Milli-mənəvi dəyərlərimiz içərisində anamın dili adlandırdığı doğma dili Vətənlə bir tutan, ona mənəvi Vətən kimi baxan həmkarım İlham Abbasın "Anamın dili" kitabı ilə bu günlərdə tanış oldum. Öncə deyim ki, kitab ayrı-ayrı dil-üslub, tarixi-etimoloji mövzulara aid yazılardan ibarətdir. İlham müəllim təkcə ana dilimiz ilə bağlı yazılar yazmır, eyni zamanda o, dilin tarixi, geniş miqyasda istifadəsi - cəmiyyətin aynası hesab olunan mətbuat dili, mədəniyyətimiz, tariximiz, dövlətin başlıca siyasəti hesab olunan dil siyasətinin istiqamətləri və bunun nəticələri ilə bağlı maraqlı yazılar müəllifi olaraq da tanınır.
"Hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dili həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq hər bir azərbaycanlı dilin qorunub saxlanılmasında az da olsa, çox da olsa, xidmətlərini göstərmişdir". Ümummilli lider Heydər Əliyevin elə xalq ruhunda sadə, hər cür pafosdan uzaq sözlərinin deyildiyi tarixindən keçən müddət ərzində bu sözlər hər bir Ana dili sevdalısı, hər bir bu dili öyrədən, araşdıran, tədris edən həmkarlarımız üçün bir növ çağırış oldu. Ana dilimizin inkişafı, irəliləyişi yolunda mütəxəssisləri, filoloqları, Azərbaycan dili müəllimlərini bir amal ətrafında birləşdirdi. Bir vaxtlar dostumuz, həmkarımız professor Əzizxan Tanrıverdinin dediyi kimi "bu gün Azərbaycan dilinin inkişafı, təkmilləşməsi və zənginləşməsi kimi məsələlərdən çox bəhs edirik." Çox bəhs etməyimizin səbəbi isə cəmiyyətin ortaq qayğıları içində ana dili sorunlarının çoxluğu və bu ortaqlığın özünün ortaq sevginin, tələbatın doğurduğu qayğıları ilə bağlıdır.
Yaxınlarda Universitetimizin nəşriyyatında çapdan çıxmış filoloq həmkarımız İlham Abbasın "Anamın dili" kitabı dilimizin bir çox həlli vacib məsələlərinin araşdırılmasına həsr olunmuşdur. Kitabda müxtəlifyönlü məsələlər öz tərtib prinsipinə görə, mövzu ardıcıllığına görə maraq doğurur; burada kitabın birinci bölməsinə alimin dövlətimizin dil siyasətinin əsas istiqamətlərini və hədəflərini şərh edən yazıları, ikinci bölməsinə müasir Azərbaycan mətbuatının dil və üslub problemləri haqqında araşdırmaları, üçüncü bölməsinə estetik və tarixi-etimoloji məzmunlu esseləri, dördüncü son bölməsinə isə müasir Azərbaycan dilinin bəzi aktual məsələləri barədə mülahizə xarakterli araşdırma yazıları daxil edilmişdir. Ümumən götürüldükdə "Ana dili - mənəvi Vətənimiz", "Çağdaş mətbuatın dil özəllikləri", "Ulu nəğməmizin adı", "Dilimizin bəzi aktual məsələləri barədə" bu başlıqlar altında toplanan bu günümüz üçün çox vacib, aktual hesab etdiyimiz yazılar hamısı müəllifin dilimizin saflığı uğrunda fəaliyyətini əks etdirməklə bu yöndə apardığı araşdırmaların nəticələrini ortaya qoyur.
Əsərin mövzu zənginliyini ifadə edən bölmələri izlədikcə - birbaşa ana dilinin həyatımızdakı yerinə, mövqeyinə həsr etdiyi "Ana dili - bizi birləşdirən ən böyük dəyər", "Ən böyük milli sərvətimiz", "Dövlət Proqramı Dövlət dilinin keşiyində", "Dil siyasəti müstəqil dövlət quruculuğunun mühüm amilidir" və "Dilimizin bəzi aktual məsələləri barədə", "Mətbuat ilk növbədə dil hadisəsidir", "Müasir mətbuatda ədəbi dil normalarının qorunması", "Dil qaydalarının pozulması dövlət qanununun pozulmasıdır", "Dilimizin qorunmasında yeni mərhələ", "Yeni yaradılan sözlərdə dil qaydalarının rolu", "Alınma sözlərdə quruluşca növ məsələsi" və s. kimi mühüm elmi praktik işləmləri əks etdirən mübahisəli məsələlər, müzakirə obyekti olacaq dil faktları həqiqətən müəllifin də hesab etdiyi kimi çox aktual məsələlərdir. Bütün bu qoyulan məsələlər göz önündə Azərbaycan dilindən istifadənin hazırkı vəziyyəti və bu istifadə zamanı ortaya çıxan problemlərin üzərinə işıq salmaqla həm də o sorunlara yanaşma yollarını da göstərir.
