Bədii möcüzələr ustası - Abuzər Turan Xalq yazıçısı Anar haqqında yazır

 

 

 

Ötən yüzilliyin 38-ci ilinin 14 martında iki istedadlı şairin - Rəsul Rza və Nigar xanım Rəfibəylinin ailəsində dünyaya gələn oğlan uşağının mübarək Anar ismi Azərbaycanda təkcə ad kimi ilk olmadı, həm də tamam yeni söz olaraq tezliklə dilimizin lüğət fondunda özünə yer tutdu və qısa bir zamanda xüsusi isim qismində vətənimizin dörd bir tərəfinə yayıldı. Məncə, bu ad yurdumuzda ən geniş yayılmış adlar içində birinci yerlərdən birini tutur, valideynlər bu gün də bu sadə, məzmunlu, çoxmənalı adı böyük həvəslə sevimli oğul balalarına qoymaqda davam edirlər. Mübaliğəsiz deyə bilərik ki, hazırda Azərbaycanımızda Anar adı olmayan bir nəsil-soy tapmaq mümkün deyil. Elə bizim ailənin sonbeşiyi - qardaşım İsrayılın kiçik oğlunun da adı Anardır, həmin uşağa bu adın seçilməsinin səbəbi rəhmətlik anam Qəmər xanımın Anar müəllimə olan sonsuz sayğısının nəticəsi idi. Bu adın belə geniş şəkildə yayılması ilə bağlı yarıgerçək, yarızarafat bir mətləbə də toxunmaq istərdim: gənc şairlərin ailəsindəki ilk adqoyma mərasimindən ötən 85 il ərzində bir millət daxilində, eyni coğrafi məkanda işlənmə miqyasına və adaşların faiz nisbətinə görə Anar adı çoxdan Ginnesin Rekordlar Kitabına düşməyə layiqdir.

Şükürlər ki, bu ad ilk sahibinə çox sayalı, düşərli oldu, Tanrı istəyilə bolluca san qazandı, şana-şöhrətə sahibləndi, məşhuri-cahan oldu Anar, söz-sov, elm-sənət qədri bilən sivil dünyada təkcə öz ata-anasının, kökünün-soyunun deyil, zaman-zaman bütöv bir millətin namına şərəf və başucalığı gətirməkdə davam edir. Anarın dünya miqyasında nəhəng bir sənətkar və yüksək intellektli ziyalı kimi məşhurluğu milli sərvətimiz, milli dəyərimiz və qürur tutalqacımızdır. Dünyanın rəngarəng mədəniyyət xəzinəsini zənginləşdirən belə böyük istedad sahibləri həm də ümumbəşər övladlarıdır, onların yaratdıqları sənət inciləri qeydsiz-şərtsiz bütün xalqların, millətlərin mənəvi sərvətinə çevrilir. Bu sarıdan xalqımız yer kürəsinin mədəni irs, xüsusən də bədii ədəbiyyat yaradan milli toplumları arasında bəxtiyeyinlər cərgəsindədir. Dədə Qorqud, Əbu Nəmdar, Qətran Təbrizi, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə, Dədə Ələsgər, Mirzə Cəlil Məmmədquluzadə, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Məmmədhüseyn Şəhriyar, Süleyman Rəhimov, Səməd Vurğun, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Rəsul Rza, İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Elçin, Sabir Rüstəmxanlı və nəhayət, Anar ədəbi imzalarının hər biri dünyanın bədii söz səltənətində özünəməxsus yer tutmuş təkrarolunmaz, kamil Azərbaycan sənətkarlarıdır və fani dünya durduqca millətimizin ad-sanını, şan-şöhrətini külli-aləmdə ucaldan görkəmli yaradıcı şəxsiyyətlərdir.

