Telejurnalist, rejissor, ssenarist Kəmalə Mirzəyeva haqqında düşüncələr...
Ürəyinin alovunun işığında adamlar yürüsünlər deyə yaşayan adam Tanrı kimidir.
Rüstəm Behrudi
Kəmalə xanım heç bir kimsəyə, yazı əhlinə bənzəmir, yaradıcı - düşündürücü və böyük Ürək sahibi - belə bir Azərbaycan Türk Xanımı ilə ilk dəfə Onun simasında rastlaşdım. Bir yaz günü şərtləşdik, görüşdük. Təbiət və təbiilik harmoniya yaratmışdı, baharın ən gözəl çağı aprel ayı... əslində çoxdan tanıdığım Kəmaləni demə heç tanımırmışam... O danışdıqca düşünürdüm ki, bəlkə də, Kəmalə xanım bir çoxlarının həyatı boyunca Onun elədiyi, böyük zəhmət tələb edən işin - özü də şərəfli işin heç bir hissəsini belə etmək arzusu ilə yəqin ki, çoxları yaşayıb.
Şanslı və Xoşbəxt bir Ömür deyək... Əslən Qərbi Azərbaycandan olan valideynləri və onun torpağa bağlılığı, torpaq, Vətən, yurd, Ocaq sevgisi... və danışdıqca Kəmalənin içərisində sakitliyə çəkilən, məqamı gələndə kükrəyən və dünyaya yaşamaq yanğısından anlayaraq - iç dünyasından baxan "içimizdəki həsrət"i görürdüm.
İçimizdəki Uşaq hənuz böyümədi, demişdi N.Hikmət.
Elə ən gözəli də içimizdəki "Uşağın" böyüməməsidir, böyüsə saf - təmiz Uşaqlıq dünyamız param-parça olar, gəlin bu aspektdən baxaq bu mənəvi saflığa.
Orta məktəbi Bakıda - Qaraçuxurda 104 №-li orta məktəbdə bitirən Kəmalə İqtisadiyyat Universitetinin İdarəetmə ixtisası üzrə mütəxəssis kimi yetişsə də, könlüm -qəlbim məni ayrı səmtə aparırdı - deyir. Bir neçə il Moskvada işləsə də yenidən Bakıya qayıdır. Və həyatının ən məhsuldar dövrü məhz bu çağa düşür. Təsadüfən bizlərin sevimlisi, günü bu günün özündə belə Azərbaycan jurnalistikasının korifeylərindən olan Telli xanımla rastlaşanadək... Telli xanım Kəmaləyə təkcə yol göstərmədi, əlindən tutan bu əli heç buraxmadı. Buna istər şans deyək, istərsə uğur... Televiziya ilə bağlı öz fikirlərini Telli xanıma danışan Kəmaləni bu xanım televiziyaya gətirir. Elə bu gəlişlə də həyatımın bütün axarı dəyişdi - deyir.
İlk baxışda bir qədər sadə görünən Kəmalənin daxili dünyası olduqca zəngindi, dünya içərisində dünya, "mən içində "mən" vardır" deyək. Mənə əslində onun içərisində, xoş gülüşünün arxasında asanlıqla gizlətdiyi o "məni" görmək lazımdı və mən nə yalan deyim, o "məni" gördüm. O "MƏN" Azadlıq yanğısı və onu əldə edən bir Türk xanımının Vətən boyda aşiqliyi idi. Kəmalə xanım çox zəngin mənəviyyat dünyasına, güclü müşahidə qabiliyyətinə malik ziyalı xanımdır. Cavan olmasına baxmayaraq zəngin həyat yolu və yaradıcı dünyası var. Rejissor, ssenarist, publisist - özü də qeyd etdiyi kimi iqtisadiyyatı - idarəetməni qurtarsa da, əslində hər zaman bir ruh, yaradıcı insan dayanmışdı qarşımda. İntellekt səviyyəsi yüksək, duyğulu, təbiət - təbiilik aşiqi və bütün heyvanlara - Tanrının yaratdığı canlılara Məhəbbət. Yəni anlayacağımız Kəmaləyə yaxşı anlamda qibtə etməyə dəyər.
