Azər TURAN
1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultay keçirildi və həmin qurultay barədə düşünəndə ən əvvəl, Bartoldun mülahizələrini xatırlayıram:
«Hal-hazırda qurultay Bakıda çağırılır. Qurultayın Bakıda çağırılmasına bir çox dəlillər vardır... Danmaq olmaz ki, əksər əhalisi türk olan cümhuriyyətlərin hamısına nisbətən Azərbaycan cümhuriyyəti və onun paytaxtı Bakı şəhəri universitet həyatını və ümumiyyətlə, elmi həyatı daha yüksək dərəcədə saxlamağa müvəffəq olmuşdur. Digər tərəfdən coğrafi mövqeyinə görə də Bakı istər Moskvadan, Leninqraddan, istərsə də Krım, Tatarıstan, Türkmənistan və sair respublikalardan gələnlər üçün eyni dərəcədə əlverişlidir». Bakının öz intellektual həyatını yüksək səviyyədə qoruyub saxlaya bilməsinin 1926-cı ildə Rusiya şərqşünaslıq elminin klassiklərindən biri – akademik Bartold tərəfindən etiraf olunması adamda xoş təəssürat doğurur. Əlverişli coğrafi və elmi mövqeyin üst-üstə düşməsi, XX yüzilin ilk çərəyində dünya türkologiyasının ən aktual problemlərinin Bakıda müzakirə olunması ictimai fikir tariximizin başucaldan səhifəsini təşkil etməkdəydi.
Birinci Türkoloji Qurultayın Bakıda keçirilməsi qərarına gələnlərin, şübhəsiz ki, həm də siyasi maraqları var idi, amma hər halda, türkologiya tarixi öz yeni və daha geniş miqyaslı səfərinə Bakıdan başlayırdı.
Hər halda, Türkoloji qurultay məsələsində Türkiyə Rusiyaya ya uduzmuş, ya da nəyinsə xatirinə güzəştə getməli olmuşdu. Əslində, bir il əvvəl Türkiyədə keçirilməsi nəzərdə tutulan qurultayın bir il sonra Sovet Bakısında gerçəkləşməsi bu barədə dərindən düşünmək üçün əsas verir. Çünki «Fuad Köprülü, Bakanlar Kurulu Qərarıyla qurulan Türkiyyat İnstitutunun müdirliyinə gətirilmiş və bizzat Atatürkün arzusuyla 1925-də İstanbulda toplanması düşünülən ilk millətlərarası türkoloji konqresinin hazırlanmasına məmur edilmişdi». (Orhan Fuad Köprülü.)
1926-cı ilin 26 fevralından mart ayının 6-na kimi davam edən və on yeddi iclası keçirilən qurultayda mandat komissiyasının üzvü Məmmədzadənin bildirdiyi kimi, 93-ü türk və 38-i başqa millətlərin təmsilçisi olaraq 131 nəfər nümayəndə iştirak edirdi, yeganə qadın nümayəndə azərbaycanlı müəllimə Ayna Sultanovaydı. Qurultay nümayəndələrinin tərkibi isə belə müəyyənləşdirilmişdi:
Təşkilat komitəsi – 15, Azərbaycan – 6, Gürcüstan – 1, Ermənistan – 1, Acarıstan – 1, Türküstan – 4, Naxçıvan – 1, Krım – 3, Tatarıstan – 6, Başqırdıstan – 3, Qazaxıstan – 3, Özbəkistan – 6, Türkmənistan – 4, Qırğızıstan – 2, Oyrat vilayəti – 1, Yakutiya – 3, Kalmık vilayəti – 1, Çuvaş respublikası – 2, Qərbi Çinin Uyğur vilayəti – 1, Abxaziya – 1, Xakas diyarı – 1, Şimali Qafqazdan: Qarçay vilayəti – 2, Balkar – 1, Çeçenistan – 1, İnquşiya – 1, Adıgey-Çərkəz – 1, Şimali Osetiya – 1, Cənubi Osetiya – 1, Şimali Qafqazın Türkmən rayonu – 1, Türküstan – 1, Elmlər Akademiyası – 3, Şərqşünaslıq Assosiasiyası – 3, Leninqrad Şərq Dilləri İnstitutu – 1, Daşkənd Universiteti – 1, Leninqrad Universiteti – 1, Şimali Qafqaz Diyarı İcraiyyə Komitəsi – 2, Şimali Qafqaz Ölkəşünaslıq İnstitutu – 1, Ufa Xalq Maarif Komissarlığı – 1, Rusiya Xalq Maarif Komissarlığının Millətlər Şurası – 4, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin Millətlər Sovetinin Rəyasət heyəti – 1, Güney Azərbaycan – 2, Şimali Qafqaz Elmi Assosiasiyası – 1 nəfər. Fərdi qaydada dəvətlilər isə Azərbaycan – 2, Tatarıstan – 2, Şimali Qafqaz – 2, Moskva – 2, Ukrayna – 1, Leninqrad – 4, Krım – 2, Dağıstan – 2, Qafqazlar – 2, Ermənistan – 1, Özbəkistan – 4, Başqırdıstan – 2 nəfər. Xarici ölkələr: Türkiyə – 3, Almaniya – 2, Avstriya – 1, Macarıstan – 1 nümayəndə ilə təmsil olunurdu.