Yeniyetmə və gənclik illərində Anar hərtərəfli, mükəmməl humanitar təhsil alıb. Üzeyir Hacıbəyov adına Konservatoriyanın nəzdindəki musiqi məktəbində orta təhsilini gümüş medalla başa vurub (1945-1955). Həmin təhsil ocağı hazırda Bülbül adına musiqi məktəbi kimi tanınır. Anar Rzayev 1955-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyub, rus dili və ədəbiyyatı ixtisası üzrə müəllimlik diplomu alıb. O, universiteti bitirən kimi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində işləməyə başlayıb, 1961-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya verilişləri Komitəsinə "Axşam görüşləri" radiojurnalının redaktoru işinə dəvət edilib. Həyat yoluna nəzər salanda aydınca görünür ki, Anar bütün şüurlu ömrü boyu özünə qarşı hədsiz dərəcədə tələbkar olub. Universitetdə aldığı filoloji təhsillə kifayətlənməyib və 1962-1964-cü illərdə Moskvada Ali ssenari kurslarında adlı-sanlı dramaturq, peşəkar ssenariçi İosif Qriqoryeviç Olşanskinin (1918 - 2004) emalatxanasında sənətkarlığını artırıb. Daha bir yeni sənət diplomu ilə Bakıya qayıdan gənc qələm sahibi əvvəlki iş yerində fəaliyyət göstərmiş, üç il orada böyük redaktor, Uşaq verilişləri və İncəsənət redaksiyalarının müdiri vəzifələrində böyük səylə çalışmışdır.

Anar bədii yaradıcılığa  lap erkən yaşlarında başlamışdır. Yazıçının 2003-cü ildə nəşr olunmuş altı cildlik "Əsərlər"inin birinci cildinə hələ 1952-ci ilin avqustunda yazılmış "İki dəniz" adlı kiçik həcmli hekayəsi daxil edilmişdir. Bu yığcam yazının məğzinə, qayəsinə və üslubuna diqqət yetirəndə onun müəllifinin 14 yaşlı yeniyetmə olduğuna inanmaq çətindir. Düz səkkiz il yazdıqlarını üzə çıxarmayan, səbrlə yazıçılıq təcrübəsini artıran gənc ədib, nəhayət, ustad şair atasının xeyir-duası, məsləhətilə hekayələrini "Azərbaycan" jurnalına verib. Jurnalın baş redaktoru tanınmış nasir, xeyirxah insan Əbülhəsən onun iki hekayəsini məmnunluqla jurnalın 1960-cı il dekabr sayında dərc edib: "Keçən ilin son gecəsi" və "Bayram həsrətində". Bu hekayələr gənc nasirin ilk mətbu əsərləri, oxucularla birinci görüşü, sonralar Azərbaycan ədəbiyyatına planetar miqyasda şan-şöhrət qazandıracaq qüdrətli bir imzanın işıqlı dünyaya gəlişi idi. Sovet dönəmində hər bir qələm əhlinin daha geniş ədəbi-bədii mühitə çıxışı rus dilində nəşr edilən qəzet, jurnallar, kitablar vasitəsilə baş tutardı. Anar bu sahədə də ilk addımını qətiyyətlə atdı, gəncliyinin oğlan çağında, 1962-ci ildə bədii siqlətilə seçilən iki mükəmməl əsərini - "Keçən ilin son gecəsi" və "Asılqanda işləyən qadının söhbəti" hekayələrini Moskvada SSRİ Yazıçılar İttifaqının şöhrətli "Drujba narodov" ("Xalqlar dostluğu") aylıq ədəbi-bədii jurnalının doqquzuncu sayında dərc etdirməklə ədəbiyyatımıza başucalığı gətirən sanballı uğur sahibi oldu. Bu, o zamanlar üçün sıradan sayılan bir təsadüf deyil, sovetlər məkanında ədəbiyyatımıza diqqət çəkən çox gərəkli, yaddaqalan ədəbi hadisə idi. Gənc müəllifin Ümumittifaq arenasındakı daha bir nailiyyəti 1967-ci ildə baş tutdu; Sovet İttifaqı Mərkəzi televiziyasında Rusiyanın xalq artisti Boris Nikitiç Tolmazovun (1912 - 1985) rejissorluğu ilə azərbaycanlı nasirin "Keçən ilin son gecəsi" hekayəsi əsasında hazırlanmış teletamaşa nümayiş etdirildi, baş rolda SSRİ xalq artisti Lübov İvanovna Dobrjanskaya (1905 - 1980) oynayırdı. Elə həmin il SSRİ Mərkəzi televiziyası dübarə Anarın nəsrinə diqqət yetirdi, onun "Mən, sən, o və telefon" hekayəsinin teletamaşasını göstərdi, baş rolları Rusiyanın əməkdar artistləri Vadim Borisoviç Beroyev (1937-1972) və Elvira Pavlovna Brunovskaya (1936-2000) oynayırdılar. Anarın imzası 1960-cı illərin əvvəllərindən Moskva ədəbi mühitində görünməyə, qəzet, jurnal, televiziya vasitəsilə bütün Sovetlər ərazisində tez-tez səslənməyə, tanınmağa, təqdir olunmağa, özünə oxucu və tamaşaçı auditoriyası toplamağa başlamışdı...

