Son zamanlar müxtəlif təhsil pillə və səviyyələrində ədəbi mətnlərdən istifadə, mətn üzərində iş, tədris proqramlarında ədəbiyyatın təmsil olunması, dil və ədəbiyyat dərsliklərində təqdim edilən uşaq ədəbiyyatı nümunələri kimi məsələlər mətbuatda və sosial şəbəkələrdə tez-tez səsləndirilir. Xüsusilə də respublikamızda orta ümumi təhsil pilləsində tətbiq olunan "Ədəbiyyat" fənn kurikulumları (təlim Azərbaycan və rus dillərində aparılan məktəblər üçün) və onların əsasında tərtib edilən "Ədəbiyyat" dərslikləri həm ideya-mövzu, həm elmi-metodiki, həm də yetişməkdə olan gənc nəsillərin ədəbi təhsili, ədəbiyyata marağı, şəxsiyyət və vətəndaş kimi formalaşması, müvafiq eşidib-anlama, şifahi və yazılı nitq vərdişləri, təhlil və müqayisəetmə bacarıqları, mövzu və problemlərin təqdimatı, onlara şəxsi münasibətin, rəyin bildirilməsi nöqteyi-nəzərindən kompetensiyaların əldə olunması planında müzakirə edilir.
30 ildən artıq keçid mərhələsi ən yeni dövr üçün Azərbaycanda təhsilin inkişaf konsepsiyasının və strategiyasının hazırlanması və həyata keçirilməsi baxımından bitməmiş bir proses təsiri bağışlamaqdadır. Bu isə özünü həm də dövlət dilinin öyrənilməsi, tədrisi, təbliği, fəaliyyət dairəsinin genişlənməsi, bu istiqamətdə müvafiq bilinqval və polilinqval lüğətlərin, tədris resursları bazasının (o cümlədən, elektron) yaradılmasında, müxtəlif təhsil pillə və səviyyələrində əcnəbi dillərin tədrisi, mənimsədilməsi standartlarında, metodikası və metodologiyasında, ali məktəblərdə müvafiq təhsil, humanitar və sosial ixtisaslar üzrə dillərin tədrisi strategiyası və proqramlarında, bütövlükdə mütəxəssis hazırlığında büruzə verir. Bircə o faktı vurğulamağa dəyər ki, yenidən müstəqillik əldə etdiyimiz bu 30 ildən artıq zaman kəsiyində dövlət dilimizin respublikamızda və dünyada xarici dil kimi öyrədilməsi ilə bağlı universitetlərimizdə mütəxəssis hazırlığı ixtisası olmadığından buna müvafiq tədris resurslarımız, o cümlədən, uyğunlaşdırılmış bədii mətnlərimiz yoxdur. Müstəqil dövlətə, geniş yayılma arealına, böyük diaspora və 40-50 milyon əhaliyə malik bir xalqın dilinin, ən nəhayət, əcnəbilər üçün cəlbedici əmək bazarı olan bir ölkənin dövlət dilinin səmərəli şəkildə öyrədilməsi üçün təhsilin bütün səviyyələrində uyğun ixtisas və ixtisaslaşmalar təklif olunub, əvvəlcə "Azərbaycan dili (xarici dil kimi)" ixtisası bakalavriat səviyyəsində ixtisasların təsnifat cədvəlinə daxil edilməlidir. Nə qədər ki, bu, yoxdur, biz nə adekvat tədris resursları yarada biləcək, nə ölkədə, nə də ölkədən kənarda müasir standartlara əsaslanan metodika ilə dilimizi tədris və təbliğ edə biləcəyik.
Ədəbiyyat fənni üzrə proqramların (fənn kurikulumlarının) və dərsliklərin yaradılması problemi həmişə aktual olub. Son bir neçə ay ərzində iştirak etdiyimiz tədbirlərdə bu istiqamətdə səslənən fikirlər, məsələn, Yazıçılar Birliyində Xalq şairi Sabir Rüstəmxanlının "Vətəndaşlığın əlifbası" kitabının təqdimatında, dərslik müəllifi kimi Birliyin sədri, Xalq yazıçısı Anarla göstərilən mövzuda görüşümüzdə, "Ədəbiyyat" dərsliklərinin Elm və Təhsil Nazirliyi (ETN), Dövlət İmtahan Mərkəzi ekspertləri ilə müzakirələrində, həm də ictimai rəydə səslənən fikirlər, filologiya üzrə elmlər doktoru Elnarə Akimovanın "Ədəbiyyat qəzeti"nin 27 may 2023-cü il tarixli sayında çap olunmuş "Dərsliklərdə yer alan uşaq ədəbiyyatının vəziyyəti" adlı təhlil xarakterli məqaləsində dərslik müəllifləri üçün verilən konkret reseptlər bizi də bu istiqamətdə digər vacib məqamlar üzərində dayanmağa sövq etdi. Sadalanan faktlara, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Fəxrəddin Yusifovun "Ədəbiyyatın tədrisi metodikası" kitabının bu tədris ilində açıq internet resursu kimi istifadəyə verilməsini də əlavə etmək olar. Göstərilən məqamlar və faktlar, ümumiyyətlə, son dövrlərdə bəzən açıq, çox vaxt isə pərdəarxası diskursda səsləndirilən "Orta məktəbin tədris proqramında ədəbiyyatın tədrisinə lüzum varmı?" sualı ilə ortaya çıxarılan problemə də aydınlıq gətirməsinə imkan verəcək.
