Yazıldığı vaxtdan 76 ölkənin 187 teatrında səhnələşdirilən, beş dəfə ekran həyatı qazanan məşhur "Arşın mal alan" operettası Şərqdə ilk operanın banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin Oktyabr inqilabından əvvəl yazdığı sonuncu əsəridir. Süjet xətti Şuşa şəhərində baş vermiş real həyatdan, musiqisi zəngin xalq xəzinəsindən qaynaqlanan operettanın xoşbəxt sonluqla bitməsi tamaşaçıya çox xoş gələn, əsərin uğurunu təmin edən amillərdəndir.
"Arşın mal alan"da təsvir edilən dövrdən qısa müddət sonra Azərbaycanı cənginə alan dərin ictimai-siyasi kataklizmlər, inqilab dalğası cəmiyyət həyatı, şüur və mənəviyyatda ciddi dəyişikliklər törədir. Minlərlə günahsız insan sinfi mənsubiyyətinə görə "qırmızı" terrorun qurbanı olur, on minlərlə insan xarici ölkələrə mühacirət edərək amansız təqiblərdən canlarını güclə xilas edə bilirlər... Bəs cəmiyyət həyatında kataklizmlərin, ictimai-siyasi təbəddülatların tüğyan etdiyi belə ağır mərhələdə "Arşın mal alan"dakı obrazların sonrakı taleyi necə ola bilərdi?.. Axı Üzeyir bəyin qəhrəmanları proletar diktaturası tərəfindən "sinfi düşmən" damğası vurulan bəy nəslinin nümayəndələri idilər... Bəlkə, bu sual, bir çoxları kimi, hansısa məqamda Üzeyir bəyin də düşüncələrini məşğul edib. Lakin sovet dövrünün reallıqları fonunda bu fikirlər beyinlərdə qığılcımtək parladığı kimi, anidən də sönüb.
Həm də sovet dönəmində məşhur operettanın qəhrəmanlarının sonrakı taleyini təsvir edəcək əsər sosrealizmin tələblərinə uyğun olaraq, həyatın bütün ziddiyyətlərini inikas etdirmək iqtidarında olmayacaqdı. Belə mətnin ideya məzmunu ən yaxşı halda yalnız bir kolliziyaya - yeniliklə köhnəliyin mübarizəsinə söykənə bilər, obrazlar isə süni şəkildə mənfi və ya müsbət qəhrəmanlara ayrıla bilərdi. Bu cür dar çərçivəyə salınacaq mətn isə ən yaxşı halda operettanın şöhrətinə kölgə sala bilərdi...
Qeyd edək ki, Ü.Hacıbəyli dəfələrlə operettanın ədəbi materialı və musiqisi üzərində işləyib təkmilləşdirsə də, əsərin finalındakı xoşbəxt sonluq dəyişməz qalıb. Həmçinin bir vaxtlar dahi bəstəkarın dediyi "Oktyabr inqilabı "Arşın mal alan"dakı həyatı tarixin arxivinə vermişdir. İndiki azərbaycanlı gənclər bu həyata yalnız tarixi bir hadisə kimi baxırlar", - sözləri ilə operettanın davamının olmayacağı ideyasına qəti şəkildə hökm verilib.
"Arşın mal alan"ın davamı
Lakin şüurlarda möhkəmlənən bu stereotiplər nə qədər güclü olsa da, yenə cavabsız suallar qalırdı: Niyə biz bu obrazların sonuncu taleyi ilə tanış olmuruq? Görəsən bəy övladları - Əsgər - Gülçöhrə, Süleyman - Asya cütlüklərinin sovet dönəmində həyatı necə ola bilərdi?.. Yalnız üstündən onilliklər ötəndən sonra Xalq yazıçısı Kamal Abdullanın "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi ilə bu suallara cavab tapıldı. Üzeyir bəyin qəhrəmanlarının "tarixin arxivi"ndən sıçrayaraq öz talelərini yeni amplitudada davam etdirmələri məşhur operettaya ikinci həyat bəxş etdi. Hekayənin maraqlı bədii-tarixi məzmunu, epizodların emosional təsviri, hadisələrinin epik lövhələrdən qəhrəmanların mənəvi-ruhi aləminə yönəlməsi oxucuya yüksək bədii-estetik zövq, zəngin mənəvi dəyərlər aşıladı.
"Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi keçən ilin sonlarında mətbuat səhifələrində dərc olunanda bu əsər oxucular üçün bir qədər gözlənilməz oldu. Əvvəla, ona görə ki, Üzeyir bəyin ölməz operettası yaddaşlarda yaşasa da, ədəbi düşüncə müstəvisində çoxdandı xatırlanmırdı. Həm də bu ona görə gözlənilməz idi ki, bədii yaradıcılığı daha çox tarixi yaddaş, mifoloji dünya modeli, "Kitabi-Dədə Qorqud" motivləri ilə diqqət çəkən görkəmli yazıçımız Kamal Abdulla bu dəfə mövzu dairəsini dəyişərək Üzeyir bəyin yaradıcılığına müraciət etmişdi... Bu ədəbi hadisə yazıçının yaradıcılığı haqqında formalaşmış fikri bir daha təsdiqlədi: Xalq yazıçısı Kamal Abdulla heç vaxt gündəmə uyğun yazmır. Yazdıqları isə sonradan gündəmə çevrilir.
Ədibin klassik mövzuya müraciətinin əsas səbəbi, əlbəttə ki, "Arşın mal alan"dakı obrazların sonrakı taleyi ilə bağlı idi. Bu motiv Kamal Abdullanın düşüncəsini o qədər dərindən məşğul etmişdi ki, yazıçı "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsi əsasında eyniadlı telefilm ssenarisini də qələmə alaraq bu ilin mart ayında oxuculara təqdim edib. Düşünürük ki, mövzunun həm də ssenari variantında işlənməsi tamamilə yerinə düşən məntiqi yanaşmadır. Çünki "Arşın mal alan" teatr tamaşalarından daha çox, bədii film kimi yaddaşlarda qalıb. Ona görə də əsərin davamı mütləq ssenari variantında da təqdim edilməliydi.
Bir az da filmdən...
Qeyd etdiyimiz kimi, "Arşın mal alan" operettası yazıldığı ildən dəfələrlə müxtəlif teatrların səhnələrində oynanıldığı kimi, kinematoqrafçıların da daim diqqət mərkəzində olub. Operetta inqilabdan əvvəl (1916, 1917) və sonra (1936) üç dəfə ekranlaşdırılsa da, bu filmlərin heç birinin taleyi uğurlu olmayıb. Yalnız 1945-ci ildə, Böyük Vətən müharibəsinin qələbəsinə yaxın olan vaxtlarda görkəmli kinorejissor Rza Təhmasibin Azərbaycan mədəniyyətinin qüdrətli simalarının (Münəvvər Kələntərli, Ələkbər Hüseynzadə, Leyla Bədirbəyli, Rəşid Behbudov, İsmayıl Əfəndiyev, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva, Rəhilə Mustafayeva və s.) iştirakı ilə lentə aldığı eyniadlı film nəinki Azərbaycanda, həmçinin bütün ittifaqda, xarici ölkələrdə nümayiş etdirilərək böyük şöhrət qazanıb. Üzeyir bəy isə filmin bütün çəkiliş prosesində son kadrlara qədər iştirak edib.
Elə həmin il ekranlara çıxan 89 dəqiqəlik "Arşın mal alan" filmi "Stalin" mükafatına (sonralar SSRİ Dövlət mükafatı adlandırılıb - S.Z.) layiq görülüb. Məşhur kino mütəxəssislərinin yekdil rəyi ilə "Qızıl siyahı"ya daxil edilən kinokomediya 86 dilə tərcümə edilərək 136 ölkədə nümayiş etdirilib. Bu filmin uğuru hətta Mərkəzi Televiziyanın sifarişi ilə 1965-ci ildə çəkilən "Arşın mal alan"ı da (rejissor: Tofiq Tağızadə) kölgədə qoyub.
Rza Təhmasibin quruluş verdiyi "Arşın mal alan" Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2013-cü ildə bərpa olunaraq rənglənib. Bərpa edilmiş film 2015-ci ildə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı ilə Hollivudun məşhur "Ricardo Montalban" kinoteatrında nümayiş olunub. Kamal Abdullanın qələmə aldığı "Gülçöhrə xanım və Əsgər ağa" telefilm ssenarisi klassik Azərbaycan kinematoqrafiyasının şedevrlərindən olan həmin filmin davamıdır. Burada qəhrəmanların "Arşın mal alan" filminin xoşbəxtliklə bitən kadrlarından sonrakı həyatı təsvir edilir. Əsərin doğurduğu güclü təəssürat, bədii inandırıcılıq effekti ssenarini "Arşın mal alan" filminin davamı kimi qəbul etdirir və mətnin Üzeyir bəyin özünün qələmə aldığı təəssüratını yaradır. Maraqlı və dinamik süjet xətti hər iki əsər arasında kiçik üslub fərqini də oxucuya sezdirmir ki, bu da yazıçıdan yüksək peşəkarlıq, fitri istedad və xüsusi bacarıqlar tələb edir.