Bir neçə illik radio-televiziya sahəsindəki yaradıcılıq fəaliyyəti 1962-ci ildə Anarın SSRİ Jurnalistlər İttifaqına üzvlüyə qəbul edilməsinə vəsilə oldu. Növbəti 1963-cü il daha bərəkətli, düşərli gəldi, gənc yazıçıya yeni fərəh bəxş etdi, onun "Bayram həsrətində" adlanan 34 səhifəlik novbar kitabı "Azərnəşr"də işıq üzü gördü və öz ədəb-ərkanlı, utancaq müəllifini inamla böyük ədəbiyyat aləminə təqdim etdi. Anar 1964-cü ildə, 26 yaşında SSRİ Yazıçılar İttifaqı üzvlüyə qəbul edildi, bu yaşda o dövrün ən nüfuzlu yaradıcılıq təşkilatı sayılan Yazıçılar İttifaqı üzvlüyünə layiq görülmək Sovet İttifaqında çox nadir uğurlardan sayılırdı. İki il sonra kino və dramaturgiyadakı ardıcıl, fəal, uğurlu yaradıcılıq fəaliyyətinə görə o, SSRİ Kinemotoqrafçılar İttifaqının üzvü seçildi. Bu sahəyə olan ciddi marağı həm Azərbaycan, həm də Moskva ədəbi-mədəni mühitində nasir, ssenariçi, dramaturq, jurnalist, sənətşünas kimi yetərincə ad-san qazanmış 36 yaşlı Anarı yenidən təhsilini mükəmməlləşdirməyə sövq edib və o, 1974-1976-cı illərdə Moskvada SSRİ Dövlətkinemotoqrafiya komitəsinin ikiillik Ali Rejissorluq kursunda tanınmış sənətkar Leonid Zaxaroviç Trauberqin (1902-1990) rəhbərliyi altında rejissorluq peşəsinin incəliklərinə baş vurmalı olub.

Gənc istedadın baş ucaldan, sevinc bəxş edən növbəti Ümumittifaq uğuru gül vuran ərmağan timsalında tezliklə özünü yetirdi; 1969-cu ildə 31 yaşlı Anarın Moskvanın "Molodaya qvardiya" ("Gənc qvardiya") nəşriyyatında çapdan çıxan "Dantenin yubileyi" adlı 146 səhifəlik nəsr kitabı həm müəllifinə, həm milli ədəbiyyatımıza şöhrət qazandıran layiqli töhfə oldu, bu ədəbi fakt digər respublikalar arasında dilimizi uzun edən çox dəyərli örnək idi. Bu topluya gənc ədibin "Dantenin yubileyi" povesti (tərcüməçi İqor Peçenyev), "Mən, sən, o və telefon" (tərcüməçi Anar), "Gürcü familiyası" (tərcüməçi Yakov Sadovski), "Keçən ilin son gecəsi" (tərcüməçi Q.Qrekin), "Asılqanda işləyən qadının söhbəti" (tərcüməçi Geli Kovaleviç) hekayələri daxil edilmişdi.