Məqalənin bu yerində bizə çox ciddi görünən bir neçə elmi-metodiki və təşkilati məsələyə münasibət bildirməyin yerinə düşdüyü qənaətindəyik:
1) Ölkədə Prezident Sərəncamı ilə təsdiq olunmuş təhsilin inkişafı üzrə "Strategiya"nın konkret "Fəaliyyət planı" üzrə icrası, orta təhsildə kurikulum islahatı, interaktiv və inteqrativ təlimin, bunlara uyğun ümumi təhsilin tədris standartlarının və planlarının, resurslarının yenilənməsinə ehtiyac duyulduğu, məktəb şagirdləri üçün olduqca mürəkkəb və səmərəsiz qiymətləndirmə qaydalarının və meyarlarının tətbiqi, müəllimlərin sertifikasiyası, ali məktəblərin bakalavriat və magistratura səviyyələri üçün tədris standartlarının təzələndiyi, bütün təhsil pillə və səviyyələri üçün Milli Kvalifikasiya Çərçivəsi tələblərinin aktuallaşdırılmalı olduğu bir şəraitdə tədris fənləri üzrə elmi-metodiki jurnalların, o cümlədən, "Azərbaycan dili və ədəbiyyatı" məcmuəsinin nəşrinin dayandırılması təəccüb doğurur.
2) Orta və ali məktəblər üçün bütün fənn və kurslar üzrə tədris resurslarının, həmçinin ədəbiyyat üzrə proqramların, dərsliklərin, müntəxəbatların və metodiki vəsaitlərin müzakirə və təsdiqi mexanizmi də aydın deyil. Əvvəllər bu sahəyə cavabdeh olan Təhsil İnstitutunun fəaliyyəti indi daha çox inzibati-təşkilati işlərə, Elm və Təhsil Nazirliyinin xüsusi layihələrinin icrasına yönəldilib ki, bu da hazırda tədrisin metodikası, ayrı-ayrı fənlər, bütövlükdə şagird fəaliyyətinin qiymətləndirilməsi məsələləri üzrə meyar və mexanizmlərin elmi-metodiki əsaslarının müəyyən edilib tədris müəssisələrinə ünvanlanmasına imkan vermir.
3) Ölkədəki təhsil proqramları və planları, ilk növbədə, sosial sifarişə, mənəvi tələbata və əmək bazarının tələbinə uyğunlaşdırılmalıdır. Əgər uşaq bağçasında və məktəbdə insanlar övladları üçün təlim dili kimi dövlət dili əvəzinə əcnəbi dillərdən birini seçirlərsə, bunu özləri və övladlarının gələcəyi üçün daha əlverişli və perspektivli hesab edirlərsə, deməli, ölkənin təhsil siyasətinə cavabdeh icra strukturları müvafiq elmi-metodiki yanaşmaların tətbiqi və intellektualların cəlbi ilə mövcud qanunvericilik aktlarına söykənərək, istifadə olunan tədris proqramlarına və resurslarına milli-mədəni məzmun gətirməli, məktəbəhazırlıqdan və ibtidai təhsildən başlanılmaqla bütün tədris müəssisələrində dövlət dilinin iştirakı ilə bilinqval təlim modelinin tətbiqinə (yəni əcnəbi dillə yanaşı təlimdə dövlət dilinin eyni həcmdə təmsil olunmasına) şərait yaratmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının, "Təhsil" və "Ümumi təhsil" haqqında qanunların tələbinə, Milli Kvalifikasiya Çərçivəsinin orta məktəb məzunları üçün müəyyən etdiyi bacarıq və kompetensiyalara uyğun olaraq, təlim qeyri-dövlət dilində aparılan məktəb və siniflərdə Azərbaycan dilinin tədrisi genişləndirilməklə yanaşı, ölkə tarixinin, mədəniyyətinin, coğrafiyasının öyrədilməsi şərti ilə bərabər, ədəbiyyatımızın öyrədilməsi məsələsi də vurğulanır. Bu isə həm də ədəbiyyatın təlim dilində (rus, ingilis, fransız) tədrisi kimi anlaşılır. Təəssüf ki, 2019-cu ildə təsdiq olunmuş "Ümumi təhsil haqqında qanun"un bütün oxunuşlarından keçmiş layihəsindən dil, ədəbiyyat, mədəniyyət və tariximizlə əlaqədar azərbaycanşünaslıq tədris materiallarının dövlət dilində təqdim edilməsi tələbi çıxarıldığından bu gün bu istiqamətdə bizi qane edən müvafiq tədris resurslarının yaradılması problemi ilə üz-üzə qalmışıq. Konkret olaraq, Azərbaycan ədəbiyyatı mətnlərinin orijinalın dilində öyrədilməsinin vacibliyi ortaya çıxıb. Digər tərəfdən, bu gün təlim dili adlandırdığımız əcnəbi dillərlə paralel olaraq ədəbiyyatımızın dövlət dilində təqdimatı təcrübəsi və metodologiyası (hazırda şagirdlər Azərbaycan ədəbiyyatı mətnləri ilə yalnız tərcümədə tanış olurlar) məsələnin başqa bir aspekti kimi nəzərdən keçirilməlidir. Vəziyyətdən çıxış məqsədilə təlim əcnəbi dillərdə aparılan ümumi orta təhsil müəssisələri üçün Elm və Təhsil Nazirliyinə təklif etdiyimiz bilinqval təhsil modelinin elmi-metodiki, linqvodidaktik əsasları, tədris standartları və planları, müvafiq tədris resurslarının yaradılması meyarları və metodikası, eləcə də təlim dövlət dilində aparılan tədris müəssisələrimizdə xarici dillərin öyrədilməsi üçün əlverişli yaş dövrünün (2-12 yaş), tədris proqramlarının və planlarının təklif olunması barədə əsaslandırılmış fikirlərimizi 2015-ci ildən başlayaraq, davamlı olaraq mətbuatda səsləndirmiş və aidiyyəti üzrə müvafiq instansiyalara ünvanlamışıq...