Yaradıcı dünyamda ikinci böyük dəstəkçim dəyərli jurnalist, publisist Qulu Məhərrəmli oldu - deyir Kəmalə xanım. Və daha bir şəxs - Bəxtiyar Qaraca, Azərbaycan televiziyasında "Gənclik" redaksiyasında onunla birgə işləmək mənə teleməkanda böyük dəstək oldu. Və bu üç böyük İnsan mənim həyat yollarımda düzgün və dürüstlüklə addımlamağıma səbəb oldu.
Bir müddət Xəzər TV-də "Qaliblər" idman proqramında işlədim, həm ssenari müəllifi kimi, həm də aparıcı kimi…
Özünün də qeyd etdiyi kimi əhatəsi olduqca böyük idi. Sözsüz ki, bu həm də Kəmalə xanımın bir sıra görkəmli idmançılarla və idman dünyası ilə tanışlığına təkan verirdi.
"Təkcə tanışlıq deyil, bu mərd insanlarla dostluq da mənə dünyamın daha da zənginliyinə gətirib çıxardı. Fərid Mayılov, Ehram Məcidov və s. kimi ünlü simalar ... və gözəl dostluqlar qazandım. Ən gözəl dostlar idi bunlar. Və özünü tanımaq - özü olmaq, belə şanslar verildi mənə", deyir Kəmalə xanım.
Lakin harada işləməyindən asılı olmayaraq Kəmalə xanım əsir düşən torpaqlarımızı, işğal olunmuş doğma Qarabağımızı, Zəngəzuru, Göyçəni bir an belə unutmadı. Hansı işdən yapışdısa sevərək, məsuliyyət və ürəklə girişdi işinə. İstər filmlərə yazdığı ssenarilərdə, istərsə də rejissor kimi, aparıcı kimi nə yoruldu, nə də işin əziyyətindən usandı. Qarabağ, Qərbi Azərbaycan bu nisgilli sevgi Onun yaradıcı dünyasına açılan pəncərə oldu. Və gördüyü bütün işlər Ona, özü söylədiyi kimi Özü Olmaq şansı verdi. Bu isə teleməkan kimi geniş auditoriyaya malik tamaşaçı kütləsi üçün böyük risk, cəsarət tələb edirdi. Məhz bu çağlardan da müstəqil həyat yoluna qədəm qoyan Kəmalə ssenarilər yazdı, rejissorluq etdi, filmlər üzərində çalışdı.
"Elə bu mövzularla da onlarla filmin ssenarisini yazdım, rejissoru oldum - deyə qeyd edir. İlk işlərindən olan Milli Qəhrəman Mübariz İbrahimovun silahdaşı, yaxın dostu olmuş Fərid Əhmədovun haqqında çəkilən film "Hay ver mənə, Cənab Leytenant" - bu çox ağrılı olsa da, bunu həyata keçirmək Şəhidlərimizə ehtiram, bizlərin borcu idi. Ananın məğrur duruşu və... bu gözəl Ananın göz yaşlarını silməyə çalışdım... əgər bilsəm ki, bu Azərbaycan Anasının acısını azacıq da olsa yüngülləşdirə bildim... Bundan o yanası yoxdur, bundan o yanası son dayanacaqdır. Bu sondur və sən bunu bilirsən, lakin ürəyi qubar Anaya necə təsəlli verə bilərsən... Onların dərdinə şərik olmaq, göz yaşlarını silmək başlıca qayəm oldu"...
Bəli, belə bir zamanda gülümsəmək də, yazmaq da hünər istər. Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Raquf Orucov, Əhməd Abbdullayev, "Aprel şəkilləri" adlı film, Bitməyən Müharibənin Qəhrəmanları - mayor Orxan Vəlizadə, Əbubəkr İsmayılov, Təbriz Musazadə və Azərbaycan səmasının Qartallarına həsr edilən film, ürəyimiz ağrısa da yaddaşlarımız üçün ən gözəl vasitə. Torpaqlarımız belə igidlər sayəsində Vətən oldu... Bu sənədli filmlərdə Vətən uğrunda əziz canlarından keçən Vətən Oğullarını 25-30 dəqiqəlik filmə sığışdırmaq asan deyildi. Və bu filmlərin əksəriyyətində Kəmalə ssenarist-rejissor kimi fəaliyyət göstərib. Daha iki böyük layihəni isə Kəmalə xanım TRT Avaz kanalında ərsəyə gətirmişdir. "Bizim uşaqlar" və "Həyat hekayələri" adlı layihə TRT Avaz vasitəsilə bütün Türk dünyasına yayımlanmış və özünün də qeyd etdiyi kimi çox maraq və coşqu ilə qarşılanmışdır.