Ümumən, rus dilində Moskva və digər Rusiya şəhərlərində görkəmli ədibimiz Anarın 30-a yaxın bədii və elmi-publisistik kitabı nəşr olunub. Nəzərə çatdıraq ki, canlı klassikimizin dünya xalqlarının 30-dan artıq dilində: azərbaycan, rus, türk, ingilis, alman, fransız, ispan, ərəb, fars, macar, benqal, polyak, çex, slovak, rumın, bolqar, eston, fin, alban, özbək, qazax, türkmən, tatar, gürcü, tacik və sair dillərdə, Azərbaycanda və bir sıra xarici ölkələrdə nəşr olunmuş 100-dən çox müxtəlif məzmunlu, müxtəlif həcmli bir-birindən maraqlı kitabları meydandadır. Qeyd etmək yerinə düşər ki, Anar doğma dilimizdə olduğu kimi, rus dilində də yüksək səviyyədə, mükəmməl sənətkarlıqla yazıb-yaratmaq məharətinə sahibdir, yəni klassik anlamda tam bilinqv - ikidilli qələm əhlidir. Onun doğma Azərbaycan türkcəmizdə işıq üzü görən kitablarının sayından sonra rus dilindəki nəşrlərin miqdarının ikinci yer tutduğunu müşahidə edirik. Bu anlaşılan və məntiqə uyan nəticədir; ömrünün yeniyetməlik, gənclik, dolğunluq çağlarını - 53 ilini, odlu-alovlu çağlarını, enerjinin aşıb-daşan vaxtlarını, qələmin tamam-kamal püxtələşmiş dövrünü, Sovet dönəmində yaşayıb-yaradan, mənsub olduğu türk etnosunun genetik kodunu, əxlaq kodeksini dünyaya daha geniş miqyasda təqdim etməyə can atan, ümumbəşər mənəvi dəyərlərin, Xaqani, Nizami, Nəsimi, Füzuli, Cavid, Mirzə Cəlil dühalarının intişar etdikləri insansevər humanist idealların yeni dövrdəki interpretasiyasını müasir anlamda yer üzünün əşrəfi sayılan şüurlu, sivil insanlara çatdırmaq missiyasının ağırlığını çiyinlərinə almış nəhəng sənətkar ömrünün qiymətli barı-bəhrəsi ancaq belə olmalıdır. Sovetlər İttifaqı azsaylı-çoxsaylı, müxtəlif imanlı, fərqli əqidəli onlarla xalqların, millətlərin vahid ölkə daxilində təkcə birgəyaşayış ərazisi deyildi, həm də belə çeşidli toplumların, millətlərin həyatın bütün sahələrində bəhsəbəhs məkanı idi. Ələlxüsus, xalqların zəka sahiblərinin güzəştsiz, bəzən də amansız yarışı-yürüşü gedirdi bu ölkədə. Məhz Ümumittifaq aləmdə bir çox şan-şöhrətli mədəniyyət xadimlərimizlə yanaşı, Anarın da bu alanda danılmaz sanballı töhfəsi vardı; onun ustalığını, mahir meydangirlik bacarığını, 30 illik hünərvərliyini, yorulmaq bilmədən çalışmaqla adına-sanına ildən-ilə şöhrət gətirdiyini, xüsusi nüfuza sahibləndiyini, geniş erudisiyalı dünyamiqyaslı ziyalı səviyyəsinə ucaldığını, doğma Azərbaycanımızın başını hər yerdə, hər zaman ucaltdığını söhbət açdığımız zaman kəsimində sənətkarın ortaya qoyduğu yaradıcılıq məhsulları əyani şəkildə isbatlayır. Azərbaycanın xalq yazıçısı (1998), əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1980), 1987-ci ildən bu günə qədər Azərbaycan Yazarlar Birliyinə müdrikcəsinə, təmkinlə, işgüzarcasına, yorulmadan, ustalıqla rəhbərlik edən Anarın "Ağ liman", "Dantenin yubileyi", "Dədə Qorqud", "Adamın adamı", "Macal", "Şəhərin yay günləri", "Keçən ilin son gecəsi", "Molla Nəsrəddin - 66", "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Sizi deyib gəlmişəm", "Seytnot", "Ağ qoç, qara qoç", "Göz muncuğu" və bir şox başqa əsərləri sözün əsl mənasında Azərbaycan ədəbiyyatının qızıl fonduna daxil olmuş qiymətli incilərdir. Sözə son dərəcə ehtiyatlı yanaşma, az sözlə dərin mətləbli, mənaca çoxqatlı əbədiyaşar mətnlər yaratmaq bacarığını ilk qələm təcrübələrindən ("Keçən ilin son gecəsi", "Asılqanda işləyən qadının söhbəti") nümayiş etdirən müəllifin bütün nəsr əsərləri - hekayə, povest və romanlarının hamısı yüksək bədii sənətkarlığa xələl gətirən artıq sözdən, gərəksiz təfərrüatdan xalidir. Anarı obrazlı sözlərin sirli-sehirli düzümü ilə bədii möcüzələr yaradan ecazkar ustad adlandırsaq, sadəcə mövcud  həqiqəti dilə gətirmiş olarıq. Onun nəinki nəsrində, ümumən, qələmindən çıxan heç bir mətnində qədərindən bir damla artıq su tapmaq mümkün deyildir. Əsl sənətkarlığın, ustadlığın bel sütununu elə qələm sahibinin bu cür kamil fərdi üslub məziyyəti təşkil edir. Mövzusundan asılı olmayaraq Anarın əksər nəsr əsərlərində süjetlərin inkişafını gedişatın məntiqi axarından çox, müəllifin gözlənilməz, qəfil rakurslardan doğan yanaşmaları təmin edir. Bu da cərəyan edən hadisələrin gərginlik əmsalının artmasına, müəllif təhkiyəsinin çevikliyinə, mətnin lakonikliyinə, aydınlığına, inandırıcılığına münbit zəmin yaradır və bədii mətnin həyat həqiqətlərinin gerçəklik inikası illüziyası yaradır, nəticədə əsərin maraqla, birnəfəsə oxunuşuna başlıca səbəb olur. Yazıçının təkcə hekayə və povestləri deyil, hətta romanları da həcm etibarı ilə yığcam, ekspressiv məna yükü daşıyan, birnəfəsə oxunmaq imkanına malik olan bir-birindən öyməli bədii nümunələrdir. Lakonik yazı manerasını müəllifin öz vaxtını və oxucunun zamanını bihudə yerə sərf eləməkdən şüurlu şəkildə yan keçmək arzusu kimi dəyərləndirmək lazımdır.

