Qədim türk yaradılış əfsanəsində Novruz elementləri - Orxan İsayev

 

Orxan İsayev

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun elmi işçisi, dissertant

 

Novruz yayılma arealına görə bütün dünyada ən nadir qeyri-dini bayramlardan biri, bəlkə də birincisidir. Bu bayram Şərq yarımkürəsində yaşayan xalqların əksəriyyəti tərəfindən qeyd edilir. Elə bu səbəbdəndir ki, Novruzun mənşəyi, tarixi və daşıdığı simvolik məna ilə bağlı istənilən qədər fərziyyəyə, mülahizəyə rast gəlmək olur. Bu bayramı qeyd edən hər bir xalq onu özününküləşdirmək üçün Novruza müxtəlif cür don geydirməyə cəhd edir. Kimi bu bayramın dini əhəmiyyət daşıdığını qabardır, kimi mifologiya ilə əlaqələndirir, kimi də hansısa əfsanəvi hökmdara bağlayır. Bəzən Novruzda olan ritualların, müxtəlif elementlərin zənginliyi, təbiət və insan münasibətlərinin dərin fəlsəfi mənası bu qədim bayrama müxtəlif aspektdən yanaşma imkanı verir. Lakin Novruz bayramı türk xalqlarında olduğu qədər heç bir xalqın adət-ənənəsinə, dini-mifoloji inancına və hətta dünyanın və insanın yaradılışı haqqında ibtidai düşüncəsinə uyğun gəlmir. Qədim Çin mənbələrindən tutmuş, orta əsr müəlliflərinə qədər bahar bayramının türklər arasında təmtəraqla qeyd edilməsini təsdiq edən kifayət qədər məlumatlar mövcuddur. Türk xalqlarının folkloru tədqiq edildikcə Novruzla bağlılıq daha qabarıq şəkildə özünü büruzə verir. İstər islamaqədərki, istərsə də islamdansonrakı əfsanə, dastan və rəvayətlərin böyük əksəriyyətində Novruz motivlərinə rast gəlinir. Bayramın mənşəyini tədqiq edən alimlərin bir çoxu Novruzu “Ərgənəkon” dastanı ilə əlaqələndirir. Türklərin uzun müddətdən sonra yaşadıqları ərazidən çıxıb geniş coğrafiyaya yayıldıqları gün, yeni gündür, Novruzdur. Professor Bəhlul Abdulla Novruzun əski zamanlarda Ərgənəkon bayramı adlanmasını da bununla izah edir. Sözsüz ki, Ərgənəkon türk mifoloji düşüncəsində önəmli yer tutur. Lakin bu dastan yaradılış haqqında yox, bir xalqın Yer üzərinə yayılması haqqındadır. Törəyiş dastanıdır. O zaman belə bir sual yaranır. Türk xalqlarının folklorunda təsadüf edilən yaradılış əfsanə və dastanlarında Novruz elementləri və yaxud bu bayrama hər hansı bir işarə varmı? Bu suala qətiyyətlə müsbət cavab vermək olar. Bunun üçün Misir Türk Məmlük dövlətinin türk əsilli tarixçisi Süleyman bin Abdullah Aybək əd-Dəvadarinin “Dürər üt-Tican və Qürər-ü Təvarixiz-zaman” və “Kənz üd-Dürər və Cami ül-Qürər” adlı əsərlərinə müraciət etmək kifayətdir. Dəvadari adı çəkilən əsərlərində türklərin “Ulu Ay Ata” adlı yaradılış əfsanəsi haqqında geniş məlumat verir. Misir tarixçisinin yazdıqlarından aydın olur ki, ilk türk kişisi Ulu Qara Dağ adlanan dağın zirvəsindəki mağaraya sel sularının gətirdiyi palçığın yığılmasından sonra yaranıb. Aybək Dəvadari yazır: “Deyilənlərə görə, Qara Dağda böyük bir mağara var idi. Dağın dibindən onun olduğu yerə çatana qədər yeddi gün vaxt keçərdi. Mağaranın yolu çox təhlükəli idi, hamar deyildi. Qəhrəman və güclü insanlardan başqa kimsə o mağaraya yetişə bilməzdi. Zamanın başlanğıcında, günlərin bir günü güclü sel oldu. Sel suları palçığı gətirib Qara Dağdakı mağaraya doldurdu. Palçıq insan qəlibində olan yarıqlara doldu. Günəş Saratan (Xərçəng) bürcündə, ulduzunda ən yüksək nöqtədə idi. Bu Qara Dağın zirvəsindəki mağarada insan vücudu kimi bir yerdə palçıq; Günəş, külək, su və torpaq (dörd ünsür) insan şəklinə çevrildi. Türklərin atası Ulu Ay Ata zamanın başlanğıcında 9 ay sonra bu şəkildə həyat tapdı. Ulu Ay Ata yazın başlanğıcında, yəni Qoç bürcündə yarandı”. Əfsanəyə görə, bir müddət sonra həmin mağarada yenə dörd ünsürün iştirakı ilə daha bir insan – ilk türk qadını yaranır. Bu dəfə Günəş Qız bürcündə olduğu üçün o qədər də güclü olmur və bu səbəbdən Ulu Ay Ana Ulu Ay Atadan zəif yaranır, onun qədər güclü olmur.

