İki imza, iki zirvə, iki həyat - İsa Muğanna haqqında

 

Ülvi AYDIN

Bakı Dövlət Universitetinin doktorantı

Əsrin tam ortasında ədəbi mətbuatda yeni bir imza görünməyə başladı, İsa Hüseynov. İmza yalnız görünməklə kifayətlənmədi, eyni zamanda ədəbi mühitdə əks səda yaratmağı da bacardı. İsa Hüseynovun ilk mətbu əsəri olan "Anadil ötən yerdə" hekayəsi çap olunduqdan sonra ədəbi mühitin müəllifə olan münasibətini formalaşdırmağa başladı. İsa Hüseynov bu hekayəni yazmaqla gedəcəyi yolun başlanğıc nöqtəsini qoydu. "Anadil ötən yerdə" hekayəsi İsa Hüseynovu zirvəyə aparan yolun xəritəsi oldu. Nasir hekayədə atası Musatafa Hüseynov və dayısı Niyazinin obrazları fonunda kənd həyatının təsvirini vermişdir. Bu hekayə ədibin sonrakı yaradıcılığı üçün istiqamətverici bir əsər olmaqla yanaşı, həm də yazıçıya xas ənənələri də özündə cəmləşdirmişdir. Qələm sahibi bu hekayədən başlayıb, sonrakı əsərlərində də avtobioqrafik surətlər ərsəyə gətirmişdir. "Anadil ötən yerdə" əsərinin çapından sonra yazıçı Mehdi Hüseyn İsa Hüseynovu məhəlli ədəbiyyat yaratmaqda qınamışdır. Müəyyən zaman keçdikdən sonra yazıçının məhəlli ədəbiyyat yox, avtobioqrafik əsər yazdığı bəlli oldu. İsa Hüseynov imzası 50-ci illərdə "Bizim qızlar", "Dan ulduzu", "Doğma və yad adamlar", "Yanar ürək" kimi iri həcmli povestlərlə oxucuların görüşünə gəldi. Müəllif bu əsərlərdə gerçək hadisələrlə bədii təxəyyülünü vəhdətdə təqdim edirdi. Dövrünün qaranlıq məqamlarına işıq salmağa çalışırdı. İ.Hüseynovun qələmi gerçək hadisələri yazma baxımından daha mübariz, daha cəsarətli idi. Ədib müharibə dövrünün canlı şahidi olduğundan müharibənin yaratdığı fəsadlardan əsərlərində daha çox bəhs etmişdir. "Saz", "Tütək səsi", "Quru budaq" əsərlərində müharibə dövrünün ponoramı aydın və detalları ilə görünməkdədir. Nasir əsasən kənd həyatını, kənd camaatının yaşam tərzini əsərlərində canlandırmaqla bərabər kəndin dağından, meşəsindən, enişindən və yoxuşundan da yazırdı. Bəlkə elə bu üzdən də İsa Hüseynovun zirvəyə getdiyi yol da bir qədər enişli, yoxuşlu, daşlı, kəsəkli oldu. Ədib haqsız tənqidlərlə qarşılaşır, onun əsərləri zaman-zaman rejim tərəfdarları tərəfindən kəskin şəkildə qınanırdı. Tənqidlərə rəğmən İsa Hüseynovun iradəsi, cəsarəti, mübariz ruhu və sarsılmaz qələmi onu zirvəyə doğru aparır, yazıçıya olan oxucu sevgisini artırırdı. 