Zəngin şəxsiyyətnamə - Aybəniz Əliyeva-Kəngərli “Vilayət Quliyev. Biblioqrafiya” kitabı haqqında yazır

 

 

Müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətdə kitabxanaların biblioqrafik-informasiya müəssisəsi kimi rolunun kəskin şəkildə artmasına və biblioqrafik xidmətin xüsusi strateji prosesə çevrilməsinə gətirib çıxartmışdır. Bu mühitə adaptasiya isə bir qayda olaraq, biblioqrafik informasiyanın hazırlanma və yayım vasitələrinin, biblioqrafik resursların strukturunun əsaslı şəkildə dəyişilməsi ilə xarakterizə edilir. Nəticədə isə biblioqrafik fəaliyyətin təşkilati formaları və biblioqraf əməyinin məzmunu yeni şəkil alır. Müasir kitabxanaların və biblioqrafların qarşılaşdığı bu tip biblioqrafik problemlər kitabxanaların bir çox ənənəvi fəaliyyət istiqamətlərinə yenidən yanaşma tələb edir. Belə innovasiya yaradıcılığı müasir peşəkar biblioqrafik fəaliyyətin özəyi olmaqla yanaşı, kitabxanaların elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi fəaliyyətinin də ayrılmaz hissəsinə çevrilməkdədir.

Məlumdur ki, biblioqrafik fəaliyyətin əsas məqsədi istifadəçilərin müxtəlif istiqamətli şəxsi, elmi-tədqiqat, təhsil, istehsalat və ya ictimai tələbatının ödənilməsi məqsədilə onları lazımi informasiya ilə təmin etməkdir. Bu, bir kitabxana üçün öz mədəni-informasiya potensialını aşkara çıxartmaq, eləcə də sosial statusunu və prestijini artırmaq məqsədilə verilmiş ən yaxşı fürsətdir.

Bu gün respublikamızın ən böyük biblioqrafik mərkəzləri hesab edilən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, AMEA Mərkəzi Elmi Kitabxanası və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının fəaliyyəti bu baxımdan olduqca əhəmiyyətli və diqqətəlayiqdir.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu son illərdə öz strukturunda səmərəli dəyişikliklər etmiş, nəticədə institutun işi kifayət qədər genişləndirilmiş və optimallaşdırılmışdır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun biblioqrafiyalaşdırma sahəsində apardığı elmi araşdırmalar da diqqətəlayiqdir. Son illərdə nəşr olunan "20 yanvar faciəsi sənədlərdə", "Məhəmməd Füzuli. Biblioqrafiya", "Füyuzat" jurnalının biblioqrafiyası", "Xaqani Şirvani. Biblioqrafiya", "Əlyazmalar İnstitutu nəşrlərinin biblioqrafiyası (1950-2007)", "Qarabağ. Biblioqrafiya" və s. biblioqrafik vəsaitlər ciddi elmi-biblioqrafik araşdırmanın nəticəsi olmaqla yanaşı, həm də dəyərli biblioqrafik informasiya mənbəyi hesab edilir.   

AMEA Mərkəzi Elmi Kitabxanasının biblioqrafiya sahəsindəki iş təcrübəsi də bu sahə üzrə qiymətli elmi mənbə hesab edilə bilər. Sevindirici haldır ki, kitabxana bir əsrlik tarixi boyu dəfələrlə struktur dəyişikliyə məruz qalsa da öz biblioqrafik fəaliyyət ənənələrini qoruyub saxlamağı bacarmışdır.

Qafqazda, Avropa qitəsində, eləcə də bütün dünyada şöhrət tapan ən böyük milli kitabxanalardan biri hesab edilən M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının biblioqrafik nailiyyətləri isə biblioqrafiyaşünaslıq sahəsi üzrə əsl elmi məktəb, elmi irsdir. Xüsusilə də, son illərdə Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bilavasitə uzaqgörən siyasəti və rəhbərliyi ilə 2020-ci ildə II Qarabağ Müharibəsi zamanı əldə etdiyimiz şanlı qələbəmizdən sonrakı dövrdə kitabxananın elm və mədəniyyət, dövlətçilik, milli-mənəvi dəyərlərin təbliği və vətənpərvərlik istiqamətində hazırladığı nəşrlər xeyli maraq doğurur. "20 Yanvar-Qan Yaddaşımız: metodik tövsiyələr" (2020), "Azərbaycan 1941-1945-ci illər Böyük Vətən müharibəsində: biblioqrafiya" (2020), "8 Noyabr-Zəfər Günü: metodik vəsait" (2021), "Böyük qayıdış [Mətn]: Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara tarixi səfərləri" (2021), "Şəhidlərimizi ehtiramla yad edirik!: metodik vəsait: İkinci Qarabağ müharibəsi zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsinə həsr olunur" (2021), "Xocalı Soyqırımı - 30: daycest" (2022), "Lütfi Zadə-100: biblioqrafiya" (2022), "Şuşa" ABŞ və Böyük Britaniya mətbuatında: 1827-1915-ci illərə aid qəzet materialları əsasında" (2022), "Şuşa tarixi mənbələrdə: biblioqrafiya" (2022) və digər onlarla biblioqrafik vəsait buna tutarlı nümunədir.

