Elena Ferrante: postmodernizm və feminizm - NARGİS

NARGİS

 

 

Elena Ferrante təkcə İtaliyada deyil, eyni zamanda dünyaca məşhur feminist yazardır. O əsərlərində sadə dili, üslubu, maraqlı obrazları ilə oxucuların diqqətini çəkmişdir. 1992-ci ildə, ilk romanı "L'amore molesto" ("Bəlalı eşq") yayınlanandan etibarən yazar "Elena Ferrante" təxəllüsü ilə tanınmağa başlamışdır. Nəşriyyatlara yazdığı məktubları və mətbuata verdiyi müsahibələrinin toplandığı "Bir Yazıçının səfəri - Frantumaqliya" adlı kitabı xaric, 49-dan çox dilə tərcümə olunan yazar kim olduğu haqqında heç kimə məlumat vermədən yaşamağı seçir. Onun romanlarının hər biri mif və reallığın, müasirlik və qədim adətlərin eklektik, dialoq mozaikasını təqdim edir. Yazarın yaradıcılığı feminizm və postmodernizm kontekstində gündəmə gəlsə də, bəzi ədəbiyyatşünaslar onun postmodernizmi inkar etdiyini vurğulayır. Ancaq aşağıda sadalanan hissələrdən aydın olur ki, yazar əsərlərində postmodernizm elementlərindən ardıcıl olmasa da, səpələnmiş şəkildə istifadə edib. Xüsusilə miflərin dekonstruksiyası, intertekstuallıq, tarixi metafiksiya, iç-içə hekayələr, hadisələrə skeptik baxış bucağı yazarın əsərlərinin, belə demək olarsa, hər birində özünəməxsus yer tutur.

Mifdən süzülüb gələn süjet müasir İtaliya cəmiyyətindəki problemlərlə, gündəmlə iç-içə girir. Onu bu kontekstdən məşhurlaşdıran romanlar silsiləsinin ilk kitabı olan "Mənim Brilliant dostum" İtaliya patriarxal cəmiyyətinin kəskin tənqidini əks etdirir. 70-ci illərin feminist hərəkatlarını, onların qadınların bədəni və İtaliya cəmiyyətindəki əks-sədasını özündə ehtiva edir.

Ancaq yazarın ilk nəşr olunan romanı "Bəlalı eşq"dir (1992-ci il). Burada hadisələr ana-qız süjeti ilə təqdim olunur. Delia anası, tikiş işi ilə məşğul olan Amaliyanın dəfn mərasimi üçün Neapola qayıdır və anasının son günlərini yenidən canlandırmaq üçün axtarışa başlayır. Bu prosesdə o, anasının onu tərk etdiyinə dair dəlillərin ardınca anasının hekayəsini yansıtmaq üçün sözün həqiqi, eyni zamanda məcazi mənada yeraltı dünyasına enir. Bu roman Demeter və Persefonun mifoloji fiqurlarını Ariadnenin obrazı ilə birləşdirir. Delia yeraltına enəndə şiddətin yeraltı dünyasını Minotavrın labirintinə çevirdiyini xatırlayır. Lakin Ferrante mifi dəyişdirir - Delia-Ariadneni labirintdən çıxaran xətt onun tikiş işi ilə məşğul anasının izlərindən ibarətdir. Bu ana xətt Deliaya təcavüzünün xatirəsini bərpa və nəql etməyə kömək edir, beləliklə, onun sükutu romanın son qismində pozulur. Delia anası kimi özünün ikiqat portretini yaradır, onların ortaq zorakılıq tarixini etiraf edir və həmçinin Filomela və ya Araxne kimi travmaları sənətə çevirir.