Qarabağla bərabər "Mətbuat tariximiz - İstiqlal yolumuz" silsiləsindən M.Ə.Rəsulzadə, Ə.B.Hüseynzadə, Ö.F.Nemanzadə, M.A.Şahtaxtlı, Xədicə Əlibəyova - ilk qadın jurnalist, publisist və alim, "İşıq" jurnalının yaradıcısı və maraqlı bir adla müşayiət olunan "İşığın düşmə bucağı", Ceyhun Hacıbəyli haqqında film və s. Əmək sərf olunan, Azərbaycanın şanlı dövlətçilik ənənələrinin tərənnümü və bu milli mücadilənin yaradıcıları - biixtiyar güclü rejissor işi və güclü də ssenari - diqqətimi ilk öncə "İstiqlal Mücahidləri"ndən Cümhuriyyətimizin yaradıcısı və qurucusu M.Ə.Rəsulzadə cəlb edir:
Azərbaycan ziyalıları - aydınları haqqında həm ssenari yazmaq, həm rejissorluq... bu işlərin öhdəsindən gəlmək zəhmət və peşəsinə - jurnalist sənətinə vurğunluqdan və öncəsi Vətənə olan böyük sevgidən irəli gəlirdi. Onu da qeyd edim ki, bu, Azərbaycan Mətbuat Şurasının layihəsi idi. Bu filmlərdə əsasən, baş məsləhətçi olaraq Cavanşir Feyziyev, məsləhətçilər isə Əflatun Amaşov və Bəxtiyar Qaraca idi.
Hal-hazırda Respublika "Xatirə" kitabının əməkdaşı, "Yada düşdü" jurnalının redaktoru, eyni zamanda "1001 info.az" saytının təsisçisi və baş redaktoru kimi çalışan bu xanım - Kəmalə Mirzəyeva mərd, zəhmətkeş və hər şeydən əvvəl böyük ürəyə sahib olan xanımdır.
2022-ci ildə daha bir uğura imza atır Kəmalə xanım. Mədəniyyət Nazirliyinin layihəsi olan "Müharibə Qəhrəmanları Qadın rejissorların gözü ilə" silsilə filmlər çəkilişinə dəvət alan Kəmalə xanımın Goranboy rayonu Tapqaraqoyunlu kəndindən olan Milli Qəhrəman Niyazi Aslanov haqqında çəkdiyi "Mən həmişə Sizinləyəm" sənədli filmi Nizami Kino Mərkəzində 26 noyabrda ictimaiyyətə təqdim olunur. Qəhrəmanımızın keçdiyi həyat yolu, Vətənin Azadlığı uğrunda həyatından keçməsi bizləri bir daha düşüncələrə qərq edir. Zəfər Qalibiyyətini bu Şəhid Oğullar və Şahid Qazilər qazandı. Qeyd olunan bu filmlər "Salnaməfilm" studiyasında ərsəyə gəlmişdir. Qəhrəmanın keçdiyi həyat yolunu, Qəhrəmanlıq səhifələrini rejissor qadın gözü ilə görməyə çalışıb. Kəmalə xanımın bu filmlərində kədər - qüssə deyil, qəhrəmanımızın şücaətindən doğan qürur hissi köks qabardır. Kəmalə xanımın dediyi kimi, "insan qəhrəman doğulmaya bilər, lakin Qəhrəman kimi Vətən uğruna deyərək ölə bilirsə, bu əsl Qəhrəmanlıqdır. Belə yüksək dəyərlərdən doğdu "Mən həmişə Sizinləyəm", Azərbaycan adlı bu gözəl məmləkət uğruna can qoyan - baş qoyan Adlı və Adsız Qəhrəmanlar, Yeriniz Cənnətdir"!