Biblioqrafiya görkəmli şəxsiyyətin kimliyini müəyyənləşdirən xüsusi bir janrdır. Bu janr həm elmi, həm də ədəbi sahəyə məxsusdur. İstər alimin, istərsə də yazıçı və şairin ədəbi və ictimai tarixi mühitində tutduğu mövqeyi daha aydın və dəqiq surətdə onun ömür yolu, əsərləri barəsində müasirlərinin yazdığı fikirlərin əks olunduğu biblioqrafik göstərici vasitəsilə təyin etmək olar.

Görkəmli diplomat, ictimai xadim və ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Vilayət Quliyevə həsr olunmuş "Biblioqrafiya" (Bakı, 2022) diqqətimi cəlb etdi. Müasir kitab çapının son nailiyyəti, yüksək poliqrafik icrası ilə fərqlənən "Biblioqrafiya" həm də təqdirəlayiq mədəniyyət faktıdır. Bu göstərici  "Azərbaycanın görkəmli şəxsiyyətləri" seriyasından, Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanmışdır. "Biblioqrafiya"nın tərtibçisi Günel Əfəndiyeva, elmi redaktoru, Kitabxanın direktoru, professor Kərim Tahirov, "Ön söz"ün müəllifi filologiya elmləri doktoru, professor Asif Rüstəmli, redaktoru Mədinə Vəliyevadır.

Kitab Vilayət Quliyevin Azərbaycan Respublikası Xarici İşlər naziri təyin edilməsi haqqında, fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilməsi barəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin, Azərbaycan Respublikasının Polşa Respublikasında, Macarıstan Respublikasında, Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi, 2010-cu ildə Dövlət mükafatı laureatı verilməsi, diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunması haqqında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamlarının fotoşəkilləri ilə açılır.

Nəşrdə habelə, tərtibçi təşkilatın "Göstərici haqqında" qeydləri, professor Asif Rüstəmlinin "Fövqəladə və səlahiyyətli ədəbi missiya" adlı geniş "Ön söz"ü yer alır. Bu sanballı "Ön söz"də deyilir: "Ədəbi-bədii söz sənətinə sanballı töhfələr vermiş, dəyərli əsərlər bəxş etmiş ədəbiyyat adamlarından bir qisminin xarici dövlətlərdə öz ölkəsinin böyük elçisinə, siyasi nümayəndəsinə, əsas sözçüsünə çevrilməsi, diplomatiya sahəsində uğurlar qazanması, yüksək məqamlara yetişməsi tarixdən çoxlarına yaxşı məlumdur. Çağdaş zəmanəmizdə bu ənənələri böyük entuziazm ilə davam etdirənlərdən biri də ədəbiyyatşünaslıq elmimizin görkəmli nümayəndəsi, filologiya elmləri doktoru, professor Vilayət Quliyevdir. V.Quliyev istedadlı tənqidçi, peşəkar ədəbiyyat tarixçisi, fədakar elm xadimi, ədəbi-mədəni əlaqələr və tərcümə sahəsində yorulmaz mübariz, cəfakeş türkoloq, Cümhuriyyət dövrü tarixinin və istiqlal məfkurəsinin fəal araşdırıcısıdır".

Vilayət müəllimin elmi, ədəbi-tənqidi və diplomatik fəaliyyəti onun müasiri olaraq göz önündə baş verib. O, Azərbaycan ədəbi-ictimai mühitində böyük nüfuz sahibidir. O bu nüfuzu xidməti, istedadı və inadkar zəhməti ilə qazanıb. Bunlar hamısı əyani surətdə "Biblioqrafiya"da əksini tapıb. Burada (32-51-ci səhifələrdə) ədəbiyyatşünas alimin və mahir diplomatın bioqrafik faktları, təhsil, əmək, elmi-tədqiqat, siyasi-ideoloji və diplomatik fəaliyyətinin əsas tarixləri və onların müxtəsər məzmunu qeyd olunub.