Sonrakı romanlarında da Elena Ferrante eyni xətlə davam edir. Onun yaradıcılığı mifologiyadan həyatın içinədək uzanır. Beləliklə, Ferrantenin ikinci romanı, "Tərk edilmə günləri" də (2002-ci il), Medea və Didonun yenilənmiş versiyalarını dramatikləşdirir. Əri onu və iki uşağını özündən kiçik bir qadın üçün atıb gedən Olqa intihar və qisas haqqında düşünərkən inkar, qəzəb, zorakılıq və özünü alçaltma mərhələlərindən keçir. İkiqat maskulinist məkanda tələyə düşmüş Olqa simvolik anaları Medea və Didonun xəttini izləyərək düşmən evinin və düşmən şəhərinin patriarxal labirintini müzakirə edir. Lakin mifoloji personajlardan fərqli olaraq, o, şəfa vasitəsi kimi qəzəb və ümidsizliyi yazı ilə əvəz edir, beləliklə, "Tərk edilmə günləri" Olqanın sağ qalma və yaradıcı ifadə hekayəsini təşkil edir. Mifologiyadan bilindiyi kimi, Medea və Dido iki çox güclü qadın idi, lakin hər biri bir qədər fərqli mədəniyyətlərdə yaşayırdı. Qeyd etdiyimiz kimi, əsər qədim mədəniyyətlərdəki əfsanələrlə intertekstual əlaqədədir.

"Burada Olqanın həm zorakılıq, həm də seksual çıxışları onun öz səsi ilə nəql edilir və əks olunur. Ərinə və yeni sevgilisinə hücum edən, onun diqqətini çəkmədiyi kişiləri aldatmağa çalışan və Olqanın peşmanlığının şahidi oluruq".

Ferrantenin sonrakı romanı, "İtirilmiş Qız" (2006-cı il) adlanır, bu əsər yenidən ixtira edilmiş klassik miflərin başqa bir konfiqurasiyasına malikdir. Baş qəhrəman Leda, böyüyən qızları evi tərk edən universitet professorudur. Tətilə gedəndə Leda Elena adlı balaca qızcığazın kuklasını oğurlayır və bununla da gözəl Helenin anası Leda haqqında mifi oyadır. Ferrante Helenin Ledanın bioloji qızı deyil, başqa bir zorlama qurbanı olan Nemesisin qızı olduğu mifin daha az tanınan versiyasını canlandırır və yeniləyir. Ana olmayan Leda öz qızını böyüdür və Ferrantenin dediyi kimi, özünü "analıq haqqında mürəkkəb, müasir sualın ortasında" tapır (Fr, 206). "İtirilmiş qız"ın süjeti bu surroqat və ya simvolik ana və qızlar məsələsi ətrafında dolaşır, ənənəvi analıq anlayışlarını çətinləşdirir və ana-qız bağının bioloji olmayan konfiqurasiyalarını təklif edir.

Ferrantenin ilk üç romanı buna görə də klassik miflərin müasir versiyalarını yenidən işlənmiş, qadın mərkəzli strukturlarının mədəni təməli kimi izah edir. Onun "Gecə çimərliyi" (2007-ci il) əsərində yazar "İtirilmiş qız"ın süjet elementlərinə yenidən nəzər salır, əsərdə kukla, Selina cəsarətlə od və su ilə sınaqlardan keçir, lakin məşum kişi fiquru onun sözlərini qarmaqla sinəsindən çıxararaq oğurladıqda geri çəkilir. Bu zorlama səhnəsi, Filomela mifinin təkrarında onun dilini metaforik şəkildə kəsir. Selinanın qoruya bildiyi yeganə söz "ana"dır. Kuklalar yazarın "Neapolitan Roman"larında tetralogiyanın çərçivə aləti kimi geri qayıdırlar. Helena və yunan mifologiyasına başqa bir mifoloji istinad olan hekayəçi Elena Qreko, Turində yaşayan və uşaqlıq dostu olan Lila Cerullonun doğma Neapoldan yoxa çıxdığı haqda danışan bir yazıçıdır. Elena Lilanın həyatı haqqında yazmağa başlayır və onların birgə tərcümeyi-halını danışır.