Yuxarıda toxunduğumuz məsələlər, bəlkə də kiməsə dilə və ədəbiyyata aid olmayan məsələ kimi görünə bilər. Lakin dövlət dili və ədəbiyyatımızın öyrədilməsi, xüsusən də əcnəbi dillərdə aparılan təlimdə azərbaycanşünaslıq materiallarının sistemsiz, müvafiq tədris standartları müəyyən olunmadan təmsil edilməsi tələbi mövcud qanunvericilik bazası ilə real tədris situasiyası arasında böyük bir uçurumu üzə çıxarır. Eyni zamanda, orta məktəbdə ədəbiyyat fənn kurikulumunda, dərsliklərin tərtibatında elə məsələlər var ki, onlar həm təlim dövlət dilində olan, həm də qeyri-dövlət dilində aparılan siniflər üçün səciyyəvidir. E.Akimova öz məqaləsində "Ədəbiyyat" dərsliklərinə daxil edilmiş mətnlərin ideya-məzmun və bədii məziyyətlərinə toxunur. Bəs həmin o aspektlərdə təlimi dövlət və qeyri-dövlət dillərində aparan məktəblər üçün hazırlanmış "Azərbaycan dili" dərsliklərində təmsil olunmuş bədii mətnlərin tərbiyəvi və linqvokulturoloji material kimi seçimi bizi qane edirmi? Mətnlər müvafiq qrammatik və orfoqrafik qaydaların mənimsədilməsi, məzmun xətlərinin, standart və alt-standartların tələbinə uyğun bilik, bacarıq, vərdiş, səriştə və kompetensiyalar əldə olunması üçün tapşırıqların yerinə yetirilməsinə şərait yaradırmı? Şagirdlərin yaş səviyyəsinə uyğundurmu? İnsaf naminə söyləmək lazımdır ki, təlimi dövlət dilində aparan məktəblərimiz üçün yazılan son nəsil "Azərbaycan dili" dərslikləri (Rafiq İsmayılovun rəhbərliyi ilə müəllif kollektivi) qrammatik biliklərin, düzgün oxu, yazı və nitq vərdişlərinin bədii mətnlər əsasında mənimsədilməsi, dil və ədəbiyyatın sıx inteqrasiyası üzərində hazırlanır. Bu müasir yanaşma və tərtibat prinsipinin məktəblərimizə yol tapmasını mütərəqqi hal hesab etməklə yanaşı, a) onun Azərbaycan dilinin dövlət dili kimi tədris olunduğu siniflərdə, eləcə də bütün tiplərdən olan məktəblərimiz üçün əcnəbi dillər üzrə hazırlanan dərsliklərin hamısında tətbiqini; b) eyni zamanda şagirdlərin yaş xüsusiyyətinə və idrak səviyyəsinə uyğun yığcam folklor və yazılı ədəbiyyat nümunələrinin seçilməsini və ya uyğunlaşdırılmış bədii mətnlərin istifadəsini daha səmərəli hesab edirik. Deyək ki, V sinif üçün "Azərbaycan dili" dərsliyində müəlliflərin özləri tərəfindən hazırlanan mətnlərin əksəriyyəti ətraf mühitlə, respublikamızın tarixi, coğrafi və turistik ünvanları, milli-mədəni dəyərlərimiz ilə tanışlıq, ensiklopedik biliklər əldə etmək, hətta ilk yardım göstərmək, şagirdlərin şifahi və yazılı nitqinin zənginləşməsi, səlisliyinin və ifadəliliyinin güclənməsi nöqteyi-nəzərindən əhəmiyyət kəsb etməsi şübhə doğurmur. Lakin bu dərslikdə qrammatik tapşırıqların yunan miflərinin süjetləri, M.Şəhriyarın "Heydərbabaya salam"ı, M.Arazın "Göygöl"ü və s. ədəbi nümunələr əsasında verilməsini daha faydalı hesab edirik. Əsas məsələ həm də ondan ibarətdir ki, bu tipli dərsliklər dil və ədəbiyyat dərslərinə qoyulan əsas tələblərdən biri - dərsin 40 faizdən az olmayan vaxtının bədii mətn üzərində qurulmasına (hermenevtik yanaşma), məktəblilərdə və gənclərdə ədəbiyyata marağın artırmasına xidmət etsin.
4) Qeyri-dövlət dillərində təlim dedikdə, ilk növbədə, təlimin rus dilində aparıldığı siniflər göz önünə gəlir. Məsələ ondadır ki, bu sahədə məktəblərimizin, fənn müəllimlərinin, tədrisin metodikası ilə məşğul olan alimlərimizin və ETN-nin müvafiq şöbələrində çalışan mütəxəssislərin kifayət qədər təcrübəsi var. Bu istiqamətdə tədrisin böyük ənənəsi olmaqla yanaşı, həm də ictimai nəzarət, mətbuat da öz işini görür. Araşdırmalarımız göstərir ki, tədrisi ingilis dilində, müxtəlif tədris proqramları adı altında aparan özəl məktəblərimizdə əksər hallarda Azərbaycan dili həftədə 2 saat dövlət dili kimi tədris edilməkdən savayı heç bir azərbaycanşünaslıq tədris materialı yer almır. Bu məktəblərdə yalnız dünya ədəbiyyatı kursu ingiliscə tədris olunur və milli ədəbiyyatımız nəinki dövlət dilində, heç ingiliscə də tədris edilmir. Son zamanlar bəzi müəlliflərin eyni əsərin bilinqval və polilinqval mətnlərini yaratma cəhdi (Kamran Nəzirli), Yazıçılar Birliyinin və xüsusilə Səlim Babullaoğlunun təşəbbüsü ilə ədəbiyyat nümunələrimizin xaricdə ingiliscə nəşri təlim ingilis dilində aparılan məktəblər üçün ikidilli (Azərbaycan və ingilis dillərində) tədris resursu yaratmağa imkan verir. Bu məqalədə göstərilən məsələnin digər tədris-təşkilati, pedaqoji və tərbiyəvi aspektlərinə toxunmasaq da, aidiyyəti instansiyaların məsələyə münasibət bildirməsini və reaksiya göstərməsini vacib sayırıq.
