"Yadında yaxşı saxla! Mühazirələri universiteti qurtardıqdan sonra da
kitablardan oxuya biləcəksən.
Bəlkə mənim mühazirəmdən daha sanballı kitablar, məqalələr də tapıb oxuyacaqsan. Amma məni, yəni mənim kimi müəllimləri tapa bilməyəcəksən. Biz ömür yolumuzu danışanda da,
ailə-məişət söhbəti edəndə də, sizə yol göstərmək, istiqamət vermək məqsədi daşıyırıq. Bəlkə gələcəkdə kitablarda oxuduqlarınızla yanaşı, bizim həyat təcrübəmiz də sizə gərək oldu".
Mir CƏLAL
Mir Cəlal müəllim Sizə dərs deyibmi? Deməyibsə, çox təəssüf!.. Fikrin lakonik, dəqiq ifadə tərzi, sakit, arxayın səs tembri, çoxmənalı, sərrast yumor... Bu cəhətlər ədibin söhbətlərində səciyyəvi əlamətlər idi. Əslində bunların hamısı Mir Cəlal müəllimin şəxsi təbiətinin, fərdi xarakterinin təzahürüdür.
Mir Cəlal müəllimin zahiri görünüşü, geyim səliqəsi, yerişi, danışıq manerası bir-birini tamamlayır və onun məğrur, müstəqil və eyni zamanda son dərəcədə səmimi təbiəti haqqında çox aydın, bütöv təsəvvür yaradırdı.
Bütün bu cəhətlər ədibin mühazirələrində də, dərs demək manerasında da qüvvətli idi. Mir Cəlal müəllimin mühazirələri səmimi söhbət, qarşılıqlı dialoq şəklində olardı. Elmi mühakimələrlə yanaşı gənclərin həyatını istiqamətləndirəcək nəsihətlərlə, həyat təcrübəsinə aid misallarla cazibədar olardı. Bu mühazirələr bədii yaradıcılıq barədə çox səmimi dialoqa çevrilərdi.
Mir Cəlal müəllimin bədii əsərlərində, xüsusən hekayələrində də bu təbii, səmimi söhbət intonasiyası bəlkə də əsas sənətkarlıq xüsusiyyətidir. Böyük yazıçıların yaradıcılığında adətən bədii təsvir, bədii təhkiyə və bədii model - kompozisiya məsələlərindən biri daha qüvvətli və aparıcı olur. Bu cəhət ilk növbədə sənətkarın fərdi xarakterinə və istedad orijinallığına əsaslanır. Mir Cəlal yaradıcılığı və xüsusən hekayələri üçün bədii təhkiyə əsasdır, aparıcıdır. Təhkiyə orijinallığı onun bədii üslubunun, xüsusilə hekayələrinin ən orijinal və qüdrətli əlamətidir!...
Üslub xarakterdir! Və şəxsiyyətin əməllərindəki təzahürüdür... Bədii yaradıcılıqda bu cəhət özünü daha aşkar büruzə vermiş olur. Burada istedad nə qədər böyükdürsə, fərdi orijinallıq da o qədər qabarıq təzahür edir. Yazıçının fərdi xarakteri əsərlərində nə dərəcədə qabarıq nəzərə çatdırılsa, bu onun oxucularla səmimiyyət dərəcəsinə sübutdur... Bu əsl həmsöhbət, dərdləşmə üsuludur!..
Mir Cəlal təhkiyəsində klassik nəsrimizdən gələn dərin və səmimi bir kinayəlilik cazibəsi də mövcuddur. Klassik nəsrimizdəki zəngin gülüş ənənələri Mir Cəlal yaradıcılığında yeni kinayə intonasiyaları və daha nikbin, ümidli həyat lövhələri ilə davam və inkişaf etdirilir... Bütün bunlar ümumilikdə yazıçı-oxucu mükaliməsinin səmimi və etibarlı bünövrəsi və dayağı olur... Burada nikbin, şux yumordan tutmuş fəci sarkazma qədər zəngin psixoloji məqamlar vardır və məhz həmin cəhətlər hər bir əsərin ideya pafosunu, nəticə yekununu sərrast tamamlamış olur...
Mir Cəlalın əsərlərində bədii təhkiyə fəal funksional dinamikaya malikdir. Süjetin inkişaf istiqamətində və mürəkkəb psixoloji məqamlarda ədibin müxtəlif dərəcəli (yumor, satira, sarkazm) tənqidi gülüşü dəqiq istiqamətverici funksiya daşıyır və obrazlı - emosional effekti xeyli qüvvətləndirmiş olur.
Mir Cəlalın təhkiyə üslubu ilk növbədə psixoloji mahiyyətinə və konkret məqamlardakı əhval-ruhiyyə təcəssümünə görə çox sərrastdır, effektlidir, güclü tendensiya ifadəçisidir. Hekayələrdə müxtəlif intonasiyalı gülüş əsas ideya ifadəçisidirsə, romanlarında konkret məzmunlu ideya ilə əlaqədar olan lirik intonasiya, ittiham pafosu istiqamətləndiricidir.
Mir Cəlal gülüşünün isə misli yoxdur!... "Uzun davadan, çəkişmə və mübarizədən sonra Əntərzadəni mərkəzdən ayırdılar. Ayırdılar, nə ayırdılar! Canı cəsəddən ayıran kimi! Böyük müsibət ilə ayırdılar. Onun təmiz, qat kəsməz, toz qonmaz, qumaş kimi xış-xış xışıldayan paltarları cib dəsmalına dönmüşdü. Yalvarmaq, xahiş etmək üçün Maarif Komissarlığının dalanında durmaqdan, pilləkənləri düşüb-çıxmaqdan, oturub-qalxmaqdan, qəti silinməz əmrləri qorxa-qorxa oxumaqdan canı üzülmüşdü. Az qala, bütün xanımları heyrətə salan Əntərzadə indi böyük restoranların yorulmuş aşpazına oxşayırdı.
