Müstəqillik dövrü nəsrində Heydər Əliyev - Tehran ƏLİŞANOĞLU

Tehran ƏLİŞANOĞLU

 

 

Ulu Öndər Heydər Əliyev həyatda var ikən, ədəbiyyatda obrazını yaratmağa çox az yazıçılar ürək etmişlər. Çün akademik Teymur Kərimlinin dediyi kimi: "Nəhənglər məsafədən (istər məkan, istərsə də zamanca olsun) daha aydın görünürlər, onların nəhəngliyi daha bütöv şəkildə üzə çıxır, ətrafdakılar tərəfindən bir sistem kimi qavranılır. Azərbaycan xalqının öz zəngin və keşməkeşli tarixi boyu yetirdiyi ən böyük şəxsiyyətlərin ön sıralarında duranlardan biri olan, xalqımızın tarixi taleyinin müəyyənləşməsində müstəsna rol oynayan və bu taleyi əbədi bir səadət məcrasına salan Heydər Əliyev dühası da bu baxımdan istisna təşkil etmir..." (Heydər Əliyev və Azərbaycan ədəbiyyatı. Bakı, "Şərq-Qərb", 2009, s. 92)

Digər tərəfdən, belə görünür ki, Ulu Öndərin əzəmətli aurası, şəxsiyyətinin miqyası, çox nəhəng fəaliyyətinə özünün də təvazökar yanaşması və tələbkarlığı yazıçılara bu şansı verməmiş, mövzuya həssas və ehtiyatlı yanaşmağa vadar etmişdir. Yazıçı Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında belə bir "olmuş əhvalat" xatırlanır: "Bir dəfə hansı bölgəyə səfərdəsə "Uzaq sahillərdə" filmində Mehdi Hüseynzadə rolunun ifaçısı aktyor Nodar Şaşıqoğlu da Heydər Əliyevlə birgə olur. Yazıçı Anar danışır ki, görüşlərin birində elə məqam yaranır ki, Nodar Şaşıqoğlu Heydər Əliyevə ərklə deyir: "-Yoldaş Əliyev! Məndən muğayat olun, bir də gördünüz ki, Sizin rolunuzu oynayıram!" Heydər Əliyev halını dəyişmədən ona belə cavab verir: -Buna ehtiyac yoxdur, mən öz rolumu özüm oynayıram!" (Əjdər Ol, "Canlı lətifələr, əhvalatlar, deyimlər", Bakı, "Qanun", 2015, s. 14-15) Yumorla deyilmiş bu sözlərdə böyük həqiqət gizlənir. Nə qədər şərəfli olsa da, bugün belə, Heydər Əliyevin obrazını nəinki səhnədə, ədəbiyyatda belə canlandırmaq yazıçıdan böyük ürək və sənətkarlıq qüdrəti istəyir.

Yerindəcə vurğulamaq gərəkdir ki, Əjdər Ol Heydər Əliyev haqqında "olmuş əhvalatlar"ı ilk olaraq toplamağa başlamış, Ulu Öndərin öz izniylə "Müdriklik anları" (1996) və daha sonra təkmilləşdirərək "Müdriklik" (1998) kitablarını nəşr etdirmişdir. Yazıçı xatırlayır: "Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində ölkə prezidenti Heydər Əliyev biz gənc yazıçıları qəbul edərkən mən "Müdriklik anları"nın ilk kitabını ona bağışlayıb söz vermişdim ki, yaxın zamanlarda bu kitabı daha dolğun şəkildə üzə çıxardacağam. O "Gözləyəcəyəm" demişdi..." (Əjdər Ol, Müdriklik. Bakı, "Azərbaycan" nəşriyyatı, 1998, s. 13)

Ulu Öndər həyatda ikən, yazıda portretini cızmağa yalnız ünlü yazıçılar ərk etmişlər. Bu sıradan Elçinin "Dünya axirət əkini" (1992), "Tarixlə üz-üzə dayanmış adam" (1995), Anarın "Şəxsiyyətin miqyası" (1998) esselərini göstərmək olar. Yaxından müşahidələr əsasında hər iki yazıçı ilk növbədə Heydər Əliyev şəxsiyyətinin tarixi unikallığına diqqət çəkir və təfərrüatlı düşüncələr zəminində bunu təsbit edirlər.

