Ötən əsrin 60-70-ci illərində bir sıra filoloq folklorşünasların fəaliyyəti nəticəsində zəngin Azərbaycan folklor nümunələrinin toplanılması, arxivləşdirilməsi, kataloqlaşdırılması, tədqiqi və təbliği istiqamətində olduqca mühüm işlər həyata keçirilmişdir. Lakin folklorun nəzəri-metodoloji dəyərləndirilməsi istiqamətindəki bu araşdırmalar, əsasən, rus folklorşünaslığının "folklor - şifahi xalq ədəbiyyatı identifikasiyası" elmi paradiqmasının təsiri altında aparılmışdır. Bu nəzəri müddəanın hüdudları daxilində inkişaf edən Azərbaycan folklorşünaslığının nəzəri səviyyəsi son nəticədə ayrıca elmi paradiqmanın yaranmasına imkan verməmişdir.
Ötən əsrin 80-ci illərində isə Azərbaycan folklorşünaslığında vəziyyət əsaslı olaraq dəyişməyə başlayır. Həmin dövrdə A.Məmmədov, K.Abdulla, N.Cəfərov, M.İmanov, K.V.Nərimanoğlu, M.Seyidov, A.Acalov, Q.Paşayev, R.Qafarlı, Ə.Əsgərov, F.Bayat, M.Qasımlı, A.Hacıyev, A.Əmrahoğlu, N.Mehdi və başqaları dünya filologiyasının, folklorşünaslığının və ümumən fəlsəfi-kulturoloji fikrinin axtarışlarını milli filoloji araşdırmalara daxil etməyə başladılar. Onların araşdırmalarında istər tekstə nəzəri-metodoloji yanaşma (mətndə məna axtarışları), istərsə də kontekst müəyyənləşdirilməsi (sinfi mənada sosioloji kontekstin kulturoloji, ümumtürk və ümumşərq konteksti ilə əvəzlənməsi) filoloji fikrimizin 80-ci illər mərhələsini 50-60-cı və 70-ci illərdən paradiqmatik olaraq fərqləndirməyə tam əsas verdi. Adları qeyd olunan tədqiqatçıların araşdırmalarında diqqəti cəlb edən əsas yeni təmayüllərdən biri multidissiplinar araşdırmalara marağın artması idi. Kamal Abdullanın psixoloji, sosioloji, tarixi, kulturoloji kontekstin nəzərə alınması ilə folklor mətnlərində gizli semantika axtarışları, Aydın Məmmədov, Kamil Vəli Nərimanoğlunun mətnlərin linqvopoetik təhlili təcrübəsi, Nizami Cəfərovun milli mədəniyyət və folklor münasibətlərinin tarixi inkişaf prosesi kontekstində kulturoloji olaraq modelləşdirilməsi, Muxtar Kazımoğlunun psixologizm probleminin kompleksləri bədii mətn paradiqmasında (epik folklor düşüncəsinə dayanan nəsr nümunələri) izləməsi, M.Seyidov və A.Acalovun milli mifoloji təfəkkürün öyrənilməsində kulturoloji və etimoloji yanaşmaları, F.Bayat, M. Qasımlının və Ə.Əsgərin oğuz mətnlərinin türk etnik-mədəni sistemi kontekstində filoloji, folklorşünaslıq, kulturoloji, antropoloji aspektləri ilə dərindən araşdırmaları və s. kimi təmayüllər məhz ictimai-humanitar çevrə daxilində həm də multidissiplinar elmi yanaşmalar idi.
Bu mənada 80-ci illər Azərbaycan folklorşünaslığında dünya elmi kontekstinə çıxışın start məqamıdır. Və bu məqamda adlarını yuxarıda qeyd etdiyimiz və qeyd etmədiyimiz alimlər böyük xidmətlər göstərmişlər. Hesab edirik ki, məhz həmin mərhələdə başlanan nəzəri yanaşma tendensiyalarının nəticəsidir ki, hazırda milli folklorşünaslığımız mətn mərkəzli folklorşünaslıq araşdırması ilə yanaşı, icra mərkəzli yanaşmalara da yer verilməkdədir.
