Hz. Yusifə bənzədilən kitab - Azər TURAN

Azər TURAN

 

 

Kitab deyil, Türküstan ölkəsidir.

Türküstan deyil, bütün cahandır.

Əli Əmiri Əfəndi

 

XI  yüzil. Avropanın böyük  millətləri hələlik meydanda deyil, slavyanlar, o cümlədən, ruslar sivrilib tarix meydanına çıxmayıblar, tarixsiz və məchul  kütlə şəklindədirlər... İngilis, rus ... zəkasının hələlik  heç bir əsəri yoxdur. Hələlik bu millətlər milli şüura malik deyil (L. Rasonyi).

1072-ci il. Qaraxanlılar şəcərəsindən altmış altı yaşlı Mahmud Kaşqarlı “Divanü lüğat-it-Türk” əsərini yazmaqdadır. İki ildən sonra kitabını tamamlayacaq, ensiklopedik dəyəri çox yüksək olan böyük bir sözlük meydana gətirəcək və bu kitabıyla o, türkolojinin qurucusu (Rasonyi) olmaq səadətinə imza atacaq.

1074-cü il. Kaşqarlı kitabını bitirib onu «Haşim soyundan, Abbas oğullarından imam bulunan, ulumuz, əfəndimiz Əbül Qasim Abdullah qatına ərmağan» edir ki,  o da «imanı olanların bəyi və Tanrının xəlifəsi olan Muhəmmədül Muqtədi biəmrullahın oğludur». Abbasi xəlifəsi Müqtədinin xanımı isə səlcuqlu türklərinin sultanı Məlikşahın Türkan xatundan olan qızı  Mahmələk xatundur.

1055-ci ildən etibarən xilafət Abbasilərə, səltənət isə xilafətin rahat nəfəs almasına şərait yaratmış səlcuqlu sultanlarına məxsus idi. Səlcuqlu sultanı Toğrul bəy Abbasi xəlifəsi Müqtədi biəmrullah tərəfindən cahan hakimi elan olunmuşdu.

Yeni çağdakı türk cahan hakimiyyətinin ilk illəri idi...

Doğrudur, o zaman «Abbasilərin türkcəyə bir təvəccühatı var idi”. (Cəmil Meric). Ancaq, eyni zamanda, hakimiyyətinin uzunmüddətliliyinə görə hamıdan əvvəl səlcuqlu səltənətinə borclu olan Abbasi xəlifəsinə türk dili divanının təqdim olunması həm də səlcuqluların sarayında fars dilinin işlənməsinə rəğmən xilafətin türk dili qamusuna necə böyük maraq göstərməsindən xəbər verir. Mahmud Kaşqarlının xəlifəyə türk dili qamusunu təqdim etməsində Qaraxanlı, yaxud  Səlcuqlu amilindən çox ümumiyyətlə, türk amili daha qabarıq görünür. Kitabın yazarı türkdür. Xilafətdə türk dilinə və türk mənşəyinə böyük etimad, fərqli münasibət var. Xütbə təkcə Abbasi xəlifəsinin deyil, eyni zamanda, türk sultanının adına oxunur. Xilafətin müqəddəratını türk qılıncı müəyyənləşdirir. Hz. Məhəmmədin «Türk dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək», – xəbərdarlığını da belə bir tarixi şəraitin kontekstində dəyərləndirməyə ehtiyac vardır.

Kaşqarlı o zamankı dünyanın, az qala, yarısına hökm edən Abbasi xilafətinin yüksək məqamlarına Hz. Məhəmmədin hədisini çatdırırdı: «Türk dilini öyrənin. Çünki mülk və səltənət uzun müddət onların əlində qalacaqdır». Əgər bu söz (hədis) doğru isə... türk dilini öyrənmək çox gərəkli (vacib) bir iş olur; yox, bu söz doğru deyilsə, ağıl da bunu əmr edir».

Bu, əslində, Mahmud Kaşqarlının timsalında bir türk aydınının bir ərəb xəlifəsinə ünvanladığı çox ciddi bir ismarıcıydı və tarix nə Kaşqarlıya qədər, nə də ondan sonra belə bir romantik hadisənin bənzərinə dünyanın heç harasında təsadüf etməmişdir. Kaşqarlı bu hədisi kitabında min il bundan əvvəl yazmışdı, min ildən sonra isə  hədisin Hz. Məhəmmədə aid olduğunu zaman ozü təsdiq elədi. Türklərin hakimiyyəti həqiqətən uzun çəkdi...

