Ali Baş Komandanın "Dəmir yumruq" siyasəti: Siyasətin fəlsəfəsi və ədəbiyyatımız - I yazı. "Dəmir yumruq" siyasətinin fəlsəfəsi - Təyyar SALAMOĞLU

          

 

Birinci Qarabağ savaşından 2020-ci ilə qədər keçən otuz ildən artıq bir müddət ərzində Azərbaycan xalqı itirilmiş torpaqlarının, doğma torpaqlarından, yurd-yuvalarından qaçqın-köçkün düşməsinin dözülməz ağrılarını yaşayıb. Bu ağrının miqyası ölçüyəgəlməz olub. İtirilmiş iyirmi faiz torpaqlarımız xalqımızın ürəyində böyük yara açıb, onun varlığının dərinliklərinə qədər işləyib. Bu ağrı Vətən sevgisinin bütövlüyündən, heç nə ilə müqayisə olunmayacaq miqyasından mayalanıb. Lakin xalqımız heç vaxt o torpaqlara qayıtmaq ümidini, düşməni yerində oturtmaq əzmini itirməyib. Bu ümidin yaşamasında, əzmin qorunmasında xalqımızla dövlətimiz arasındakı  məqsəd birliyi, iradə birliyi həlledici rol oynayıb. Ümummilli liderimiz H.Əliyevdən onun layiqli varisi olan möhtərəm Prezidentimiz İ.Əliyevə qədər elə bir daxili və xarici siyasət kursu götürülüb ki, bu siyasət xalqımızı unutqanlığa yox, Qarabağ sevgisinin gündən günə artmasına, alovlanmasına kökləyib. Əlbəttə, arada bir qərinəlik zaman fasiləsi vardı. Bu fasilə artdıqca xalqımızın torpaqlarımızın geri qayıdacağına bəslədiyi ümidə kölgə düşdüyü zamanlar da olub. Bu cəhəti qırx dörd günlük müharibədəki parlaq qələbəmizdən sonrakı çıxışlarında Prezidentimiz dönə-dönə vurğulayıb. O deyirdi ki, biz insanları nə qədər qayğı ilə əhatə edir, onların maddi rifahının yaxşılaşması üçün mümkün olan hər şeyi edirdiksə də, ancaq o insanların gözündəki kədər ifadəsini, torpaqlarımızın nə vaxtsa qayıdacağına inam işığının zəiflədiyini görürdük. Özünün də ifadə etdiyi kimi, bu hal, əlbəttə, hamıdan çox Prezidentimizi mənən incidir, ona ruhi əzab verirdi. Xalqı, milləti, doğma Vətəni qarşısındakı cavabdehlik, məsuliyyət hissi onu bütün varlığı ilə mənsub olduğu xalqı bu əzabdan qurtarmağa səsləyirdi. Torpaqlarımızın geri qaytarılması, həm də Prezidentimiz üçün bir ata vəsiyyəti idi. Bu vəsiyyəti uzun illər ürəyində gəzdirən, onu yerinə yetirmək üçün imkan verən amilləri əzmlə gerçəkləşdirməyə çalışan Prezidentimiz bütün bunları qələbədən sonra  böyük qürur hissi, sevinc hissi ilə dilə gətirəcəkdi.

 

***

Onu da xüsusi vurğulayaq ki, son illərdə düşmən daha da azğınlaşır, yeni torpaqlar zəbt etmək iddiasına düşür, zəbt etdikləri torpaqları geri qaytarmayacaqlarını, hətta qeyri-rəsmi söhbətlərdə "bacarırsınızsa gəlin, alın" kimi həyasız mövqe sərgiləyirdi. Erməni baş nazirinin beynəlxalq tədbirlərin birində "Qarabağ Ermənistandır və nöqtə" bəyanatı, ilk növbədə, dövlətimizin başçısının qüruruna toxunmuşdu. Əlbəttə, elə həmin tədbirdə dövlət başçımız çox əsaslı arqumentlərlə çıxış edib, torpaqların bizə məxsusluğunu əsaslandırmış, erməni baş nazirinə cavab verərək onu yerində oturtmuşdu: "Qarabağ Azərbaycandır və nida işarəsi".

