"Müşahidələr"in demək olar ki, hamısı müxtəlif zamanlarda həyat təcrübəsinin diktə etdiyi fikir yekunlarıdır, ibrətli nəticələrdir. Həyati təəssüratların, müşahidələrin nəticələri əsasında yaranan düşüncə yekunlarıdır. Burada həyatın mənəvi və cismani gözəlliklərindən vəcdə gələn gəncliyin də, dünyanın faniliyindən ürək ağrısı ilə gileylənən müdrik və peşiman qocaların da həyat sevincləri və vida ağrıları həssas, səmimi təcəssümünü tapmışdır...
"Müşahidələr" müxtəlif məqamlarda, gündəlik güzəranda təsadüfən yaranan fikirlərdir, müxtəlif müşahidə yekunlarıdır... Əslində, müxtəlif xarakterli, məzmunlu müşahidələrin özü də bir növ xatirələrdir, yadda qalanların xatirələrə çevrilməsidir...
***
İnsan yaşa dolduqca adətən fərdi xarakteri, təbiəti onun sifətində, simasında daha aydın və qabarıq şəkildə aşkara çıxır, zühur edir. Qəddar və xəbis adamların kinli, zəhmli portreti bədbinlik, kədər simvoluna çevrilir. Səmimi və xeyirxah adamların simasında isə nikbin bir məsumluq, nurani işıq güclənir, əsas olur. Sanki insan tədricən fiziki varlıqdan ruhani təcəssümə çevrilir...
Qocalıq ucalıqdır!
Müəllim üçün ən vacib, güclü cəhət, amil onun fərdiyyətidir, onun şəxsiyyət olmasıdır. Şəxsiyyət olanda hər şey yerini tapacaqdır. Yalnız bu zaman o, sözünə və özünə zəruri inam yarada bilər!
Tarix boyu müdriklər cəmiyyətin dərdini çəkib, dələduzlar keyfini...
Gözlərin dediyini sözlər deyə bilmir...
Ziyalının ziyanlı olmağa mənəvi haqqı çatmır!..
Diqqət edilsə, çox vaxt insanın səs tembri də onun fərdi xarakterindən xəbər vermiş olur.
Bədii təhkiyə də müəllif fərdiyyəti haqqında müəyyən təsəvvür yarada bilir. Bədii təhkiyə müəllif xarakterinin ilk ünvanıdır, diaqnoz nümunəsidir. Belə də demək olar ki, "təhkiyə - xarakterdir!".
Alleqorik olaraq insan ürəyi mahiyyətcə azadlıq simvoluna, ürək şəkli isə azadlıq gerbinə çox uyğun görünür! İnsan ürəyi özlüyündə heç bir məhdudiyyətə tabe olmur, heç bir məntiqə və rəsmi qanuna, yaxud fərmanlara, mühakimələrə uyğunlaşmır; bəzən sahibinin belə (insanın) hökmünə ram olmur... Sanki o, bütün dünya məntiqindən kənardır, yalnız öz istəklərinin, duyğu və həyəcanlarının Azad yaşantısı ilə mövcuddur!..
Təhsil - millətin mənəvi səhhətidir və əsas "kompası"dır!
Ən ağır bəla tale "qarğışıdır"!..
İstedad - Tanrı payıdır!.. Tarix və cəmiyyət isə onu istiqamətləndirən əsas inkişaf amilləridir, səbəbləridir... İstedad bir şəxsin deyil, bütöv bir xalqın, bəzən də zamanın qismət payıdır!
Ən böyük istedad bəlkə də şəxsiyyət istedadıdır! Bu milli və bəşəri idealların fərdi ləyaqət ucalığı ilə vəhdətdə olan ən qüdrətli ifadə təzahürüdür. Onun sahibləri harada olsa, oranın da ucalığına qüdrəti çatacaqdır! (Vətənpərvərlik, millətpərəstlik və s.).
Bədii istedad sahibləri üçün bəstəkarlıq və rəssamlıq sahəsində ali təhsil ocaqları da mövcuddur. Bədii ədəbiyyat sahəsində isə heç orta təhsil də yoxdur!
Bədii ədəbiyyatda sənətkar oxucu ilə bir növ söhbət edir, dərdləşir, həyat haqqında, insan və cəmiyyət barədə dialoqa girir... Məhz belə məqamda poetik fikrin fəlsəfi müdrikliyi və əzəməti, bədii sözün isə obrazlılıq cazibəsi, gözəlliyi müəllif üçün oxucu tapa bilər və əsər bədii sənət faktı kimi qəbul olunar. Buna görə də bədii ədəbiyyat yaradıcısı sənət meydanında, yaradıcılıq prosesində bir növ tənhadır, başqa incəsənət sahələrindəki sənətkarlardan xeyli mürəkkəb və müşgül imtahandadır!..
