Dünya bir sirli nəğmədir - Gülhüseyn Kazımovun özü və sözü üzərinə notlar - Əsəd CAHANGİR

Əsəd CAHANGİR

 

 

Tanınmış şair və kulturoloq, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımovun "Şuşaya o qədər yağış yağmışdı" şeirlər kitabının fevralın 17-də AYB-nin Natəvan klubunda təqdimatı oldu və biləndə ki, bu, artıq ikinci min ildir (!) üzvü olduğu yaradıcılıq qurumunda müəllifin ilk belə yığıncağıdır, təəccüb elədim. Axı, söz konusu sıradan biri deyil, dörd ali məktəb bitirən, uzun illər çoxsaylı dövlət işlərində çalışan, bədii və kulturoloji olmaqla iyirmi beş kitabı işıq üzü görən, sayılıb-seçilən bir imzadır. Onun ünlü maarifçi Əsgər ağa Goraniyə dair min bir çətinliklə əldə elədiyi sənədlərə söykənən, ədibin indiyəcən adı olub, özü əldə olmayan "Qocalıqda yorğalıq" vodevilini ortaya çıxaran "Qaranlıqdan işığa" kitabı yetərdi ki, Natəvan klubunda yaxınlar-uzaqları da başına yığıb, bir törən düzənləsin və "zəhmətimə dəyər verin" desin. O isə iyirmi dörd dəfə bunu eləməyib, əgər yaxın çevrəsi - kitabın düzənçisi və naşiri Turan İbrahim, redaktoru Kənan Hacı, eləcə də qələm dostu Maşallah Məftunun təkidi olmasaydı, bəlkə, iyirmi beşinci dəfə də eləməyəcəkdi.

G.Kazımlı Cəbrayılın Kovdar kəndində anadan olub və "Şuşaya o qədər yağış yağmışdı" kitabı şairin öz ata yurdunun işğaldan azad edilməsinin birinci ildönümündə Prezident İlham Əliyevlə Cəbrayılda çəkdirdiyi foto ilə açılır. Fotoda cənab Prezident həmişəki özünəməxsus təbəssümü, qətiyyət və inamlı baxışları, Gülhüseyn müəllim isə üzündəki məmnun, bir az da yoğrun ifadəylə əbədiləşiblər. Bu qiymətli foto öz nəzakət və səmimiyyəti ilə seçilən dövlət başçımızın elm-sənət adamlarına sayğısının ifadəsidir. Amma söhbətə şəkillə başlamağım bu məlum gerçəyi xatırlatmaq üçün deyil. Bəs, onda nə üçündür? Oxuyacağınız yazı öz mahiyəti etibarilə bu sualın cavabından ibarətdir.

Seçiminə qədər ziyalıdır və ziyalı xarakteri onun haqqı yetən bir çox şeyləri əldə eləməsinə az mane olmayıb. Bu məntiqidir - xarakter varsa, insana mane olmalıdır. Bunu ustad şair Məmməd Araz ilk şeirlərini yazan Gülhüseynə uğurlu yol arzuladığı, Pedaqoji İnstitutun "Gənc müəllim" qəzetində dərc olunan "Şeirin dayaq nöqtəsi" adlı yazısında hələ 35 il öncə belə qeyd edirdi: "Arzu edirik ki, onun özündən narazılığı, təvazökarığı, özünə qapanıb qalmağa deyil, ağır zəhmətə, yüksək poetik düşüncələrə xidmət eləsin." Mənə elə gəlir ki, Gülhüseyn gənc bir şair kimi o "dayaq nöqtəsini" hətta ustadın özündə də tapa bilməyib və onun sonralar şeirdən elmi-publisist fəaliyətə keçməsi səbəblərindən biri, olsun ki, budur. Bu gün əlimizdə olan isə "Şuşaya o qədər yağış yağmışdı" kitabıdır və indi giley-güzarı bir yana qoyub, əldə olandan danışmaq istəyirəm.