Bu cavabdakı "nida işarəsi" İkinci Qarabağ savaşında nümayiş etdirəcəyimiz bütün mənalarda potensial gücün erməni baş nazirinə, toplumuna və eləcə də dünya güclərinə ötürülən mesajı idi.

Prezidentimiz üçün gün kimi aydın idi ki, uzun illər ərzində toplanan hərbi, iqitsadi, siyasi gücümüz, informasiya savaşında qazandığımız uğurlar, millət-dövlət monolitliyi ermənini yerində oturtmağa, "Qarabağ Azərbaycandır və nida işarəsi" bəyanatını gerçəkləşdirməyə tam imkan verir. Yalnız qalırdı bu imkanı gerçəkləşdirməyə başlamağa əsas verən əlverişli şəraiti gözləmək. Bunun üçün də uzun gözləmək lazım gəlmədi. Erməni bu  fürsəti verdi və Ali Baş Komandanımız da bu fürsətdən məharətlə yararlandı. Cənab Ali Baş Komandan Rusiyanın "Naüionalğnaə oborona" jurnalına verdiyi müsahibədə müharibənin başlanma situasiyasını aşağıdakı şəkildə izah edib: "Azərbaycan müdafiə naziri məruzə etdi ki, təmas xəttindəki mövqelərimiz və bir neçə yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Cavab atəşinin açılması ilə bağlı qərar verildi və biz bununla qaçılmaz olan müharibəyə girdik".

Bu sitatda "qaçılmaz olan müharibə" ifadəsinə xüsusi diqqət yetirməliyik. Ermənilərin torpaqlarımızı sentyabrın 27-də növbəti dəfə atəşə tutması bu dövlətin Azərbaycanı müharibəyə təhrik siyasətinin ifadəsi idi. Birinci Qarabağ savaşında əldə etdiklərindən şirniklənən və Qarabağda öz mövqeyini möhkəmləndirməsi, keçilməz sədlər yaratması, erməni ordusunun məğlubedilməzliyi eyforiyalarına qapılan Ermənistan "yeni torpaqlar uğrunda yeni müharibə" siyasətini həyata keçirirdi. "Naüionalğnaə oborona"ya müsahibəsində cənab Prezident bu situasiyanı da dəqiqliyi ilə şərh edib: "Mən bilirəm ki, erməni tərəfin müharibə başlanacağı təqdirdə öz hərəkət planları vardı. Demək olar ki, Ermənistan onu reallaşdırmasına 2020-ci ilin sentyabrın 27-də başladı".

Bu şərh həqiqətin ifadəsi olmaqla bərabər, həm də beynəlxalq ictimaiyyətin diqqətini ona cəlb etməyə hesablanmışdı ki, müharibəni Ermənistan başladı və biz onlara cavab verməyə məcbur olduq.

Əslində, Ermənistanın Azərbaycanla yeni bir savaşa girməyə can atması onun siyasətinin elə başlanğıcdakı yanlışlığından xəbər verirdi. Bu səhv 2000-ci illərin Azərbaycanı ilə 90-cı illərin ilk illərinin Azərbaycanı arasındakı fərqi görə bilməməkdən irəli gəlirdi. Azərbaycanın bütün istiqamətlərdəki hazırlığının səviyyəsini nəzərə almamaqdan, birinci savaşdakından fərqli olaraq ikinci savaşda ölkəyə rəhbərlik edən adamın Vətən, millət sevgisinin böyüklüyündən, torpaqlarımızı geri qaytarmaq üçün nümayiş etdirə biləcəyi iradə və əzmdən xəbərsizlikdən xəbər verirdi. Müharibə başlayan gündən (və təbii ki, elə əvvəlki günlərdə də) məhz bu sonsuz iradə və qarşısıalınmaz əzmlə cənab Ali Baş Komandan Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərlərinin iştirakı ilə keçirdiyi iclaslarda görülən işləri, çıxarılan qərarları belə xarakterizə edirdi: "Bu iclaslarda biz ötən günün nəticələrini hazırlayır, çatışmazlıqları göstərir, eləcə də növbəti gün üçün planı hazırlayır və təsdiqləyirdik. Buna görə də sutka boyu aktiv iş gedirdi və bir çox hallarda bizim fəaliyyətimiz, bizim əməliyyatlarımız düşmən üçün gözlənilməz olurdu. Əks-hücum əməliyyatının adına gəlincə, əlbəttə ki, hərbi əməliyyatın əvvəlində onun adı yox idi". Ali Baş Komandan "Naüionalğnaə oborona" jurnalına verdiyi müsahibədə əməliyyatın adının "Dəmir yumruq" adlanmasının səbəbinə aydınlıq gətirir və vurğulayırdı ki, "Dəmir yumruq" ifadəsini mən bir neçə dəfə şəhər və kəndlərimizin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına müraciətimdə istifadə etmişdim. Mən bir neçə dəfə demişəm ki, əgər düşmən işğal olunmuş ərazilərimizdən öz istəyi ilə getməsə, bizim dəmir yumruğumuz onun başını əzəcək. Bu fikirlərim cəmiyyət tərəfindən müsbət qarşılandı və mən əməliyyatın "Dəmir yumruq" adlandırılması qərarına gəldim. Ancaq bu birdən deyil, hərbi əməliyyatların gedişində baş verdi".