Anar müəllimin ömür yoluna nəzər salanda aydınca görünür ki, onun istedadına gözüdarlıq edən, paxıllığını çəkən bədxahları da olub. Nə etməli, dünya binnət olan ilk gündən xeyirlə şər əkiz yaranıblar və bir-birini qovhaqovla hələ də qovha-qaldadırlar. Nə yaxşı ki, onun xeyirxahlarının sayı, mübaliğəsiz olaraq, milyonlarcadır. Böyük şəxsiyyətlərimizin həqiqi qiymətini onların sağlığında verə bilmək vərdişinə alışsaq, nəticədə dünyaya təqdim etməyə daha çox milli-mənəvi sərvətlərimiz olacaq. İnsaf naminə, şükür-sənalar olsun ki, böyük və qocaman sənətkarımızın qədir-qiyməti millətimiz və dövlətimiz tərəfindən layiqincə verilib. Maşallah, Anar müəllimin fiziki gümrahlığı, qıvraqlığı, şuxluğu "qocaman" epitetini yalnız "nəhənglik, böyüklük, ustadlıq" anlamlarında işlətməyə imkan verir və bu vəziyyət onu sevənləri ürəkdən sevindirir. İndi Anar müəllim Müstəqil Azərbaycanımızın ən sayılan, seçilən, mötəbər ağsaqqallarının ön cərgəsində dayanır, sevilir, əziz tutulur. O, ölkəmizdə humanitar və ictimai xadimə verilən bütün fəxri adların, təltiflərin, mükafatların halalca sahibidir. Sağlığında millətin saf və səmimi sevgisini qazanmaq şərəfinə nail olan sənətkar dünyanın ən xoşbəxt insanıdır, belə adamlar ziyalılığın naxışı-bəzəyi sayılır, millətin yaddaşında özlərinə əbədi məkan salır, yurd-yuva qururlar. Anar müəllim çoxdan bu ali xoşbəxtliyə çatmış milli dəyər örnəyimizdir!