Ötən əsrin 90-cı illərində ümumictimai şüur səviyyəsində milli özünüdərk proseslərinin güclənməsi və onun milli-siyasi rezonansı kimi özünü göstərən azadlıq hərəkatı dalğası nəticəsində folklora maraq daha kütləvi bir xarakter aldı. Folklor obrazları, folklor motivləri xalq mədəniyyəti nümunələri olmaqdan çıxıb ümummilli məna kəsb etməyə, xüsusi ümummilli missiya yerinə yetirməyə başladı. Əlbəttə, folklorun ümumictimai və ümummilli səviyyədə bu miqyasda aktivləşməyi folklorşünaslıq sahəsindəki araşdırmaların kəmiyyət və keyfiyyətinə də təsirsiz ötüşmədi. Əvvəlki illərdən fərqli olaraq, filoloji araşdırmalar çərçivəsində folklorla bağlı mövzuların professional monoqrafik və elmi dissertasiya səviyyəsində araşdırılmasına maraq xeyli artdı. Elmi tematikaların müəyyənləşdirilməsində etnik-milli rakurs ön plana keçməyə başladı.
90-cı illərdə dünya folklorşünaslıq elminin yeni nailiyyətlərinin milli elmi fikir dövriyyəsinə daxil edilməsində elmə 80-ci illərdə gələn yuxarıda adlarını qeyd etdiyimiz nümayəndələr öz missiyalarını yeni keyfiyyətdə davam etdirirlər. Bununla yanaşı, bu prosesə R.Kamal, S.Rzasoy, C.Bəydili, H.İsmayılov, K.Əliyev, A.Xəlil, E.Abbasov kimi tədqiqatçılar da qoşulmağa başlayırlar. Onların araşdırmalarında folklorun nəzəri problemlərinə maraq elə bir səviyyəyə qalxdı ki, hətta mətn səviyyəsində hər hansı bir detaldan söhbət gedərkən belə nəzəri-metodoloji yanaşma araşdırmanın mühüm konteksti kimi daim özünü büruzə verməyə başladı. Bütün bu tendensiyalar nəticəsində folklorşünaslıq filoloji istiqamətli araşdırmaların əsas prioritetlərindən birinə və prestijli fəaliyyət sahəsinə çevrildi.
Müstəqillik dövründə Azərbaycan folklorşünaslığının mövzu və məzmun baxımından zənginləşməsində müstəsna rolu olan görkəmli folklorşünaslardan biri də Rüstəm Kamaldır. Sistemli və nəzəri yanaşmalar əsasında arxaik və müasir mədəniyyəti, o cümlədən də folklor vahidlərini araşdıran R.Kamalın tədqiqat metodologiyası çoxsaylı nəzəri yanaşma və baxışların üzvi sintezi əsasında formalaşmışdır ki, bu fərqli mədəni səviyyələrin semiotik mahiyyətinin çoxparametrli anlaşılmasına geniş imkan yaratmışdır. Rüstəm Kamalın semiotik və strukturalist, psixoanalitik və analitik-psixoloji baxışların üzvi vəhdəti əsasında formalaşan metodoloji yanaşması folklor faktlarının funksionallığının daha geniş planda öyrənilməsinə şərait yaratmışdır. Alimin folklor faktlarının funksionallığı ilə bağlı yanaşmalarını dəyərləndirərkən məlum olur ki, o, funksionallığı aşağıdakı parametrlər üzrə fərqləndirir və araşdırır:
* Folklor faktlarının düşüncə və psixoloji funksionallığı;
* Folklor faktlarının sosial-kommunikativ funksionallığı;
* Folkor faktlarının mikroelementlərinin (motiv və motivemlərin) müəyyən bir folklor bütövünün tərkibində funksionallığı.
R.Kamalın tədqiqatları içərisində "Kitabi-Dədə Qorqud" eposunun ritual funksionallıq və performativliyinin öyrənilməsi xüsusi çəkiyə malikdir. Bütövlükdə, "Kitabi-Dədə Qorqud" eposunun, o cümlədən də onun ayrı-ayrı elementlərinin ritual və performativ funksionallığının öyrənilməsi Azərbaycan folklorşünaslığında yeni bir istiqamətin əsasını qoymaqla yanaşı, maraqlı semiotik tezislərin folklorşünaslığımızda yayılmasına geniş rəvac vermişdir.
