H.Əliyevin ictimai-siyasi və ədəbi-mədəni fikir tariximizə yanaşma sistemi çoxtərəflidir. Bu tərəflərdən biri də ədəbi-tarixi şəxsiyyətlərin keçdiyi yola tarixilik prinsipi ilə yanaşaraq onları yersiz və mənasız hücumlardan qorumaqdır. Ona görə də deyə bilərik ki, Ümummilli liderimiz yaşı min illərlə ölçülən tariximizin qoruyucusu, hamisi funksiyasını da gerçəkləşdirir. Olduqca fərəhverici bir haldır ki, müstəqillik dövründə elə hakimiyyətə gəldiyi ilk ildə - 1993-cü ildə Elmlər Akademiyasında ziyalılarla görüşündə o, uca səslə elan etmişdi: "Tariximizdə olan şəxsiyyətlərin hamısı bizim üçün qiymətlidir. Onların heç birinə toxunmaq olmaz". H.Əliyev nə üçün bu görüşü lazım bilmişdi, nə üçün tariximizə münasibətdə öz mövqeyini bu qədər açıq, birmənalı, bir qədər də sərt və yüksək tonda elan edirdi? Ona görə ki, o, qarşıdan gələn təhlükəni görürdü. Sovet rejimindən qopub müstəqilliyin kövrək zamanlarını yaşayan, sovet rejiminin repressiyalarının ən ağır zərbələrini alan ziyalılarımızın bolşevizm bəlasından qopub neobolşevizmə yuvarlanmasından ehtiyat edirdi. Həqiqət budur ki, siyasi arenada, həm sovet rejiminin güclü və qorxulu zamanlarında, həm də müstəqillik dövrünün ərəfəsi və ilk illərində Nərimanovun Azərbaycan xalqı qarşısında xidmətlərini obyektivcəsinə dərk edib, onu müdafiə etmək funksiyasını üzərinə götürən H.Əliyev oldu.
70-ci illərdə H.Əliyev Nərimanovu rejimdən gələn və gələ biləcək təhlükələrdən qoruyurdu. Çünki "Nərimanovun özünəməxsus baxışları və fəaliyyəti sağlığında olduğu kimi, ölümündən sonra da xüsusi vurğu ilə "millətçilik", "milli təmayülçülük", "nərimanovçuluq" adlandırılaraq burjua-millətçiliyi kimi qiymətləndirilərək pislənmişdir. Bunu əsas tutaraq, 20-ci illərin ortalarından 50-ci illərin ortalarınadək kommunist ideoloqları onun adının unutdurulmasına xüsusi səy göstərmişlər" (H.Həsənov. "Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti". Bakı. "Elm", 2005. s.8). H.Əliyevin 70-ci illərdən başlayan Nərimanov uğrundakı mübarizəsi bu unutdurulma siyasətinə qarşı çevrilmiş, millət xadiminin adının milli tarixdən və yaddaşdan silinməsinə imkan verməmək məqsədi daşımışdır. Ümummilli lider ziyalılarla görüşündə deyirdi: "Ancaq son zamanlar Nəriman Nərimanovdan başlayaraq Azərbaycanda bütün siyasi xadimlərin Azərbaycana düşmən olmaları barədə deyilən fikirlərlə heç cür razılaşmaq olmaz. Bunu deyən adamların Nəriman Nərimanov səviyyəsinə qalxmaları üçün bəlkə də on illərlə siyasi fəaliyyət göstərmələri lazımdır. Nəriman Nərimanov öz dövrünün, yaşadığı mühitin çərçivəsində böyümüş görkəmli simadır, böyük siyasi xadimdir. Amma onu da bilin ki, Nəriman Nərimanov müstəqil demokratik dövlətin xadimlərinin hamısını qoruyub saxlayan adamlardan olmuşdur... Bütün bunlarla mən öz fikrimi açıq demək istəyirəm: tarixi təhrif etmək olmaz. Tarixi təhrif edənlər xalqa xəyanət edir, onu çaşdırırlar. Buna son qoymaq lazımdır. Gələcəkdə buna yol vermək olmaz".
