Heydər Əliyevin böyük ədəbiyyat siyasəti - İsa HƏBİBBƏYLİ

İsa HƏBİBBƏYLİ

 

İsa HƏBİBBƏYLİ

Akademik

 

Heydər Əliyevin dövlətçilik təfəkkürünün formalaşmasında, görkəmli dövlət xadiminin zəngin mənəviyyata və geniş dünyagörüşə malik nəhəng şəxsiyyət masştabını fəth etməsində ədəbiyyat və incəsənətin də böyük və xüsusi rolu olmuşdur. Heydər Əliyev dəfələrlə cəmiyyətin və şəxsiyyətin inkişafında bədii ədəbiyyatın mühüm əhəmiyyətini bəyan etmişdir. Ulu Öndər həmişə bu fikirdə olmuşdur ki: "Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir".

Həqiqətən, tarix boyu böyük ədəbiyyat həmişə dünyanın qüdrətli dövlət xadimlərinin, böyük siyasətçilərin və sərkərdələrin həyatında və fəaliyyətində mühüm yer tutmuş, böyük rol oynamışdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat faktorunun yeri, rolu və imkanları çox geniş miqyası əhatə etmişdir. Hər şeydən əvvəl, onu qeyd etmək lazımdır ki, Heydər Əliyev dünyada geniş və sistemli ədəbiyyat biliyinə malik olan nadir dövlət xadimlərindən biridir. Hələ gənclik illərindən etibarən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənən, hətta cavan yaşlarında tamaşalarda peşəkar teatr xadimləri ilə yanaşı, cəsarətlə səhnəyə çıxan Heydər Əliyevin dünyabaxışının formalaşmasında ədəbiyyat amili xüsusi yer tutmuşdur. Müasirləri onun Naxçıvanın teatr mühitində yaxından iştirak etdiyini, "Vaqif" pyesində, "Qaralar ölkəsində" adlı dram əsərində əsas rolları məharətlə ifa etdiyini xatırlayırlar. Heydər Əliyevin teatr həvəskarı olmasına dair nadir fotoşəkillər görkəmli dövlət xadiminin Naxçıvan şəhərindəki muzeyində qorunub saxlanmaqdadır. Vaxtilə Heydər Əliyevlə Naxçıvan Pedaqoji Texnikumunda eyni sinifdə təhsil almış Firuzə Rzayeva Heydər Əliyevin ədəbiyyat dərslərində xüsusi qabiliyyət nümayiş etdirdiyini, onların ədəbiyyat müəllimləri olmuş Lətif Hüseynzadənin bu çalışqan və bacarıqlı gəncin istedadına yüksək qiymət verdiyini xüsusi olaraq vurğulamışdır. Texnikumdakı daha bir tələbə yoldaşı Dövlət Məmmədov isə Heydər Əliyevin ədəbiyyata və teatra münasibəti haqqında aşağıdakıları yazmışdır: "Yadımdadır, Lev Tolstoyun "Hərb və sülh" romanını o vaxt rus dilində oxuyur, məzmununu bizə danışırdı… Bundan əlavə, həvəskar teatrda da çalışırdı. Tamaşalarda adətən baş rolları oynayır, özü də şah, hökmdar, xalq qəhrəmanı obrazını canlandırırdı". Bütün bunlarla bərabər, bu görkəmli tarixi şəxsiyyət bədii ədəbiyyatın şəxsi taleyindəki böyük rolunu özü də nəzərə çarpdırmışdır. O, 1997-ci ildə, müstəqillik dövründə keçirilən Azərbaycan Yazıçılarının X Qurultayındakı nitqində bu gerçəkliyi aşağıdakı kimi etiraf etmişdir: "Şəxsən mən ədəbiyyatı çox sevən adamam və gənc vaxtlarımdan, hətta uşaqlıqdan, məktəbdə ilk ədəbiyyat nümunələrini oxuyandan ədəbiyyatı sevmişəm... Mənim bir insan kimi formalaşmağımda, təhsilimdə, əxlaqımda, mənəviyyatımda ədəbiyyatın, mədəniyyətin çox böyük rolu olmuşdur. Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum... O illərdə, o uşaqlıq və gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu, "oxumuşam, unutmamışam" sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam".

Azərbaycan ədəbiyyatını və dünya ədəbiyyatı klassiklərini mütaliə etmək, dərindən bilmək və yadda saxlamaq baxımından Azərbaycan Respublikasının rəhbəri Heydər Əliyevlə müqayisə edilə biləcək dövlət başçısı göstərmək çətindir.