Hərbi əməliyyatların gedişində baş verən bu prosesi hər birimiz  telekanallarda izləmişik və Ali Baş Komandanın barmaqlarının düyünlənməsi, doğrudan doğruya, dəmir yumruğa çevrilməsi, düşməni yerində oturdacaq, əzəcək bir qüvvəni rəmzləşdirməsi bizim hər birimizin ürəyini qürur hissi ilə bərabər, savaşda qalib gələcəyimizə inam hissi ilə doldururdu.

Ancaq bu məqamda məsələ bu deyil. Yəni məsələ ümid və inamın simvoluna çevrilən "Dəmir yumruq"un ifadə etdiyi daha dərin məzmunlu məna çalarlarındadır. Prezidentimizin özünün də xüsusi vurğuladığı kimi, "Dəmir yumruq" və onun gerçəkləşdirdiyi mənaların "cəmiyyətimiz tərəfindən müsbət qarşılanması"nın sosial-psixoloji əsasında nələr dayanırdı? Aparılan hərbi əməliyyatların zaman keçdikcə "Dəmir yumruq" adı altında gerçəkləşməsinin səbəbini, fikrimizcə, bu ifadənin məcazi məna polifonizmində, Azərbaycan xalqının apardığı haqq iş uğrunda savaşın fəlsəfəsini ifadə etmək gücündə axtarmaq lazımdır. Azərbaycan dilində "dəmir pəncə", "polad bilək" kimi ifadələr var və bu ifadələr tərkibindəki sözlərin məcazlaşması hesabına möhkəmliyin, mübarizliyin, gücün ifadəsi kimi səslənə bilir. Ancaq "dəmir yumruq" ifadəsi dilimizin leksikasına İkinci Qarabağ savaşı günlərində, qələbədən qələbəyə doğru getdiyimiz günlərdə  ilk dəfə daxil oldu və onun yaradıcısı Ali Baş Komandanımızdır. Xüsusi vurğulayaq ki, "dəmir yumruq" ifadəsi "dəmir pəncə", "polad bilək" ifadələri kimi sözlərin məcazlaşması hesabına yaransa da, onun məşhurlaşmasının, dillər əzbəri olmasının, müharibə dövrü əməliyyatlarımızın adına və devizinə çevrilməsinin daha dərin, daha əsaslı səbəbləri vardı. Məhz bu səbəblər "Dəmir yumruq"u Azərbaycan xalqının haqq işi uğrunda savaşının, müharibəsinin fəlsəfəsinin ifadəsinə çevirdi. Xalqımızın haqq işi uğrunda mübarizədə qalib gəlməsi onun bu mübarizəyə hərtərəfli və çox istiqamətli hazırlığı ilə şərtlənir. "Dəmir yumruq" apardığımız haqq işi uğrunda savaşa bizim hərtərəfli hazırlığımızı simvollaşdırırdı.