Elçin hələ 1995-ci ildə, dahi şəxsiyyətlə müasirlikdən doğan bir ehtizazla yazırdı: "Heydər Əliyev özü tarixi  məsuliyyəti dərindən dərk edən bir şəxsiyyətdir. Bəzən mənə elə gəlir ki, yalnız mühüm qərarları qəbul edərkən yox, adicə gündəlik qayğıların həllində də o, tarixi ona baxan, onun hərəkətlərini izləyən bir varlıq kimi yanında hiss edir. Elə bilirəm ki, təəssüratım məni aldatmır, belə də var, çünki söhbət daxilən zəngin və emosional, amma impulsivlikdən uzaq, ən gərgin çağlarda belə, özünü səfərbərliyə almağı bacaran, iradəli və qorxmayan, çəkinməyən, özünə inanan və öz böyük imkanlarını qiymətləndirməyi bacaran unikal bir şəxsiyyətdən gedir - müstəqil Azərbaycanı bu günün keşməkeşli yolları arasından magistral müəyyən edib bir dövlət kimi gələcəyə doğru aparan şəxsiyyətdən" (Elçin, Seçilmiş əsərləri, 6-cı cild, Bakı, "Çinar-Çap", 2005, s. 239-240) 

Anar 1998-ci ildə, ölkədə cərəyan edən hadisələrin içindən, daha da epik tərzdə ümumiləşdirir: "Şəxsiyyətlərin miqyası, bir tərəfdən onların öz zamanlarında gördükləri işlərin, yaratdıqlarının, etdiklərinin, dediklərinin, həyata keçirdiklərinin əhəmiyyəti ilə, əhatəsi ilə, təsir dairəsi ilə ölçülürsə, digər tərəfdən bu fəaliyyətin tarixdə əks-sədasıyla, uzun illər, dövrlər müddətində hadisələrin gedişatını yönəltməsi ilə müəyyənləşir. Hər iki meyarla Heydər Əliyev - tarixi şəxsiyyətdir..." (Anar, Unudulmaz görüşlər, Bakı, "Təhsil", 2009, s. 32.)

Esseistika ilə yanaşı, Heydər Əliyevin tarixi hünərləri zamanında elmi publisistikada da gündəmə gəlmiş, tarixi obrazını yaratmağa cəhdlər olmuşdur. Bu sıradan akademiklər İsa Həbibbəylinin "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" (2002), Nizami Cəfərovun "Heydər Əliyev və Atatürk" (1999), Səlahəddin Xəlilovun "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" (2002) kitablarının, o cümlədən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 1998-ci ildə hazırladığı, ikinci nəşrində (2009) Dövlət mükafatına layiq görülmüş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" monoqrafiyasının (müəlliflər: Bəkir Nəbiyev, Yaşar Qarayev, Teymur Kərimli, Məhərrəm Qasımlı, Vilayət Quliyev, Nizaməddin Şəmsizadə, Nikpur Cabbarlı) adını bugün burda çəkmək doğru olar.

Sonralar da Heydər Əliyevin yazıda portretini cızmaq cəhdlərində esseistika və elmi publisistika ümdə olmuş, onlarla əsərlərdən bütöv sıra ədəbiyyat yaranmışdır.

Ulu Öndərin vəfatından sonra xatirəsinin və obrazının ədəbiyyatda əbədiləşdirilməsi daha da vüsət almış, ictimai-tarixi zərurət və mənəvi borc olaraq ədəbiyyatda Heydər Əliyev mövzusu aktuallaşmışdır. Anarın "Unudulmaz görüşlər" əsərində xatırlatdığı kimi: "Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində onun xidmətləri daha dərindən dərk ediləcək. Amma bu, gələcək nəsillərin işidir. Bugünkü nəsillərin, onun çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu isə Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir..." (Anar, Unudulmaz görüşlər, Bakı, "Təhsil", 2009, s. 42.)