***

Söz kökü üstə bitər və kitabdakı şeirlər şairin həm folklor, həm divan şeiri, həm də romantik poeziya ilə dialoquna işarələr edir. Bu, məntiqidir. G.Kazımlı xalq dilimizin zənginliyini özündə yaşadan, muğamın beşiyi olan Qarabağda dünyaya göz açıb. Onun Şuşanın adını öz kitabının sərlövhəsinə çıxarması da mövzu arxasında gizlənmək, plakatçılıq, şüraçılıqdan uzaq olub, qutsal muğam beşiyimizə bir ömürlük bağlılığın ifadəsidir və muğam səsləşən şeir, qəzəl deməkdir. G.Kazımlı təbiətcə romantik, duyğusal adamdır və poeziya romantika deməkdir. Amma onun istər folklor, istərsə də, klassikaya yanaşması yaşadığı konkret zamanın mentallığlndan doğan özünəməxsus səciyyə daşıyır. Məsələn, xalq arasında hər hansı arzuya çatmağın mümkünsüzlüyünü göstərən "yuxunda görərsən", yaxud "heç yuxunda da görə bilməzsən" deyimlərini G.Kazımlı gənc yaşlarında yazdığı bir şeirində poetik yöndən belə emal eləyir:

 

Mən sənin yuxunda ağlar, gülərəm,

Sən nə ağlamazsan, nə də gülməzsən.

Mən sənin yuxuna xəlvət girərəm,

Məni yuxunda da görə bilməzsən.

 

"Yuxuna girərəm"

 

Zahiri əksliyə baxmayaraq, "yuxunda görərsən" və "heç yuxunda da görə bilmzəsən" deyimləri mahiyətcə bir medalın iki üzüdür, sadəcə, birincidə ironiya var. Şairin məsələyə yanaşmasındakı özünəmxəsusluq da elə bu ironiyadadır. Aşiq mümkünsüz olduğunu yaxşı bilə-bilə uşaqcasına "cahillik" eləyib, məşuqun yuxusuna girməkdən danışır - təcahüli-arifanəlik göstərir. Çünki yuxu idarəolunmaz, qeyri-ixtiyari psixoloji fenomen olduğundan, heç kəs hətta sevdiyi adamın da yuxusuna öz istəyi ilə girə bilməz. Odur ki, xalq deyimində başqasına yönələn ironiya şeirdə müəllifin özünə şamil olur, aqressiya öz yerini yumora verir, ironiya isə avtoironiya ilə əvəzlənərək önəmli dərəcədə yumşalır. İkincisi, müəllif fiziki ilə psixolojinin sınırını keçir, yuxuya girməkdən elə danışır ki, guya bir otağa, evə, ümumən harasa gerçək məkana daxil olmaqdan söz gedir. Nəhayət, əgər birinin yuxusuna girmisənsə, o səni necə görməyə bilər? Və sonucda bütün bu bədii yalanlar oxucunun dodağını qaçırır.

G.Kazımlı klassik divan şeirinə də epiqonçu kimi yanaşmır. Nəsimi yazırdı ki, mənim sözümü "heç kimsə... fəhm edə bilməz, bu quş dilidir, bunu Süleyman bilir ancaq." G.Kazımlı isə nəinki quş, hətta daşın da dilini bildiyindən söz açır:

 

Bir qalanın divarları səhərə kimi,

Nağıl dedi, nəğmə dedi, qəlbimə girdi.

Eston dilin bilməsəm də, başa düşürdüm,

Qala dili, nağıl dili hər yerdə birdir.