Rayona getmək xəbərini söyləyəndə, deyəsən, kişiyə vay xəbərini verdilər. Saraldı, kiçildi, boğazı biçildi. Sevgilisi Darçın xanımı yanına saldı, qapı-qapı gəzib, məsul işçiləri bir-bir "dişinə vurdu", olmadı. Yalvardı baxmadılar. Hədələdi, qorxmadılar. Səs-küy saldı, eşitmədilər. Qızdırmalı olması haqqında vəsiqə çıxartdı, inanmadılar. Zərif kağızlarda ərizələr yazdı, rədd etdilər. Maarif müfəttişliyi iki ayağını bir başmağa qoyub deyirdi:
- "Rayona gedəcəksən, vəssəlam!". /"Mərkəz adamı"/
Əntərzadə haqqında bu məlumatda təkrir məqamlı ifadələr də işlədilir, satirik bənzətmələrdən də istifadə olunur, intonasiya ritmi də köməyə çatır... Ritm və temp müxtəlifliyi Mir Cəlalın təsvir və təhkiyələrində tendensiya ifadəçisi kimi çox fəal funksiyaya malikdir.
Bir sıra hekayələrində olduğu kimi burada da əsas surətə ilk mənfi münasibət onun familiyasından başlanır: "Əntərzadə!" Bu ittiham damğası əsər boyu bir növ əyaniləşdirilir, sübut olunur.
Ədibin təhkiyələri ideya istiqamətləndiricisi və tendensiya ifadəçisi kimi çox lokal və sərrastdır. Didaktika, lirika, tənqidi gülüşün formaları, hekayələrin məzmun açarıdır.
Çox vaxt ədib hekayənin lap əvvəlində əsas mətləblə əlaqədar istiqamətləndirici lakonik və cazibədar bir söhbət başlayır. "Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu kartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik..." /"Kartoşka məsələsi"/
Adətən əsas tənqidi mətləb də belə "mərhamanə dərdləşmə" əsasında bədii həllini tapmış olur. Ədibin təhkiyə üslubunda adi söhbət intonasiyasının təbiiliyi, canlı təfəkkür modelləri əsasdır. Təhkiyələr yazı "səliqəsinə" yox, söhbət intonasiyasına uyğundur. Bu "yazı dili" deyil, söhbət intonasiyalı, bir az da loruluğu olan "ünsiyyət" formasıdır. "Pərzad" hekayəsində əsərin qəhrəmanı haqqında deyilir: "Məni ən çox maraqlandıran cəhət onun analığıdır. O, qəssab Hacının ikinci arvadıdır. Otuz yeddi illik həyatında üç qız anası olmuşdur".
El arasında deyərlər, "Qız nemət, oğul dövlətdir". Bu boş sözdür. Elə oğlan var, hazır çörəyi çeynəyib ağzına qoyursan, uda bilməyir, aciz, bədbəxt, kirdarsızdır. Elə qız da var, köz kimidir. Sel ilə sönmür, yel ilə keçməyir. Pərzad arvadın özünü götürək. Onun qundağı və qucağı oğul görmədi. Gördüyü qız oldu. Kim deyir ki, o, qızı Məsmədən, Yasəməndən, Sitarədən oğlan qədər xeyir görməmiş? Cəsarətlə deyə bilərəm ki, tanıdığım oğlanların heç birindən anası Pərzad qədər "bəhrə" götürməmişdir.
Bu xasiyyətnamə təfərrüatları bir növ Pərzadın öz təfəkkür tərzindən, yaxud hər hansı bir tay-tuşu mövqeyindən söylənilir. Və Pərzada olan kinayənin də əsası buradan istiqamətlənmiş olur.
Belə hallarda ədib söhbətə başlayarkən oxucunu da bir növ "həmsöhbətə" çevirməyə çalışır. "Həkim deyənləri etmək çətin deyilsə, asan da deyil, belə tapşırıqlarla məşğul olmağa vaxt hanı, hövsələ, səliqə hanı? Ancaq mən dözən adamam. Hansı həkim nə deyib, eləmişəm. Xeyir görməsəm də, hörmət qoyub eləmişəm. Həkimlərin bir sözü mənə lap çətin gəlir. Elə ki, müayinəni qurtarır, axırda qayıdıb qəti tapşırırlar:
- "İki gündən sonra yanıma gələrsən". /"Həkim"/
Bədii təhkiyədəki qüvvətli obrazlılıq, bəzən təsvir təfərrüatlarına çevrilir, poetik zənginliyə xüsusi vüsət gətirmiş olur. Təhkiyə "görümlü" olur, təsviri xatırladır.
Mir Cəlalın romanlarında bədii təsvirin rəngarəng lövhələri bədii süjetin əsas, aparıcı atributudursa, hekayələrində bədii təhkiyə əsasdır. Bu təsadüfi deyildir. Romanın vüsətli, epik imkanları, xüsusən süjetin əhatəli olması, təfərrüatlı təsvirlərə ehtiyac yaradır. Hekayə isə lakonizm modelidir. Burada ustad məharəti səciyyəvi lakonizmdədir, fikrin sərrast dəqiqliyindədir... Bu cəhətdən Mir Cəlal yaradıcılığı klassik nəsrimizin bu günə olan kamil ənənə körpüsüdür!
/Gözəl hekayənin bir növ bahalı daşlara da bənzəri vardır!/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!