Elenanın ən məşhur silsiləsi "Neapol Roman"ları adlanır. Elena Ferrantenin ən çox oxunan kitabları; bu məşhur 4 silsiləsindən ibarətdir. "Mənim Brilliant dostum" (2012-ci il), "Yeni soyadının hekayəsi" (2013-cü il), "Gedənlər və qalanlar" (2014-cü il), "İtkin qızın hekayəsi" (2015-ci il) kitabları bu silsiləyə daxildir.

"Mənim Brilliant dostum" İtaliyada gecəqonduda böyüyən iki gənc qızın çəkişmə, qısqanclıq və sirlərlə toxunan dostluqlarından, çətin böyümə və var olma macəralarından bəhs edir. Hekayə gənc qızlar Lila və Yelena kişilərin hegemonluq etdiyi cəmiyyətə baxmayaraq, necə fərqli və güclü qadın olduqlarını izah edərkən, 50-ci illərdən başlayaraq həm dövrün, həm də İtaliyanın demək olar ki, təfərrüatlı mənzərəsini yaradır. Sanki bu yazılanlar bir növü avtobioqrafikdir. Bəlkə də, buna görə müəllifin kimliyi bu qədər maraq doğurur.

Burada da yenə mifin dekonstruksiyası, köçürülməsi mövcuddur. Məsələn, əsərdəki uşaqlıq dövründə "Don Axilin hekayəsi"ni nümunə kimi götürsək görərik ki, onun əsas intertekstlərindən və nəsr-tematik strukturlarından biri labirintdəki dəhşətli insan-heyvan Minotavr mifidir. Bilindiyi kimi, "Yunanların Tesey və Minotavr mifini xatırladan bu labirint Lila və Yelenanın dostluğunun mənşəyi haqqında mif yaradır. Elena Ferrantenin poeziyası yunan mifologiyası ilə zəngindir, onun qəhrəmanları isə arxaik ritualları və keçid ayinlərini təsvir edir.

Elena yazırdı: "Axil nağıl canavarı idi və mənə onun yanına getmək, onunla danışmaq, ona baxmaq, casusluq etmək, özünü nə o, nə də onunku kimi göstərmək qəti qadağan idi".

Beləliklə, Ferrantenin romanları daha geniş Aralıq dənizi ədəbi və mədəni coğrafiyası, Minotavr mifinin mənşəyi kimi kollektiv Aralıq dənizi qadın vizyonu (Todesco) və Dedal tərəfindən qurulmuş Kirit labirintinin içinə yerləşdirilə bilər. Borxes irəli sürüb ki, iki hərəkət edən güzgü labirint təşkil edir və labirint Minotavr adlı dəhşətli məxluqun yaşadığı dəhşətli bir evdir. Başı öküz başı, bədəni insan bədəni olan Minotavr ("Minos öküzü"). Minotavr Tesey tərəfindən öldürülmüşdü. Krit sivilizasiyasının şöhrətini yüksəldən bu mifə görə Dedal tərəfindən Minotavrı həbs etmək üçün labirint yaradılıb. Orta əsr alimlərinin fikrincə, bu labirint bu günə qədər yaradılmış ən çətin labirintdir.

Həqiqətən də, Yelena və Lilanın uşaqlıqlarını yaşadıqları Neapolitan bölgəsinin şiddətli patriarxal səltənətini labirint kontekstində oxumaq olar. Olivia Santovetti qeyd edir ki, "Elena Ferrantenin "Neapolitan Roman"ları yazı aktına, onun yaratdığı mexanizmlərə və bu gün qadın yazıçının formalaşmasına postmodern metafantastik marağı inandırıcı şəkildə nümayiş etdirir. Güzgülər və labirintlər Ferrantenin bütün romanlarında qadın şəxsiyyətinin formalaşması və ya nitqinin fiqurları kimi təkrarlanır. İlk romanında Delia anası Amaliyadan fərqini müəyyən etmək üçün güzgüdəki əksini araşdırır. Eyni məsələ "Mənim Brilliant dostum" romanında da ortaya qoyulur, bu dəfə bunu edən Qrenkodur (Lenü). Santovetti həmçinin iddia edir ki, Ferrantenin Elena Qrekonun hekayəsi ilə canlandırılan layihəsi eyni vaxtda Kalvinonun təklif etdiyi hiperromana bənzər bir roman, meta-roman və antiroman yaratmaqdır. Mətnin qalıq ölçüsü, sürüşüb gedən, özünü inkar edən və müqavimət göstərən elementlərlə zəngindir".