22 nəfərdən ibarət olan Rəyasət heyətinə Ağamalıoğlu, Ruhulla Axundov, akademik Bartold, Baytursun, Baraxov, Borozdin, Həbib Cəbiyev, Qalimcan İbrahimov, İdelquzin, Köprülüzadə, Qorxmazov, Naqamov, Naqovitsin, Oldenburq, Pavloviç, Samoyloviç, Tınıstanov, Bəkir Çobanzadə, Berdiyev, Akçoraklı, Umar Əliyev, Mentsel seçilmişdilər.
Fəxri Rəyasət heyətinə isə Əli bəy Hüseynzadə, Banq, Mustafa Quliyev, akademik Marr, Lunaçarski, Tomsen seçilmişdi.
Qurultayın 5 nəfərdən ibarət mandat, 6 nəfərdən ibarət redaksiya komissiyası və 5 nəfərlik katibliyi seçilmişdi.
Haşiyə: Türkoloji qurultayın seçkili orqanlarında təmsil olunan azərbaycanlı nümayəndələrin adlarını bir daha təkrarlamaq istəyirəm: Rəyasət heyətində Ruhulla Axundov, Bəkir Çobanzadə, Fəxri rəyasət heyətində Mustafa Quliyev, katiblikdə Pənah Qasımov və Ayna Sultanova, eyni zamanda, qurultayda nümayəndə kimi iştirak edən digər ziyalılar və dövlət xadimləri: Sultan Məcid Əfəndiyev, Salman Mümtaz, Həmid Sultanov, Mirzə Davud Hüseynov, Hənəfi Zeynallı, Əhməd Pepinov, Xalid Səid Xocayev... Yaxud Türkoloji Qurultaya sadəcə qonaq kimi qatılan Hüseyn Cavid... Qəribədir ki, bu insanların hamısı, o sıradan başqa respublikaları təmsil edənlərin də böyük əksəriyyəti sonralar Stalin repressiyasının qurbanı olacaqdılar: SSRİ EA-nın akademiki, türkoloq Aleksandr Samoyloviç, «Bizim günlər», «Dərin köklər» romanlarının müəllifi, tatar yazıçısı Qalimcan İbrahimov, Qırğızıstanın ilk professoru Qasım Tınıstanov, Stalinin 1918-ci ildən bəri öldürmək üçün girəvə gəzdiyi çağdaş qazax türklərinin mənəvi atası, «Alaş-Orda» partiyasının lideri Əhməd Baytursunov, Ukrayna Akademiyasının qurucularından və ilk akademiklərindən biri Aqafanqel Krımski, Yakut Vilayət Partiya Komitəsinin birinci katibi İsidor Baraxov, Dağıstanın ilk konstitutsiyasının müəllifi, kumık türklərindən Cəlaləddin Qorxmazov…
Türkoloji Qurultay barədə tarixi həqiqətlər hələ təfərrüatına qədər araşdırılmayıb və doktor Nəriman Nərimanovun türkoloji qurultayın keçirilməsi, Azərbaycanda latın qrafikasının tətbiq olunması ilə bağlı fəaliyyəti, xidmətləri təəssüf ki, çox az işıqlandırılıb. Halbuki, Nəriman Nərimanov bu məsələdə görünən və görünməyən tərəfləri ilə özü barədə düşünməyə kifayət qədər ciddi əsaslar verən, sovet siyasi bumeranqının ilk qurbanlarından və şəhidlərindən biri idi. Türkoloji Qurultayın keçirilməsi ideyasının ilk müəlliflərindən biri və bəlkə də birincisi olan Nəriman Nərimanovun əlifba islahatı yolundakı fəaliyyəti barədə 20-ci illər Türkiyəsinin ideoloji həyatında xüsusi yeri olan doktor Rza Nurun “Hayat və hatıratım” kitabının 3-cü cildində hədsiz dərəcədə qiymətli tarixi həqiqətlər yazılıbdır. Bakıda keçirdiyi görüşlərini xatırlayan Rza Nur deyir: “Azəri hökuməti kommunist bir cümhuriyyət. Komissarlardan mürəkkəb bir hökumət, bunun başında komissar olaraq doktor Nəriman Nərimanov var. Bu zat ağlı başında olan bir adam. Məlumatlıdır, mühərrirdir... Roman, teatro, pyeslər də yazmış bir zatdır... İyi bir adam. Ona etimad göstərdiyimi təlqin etdim. Açıldı və dedi ki, “Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türkük, milliyyət ilə yaşarız”. Çox xoşuma gəldi... Bir gün Nərimanov türkcə üçün latın hərfləri qəbul və tətbiq edəcəyini söylədi. Bunun tərəfdarıydı. Onu bu işdən vazkeçirmək üçün iki saata qədər söz söylədim. Və nəhayət, “Türk yalnız siz deyilsiniz, bu səbəblə bunu edə bilməzsiniz. Bu ümumi bir konqre ilə yapıla bilər. Həm də rusların, türklər arasına təfriqə salmaq üçün istədikləri şeydir”, – dedim. Qane oldu. Vaz keçdi. Bu surətlə hərf dəyişikliyi üç dörd il geri qalmışdı”.