Ümummilli liderin bu qətiyyəti və əsaslandırılmış mövqeyi Nərimanova aktiv hücumların qarşısını, demək olar ki, bizim günlərə qədər aldı. Ancaq bizim cəmiyyətimizdə Nərimanova münasibət dənizdəki qabarma və çəkilmələri xatırladır. Bütün hallarda Nərimanovun sovet rejiminin dövlət xadimi olması bu rejimdən ağır zərbələr alan xalqın ona münasibətini mürəkkəbləşdirir, bəzi hallarda isə onu inkar etməyə, ona qarşı ittihamlar irəli sürməyə qədər irəli gedir.
Günümüzdə də Nərimanova qarşı "qabarma" prosesləri aktivləşməkdədir.
Bu günlərdə telekanalların və dövri mətbuatın gündəmindən düşməyən "Nərimanov məsələsi" - "Nəriman Nərimanovun Azərbaycan tarixində yeri" məsələsi, heç şübhəsiz ki, bu böyük tarixi şəxsiyyətin və nəticə etibarı ilə millətimizin xeyrinə bitəcəkdir. "Son"un müəyyənləşməsində iki mühüm amilin həlledici rol oynayacağını düşünürük. Birincisi, Ümummilli liderin Nərimanovu müdafiə mövqeyi, o özü cismən aramızda olmasa da, qüvvədədir. Onun Nərimanovun Azərbaycan xalqının tərəqqisində oynadığı müstəsna rola dair fikirləri, arqument və dəlilləri indi də milli ictimai şüurda, yaddaşda qalır və funksionallığını saxlayır.
İkincisi, H.Əliyevin 70-ci illərdə Nərimanovla bağlı "səpdiyi toxumlar" bu illərdən keçən müddət ərzində öz səmərəli nəticəsini verməkdədir. 1972-ci ildə H.Əliyevin uzunmüddətli mübarizədən sonra Sovet İKP MK-nın müqavimətini qıraraq, onun üçün "Sovet İttifaqının 14 müttəfiq respublikasından, habelə ittifaq rəhbərliyindən nümayəndələrin iştirakı ilə möhtəşəm tədbiri"in (M.Hüseynova. "Ümummilli Liderimizin birmənalı qəbul etdiyi Nərimanov". "Azərbaycan müəllimi". 14 aprel 2023-cü il) keçirilməsinə nail olması, burada dərin məzmunlu məruzə ilə çıxışı, daha sonra Nərimanovun Bakıda və Ulyanovsk şəhərlərində heykəllərinin qoyulması, bu heykəllərin açılış mərasimindəki parlaq nitqləri Nərimanov ətrafındakı buzların əriməsinə səbəb oldu, onun mənəvi haqqını bərpa etdi. Ancaq düşünürük ki, H.Əliyevin bu zəhmətləri təkcə böyük millət xadiminə siyasi bəraət qazandırmadı, eyni zamanda, gələcəkdə onunla bağlı baş verəcək bütün "qabarma və çəkilmələr"də haqqın öz yerini tapacağına ən böyük vəsilə oldu. Çünki H.Əliyevin Nərimanovun fəaliyyətinə qazandırdığı bu siyasi bəraət Azərbaycan elmi düşüncəsi üçün siyasi-hüquqi qapı açdı, onun haqqındakı tarixi həqiqətlərin ortalığa çıxarılmasına səbəb oldu. Bu mənada professor M.Hüseynovanın yeni çap olunan "Ümummilli liderimizin birmənalı olaraq qəbul etdiyi Nərimanov" məqaləsi xüsusi maraq doğurur. Tədqiqatçı SSRİ hakimiyyətində yer alan erməni liderlərinin o zamankı Türkiyənin ağır iqtisadi, siyasi, hərbi durumundan istifadə edərək "Türkiyə ərazilərinə iddialarının fiaskoya uğraması"nda Nərimanovun yürütdüyü birmənalı siyasətin, bu