R.Kamala görə, "Kitabi-Dədə Qorqud" mürəkkəb funksional əlaqələrin gerçəkləşdiyi davranış sistemidir. Müəllifin yanaşmalarını analiz edəndə məlum olur ki, onun "KDQ"-yə "mürəkkəb funksional əlaqələr" kontekstindəki baxış bucağı bir tərəfdən abidənin arxaik funskional-semiotik mahiyyətini ehtiva edirsə, digər tərəfdən də "KDQ"-dən görünən dünyanın ritual-funksional mahiyyətini əhatə edir. Müəllifin "KDQ"-nin öyrənilməsi sahəsində ilk və hələlik yeganə təcrübə olan ritual-performativlik və nitq janrları üzrə yanaşması abidənin funksional mahiyyətinin öyrənilməsində müstəsna dəyərə malikdir.
R.Kamal yazır ki, türk folklor diskursunda qədim mətnlərin funksiyasının öyrənilməsi zəruridir. Bu funksionallıq özünü daha çox folklor-ritual nitq janrları şəklində göstərir. Bu janr reqlamentləşdirilmiş, cəmiyyətin üzvləri tərəfindən qəbul edilmiş mətnlərdir. Göründüyü kimi, R.Kamal folkloru janrda təzahür edən, reqlamentləşmiş, funksionallığı öncədən müəyyənləşmiş, toplumun kollektiv reaksiyası ilə üzvü əlaqədə olan mədəni hadisə kimi dəyərləndirməklə yanaşı, arxaik mətnlər timsalında folklorik funksionallığın öyrənilməsinin vacibliyini diqqət mərkəzinə gətirir. Bu da özlüyündə folklorun funksionallığının öyrənilməsinin R.Kamalın tədqiqatları üçün konseptual mahiyyətli olduğunu göstərir. Bu kontekstdə onun "KDQ"-nin funksional mahiyyətinin anlaşılmasında "nitq janrları" konsepti xüsusi əhəmiyyətə malikdir. Alim C.Ostinin "performativlər" yanaşması kontekstində və M.M.Baxtinin nitq janrları ilə bağlı yanaşmasına nəzər saldıqdan sonra qeyd edir ki, nitq janrları situasiyadan asılı olaraq kommunikativ baxımdan funksionallaşa bilir. Göründüyü kimi, müəllif nitq janrlarına kommunikativ situasiyalarda funksionallaşan linqvo-sosioloji və linqvo-kulturoloji hadisə kimi yanaşır. Yəni nitq janrları performativ aktların fərqləndirilə bilinən və kollektiv semantik dəyərə malik olan vahidlərini ehtiva edir. Bu mənada R.Kamal "KDQ" barədə yazır ki, nitq janrlarının funksionallığı, əsasən, ritual davranış diskursu ilə bağlıdır. Göründüyü kimi, müəllif nitq janrlarının fərqli seqmentlərinin vəhdətinin eposun ideoloji funksionallığının təmin olunmasındakı əhəmiyyətini diqqət mərkəzinə gətirir. Beləliklə, müəllif "KDQ"-dəki ritual diskursun kollektiv dünyagörüşlə sıx əlaqədə olan nitq janrlarının funksionallığı ilə aktuallaşmasını diqqətə çatdırır. Bu da bütövlükdə "KDQ"-nin mahiyyətini anlamaq baxımından böyük əhəmiyyətə malikdir. Belə ki, folklorşünaslıqda indiyədək "KDQ"-dəki rituallar barədə geniş bəhs olunsa da, bu ritualları hərəkətə gətirən kommunikativ mühitin özü bir o qədər diqqət mərkəzində olmamışdır. Rüstəm Kamalın eposdakı ritual sistemin nitq janrlarının performativliyi kontekstində realizə edilməsi ilə bağlı yanaşması Oğuz düşüncə sisteminin nəhəng mətn vahidi olan "Kitabi-Dədə Qorqud"-un daxili üzvlənməsini daha əsaslı şəkildə anlamağımıza şərait yaradır. Təsadüfi deyildir ki, R.Kamala görə, "Kitabi-Dədə Qorqud", hər şeydən öncə, dilin ritual funksiyasının mükəmməl nümunəsidir. Həmçinin o diqqətə çatdırır ki, "Kitabi-Dədə Qorqud" funksional olaraq bilavasitə oğuz cəmiyyətinin etno-sosial mühiti, dini və mifoloji görüşləri ilə əlaqəlidir. Müəllifin yanaşmasında performativlik mədəni-kultoroloji dinamizmi təmin edən anlayış kimi qavranılır. Daha doğrusu, R.Kamal performativliyə Oğuz inanc dünyasını, mifoloji düşüncəsini sosiumla əlaqələndirən sosial-mədəni davranış kimi yanaşır. Bu da özlüyündə "KDQ"-yə yeni düşüncə paradiqmasından baxmağımız üçün kifayət qədər ciddi əsas verir.