"Biblioqrafiya"nın 91-107-ci səhifələrində V.Quliyevin çap olunmuş kitablarının siyahısı, onların annotasiyası və qısa məzmunu yer alır: "Mirzə Kazımbəy" (1987), "Özümüz və sözümüz" (Elçinlə birlikdə, 1993), "Ağaoğlular" (1997), "Azərbaycanda erməni zülmü" (1999), "İsa Sultan Şahtaxtinskinin qəribə həyatı" (1999), "Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti:  XIX əsrin birinci yarısı" (2000), "Tarixdə iz qoyan şəxsiyyətlər" (2000), "Açıq sözün hikməti" (2001), "Tariximiz-taleyimiz" (2002), "Ədəbiyyatda Nobel mükafatı laureatları" (2009), "Son illərin yazıları" (2009), "Baş nazirin xanımı" (2015), "Füyuzat"ın iki yazarı" (2017), "Densterfors Bakıda: general Denstervilin Bakı gündəliyi: avqust-sentyabr 1918-ci il" (2018), "Atatürk və Əhməd Ağaoğlu" (2019), "Cümhuriyyətin yazarları" (2021), "Türk dünyasında Azərbaycan" (2021), "Qarabağın üç şaireyi-möhtərəməsi" (2022), "Ramil Səfərovun ekstradisiyası: bu necə olmuşdu?" (2022).

Bu kitabların elə adları özlüyündə onların məzmunu, ədəbi-nəzəri və tarixi-ictimai dəyəri  haqqında mükəmməl bilgilər verir. Və aydın olur ki, V.Quliyev XX əsrdə və XXI yüzilliyin əvvəllərində baş vermiş mürəkkəb və ziddiyyətli olaylar haqqında əsl vətəndaş və ziyalı mövqeyindən kitab və məqalələr yazıb, aydın milli və dövlətçilik məramını ehtiva edir. Bu kitablar təkcə qeyd olunan dövrlərin ədəbi-nəzəri mənzərəsini deyil, həm də tarixi-ictimai məzmununu əks etdirir.

"Biblioqrafiya"nın "Tərtib etdiyi, redaktoru olduğu kitablar" bölməsində 22 əsərin adı yer alır. Bu da böyük zəhmət tələb edən elmi fəaliyyət göstəricisidir.

"Biblioqrafiya"nın "Dövri mətbuatda və məcmuələrdə çap edilən elmi-publisistik məqalələri" bölümündə Vilayət Quliyevin 1969-2022-ci illərdə (O, orta məktəbdə oxuyarkən yazmağa başlayıb - A.Ə.K.) çap olunmuş 560 adda məqalə yer alır. Bu məqalələr Vilayət müəllimin necə istedadlı və məhsuldar, yorulmaq bilməyən ziyalı olduğunu sübut edir. Biblioqrafiya göstərir ki, V.Quliyev həm də bacarıqlı tərcüməçidir. O, 1983-2022-ci illər arasında rus, türk, ingilis dillərindən 17 adda roman, povest, hekayə, esse, siyasi ədəbiyyat, publisistik əsəri ana dilimizə tərcümə edib. Bununla da, çağdaş milli ədəbi-bədii irsimizə dünya ədəbiyyatına töfhələr vermiş olub.

"Biblioqrafiya"nın 209-226-cı səhifələrində Vilayət Quliyev haqqında çap olunmuş 130 məqalənin adı göstərilib. Lakin qədirbilən müasirləri onun ictimai-siyasi və diplomatik fəaliyyətini də yüksək qiymətləndiriblər. Bu barədə müxtəlif formatda 137 adda yazılan biblioqrafiyanın "Vilayət Quliyevin Xarici İşlər naziri və  Azərbaycanın Xarici ölkərdəki səfiri kimi fəaliyyəti haqqında" adlanan III hissəsində (s. 227-248) yerləşdirilib.