60-cı illərdə İsa Hüseynov artıq ustad sənətkar kimi qəbul olunurdu. 60-cılar nəsli onu böyük yazıçı olaraq xarakterizə edirlər. Nasirin əsərləri 60-cılar nəsli üçün sanki bir məktəb rolunu oynamışdır. Baxmayaraq ki, İsa Hüseynov gənc idi, onun bədii düşüncəsinin və qələminin ədəbiyyatda seçkin yeri görünürdü. Bütün bunlarla yanaşı zirvəyə doğru gedən yol heç də hamar deyildi. Nasiri zirvəyə aparan pillələrdə çıxıntılar, əyintilər vardır. Bununla bərabər duman, çiskin, qara buludlar da görünməkdə idi. İsa Hüseynov qələmi yalnız hekayə, povest yazmaqla işini bitmiş hesab etmirdi. Ustad sənətkar bir neçə ssenarinin də müəllifi olmuşdur. Yazılan ssenarilər də kəskin tənqidlərə məruz qalmışdı. 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra İsa Hüseynovun yaradıcılığında qara buludların çəkdiyi sədləri günəş yarıb çıxmağa başladı. Heydər Əliyev "Nəsimi" filminin çəkilməsi üçün böyük təşəbbüs göstərdi. Filmin ssenarisinin yazılmasını İsa Hüseynova tapşırmaqla yazıçının zirvəyə gedən yolunda yaşıl işıq yandırdı. Ədib ssenarini qələmə aldı və film hazır olduqda Ulu Öndər İ.Hüseynovun işini yüksək qiymətləndirdi. "Nəsimi" filminin çəkilməsi İsa Hüseynovu ssenari müəllifi kimi zirvənin kulminasiya nöqtəsinə yaxınlaşdırmışdır. Bu da hələ son deyildi. Ulu Öndərin qayğısı yazıçıya xüsusi stimul verdi. Nasir tarixi əsər olan "Məhşər" romanını qələmə aldı. Filmin çəkilməsindən sonra Nəsimi düşüncələri ictimailəşsədə, romanın yazılması ilə Nəsimi yaradıcılığına ədəbiyyatşünaslığın marağı daha da artdı. Yazıçı "Məhşər" romanını təqdim etdikdən sonra yeni tarix yaratmaqda da ittiham olundu. Müəllif ittihamlara cavab olaraq bildirmişdir ki, "Məhşər" romanı tarix deyil, tarixi bədii əsərdir. "Məhşər" romanı İsa Hüseynov imzasının kulminasiya nöqtəsi, zirvəsi oldu. Ədib bu əsərə qədər xalqın taleyindən bəhs edirdisə, "Məhşər" romanında xalqın taleyindən doğan gerçəkliklərlə bərabər bəşəri əhəmiyyətli düşüncələri də ortaya qoymuşdur. Bunlarla yanaşı Nəsiminin elminin və düşüncəsinin gücü ilə böyük hökmdarları heyrətləndirdiyini göstərdi. "Məhşər" İsa Hüseynov imzasının və yazıçı İsa Hüseynov həyatının zirvəsi olmaqla bərabər son əsəri idi. Ancaq bu son digər bir başlanğıcın yaranmasına zəmin yaratdı. Bir mərhələnin bitməsindən sonra digər bir mərhələnin işartıları görünməyə başladı.