... Əbülqazi Bahadur Xanın «Şəcəreyi-Türk» əsərinin əlyazmasını XVIII yüzilliyin əvvəllərində kəşf etmiş alman türkoloqu Filipp İohan Stralenberq “ara-sıra Buxara tatarları ilə görüşür və onlarla dostluq edirdi. Stralenberq bildirirdi ki, buxaralıların “Əzbəkeviç adlı çox alicənab axundları ilə, xüsusilə, daha tez-tez görüşürdüm. Bir dəfə o, digər sənədlərlə yanaşı, mənə özündəki iki əlyazmasını da göstərdi. Onlardan biri İrana, digəri isə Tatarıstana aid idi. O, sonuncunu “Çingiz Kitab” adlandırırdı. Hər iki əlyazma Türküstandan alınmışdı”. (A. N. Kononov)

1000 il əvvəl olduğu kimi yenə də buxaralı ruhani türk tarixinə dair əhəmiyyətli məxəzi dünyəvilərdən birinə – bu dəfə Kaşqarlıya deyil, alman aliminə ötürürdü.

«Çingiz Kitab» adlandırdıqları əsər Əbülqazi Bahadır xanın (1603-1663) «Şəcəreyi türki»si idi.

«Şəcəreyi türki» əsərində Əbülqazi Bahadır xan Rəşidəddinin «Cami-üt Təvarix»inə istinad edərək yazırdı ki, türk milləti, dünyanın ən köklü, ən ulu millətidir. Bu qüdrəti ona Allah bağışladı. Necə ki, Peyğəmbərimiz meracda Cəbarayıldan soruşdu:

– Yer üzündə bəyaz atlılar görürəm, bunlar hansı millətdəndir?

– Bunlar Allahın süvariləri olan türklərdir.

(Əfrasiyab övladı – Oğuz, Hun türkləri əcdadlarının göydən gəldiklərinə, bu mənada Tanrının süvarisi olduqlarına inanırdılar)

O zaman, türklər hələ müsəlman deyildilər. Bəs Peyğəmbərimizə türklərdən belə bəhs etdirən iç duyğusu nə idi? Buxaranın yanında Qüreyş kəndi və oymağı vardır, Tarixin çox-çox qədim dövrlərində türk yurdundan ərəb yarımadasına da köçlər olmuşdu. O böyüklər-büyüyü insan, öz soyunu və qanını danışırdı».

... Dərgahdan görünən yerdəki o bəyaz atlılar Türküstanın ucqarındakı Qureyş oymağından Hicaz tərəflərə dördnala at çapırdılar. Türküstanlı qüreyşlər Hicaza, Ərəbistana köç edirdilər. Peyğəmbərimizə göstərilənlər isə kim bilir, neçə min il əvvəl baş verənlərdi...

(Türklər Hicaza axın edəndə Ərəbistanda Ərəbi-Baidə, Ərəbi-Aribə kimi qövmlər –sönüb getməkdə, tarix səhnəsinə Hz. İsmayılın nəsli kimi tanınan yeni bir ərəb qövmü – müstəribə ərəblər, yəni sonradan ərəbləşmiş olan bir toplum çıxmaqdaydı. Hz. Məhəmmədin mənsub olduğu Qüreyş nəsli də bu müstəribə ərəblərdən sayılırdı).