Aybək Dəvadarinin səyi nəticəsində bu gün əlimizdə olan “Ulu Ay Ata” əfsanəsində diqqət etməli olduğumuz bir sıra məqamlar var ki, açıq-aşkar Yeni gün bayramına işarədir. Birincisi, ilk türk insanının yarandığı fəsilə diqqət yetirək. Yazın əvvəlləri və Qoç bürcü. Astroloji sistemə görə Günəş yaz ekinoksuna (gecə və gündüzün bərabər olduğu gün) mart ayının 20-si 21-i aralığında daxil olur. Türk xalqları əsrlərdir Novruz bayramını məhz bu tarixdə qeyd edir. İlin bu gününə türklərin nə qədər böyük əhəmiyyət verdiyi əfsanədən bir daha aydın olur. Ulu Ay Ananın ilin başqa bir günündə yaranması onu Ulu Ay Atadan zəif edir. Yəni, qadın kişi qədər güclü yaradılmır. Deməli, türk mifoloji inancına görə, məhz yazda gecə ilə gündüzün bərabər olduğu gün ilk və ən güclü insan yaradılıb.

Türklərə görə, ilk insan palçıqdan yaranıb və dörd həyat ünsürünün köməyi ilə 9 aydan sonra canlanıb. Bu dörd ünsür türklər kimi digər xalqların da mifologiyasında önəmli yer tutur. Hava, od, su və torpaq birmənalı şəkildə həyatın mənbəyi hesab olunur. Belə bir məqamda Novruz bayramına qədər qeyd edilən çərşənbələrin adının və mahiyyətinin xatırlanması yerinə düşür. Söz yox ki, bu günə qədər çərşənbələr haqqında çox yazılıb, çox deyilib. Lakin “Ulu Ay Ata” əfsanəsi ilə bu çərşənbələrə başqa prizmadan da yanaşmaq imkanı yaranır. Belə ki, indiyə qədər çərşənbələri təbiətin oyanması kimi simvolizə edirdiksə, artıq ilk insanın yaradılışı zamanı su, od, hava (yel) və torpağın oynadığı mühüm rol və onların hər birinin çərşənbələrdə əks olunması amili də nəzərdən qaçmamalıdır. Dörd ünsürün qarşılıqlı təması nəticə olaraq ilk insanı – Ulu Ay Atanı həyata gətirdi. Çərşənbələrin bir-birini izləməsinin sonu da Novruz bayramı ilə nəticələnir. Yeni gün, yeni həyat sudan, oddan, havadan və torpaqdan yaranır. Yeni insan kimi.

Əfsanəyə görə, Ulu Ay Ata vəfat edəndən sonra övladları onun nəşini həmin mağarada da dəfn edir və hər il bu mağaranı kütləvi şəkildə ziyarət edirlər. Xüsusi günlərdə Ulu Ay Atanın dəfn olunduğu mağaraya gəlir, müxtəlif ayinlər icra edirlər. Mağara bir növ qədim türklər üçün müqəddəsləşir. Bu amil Ərgənəkon dastanında və Göy türklərə aid edilən bir sıra əfsanələrdə də özünü göstərir. Türkiyəli alim Necati Dəmir yazır ki, illər öncə Novruz bayramı haqqında araşdırma apararkən Göytürk kağanlarının, bəylərinin Novruzda Ata mağaralarına getdiklərini, orada müxtəlif mərasimlər keçirdiklərini, qurbanlar kəsdiklərini oxumuşdum. Professor qeyd edir ki, İmranlının Dəmirdaş kəndində sakinlər baharın ilk günündə kənddəki mağaraya gedir, dualar edirlər. “Ulu Ay Ata” əfsanəsi ilə tanış olduqdan sonra mağaranı ziyarət etmək adətinin haradan qaynaqlandığı bizə məlum olur. Fikrimizcə, qədim türklər mağaranı sadəcə mağara olduğu üçün deyil, əcdadları orada uyduğu üçün ziyarətgaha çevirir və Novruz bayramında o yeri ziyarət edirlər. Bu adət Azərbaycan türkləri arasında da yaşayır. Xalqımız Novruzda qəbiristanlıqlara üz tutur, dünyasını dəyişmiş yaxınlarının məzarlarını ziyarət edirlər. Bəziləri bunu dinlə əlaqələndirməyə cəhd göstərir. Lakin İslamda Novruz bayramı və onun adətləri ilə bağlı heç bir qanun və ya göstəriş yoxdur. İslam dini dünyadan köçən insanların məzarlarını ziyarət etməyi təqdir edir, lakin bununla bağlı xüsusi bir vaxtın, günün olduğunu demir. Türklər isə Novruz bayramında doğmalarının məzarına baş çəkməyi bayramın əsas əməllərindn biri kimi icra edirlər. Çünki mifoloji düşüncədə bu gün, yəni Novruz əcdadlarının yaranması, türklərin xalq kimi artması, dünyaya yayılması günüdür.

Novruz türklərin ən qədim bayramlarından biridir. Əsrlərdir qeyd olunan bu bayrama müxtəlif xalqların və dinlərin təsiri də danılmazdır. Atəşpərəstlik elementləri, islami ünsürlər, qonşu xalqların mədəniyyətində, folklorunda olan adətlərin müasir Novruz bayramında əks olunması ictimai-siyasi, mədəni əlaqələrin nəticəsi hesab olunmalıdır. Lakin bütün bunlar Bahar bayramının türklərə məxsusluğunu şübhə altına salmır, əksinə türk folklor nümunələri “Novruz qədim türk bayramıdır” deyimini birmənalı şəkildə təsdiqləyir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!