Kiçik epizodlar... gizli mətləblər
Qeyd edək ki, Kamal Abdullanın əsərlərinin heç birində lüzumsuz təsvirlərə yol verilmir, yığcam epizodlar, kiçik dialoqlar mətnin dərin qatlarına enərək orada gizlənmiş mətləbləri, dərin mənaları üzə çıxarır. Yazıçının nəsr yaradıcılığına xas olan bu xüsusiyyətlər təqdim edilən ssenaridə də qabarıq görsənir: burada kiçik epizodlarla hadisələri dərindən səciyyələndirən mətn oxucuya ötürdüyü informasiya genişliyi ilə diqqət çəkir. Əsərdə təsvir edilən tarixi mərhələnin uzun təhkiyələrlə yorucu təsvirinin əvəzinə, dəqiq hədəfə vuran ifadələr Cümhuriyyət dövrü və ondan sonrakı tarixi xronologiyanın ən səciyyəvi xüsusiyyətlərinin panoramını çəkir. Hekayədə cütlüklərin sevgisi davam etsə də, dövrün aktual problemlərinin bədiiləşdirilməsi, zamanın fəlsəfəsinin ortaya qoyulması mövzuya yeni poetik nəfəs bəxş edir. Beləliklə, Üzeyir bəylə başlanan mövzu "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsində köhnə adət-ənənələr, ailə-məişət problemləri, ictimai əngəllərdən çıxaraq, böyük siyasi konfliktlərə yönəlir. Tarixi problemlərin çözümünün yeni baxış müstəvisində səciyyələndirilməsi, milli tarix salnaməsinin həqiqətəuyğun təsvirləri oxucunun Cümhuriyyət dövrünün gerçəklikləri barəsində təsəvvürlərini genişləndirir. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutunun səbəblərinin belə yığcam və dinamik şəkildə təqdimi oxucunu hadisələrin mahiyyətini dərindən dərk etməsinə yardım edir.
Bu nüans əsərin ilk cümlələrindən tutmuş sonuncu epizodlara qədər zərgər dəqiqliyi ilə gözlənilir. Ssenarinin birinci şəklində yazıçı dərin fikirlərə qərq olmuş Əsgər ağanın nigaran simasını, gərgin hərəkətlərini təsvir edərkən onun keçmişini, təhtəlşüurda gedən prosesləri anlatmağa çalışır. Bu zaman baş qəhrəmanın pəncərəsi altında uşaqların qışqıra-qışqıra "dava-dava" oynaması ilk baxışdan diqqət çəkməyən epizod kimi görünsə də, Əsgər ağanın Vəliyə xitabən söylədiyi "Sən bu uşaqları mənim pəncərəmin altından nə zaman qovacaqsan, Vəli ağa?! Səslərindən qulaq tutulur. Dava-dava oynamaq vaxtıdı?! O boyda cahan davası bitdi, hamı sülh bağladı, bunlara noldu?!" - sözlərlə yazıçı ilk sətirlərdən hadisələrin gərginliyi, əsl təhlükənin qabaqda olduğu barədə oxucuya gizli mesaj ötürür.
Mövzunun içindən İran xəttinin də keçməsi tarixi həqiqətlərin təhrif olunmadan real və obyektiv şəkildə təqdiminə xidmət edir. Belə ki, Cümhuriyyət dönəmində azərbaycanlı iş adamları üçün İran mühüm əhəmiyyətə malik ölkə idi. Rusiya ilə İran arasında böyük ticarət yolu Azərbaycan ərazisindən keçirdi. Hekayədə buna işarə edən kiçik ştrixlər həmin mərhələdə İran - Azərbaycan əlaqələrini, dövrün siyasi arenasını bütün mürəkkəbliyi ilə ortaya qoyur. Məsələn, iranlı tacir Məşədi Cabbarın Əsgər ağaya xitabən dediyi "Düzdü, sizinkilər başlayıblar şuluğa, biz iranlı tacirlərə əngəl törədirlər, burdan Rusetə yol keçən alverimizə yeni-yeni töycülər qoyurlar" - sözlər Cümhuriyyət dönəmində İranla Azərbaycan arasındakı ticarət əlaqələrinin genişləndiyinə, Azərbaycan Parlamentinin vergiləri artırdığına işarə edir. Bu kimi yığcam və konkret epizodlar yazıçının təsvir edilən dövrün çoxsaylı bilgilərinə, zəngin tarixi materiallara yaxından bələd olduğunu ortaya çıxarır.