İlham müəllim ömrünü mətbuata, ana dilimizin saflığı və bu saflığın qorunmasına həsr etmiş məsləkdaşımızdır. Çağdaş mətbuatın dil özəllikləri mövzusunda - müasir mətbuatda ədəbi dil normalarının qorunması ilə bağlı görülən işlər və bu istiqamətdə əldə olunan uğurlar, ana dilinə dövlət qayğısı deyə, bunun həyati görüntüləri, dövlət dili statusu daşıyan ana dilimizin keşiyində duran dövlət proqramının mahiyyəti, yəni dil siyasətinin dövlət quruculuğunun mühüm amil kimi önəmi barədə vaxtında, zamanında yazılmış yazıları ciddi maraq doğurur. Mən bu yazıya İlham Abbasın ana dilimiz haqqında fikir və mülahizələrini bütövlükdə köçürmək fikrində deyiləm. Lakin onun bir dilin qəhrini çəkən bir ziyalı, bir dilçi həssaslığı ilə bəzi atalar sözlərimizin, habelə mahnı sözlərimizin bayağılaşdırılmsına, mənasını itirmək dərəcədə təhrif olunmasına iradları və öz növbəsində düzəlişləri, tarixi-etimoloji səpgidə həyata keçirdiyi sözlərin etimoloji şərhi ilə bağlı fikirləri təzə, çox gərəkli göründü. Bir örnək vermək istəyirəm.
İlham Abbas da "bayatı" sözünün mənşəyinin açılmasında sözün bu günə qədərki tədqiqində Əmin Abidin, Bəhlul Behcətin, Salman Mümtazın, Hənəfi Zeynallının və s. klassik folklor araşdırmaçılarının bu leksik vahidi Bayatı adlı soyumuzun adı ilə bağlamalarını, bu barədə onların, nə gizlədim, əsaslı görünən fikirlərini önə çəksə də "demək", "danışmaq", "söyləmək", "izah etmək" kimi geniş mənaları ehtiva edən Şərqi Slavyan, o cümlədən rus dilindəki nisbətən arxaikləşmiş, lakin ağızlarda işlənən baətğ "söyləmək" feilini yada salır və ümid edirəm ki, geniş ölçüdə izahı ilə də öz oxucusunu inandırmağa nail olur. Əlbəttə, İlham Abbasın bunu söyləməyə mühüm arqumentləri vardır və bütün parametrləri ilə elmi, çox ağlabatan təsir oyadır. Sözün ilk öncə "Kitabi-Dədə Qorqud" və digər qədim türk yazılı abidələrimizdəki, habelə şivələrimizdəki "demək", "danışmaq", "söyləmək" anlamlı "ayıtmaq" feili ilə eyniliyini yada salır. Bizcə, "bayatı" şeir növünün adının da kökünü "ayıtmaq" feilində axtarmaq lazımdır, deyir. Tarixi linqvistik əlaqələrin çox qədim çağlarında "ayıtmaq" şəklində mühafizə olunmuş söz slavyan dillərinə keçmiş və özünün ilkin mənasını - "demək", "danışmaq", "söyləmək" məzmununu indiyədək saxlaya bilmişdir, deyə yekunlaşdırır. Mən rus ədəbi-bədii materiallarında tez-tez türk mənşəli sözlərdən hesab etdiyim baətğ "bayat", eləcə də baitğ "bait", bayka "bayka" nağıl, rəvayət anlamında kəlmələri ilə rastlaşırdım. Vladimir Dalın məşhur lüğətində hətta uşaqları yatırarkən söylənən bayka "bayka" "baö bay" - layla, ninni olaraq təqdim etdiyi də yadımdadır. Bu məsələdə İlham müəllimlə razılaşmamaq mümkün deyil, bunlar "Rus dilində türk sözləri" araşdırmamda gəldiyim qənaətlərimdə də yer alır.