Ali Baş Komandanın 2021-ci ilin noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxış edərkən dediyi kimi, düşmənin "bizim şərtlərimizi qəbul edərək, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalayaraq bizim qabağımızda ağ bayraq qaldırdıqları" gündən bu günə qədər "Dəmir yumruq"un ifadə etdiyi məna çalarları, onun adi bir ifadə olmaqdan çıxıb bizim müharibə siyasətimizin fəlsəfəsini ifadə etmək gücü geniş ictimaiyyətin fikrini daim məşğul etmiş, müzakirə və mənalandırma predmetinə çevrilmişdir. Lakin birmənalı şəkildə onu da xüsusi vurğulayaq ki, bu siyasətin fəlsəfi məzmunun ən dərin qatlarına biz elə Ali Baş Komandanın öz çıxışlarında, müsahibələrində, xalqa müraciətlərində rast gəlirik.

Müharibədən sonrakı dövrdə Ali Baş Komandanın  çıxışlarında birbaşa və yaxud dolayı yolla "Biz bu müharibədə necə qalib gəldik?" sualına verilən cavablarını, prosesin təhlili istiqamətində irəli sürülən mülahizələrini ümumi bir məcraya yönəltsək, "Dəmir yumruq"un ifadə etdiyi gücün - məna potensiallarının çox zəngin istiqamətlərini meydana çıxara bilərik.

Şuşada hərbçilər qarşısındakı çıxışından bir epizodu xatırlayaq: "Bildiyimiz kimi, ordu quruculuğu, hərbi potensialımızın möhkəmləndirilməsi mənim Prezident kimi başlıca vəzifəm idi" deyən ölkə başçısı bu istiqamətdə görülmüş işləri ən yığcam şəkildə aşağıdakı kimi ümumiləşdirmişdi: "Bu illər ərzində biz güclü hərbi-texniki potensial yaratmışdıq. Ən müasir silahlar, sursatlar, texnikalar ölkəmizə gətirilmişdi və hərbçilər tərəfindən bu texnika layiqincə istifadə olundu". Bu deyilənlər yumruğumuzun dəmirə çevrilməsinin ilk və əsas şərtlərindən birini ortaya qoyur. Əgər nəzərə alsaq ki, dəmir yumruğumuz "həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir" (Prezidentin Gənclər forumunda gənclərin suallarına cavablarından), onda yaratdığımız güclü ordunun, ən müasir silahlarla və döyüş üsulları ilə silahlandırmağa nail olduğumuz ordumuzun yumruğumuzun dəmirə çevrilməsində, dəmir gücü kəsb etməsində roluna heç bir şübhə yeri qalmır.

Şuşada hərbçilər qarşısındakı çıxışında Ali Baş Komandan yumruğumuzun dəmir gücü kəsb etməsində həlledici rolu olan ikinci istiqamətin də üzərində kifayət qədər təfərrüatı ilə dayanıb: "Biz iqtisadiyyatımızı gücləndirməli idik və yaxşı başa düşürdük ki, buna nail olmasaq, biz düşməni torpaqlarımızdan qova bilməyəcəyik. İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi. Ona görə Prezident kimi ilk günlərdən iqtisadi müstəqilliyə hesablanmış bütün lazımi addımlar atıldı və qısa müddət ərzində biz buna nail olduq".

Hərbçilər qarşısındakı çıxışında ölkə başçısının "Dəmir yumruq"umuz olsa belə, yəni hərbi və iqtisadi potensialımız çox güclü olsa belə, siyasi müstəqililyimiz olmadan bizim erməniyə qarşı savaşa girə bilməyəcəyimiz haqqında mülahizələri də kifayət qədər əsaslıdır. "Dəmir yumruq" siyasətinin fəlsəfəsində onun yeri danılmazdır. Bircə cümlə ilə ölkə başçısı qazandığımız qələbədə siyasi müstəqililyin yerini və bu müstəqilliyi şərtləndirən amilləri çox sərrast ifadə edib: "İqtisadi müstəqillik əldə edilməsəydi, siyasi müstəqillikdən söhbət gedə bilməzdi. Biz asılı vəziyyətdə olardıq".

Hərbçilər qarşısında çıxışında İkinci Qarabağ savaşında bizi qələbəyə aparan yolların hərtərəfli analizini verən ölkə başçısı ilk baxışda diqqəti çəkməyən, əslində isə daha ciddi bir istiqaməti də önə çəkir.