Vilayət Quliyevin ədəbi-ictimai fəaliyyəti, əsərləri və şəxsiyyəti haqqında Azərbaycanın nüfuzlu, görkəmli alimləri müsbət fikirlər söyləyib. Akademik Kamal Talıbzadə "Tədqiqat və elmi təfəkkürün gücü", "Mirzə Kazımbəy" monoqrafiyasına "Ön söz", Tofiq Hacıyev "Biz Mirzə Kazımbəyi yaxşı tanıyırıqmı?" ("Ədəbiyyat və incəsənət". - 1987. - 27 noyabr. - s.3.), yazıçı Altay Məmmədov "Dünya şöhrətli alim" ("Kommunist". - 1988. - 17 avqust. - s.4.), Əziz Mirəhmədov  "Doğmaca kitablar" ("Xalq qəzeti". - 1997. - 22 noyabr. - s.7.), Xalq yazıçısı Elçin "Vilayət Quliyev qeyrətli vətəndaşdır" ("525-ci qəzet". - 1999. - 9 may. - s.5.), akademik Teymur Kərimli  "Titanik zəhmətin bəhrəsi" ("525-ci qəzet". - 2011. - 14 iyun. - s.7.), Xalq yazıçısı Anarın "Şərəfli adların qayıdışı" ("525-ci qəzet". - 2012. - 29 sentyabr. - s.10-11.), Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə, "Şərqlə Qərbin qovşağında fütuhat" ("525-ci qəzet". - 2012. - 15 noyabr. - s.5.), akademik İsa Həbibbəyli "Müstəqilliyin şərəfli yolu və müstəqillik ədəbiyyatı" ( Bakı, 2016. - "C.1". - s.19, 32.), akademik Nizami Cəfərov "Türk dünyasının iki böyük insanının dostluq hekayəsi ("525-ci qəzet". - 2019. - 3 avqust. - s.7).

Bir sözlə "Vilayət Quliyev. Biblioqrafiya" əsəri mükəmməl işlənib. Sonda "Köməkçi göstəricilər", "Tərtib etdiyi, redaktoru olduğu kitabların adlar göstəricisi" bölmələri də verilib.

Biblioqrafiya şəxsiyyət haqqında yol göstəricisidir. Görkəmli şəxsiyyətləri təkcə yaşadıqları zaman içində deyil, tarixdə müxtəlif parametrlərdən tanınmaq üçün etibarlı sənəddir.

Digər tərəfdən, gələcək nəsillər bu əsərlər vasitəsilə görkəmli şəxsiyyət fonunda onların epoxası barəsində etibarlı məlumat ala biləcəklər. Beləliklə, biblioqrafik göstərici təkcə müəyyən dövrün problemlərini deyil, həm də prioritetlərini əhatə etmək imkanına malikdir.

Konkret olaraq sözü gedən göstərici, həm də bizim zəngin xəzinəmiz olan Milli Kitabxananın fəaliyyəti barəsində dəyərli faktdır. "Vilayət Quliyev biblioqrafiyası" kitabın tərtibçisi, kitab texnologiyası və kitab mədəniyyəti baxımından da yaxşı bir göstəricidir. Mən tərtibçi Günel Əfəndiyevanın, elmi redaktor, professor Kərim Tahirovun, dərin məzmunlu "Ön söz"ün müəllifi professor Asif Rüstəmlinin əməyini yüksək qiymətləndirməyi özümüzə borc bilirəm.

Nəticə olaraq "Vilayət Quliyev. Biblioqrafiya" əsəri ilə ilgili bəzi mülahizələri söyləmək istəyirəm:

1. Göstərici zəngin faktlara əsaslanan elmi əsərdir.

2. Əsər gələcəkdə bir çox tədqiqatlar üçün məxəz rolu oynayacaq və yeni araşdırmalara imkan verəcəkdir.

3. Kitabda ehtiva olunan faktlar təkcə V.Quliyev haqqında deyil, özümüz və zəmanəmizlə bağlı həqiqətlərin ortaya çıxmasına yardımçı olacaqdır.

4. Bu kimi nəşrlər Azərbaycan Republikasında "Milli Şəxsiyyətlər Fondu"nun yaratmağa zəmin olacaqdır.

5. Öz elmi-texniki aurasına görə biblioqrafik göstərici unikal milli mədəniyyət faktıdır.

6. Kitab öz janrı çərçivəsində, öz faktları, üslubu ilə tarixin bərpasına, eləcə də, milli tariximizin izahına imkan yaradacaqdır.

7. Biblioqrafiya faktların statik göstəricisi deyil, zamanla birlikdə hərəkət edən, yeni ideyalar doğuran canlı mənbədir.

"Vilayət Quliyev. Biblioqrafiya" əsəri onun özü kimi zəngin və məlumatlı, nüfuzlu bir nəşr hesab oluna bilər. Bu kitab mövcud istiqamətdə yeni nəşrlərə yol açacaq, kitabşünaslığın mühüm bir istiqaməti olan biblioqrafiyanın inkişafına kömək edəcək və bizə görkəmli şəxsiyyətlərimizi, böyük ziyalılarımızı tanıdacaqdır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!