Mifik kodlara açar, yaxud qorxunun mahiyyəti
Məlumdur ki, Kamal Abdullanın bədii nəsrində mifoloji amil aparıcı mövqedə qərarlaşır. Ədibin yaradıcılığında ali bədii dəyər mövqeyinə yüksələn mifologizm həyat faktlarını mifopoetik məcraya yönəldir, gerçəkliklərə mifik prizma çərçivəsindən nəzər salınır. Bu nəsrdə mifoloji yaddaşın təsiri o qədər güclüdür ki, hətta yazıçının mifopoetik süjet üzərində qurulmayan əsərlərində də mifin pafosu duyulur.
Real həyat hadisələrinin təsvirini verən ssenaridə oxucu kiçik ştrixlərlə də olsa, mistika ilə qarşılaşır. Yazıçı təxəyyülünün dərinliklərində gizlənən mifoloji strukturlar, mistika Gülçöhrə və Əsgər ağanın xatırlatdıqları damdabaca və adı özündən uzun olan Gülü qah-qah xanımla əlaqədar üzə çıxır. Bu kontekstdə yazıçının bundan əvvəlki nəsr əsərləri ələnir, təqdim edilən mifik kodların dərkinə açar verilir. Ssenaridə damdabaca və Gülü qah-qah xanımın varlığının sirri ilə bərabər, qorxunun mahiyyəti açılır, həmçinin ədibin əsərlərində mühüm yer tutan mistikanın haradan qaynaqlandığı bəlli olur. Yazıçının məntiqinə görə, hər kəs həyatında mistika adlı bir aləmlə qarşılaşır ki, bu da onun uşaqlıq dövrüdür. Sonradan çox adam həmin uşaqlıq dövrünün mistikasını unudur və yaxud ona qayıtmağa ehtiyac duymur. Buna baxmayaraq həmin məqam bu gün də hər kəsin həyatında davam edir, təhtəlşüurunda yaşayır. Kamal Abdullanın əsərlərindəki mistik qat da buradan qaynaqlanır.
Yazıçının digər əsərlərində olduğu kimi, "Gülçöhrə xanım və Əsgər ağa" ssenarisində də yaddaş amili aparıcı mövqedə qərarlaşır. Ssenarinin sonuncu şəklində yaddaş probleminin fəlsəfi dərinliyinə nüfuz edən yazıçı şüur aktlarını yenidən cilalayır, köhnə yaddaş buxovlarını qıraraq yeni yaddaş prinsiplərinə keçidi təmin edir.
Üzeyir bəyin obrazları yeni təqdimatda
"Arşın mal alan"ın qəhrəmanlarına münasibət heç də bütün dövrlərdə birmənalı olmamışdır. Operetta 1913-cü ilin oktyabrında ilk dəfə Hacı Zeynalabdin Tağıyevin teatrında səhnəyə qoyulanda "Kaspi" qəzeti bu əsəri dinə, adət-ənənələrə vurulan zərbə kimi səciyyələndirmiş, "qızlarımızı pis yola çağırmaqda" suçlamışdı. "İqbal" qəzetində teatr tənqidçisi Hacı İbrahim Qasımov isə "Arşın mal alan"ın "millətin əxlaqını pozduğunu, onu indiki halından betər bir hala saldığını" yazırdı.
Köhnə əxlaq normalarına qarşı çevrilən, azad sevginin tərənnümünə geniş yer verən operettanın yazılma səbəblərindən biri də keçmiş adət-ənənələri, mövhumatı ifşa etmək, qadın hüquqlarının müdafiəsi idi. Bu amilə xüsusi diqqət yetirilən "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsində qadın azadlığı, gender bərabərliyi özünün bədii-estetik həllini tapır. "Arşın mal alan"da həyatları dörd divar arxasında keçən azərbaycanlı qızların Cümhuriyyət dövründə hüquqlarının, qadın azadlığının bərqərar olduğu göstərilir. Əgər operettada sevmək və sevilməkdən məhrum edilmiş qızları "gələcəkdə həyat yoldaşım kim olacaq?" sualı maraqlandırırsa, Kamal Abdullanın hekayəsində Gülçöhrə və Asya dövrün diktə etdiyi mühüm ictimai-siyasi, milli məsələləri düşünən, xalqın rifahı, maariflənməsi naminə çalışan fəal cəmiyyət üzvləridir. Bu gənc qadınların yetim uşaqlar üçün məktəb açmaq planları onların böyük xeyriyyə məsələləri ilə məşğul olduqlarını göstərir. "Arşın mal alan"da hər şeyə, hətta evlənməyə də tacir gözü ilə baxan Əsgər ağa isə həmin məktəbə məmnuniyyətlə maddi yardım göstərəcəyini vəd edir. Onun bundan əvvəl "Difai" hərəkatına da böyük köməklik etməsi bu obrazın da dövrlə əlaqədar milli şüurunun oyanmasını, cəmiyyətin fəal üzvünə çevrildiyini göstərir. Beləliklə, "Arşın mal alan"da həyatdakı "boşluq" əsl məhəbbət, böyük sevgi ilə dolursa, "Gülçöhrə xanım və Əsgər ağa" hekayəsində bu boşluğun, həmçinin, Vətən, millət sevgisi, xeyirxah əməllərlə doldurulmasına cəhd göstərilir.