Geniş mənada götürsək, "Ədəbiyyat" fənn kurikulumu uşaqlarda şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılması, bədii mətnlərin ifadəli və məqsədli oxunuşu, onlarda qoyulan mövzu, ideya, problemlərə, hadisə və xarakterlərə şagirdlərin obyektiv münasibət bildirilməsi, bu zaman yoldaşları ilə dialoq qurma, digərlərinin fikrinə qarşı dözümlülük nümayiş etdirmə, yaradıcı münasibəti yazılı rəy, inşa, esse şəklində ifadə etmə, mətnin bədii xüsusiyyətləri barədə təsəvvürə malik olma kimi vərdiş və bacarıqların aşılanmasına, ədəbiyyat nəzəriyyəsi üzrə minimum biliklərin mənimsədilməsinə istiqamətlənib. Altstandartlar folklor nümunələrində, müxtəlif janrlara aid ədəbi mətnlərdə bədii ifadə vasitələrinin və onların funksiyasının müəyyən olunması, monoloqlarda və dialoqlarda, təsvir və xarakterlərin təhlili zamanı və yazı işlərində həm yeni sözlərin, həm də metaforik ifadələrin işlədilməsi ilə nitqin ifadəliliyinə, səlisliyinə, axıcılığına və məntiqliyinə nail olunması üçündür. V-IX siniflər üçün "Ədəbiyyat" fənn kurikulumunu təhlil edərkən, təbii ki, interaktiv dərsin xüsusən motivasiya, tədqiqat sualları, yaradıcı tətbiqetmə və refleksiya mərhələlərinin məhz bədii mətnlər üzərində iş üçün, gənc nəsildə ədəbiyyata marağın oyadılması, onların kreativ, düşünən, təəssübkeş, vətənpərvər, doğma yurda, elə bağlı, adət-ənənələrə tanış və sayğılı, ətrafındakılara, canlı aləmə, ekologiyaya diqqətcil, gəldiyi rəy və qərarlarda qətiyyətli olmaları kimi cəhətlər formalaşdırılması diqqəti cəlb edir. Ədəbiyyat fənn kurikulumu, dərslik və müəllim üçün metodiki vəsait fəndaxili və fənlərarası inteqrasiyaya geniş yol açdığı üçün bədiilik və informativlik cəhətdən uğurlu və uşaqların yaş xüsusiyyətlərinə uyğun seçilən nəsr mətnləri, ifadəli şeir parçaları, portret və xarakterlər, mövzu və münaqişə barədə dolğun təsəvvür yarada bilən monoloq və dialoqlardan ibarət dramatik əsərlər dərsləri əsl polemika meydanına çevirə bilir. Əslində, əsərin müəllifi moderator funksiyasını üzərinə götürmüş ədəbiyyat müəllimi ilə birgə dərsin virtual qurucusuna çevrilir. Yəni müəllif öz mətnyaratma missiyası, bacarığı və istəyi ilə böyük iş görür, tədris prosesinin "iştirakçısı"na çevrilir.
Burada iki məqam üzərində dayanaq. Birincisi, yuxarıda göstərilən məzmun xətlərinə uyğun müəyyən olunan standartlar və altstandartlar üzrə sinifdə iş aparmaq məqsədilə bədii mətn seçmək üçün imkanımız, müəlliflərimiz varmı? Təbii ki, müəllif, mövzu və əsər axtarışı da tədris proqramının tələbindən irəli gəlir. Burada əsasən klassik ədəbiyyatımız, məktəb proqramında oturuşmuş, tədris ənənəsi olan müəllif və əsərlər köməyə gəlir. Sovet dövrünə təsadüf edən, sosialist realizmi metodunun məhsulu olan, lakin hələ də milli-mədəni əhəmiyyətini saxlayan əsərlər arasından müəyyən nümunələr seçmək də mümkündür. Məsələn, 2022-ci ildə işıq üzü görmüş VII sinif üçün "Literatura" dərsliyində yer alan Sabir Əhmədlinin "Pered vzlyotom" hekayəsi əsl pedaqoqun (müəllifin məktəb müəllimi və direktoru kimi fəaliyyəti mövzuya və obrazların davranış, düşüncə tərzinə yanaşmasında özünü göstərir) müəllim və şagird münasibətləri, hamımıza ən xoş və unudulmaz həyat təcrübəsi qazandıran məktəb mühitinin canlandırılması, tərbiyəvi-psixoloji problemlərin ciddi şəkildə qoyulması və həlli mexanizminin göstərilməsi baxımından əhəmiyyətli mətndir. Bəs ən yeni ədəbiyyatımız? Dərsliklər üzərində 15-20 illik iş təcrübəmiz göstərir ki, hazırda gündəmdə olan, şagirdlərin müasiri hesab edilən və bu günün məsələlərini işıqlandırmaqla, çağdaş dünya ədəbiyyatı üçün xarakterik mövzulara müraciət etməli və uşaq təxəyyülünü canlandıra bilən, onu düşündürücü və təəccübləndirici aləmlərə gətirən müasir bədii mətnlər tapmaq çox çətindir. Ümumiyyətlə, məhsuldar yaradıcılığı ilə gündəmdə olan, 5, 10, 15 cildlik əsərlər çap etdirən əksər müəlliflərimizin - müasirlərimizin əsərləri içərisindən bəzən məktəb üçün mətn seçmək problemi var. Dərslik müəllifi olaraq bunu etiraf etməkdən çəkinmirik. Fikrimizcə, hansısa müasirimizin 50-100 ildən sonra kiminsə onu başa düşəcəyinə ümid etmə haqqı və ya "mən yazıram, oxucu məni başa düşmürsə, bu, onun problemidir" rəyi yersizdi, o, ilk növbədə, öz dövrü üçün üzərinə yazıçı məsuliyyətini götürüb. Burada xatırlatmaq istəyirəm ki, müasir interaktiv dərsin ən azı üç mərhələsi (motivasiya, yaradıcı tətbiqetmə, relaksiya) əsər və müəllif seçimi zamanı bu meyarı ortaya qoyur.