Əmin Əfəndiyev və Zakirə Əliyevanın diqqətəşayan zəhmətləri hesabına araya-ərsəyə gələn, 2011-ci ildə Bakıda "OSCAR" nəşriyyatında çap olunmuş "Anar - ömür yolu, yaradıcılığı" bio-biblioqrafik soraq kitabının 21-ci səhifəsində tam haqlı olaraq yazırlar: "...doğma dilimizdə yaranan Azərbaycan ədəbiyyatında heç bir yazıçının əsərləri dünya miqyasında bu qədər çox nəşr olunmamışdır. Bu rekord göstəricidir". Statistik faktların ifadəsi olan bu aksiomla tam razılaşaraq, uzun illərdir şəxsən tanıdığım, hər zaman qarşılıqlı xoş münasibətdə olduğum, yaradıcılığı ilə həmişə çox yaxından maraqlandığım, oxuyub öyrəndiyim, araşdırdığım, ara-sıra haqqında yazdığım, ən başlıcası, yazdıqlarının kamil sənətkarlığı, daşıdıqları ağır, müdrik milli məfkurə yükü, mövzularının genişliyi, dərinliyi, vacibliyi, müasirliyi, yeniliyi, humanizmi, çox uzun gələcəyə tuşlanmış  uzunömürlülüyü ilə heyrətləndiyim və qürur duyduğum, obrazlı sözlərin, qat-qat qalaqlanmış incə, eyhamlı deyimlərin köməyilə kodlaşdırıb sonrakı nəsillərə ünvanladığı ismarışlarının hikmətinə mat qaldığım Anar müəllim, heç şübhəsiz,  müasir zamanda millətimizin humanitar düşüncə tərzinin formalaşmasında müstəsna rol oynayan şəxsiyyətlərimiz sırasındadır. Bütün bunlara rəğmən, onun  insani xarakterinin sadədən sadəliyinə, hədsiz, bəlkə də, ifrat təvazökarlığına heyran qalmamaq müşkül məsələdir. Varlığına görə Ulu Tanrıya şükranlıq etdiyim, millətimizin dəyər örnəyi sandığım Anar həm yaradıcılığı, həm şəxsiyyətilə xalqına xidmət yolunda rekord göstəricilərə çoxdan imza atmış, qayım-qədim adını milli və dünya mədəniyyət tarixinə qızıl hərflərlə əbədi həkk etmiş mogikan ziyalımızdır. Onun haqqında danışanda da, yazanda da ən uca tərifləri, bənzətmələri, təyinləri səxavətlə işlətməmək milli-mənəvi dəyərlərimizə yanaşma baxımından, ən azı insafsızlıq, haqsızlıq və namərdlik olar. Məqamı gəlib deyə izzətli oxucularla Anar müəllimlə bağlı daha bir neçə fikrimi bölüşmək istərdim.