Bu məqamda memuar ədəbiyyatı və bədii-sənədli nəsr önə çıxmışdır. Anarın "Unudulmaz görüşlər" (2009), Mövlud Süleymanlının "Qırx ilin yeddi görüşü" (2012), İsa Muğannanın "Həyatımdan səhifələr" (2010), Vidadi Babanlının "Unutmadığım günlər" (2007), Səyyad Aranın "Heydər Əliyevin Amerika fəthi" (2003), Hüseynbala Mirələmovun "İşığın izi ilə" (2004) əsərlərində bu və ya digər rakursdan, Ulu Öndərlə görüşlərdən doğan canlı təəssürat əsasında, həyatının ən müxtəlif mərhələləri işıqlanmış, tarixi obrazı təcəssüm tapmışdır. O cümlədən "Unudulmaz görüşlər" memuar ədəbiyyatının sanballı nümunəsi olub, hadisələr, faktlar, görüşlər, rəngarəng cəmiyyət və mədəniyyət mənzərələri fonunda dahi Şəxsiyyətin ədəbiyyatdan görünən portretini yarada bilir (bu barədə ayrıca məqaləm var - bax: "Ədəbiyyat qəzeti", 18 fevral 2023-cü il) Qeyd olunmalıdır ki, Anarın "Unudulmaz görüşlər"i Dövlət tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev əsəri Heydər Əliyev mükafatına layiq görmüşdür.

Ədəbiyyatda Heydər Əliyev mövzusunun möhkəm təməlini qoymuş daha iki əsər: Viktor Andriyanov və Hüseynbala Mirələmovun "Görkəmli adamların həyatı" bioqrafik silsiləsindən "Heydər Əliyev" (2007; 2008) və Elmira Axundovanın altı cilddə, iri həcmli "Heydər Əliyev: şəxsiyyət və zaman" kitabları (2007-2013) rəğbətlə qarşılanmış, ədəbi-mədəni ictimaiyyətin təqdirini qazanmışdır. Ulu Öndərin ilk bioqrafları dahi şəxsiyyətin həyatını, zəngin və nəhəng fəaliyyətini təfərrüatlı araşdırmış və məhz bədii-sənədli janrda qələmə almışlar. Hər iki əsər rus və Azərbaycan dillərində böyük tirajla nəşr olunaraq ölkədən kənarda da böyük maraq doğurmuşdur. Hər iki əsərdə Heydər Əliyev obrazı geniş zaman və tarix kontekstində işıqlandırılmış, həyatının bütün mərhələlərini ehtiva etməklə, geniş materiallar, sənədlər, canlı şahidlər və xatirələrin dili ilə, eyni zamanda yüksək ideya-bədii sənətkarlıqla, iti yazıçı müşahidəsi, ümumiləşdirmə bacarığı, təsvir və təcəssüm ustalığı, dərin təhlillər və şərhlərlə, sirayətedici, oxucunu daim maraq təsirində saxlayan bədii üslubda qələmə alınmışdır. O da qeyd olunmalıdır ki, Elmira Axundovanın altı cildliyi Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən  Heydər Əliyev mükafatına layiq görülmüşdür.

Ədəbiyyat zaman sənətidir; ola bilməz ki, 1990-cı illər Azərbaycanını dərk və təcəssüm etməyə çalışan nəsr əsərləri - romanlar, povestlər, hekayələr bu və ya digər şəkildə Heydər Əliyev mövzusundan yan keçə bilə. Məxsusən də ictimai-siyasi janrda bədii əsərlər. Müstəqillik dövrü nəsrinin ən yaxşı nümunələri də bunu təsdiq edir. 1990-cı illərin çətin ictimai-siyasi həyatını, müstəqillik yolunun ağırlığı və ziddiyyətlərini əks etdirən bir sıra bədii əsərlərdə - Sabir Rüstəmxanlının "Xətai yurdu" (2003) və "Akademikin son əsəri" (2017) romanlarında, Aqil Abbasın "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" (1999) povesti və "Dolu" (2007) romanında, Sabir Əhmədlinin "Kef" (1999), Səfər Alışarlının "Maestro" (2003) romanlarında, Afaq Məsudun "Azadlıq" (1998) romanı və "Dahi" (1994) hekayəsində, Əjdər Olun "Lo" (2019), Səyyad Aranın "Başdaşı" (2020) romanlarında bilavasitə, və ya güman olunan prototiplərdə ani olaraq gözümüz qarşısında Heydər Əliyevin tarixi obrazı canlanır və hadisələrə, zamana, epoxaya möhürünü qoyur. Çox maraqlıdır ki, bu sırada bədii detektiv janrı da var; Çingiz Abdullayevin, Elmira Axundovanın, İsa Nəcəfovun bu janrda qələmə aldığı əsərlərində Ulu Öndərin xilaskarlıq missiyası gərgin hadisələr fonunda qələmə alınmışdır.