Bu hərbi gücü və iqitsadi qüdrəti dövlətimizin müstəqilliyinin təminatına çevirən Ali Baş Komandan bizim müharibədə qələbə qazanmağımızın daha mühüm bir tərəfinə - zəmanətinə diqqət yönəldir. Bu zəmanət hansıdır? Əlbəttə, erməni son dərəcə mənfur, barbar üsullarla bizim 20% torpaqlarımızı işğal edib, bir milyondan artıq vətəndaşımızı qaçqına, köçkünə çevirib. Dünya, xüsusən xristian dünyası bunu özünəməxsus bir tərzdə soyuqqanlılıqla qarşılayır. Ermənipərəst mövqe sərgiləyir, ən yaxşı halda isə ikili standartlarla çıxış edir. Bu vəziyyətdə biz iqtisadi və hərbi gücümüz olsa belə, Ermənistanla hərbi qarşıdurmaya gedə bilməzdik. Müharibə aparmaq, bizim öz torpaqlarımız uğrunda savaşa girməyimiz üçün hüquqi baza yaratmağımız əsas şərtlərdən biri kimi qarşımızda dururdu.

Bu bir həqiqətdir ki, Birinci Qarabağ savaşı dövründə və ondan sonrakı ilk illərdə erməni informasiya müharibəsində də irəlidə idi. Azərbaycan həqiqətləri dünyaya həqiqət şəklində yox, bu həqiqətə geyindrilmiş erməni donunda çatdırılırdı. Dünyada misli görünməmiş Xocalı faciəsinin törədiciləri o qədər azğınlaşmışdılar ki, hətta bu faciəni azərbaycanlıların özlərinin törətdikləri, qurduqları bir oyun kimi təqdim etmək istəyirdilər. Demək, yeganə yol qalırdı: Qeyri-bərabər qüvvəyə qarşı informasiya savaşına girmək və nəyin bahasına olursa-olsun, bu savaşdan qalıb çıxmaq. Sülh yolu ilə mümkün olmadıqda torpaqlarımızı hərbi gücümüzlə azad etməyin yolu burdan keçirdi. İnformasiya savaşına girmək və bu savaşdan qalib çıxmaq dövlətimizin Qarabağ siyasətinin prioritetlərindən birinə çevrildi. Ali Baş Komandan Şuşada hərbçilər qarşısındakı çıxışında bu siyasətin həyata keçirilməsi prosesini dəqiq təsvir edir: "Biz Qarabağ həqiqətlərini, işğalla bağlı erməni vəhşiliyini dünya ictimaiyyətinə çatdıra bildik. Birinci Qarabağ müharibəsindən sonrakı ilk dövrdə biz buna nail ola bilməmişdik. Ona görə dünyada müharibə ilə bağlı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür var idi. Biz bunu aradan qaldırdıq. Gecə-gündüz çalışaraq dünya ictimaiyyətini məlumatlandırdıq, aparıcı beynəlxalq təşkilatlarda uğurlu iş apararaq bizə əl verən və həqiqəti əks etdirən qərar və qətnamələri qəbul etdirdik. Bütün bu işlər bu günkü reallıq üçün hüquqi bazadır". Deməli, "Dəmir yumruq"umuzu işə salmaq üçün hüquqi baza yaratmaq lazım idi və dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu da reallaşdırıldı.