Ferrantenin ədəbi mətnləri nəzəri kontekstdə Linda Hutçeonun "tarixi metafantastika" kimi təyin etdiyi postmodern paradiqma daxilində də tədqiq olunmalıdır. "Postmodern nəzəriyyənin əsas ideyalarından biri tarixi izahatlara, mənbələrə və elm olaraq tarixə skeptik prizmadan baxmaqdır. Postmodern dövrdə bütün metanəsrə şübhəli yanaşma hamıya məlumdur və tarix məsələsi bu geniş spektrin yalnız bir hissəsidir"(9). Ferrantenin romanları da qadın səsini kişilərin üstünlük təşkil etdiyi ədəbi və mədəni qəfəsdən geri alır, qadınların yaradıcılığını və bədii azadlığını patriarxal diskurs qəfəsindən azad edir. Qadının hərfi və ya metaforik şəkildə silinməsi, sakitləşməsi və eybəcərləşməsinin tetropları, qadın bədənlərinin izsiz yoxa çıxması konsepsiyası ilə birlikdə bütün bu kimi paradiqmalar onun poetikası üçün mühüm əhəmiyyət kəsb edir və dörd "Neapolitan Roman"ının əsasını, süjetini təşkil edir. Ferrantenin mətnləri həyatın genişliyini və dərinliyini əhatə edir, eyni zamanda onu yerli, italyan və neapolitan obyektivindən keçirir. Müxtəlif janrlardan və ədəbi ənənələrdən - mif və epik povest, bildunqsroman, detektiv triller, melodram, romantik roman, tarixi roman, metafantastika postmodernist mətn və hətta müasir epik buna daxildir. Lakin o, bu janrların və ya mətnlərin hər birini yenidən işləyərkən onu qadın nöqteyi-nəzərindən süzgəcdən keçirir və mətnin mərkəzinə qadını qoyur, duyğu və hissləri sırf müasir özünüdərk və ya postmodern istehza ilə ifadə edir. "Tarix yaratmaq "xəyali yenidənqurma"dır və keçmişin hekayəsini qurmaq aktı postmodern tənqidin obyektidir. "Tarixi fakt kimi qəbul etdiyimiz şeyləri tarixşünaslığın keçmiş hadisələrin izahlı və nəqledici təsvirləri təşkil edir".

Nəticə olaraq qeyd edə bilərik ki, feminist-postmodern yazar Elena Ferrante Tondellinin poetikasını əhatə edir, emosional yazı və birinci şəxs təcrübəsini birləşdirərək, emosiyaları artıq əlavə romanların emosionallığının tərkib hissəsi deyil, ədəbiyyat və siyasəti güclü şəkildə birləşdirən bir şeydir, çünki o, sosial səviyyəni mürəkkəbliklə qarışdırır. Folklorun, miflərin dekonstruksiyası, intertekstuallıq, tarixi metafiksiya, iç-içə hekayələr, hadisələrə skeptik baxış bucağı yazarın fərqli üslubu ilə birləşir.

Kalvinodan təsirlənir, onun roman anlayışını tətbiq edir və əksər postmodern elementi unikal şəkildə istifadə edir.

"Birnövü özünəməxsus olan bizi italiyan ədəbi postmoderninin mümkün heterojenliyinə yaxınlaşdırır. Monika Cansen, postmodernizmlə bağlı italiyan debatının təfərrüatlı şəkildə yenidən qurulmasında əslində Tondellidən Umberto Eko və ya İtalo Kalvinoya xas olan "mədəni" postmodernizmlə müqayisədə "birbaşa" postmodernizmin nümayəndəsi kimi danışır".


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!