Ümumən, tarixi planda yanaşdıqda: Heydər Əliyev obrazı bədii nəsrdə ən çox Xilaskar kimi, xilaskarlıq missiyası ilə təqdim və təfsir olunur. Həm də üç məqam, üç səciyyədə:

1) Hələ dövlət təhlükəsizlik sahəsində çalışdığı zaman Heydər Əliyev milli insanın xilaskarı kimi çıxış edir; neçə-neçə milli düşüncəli gəncləri qoruyur, həbs olunmaqdan, ölümdən xilas edir; dissidentizmdən yayındıraraq milli quruculuq proseslərinə yönləndirir. Elmira Axundovanın "Heydər Əliyev: şəxsiyyət və zaman", Anarın "Unudulmaz görüşlər", Hüseynbala Mirələmovun "Xəcalət", Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" əsərlərində, xüsusən Tofiq Abdinin "Dövlət çevrilişi" povesti və Mövlud Süleymanlının "Qırx ilin yeddi görüşü" memuarında bu obrazın təfərrüatları əksini tapıb.

2) Respublikanın, Sovet Azərbaycanının xilaskarı obrazı. 1969-1982-ci illərdə Heydər Əliyev Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycan Sovet Sosialist Respublikasına başçılıq etmiş, rəhbərliyi dövründə Azərbaycan iqtisadiyyatı, sənayesi, kənd təsərrüfatı, elm və mədəniyyəti, ədəbiyyat və incənəsəti inkişaf etmiş, bu dövrdə xalqın ictimai və milli şüuru artmış, müasir dünya səviyyəsinə yüksəlmişdir. Amma maraqlıdır ki, həmin dövrdə(n) Heydər Əliyev ədəbiyyatın yaddaşında heç də kommunist lider, partokrat məmur, yaxud Anarın yazdığı kimi: "Moskva emissarı" yox, əksinə, dissident obrazı ilə yer almışdır. Bəlkə də burda bir qanunauyğunluq gizlənir. Əjdər Olun "Canlı lətifələr, əhvalatlar, deyimlər" kitabında belə bir "olmuş əhvalat" var: "Yazıçıların X qurultayında çıxış edən Heydər Əliyev sovet dövründə Azərbaycan yazıçılarının cəsarətindən söz açıb dedi: "-Əslində, o dövrdə elə siz hamınız dissident olmusunuz". Rəyasət Heyətində oturmuş yazıçı Anar ayağa durub, üzr istəyərək Heydər Əliyevin fikrinə qoşuldu: "-Hörmətli Prezident, bir dəfə çıxışınızda dediniz ki, sovet dövründə ən böyük dissident mən olmuşam". Heydər Əliyev məmnun halda Anarın sözünü təsdiqlədi: "- O da doğrudur! O zaman Kommunist partiyası daxilində ən böyük dissident mən idim!"

Anar, Elmira Axundova, Viktor Andriyanov və Hüseynbala Mirələmov Respublikanın başçısı kimi Heydər Əliyevin tarixi missiyasını, həyatın və cəmiyyətin bütün sahələrində apardığı islahatlara görə "xilaskar" obrazı ilə səciyyələndirmişlər. Əgər bura qədər, dövlət təhlükəsizliyi sıralarında onun fəaliyyəti milli insanın xilası naminə yönəlmişdisə, bu dəfə daha böyük miqyasda - ətalətə, durğunluğa, staqnasiyaya mübtəla olmuş respublikanın, ölkənin qurtulmasına yönəlir. Vidadi Babanlının "Unutmadığım günlər", İsa Muğannanın "Həyatımdan səhifələr", Anarın, Elçinin, Maqsud İbrahimbəyovun, Mark Verxovskinin və b.-nın memuar əsərlərində bu dövrün təsərrüfat və mədəniyyət quruculuğu proseslərində Heydər Əliyevin portret çizgiləri yaxından müşahidələr əsasında qələmə alınmışdır.