İkinci məqam fənn proqramlarında hər hansı əsərdən, o cümlədən şeirlərdən parçaların əzbərlənməsinin tövsiyə olunmaması problemidir. Müəlliflərin doğum və ölüm, əsərlərin yazılma tarixləri ilə bağlı məlumatların dərsliklərə salınması da arzu olunmur. Yəni fənn kurikulumlarında belə bir tələb yoxdur. Bu məqamların test tapşırıqlarının bilərəkdən çətinləşdirilməsinə, uşaqların hafizəsinin yersiz yüklənməsinə yol açdığı fikri ilə müəyyən qədər razılaşsaq da, uşaqların şeir parçalarını, folklor nümunələri və əsərlərdən müəyyən təsvirləri yadda saxlamaq tələbinin aradan qaldırılması bizə mübahisəli və məntiqsiz görünür. Bu gün istənilən az-çox tanınan ziyalımız klassik və müasir poeziyamızdan əzbər söyləyə bilirsə, bu, təbii ki, ilk növbədə, uşaqlıq, məktəb illərində qazanılan uğur və şəxsiyyətə başucalığı gətirən məqamdır. Əgər kurikulum islahatı başlanandan insanlar bu qabiliyyətdən məhrum edilibsə, gələcəyimizin şəxsiyyətləri kimlər olacaq, onlar müxtəlif mövzulu məclislərdə nə danışacaqlar, faktlara necə istinad edəcəklər? Axı, şeir əzbərləmək istənilən yaş dövründə həm də yaddaşın məşqidir. Deyə bilərlər ki, əl telefonu və kompüter bunların hamısını özü edəcək. Bəs ədəbiyyat dərslərində bilik, vərdiş, bacarıq və səriştə qazanmaq anlayışlarını necə başa düşək? Fikrimizcə, şeir parçalarının əzbərlənməsini, istinad üçün bədii mətnlərdən parçaların yadda saxlanılmasını əzbərçilik hesab etmək yanlış təsəvvürdür. "Ədəbiyyat" fənn kurikulumlarındakı bu boşluq aradan qaldırılmalıdır.
Yeri gəlmişkən, fənn kurikulumu deyəndə, tədris proqramı və standartları anlamı ağlımıza gəlir. Tədris proqramının isə hər beş ildənbir təzələnmə ənənəsi var (sonuncu "Təhsil qanunu"nda bu müddət "5 ildən az olmayaraq" kimi müəyyənləşdirilsə də, 2008-ci ildən istifadə olunan hazırki fənn kurikulumları, o cümlədən, ədəbiyyat proqramı ciddi suallar doğurduğu, mövcud tədris-təlim situasiyası ilə uyğunsuzluq təşkil etdiyi üçün təzələnməli, yeni məzmunlu dərsliklərin yazılmasına şərait yaradılmalıdır).
Mövcud boşluqlardan biri də siniflər üzrə janr məhdudiyyətidir. Təsəvvür edin ki, poema, dram, povest janrlarına müraciət yalnız səkkizinci sinifdən başlayaraq mümkündür. Bu məhdudiyyət bəzən göstərilən janrlarda yazılan əsərlərdən parçaların belə istifadəsini istisna edir.
Yenilənəcək ədəbiyyat proqramı üçün təkliflərimizdən biri də tərcümə ilə yanaşı, qeyri-dövlət dilində tədris aparılan siniflər üçün yazılan dərsliklərdə folklor və yazılı ədəbiyyat nümunələrinin orijinalın dilində verilməsidir. Bunun şagirdlərin dövlət dilini mənimsəməsinə, onlarda tərcüməçilik vərdişlərinin və bədii mətnlərə yaradıcı münasibətin formalaşmasına səbəb olacağı qənaətindəyik (bu halda dərslərdə həm də yaradıcı tətbiqetmə imkanları genişlənəcək).
Yuxarıda göstərilən boşluqlar, ədəbiyyat fənninin məktəbdəki funksiyasına, hər bir şagirdi, həm də gələcəyin böyük şəxsiyyətlərini formalaşdıran fənnin müvafiq standart və altstandartlarına hərfi yanaşma onun uşaq təfəkkürünün, dünyagörüşünün və təxəyyülünün inkişafındakı rolunu azaltmış olur. Bir anlıq təsəvvür edək ki, qədim yunan miflərisiz, Homerin "İliada" və "Odisseya"sısız antik mədəniyyəti, Nizaminin "Xəmsə"sisiz, Firdovsinin "Şahnamə"sisiz Şərq Penessansı, Servantesin "Don Kixot"u, Dantenin "İlahi komediya"sı, Şekspirin "Hamlet"isiz Orta əsrlər tarixi, H.Cavidin "Topal Teymur", "Siyavuş" faciələrisiz türk tarixi, M.Şoloxovun "Sakit Don" və "İnsanın taleyi" əsərlərisiz Birinci və İkinci Dünya müharibələrinin, inqilab və vətəndaş müharibələrinin dəhşətləri barədə necə məlumatlı olmaq mümkündü?