Ancaq "Dəmir yumruq" siyasətinin mahiyyəti bütün bu deyilənlər və edilənlərlə bitmir. Bu siyasətin kökləri daha dərinlərə işləyir. Yumruğumuzun dəmirə çevrilməsindən qabaq başqa bir prosesin cərəyanı vacib faktor kimi çıxış edir. Yumruq nədir? Barmaqlarımızın əlimizin içinə doğru sərt və möhkəm bir şəkildə, bir nöqtəyə doğru yumulmasıdır. Barmaqların bir nöqtəyə doğru yürüşü olmadan yumruğun formalaşması mümkün deyildir. Barmaqlarımızın təkcə biri bu prosesdən kənarda qalarsa, yumruqdan danışmaq olmaz. Məsələnin bu tərəfini prozaik məzmunundan çıxarıb, məcazilik müstəvisinə qaldırsaq, bu halda "Dəmir yumruq" siyasətinin fəlsəfi dərinliklərinə varmış olarıq. Bu siyasətin fəlsəfi əsasında "birlik" amili dayanır.Bu birlik ilk olaraq milli birlik şəklində təzahür edir. Azərbaycan çoxmillətli bir dövlətdir. Çoxmillətli dövlətin milli birliyinin əsasında vətəndaş həmrəyliyi dayanır. Məlumdur ki, multikulturalizmin Azərbaycan modeli çoxsaylı millətlərin bir bayraq altında azad yaşamasının ən uğurlu təminatçısıdır. Bu həqiqət artıq dünyada qəbul olunmuşdur. Azərbaycan Respublikası bəlkə də, dünyada yeganə dövlətdir ki, öz siyasətində müxtəlifliyin birliyinə nail olmuş, bunu dövlət siyasətinin prioritetlərindən birinə çevirə bilmşidir. İkinci Qarabağ savaşındakı qalibiyyətimiz həm də bu müxtəlifliyin birliyi ilə şərtlənir. Biz müxtəlifliyin birliyini qələbəmizin rəhninə çevirə bildik. Diqqət edək, ölkə başçısı qələbəmizi siyasi cəhətdən təhlil müstəvisinə çıxararkən bu prosesə necə dəqiqliklə analiz verir: "Azərbaycan həmişə çoxmillətli, çoxkonfessiyalı diyar olub və bu da bizim ənənəmizdir. Əsrlər boyu müxtəlif xalqlar burada yaşamış, yaratmış, qardaş olmuşdur, bu gün də belədir. Multikulturalizm termin kimi yenidir, amma anlayış kimi bu, həmişə olub və həmişə olmalıdır. Mənim də sizə sözüm odur ki, siz bu dəyəri daim qoruyun. Çünki bizim gücümüz də birliyimiz və müxtəlifliyimizdədir" (Gənclər forumunda gənclərin suallarına cavbalarından). Bu dərin analizdən sonra milli birliyimizin və müxtəlifliyimizin birliyinin "Dəmir yumruq" siyasətindəki yerini təsəvvür etmək, elə bilirəm ki, heç kim üçün çətinlik doğurmaz.

Müdrik şairimiz H.Cavid Birinci Dünya müharibəsi illərində, müharibə dəhşətlərinin təsiri altında yazdığı "Müharibə və ədəbiyyat" adlı məqaləsində yazırdı: "Hazırkı müharibənin müvəffəqiyyətini bir çoxları texnikada, texnikanın mükəməlliyində görürlər. Halbuki bu qalibiyyətləri yalnız texnikada deyil, başqa qüvvətlərdə aramalıdır. Çünki yalnız yaxıb-yıxıcı toplar, növicad çəpəllinlər, boğucu qazlarla iş aşmaz... Demək ki, bu günkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir". Bu fikirlərin qaynaqlarına Azər Turan özünün "Cavidnamə"sində aydınlıq gətirir. O "Müharibə və ədəbiyyat" məqaləsindən geniş söhbət açır və Cavidin milli ruhdan kənar ədəbiyyata tənqidi münasibəti, Rza Tofiq, Əbdülhəq Hamid, Tofiq Fikrətin, türk ədəbiyyatında yetişməkdə olan bəzi gənclərin yaradıcılıqlarındakı milli ruhu təqdir etməsi üzərində dayanır. H.Cavidin dünyagörüşünün əsasında millətə xidmət ideyasının dayandığı əsaslandırılır. A. Turanın bu tipli şərhləri H.Cavidin yuxarıda gətirdiyimiz sitatdakı fikirlərinin mahiyyətini açır, həyata baxışının fəlsəfəsini işarələyir. Demək ki, H. Cavidə görə, hər hansı mübarizənin qalibiyyəti, öncə, həmin xalqdakı milli ruhun səviyyəsi ilə şərtlənir (Geniş bax: A.Turan. Cavidnamə. Bakı. Elm və təhsil. 2010, s.26-27).

Ədəbiyyatımız bizim milli ruhumuzu həmişə humanizmə kökləyib. Nizamidən Cavidə qədərki və eləcə də sonrakı dövrlərin yaradıcı simalarının əsərləri hesabına biz həmişə humanist ruhda tərbiyə olunmuşuq, humanizm bizim varlığımıza həmişə hakim kəsilib.