Çoxumuzun, xüsusən, müəllimlərin dərs prosesində tez-tez qarşılaşdığı cümlədə məntiqi vurğu ilə söz sırasının əlaqəsi, müasir dilimizdə qısaltmaların işlədilməsi, 3-cü şəxsin cəmində uzlaşma, inkarlıq kateqoriyasının ifadə tərzi, isim, sifət və zərflərdə bir-birinə keçmə prosesi və onları ayırd edib fərqləndirmə yolları, "ilə" qoşmasının tələffüzünə dair, "sağır nun"un işlədilməsi ilə bağlı təklifləri, dilimizdə, ümumən türk dillərində cins kateqoriyasının olmamasının səbəbləri, sintaktik təhlillər zamanı üçüncü növ təyini söz birləşməsinin müəyyən edilməsi üsulu, ədatların sintaksisdə yeri, bəzi hallarda düzəltmə və mürəkkəb sözlərin hüdudları, müasir dilimizə rus, habelə ingilis dilinin təsiri problemləri, feil şəkillərinin işlədilməsi və s. kimi hər an mübahisə və müzakirələrə yol açan, bəzən hətta qeyri dəqiqlik törədən məsələlərin həlli yer almışdır. Göründüyü kimi vəsait təkcə müasir ədəbi dilimiz üçün deyil, həm də tarixi qrammatika, üslubiyyat, nitq mədəniyyəti üzrə bir çox tələbatı ödəyir, gənclərimizin dünyagörüşünü genişləndirməyə, biliklərini artırmağa yardım etməklə onları bu sahə üzrə səmərəli iş üsulları ilə də tanış edir. Bir vaxt prof. Qəzənfər Kazımov qayğılı-qayğılı yazırdı ki, biz tələbələrimizə hər şeyi öyrətməyə çalışırıq, antik fəlsəfədən yaş fiziologiyasına qədər hər şeyi. Lakin elə öyrədirik ki, nəticədə onlar adi ərizə yazmaq qabiliyyətinə belə malik olmurlar sözü belə faydalı çalışmaların dəyərini təsdiq edir indi.
Yazımızın əvvəlində Ulu öndərin mövzuya giriş üçün gətirdiyimiz sözlərinə qayıdaq. Onun böyük nikbinliklə dediyi həmin sözlərə istinadən deməliyik ki, Ana dilimizin tarixi keçmişi, bugünkü inkişafı və gələcək problemləri ilə əlaqədar qarşıda görülməli olan hələ bir çox məsələlər var. Bunları nəzərə almaqla dilimizlə bağlı mükəmməl dərs vəsaitlərinin, dərsliklərinin, ümumiyyətlə Azərbaycan dili ilə bağlı hər cür ədəbiyyatın hazırlanmasına böyük ehtiyac duyulur. Bu səbəbdən də İlham Abbasın belə zəruri ehtiyacların ödənilməsində öz yeri olacaq vəsaitinin aktuallığını qeyd etməyi özümə borc bilirəm. Böyük yazıçımız, bacarıqlı ictimai xadim olan Mirzə İbrahimovun bir həkimanə sözü ilə fikirlərimə açıqlıq gətirmək istəyirəm. Dərslikləri və onların tərcüməsini ən tələbkar, dili çox gözəl bilən, yazmağı bacaran, sözün, dilin gözəlliyini duyan və ondan zövq alan adamlara etibar etmək lazımdır. Doğru sözə nə deyəsən?! Düşünmək olar ki, yazıçının tələblərinə ən çox daim öyrədən, yetişdirən müəllim uyğun gəlir. Və üstəlik ana dilimizə, ədəbiyyatımıza və ümumən mədəniyyətimizə yüksək xidmət arenası olan mətbuatın bir xadimi olaraq. Bu baxımdan həm pedaqoji əməyi ilə, həm mətbuat işçisi əməyi ilə bu fəaliyyəti qoşa sürdürən İlham Abbas üçün qoyulan məsələlərin məsuliyyəti daha aydın idi. Şübhəsiz, elmi-praktiki mövzulara həsr edilmiş "Anamın dili" kitabı elmi məlumat almaq istəyən universitet tələbələri, tədqiqatçılar: elmi işçilər, orta məktəb müəllimləri, ana dilinin müxtəlif məsələləri ilə maraqlanan hər bir şəxs üçün yararlı qaynaqlardan biri olacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!