Türkoloji Qurultayın birinci və sonrakı bir sıra iclaslarına sədrlik edən Səməd Ağamalıoğlunun yekun çıxışında qurultayın çağırılması ideyasının tarixi belə göstərilirdi: “Bir sıra mədəni məsələlərin, o cümlədən, əlifba məsələsinin həlli məqsədilə bu qurultayın ən əvvəl türkoloji deyil, ümumiyyətlə, Şərq xalqlarının qurultayı kimi keçirilməsi ideyası hələ Nərimanovun vaxtında meydana çıxmışdı. Sonralar bu ideya türkoloji qurultayın çağırılması ideyasına çevrildi”.
Bir faktı da xatırlatmağa dəyər ki, 1922-ci ildə Nərimanovun sədrliyi ilə Bakıda “Latın əlifbasına keçid” komitəsi yaradılmışdı və bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan türkoloqlar da xüsusi diqqət yetirirdilər. 1924-cü ildə Moskvada türk yazısı üçün latın şriftləri assosiasiyası yaradılmışdı. 1937-ci il repressiyasının qurbanlarından biri, görkəmli rus şərqşünası, Petroqrad, Daşkənd Orta Asiya universitetlərinin professoru Yevgeni Dmitrieviç Polivanov 1923-cü ildə türk xalqları ziyalılarının qurultayının çağırılmasının zəruriliyi ilə əlaqədar fikirlərini söyləmişdi. Müxtəlif şərqşünaslıq mərkəzləri, qurumları fəaliyyət göstərirdi və hətta Türkoloji Qurultayın ilk iclasında Rostovdan gəlmiş qaraçaylı Umar Əliyev qurultay adından SSRİ Mərkəzi İcraiyyə Komitəsinə, Millətlər Sovetinə, Elmlər Akademiyasına, Şərqşünaslıq Assosiasiyasına, Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə, Rusiya və Azərbaycan Xalq Maarif Komissarlıqlarına, Azərbaycanı öyrənən Cəmiyyətə, yeni türk əlifbası komitəsinə, Stalinə və Tomsenə təbrik teleqramları göndərilməsini təklif edəndə akademik Bartold: “Əgər səhv etmirəmsə, siz nəzdində Türkologiya Seminariyası fəaliyyət göstərən Leninqraddakı yeganə Türkologiya İnstitutunun adını qeyd etmədiniz”, – deyib, bu ünvana da təbrik teleqramı göndərilməsinin vacibliyini xatırlatmışdı.
Bu da xüsusi vurğulanmalıdır ki, SSRİ-də yaşayan türklər əlifba inqilabına Türkiyə türklərindən daha əvvəl başlamışdılar. Baxmayaraq ki, Türkiyədə yalnız 1928-ci ilin fevral ayının 3-də “Rəsmi qəzetə” “Hərf inqilabı qanunu”nu dərc etmiş, ərəb hərflərinin əvəzinə latın əlifbasına əsaslanan türk əlifbası məsələsi müzakirəyə çıxarılmışdı. Digər işlərlə yanaşı, həm də bu məsələ ilə məşğul olan “Dil əncüməni” Atatürk tərəfindən 23 may 1928-ci ildə qurulmuşdu, latın əlifbasının qəbulu isə 1928-ci ilin 1 noyabrında Türkiyə Böyük Millət Məclisinin qərarı ilə gerçəkləşmişdi. Amma buna rəğmən, Azərbaycanda Nəriman Nərimanov, yuxarıda qeyd etdiyim kimi, hələ 1920-ci ildən bu məsələylə məşğuldu. 1923-cü ildə Moskvada tatar gənclərinin və müəllimlərinin konfransında Nəriman Nərimanov latın qrafikasına keçidlə bağlı müzakirələrdə iştirak və çıxış etmişdi. 1921-ci ilin son günlərində – dekabrın 30-da Darülmüəllimin salonunda şura ziyalılarının ümumi yığıncağında türk əlifbası ilə əlaqədar keçirilən iclası da doktor Nərimanov açmışdı və həmin toplantıya sədrlik etməyi Hüseyn Cavidə tapşırmışdı.
Haşiyə: Hüseyn Cavid haqqında sənədli filmin üzərində çalışarkən Birinci Türkoloji Qurultayın kinoxronikasına rəhmətlik Turan Cavidlə bir yerdə baxdıq. Həmin iclasda ikinci sırada əyləşmiş adamın Hüseyn Cavid olduğunu Turan xanım birmənalı şəkildə təsdiq etdi. Ümumtürk ədəbi dilinin naminə mücadilə verən Cavid əfəndinin əlifba məsələsinə münasibəti, çox qəribədir ki, qurultayda ümümtürk ədəbiyyatının bir sıra məsələləri ilə yanaşı həm də ortaq türkcənin tarixi barədə danışan Fuad Köprülünün həmin günlərdə “Yeni fikir” qəzetinə verdiyi müsahibəsində dediyi fikirlərlə az qala, eyniyyət təşkil edirdi. Cavid əfəndi latın əlifbasına keçidlə əlaqədar 1922-ci ildə “Latınçılar komissiyasına» ünvanladığı məktubunda yazırdı: «Komissiyonda ərz etdiyim kimi, mən nə latınçıyam, nə də islahçı... olsa-olsa, mən yalnız türk dünyasının haqqı ilə anlayan, alim, mütəxəssis lisançı və əlifbaçı vətəndaşların gələcəkdəki təcrübələrindən istifadə edən bir müəllim ola bilərəm və şimdilik heç bir komissiyonda iştirak etməm.» Bu, Cavidin üslubu idi: nəzakətli və siyasi.