Müəllifin bu yeni yanaşması "KDQ"-nin ayrı-ayrı vahidlərinin dəyərləndirilməsində də özünü aydın şəkildə göstərir. Belə ki, oğuz stereotip yanaşmasında və mifoloji düşüncəsində ən aktual və yüksək işlənmə tezliyinə malik olan "dağ" motivi barədə danışarkən dağın türk ritual-diskursunda geniş yayılmış arxetiplərdən biri olduğuna diqqət yönəldir. Rüstəm Kamalın baxış bucağından yanaşdıqda dağ yalnız məkan semantikası daşıyan məfhum kimi qavranılmır. O alqış, qarğış, yum və digər performativ elementlərdə mənayaradıcı element kimi çıxış edir. Başqa sözlə, Oğuz düşüncəsində dağ yalnız görünən məkanın deyil, məcazi-mistik mənanın simvolik ifadə vasitəsi kimi çıxış edir. R.Kamalın bu yanaşması kontekstində "KDQ"-nin ritual mənzərəsi müşahidə olunan təsvir səviyyəsindən çıxıb epik motivlərlə ifadə olunan və epik davranışın bütün səviyyələrində özünü büruzə verən məna vahidi kimi qavranılır. Bu mənada R.Kamalın performativliyi epik dilin ritual funksiyası ilə əlaqələndirməsi də maraqlıdır. Başqa sözlə, oğuz düşüncə sistemində epik düşüncənin ifasını (və ya ifadəsinin) ritual funksionallıqdan kənarda qavramaq mümkün deyildir. R.Kamalın yanaşmalarından aydın olur ki, performativlik ritualın məzmunla əlaqəli təzahür səviyyəsidir. Təsadüfi deyildir ki, müəllif ritual diskursu öz strukturu vasitəsilə mifoloji-kosmoqonik səviyyə ilə epik təhkiyyəni vahid məxrəcdə birləşdirən hadisə kimi dəyərləndirir. Bu da özlüyündə "KDQ"-nin epik mənzərəsindəki zəngin mifik, epik elementlərin təzahürünün anlaşılması baxımından xüsusi dəyərə malik olan hadisədir. Başqa sözlə, müəllif tərəfindən "KDQ"-dəki ritual diskurs mifik və epik layları vahid məxrəcdə qovuşduran funksional hadisə kimi təqdim olunur.
Rüstəm Kamalın yaradıcılığında janrın funksionallığı və strukturu semiotik strukturu müəyyənləşdirən semantik səviyyə kimi qavranılır. Onun "KDQ"-dəki performativ semantemlərdən olan ağlaşma və şivən haqqında fikirləri buna əyani sübutdur. Beləliklə, müəllifin yanaşmasından aydın olur ki, janrın funksiyası və strukturu onun semiotik strukturu ilə müəyyən edilir. O, semiotik struktura yalnız statik işarələr sistemi kimi baxmır. İşarələr sistemini ötürən kommunikativ situasiyanı da semiotik strukturun əsas elementi kimi diqqət mərkəzinə gətirir. Başqa sözlə, müəllif ənənəvi yanaşmadan fərqli olaraq, janrın müəyyənliyinə sosial reallıqdakı ötürülmə performativliyini də aid edir ki, bu da folklorun sosial şərtlərlə əlaqəli hadisə kimi qavranılmasında müstəsna dəyərə malikdir.
Ən ümumi postulatlar üzrə nəzər saldıqda aydın olur ki, Rüstəm Kamalın ritual-performativ funksionallıq kontekstində yanaşması folklorşünaslığımızda yeni paradiqma yaradır və folklorun müasir tələblərə uyğun sosial-antropoloji hadisə kimi qavranılması üçün zəngin terminoloji, metodoloji yanaşma imkanları təqdim edir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!