Çoxcildlik siyasi irsinə, ədəbiyyat haqqında nitqlərinə, çıxışlarına, yazıçılara ünvanladığı təbrik məktublarına əsaslanaraq, belə bir nəticə çıxarmaq mümkündür ki, Heydər Əliyev Azərbaycanın qədim dövrlərdə və ya öz dövründə yaşayıb-yaratmış görkəmli yazıçı və şairlərinin demək olar ki, mütləq əksəriyyətinin əsərlərini diqqətlə oxumuş, özü üçün konkret nəticələr çıxarmışdır. O, dünya ədəbiyyatının, xüsusən rus ədəbiyyatının şedevrlərinə də yaxından bələd idi. Bu dahi şəxsiyyət söz sənəti dühalarının əsərlərini və ideyalarını dərindən mənimsəmişdir. Akademik Bəkir Nəbiyevin vaxtilə yazdığı kimi, "bunun birinci səbəbi özünün də dəfələrlə etiraf etdiyi və konkret əməllərində sübuta yetirdiyi məhəbbətdir: ədəbiyyata, sənətə, mədəniyyətə sonsuz məhəbbət. Digər bir səbəb Heydər Əliyevin klassik irsimizə və çağdaş ədəbi-mədəni prosesə bələdliyidir". Bu səbəbdəndir ki, Heydər Əliyevin ümumiyyətlə ədəbiyyat haqqında, yaxud da ayrı-ayrı yazıçı və şairlər haqqındakı nitqləri və çıxışları yüksək professional şəkildə səslənmişdir. Bu dahi şəxsiyyətin ədəbiyyata, konkret olaraq sənətkarların yaradıcılığına verdiyi qiymətlərdə bədii yaradıcılığa ictimai baxışla müasirlik anlayışı həmişə biri digərini izləmiş və tamamlamışdır. Azərbaycan Yazıçılarının 1971-ci ildə keçirilmiş V qurultayından 1997-ci ildə keçirilən X qurultayınadək bütün mötəbər tədbirlərində iştirak və çıxış edən Heydər Əliyevin nitqlərində ədəbiyyatın cəmiyyətin və mənəviyyatın inkişafındakı rolu ilə eyni səviyyədə müasir həyatın inkişafındakı borcu və vəzifələri də ən zəruri məsələlər sırasında xüsusi yer tutmuşdur. Xüsusən, Azərbaycan yazıçılarının qurultaylarındakı tarixi nitqlərində o, klassik ədəbi irsə də, müasir ədəbi prosesə də respublikada dövlət səviyyəsində apardığı işlərin üzvi tərkib hissəsi kimi baxmışdır.

 

***

Ədəbiyyata xalqın keşməkeşli taleyinin, tarixi yaddaşının, müasir həyatının və inkişafının əks-sədası kimi baxan Heydər Əliyev bədii düşüncədə tarixilik, millilik və müasirlik prinsiplərinə xüsusi dəyər vermişdir. Bu baxımdan millilik, tarixilik və müasirlik Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasətinin əsasını təşkil edir. Əslində bu prinsiplər qüdrətli dövlət xadimi Heydər Əliyevin dövlətçilik təliminin və siyasi fəaliyyətinin də təməl şərtlərindəndir. Həmin prinsiplər Heydər Əliyevin dövlətçilik təlimində və ədəbiyyat siyasətində sadəcə yanaşı mövcud olan amillər deyildir. Əksinə, qeyd olunan istiqamətlər Heydər Əliyev təlimində dövlətçilik fəaliyyəti ilə ədəbiyyat işinin vəhdətində, üzvi sintezində tam məna tapa bilir. Görkəmli dövlət xadimi Heydər Əliyev dövlətçilik fəaliyyəti prosesində millilik amilini, tarixilik anlayışını və müasirlik prinsipini ardıcıl olaraq həyata keçirmək yollarındakı mübarizəsində köklü ənənələrə malik olan həmin amillərdən yerli-yerində, əsaslı şəkildə faydalanmaqla daim özünün ali məqsədinə nail olmağa çalışmışdır. Bu yüksək ali qayə isə sovet rejimi çərçivəsində olsa belə, nəticə etibarilə Azərbaycanda möhkəm milli əsaslara malik olan, davamlı tarixi ənənələri qoruyub saxlayan və müasir inkişafın önündə gedən dövlət hakimiyyətini formalaşdırmaqdan və möhkəmləndirməkdən ibarət olmuşdur. Müşahidələr və təhlillər göstərir ki, hələ sovet hakimiyyəti illərində Heydər Əliyevin bu istiqamətdə apardığı ardıcıl və düşünülmüş siyasət ölkədə tarixi yaddaşın oyanışı milli-mənəvi dəyərlərin, inkişaf etdirilməsi mənasında özünün böyük bəhrələrini vermişdir.