1926-cı il martın 9-da “Yeni fikir” qəzetinə verdiyi müsahibəsində: “Türk xalqlarının, ümumiyyətlə bir-birinin dillərini anladıqları bu qurultayda meydana çıxmışdır. Türklər arasında bir-birinə çox yaxın bir elmi-lisani vücudə gəlməsi, eyni istilahların qəbul edilməsi pək mümkündür”, – deyə qurultay barədə təəssüratını bölüşən professor Məhməd Fuad Köprülüzadə əlifba islahatı məsələsində xeyli həssas davranırdı: “Hürufat həqqində sərih bir fikir yoxdur. Çünki bu, elmi olmaqdan ziyada əməli mahiyyətdə bir məsələdir”, – deyirdi.
Türkiyədən gəlmiş Əli bəy Hüseynzadənin də latın qrafikalı yazıya keçilməsi ilə əlaqədar çılğın və inadcıl sözünə heç yerdə rast gəlmək olmur. Əksinə, Əli bəy Hüseynzadə əlifba ilə əlaqədər təqib etdiyi qayəyə sonacan sadiq qalır. O, ərəb qrafikasını tərk etməməyin tərəfdarıydı.
Azərbaycanda əlifba islahatının ilk müəllifi Mirzə Fətəli Axundovdu, amma uzun illər islahatla bağlı yekdil qənaətin hasilə gəlməməsi də düşündürücüdür. Xüsusən, XX yüzilliyin əvvəllərində maarifçi və romantik mədəniyyətin təmsilçiləri, o cümlədən 1903-cü ildə İsmayıl bəy Qaspıralı, 1907-ci ildə Əli bəy Hüseynzadə bu xüsusda öz açıq mövqelərini ortaya qoymuşdular.
Məhəmməd ağa Şahtaxtinskinin əlifba siyasətinə sərt və güzəştsiz yanaşan İsmayıl bəy Qaspıralı «Bədbəxtliyimizin səbəbi əlifbamızdır. Əlifbamızı təbdil lazım», – deyə yazan Məhəmməd ağa Şahtaxtinskiyə cavab verirdi: «Elm və maarifin üstündən keçib altına erişməmək, adama böylə şeylər yazdırır, qəzetəyə dərc və nəşr etdirir... Əlifba güclüyü bir səbəb isə 99 səbəb daha vardır. Bunları Məhəmmədağa Şahtaxtinski bilsə gərək! Bilməsə ayıbdır; amma bilib də mətləbi məxsusdan ötürü sətrediyorsa (məqsədli şəkildə ört-basdır edirsə) bu çox fənadır... Gərçi latın, rus və firəng əlifbaları daha yengildir; lakin, məsələ ətraflıca mülahizə olunsa, təbdil və təğəyyürə nə lüzum qalar, nə münasibət. Bilməm, nədən Tiflisin havasındanmı, suyundanmı, əlifba məsələsi həp Tiflisdən zühur ediyor...»
İsmayıl bəyin fikirlərini dörd il sonra Əli bəy davam etdirirdi: «Bilmiyorum bizim bu Qafqazda və bilxassə Tiflis şəhərində nə hal var ki, burada hər yerindən qalxan «millətin qabağa getməməsini» müsəlmanların əlifbasına, imlasına isnad edərək onların başına gətirdikləri oyun qalmıyor. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtınski həp Tiflisdə duruyorlar!.. Üç yüz milyon islamın əlifbasını, altmış, yetmiş milyon türkün imlasını... türkün, islamın mərkəzindən uzaq olan yuvalardan, birdən dəyişmək istiyorlar!»
Məhəmməd Hadi 1906-cı ildə «Hərgah lisanın, əlifbanın çətinliyi tərəqqiyə, təməddünə bir maneə etsəydi, maarif və mədəniyyətcə cahanı heyran edən yapon millətinə geridə qalmaq lazım gəlirdi», – deyə “Həyat” qəzetində yazırdı.
Xatırlatdığımız məqaləsində İsmayıl bəy Qaspıralı əlifbanın islahını deyil, təhsilin, məktəbin islah edilməsini önə çəkirdi. İsmayıl bəyə görə, «bizim azərbaycanlı radikallar Qafqasiyada məktəblərin təksirinə (çoxalmasına), proqramlarının islahına diqqət etmiş olsa idilər, maarifi-milliyyətimiz daha karlı olardı; amma radikallıq Avropada pək mötəbərdir və bizimkilər üçün dolab çevirməyə, dəyirman aylandırmağa (fırlatmağa) vasitədir».
Belə bir mövqe İsmayıl bəydən otuz dörd il əvvəl 1869-cu ildə «Hürriyyət» qəzetində dərc olunmuş bir yazısında Namik Kamal tərəfindən irəli sürülmüşdü: «erməni, rum və yəhudi çocuqları məhəllə məktəbinə girdikdən altı ay sonra özləri məktub yazmağa başlarlar. İkinci sənə matematikdən və üçüncüdə coğrafiyadan zorunlu olan şeyləri öyrənirlər. İndi bizim çocuqların yetənəkcə əskikliklərimi vardır ki, onlar kimi təhsil ala bilmirlər? Xeyir, çocuqların heç bir suçu yoxdur. Suç bütünüylə təhsil sistemimizdədir».