Mətbuat aləmində "ədəbiyyat və incəsənət" kimi qəribə söz birləşməsi işlənməkdədir. Axı bədii ədəbiyyat nə vaxtdan incəsənət növlərindən kənardır ki?! Əslində o da elə incəsənət növüdür. Özü də lap köklüsüdür, mükəmməlidir! Ədəbiyyat aləminin görkəmli nümayəndələrinə "Əməkdar incəsənət xadimi" kimi fəxri ad verilmirmi?
Güman ki, bu ifadə lap çoxdan (30-cu illərdən) rus dilindəki məşhur "literatura i iskusstvo" ifadəsindən götürülmüşdür.
Dəli kimdir, ağıllı kim bəşəri sualı (dileması) bədii ədəbiyyatda əslində Nizaminin "Leyli və Məcnun"undan başlayır!..
Ülvi eşq orta əsrlər ədəbiyyatında mənəviyyat, əqidə ucalığına yüksəlir. Və bədii əsərlərin əsas "ideologiyasına" çevrilir.
C.Məmmədquluzadə gülüşü məzmunca, mahiyyətcə şaxtalı qış havasının kəskin sazağı kimi yandırır, titrədir! Ə.Haqverdiyev gülüşü isə ümumən nikbindir, işıqlı və şaqraqdır. Bu gülüşdə sanki qızmar yay günəşinin bol işığı və yandırıb yaxıcı hərarəti vardır!
Dünyanın gözəllik və təzadlarının dərindən və ibrətli dərki üçün böyük gözəllik duyumu və emosional yaşantı zənginliyi vacibdir! Payız küləklərinin ayaqlarımız altına səpələdiyi adicə xəzəllərə, solmuş küləşlərə diqqətlə baxın... Hər yarpağın özünəməxsus bir rəsm gözəlliyi, estetik forması və rənglər qamması (uyarlığı), ahəngi vardır. Lakin bu əsrarəngiz gözəlliyi həmişə görürükmü? Oradakı yaşıl, sarı, qırmışı, hətta qəhvəyi rənglərin yaratdığı cazibədarlıqdan zövq alırıqmı? Axı hər növ ağacın yarpaqları biçim yaraşığına və rəng koloritinə görə digərinin təkrarı deyildir; elə bil onlar mahir bir rəssamın eskizi əsasında yaradılmışdır!
Böyük rus rəssamı Levitanın ən məşhur əsərlərindən olan "Mart" mənzərəsi məhz payız fəslinin bu solmuş - saralmış görünüşünün estetik cazibəsinə həsr olunmuşdur. Baharın yaraşığından bəhs etməyə nə var ki? Əsl hünər məhz "yoxsul" payızın təkrarsız yaraşığını kəşf etməkdir!...
Bir dəfə də olsun hər hansı bir ağacdan meyvə dərənin onun yarpaqlarının biçiminə, yaxud ağacın öz yaraşığına maraq göstərməsinə rast gəlmədim!..
Müxtəlif janrlı, formalı incəsənət əsərlərini duymaq, "yaşamaq" bacarığı, həssaslığı da mənəvi zənginlikdir. İnsan var ki, məharətli muğam ifasına davam gətirmir, gözlərindən yaş axır; elələri də var ki, həmin ifanı nə qədər dinləsə də heç nə anlaya bilmir, "bədbəxtcəsinə" mürgü vurur...
Tənqidi məzmun və nikbinlik bildirən gülmək əlaməti... Zahirən təzadlı görünən bu emosional təzahürlərin vəhdətdə təcəssümü məcazi mahiyyət kəsb edərək, kinayəni yaratmış olur. Elə bu qəribəliyə görə də çox effektli olur... Məhz bu daxili təzad əsərdə nə qədər uyuşmaz və qəribə görünürsə tənqidi gülüşün kəsəri də bir o qədər güclü olur!
Tənqidi gülüşdə fikrin kinayəlilik effekti əsasdır, başlıcadır. Kinayə tənqidi gülüşün bütün formalarının yaranmasında əsas amildir; onun iştirak dərəcəsi məhz yumoru, satiranı və sarkazmı meydana gətirir, gülüşün məcazi kəsərini, "tündlük" səviyyəsini müəyyənləşdirmiş olur.