Anar Azərbaycan ədəbiyyatının ən qorxmaz, ən cəsur, bənzərsiz, orijinal,  özünəməxsus, təkrarsız, çoxşaxəli yaradıcılıq yolu keçən qələm sahibi, ədəbiyyat və mədəniyyət adamıdır: nasir, dramaturq, ssenariçi, şair, tərcüməçi, ədəbiyyatşünas, sənətşünas, jurnalist, rejissor, ictimai xadim, təşkilatçı və böyük ziyalıdır. Əl atdığı əksər sahələrdə ən istedadlı nümunələr yaradan sənətkardır. Onun qələmindən çıxan hekayələr, povestlər, romanlar, pyeslər, ssenarilər, esselər, epistolyar nümunələr, araşdırmalar, tədqiqlər, publisistik yazılar çoxdan Azərbaycanımızın milli-mənəvi sərvətinə çevriliblər. Küll halında bu əsərlərin ayarını qaldıran Yaradanın Anara verdiyi qeyri-adi, səmavi istedadla bahəm onun özünün sonsuz zəhməti bahasına başa gələn ensiklopedik zəkasının da mühüm rol oynadığı danılmaz həqiqətdir. Əgər dünyanın hər hansı bir guşəsində humanitar sahə üzrə  "Müdriklər məclisi" düzənlənsə, oraya hər millətdən tək bircə danəndə - bilici dəvət olunsa, zənnimcə, xalqımız yekdilliklə həmin tədbirə ancaq Anar müəllimin vahid namizədliyini irəli sürər, böyük sevinclə onun göndərilməyini obyektiv, düzgün, məqsədyönlü seçim hesab edərdi. Çünki Anar Azərbaycanımızın sadiq və yorulmaz milli məfkurə daşıyıcısı, humanitar alanda kamil şəxsiyyəti, geniş diapozonlu, dünya miqyaslı əvəzsiz, unikal ziyalısıdır. Sonda məni düşündürən bir mətləbi də açmaq istərdim: aya, yubiley yazısı olduğundan, epitetlərin, bənzətmə və təriflərin tamını qırmaköy - yəni çox duzlu eləmədim ki?! Gəlin bir-birimizin qədir-qiymətini sağ ikən bilək, sayğı-qayğı göstərək, böyük-kiçik tanıyaq, dürüst yol-ərkan sahibi olaq, içimizdən kin-küdurəti təmizləyək, hikkəni-haytanı ataq, şad-şalayın uzun ömür yaşayaq. Anar müəllimə böyük, nəhəng, tanınmış, görkəmli əvəzinə dahi desək, ağzımız əyilməz ki. Özümüz Anar kimi layiqli sənətkarlarımıza dahi dedikcə, özgələrin də qulağı zaman-zaman buna alışar və adımız-sanımız kürreyi-ərzin dörd bir tərəfinə daha artıq yayılar. Bax beləcə, bütün yaradıcılığını uzun zaman, geniş şəkildə, son dərəcə diqqətlə apardığım tədqiqatların sayəsində mənim gəldiyim son nəticə və qəti qənaətim budur ki, 85 yaşını sevinclə qeyd etdiyimiz ədibimiz, ziyalımız, sənətkarımız Anar müəllim dahidir, həm də əsl dahidir! Sözüm kimin döşünə yatmasa, özü bilsin, öz vicdanı bilsin; kimin ürəyi tıncıxar, nəfəsi daralar-qaralar, bir parç soyuq su içib, sərənəsini soyutsun, haytasını səngitsin.  Mən öz səmimi ürək sözümü yek kəlmə ilə söylədim, məndən bu qədər, gerisi mənlik deyil...

Nağıl eləyirlər ki, ulu ərənimiz Dədə Qorqud düz 235 il gəlimli-gedimli, bir ucu ölümlü dünyada gəşd eləyib, boy boylayıb, söz söyləyib. Yubilyarın gəlib yetişdiyi 85 yaş nə yaşdır ki! Bu mübarək ağsaqqallıq, müdriklik yaşını sidq ürəkdən təbrik etməklə bərabər, Dədəmiz Qorqudu millətimizə daha doğmalaşdırmaq işində bolluca zəhməti olan Anar müəllimə Uca Xaliqi-sübhandan Dədə Qorqud ömrü arzusu ilə sözümüzə xitam verək!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!