Lakin Namik Kamalın bu sözlərindən 13 il əvvəl rus missionerlərinin baş ildeoloqu Nikolay İlminski müsəlman məktəblərindən ərəb əlifbasını qaldırıb onu rus kiril əlifbası ilə əvəz etməyin vacibliyindən danışırdı, sadəcə danışmırdı, bu barədə Rusiya çarına təkliflər verirdi: «Müsəlman məktəblərində islam hərflərinin qaldırıb, onun yerinə rus hərfləriylə dərs oxudulmasına» dair Maarif Nazirliyi artıq qanun da çıxarmışdı. İsmayıl bəy Qaspıralı yazırdı ki, «Müsəlmanlar öz əlifbalarını müqəddəs və möhtərəm tanımaqdadırlar. Bu hərflərlə bizim əziz «Quran»ımız yazılıdır. Bu sayədə müsəlmanlar, hər yerdə hər qövmdə bir əlifba qullanıyorlar və bir əlifba sayəsində Quranlarını oxumaqdadırlar. Əlifbanı dəyişdirmək İlminski davasının məqsədləri üçün pək gözəl olacaqdı. Lakin bunun qəbulu müsəlmanlar üçün intihardan başqa bir şey deyil».
Qəribədir, əlifba islahatını 1855-56-cı illərdə Kazanda xristian missioneri İlminski (1822-1891), 1857-ci ildə Qafqazda Mirzə Fətəli Axundov (1812-1878), 1879-cu ildə Məhəmməd ağa Şahtaxtinski, 1869-cu ildə «İslam aləminin cəhaləti və irəliləyə bilməməsi əlifbanın ayıbıdır. Müsəlmanların gücsüzlük və yoxsulluğu əlifbanın ayıbıdır. Yolların pozuqluğu, məmnuniyyətsizlik, ədalətsizlik, mərhəmətsizlik əlifbanın ayıbıdır», – deyə gəvəzə-gəvəzə danışan İrandakı erməni dönməsi Mirzə Melküm Xan (1833-1908) israr edir. Buna rəğmən, əlifbada deyil, təhsildə köklü islahatlar aparılmasını İstanbulda Namik Kamal, Krımda İsmayıl bəy Qaspıralı, Bakıda Əli bəy Hüseynzadə, Məhəmməd Hadi təkid edir...
Türkoloji qurultayda da oxşar məsələləri qabardan nümayəndələr vardı, xüsusən, tatar nümayəndələrindən biri 500 illik yazılı ədəbiyyatdan ayrı düşməyin faciəvi sonuclarından nigaranlıqla bəhs edirdi və bu məsələyə münasibət bildirən özbək Rahim İnoqamov, «belə getsə, başqaları tərəfindən dinçi adlandırılacaqlarından» ehtiyat edirdi. Tatar nümayəndənin qabartdığı 500 illik yazılı mədəniyyətə diqqəti cəlb edən çıxışını çox nikbin məqamlar üzərində quran Sultan Məcid Əfəndiyev bildirirdi ki, bütövlükdə həmin ədəbiyyatın yenidən nəşr olunması üçün bir zirehli gəminin hazırlanmasına lazım olan xərc qədər vəsait lazımdır.
Latınçılarla ərəbçilərdən fərqli olaraq yakut Baraxov deyirdi ki, biz müsəlman deyilik. Ona görə də bizim ərəb əlifbası ilə əlaqədar heç bir problemimiz yoxdur. Digər tərəfdən adlarımız belə artıq türk adları deyil: İvan, Sergey... adlanırıq. Vacib olan məsələ ümumtürk əlifbası barədə vahid qənaətə gəlməkdir.
Qalimcan İbrahimov isə bir qədər ehtiyatla olsa da, öz türkçü mövqeyini açıq ifadə edirdi: Vahid əlifbaya keçid türkləri mədəni sferada birləşdirəcəkdi.
1928-ci ildə Türkiyə hərf inqilabına başlayanda Əli Nazim də Q. İbrahimov kimi bunu Kazan, Türkiyə, Qırğız, özbək, yakut, çuvaş, ümumilikdə isə bütün türkləri birləşdirə biləcək bir hadisə kimi dəyərləndirir və pantürkist bir ovqatla məsələyə öz münasibətini bildirirdi.
Ümumiyyətlə, türk xalqlarının vahid əlifba seçimi ilə bağlı görüşlər birmənalı deyildi və Türkoloji Qurultayda həmin nəzər nöqtələri belə ifadə olunmuşdu: “Məlumdur ki, bu məsələdə bir-birinə zidd iki mövqe vardır: bir mövqe belədir ki, ərəb əlifbasında islahat aparılmalı, digər mövqeyə görə isə bütövlükdə latın qrafikasına keçilməlidir. Təəssüf ki, bu mübahisələrdə orta xətt mümkün deyildir. Burada yalnız belə bir düstur mümkündür: “Ya o, ya da bu”, yaxud başqa bir düstür: “Həm o, həm də bu”. “Ya o, ya da bu” düsturunu Azərbaycan, Qafqazın bütün respublikaları, Özbəkistan, Qırğızıstan, Dağıstan, Türkmənistan, Yakutiya, Şimali Qafqazın muxtar vilayətləri: Qaraçay, Balkar, Kabardin, İnquş, Çeçen, Adıgey-Çərkəz, Osetin... nümayəndələrinin mövqeyini ifadə edən və Qorxmazov tərəfindən oxunmuş qətnaməyə, daha doğrusu, yalnız türk-latın qrafikası ideyasına qurultayın 131 nümayəndəsindən — 101 nəfəri, Başqırd nümayəndə heyəti tərəfindən irəli sürülmüş və qurultayın işində xeyli dərəcədə aktiv və açıq çıxışları ilə diqqəti cəlb edən Şərəf Qalimcanın “Həm o, həm də bu” düsturunu, yəni həm islah olunmuş ərəb əlifbası, həm də latın qrafikası ideyasını isə yalnız 7 nümayəndə dəstəkləmişdi.
