Azər TURAN
Xalid Səid Xocayevi "türk xalqlarının etnoqrafiyası və linqvistikası haqqında pantürkist konsepsyalı" (və "pantürkist ruhlu!") bir kitabı — Mahmud Kaşqarlının XI yüzildə yazdığı "Divanü-luğatit-türk" əsərini tərcümə etdiyinə görə 1937-ci ildə güllələdilər. "Günahını" özü də "etiraf" etmişdi: "Mən Mahmud Kaşqarlının…kitabının tərcüməsində pantürkist təbliğatı aparmışam". İstanbul Universitetinin tarix-ədəbiyyat fakültəsini bitirdikdən sonra 1918-ci ildə guya "Türkiyədən pantürkistlərin lideri Əbdülrəşid İbrahimovun təşəbbüsü ilə Nuru Paşanın qoşununun tərkibində Gəncəyə" göndərilən Xalid Səid 1920-ci ilə kimi burada müəllimlik etmişdi.
***
1920-30-cu illərin görkəmli türkoloqu, bu gün elmi çevrələrdə adı nadir hallarda xatırlanan Xalid Səid özbək türklərindəndir. Elmdəki mənsubluğu isə Azərbaycan türkologiyasına aiddir. Türkiyə türkoloqları onu "Azərbaycan bilgini" kimi təqdim edirlər. Haqqında nadir hallarda yazılıb, elmi fəaliyyətinin və bioqrafiyasının əsas məqamları müfəssəl öyrənilməyib.
Doğulduğu yer Özbəkistanın Koş Kurqan qışlağı. Doğulduğu ay və gün bəlli deyil. 1893-cü ildə dünyaya gəlib.
***
Bakıda Dövlət Universitetində, Pedaqoji İnstitutda, sənaye və meliorasiya texnikumlarında, əmələ fakültəsində dil-ədəbiyyat müəllimi işləmişdi.
***
Ərəb, fars, rus dillərini də mükəmməl bilən (Bəkir Çobanzadə) Xalid Səid, 1935-ci ilə qədər 124 elmi əsər yazmışdı. Şairliyi də vardı.
***
Xalid Səidin adı daha çox türkolojinin iki istiqamətində qabarıq görünür:
Mahmud Kaşqarlının "Divanü-luğatit-türk" əsərinin ilk tərcüməsi Xalid Səidin türkoloji elminə böyük xidmətinin ifadəsi və bəhrəsidir;
Xocayev Azərbaycan, eləcə də digər türk respublikalarında latın qrafikasına keçid hərəkatının gerçəkləşməsində aparıcı simalardan biri olub.
***
"Divanü-luğatit-türk"ün müasir türkologiyanın elmi prinsipləri baxımından ilk tərcüməsi və tədqiqi Xalid Səidə məxsusdur. Divanın çapa hazırlanması baxımından da maraqlıdır ki, Xocayev türkiyəli Besim Atalayı qabaqlamışdı. (Xalid Səid Kaşğarlı divanının tərcüməsinə 1935-ci ildə, Atalay isə 1939-cu ildə başlamışdı)
… Türkiyə elm dairələrində də bunu bilirdilər. Besim Atalay yazırdı ki, "Divanü-Luğatit-türk” Türkiyə dışındakı türkləri də ilgiləndirmişdir. Sovetlər Akademiyasının Azərbaycan qolu bir komissiya quraraq başqanlığına Xalid Səidi… gətirmiş və işə başlamış"dı.
…Divan barədə Xalid Səiddən məlumat istəyən Kabardin Balkar Vilayət Partiya Komitəsinin katibi Kumıkovun sorğusuna yazdığı 1937-ci il 1 iyun tarixli cavab məktubunda Xocayev "Divan"ı nəşrə tam hazırladığını və iyulun 1-də onu Leninqrada akademik Kraçkosvskiyə və professor Malova göndərəcəyini bildirirdi.
***
Bizcə milli türkoloji tariximizdə çox nadir hadisə — "Divan" tərcüməsinin Xalid Səid versiyası bəzi araşdırıcıların qeyd etdiyi kimi, əgər tərcümənin dili müasir elmi üsluba uyğun olmasa da hər halda tarixi həqiqət naminə mütləq meydana çıxarılmalı və nəşr olunmalıdır.