Nə quru tarixi faktlar, nə arxiv materialları M.Şəhriyarın "Heydərbabaya salam"ı, B.Vahabzadənin "Gülüstan"ı, S.Rüstəmxanlının "Ölüm zirvəsi" və Elçinin "Baş" romanları kimi bizə Cənubi Azərbaycan sevgisini, parçalanmış Azərbaycan dərdini və azadlıq eşqimizin ifadəsini təlqin edə, o dövrün tarixi-siyasi mühitini dolğun şəkildə canlandıra bilməz, heç bir siyasi proqnoz Anarın "Ağ qoç, qara qoç"u kimi qəlbimizdə, ümidlərimizdə və perspektiv planlarımızda birləşmiş Vətən sevdasını təsəvvürə gətirə bilməz. Yəni ədəbiyyat sadəcə bir tədris fənni deyil. O, dünya tarixinin, mədəniyyət və incəsənət salnaməsinin yaradılmasına stimul verən, insanı öyrənən, insana və təbiətə sevgi aşılayan universal məzmunlu tədris fənni kimi qəbul olunmalıdır. Azərbaycan məktəblisi üçün ədəbiyyat dərsləri "Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanlarının, C.Məmmədquluzadənin "Anamın kitabı" pyesinin, Sabirin "Hop-hopnaməsi"nin, C.Cabbarlının "Ölkəm", Ə.Cavadın "Göy-Göl", M.Müşfiqin "Həyat sevgisi", S.Vurğunun "Azərbaycan" və M.Arazın "Azərbaycan - dünyam mənim" şeirlərinin və neçə-neçə əsərlərimizin yaşatdığı fərəh, acı və düşündürücü hisslərdir. Ən müasir texnologiyalar, robotlaşma, intensiv kompüterləşmə dövründə bu fənnin təkcə ümumi orta təhsil proqramlarında deyil, həm də ali təhsil səviyyələrində təmsil olunması, şübhəsiz ki, məqsədəuyğundur.
Ədəbiyyat fənn kurikulumu orta təhsilin səviyyələri və hər bir sinif üzrə məlum məzmun xətləri əsasında şagirdlərdə bilik, bacarıq və səriştə formalaşdırmağı qarşıya məqsəd qoyur. Eyni zamanda ümumi və tam orta təhsil səviyyələrini bitirən məzunlar konkret kompetensiyalara malik olduqlarını göstərməyi bacarmalıdırlar. Bu tələblər öz yerində, amma istər milli ədəbiyyat olsun, istərsə də xarici, ədəbiyyat tarixi, şifahi və yazılı ədəbiyyatın janrları, ədəbi cərəyanlar, yaradıcılıq metodları, ədəbi anlayışlar, ədəbiyyat nəzəriyyəsi üzrə terminlər, ədəbi portretlər - bütün bunlar tarixi-xronoloji planda, ardıcıllıqla və sistemli şəkildə, sadədən mürəkkəbə doğru təqdim olunmalıdır. Bu, o demək deyil ki, biz tam orta təhsil səviyyəsində ədəbiyyat kursunu tarixi-xronoloji ardıcıllıqla verməklə altstandartlarla tələb olunan bilik, bacarıq və vərdişlərin qazanılması tələbini arxa plana keçiririk.
Uşaqlarda bədii oxuya həvəsin oyadılması və artırılması, onlarda ifadəli, ardıcıl, məqsədli oxu vərdişlərinin formalaşdırılması, uşaq və gənclərin müxtəlif yaş dövrlərində hansı əsərləri oxuması, dil dərslərində qrammatikanın, orfoqrafiya və orfoepiyanın, leksika və frazeologiyanın mənimsədilməsi üçün seçilən və ya adaptə olunan bədii mətnlərin istifadəsi, onlara təhlil etmə və mühakimə yürütmə, hadisə və faktlara rəy bildirmə, təqdimat etmə, dialoqa girmə bacarıqlarını aşılamaqla, ədəbi təhsilin verilməsi dil və ədəbiyyat üzrə fənn kurikulumlarında məqsəd kimi qarşıya qoyulur. Ədəbiyyat fənninə münasibətdə ədəbi anlayış və terminlərin öyrədilməsini də bura əlavə etsək, şagirdlərin ədəbiyyat nəzəriyyəsi üzrə biliklər qazanması ilə bərabər, həm də yaradıcılıq potensialı olan gənclərin istiqamətləndirilməsinə şərait yaranar.
