Ədəbiyyatımızda ilbiz obrazı - Azər Qismətin "İlbizlər" romanı üzərinə notlar - Kənan HACI

Kənan HACI

 

Yazıçının söz dağarcığı boşdursa, dili yalın, yavan olacaq. Hər yazıçı öz daxilindəki intonasiyanı tapıb sözlərlə sanki bir nəğmə bəstələyir. Bu da fərdi üslubun yaranmasına gətirib çıxarır. Biz imitasiyadan, qrafomanlıqdan danışmırıq, söz konusu bu deyil. Ciddi ədəbi mətnlərdən söhbət gedir.

Bu günlərdə yazıçı Azər Qismətin "İlbizlər" romanını oxudum, dilin ağırlığına rəğmən müəllifin söz dağarcığının bu qədər zəngin olması məni heyrətləndirdi və məmnun etdi. Mütaliə prosesində hiss olunmadan atmosferə düşürsən və şüur axını səni qabağına qatıb hadisələrin dərinliklərinə aparıb çıxarır. Çex yazıçısı Milan Kundera yazır ki, "roman fərdlərin xəyali cənnətidir". Azər Qismət isə bizə xəyali cəhənnəmi təqdim  edir. Romanda sovetlərin çökdüyü xaotik dövrün bütün ziddiyyətləri, faciələri, sosial bəlaları təfərrüatlarına qədər tünd boyalarla təsvir edilir. Təxəyyüllə gerçəklik bir-birinin içində əriyib itir. Təsvir edilən zamanın ruhu romanın hər cümləsinə hopub. Azərbaycan nəsrində bu romanı hansısa əsərlə müqayisə etmək çətindir. Çünki bu mövzuda indiyədək hansısa bir əsər yazılmayıb.

Azər Qismət populyar kültürün insanı deyil, bu səbəbdən bir az "görünməyən" yazıçılardandır. O, Azərbaycan nəsrində unudulmaqda olan novella janrının ustasıdır. "Duman", "Xanım taksi" kitablarında toplanmış novellaları bunu deməyə əsas verir. Bundan əvvəl yazdığı "Çuğullar" romanı da ədəbi tənqidin "möhtəşəm sükutu" ilə qarşılandı. Amma yazanlar yazdı: Ceylan Mumoğlu, Aygün Cəfərova. "Çuğullar" sambal və siqlətinə görə məqsədyönlü şəkildə tərif selinə qərq edilən romanların əksəriyyətindən qat-qat üstün keyfiyyətlərə malikdir. 

Xarakterlərin mənsub olduğu çevrə

 

Bəri başdan deyim ki, "İlbizlər" kütləvi oxucu üçün deyil. Roman mütaliə prosesində oxucudan səbr və hövsələ tələb edir. Əlbəttə, səbr edən muradına yetir. Yazıçının ekfrasis təhkiyəsi metafora prinsipi əsasında müxəlif səciyyəli hadisələri və faktları bədii sintezə cəlb edir və bu simbioz sonda bütöv, bitkin bir təsəvvür yaradır. Məhz metaforik düşüncə, mübaliğədən gen-bol istifadə, təxəyyülə geniş meydan verilməsi romanı naturalizmdən ayıran incə bir xətdir.