***

Rəşid Rahmeti Aratın söylədiyi kimi, Mahmud Balasağunlu Yusifin çağdaşı olaraq Qaraxanlılar sülaləsi ilə əqrəbadır. Onun «Qutadqu Bilig»in ithaf edildiyi Qaraxanlı hökmdarı Tavğaç Uluğ Buğra Qara Xanın  qardaşı oğlu olduğunu Ibrahim Olgun da ehtimal edir. Ehtimal olsa belə inanmağa dəyər ki, Mahmud Kaşqarlının ulu babası türk tarixində islam dinini qəbul etmiş ilk hökmdar və ilk türk-islam dövlətinin banisi Satuk Buğra Xaqandır (Mahmud Kaşqarlı özünü «Muhamməd oğlu Hüseyn, Hüseyn oğlu Mahmud», – deyə təqdim edir. Tarixdə isə Qaraxanlı hökmdarlarının şəcərəsində Məhəmməd bin Yusif də, onun oğlu Hüseyn də, Hüseynin oğlu Mahmud əl-Kaşğari də var və Hüseynlə Mahmudun şəcərədə təxminən Məhəmməd oğlu Hüseyn, Hüseyn oğlu Mahmudla (Mahmud Kaşqarlı ilə) eyni dönəmdə yaşadığı aydın şəkildə göstərilmişdir). Divanın mütaliəsi zəminində bu kitabın hökmdarlar nəslinə məxsus olan bir zat tərəfindən yazıldığına inanmamaq olmur. Çünki o dövrdə miqyasına görə bənzərinə rast gəlinməyən belə bir kitabı kifayət qədər geniş imkanlara malik olan əsilzadə bir şəxsiyyətin yaza biləcəyi şübhə doğurmamalıdır.

«Mən onların ən gözəl dillisi (danışanı), ən açıq anladanı, ağılca ən incəsi, soyca ən köklüsü, ən iyi ox atanı olduğum halda onların şarlarını (ellərini), çöllərini başdanbaşa dolaşdım».

Soyca ən köklü türk, əlbəttə, Satuq Buğra Xaqanın nəslindən olmalıydı.

Mahmud Kaşqarlı ilə ulu babası və ilk müsəlman türk hökmdarı Satuq Buğra xaqan (Satuk Abd əl Kərim) arasında 100 illik bir zaman məsafəsi var. Yüz il ərzində nəslin damarlarına bu qədər böyük iman enerjisinin necə yığıla bilməsi də düşündürən mətləblərdəndir.

***

«Şahnamə»dəki Əfrasiyabın Alp Ər Tonqa olmasını tarixə ilk söyləyənlərin başında Yusif Balasağunlunun «Qutadqu Bilig»i və Mahmud Kaşqarlının “Divanü lüğat-it-Türk”ü gəlir:

 

Bu türk begleride adı bilgülüg

Tunga Alp Er erdi katı bilgülüg

Taciklər ayur annı Efrasyab

Bu Efrasyab tutu iller talap.

(Yusif Balasağunlu)

 

«Tonqa: Bəbir. Kaplan cinsindən bir heyvandır; fili öldürür, əsil olan budur. Bu ad türklərdə yaşamaqdadır... «Tonğa xan, tonğa tigin» deyilir... Türklərin böyük xaqanı Əfrasiyabın əsl türk adı Tonqa Alp Ərdir; Bəbir kimi qüvvətli, igid bir adam deməkdir...» (Mahmud Kaşqarlı)

Bu da idrətlidir ki, Bizans imperatorluğunu 1071-ci ildə cahan səhnəsində sıxışdıran (və bununla da yeni türk erasını başlayan) səlcuqlu sülaləsi də öz başlanğıcının Qaraxanlılarda olduğu kimi Əfrasiyabın – Alp Ər Tonqanın nəslindən gəldiyi qənaətindəydi (Bartold).

“Divanü lüğat-it-Türk”ü Mahmud Kaşqarlı 1072-ci ildə yazmağa başlayırdı, tarixdə müsəlman türklərin ilk böyük zəfəri isə bir il əvvəl – 1071-ci ildə Malazgirt meydan savaşında gerçəkləşmişdi və Mahmud Kaşqarlının şəxsində elmdə, Nizamülmülkün hesabına siyasətdə, Alparslanın (Malazgird savaşı) timsalında hərbdə tarixin axarı dəyişdirilməkdəydi...

İslam dinini qəbul etmiş ilk türk hökmdarının  elmdəki varisi  türkolojinin bünövrəsini qoyurdu. Mahmuda ulu babasından sirayət etmiş bu genetik ruhani ovqat Kaşqarlı Xələf oğlu İmam Şeyx Hüseynin ibn əl Qərqiyə istinadən İbn Əbi-d Dünya adıyla məşhur olan Şeyx Əbu Bəkr əl-Mugid əl Cərəcaninin axırzaman üzərinə yazılmış kitabından Hz. Peyğəmbərə aid edilən aşağıdakı hədisin cazibəsində hasilə gəlirdi: «Uca Tanrı: Mənim bir ordum vardır, ona türk adı verdim, onları doğuda yerləşdirdim. Bir ulusa qızarsam türkləri o ulus üzərinə müsəllət qılaram (hakim edərəm)». Kaşqarlı əlavə edir: «İştə, bu, türklər üçün bütün insanlara qarşı bir üstünlükdür. Çünki Tanrı onlara ad verməyi öz üzərinə almışdır; onları yer üzünün ən yüksək yerində, havası ən təmiz ölkələrində yerləşdirmiş və onlara «Kəndi ordum» demişdir. Bununla bərabər, türklərdə gözəllik, sevimlilik, şirinlik, ədəb, böyükləri ağırlamaq, sözünü yerinə gətirmək, sadəlik, öyünməmək, igidlik, mərdlik kimi öyülməyə layiq, saysız iyiliklər görülməkdədir...