Hazırda Azərbaycan məktəblərinin təlim dövlət və qeyri-dövlət dillərində aparılan siniflərində istifadədə olan ədəbiyyat fənn kurikulumları və dərslikləri arasında müəyyən məzmun və yanaşma fərqlərinin mövcudluğu da nəzərdən qaçmır. Azərbaycan məktəblərində iki ayrı-ayrı ədəbiyyat fənn kurikulumunun istifadədə olması, təbii ki, ilk növbədə, təlim dövlət və qeyri-dövlət dillərində aparılan siniflər üçün hazırlanan dərsliklərin yazılma metodikası və məzmununda özünü göstərir. İstər əvvəlki illər, istərsə də son 4 il üçün (dərsliklər hər dörd ildənbir yenilənir) ədəbiyyat fənni üzrə tədris resurslarının müqayisəsi ciddi fərqlər aşkar etməyə imkan verir:
1. Təlimi dövlət dilində aparan məktəblər üçün yazılmış dərsliklər "Ədəbiyyat" adlandırılsa da, burada 90-95 faiz milli, 5 faiz həcmində isə dünya ədəbiyyatı (daha çox təkrar-təkrar verilən bir xarici müəllif) təmsil olunub. Deməli, fənn proqramının və dərsliyin adı ilə məzmunu arasında fərq yaranır. Elə isə Azərbaycan dilində 150 cildlik "Dünya ədəbiyyatı kitabxana"sının yaradılmasına, məktəb kitabxanalarına hədiyyə olunmasına nə ehtiyac vardı? Təlim qeyri-dövlət dilində (rus dili) aparılan siniflərdə istifadə olunan dərsliklərdə Azərbaycan ədəbiyyatı 50 faizdən çox, rus və dünya ədəbiyyatı nümunələri isə təxminən 40-45 faiz təmsil edilib ki, bu da fənnin məqsəd və vəzifələrinə tam uyğundur. Digər qeyri-dövlət dillərində təlim aparan məktəblərimizdə ədəbiyyatın tədrisi mənzərəsini vermişdik. Müvafiq icra orqanları "Təhsil haqqında qanun"un 6-ci maddəsini rəhbər tutaraq (6.2 - tədris proqramlarında "milli və ümumbəşəri dəyərlər"in nəzərə alınması tələbi), ölkəmizin ərazisində fəaliyyət göstərən, Azərbaycan vətəndaşlarını təhsilə cəlb edən məktəblərin nəinki ədəbiyyat, həm də digər fənn proqramlarında azərbaycanşünaslıq materiallarının təmsil olunması problemini təcili həll etməlidir.
2. Təlimi dövlət dilində aparan məktəblər üçün yazılmış IX-XI sinif dərslikləri fənn kurikulumu ilə müəyyən olunan məzmun xətləri, standart və altstandartlar üzrə hazırlanmaqla bərabər, tarixi-xronoloji prinsip əsasında yazılıb. Bu tədris resursları milli ədəbiyyatı sistemli şəkildə, əvvəlki dövrlərin ənənəsi ilə təqdim etməyi bacarır. Bu fikri təlim qeyri-dövlət dilində aparılan yuxarı siniflər üçün yazılmış son nəsil dərsliklər (2019-2022-ci illər) barədə söyləmək çətindir. Burada bir sistemsizlik var. 2011-2017-ci illər ərzində hazırlanmış "Literatura" dərsliklərinin əksəriyyəti alternativsiz tədris resursu kimi həm bu cəhətdən, həm milli ədəbiyyatın təqdim olunması, həm də digər elmi-metodiki aspektlərdə tələsik, ciddi ekspertiza rəyindən kənar hazırlanmış tədris vəsaitləri təəssüratı yaradır.
Keçən il istifadəyə verilmiş X sinfin "Literatura" dərsliyi (2022, müəllif Sevinc Hüseynova) daha çox təəccüb doğurur: tarixi-xronoloji prinsip bir yana, hətta mövzular üzrə fəsillərə yerləşdirilmiş müəlliflərin və əsərlərin ardıcıllığı məntiqsiz görünür. 2-ci fəsildə U.Şekspirin "Hamlet"i N.Gəncəvinin "İskəndərnamə"sini, F.Dostoyevskinin "Cinayət və cəza"sı A.Puşkinin "Elegiya"sını qabaqlayır. 3-cü fəsildə A.Çexovun "İonıç"ını, M.F.Axundzadənin "Aldanmış kəvakib"ini, A.Ostrovskinin "Cehizsiz gəlin"ini, E.Ponun "Kütlə adam"ını janr, ideya-mövzu və ədəbi tip cəhətdən birləşdirən nə var? Təəssüf ki, göstərilən müəllif tərəfindən bu il çapa hazırlanmış 11-ci sinif üçün "Literatura" dərsliyi də eyni təəssürat bağışlayır. Bu iki dərslik nə Azərbaycan, nə rus, nə də dünya ədəbiyyatının inkişaf mərhələləri barədə şagirddə fikir formalaşdırmır. Təlim dövlət dilində aparılan məktəblərimiz üçün X-XI siniflərin "Ədəbiyyat" dərsliklərini (2019-2022, müəlliflər İsa Həbibbəyli, Soltan Əliyev, Bilal Həsənov, Aynur Mustafayeva) bu mənada uğurlu hesab etmək olar. Burada Qədim, İntibah, Orta əsrlər, Yeni dövr ədəbiyyatı, Maarifçi realizm, Tənqidi realizm və romantizm, Sovet dövrü, Milli özünəqayıdış mərhələsi üzrə müəllif və əsərlərin seçimi ədəbiyyatımızın ardıcıl inkişaf və təkamül mərhələlərinə uyğundur. Bu isə şagirdlərdə ən azı milli ədəbiyyatın inkişaf mərhələləri barədə dolğun və sistemli təsəvvür yaratmağa xidmət edir.