Hadisələr SSRİ dağıldıqdan sonra Azərbaycanın şimal mərkəzində yerləşən dağ kəndində baş verir. Əhvalatların unikallığı ondadır ki, qarınayaqlılar  sinfinə aid olan ilbizlər obrazların qarın uğrunda gedən amansız savaşının yeganə gəlir mənbəyidir. İqtisadiyyat çöküb, kişilər işsizlik girdabında ömür çürüdür, çarəsizliklərini əyyaşlıqla ovudurlar. İndi işbazların əyyamıdır, onlar xaotik zaman tunelində daha da varlanmaq ehtirası ilə alışıb-yanırlar. Hansısa oliqarx gənclik iksirini axtarır ki, qocalığa qalib gəlib əbədi cavan qalsın. Məlum olur ki, ilbizlərdən götürülən genlər insan orqanizminə yeridildikdə o, ən azı, 300 il yaşaya bilər. İlbiz seliyi qocalmanı ləngidirmiş. "Fal göstərir ki, ilbizin seliyi səni uzunömürlü edəcək". Fal əsasında gəlinən qənaətlər korazehin və debil milyonçunu səxavət kisəsinin ağzını açmağa sövq edir. O, haram yollarla qazandığı milyonlarından bir qəpik də kasıb-kusuba ianə etməz. Bu tipli adamlar kasıb təbəqəyə qarşı xüsusi qəddarlıqlarıyla seçilirlər. Beləcə, dağ kəndindəki meşədə ilbizlərin soyqırımı başlayır. Sosiumun amansız qayda-qanunları içində insani dəyərlər sıradan çıxır. Qadınlar canavar təhlükəsi altında sübhün iliyə işləyən soyuğunda vahiməli meşəyə yollanırdılar ki, çoxlu ilbiz yığıb əvəzində çörək pulu alsınlar. Bir qarın çörək uğrunda gedən mübarizə onlara qadınlıqlarını da unutdurmuşdu. Yaşamaq instinkləri onları bu əzaba qatlaşmağa məcbur edirdi.

Kəndin icarəyə götürülmüş yerində tikilmiş stansiyada xidmət edən zabitin arvadıyla eşq macərası yaşayan Həşimin xəbəri yox idi ki, arvadı hər səhər meşəyə ilbiz yığmağa gedir ki, evdəkilər ac qalmasın. Hər gün evdən çayxana adıyla çıxıb Klavdiyanın ağuşuna atılan alfonsun dünya-aləm vecinə deyildi. Pəricahan və onun kimi əzabkeş qadınlar isə ailələrin yükünü zərif çiyinlərində daşımaq zorunda qalmışdılar.

Meşə yunan mifologiyasındakı yeraltı dünya kimi əzablar məkanıdır, milyonçu Aid zavallı qadınları ora sürgün edib. Qorxu, vahimə bu qadınların bütün hüceyrələrinə yayılıb. Hələ ki, kəndi və qadınları inam ağaclarına edilən dualar qoruyur. Çarəsizliyin sınırında aclıq adlı düşmənə təslim olmayan Pəricahan bu yolda ilk cığıraçanlardandır və qadınlığına rəğmən cəsarət simvoludur. Fikirdən, qüssədən yığılıb dərd yumağına dönən kişilər bu cəsarətin hesabına ayaqda qala bilmişdilər. İlbiz yığan qadınların sayı çoxalırdı. Onların həyatları güzgü kimi çiliklənib xəzəllərin üstünə səpələnirdi. Onların iş rejimini şaxtada kömürçıxaranların ağır əməyi ilə müqayisə etmək olar.

Azər Qismətin hansı yazıçılardan bəhrələndiyini deyə bilmərəm. Sarkazm, ironiya, intellektualizm, bədii təsvirlərə bürünmüş informasiya bolluğu bir növ, Herman Melvilin "Mobi Dik" əsərini xatırladır. Azər dilin açılmayan qatlarına nüfuz edir, dildən, işarələr sistemindən sənətkarcasına faydalanır, sözlərə yeni məna çalarları qazandırır. Bu da ayrıca bir araşdırma mövzusudur.    

İnsanın davranışlarının mahiyyətinə varmaq üçün ilk növbədə ətraf mühiti öyrənmək lazımdır. Ruhi-mənəvi keyfiyyətlərin formalaşmasında mühit önəmli rol oynayır. Qeyri-sağlam mühit infantil insan yetişdirir. Obrazların təsnifatına gəldikdə isə Pəricahanın əri Həşim yerüstü dünyada öz məşuqəsi ilə kef çəkir. O, xaraktercə zəif, Pəricahan isə iradəlidir. Hər ikisi ağrılı keçid dövrünün qurbanlarıdırlar. Meşəbəyi mənfəətcil, kəmfürsət adamdır. Klavdiya əxlaq yoxsuludur.