siyasətin əməldə necə gerçəkləşməsinin faktları üzərində dayanır, "milli azadlıq hərəkatına rəhbərliyi üstünə götürərək işğalçı qüvvələri ağır məğlubiyyətə uğratsa da, köməyə ehtiyac hiss edən Mustafa Kamal Paşa"nın istəyi ilə Nərimanovun Türkiyəyə külli miqdarda qızıl, pul, benzin və digər neft sənaye məhsulları göndərərək türk xalqının apardığı milli-azadlıq müharibəsindən qələbə ilə çıxmasına əsaslı kömək göstərməsinin zəngin faktlarını şərh edir. Həmin faktlar Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlığa aparan yolunun təməl prinsiplərinin formalaşmasında Nərimanovun ciddi rolunun olması haqqında düşüncələri qaçılmaz edir. Alimin irəli sürdüyü və faktlarla əsaslandırdığı məsələlər təsadüfi siyasi gedişlərdən yox, çox əsaslı şəkildə düşünülmüş siyasi strategiyadan xəbər verir. Bu gün müstəqillik dövrünün tarixşünaslığı üçün bu strategiyanın məzmunu tam işığa çıxmış bir vəziyyətdədir.
Tarixşünaslığımız əsaslandırır ki, "XX əsrin 20-ci illərində kommunist ideologiyası çərçivəsində ortodoksal-bolşevik (solçular) və milli təmayülçülük (sağçılar) hərəkatlarının arasında mübarizə getmişdir. N.Nərimanov milli təmayülçülük hərəkatının ideoloqlarından və banilərindən biri olmuş, bu mübarizədə sovet Rusiyasında və ümumiyyətlə, SSRİ-də fəaliyyət göstərən türkəsilli siyasətçilər arasında aparıcı şəxs olmuşdur" (H.Həsənov. Göstərilən əsəri. s.20).
Hələ 1990-cı ildə jurnalist E.Əhmədovanın H.Əliyevdən aldığı müsahibənin ("Ulduz" jurnalı. 1990, №6) sonunda "söhbətlərimizə nə əlavə etmək istərdiniz?" sualına cavab verərkən kifayət qədər taleyüklü bir zamanda - 1990-cı ildə, Azərbaycanın gələcək taleyinin sual altında olduğu bir vaxtda xalqına birlik, milli qürur, tariximizə, tarixi şəxsiyyətlərimizə hörmət arzuladığı məqamda məhz Nərimanovu xatırlaması H.Əliyevin bu böyük tarixi şəxsiyyətin keçdiyi yolun müstəqilliyimizə gedən yola işıq salmaq imkanları haqqında düşüncələrini işarələyir.
Bu müsahibədə o, Nərimanovun siyasi məramının mahiyyətini riyazi dəqiqliklə şərh edirdi. Nərimanovun "Leninə məşhur məktubu"ndan danışan H.Əliyev orada yazılanların və hakimiyyət qarşısına qoyulan tələblərin mahiyyətini izah edirdi: "N.Nərimanov o məktubda deyirdi ki, Azərbaycan Respublikasında sosializm quruluşu gərək Azərbaycan xalqının milli xüsusiyyətləri, milli ənənələri ilə əlaqədar olsun. Rusiyada olan üsulu burada kor-koranə tətbiq etmək olmaz". Bu baxış sistemi Nərimanovun siyasi xəttinin milli təmayülçülük (sağçılar) prizmasından şərhidir. H.Əliyev bütün siyasi fəaliyyəti boyu bolşevizmin bir-birinə əks mövqeyi ilə seçilən bu blokları arasındakı əsaslı fərqi görmüş, elə məhz bu əsaslı fərqdən çıxış edərək Nərimanovu, əslində isə xalqının haqq işi uğrunda mübarizəsini dəstəkləmişdi.