3. Təlim dövlət dilində aparılan məktəblər üçün dərsliklərdə təmsil olunan müəllif və əsərlərin seçimində konkret yanaşma nəzərdən qaçmır. Burada müəllif və əsər seçimi prinsipinə professor Bəşir Əhmədovun "Ana sözü" jurnalına (1991, № 9-10) verdiyi müsahibədən bir fikirlə istinad etmək istərdik: "Ən kamil sənətkarların ən kamil əsərlərini seçib tədris etmək, yerdə qalanları müstəqil öyrənməyi tapşırmaq lazımdır". Bu mənada qeyri-dövlət dilində tədrisi aparan siniflər üçün dərsliklərin müəyyən bir qismində müəllif və əsər seçimi meyarları gözlənilməyib. Bu, fənn kurikulumu tətbiq olunandan sonra yazılan dərsliklərdə daha çox müşahidə olunur. Yəni şagirdə bilik, bacarıq, vərdiş qazandırmaq adı ilə mövzu-ideya, tərbiyə məsələləri arxa plana keçirilir. Məktəbdə "Ədəbiyyat" fənninə təlim-tərbiyə prosesinin tərkib hissəsi kimi baxmaq lazımdır. Əhməd Ağaoğlunun "Mən kiməm?" başlıqlı yazısında demokratik cəmiyyətlərin formalaşmasında, müstəqil düşüncəli şəxsiyyətlərin yetişdirilməsində ədəbiyyatın da roluna toxunulur. Burada belə bir fikir diqqəti cəlb edir: "Tərbiyədən danışarkən bu məfhumu çox geniş mənada anlamaq lazımdır. İnsan ruhuna təsir göstərən bütün amillər nəzərə alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar - bir sözlə, sadalanan hamısı tərbiyəyə daxildir" (Mən kiməm?, Bakı, 2019, s.48).
4. Təlim dövlət dilində aparılan məktəblər üçün dərsliklərin çatışmayan cəhəti bədii mətnlərə az yer verilməsindədir. Mətnlər çox yığcam, ixtisarla verilir, bu kitablar daha çox metodiki vəsait rolunu oynayır, halbuki, paralel olaraq, həm də "Müəllim üçün metodiki vəsait" yazılır. Siniflər üzrə müntəxəbatların olmadığı bir halda dərslikləri metodiki göstərişlərlə, sxem və cədvəllərlə doldurmağa lüzum görmürük. Təlim qeyri-dövlət dilində aparılan siniflərin dərsliklərinin daha çox şəkilli, reklam xarakterli jurnalları xatırlatması da gözdən yayınmır.
5. O fikirdəyik ki, bütün ədəbiyyat dərsliklərində müəllif və əsər sayı ilə illik tədris materiallarına ayrılan dərs saatları arasında tərs mütənasiblik müşahidə olunur. Verilən sual və tapşırıqların sıxlığı nəzərdən qaçmır. Mövzuların, mətnlərin qaçaraq öyrədilməsi (əsasən 1 dərs saatı ayrılmaqla) dərsdə qoyulan məqsədlərə nail olmağa imkan vermir.
6. Burada bir məqamı da vurğulamaq vacibdir. İcbari təhsil ümumi orta təhsillə yekunlaşdığı üçün biz IX sinfi bitirənlərə də attestat veririk deyə, fikrimizcə, VIII və IX siniflərin "Ədəbiyyat" dərsliklərinin tərtibində də tam orta təhsilin (X-XI sinif) dərsliklərində olduğu kimi, tarixi-xronoloji prinsip gözlənilməlidir. Yəni müvafiq bilik, bacarıq və səriştə öz yerində, ümumi təhsil üzrə məzun həm də ədəbiyyat barədə sistemli biliyə malik olmalıdır. Təbii ki, bu iki təhsil pilləsində verilən tədris materialları bir-birini təkrar etməməlidir. Dərsliklərin bir seriya olaraq oturuşmuş müəllif kollektivləri tərəfindən, konkret konsepsiya əsasında hazırlanmasını düzgün yanaşma hesab edirik. Bu mənada təlim dövlət dilində aparılan məktəblər üçün "Ədəbiyyat" dərsliklərini təkmil hesab etmək olar, çünki VIII-IX siniflərin dərslikləri də fənn kurikulumunda vurğulanan məzmun xətləri, standartlar və altstandartlar, interaktivlik, fəndaxili və fənlərarası inteqrasiya və s. tələblər gözlənilməklə milli ədəbiyyatın inkişaf mərhələlərinə uyğun tarixi-xronoloji prinsip əsasında hazırlanmışdır. Ümumi orta və tam orta təhsilin son siniflərinin "Ədəbiyyat" dərsliklərində təmsil olunan ədəbi janrların seçimi sual doğursa da (fikrimizcə, kurikulumun tələbinə uyğun, VIII və IX siniflərdə irihəcmli janrlarda əsərlərin verilməsinə məhdudiyyət qoyulmamalıdır), bütövlükdə bu dərsliklər təhsil pillələri üzrə məzunlar üçün müəyyən edilən kompetensiyaların qazanılmasına imkan verir.
Layihə rəhbəri və həmmüəllif olaraq, təlim qeyri-dövlət dilində (rus dilində) aparılan siniflərlər üçün hazırladığımız "Literatura" dərsliklərində (2019-2023-cü illərdə, V-VIII siniflər üçün, həmmüəlliflər İlahə Carçıyeva, Bahar Bağırlı, Tatyana Biriç) yuxarıdakı müqayisədə üzə çıxan çatışmazlıqlardan qaçmağa çalışmışıq. Çünki əvvəlki illərdə ənənəvi tədris proqramları əsasında 7, 8, 11-ci siniflər üçün yazdığımız və təkrar istifadə üçün təkmilləşdirdiyimiz "Literatura" dərsliklərində (2006-2017) milli ədəbiyyatımızın dünya ədəbiyyatı kontekstində təqdim olunması təcrübəsi uğurlu aprobasiyadan keçmiş, şagirdlər və fənn müəllimləri tərəfindən bəyənilmişdi.
Göstərilən məqamların nəzərə alınması təkcə bir fənn kimi "Ədəbiyyat"ın tədrisinin yaxşılaşdırılması ilə bağlı deyil. Biz dil və ədəbiyyat dərsliklərimizdə şifahi və yazılı ədəbiyyat nümunələrimizin təmsil və təqdim olunması, onların ideya-mövzu, bədii, həm də tərbiyəvi funksiyası barədə əhatəli şəkildə düşünməliyik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!