"Taleyi puç olan adamlar bunun səbəbini yerdə yox, göydə axtarırdılar". Bu komformist düşüncə onlara sağlam mühakimə yürütməyə imkan vermir. Müstəmləkə illərinin irsi qalığı olan gözüqıpıqlıq onların etiraz hissini çoxdan netrallaşdırıb.

Pəricahan və ər sarıdan yarımayan kənd arvadları yaşam savaşının amazonkalarıdır. Uçurumlara qohum olmaq duyğusu onları mətinləşdirib. Kor bəxtin şıltaqlığı və daxili böhranlar onları əysə də sındıra bilmir. Bəs ilbizlərin xilaskar missiyası nə vaxta qədər davam edəcək? "Meşə kinoteatrı"nda faciə janrında nümayiş etdirilən filmin sonu nəylə bitəcək?  

Azər Qismətin mürəkkəb sintaksisi oxucunun nəfəsini kəsir, amma təfərrüatlarla yüklənmiş cümlələr situasiyanı analiz edir, onu mikroskop altında təqdim edir. Bu, yeni narrativ üslubdur, ikimərtəbə, üçmərtəbə cümlələr dilin leksik bazasını fasiləsiz olaraq təzələyir. Əbəs yerə deyilmir ki, yazıçı dilin yaradıcısıdır. Romandakı fellərdən, sifətlərdən Azərbaycan dilinin yeni izahlı lüğətini hazırlamaq olar.

Uzun-uzadı təsvirlər çökmüş imperiyanın qalıqları altında qalmış respublikaların ümumiləşdirilmiş obrazının yaradılmasına xidmət edir. Müstəqilliyin uzun və əzablı yollarında şikəst edilmiş talelər, qırılmış ömürlər, partladılmış körpülər, müharibə içində müharibə apokalipsis təəssüratı yaradır. Hərə bir tərəfdən ölkəni talayır, möhtəkirlər milli sərvətləri dünya bazarına çıxarır, un milyonçuları süni qıtlıq yaradır,  kənddə quraşdırılmış stansiya radiaktiv şüalarıyla genefondumuzu məhv etməkdədir, at izi it izinə qarışıb. Bu xaotik durumu təsvir etmək gerçəkdən çətindir. Azər Qismətin gözündən heç nə yayınmır, bütün ictimai-sosial bəlalar ilbiz yığımı fonunda təsvir edilir.

Yazıçı proza məkanında tamamən fərqli bir düşüncə metodologiyası tətbiq edir, təhkiyə boyu öz konsepsiyasına sadiq qalır. Şüur axını formasında yazılmış dialoqsuz roman əslində daxili dialoqlarla zəngindir. Bu daxili dialoqlar obrazların gündəlik yaşamını, mənəvi dünyasını kifayət qədər dolğun şəkildə əks etdirir. Bəs romanda niyə dialoq yoxdur? Dünya nəsrində dialoqsuz romanlar çoxdur. Amma "İlbizlər"də dialoqların olmaması başqa bir səbəblə bağlıdır. Məsələ burasındadır ki, yazıçı 462 səhifəlik romanı köhnə mobil telefon vasitəsilə yazıb. Tire, defis kimi durğu işarələrini mobil telefonda tətbiq etmək mümkün olmadığından müəllif süjet xəttindən kənara çıxmamaq şərtilə düşüncələrinə sərbəstlik verib. Yəqin ki, Azər Qismət mobil telefonla roman yazan ilk yazıçımızdır. O, "Çuğullar"ı da metroda telefonla yazıb.

 

Zaman - sovet imperiyasının dağıldığı dövr

Məkan - dağ kəndi, meşə

 

Çağdaş romanının ana xarakteri zamandır, süjet xətti zaman tunelindən keçir. Yazıçı zamanda və məkanda möcüzə yaradan sehrbazdır. Zamaniçi və məkaniçi fiqurların ipi yazıçının əlindədir. Məsələn, Azər Qismət pudrasifət ekoloqla "dəli" İsmayılın yerlərini dəyişə bilərdi. Ekoloq da, İsmayıl da Pəricahanın qızı Firəngizə aşiq olurlar və aşiqlər arasındakı rəqabət ilbiz biznesinə proyeksiya olunur. Bu zaman hadisələrin inkişaf xətti tamamilə başqa istiqamətə yönələcəkdi. Ekoloqların ilbizyığanlarla toqquşması düyün nöqtəsidir, onların meşəyə gəlişindən sonra vəziyyət daha da mürəkkəbləşir. Obrazlar iki cəbhəyə bölünür və bir-birlərinə müqavimət göstərirlər. Prosesin yükü əsasən Pəricahanın üzərindədir. İlbiz yığımının qəhrəmanı odur.