Azərbaycanda 1969-1982-ci illərdə milli mədəniyyət və ədəbiyyat böyük sürətlə inkişaf etdirilmiş, yaradıcı qüvvələrin qarşısında geniş üfüqlər açılmış, onların keçmiş Sovetlər İttifaqı miqyasında tanıdılması və qiymətləndirilməsi istiqamətində böyük addımlar atılmışdır. Görkəmli ədəbiyyat və incəsənət xadimləri Qara Qarayevin, Rəsul Rzanın, Tahir Salahovun, Mirzə İbrahimovun, Rəşid Behbudovun, Süleyman Rəhimovun dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmələri görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsinin ən mühüm hadisələridir. 1972-ci ildə böyük dövlət xadimi və görkəmli yazıçı Nəriman Nərimanovun  anadan olmasının 100 illik yubileyinin keçirilməsi və Bakı şəhərində ona əzəmətli heykəl ucaldılması dövrün tarixi hadisəsinə çevrilmişdir. Məlum olduğu kimi, sovet rejimi qeyri-rəsmi şəkildə milliyyətçi hesab edərək onu ictimai-ədəbi mühitin arxa planına keçirdiyinə görə, Heydər Əliyev bu böyük şəxsiyyətin yubileyini keçirmək və heykəlini qoymaq üçün Moskva-Kreml səviyyəsində iş aparmalı olmuş və mühüm əhəmiyyətə malik olan həmin tədbirləri həyata keçirməyə nail ola bilmişdir. Beləliklə, Nəriman Nərimanov yenidən Azərbaycan xalqına qaytarılmışdır.

Heydər Əliyevin sovet hakimiyyəti illərində həyata keçirdiyi məqsədyönlü ümummilli siyasət Azərbaycanın dövlət müstəqilliyi dövründə dövlətçilik işinin möhkəm bünövrəsini təşkil edir. Ulu Öndər müstəqil Azərbaycan dövlətinin qurulub möhkəmləndirilməsində, milli ideologiyanın formalaşdırılmasında ədəbiyyat faktorundan geniş istifadə etmişdir. Bu mənada Heydər Əliyevin dövlətçilik təlimində müxtəlif dövrlərdə həyata keçirilmiş ədəbiyyat siyasəti bir-birini tamamlayır. 

 

***

Yeni tarixi epoxada görkəmli dövlət xadimi Heydər Əliyevin ədəbiyyat siyasətinə dair formalaşmış ənənələr ardıcıl olaraq yaradıcı şəkildə davam etdirilməkdədir. Ölkəmizdə hazırkı şəraitdə adlı-sanlı sənətkarların dövlət səviyyəsində yubileylərinin keçirilməsi, onların əsərlərinin sanballı yubiley nəşrlərinin hazırlanaraq geniş oxucu auditoriyasına təqdim edilməsi bədii yaradıcılıq fəaliyyətinin daha da inkişaf etdirilməsinə təkan verir. Həmçinin böyük xidmətləri nəzərə alınmaqla tanınmış yazıçılara fəxri adların, fərdi təqaüdlərin və yaradıcı gəncliyin istedadlı nümayəndələrinə Prezident mükafatlarının verilməsi də Ulu Öndər tərəfindən əsası qoyulmuş yazıçı  zəhmətinin və ədəbi prosesin stimullaşdırılması siyasətinin konkret davamından ibarətdir. Bundan başqa, uzun illik fasilədən sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Dövlət Mükafatının verilməsinin yenidən bərpa edilməsi də ədəbiyyat siyasəti sahəsindəki varisliyin əməli ifadəsidir.

 

***

Ən yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında Ümummilli lider Heydər Əliyevin ədəbiyyat siyasətinin böyük rolu və təsiri olmuşdur. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətinin ədəbiyyat siyasətinin banisi və yaradıcısıdır. Əslində Azərbaycan xalqının son əlli ildəki ədəbiyyatı Heydər Əliyev epoxasının ədəbiyyatıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müstəqillik dövrünün ədəbiyyatı haqqında Heydər Əliyev təlimini yeni müddəalarla zənginləşdirərək yaradıcı şəkildə inkişaf etdirir. Hesab edirik ki, ən yeni dövr Azərbaycan ədəbiyyatının qarşısında duran bir məsul vəzifə də yeni tarixi epoxanın fonunda görkəmli dövlət xadimi Heydər Əliyevin mükəmməl, hərtərəfli şəkildə işlənmiş, ciddi ədəbi-tarixi meyarlara cavab verən ümumiləşmiş parlaq bədii obrazını yaratmaqdan ibarətdir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!