 

Kaçan körse anı Türk

Budun anğa anınğ aydaçı

Munğer tegir ulugluk

Mundanaru keslinür.

 

«Onu türk boyları görsə, bu adama böyüklük,  ululuq yaraşır və ululuq bununla kəsilir», bitir (tamamlanır), – deyər».

***

“Divanü lüğat-it-Türk” R.Rahmeti Aratın yazdığı kimi, mühitinin, dövrünün elmi zehniyyətini və görüş səviyyəsini göstərən bir abidədir. Eyni zamanda, bu kitab türk düşüncəsinin, həyat tərzinin, məişətinin, etnoqrafik, ədəbi, siyasi, mifoloji  sərvətlərinin zəngin xəzinəsidir.

Mahmud Kaşqarlı kitabını türk inancının bütün aspektlərinə və türk zehniyyətinin bütün təfəkkür dövriyyəsinə nəzər yetirərək hasilə gətirmişdir:

«Yat: Bir dürlü qamlıqdır (kahinlikdir). Bəlli-başlı daşlarla (yada daşı ilə) yapılır. Beləliklə, yağmur və qar yağdırılır, ruzgar əsdirilir. Bu, türklər arasında tanınmış bir şeydir. Mən bunu Yağma ölkəsində gözümlə gördüm. Orada bir yanğın olmuşdu, mövsüm yay idi; bu surətlə qar yağdırıldı və ulu Tanrının izniylə yanğın söndürüldü».

Yaxud, genetik təmizliyin qorunması naminə, milli-psixoloji səciyyə daşıyan izharların kitabda tez-tez görünməsi də onun təkcə elmi deyil, mənəvi, etnik dəyərini də hər gün yenidən artırmaqdadır: «kılıç tatıksa ış yunçır, er tatıksa et tunçır = qılınc paslanırsa iş pisləşir, adam farslaşırsa qanı pozulur» (qılınc pas tutarsa igidin halı pisləşir; necə ki türk farslının əxlaqını alırsa əti sölpür».

... Kaşqarlının Divanı türk milliyyətçiliyinin ilk elmi zəfəridir. Türk kimliyini nişan verən ilk kamil və dürüst abidələrdən biridir. Əslimizi, soy-kökümüzü öyrənmək, öyrətmək və bildirmək  üçün ilk elmi və milli təşəbbüsdür.

Tarixin və elmin  Kaşqarlı dövrünü, bir az əvvəl qeyd etdiyimiz kimi, Rasony dəqiq müşahidə və etiraf edir: «İngilis, rus ... zəkasının hələlik  heç bir əsəri yoxdur. Hələlik bu millətlər milli şüura malik deyil».

Kaşqarlı türkolojinin əsasını belə bir zaman çevrəsində qoydu və özünün dediyi kimi, elə bir kitab yazdı ki, sona qədər yayılsın, əbədi bir nemət  olaraq qalsın.

“Divanü lüğat-it-Türk” təkcə lüğətçiliyin deyil, eyni zamanda, metafizik düşüncəmizin də ilk yazılı sənədlərindən biri və birincisidir. Bizim bu divandan öyrənəcəyimiz şeylər hələ də çoxdur və Kaşqarlı divanının təlqin etdiyi elmi əxlaqa yiyələnmək hətta min ildən sonra da... yolların ən işıqlısına sahib çıxmaq üçün təminat verir. Bu kitab düşüncənin milli şüur və iman istiqamətinə yönəlməsinin yollarını göstərən ilk elmi-ədəbi abidəmizdir. 