H.Əliyev bu müsahibədə çox incə bir məqama da toxunur. Nərimanovdan sonrakı dövrdə də milli siyasi arenada "nərimanovçuluq"dan sapmanın - millətçi düşüncəyə "millətçilik damğası" vurmağın milli inkişafa böyük zərbələr vurmasından danışır.
Bizə elə gəlir ki, Ümummilli lider Azərbaycanın Nərimanovdan - milli təmayülçülükdən sonrakı zamanında üzləşdiyimiz faciələrindən danışır. Nərimanovun ölümü ilə milli təmayülçülüyə son qoyulmasından, solçu bolşevizmin Azərbaycanda törətdiyi faciəli hallardan danışır. Bütövlükdə SSRİ məkanındakı milli təmayülçülüyün türkçülük və milli mənafe naminə gördükləri işlərə son qoyulmasının acı nəticələri üzərində dayanır. Gəlin etiraf edək ki, bolşevizmin erməni daşnakları ilə gizli sazişə girərək Azərbaycanda törətdiyi repressiyalar, Azərbaycanın Türkiyə ilə əlaqələrinin pozulması kimi bütün hallar Nərimanovun ölümündən sonra gerçəkləşmişdi. Əslində Nərimanovun məhv edilməsi bu proseslərə hazırlıq mərhələsinin başlanğıcı idi. Bu başlanğıc o zamankı SSRİ-də mövcud olan bütün türkəsilli milli təmayülçülərin cismən məhv edilməsi və aradan qaldırılmasına qədər davam etdi. Sovet rejiminin repressiyaları milli təmayülçülüyün, milli təmayülçülərin məhv edilməsi ilə reallaşmaq imkanı əldə etdi.
H.Əliyev məhz bu reallığı nəzərə alır və Nərimanovun fəaliyyətini məhz buna görə yüksək dəyərləndirirdi. H.Əliyev Nərimanovdan sonrakı zamanların Azərbaycanında Nərimanov siyasi kursunun davamının olmamasının acı nəticələrinə diqqət çəkir. Repressiyaların səngidiyi dövrdə belə, 1948-ci ildən başlayan deportasiya siyasətinin həyata keçirilməsinin də, torpaqlarımızın parça-parça ermənilərə güzəşt edilməsinin də səbəblərini milli təmayülçülüyün yoxluğunda görür. Müxbirin sualına cavab olaraq H.Əliyev bildirir ki, "1969-cu il iyulun 14-dən 1982-ci ilin dekabrın 3-nə kimi Azərbaycan KP MK-nın birinci katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını almışam".
Nərimanovdan sonrakı və H.Əliyevə qədərki zamanda və H.Əliyevin Moskvaya işləməyə cəlb olunmasından sonrakı zamandan müstəqilliyə qədərki dövrdə respublikamızda baş verənlər Nərimanovsuzluq və H.Əliyevsizlikdən doğan bəlalar haqqında düşüncələri qaçılmaz edir. Belə bir düşüncəni qaçılmaz edir ki, həm Nərimanovun, həm də H.Əliyevin respublikaya rəhbərlikdən kənarlaşdırılıb Moskvada işə cəlb edilməsi mahiyyətcə ümumittifaq rəhbərliyinin respublikamızda istədikləri şəkildə "ağalıq" etmək imkanlarına hesablanmışdı. Bizə elə gəlir ki, H.Əliyevin siyasi arenada görünməsi və hakimiyyətə gəlişi siyasi rejim daxilində milli təmayülçülüyün yenidən siyasətə qayıdışı, pozulmuş qanunauyğunluğun bərpası idi. Düşünürük ki, H.Əliyevin Nərimanov sevgisinin də, Nərimanov uğrunda özünü rejimə qarşı qoymaq gücünün də, sonsuz Azərbaycan sevgisinin də, müstəqil Azərbaycan dövlətinin memarına çevrilməsinin də ilkin siyasi əsasında milli təmayülçülüyün ən sağlam ənənələri dayanır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!