80-ci illərin əvvəlində ədəbiyyatda İsa Muğanna imzası intişar etdi. Yeni imza ilə ədəbiyyat meydanına daxil olmaq yazıçıdan böyük cəsarət və mübarizlik tələb edirdi. Özü də o yazıçıdan ki, böyük oxucu sevgisini və ədəbi ictimaətin rəğbətini qazanmışdır. Müəllif İsa Hüseynov imzası ilə lazımi zirvəni fəth etdikdən sonra yazıçıya yazmaq üçün yeni bir nəfəs gəldi. İsa Muğanna imzasının ilk əsəri "İdeal" romanı oldu. Bu əsər yalnız ədəbi mühitdə deyil, bütövlükdə cəmiyyətdə rezonans yaratdı. İsa Muğannanın İsa Hüseynov imzasından başlıca fərqi o idi ki, yeni imza zirvəyə doğru addımlamırdı. "İdeal" romanının çapından sonra İsa Muğanna artıq zirvədə idi. Yazıçı ikinci zirvəni elə ilk qələm təcrübəsindən fəth etdi. Bir növ "Məhşər"lə yüksəldiyi İsa Hüseynov zirvəsindən körpü vasitəsilə İsa Muğanna zirvəsinə yetişdi. "İdeal" romanının yazılması ilə ədibin yaradıcılığında SafAğ elmi, OdƏr dili əks olunmağa başladı. Nasir "İdeal" və sonrakı əsərlərində ölümsüzlük anlayışı və ikinci doğuluş fikirlərini irəli sürməyə başladı. "İdeal" romanının dilinin çətin olması tənqidçilərin və tədqiqatçıların romana yanaşmasında özünü göstərdi. İsa Muğanna "İdeal" və sonrakı əsərləri yazmaqla yeni yazıçı həyatı yaşamış oldu. Ustad sənətkar qeyd edirdi ki, "İdeal" və onun ardınca yazdığı ədəbi nümunələri Ün eşidərək qələmə almışdır. Yəni əsərlərin sujet xətti yazıçıya Tanrı tərəfindən Ün vasitəsi ilə göndərilirdi. İsa Muğanna ikinci zirvəni fəth etdikdən sonra yazıçı qələmini əlindən qoymayaraq müntəzəm şəkildə "Qəbiristan", "Cəhənnəm", "GurÜn", "İsaHəq MusaHəq", "İlan dərəsi", "Qırx kisə qızıl", "Söz yarası", "Türfə" kimi ədəbi nümunələr ərsəyə gətirdi. "İdeal" romanında baş verən hadisələr "Qəbiristan" əsərində davam etdirildi. "İdeal" özündən sonrakı əsərlər üçün sanki bir yol oldu. Nasirin yaradıcılığında tarixilik anlamı özünü daha geniş mənada göstərməyə başladı. Ustad sənətkar İsa Hüseynov imzası ilə "Məhşər" romanında Nəsimi obrazını yaratdığı halda, İsa Muğanna imzası ilə "GurÜn" romanında böyük Azərbaycan şairi Nizami Gəncəvinin surətini əks etdirmişdir. Yazıçı Muğanna imzasını qəbul edib, bədii düşüncə trayektoriyasını, cəmiyyətə baxışını dəyişsə də, İsa Hüseynov imzasının yazdıqlarına biganə qala bilməmişdir. İsa Hüseynovun yazıb, deyə bilmədiklərini İsa Muğanna yazaraq demiş oldu. Nasir 80-ci illərə qədər yazdığı əsərlərin üzərində işləyib, həmin ədəbi nümunələri oxucuya yeni variantda təqdim etdi. Ustad sənətkar bunun izahını belə verirdi ki, həmin əsərlərdə sovet rejiminin ab-havası daha çox duyulurdu. Bu üzdən də əsərlərin yenidən işlənməsinə ehtiyac yarandı. Yazıçı İsa Muğanna İsa Hüseynovun yazdıqlarını demək olar ki, tam qəbul etmirdi. Bununla belə onun yazdıqlarından bütövlükdə imtina edə bilmirdi. İsa Muğannanın İsa Hüseynovu qəbul etməməsinin başlıca səbəbi yazıçının özünə olan tələbkarlığından irəli gəlirdi. İsa Muğanna imzasının ərsəyə gətirdiyi əsərlərdə ikinci doğuluş anlayışı, insanın saflaşması fikirləri dünya ədəbiyyatında da maraq doğuran məsələlərdəndir. Yazıçının istər İsa Hüseynov, istərsə də İsa Muğanna imzaları ilə yazdığı əsərlər Azərbaycan ədəbiyyatında önəmli və böyük yerə sahibdir. Ustad sənətkar iki imza ilə iki zirvəni fəth etməyi bacardı. "Məhşər" və "İdeal" zirvələrinin fatehi olan müəllif bir ömrünə iki yazıçı həyatı sığdıra bildi. Ümumən, İsa Muğannanın gerçək həyatında və bədii düşüncəsində milli kimlik məsələsi və xalqın taleyi daim diqqət mərkəzində saxlanılmışdır. İki imza ilə iki zirvə fəth edib, iki həyat yaşayan yazıçı bu gün də ölümdən sonrakı həyatını yaşamaqdadır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!