"Arşın mal alan"da Əsgər və Gülçöhrə qarşılıqlı sevgilərini güclü iradələri sayəsində müdafiə etməyi bacarırlar. Böyük məhəbbət yolunda hər şeyə hazır olan sevgililər öz xoşbəxtlikləri uğrunda sona qədər mübarizə apararaq qalib gəlirlər. Kamal Abdullanın ssenarisində isə bu xoşbəxtliyi qorumaq uğrunda aparılan mücadilə sonda faciə ilə bitir.
Mütərəqqi ənənə
...1913-cü ildə Üzeyir bəy Hacıbəyli məşhur "Arşın mal alan" operettasında xoşbəxt cütlüklərin taleyindən yazdı. Bundan yüz on il sonra Kamal Abdulla "Gülçöhrə xanım və Əsgər ağa" əsərində oxucunu həmin qəhrəmanların sonrakı taleyi ilə tanış etdi. Üstlərindən illərin tozunu silkələyən Üzeyir bəyin qəhrəmanları öz macəralarını yeni ictimai-siyasi şəraitə uyğun olaraq davam etdirdi, bir-birinin içindən çıxan hadisələr, gərgin psixoloji anlar inandırıcı motivlərlə oxuculara təqdim olundu. Beləliklə, Ü.Hacıbəylinin qüdrətli bəstəsi ilə qəlbləri fəth edən "Arşın mal alan" bu əbədi sevgisini "Gülçöhrə xanım və Əsgər ağa" əsəri ilə daha da möhkəmlətdi, dahi klassikimizin irsinə yeni həyat bəxş edildi.
Bu məhsuldar ədəbi fəaliyyət Azərbaycan ədəbiyyatında Kamal Abdulla yaradıcılığı ilə başlayan çox mütərəqqi bir ənənənin intişarına rəvac verir. Yazıçının bədii təsir gücü ilə seçilən zəngin yaradıcılıq xəzinəsi, sadəcə olaraq, qədim mətnlərdən, antik miflərdən, türk etnosundan və yaxud müasir həyat lövhələrindən mövzu əxz etmir, bu bədii fakt nümunələri, həmçinin, ən qədim ədəbi-tarixi qaynağımız olan "Kitabi-Dədə Qorqud" eposunun, klassiklərimizin incilərinin əbədiyaşarlılığını şüurlarda möhkəmlədir, ədəbiyyatımızın mövzu dairəsi genişlənir. Zamanın tələbi ilə səsləşən bu əsərlər ədəbi fikrə yeni məzmun-mündəricə bəxş edir, bədii-estetik siqləti ilə müasir Azərbaycan ədəbiyyatının ən yaxşı nümunələri səviyyəsinə yüksəlir. İnanırıq ki, Kamal Abdullanın böyük sevgi və rəğbətlə qarşılanan digər nəsr nümunələri kimi, "Gülçöhrə xanım və Əsgər ağa" əsəri də müstəqillik dövrü Azərbaycan ədəbiyyatının parlaq nümunələrindən biri kimi bədii düşüncədə öz mövqeyini qoruyacaq.
P.S. AzTV-nin nəzdində fəaliyyət göstərən "Sabah" Yaradıcılıq Birliyi "Gülçöhrə xanım və Əsgər ağa" ssenarisi əsasında bədii filmin çəkilişlərinə başlayıb. 2023-cü il isə "Arşın mal alan" operettasının yazılması və ilk dəfə səhnəyə qoyulmasının 110 illiyi ilə əlamətdardır. Xalq yazıçısı Kamal Abdullanın "Gülçöhrə xanım və Əsgər ağa" telefilmi bu yubiley tarixlərinə ən böyük ərmağandır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!