Kinayə məcazdır, bəzi nəzəriyyəçilərin iddia etdiyi məxsusi kinayə gülüşü yoxdur, kinayəli gülüş vardır!
Lirikanın emosional gücü və mərhəmətliyi ilk növbədə ondadır ki, o, hardasa oxucunun şəxsi "dərdlərini" təzələyir, nisgil və həsrətini yenidən yaşadır, kövrəldir, duyğulandırır. Xatirələr yada düşür, kövrəldir və bir növ fərdi dərdlərin də bədii tərcümanına çevrilmiş olur... Lirikanın əsl estetik cazibəsi məhz bu nisgil, həsrət müştərəkliyindədir!..
Həsrət, hicran məzmununu fəryad edib oxumaq!.. Nə böyük, müdhiş bir təzad! Dərdini izhar edir və oxuyur... Dinləyici də bundan zövq alır!.. Bu sənət möcuzəsi ən böyük (uca) zirvəsinə bizim muğamlarda çatmışdır! İnsan kədərlidir, ələmlidir, amma oxuyur, özü də həsrətini izhar edir, oxuyur...
Əsl təsir, emosional cazibə də elə bu təzadda deyilmi?! Dərd harayını oxumaq... və zövq almaq! İnsan təbiətinin bu da bir möcüzəli təzahürüdür...
Xəlqilik - milliliyin məfkurəsidir!
Heyrət və gözlənilməzlik bədii effektin özülüdür!
Ədəbi növlər - fikrin sərrast və emosional bədii ifadə modelidir! Mövzunun, həyat materialının uyğun formatda və effektli təqdimat üsulunda nəzərə çatdırılmasıdır.
Lirik janrların şifahi və yazılı format xüsusiyyətləri məzmun təqdimatında o qədər də fəal və həlledici deyildir. Deyək ki, bayatı, qoşma, gəraylı, hətta qəzəl kimi janrların mütləq və vacib forma şərtləri var ki, onlar bütün məzmun variantlarında təxminən eyni biçimə malikdir. Burada məzmunla bağlı olaraq ciddi, əsaslı forma - janr fərqləri demək olar ki, yoxdur.
Epik və dramatik növlərdə isə məzmun və forma (janr) xüsusiyyətləri tamam (xeyli) başqadır. Epik əsərlərin süjetə və həcmə görə əsasən üç qrupa bölünməsi, hər qrupun da özünəməxsusluğu, hər bir janrın isə təkrarsız model xarakteri mümkündür.
Musiqi və rəqs ilk növbədə milli xarakterin bədii-estetik təzahürüdür.
Xatirələr hər kəsin bir növ ikinci tərcümeyi-halıdır. Keçən ömrün güzgüsüdür.
Sanki kainat yaranışdan elə gurulub ki, o daima böyük təkamülə möhtacdır. Onu kamilləşdirmək zərurətləri isə insanı daima daha böyük xarüqələrə sövq edir. Və məhz bu məqamda insan özü də mütəmadi olaraq yeni mənəvi və fiziki kamillik prosesi yaşamalı olur.
Bəlkə də kainatın təkamül prosesinin bilavasitə insanın təkamülü ilə vəhdətdə və əlaqədə olması özü elə ən böyük qanunauyğunluqdur?
Füzuli o şairlərdəndir ki, yaradıcılığı nə qədər çox tədqiq olunursa, suallar da bir o qədər çoxalır!... Çünki oradakı ülvi, fəlsəfi düşüncələrin mahiyyəti əsasən fikirlərin obrazlılıq orijinallığındadır, kəşflərindədir! Bu obrazlılığın şərhində isə yeni bəşəri - fəlsəfi düşüncələr, tapıntılar aşkarlanır...
Bədii obraz ürəklə beynin fikir ittifaqıdır! Məzmunu beyin tapır, ürək də həyəcanla estetik naxış vurur...
Tarix yazılanda təhrif olunursa o, artıq elm deyildir, ideologiyadır, siyasətdir!
Həqiqi sarkazm dahilik əlamətidir!
Tənqidi gülüş çox amansız "ədəbi silahdır!" Tənqid hədəfi vaxtında və sərrast nişan alınmasa o, gec açılan əl qumbarası kimi, sahibinə qarşı daha qorxulu və amansız ola bilər. Uğursuz komediya əsərində komik qəhrəman mövqeyində müəllifin özü qalan kimi!..