3) Ən nəhayət, millətin, xalqın, müstəqil dövlətçiliyimizin Xilaskar obrazı. Bu obraz bəzən ani də olsa, onlarla bədii əsərdən keçir. Qeyd olunduğu kimi, yazıçılar dövrün hadisələrinə yalnız bədii-sənədli nəsrdə deyil, detektiv janrında da müraciət etmiş, bir-birinin ardınca Elmira Axundova və İsa Nəcəfovun "Naşirin ölümü" (2000), İsa Nəcəfovun "Gecə yarısında qətl" (2000), Elmira Axundovanın "Şüşə saray" (2007) siyasi detektivləri, Çingiz Abdullayevin "Qanın üç rəngi" (2001) detektiv romanı yaranmışdır. 

Adı çəkilən romanlarda bu və ya digər həcmdə Heydər Əliyevin obrazı yer alır. Yazıçılar tarixən bəlli olan həqiqətləri - dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqının daxili ziddiyyətlər və xarici təzyiqlər nəticəsində az qala onu itirməsinə qənşər Ulu Öndərin siyasət meydanına qayıdıb, nəhəng bir atlant kimi xilaskarlıq missiyasını çiyinlərinə götürməsi, Müstəqil Azərbaycanın taleyini həll etməsi hadisələrini bədii nəsrin həqiqətinə çevirə bilmiş, müstəqilliyin heç də asan qazanılmadığı, bu yolda ən çox Heydər Əliyev dühasına, Heydər - Xalq sevgisinə borclu olduğumuz ideyasını aşılaya bilmişlər.

Müstəqillik dövrü nəsr əsərlərində Ulu Öndərin obrazı xilaskarlıq missiyası ilə yanaşı, ümummilli lider, böyük dövlət xadimi və siyasətçi, müasir Azərbaycanın, müstəqil Azərbaycan dövlətinin memarı, mədəniyyət və cəmiyyət qurucusu, milli mənəviyyatın qoruyucusu, ədəbiyyat və sənət bilicisi, ali və dahi insan, möhtəşəm şəxsiyyət, ən böyük azərbaycanlı və s. məqamlarda da təsvir olunmuş, ədəbiyyat çoxyönlü, çoxcəhətli, universal keyfiyyətlərin vəhdətini qapsayan Heydər Əliyev obrazının bütövlüyünü təqdim etməyə çalışmışdır.

Ulu Öndər Heydər Əliyevin tarixi obrazının bu və ya digər qədər ədəbiyyatlaşmasına rəğmən, o da etiraf olunmalıdır ki, həyat yolunu bütövlükdə ehtiva edən, işıqlandıran ayrıca bədii əsər, tarixi roman yazılmamışdır. Bütün çətinliyi və məsuliyyəti ilə birgə, görünür ki, bu hələ yaxın gələcəyin işidir. Xüsusən də Vətən müharibəsində tarixi qələbəmiz, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşanın alınması günü möhtəşəm çıxışının işığında, "ata vəsiyyəti"nin, Ulu Öndərin mübarizə yolu, məqsəd və məramının həyata keçməsi məqamında bu ədəbi-tarixi zərurət daha da aydın görünür. Necə ki, Azərbaycan xalqının taleyində həlledici rol oynamış Ş.İ.Xətai, M.F.Axundzadə, N.Nərimanov, M.Ə.Rəsulzadə kimi tarixi şəxsiyyətlər barəsində tarixi romanlar qələmə alınmışdır, o cümlədən Ulu Öndər Heydər Əliyevin möhtəşəm obrazının bədii-sənədli nəsrdə olduğu kimi, romançılığımızda da yaranacağı günün uzaqda olmadığına inanırıq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!