibarət deyildir. Xüsusilə, son illərdə o, müxtəlif həyati mövzulara müraciət etmiş və uğur qazanmağa nail olmuşdur".

Avtobioqrafik romana əlavə olunan bu rəylər lap yerinə düşür və Qafar Cəfərlini daha yaxşı tanımağa kömək edir. Xüsusilə Əbülfət Mədətoğlunun məqalə-müsahibəsində Qafar Cəfərli obrazı, onun bir insan kimi keçdiyi həyat yoldu daha dolğun işıqlandırılıb.

Qafar Cəfərli iki bədii filmə də çəkilib və maraqlı rollarla yadda qalıb. Amma o, həyatda öz rolunu - yazıçı Qafar Cəfərli obrazını mükəmməl icra edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!