Türkoloji qurultayın bu gün çoxlarımıza bəlli olmayan siyasi gizlincləri də vardı. Türklərin latın qrafikasına keçməsi Moskvada hətta Lenini qayğılandırırdı. Ağamalıoğlu ilə söhbətində Mərkəzi İcraiyyə Komitəsi sədrinin ərəb yazı sistemindən latın qrafikasına keçidin zəruriliyi barədə fikirlərini dinləyən Lenin: “Bəs kəndlilər bu işə necə yanaşır?” – deyə soruşmuşdu. Ağamalıoğlu isə cavab vermişdi ki: “Kəndlilər bu işə yaxşı münasibət bəsləyir”. (Türkoloji qurultayın onuncu iclasında Şərəf Qalımcan “Kəndlilər bu işə yaxşı yanaşır deyən Ağamalıoğlu özü bu məsələyə tərəddüdlə yanaşmırmı?” – deyə soruşurdu).
Türkoloji qurultay türk xalqlarının mədəniyyəti, tarixi, təşəkkülü məsələlərini ehtiva etməklə yanaşı, eyni zamanda, kifayət qədər həyəcan doğuran başqa məsələləri də həll etməliydi. Qurultaydan öz milli kimliyinin müəyyənləşdirilməsini tələb və xahiş edən oyrat Sobaşkinin çıxışı bu mənada çox təsirliydi. Sobaşkin: “Bu qurultayda iştirak edənlərin bir çoxu öz milli kimliyini, əslini tanımır, onlardan biri də mənəm. Türkoloji qurultay bizim milli kimliyimizi müəyyənləşdirməlidir”, – deyirdi.
Çuvaş nümayəndə Petrov rus işğalının fəsadlarından danışırdı: “Ən yaxşılarımızı məhv elədilər, orta təbəqə Novqorod və Pskova sürgün edildi, yerdə qalan qara camaatdır və mən həmin qara camaatın nümayəndəsiyəm”.
Türkoloji qurultayda, az qala, belə demək mümkündür ki, iki tərəf – səmimi türk ziyalıları və Kremlin milli siyasəti iştirak edirdi.
Ağamalıoğlu isə Türkiyə cümhuriyyətinin yaradılması ilə yeni əlifbanın qəbulunu türk xalqlarının tarixində iki böyük inqilabi hadisə kimi dəyərləndirirdi. Yeni əlifbanın qəbulunu Ağamalıoğlunun böyük inqilab adlandırması, əlbəttə, bir az əvvəl qeyd etdiyimiz kimi, Lenin tərəfindən gələn bir qiymət idi. Lenin Ağamalıoğlu ilə həmin söhbətindən sonra latın qrafikasına keçidi “şərqdə inqilab” adlandırmışdı.
SSRİ-də yaşayan türklər, əsasən, 1927-ci ildən 39-40-cı illərə kimi ərəb əlifbası əvəzinə latın qrafikasından istifadə etdilər. 30-cu illərin sonundan etibarən türk xalqlarının əlifbası yenidən dəyişdirildi, daha doğrusu, təcavüzə məruz qaldı, ənənəvi rus – kiril əlifbası türklərə tətbiq olundu. SSRİ-də türk millətinə qarşı hakimiyyətin yürütdüyü siyasətin mahiyyəti barədə düşünəndə ortaya müxtəlif suallar çıxır. Nə üçün birbaşa kiril əlifbasını tətbiq etmədilər? Bu sualın da, məncə, ən dəqiq cavabını yenə də türkoloji qurultayın materialları arasında axtarmaq lazım gələcək. Tatarıstanlı nümayəndə Şərəfin qurultaydakı çıxışları xeyli düşündürücüydü. Şərəf Qalimcan Kremlin siyasətini anlamış kimi görünürdü. Professor Cirkovun və Yakovlevin latın qrafikasının üstünlüyü barədəki mülahizələrinə cavab olaraq Şərəf onların müxtəlif mətbuat orqanlarında yazdıqları və “Rus əlifbası elə üstünlüklərə malikdir ki, belə üstünlüklər latın əlifbasında yoxdur”, – şəklində ifadə olunmuş fikirlərini xatırladaraq əlavə edirdi ki, bu adamlar məqamına görə müxtəlif sözlər danışır və məqsədləri də ərəb şriftini sındırmaqdan ibarətdir. Yaxud, kumık Xonin Kosıyevin çıxışında diqqəti cəlb edən belə bir məqam vardı: “Çoxları rus əlifbasını qəbul etməyin mümkün olmadığını dedi. Çünki bu əlifba elə bir xalqa məxsusdur ki, keçmişdə bu xalqın hakimiyyətinin simasında bizim milli azlıqlarımız əzab çəkmişdir”.