 

Kəssə hər kim tökülən qan izini,

Qurtaran dahi odur yer üzünü.

 

Filosof-şairin bu sözləri zaman-zaman ana laylası kimi bizim qulaqlarımızda səslənib, bizi insansevərliyə səsləyib. Biz heç vaxt hərb istəməmişik. Ancaq bu mürəkkəb dünyada özümüzü, öz torpaqlarımızı müdafiə hissi ilə hərbə hazır olmağın vacibliyini başa düşmüşük. Biz torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına girmişik. Ancaq bu savaşda da Nizamilər, Cavidlər daim yanımızda olub, bizi apardığımız Vətən savaşında da humanizmə səsləyib. Apardığımız müharibənin humanist xarakterini ilk dəfə ən dəqiq şəkildə elə Ali Baş Komandanımız səciyyələndirib: "Biz isə müharibə dövründə müharibə qanunlarına riayət etdik, müharibə qanunlarını pozmadıq, özümüzü ləyaqətlə apardıq, necə ki, həyatda və siyasətdə ləyaqətlə aparırıq"  (Ali Baş Komandanın Şuşada hərbçilər qarşısındakı çıxışından). Biz bunu bacardıq. Ona görə ki, biz işğalçılıq müharibəsi aparmırdıq, bizim özgə  torpaqlarında gözümüz yox idi, biz doğma torpaqlarımız uğrunda savaşırdıq, bizim ürəyimiz bu sevgidən güc alırdı, bizim qeyrətimiz bu sevgidən alovlanırdı. Bizim yumruğumuzu güclü edən, qələbəmizi kəsərli edən Vətən sevgisi idi, doğma torpaq sevgisi idi, uzun illərin ayrılığından sonra Şuşaya qovuşmaq həsrəti idi. Artıq tarixin inanılmaz həqiqətinə, həqiqətin əfsanəsinə çevrilib ki, Azərbaycan gəncliyi, Azərbaycan ordusu keçilməz yollardan keçib Şuşanı fəth etdi, orada Vətən bayrağını dalğalandırdı. Şuşanı fəth edənlər, orada Vətən bayrağını dalğalandıranlar yaşca Şuşanın işğalı tarixindən kiçik idilər, bəs hardandı bu sevgi onların ruhunda? Bu sevgini onlara haqqa söykənən düzgün dövlətçilik siyasətimiz aşılamışdı. Bu siyasətin ən mükəmməl xarakteristikası yenə Ali Baş Komandanımıza məxsusdur. Onu dinləyək: "Digər önəmli amil gənc nəslin tərbiyəsi ilə bağlı idi. Çox yaxşı başa düşürdük ki, əgər bizim silahımız da, sursatımız da olsa, iqitsadiyyatımız da güclü olsa, benəlxalq müstəvidə uğur qazansaq, əgər bizim vətəndaşlar torpaq uğrunda, Vətən uğrunda öz gücünü göstərməsələr, qalan amillərin heç bir əhəmiyyəti olmayacaq. Tərbiyə işlərinə çox böyük fikir verərək gəncləri vətənpərvərlik ruhunda tərbiyə etdik. İmkan vermədik ki, işğalla bağlı olan tarix unudulsun. Qarabağı unutmadıq, əksinə, hər bir kürsüdən bu məsələ ilə bağlı istər ölkə daxilindəki tədbirlərdə, istər beynəlxalq tədbirlərdə daim bu mövzu birinci nömrəli mövzu idi. Gənclər vətənpərvərlik ruhunda yetişərək öz canlarını fəda edib, öz qanı  bahasına düşmənin əlindən bizim müqəddəs torpaqlarımızı ala bidillər. Bütün bu faktorların vəhdəti bizim qələbəmizi şərtləndirdi".

2022-ci il iyunun 26-da Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdəki çıxışının başqa bir məqamında məsələnin bu tərəfini daha geniş aspektdə dəyərləndirmə müstəvisinə çıxaran  Ali Baş Komandanın çıxışından gətirdiyimiz sitatdakı fikirlər H.Cavidin müharibə aparan xalqın qələbəsində onun özünəməxsus fəlsəfəsinin və ədəbiyyatının oynadığı müstəsna rola dair mülahizələri ilə üst-üstə düşür, onları tamamlayır. Deməli, İkinci Qarabağ müharibəsində qazandığımız qələbənin əsasında müharibə siyasətimizin və bu siyasətin fəlsəfəsinin düzgünlüyü dayanır.