«Tenğri: Ulu Tanrı. Bu savda dahi gəlmişdir: «Toyın  tapuğsak, Tenğri sefinçsiz = toyın tapmak istər, Tanrı məmnun deyil» (müsəlman olmayan türklərin din ulusu Tanrıya tapınır; fəqət uca Tanrı onun gördüyü işdən xoşnud deyildir). Bu sav, başqa birinə bir iş yaparaq, yaxşı yapdığını zənn edən və fəqət iyrənilən kimsə üçün söylənilir.

 

Tun kün tapun, Tenğrige boynamağıl

Korkup anğar eymenü oynamağıl.

 

«Gecə gündüz tapın Tanrıya, boyun çəkmə, ondan qorxub çəkinərək oynama».

(Gecə gündüz Ulu Tanrıya ibadət et, dikbaşlıq etmə, Tanrıdan çəkin və qorx, oynama, utan).

 

Yerə batası kafirlər göyə «Tenğri» deyirlər. Yenə bu adamlar böyük dağ, böyük bir ağac kimi gözlərinə ulu görünən hər şeyə «Tenğri» deyirlər. Bu üzdən bu kimi şeylərə yükünürlər (səcdə edərlər). Yenə bunlar bilgin kimsəyə «Tenğrigen» deyirlər. Bunların sapıqlıqlarından Tanrıya sığınırıq».

Hüseyn oğlu Mahmud «yerə batası kafirlər» zümrəsindən olmaq dövrünə türklərin elmi nöqtəsini XI əsrdə qoyub Tanrıya sığınmışdı.

***

Mahmud Kaşqarlı kitabını öz sözləri ilə desək, hikmət, səcli nəsr (qafiyəli nəsr), atalar sözü, şeir, rəcəz, nəsrlə süsləyərək heca hərfləri sırasınca tərtib edib, hər kəlməni yerli-yerinə qoyub, illər boyu bir çox çətinliklərə köks gərib və  kitabını səkkiz bölümdə sistemləşdirib: 1) Həmzə kitabı, 2) Salim kitabı, 3) Muzaaf kitabı, 4) Misal kitabı, 5) Üçlülər kitabı, 6) Dördlülər kitabı, 7) Gunnə kitabı, 8) İki hərəkəsiz hərfin birləşməsi kitabı.

***

Besim Atalay divanın taleyindən bəhs edərkən Kilisli Rıfat bəyin Əli Əmirinin dilindən ona yazdığı məktubun mətnini verib: «Məşrutiyyətin ilk illərində Əmrullah əfəndinin Maarif Nazirliyi zamanında əski maliyyə nazirlərindən və Vani oğullarından Nazif Paşanın yaxınlarından olan bir qadın Sahaflar çarşısında kitabçı Bürhan əfəndiyə satılıq bir kitab gətirmiş. Bürhan əfəndi kitabı satmaq məqsədilə Maarif Nəzarətinə aparmış, Nəzarət, kitab üçün istənilən 30 lirəni çox görərək almamış».

Bundan sonrasını Muxtar Tevfikoğlu Əli Əmiri Əfəndidən bəhs edən kitabında anladır: Bir gün Əli Əmiri Bəyazid meydanındakı Sahaflar çarşısına gəlmiş, Bühran bəydən satışda yeni kitab olub-olmadığını sormuş, Bürhan bəy də Nazif Paşanın yaxınlarından bir qadının belə bir kitab gətirdiyini söyləmiş, kitabı Əli Əmiriyə göstərdiyində Əmiri kitabın çox nadir bir nüsxə olduğunu anlamış, amma buna rəğmən, kitabçını şübhələndirməmək üçün özünü laqeyd aparmışdı. Cibində on beş lirə vardı. Kitabı da elə bu qiymətə almaq istədiyini bildirincə Bürhan bəy razılaşmamışdı. Çünki kitab ehtiyacı olan bir qadının sərmayəsiydi. Əli Əmiri dükanın önündən keçən ədəbiyyat müəllimi Faiq Rəşid bəydən borc pul istəyib kitabı otuz lirəyə Bürhandan almış, üç lirə də Bürhan bəyə bəxşiş vermişdi.