Türkoloji Qurultayın iclasında kifayət qədər aktual məsələlər müzakirə olunmuşdu, hədsiz dərəcədə maraqlı məruzələr oxunmuşdu və həmin məruzələrdə diqqəti cəlb edən çoxlu ciddi məqamlar vardı. Adamlar fikirlərini ifadədə sərbəstdilər, hələlik heç kəsdə qorxu hissi yoxdu.
Türkoloji Qurultayda ilk elmi məruzə Bartoldun “Türk xalqları tarixinin öyrənilməsinin müasir vəziyyəti və cari vəzifələri” ilə əlaqədar oxuduğu məruzə idi. Məruzə səksən ildən sonra da maraqla mütaliə ediləcək bir səviyyədədir, elmi düşüncənin və türk mədəniyyətinə sevginin dərəcəsinə görə də cazibədardır. Bartold 1926-cı ildə (!) deyirdi ki, türklər islam dinini müsəlmanların heç bir təzyiqinə məruz qalmadan qəbul ediblər, türklərin islam dinini qəbul etməsi islama xeyir gətirdi, islam digər dünya dinlərini – buddizmi və xristianlığı üstələyir, dünyada başqa dini qəbul etmiş heç bir müsəlman xalqına rast gəlinmir, amma biz çoxlu xristian və buddist xalqlar tanıyırıq ki, islamı qəbul etmişlər. Bartold Mahmud Kaşğarlı və Əfrasiyab haqqında, türklərin dünya mədəniyyətindəki yeri və xidmətləri barədə danışırdı.
Borozdin Çingiz xanın hərəkatını böyük mədəniyyət faktı olaraq dəyərləndirir, az qala, Çingizin təəssübünü çəkəcək bir dərəcədə və ona heyran bir üslubda danışırdı. Qubaydulin türk xalqlarının tarixşünaslığı barədə məruzəsində Abasqulu ağa Bakıxanovun “Gülüstani İrəm” əsərinin Avropa tarix elminin prinsipləri və metodologiyası ilə yazıldığını bildirirdi, məşhur rus etnoqrafı, arxeoloqu, sonralar Altay yörəsində məşhur Pazırıq xalçasının kəşfi ilə məşhurlaşmış professor Sergey Rudenko Aralıq dənizindən Asiyanın şimal şərqinəcən, Tyan Şan və Pamirdən Volqa boyuncan böyük bir ərazidə — arealda yaşayan və türk dilində danışan milləti daha geniş bir etnoqrafik müstəvidə tədqiq etməyin vacibliyindən bəhs edirdi, Macarıstan Elmlər Akademiyasının akademiki, professor Dyula Mesaroş Anadolu və Balkan türklərinin etnoqrafiyası, türklərin təşəkkül tarixi barədə danışır və antropoloji tədqiqlərin zəruriliyini vurğulayırdı, professor Miller türk xalqlarının təsviri incəsənəti və əsasən türk ornamentləri haqqında mülahizələrini söyləyirdi, elə həmin qurultaydaca Ryuminin ölkəşünaslığın ağsaqqalı deyə vəsf etdiyi Oldenburq qurultay iştirakçılarını ölkəşünaslığın böyük və tarixi əhəmiyyətini anlamağa çağırırdı, Mentsel Avropa alimlərinin əsərlərinə istinad edərək Anadolu və balkan türklərinin ədəbiyyatlarının öyrənilməsinin perspektivləri barədə söhbət açırdı, hətta erməni Açaryan öz məruzəsində belə bir ibrətli mülahizə söyləyirdi ki, türk dilinin erməni dili üzərindəki təsiri çox böyükdür, bəzən ermənicə elə bir cümləyə rast gəlirsən ki, bütövlükdə türk sözlərindən ibarət olur və s...
Qurultayın işində professor Bəkir Çobanzadənin fəaliyyəti daha əhatəli görünürdü. Çobanzadə qurultayda bir sıra çıxışlar etmişdi. “Türk ləhcələrinin yaxın qohumluğu”, “Elmi terminologiya sistemi” məruzələrinin müəllifi Çobanzadəydi. Bu məruzələr Çobanzadənin dünya türkoloji mühitində nüfuzunun yüksəlməsinə güclü təkan verdi.