Firəngiz neytral zonada qərarlaşıb, köməkçi obrazdır, o, atasının çayına yuxu dərmanı qatıb onu yatızdırır ki, anasının meşəyə ilbiz yığmağa getməsindən xəbər tutmasın. Pəricahanın arzuları məkanın ötəsində, gələcəyə fokuslanıb. Kefinəqulu Həşimin deyəsən heç arzuları yoxdur, o, cari öhdəliklərini yerinə yetirməklə (Klavdiyanın və özünün cinsi ehtiraslarını söndürməklə) məşğuldur. Onun üçün zaman indidən, məkan isə Klavdiyanın yataq otağından ibarətdir.

Zamanı dərisində, hüceyrələrində hiss edən təkcə milyonçudur, o, haram yolla qazandığı pulların hesabına zamana müqavimət göstərmək, əbədi cavan qalmaq istəyir. Dirilik suyunu axtarmağa çıxan İsgəndər kimi o da bəri başdan məğlubdur.

Müəllif zamanın və məkanın fövqündədir, o, gözə görünmür. Kamerasını elə yerdə quraşdırıb k, nə oxucu, nə də obrazlar onu görə bilmir. İnsanların yaşam uğrunda mücadiləsi, ilbizlərin özünümüdafiə strategiyası paralel xətlə davam etdirilir. İlbizlər insanları aclıqdan çıxarır, eyni zamanda özlərini də xilas edirlər. Onların da öz yaşam qaydaları, arzuları, istəkləri var. Belə deyək, ədəbiyyatımıza ilbiz obrazını məhz Azər Qismət gətirdi. Müəllifin düşüncələrində, təhkiyəsində oxucunu məmnun edən intellektual enerji, heyranlıq hissi doğuran bir dərinlik var. İlbiz diskursu romanın panoraması boyu yayılır və yazıçının təxəyyül gücü zərrə qədər də zəifləmir. Bu tipli geniş diapazon hər yazıçıda olmur. Azər Qismətin güclü tərəflərindən biri də budur. Onun təhkiyəsində vərdiş olunan reallıqlar başqa anlamlar qazanır. Müəllif yaxşı mənada "bir budaqda oturub min budağı" silkələyir.

Bir məqamı da qeyd edim. Romanı oxuduğum vaxt yolda ayağımın altında nəsə xırçıldadı və mən bərk həyəcanlandım. Bir anlıq mənə elə gəldi ki, ilbizi tapdalamışam. Təsvir edilən hadisələr artıq mənm daxili dünyama nüfuz etmişdi. Bundan belə harda ilbiz görsəm, Azərin obrazlarını xatırlayacam.

Canavar təhlükəsi Demokl qılıncı kimi ilbizyığanların başı üzərindən asılıb. Məkan savaş meydanıdır. Canavarlar da, insanlar da, ilbizlər də yaşamaq istəyir. Bu mübarizə romanda olduğu kimi həyatda da bütün canlıların hərəkətverici qüvvəsidir. Romanın girişindəki "çərçivə xəbər"də canavarın Pəricahanı parçalaması ehtimalı duman kimi kəndin üzərinə çökür. 462 səhifə qət etmiş səbrli oxucunu əsərin sonunda daha bir "çərçivə xəbər" gözləyir. Məkan zamanın  20 illik uzaqlığından daha aydın görünür...   

"İlbizlər" müstəqillik dövrü ədəbiyyatımızın ən qiymətli əsərləri sırasında durmağa layiqdir. Çox güman ki, ədəbi tənqid romana layiq olduğu qiyməti verəcək.

Qeyd: "İlbizlər" "BİZklub" tərəfindən nəşr edilib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!