44 günlük Zəfər Qalibiyyəti bütün Türk dünyasını sonsuz sevinclərə qərq etdi. Zəfər Qalibiyyətinin şəhidlərindən olan Muxtar Qasımlı haqqında "Yolun düşsə bu dünyaya bir də gəl" adlı oçerki "Yada düşdü" jurnalında dərc olundu. Və nə qədər ağır olsa da Muxtarın valideynləri ilə söhbət etmək, dərdlərinə şərik oldu.
"Yaradıcı dünyamın ən özəl çağı "İstiqlal mücahidləri" silsilə filmlər seriyasından hazırladığım işlərdir", deyən Kəmalə xanım qocaman jurnalist, tarixçi, publisist, alim Şirməmməd Hüseynovla olan görüşlərini, ondan aldığı müsahibələri də xoşbəxtlik adlandırır. Şirməmməd müəllimdən həm ata yurdu Şəkidə, həm də Bakıda müsahibələr almaq dərs almaq demək idi. Kəmalə xanım bu zəngin mənəviyyatlardan özü üçün dürr-gövhər, incilər əxz edirdi.
Ömür adlı bu gözəl həyatın içərisində məhsuldar bir jurnalist xanımın ssenarist, rejissor, redaktor işləri və bir sıra kitabların redaktorluğu - zəhmət dolu həyat yolu. Məsələn, Kəmalə xanım "Həyat hekayələri" adlı kitabını əməkdar mühəndis, elm xadimi, neft-qaz sənayesində əvəzsiz xidmətləri olan alim Rizvan Abasova həsr edib. Yaxud onun xanımın ssenarisi əsasında Az TV-də Azərbaycan - Türkiyə dostluğuna həsr edilən və bu dostluğun əbədi olduğunun bariz nümunəsi olan "Məlahətli qonaqlar" adlı ikiillik fəaliyyət proqramı istər Türkiyədə, istərsə də Azərbaycanda sevilən, gözlənilən proqramlardan idi. Sevimli aktrisamız Məlahət Abbasova və onun qonaqları ilə aparılan mükalimələr, əvəzsiz musiqi inciləri xoş ovqat yaradırdı.
Gözəl qəlbi, zəngin - coşqulu həyatı, yaşam dolu istəkləri və üstəgəl bir ruh insanına məxsus düşüncə tərzi - müşahidə və analiz, gördüklərindən nəticə çıxarıb dərslər almaq, yəni öyrənmək bu gözəl xanımın həyat kredosudur.
Öz Azərbaycan adlı evindən, əhatəsindən - mühitindən və dağ sandığı Ata - Anasından zövq alaraq - məftun olaraq yaşamaq! Nə gözəl qayədir bunlar! "Xanım rejissor mənim üçün sənətinin fədaisidir"- deyir şair Əbülfət Mədətoğlu".
Kəmalə xanımın gerçəkləşən bütün işlərini seyr etdikcə bu ifadənin məhz onun boyuna biçildiyi təəssüratı doğur insanda.
Kəmalə xanım gəncdir, cavandır, hələ həyatın al-yaşıl rənglərindən, qalibiyyət dastanı yazan qazilərimiz haqqında yaşamağa səsləyən gözəllik adlı dəyərlərdən hələ çox söhbətlər açacaq. Bu günümüzün deyil, bütün zamanların, sabahımızın simvolu olan Vətən adlı İlahi sevgimizi çox işlərində ana xəttə çevirəcək. Nazim Hikmət necə deyib? "Ən gözəl dəniz/ hənuz keçilməmiş olanıdır".
P.S. Və nə üçünsə mənə elə gəlir ki, sən mənim ana ocağım göyçək Göyçənin, onun lacivərd sularının gözəlliyini, həsrət adlı göy gözlərin nisgilini, yol gözləyən yurdun həsrətini unikal bir rejissor işi ilə çəkəcək, təkcə səni sevənləri deyil, üzü, yolu Qərbi Azərbaycana yönələn bütün insanlarımızı sevindirəcəksən.
05.05.23
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!