Türkoloji qurultayın ən mötəbər qonağı, şübhəsiz ki, münasibətlərdən də göründüyü kimi, Əli bəy Hüseynzadəydi. Qurultay tərəfindən Daniya Kral Elm Cəmiyyətinin prezidenti, run yazılarının sirrini açan Vilhelim Lüdviq Tomsen, Peterburq Akademiyasının üzvü məşhur Marr, SSRİ xalq maarif komissarı Lunaçarski və Əli bəy Hüseynzadə fəxri rəyasət heyətinə seçilmişdilər. Əli bəy türkoloqlar arasında Tomsenlə, siyasilər arasında Lunaçarski ilə bir sırada dəyərləndirilirdi. Hüseynzadənin uzun fasilədən sonra Bakıya gəlişi Azərbaycan cəmiyyətində dərin təəssürlər oyandırmışdı və Bakının bütün elmi və ədəbi camialarında Əli bəyin şərəfinə müsamirələr və ziyafətlər təşkil olunmaqdaydı, qəzetlər daha çox onun barəsində yazırdı, onu bu arada Azərbaycan Yazıçılar Cəmiyyətinin fəxri üzvü seçmişdilər... Əli bəy Hüseynzadə Türkoloji Qurultayda yalnız sonuncu iclasda çıxış etmişdi. Əlibəyşünasların rəyi belədir ki, elə həmin il Bakıda nəşr olunan «Qərbin iki dastanında türk» əsəri Əli bəyin qurultaydakı məruzəsinin mətnidir. Əli bəy bu məruzə barədə qeydlərini «Bir toplantıda Mustafa Quliyev nitq söylədi. Fuad Köprülü onu tamamladı. Ağamalıoğlu Mustafa Kamal Paşanın səhhətinə içdi. Sarabski musiqi ilə Mustafa Kamal Paşa şarkısını söylədi. O sırada mən də nitqimi verdim» şəklində ifadə edib. İstanbula, həyat yoldaşı Ədhiyyə xanıma yazdığı 14 mart 1926-cı il tarixli məktubda isə məruzə ilə bağlı belə bir məqam var: «Bir həftə əqdəm Türkiai (türcologie) qurultay qapandı. Şimdi bənim söylədiklərim daha təfsilatlı olaraq bir kitab şəklində təb olunacaqdır. Bir qaç günə qədər bitəcək».
Bir sıra tədqiqatlarda ardıcıl olaraq təkrarlanan, bir kitabdan digərinə ötürülən belə yanlış məlumatlar verilir ki, guya türkiyəli Ənvər Paşa Türkoloji Qurultayda iştirak edib, çıxışı beynəlmiləl əhvallı nümayəndələr tərəfindən yarımçıq kəsildiyindən, inciyərək Bakını tərk edib. «1926-cı il I Bakı Türkoloji Qurultayı. (Stenoqram materialları, biblioqrafiya və foto-sənədlər)» kitabına Ön söz yazan müəlliflər isə «Ənvər Paşanın qurultayda iştirakı»nı xatırladırlar. Mümkün deyildi, sadəcə, ona görə ki, Ənvər Paşa 1926-cı ildə artıq dörd il idi ki, dünyada yox idi. Bildirilən hadisə isə Ənvər Paşanın iştirak etdiyi başqa bir qurultayda — III İnternasionalın qərarı ilə 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq Xalqlarının Qurultayında baş vermişdi. Ənvər Paşanın sözünü kəsənlər, danışmasına imkan verməyənlər isə Qurultaya Türkiyədən gələn nümayəndələr olmuşdu. Yeri gəlmişkən, Ənvər Paşanın da əlifbayla bağlı fərdi qənaətləri vardı. Əhməd Temir «Dış türklərdə dil və yazı» əsərində bildirir ki, Ənvər Paşa, ərəb əlifbasını bəsitləşdirərək sait səsləri göstərən və hərflərin bitişmədən yazıldığı Ənvəriyyə adı verilən bir yazı şəkli yaratmışdı. Amma bu işin Birinci Cahan hərbinə – Türkiyə tarixinin ən ziddiyyətli və gərgin dövrünə təsadüf etməsi və Türkiyənin Cahan savaşından məğlub çıxması Ənvər Paşanın yazı islahatını səmərəsiz etdi. Sonralar Kazan tatarları bu işə təşəbbüs etdilər. Kazanlılar hərflərin hər birinə ayrıca şəkil verərək ərəb əlifbasını islah etdilər. Ənvər Paşa tərəfindən başlanmış, Kazan Tatarları tərəfindən gəlişdirilmiş bu layihəni 1923-cü ildə özbək, qazax və qırğızlar da yazılarına tətbiq etdilər. (Ahmet Temir)
***
Türkoloji Qurultayda yeni əlifba haqqında, türk dillərinin və türk dilinin başqa dil ailələri ilə əlaqələrinin öyrənilməsi haqqında, ana dilinin tədrisi metodikası haqqında, «Türk xalqları tarixini öyrənməyin müasir vəziyyəti və cari vəzifələri» məruzəsi üzrə, ölkəşünaslıqla bağlı məruzələr üzrə, türk dillərinin orfoqrafiyası haqqında, təşkilat komissiyası barədə, türk dillərində elmi terminologiya sistemi haqqında qətnamələr, eləcə də etnoqrafiya komissiyasının qətnaməsi qəbul edilmişdi. Qurultay latın əlifbasının ərəb əlifbasından üstün olduğunu elan etmişdi, türk dillərinin elmi qrammatikasının və lüğətinin tətbiq olunmasını qərara almışdı, arxeoloji tədqiqatların keçirilməsi, xarici müəlliflərin türkologiyaya aid əsərlərinin nəşri, salnamələrin toplanması, ölkəşünaslığın inkişafı ilə əlaqədar işlərin görülməsi, türk dillərinin orfoqrafiya lüğətini yaratmaq, türkolojiyə aid olan bütün materialların toplanıb siyahıya alınması, hər bir türk respublikasında elmi terminlər lüğətinin yaradılması və s. barədə qərarlar qəbul etmişdi.
***
Türkoloji Qurultay XX əsr Azərbaycan elmi-mədəni həyatının parlaq bir mərhələsini təşkil edir. Ötən yüz il ərzində Azərbaycanda bu miqyasda və türkolojinin bu qədər vacib problemlərini çözən oxşar bir elmi hadisəyə təsadüf olunmur.
“Ədəbiyyat qəzeti”,
17 noyabr 2005
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!