Kitabın taleyini Hz. Yusifin taleyi ilə qiyaslandıran Əli Əmiri: «Bu kitabla Hz. Yusifin arasında bir bənzərlik var. Yusifi qardaşları bir neçə axçaya satdılar. Fəqət sonra Misirdə özü ağırlığında cəvahirə satıldı. Bu kitabı da Bürhan mənə 33 lirəyə satdı. Fəqət mən bunu bir neçə misli ağırlığında almaslara, zümrüdlərə vermərəm», – deyirdi.

***

 “Divanü lüğat-it-Türk”ü tərcümə etmək üçün türkcəni və ərəbcəni yaxşı bilmək şərt olduğu kimi, içi türklük atəşilə də yanmaq lazımdır. Besim Atalay bu üç şərti özündə toplamış olduğu üçün tərcümə işi əhlinə düşmüş deməkdir». Bunu Nihal Atsız deyir və çox dəqiq deyir. Besim Atalay isə «Divan»a yazdığı ön sözdə  onu tərcümə etməyin daha mühüm şərtlərini ifadə edib. Anlaşılır ki, Divanı çevirmək üçün türkcəni, ərəbcəni yaxşı bilmək, içi türklük atəşi ilə yanmaq hələ işin heç yarısı da deyilmiş:

«Divanın tərcüməsi yalnız ərəbcə və yalnız türkcə  bilməklə yapıla biləcək işlərdən deyildir. Bu iş üçün bilinməsi gərək olan şeylər bunlardır:

1) Ərəbcəni və ərəbcənin dil qaydalarını bilmək.

2) Türkcəni, türkcənin doğu və batı dialektlərini, bunların qədim və yeni şəkillərini yaxından tanımaq,

3) Bir çox əski və yeni kitablara sahib olmaq,

4) Rusca, almanca kimi dilləri bilmək,

5) Tələsməmək, diqqətli və səbrli olmaq,

6) Türkcəylə illərlə və çox məşğul olmaq,

7) Bunların hamısından ziyadə, bu yolda eşq və sevgi  sahibi olmaq».

***

Besim Atalay (1882-1965) şövqlü bir insandı. Bu böyük alim ərəbcəni, türkcəni, (türkcənin şərq və qərb dialektlərinin qədim və yeni şəkillərini), ruscanı, almancanı mükəmməl bilirdi, eyni zamanda, fars dili mütəxəssisiydi. Çoxlu kitablar yazmışdı: «Sakarya dastanı», «Türk zəfərinə ərmağan», «Türk böyükləri və türk adları», «Bəktaşilk və ədəbiyyatı», «Türk dili qaydaları», «Maraş tarix və coğrafiyası», «Suna ilə çoban hekayəsi», «Baş bəlaları», «Türkcəmizdə Mən-Man», «Onuncu il dastanı», «Türk dilində şəkilçilər və köklər üzərində bir araşdırma», «Türkcədə kəlmə yapma yolları», «Türk diliylə ibadət», «Türk dilində ana kəlmələr və ya türkcədə törəmə sözlüyü», «Atalar sözünün ana qaynağı Abuşka sözlüyü»...

Besim Atalay tarixə təkcə Kaşqarlı Divanının tərcüməsi ilə daxil olmur. O, həm də Quran tərcüməçisidir. «Türk diliylə ibadət» kitabında yazırdı ki, Atanın (Atatürk – A.T) əmriylə Divani-lüğəti çevirdim. Daha sonra ... bir çox əsəri tərcümə etdikdən sonra sıranın Qurani-Kərim çevirməsinə gəldiyini gördüm... Qurani-Kərimi türkcəyə çevirəcək olan kimsələrin, həm türk dilini, həm ərəb dilini, ərəbcənin əskisini, yenisini, türkcənin də əskisini, yenisini gözəl bilmələri gərəkli olduğunu gördüm. Bu işdə ədəbi zövqün də əhəmiyyətli yeri olmalıydı. Çevirmə üçün bu qədər yetərmi? Yox.Yox. İnsan başqa bir çox bilikləri qavramış olmalıydı. Tanrıma min şükür. Mən bu yolda yetişmişdim».

Atalay həm də şairdi.