Əgər Ali Baş Komandanımız xüsusi şəkildə vurğulayırsa ki, "bizi Qələbəyə aparan ən başlıca amil milli ruhdur", demək, müharibə siyasətimizin əsasında da milli ruhun tərbiyəsi, millətin millət kimi formalaşdırılması amili dayanır. Toplumun, xalqın millətə çevrilməsində bəzi digər amillərlə bərabər milli ruhun formalaşması həlledici rol oynayır. Fəlsəfi ədəbiyyatda göstərilir ki, "millətin atributu kimi ərazi bütövlüyü, mədəniyyət və dil ümumiliyi nə qədər zəruridirsə, dövlətçilik də bir o qədər zəruridir. Milləti təşkil edən əlamətlərdən biri kimi milli öüznüdərki də qeyd etmək lazımdır. Milli özünüdərk özünün bu və ya digər millətə mənsub olduğunu şüurlu olaraq anlamaqdır" (H.İmanov. Fəlsəfənin əsasları. Bakı, Turan evi. 2007, s. 381).

Milli ruh-milli özünüdərk sosial keyfiyyətdir. Bu isə o deməkdir ki, hər bir millət övladında bu keyfiyyəti formalaşdırmaq lazımdır. Böyük sənətkarlar zaman-zaman bu uğurda mübarizə aparmışlar. Bu mübarizə xalqı millət kimi formalaşdırmağın ən əsas şərti kimi milli ideoloqların düşüncəsində həmişə önə çıxmışdır. Milli ideoloqlarımız cəmyiyyətin tərəqqisində, millətin millət kimi formalaşmasında, dövlətçiliyin yaranma şərtlərində, möhkəmlənməsində ədəbiyyatın oynadığı ciddi rola inanırdılar.

Ədəbiyyatımızın dövlətçiliyimizin inkişafında, milli tərəqqi yolunda oynadığı və oynaya biləcəyi rola ən düzgün dəyəri Ümummilli liderimiz H.Əliyev hələ müstəqilliyimizin ilk illərində vermişdir. O milli ictimai şüurun formalaşmasında, milli vətəndaşlıq düşüncəsinin inkişaf etdirilməsində, milli birlik və dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda mübarizədə ədəbiyyatın üzərinə düşən funksiyaların XIX və XX əsrlər ədəbiyyatında çox dəyərli ənənələrinin olmasından danışır və müstəqillik dövrünün sənətkarlarını bu ənənələri öyrənməyə, onlardan novatorcasına bəhrələnməyə səsləyirdi. H.Əliyev deyirdi: "Milli özünüdərk, milli oyanış, dirçəliş prosesi xalqımıza, birinci növbədə ədəbiyyatdan keçir" (Heydər Əliyev və mədəniyyət. Üç cilddə. II cild. Bakı. Nurlar NPM., s.216).

H.Əliyev müstəqillik dövrünün milli ədəbiyyat strategiyasını müəyyənləşdirərək sənət adamlarının qarşısına belə bir vəzifə qoyur: "Ancaq hesab edirəm ki, bir məsələdə siz daha da yaxından iştirak etməlisiniz, bu məsələ də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın qüdrətli ordusunun yaradılması, Azərbaycan vətəndaşlarının hərbi vətənpərvərlik, ümumiyyətlə, vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan gənclərinin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinin möhkəmləndirilməsidir. Bu, çox vacibdir, çox lazımdır" (Heydər Əliyev və mədəniyyət. s.216).

Bu mülahizələr dövlət başçımız və Ali Baş Komandanımız İ.Əliyevin siyasi kursunun əsasında Ümummilli liderimiz H.Əliyevin siyasi ənənələrinin dayandığını, erməni faşizmi üzərində qələbəmizin tarixi köklərini üzə çıxarır, dövlətçilik tariximizdə irs-varislik əlaqəsinin həlledici şərtlərdən biri olduğunu sübut edir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!