***
1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayının stenoqramında Xalid Səidin adına bir neçə yerdə təsadüf olunur. F. Aşnin, V. Alpatov və D. Nasilovun "Repressirovannaə törkoloqiə" kitabında da qeyd edildiyi kimi Xalid Səid qurultayda üç dəfə danışıb və çıxışı özbək dilində olduğu üçün stenoqrama salınmayıb. Elə bu səbəbdən də Xalid Səidin türkoloji qurulitaydakı çıxışının məzmunu uzun illər məchul qalmışdı. Əli bəy Hüseynzadənin türkoloji qurultaydan yazdığı qeydlərindən isə məlum olur ki, qurultayda çıxış edən özbək Xalid Səidə görə "qonuşma fərqlərinin hüdudunu təyin etmək çətindir, ləhcələrin coğrafiya baxımından bir-birinə qarışmaları, türklərin bir-birini anlamaları üçün ümumi bir ədəbi dil zəruridir".
***
"Yeni Əlifba Komitəsi" 1924-cü ilin sentyabrında türk respublikalarının mərkəzlərinə ezam olunacaq heyətin tərkibini belə müəyyənləşdirmişdi: Yeni Əlifba Komitəsinin sədri, "ortaboylu, ağsaqqallı" (X.Səid) Səməd Ağa Ağamalıoğlu, "Molla Nəsrəddin" jurnalının "iri, yüksək, dolğun vücudlu, yorulmaq bilməyən, cidalkar (X. Səid) müdiri Mirzə Cəlil Məmmədquluzadə, yeni Əlifba Komtəsinin üzvü Vəli Xuluflu və Xalid Səid.
1929-cu ildə Bakıda nəşr olunmuş "Yeni əlifba yollarında əski xatirə və duyğularım" adlı kitabında Xalid Səid əlifba komitəsinin fədakar xidmətlərindən ətraflı bəhs edir. Latın əlifbasına keçid prosesinin aydın mənzərəsini verən həmin kitabda dilçilik tariximizin qaranlıq qalmış bir sıra məqamlarına da aydınlıq gətirilib. Digər tərəfdən bu əsər "birləşmiş yeni türk əlifbası ilə Azərabaycan ləhcəsində birinci olaraq" nəşr edilən bir kitab kimi təqdim edilirdi və kitaba yazdığı qısa ön sözdə Bakı Dövlət Universiteti Şərq fakultəsinin müdərrisi Əziz Ubeydulin əsərin iki mühüm cəhətinə diqqəti cəlb edirdi: "Bu "Səyahətnamə" bir cəhətdən yeni əlifba yolundakı böyük mədəni və inqilabi hərəkətin ilk dövrünü göstərdiyindən türk-tatar xalqı tarixinin mühüm bir səhifəsidir. İkinci tərəfdən bu əsər ədəbiyyatımızda bu dövrdəki türk-tatar ziyalılarının halət ruhiyyələrini göstərən birinci xatirə-memuardır".
(O da maraqlıdır və diqqəti cəlb edir ki, Bakıda nəşr olunmuş kitabında Xocayevin şəklini nədənsə "Xalid Səid arkadaş" ünvanı ilə təqdim ediblər).
Xalid Səidin latın əlifbasına keçid dövrümüzdə yaşanan prosseslərə aydınlıq gətirmək baxımından çox qiymətli məxəz olan bu kitabı digər tərəfdən, Türkoloji Qurultaya Türkiyədən gəlmiş böyük alim Fuad Köprülünün yeni əlifbaya keçidlə bağlı fərdi qənaətlərini də öyrənmək baxımından çox əhəmiyyətlidir. Çünki Fuad Köprülünün əlifba islahatı ilə bağlı Xalid Səidlə görüşündə söylədiyi fikirlərə Türkiyədə də, Azərbaycanda da digər bir sənəddə rast gəlmək çox çətindir. (Xalid Səidin həmin kitabından bir parçanı təqdim edirik).
***
Xalid Səidin 1937-ci il iyunun 3-də Hüseyn Cavidlə, Əhməd Cavadla, Mikayıl Müşfiqlə eyni gündə həbs edilməsi də sübut edir ki, o, hədəfdəki ciddi simalardan biri olub.
Xalid Səid 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Əhməd Cavad, Hənəfi Zeynallı, Bəkir Çobanzadə, Vəli Xuluflu, Əziz Qubaydulin, Məmməd Kazım Ələkbərli, Böyükağa Talıblı… ilə bir yerdə güllələnib.
Bu qədər. Güllələdilər və unutdurdular.
Özündən sonra ailəsinin başı müsibətlər çəkib. Xalid Səid güllələnəndən sonra xanımı Sara Rza qızını da həbs ediblər…
***
Bu dünyada bir Xalid Səid vardı.
Xalid Səidin 115 yaşı tamam olur...
“Ədəbiyyat qəzeti”, 2008-ci il 12 sentyabr
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!