Melodiya - milli ruhun melodik tərcümanıdır. Həyatın gözəlliyi qarşısında sənətkarın vəcdə gəlməsidir.
Bir elm kimi ədəbiyyat nəzəriyyəsinin əsasında intellektual məntiq dayanır. Bədii yaradıcılığın təcrübə yekunları əsasında məhz sərrast məntiqlə elmi qanunauyğunluğun sirləri şərh olunur.
Tələbə müəllimin xatirə yadigarıdır!
C.Məmmədquluzadənin əsərləri tarix kitablarından daha tarixidir. Çünki ədib tarixin əsl mahiyyətini, ruhunu, milli xarakterini tapa bilmiş və bədii lövhələrdə nümayiş etdirmişdir!..
Böyük sənətkarların adi məişət danışığı, nitqi ilə bədii əsərlərindəki təhkiyələri arasında müəyyən yaxınlığı, oxşarlığı da izləmək mümkündür. Əslində adi danışıq da, bədii təsvir və təhkiyə üslubları da ilk növbədə şəxsiyyət və fərdi xarakter təzahürləridir.
Böyük ədiblərimiz Süleyman Rəhimovun əsərlərindəki geniş vüsətlə Mir Cəlal yaradıcılığındakı klassik lakonizmi müqayisə üçün nümunə göstərmək olar.
Yaltaqlıq - şəxsiyyət dilənçiliyidir!
Təbiətdə də, cəmiyyətdə də "sürünənlərin" "zəhəri" daha qəfil və daha dəhşətli olur!..
Nə vaxtsa böyük sevgi yaşamış bir adamla heç vaxt həqiqi eşqi yaşamayan bir başqasının "Leyli və Məcnun" dan təsirlənməyi eyni ola bilərmi?!
Pafos - bədii əsərin nəfəsidir, müəllifin əsəri yazarkən yaşadığı həyəcanların, hisslərin, duyğuların təzahürüdür; sənətkar yaşantılarının sözlərə, səslərə çevrilməsidir, müəllif həyəcanının oxucuda yenidən peyda olmasıdır, zühurudur, ikinci yaşantısıdır...
Ənənə ən etibarlı yaradıcılıq yaddaşıdır, milliliyin özülüdür, məhvəridir. Ərəb sözü olan ənənə rəvayət vasitəsilə nəsildən nəslə keçən bir şey mənasını bildirir. Əslində isə gələcək sənət yeniliklərinə - bədii kəşflərə zəmin olacaq özül, bünövrə mərhələsidir.
Üslub xarakterdir! Şəxsiyyətin fəaliyyətindəki təzahürüdür... Bədii yaradıcılıqda bu cəhət özünü daha aşkar biruzə vermiş olur. İstedad nə qədər böyükdürsə, fərdi orijinallıq da o qədər qabarıq təzahür edir.
Üslub fikrin aynasıdır! Üslub sənətkarın yaradıcılıq simasıdır, sənət xarakteridir, sənətkar manerasıdır.
Fars dilindəki novayəndə sözü yeni gələn, yenilik tərəfdarı deməkdir. Lakin sənətdə hər yenilik novatorluq sayılmaz. Yalnız güclü, əsaslı, ilhamlı yenilik - məhz sonrakı ənənənin əsasını qoyan, onun yaradıcısı olan köklü yenilik novatorluq sayıla bilər!
Bədii sənətdə güldürmək və ümumən, gülməyi bacarmaq xüsusi intellektuallıqdır!
Tarixi abidələr keçmiş dünyagörüşün, bədii zövq və sənətkarlıq səriştəsinin elə irsi yadigarlarıdır ki, onlara yeganə ehtiram üsulu onları təhrif etməməkdir!..
Deyirlər, adi şüşə sınanda çox vaxt iri parçalara bölünür. Billur sınanda isə çox kiçik hissələrə, zərrəciklərə çevrilir. Görünür, bu cəhət billurun daxili saflığına sübutdur!
İnsan təbiətində də bunu müşahidə etmək olar... ("Qəlbim qırıldı"). Abırsız və abırlı adamlarda olduğu kimi!...
Şəxsiyyətli insanların da tale sınaqlarında bəzən "sınması" beləcə billur aqibətinə bənzəmirmi?