1914-1917-ci illərdə İstanbulda Kilisli Rıfat (Bilgə) tərəfindən ilk dəfə nəşr olunmasından keçən  yüz ilə yaxın bir müddətdə – 1939-1943 cü illərdə Divanın Besim Atalay tərəfindən hasilə gətirilmiş möhtəşəm tərcüməsi (Ankara), 1928-64-ci illərdə Budapeştdə Brockelman, 1960-63-cü illərdə Daşkənddə S. Mütəllibov, 1982-1985-cı illərdə R. Dankov, J. Kelly (ingiliscə - Harvard), çində uyğurca, lap bu yaxınlarda Qazaxıstanda rusca (Auezov)... Və bütün bunların müqabilində Divanın ilk tərcüməsinin vətəni olan Azərbaycanda “Divanü lüğat-it-Türk”ün Xalid Səid Xocayev tərəfindən gerçəkləşdirilmiş ilk tərcümə nüsxəsi hələ də meydana çıxarılmır.

***

Mahmud Kaşqarlı Divanda dünyanın və türk dünyasının  xəritəsini də cızıb. O zaman hələ kəşf olunmamış Amerikadan başqa, Zənci Afrikadan  soyuqdan kimsənin yaşamadığı Şimal Buzlu okeanınacan, Qıpçaq yurdundan Maçin – Çinəcən, Oğuzdan Qəznəyəcən, Azərbaycandan Sərəndibəcən... demək olar ki, dünyanın böyük bir qismi, xüsusən, Turan aləmi elliklə Qaşqarlının xəritəsində əks edilmişdi.

***

Divanda Türk savaş dastanlarından çoxlu şeir örnəkləri verilib. Yuxarıda xatırlatdığımız Alp Ər Tonqanın ölümünə yazılmış ağı da bu kitabdadır.

***

Divandakı şeirlərin vəzni Fuad Köprülünün bildirdiyi kimi, hələ ərəb əruzunun təsirinə düşməmiş, fars və türk əruzundan qabaqkı türk milli vəznidir. Ziya Gökalp isə «Türkçülüyün əsasları»nda «Əski türklərin vəzni, heca vəzni idi. Mahmud-ı Kaşgari Lüğətindəki türkcə şeirlər həp heca vəznindədir. Sonraları, Cağatay və Osmanlı şairləri təqlid vasitəsilə əcəmlərdən əruz vəznini aldılar», –  deyirdi... Yenə də Fuad Köprülü yazırdı ki, «türklər islam dinini qəbul etdikdən sonra islam mədəniyyətinin təsiri altına düşdülər, amma “Divanü lüğat-it-Türk”də  gördüyümüz türk şeirləri, türklərə məxsus olan bu vəznin heç olmasa X-XI əsrlərdəki mahiyyətini bizə açıqca göstərir».

***

Kaşqarlı Mahmudun, az qala, 1000 yaşı var. Min yaşlı Mahmud Kaşqarlının imzası çağdaş türkolojidə ən gənc və təravətli imzadır. Türkoloji hələlik ondan daha böyük olan türkoloqu tanımır.

Səkkiz minə yaxın sözü qapsayan “Divanü lüğat-it-Türk”ü, Əhməd Cəfəroğlunun yazdığı kimi, «yalnız bir sözlük olaraq tanıtmaq və dəyərləndirmək, böyük bir haqsızlıq olar». Kaşqarlının «Divan»ı təkcə türk tarixinin, coğrafiyasının, etnoqrafiyasının, dilinin, ədəbiyyatının öyrənilməsində deyil, eyni zamanda, türk millyyətçiliyinin, milli ədəbiyyatının gəlişməsində böyük xidmətlər göstərmiş əvəzsiz bir abidədir.

Tanrı bu kitaba müəllifinin istədiyi kimi, mənsub olduğu millətlə bərabər əbədi qalmaq səadətini bəxş edib...

 

Qeyd: Zeki Velidi Toğan yazır: Dünyanın türk çağıydı. Türklər ərəblərə türk dilinin sirlərini öyrədirdilər. Mahmud Kaşqarlı da bu məsələdə tək deyildi. «Mahmud Kaşqari zamanında Xarəzmdə doğulmuş olan digər bir türk alimi və islam aləminin fəqihi Mahmud Zəmahşəri kəndi vətəndaşlarına ərəb dilini və ədəbiyyatını öyrətmək məqsədilə yazdığı «Müqəddimətül ədəb» nam əsəri də Moğol çağından öncə Türküstanda vücuda gətirilən başlıca əsərlərdən biri» kimi tanınırdı 

 

 

“Ədəbiyyat qəzeti”    

15 iyun, 2006-cı il

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!