Leonardo da Vinçinin ən məşhur əsəri olan Mono Lizanın portreti ("Cakonda") əsərindəki qadının üzündəki təbəssümün sirri çox güman ondadır ki, o, narazı (özündən isə çox razı halda) baxışlarla onun mənəvi və cismani gözəlliyini tam layiqincə başa düşə bilməyənlərə qınayıcı və bir az da kinayəli tərzdə təbəssümü ilə öz münasibətini bildirir. Elə bil ki, onun mürəkkəb təbiətini "oxuya" bilməyənləri dərin bir niskil ilə qınayır. Sanki şəkil deyir ki, "axıra qədər məni tam dərinliyi və dəqiqliyi ilə başa düşən olmadı!" Güman ki, bu qadının taleyi o qədər də uğurlu olmamışdır. Bu təbəssümdə onun bütün taleyi və "gileyli" xarakteri var...
Əslində bədii ədəbiyyatın "tacını" dramatik ədəbiyyat yox, epik ədəbiyyatı hesab etmək daha dəqiq görünür. İlk növbədə ona görə ki, məhz epik ədəbi növ həyatı daha mükəmməl, geniş lövhələrdə canlandıra bilir. Tarixi həqiqətləri xarakterlər münaqişəsində müfəssəl zəmanələr müstəvisində xəyalən "əyaniləşdirməyə" onun imkanları daha vüsətlidir!
Epikada yeri gəldikdə digər iki ədəbi növə aid məqamlar da olur. Epika, həyatı bütün təzahürləri və monumentallığı ilə təcəssüm edə bilən çoxcəhətli ədəbi növdür!
Dramatizm epik növün qüdrət və əzəmət mənbəidirsə, lirika onun zəriflik və gözəllik yaraşığıdır!
Azərbaycan nəsri əsl klassik zirvəsinə məhz C.Məmmədquluzadə və Ə.Haqverdiyev yaradıcılığında çatmış oldu!
Ədəbi növlərin özünəməxsus inikas xarakterini insan ömrünün mərhələləri ilə müqayisə etsək, şərti olaraq belə bir paralel göstərmək olar: Lirika - gənclik, dramaturgiya - orta yaşlar, epika - qocalıq... Sevgilər dünyası, mübarizələr dövrü və müdriklik zamanı...
Məcnunun tarixi sima olması və sevgilisi Leyli haqqında şeirlər yazması tarixən məlumdur (VII əsr). Lakin Füzulinin Məcnunu bütün yaşantıları və böyük eşqi ilə çox güman ki, elə şairin özüdür, onun yaşantılarının təcəssümüdür. Çünki o qəzəlləri, o eşq fəryadını yalnız eşq cünunu yarada bilərdi!..
Bədii əsərdə ən qüdrətli pafos (forması) səmimiyyətdir! O, müəllifin bütün varlığından qopub gələn "etibar nəfəsidir!".
Sən yazdığını yaz, gör fələk nə yazır!..
Epika təsəvvürdür, lirika yaşantıdır, dramaturgiya müşahidədir...
Həqiqi sevginin səadətini və ya müsibətini yaşamayan bir insan elə bil ki, bu dünyaya yalnız maraqlı bir muzey kimi baxıb qayıtmış olur...
İncəsənət növlərinin əksəriyyətində söz ilkindir, başlanğıcdır. Çünki əsər yaranmamışdıan əvvəl məhz sözlə onun məğzi, mahiyyəti təsəvvür olunur. Sözlər təsəvvürdə konkretləşərək başqa bədii materiala - səsə, rəngə, lövhəyə transformasiya olur... Musiqi əsəri səslə, rəssamlıq əsəri lövhələrlə "danışmış olur". Əsər sözlə düşünülən fikirlərin ("məhz fikirlərin") bədii obrazlı adekvatına çevrilir... Demək, musiqi və ya rəsm əsərlərinin də özülündə, ibtidasında əlahəzrət söz dayanır! İntəhası sözlər musiqidə, rəsmdə yazılmır, düşünülür, təsəvvür olunur...
Bədii ədəbiyyatın söz sənəti hesab edilməsi isə onun həyatı, gerçəkliyi məhz söz (dil) vasitəsi ilə canlandırması, inikası ilə əlaqəlidir. Lakin bədii ədəbiyyatda düşüncə və bədii ifadə, təcəssüm materialı vasitəsi bilavasitə söz olduğu halda, incəsənətin başqa növlərində dil yalnız ilkin düşüncə, təfəkkür materialıdır.
Ali təhsil illəri həm də əsl təməl illəridir! Gələcək uğurların və şəxsi səadətin tale sınağıdır!..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!