 

"Tallin"

 

Qala dili, nağıl dili, daş dili! Bunar gəlişigözəl metafora, nağıl, əfsanə deyil. Daşın dili sükutun, heç vaxt səsə çevrilməyəcək, yatmış, dərin trans durumunda olan düşüncənin dilidir və şairlik telepatik bir qabiliyyətlə onu sezməkdən başlayır. G.Kazımlının fikrincə, bu hamının və hər şeyin bir nöqtəyə cəm olduğu birliyin (tövhidin!) dilidr. Amma şairin sovet dönəmi üçün səciyyəvi materialist dünyagörüşü tövhidin əsl qaynağı olan metafizik sınırlara varmağa ona macal vermir. O, başacan yox, daşacan, həqiqətəcən yox, nağılacan gedir. Nağıl isə metafiizik həqiqətin xalq yaddaşında deformativ rəmzi-simvolik saxlancıdır. Qutsal Kitabın özünəməxsus batini təfsirinə söykənən Nəsimi "quş" deyəndə "səf-səf düzülən" mələkləri göz önünə alır, durmadan Quranı "zikr edən" bu metafizik varlıqların dilində yazdığını bəyan edir (Qurani-Kərim, "Əssəffat", 83; 1-2), əğyarın tənə və təzyiqlərindən qurtarmaq üçün rəmzlərin sətiraltı diliylə Allah-insanı vəsf elədiyinə işarə edirdi. İntibah şairinin bədii düçüncəsi insanın Allah və mələklərlə bir olduğu metafizik, əbədi "zamana" və cənnətəcən gedib çıxır. Çağdaş şair isə adam dilində yazır, uzaqbaşı daş dilində düşünür və onun düşüncəsi tarixin və təbiətin başlanğıcı olan daş dövrünəcən gedir. Onun cənnəti daşın, quşun, bir sözlə, təbiətin dilini anlamaq və varlıqla özünün metafizik yox, təbii-tarixi birliyini, məkan-zaman sınırlarındakı vəhdətini duymaqdan doğan mənəvi zövqdədir. Simvolik dillə desək, o, Aristotelin ünlü kitabxanasında fizikaya dair kitabları oxuyur, metafizika bölməsinə isə keç(ə bil)mir. 

Arisitoteldən söz düşümşkən, kökü antik filosofun "Estetika"sına gedib çıxan bir haşiyə çıxmaq istəyirəm. Sənətin elə bir paradoksal özəlliyi var ki, ustalıqla rəsm edilmiş eybəcərlik də gözəlliyə çevrilir. Bəxtiyar Vahabzadənin Mikelancelonun "Kədər" heykəlinə həsr elədiyi şeirində dediyi kimi, "özgəyə bir can verib İsaya sənət / Ölü cəsədinin canszlığında!" Mən antik filosofun nəzəri fikrinin konkret təsdiqi kimi bura üçüncü bir mövzunu da artırmaq istəyirəm - hətta cəhənnəm səhnələrinin məharətlə yaradılmış təsvirində belə cənnət zövqü duyulur. Siz, yəqin ki, Dantenin "Cəhənnəm"ini xatırladınız. Amma mən gənc Gülhüseynin Leninqrad blokadasının dəhşətlərini əks etdirən şeirindən, bütün tragik məzmunu ilə yanaşı, bu şeiri düzüb qoşarkən şairin keçirdiyi zövq qarışıq hiss-həyəcandan danışıram:

 

O gecə o evlər döyüşə girdi,

Gözünün qəzəbli yaşına imi.

O gecə o evlər döyüşə girdi,

Vuruşdu sonuncu daşına imi.

 

"Dağılmış evlərin monoloqu"

 

Təbiətin idillik mənzərələrinə vurğun və gözəllik peşincə qoşan G.Kazımlının şeirləri üçün romantik ovqat səciyyəvidir. Təsadüfi deyil ki, kitabdakı şeirlərdən biri romantik düşüncənin başlıca simvolu olan ay işığına həsr olunub. Aydındır ki, milli bədii fikrimizdə romantizmin öz qızıl erasını yaşadığı Cavid dönəmindən G.Kazımlını onillər ayırırdı. O, İkinci Cahan savaşı sonrasının cocuğu, kosmik uçuş və elmi-texniki inqilab erasının gənci olub və "yerə enməm də, səma şairiyəm" kimi inadkar romantik kreododan uzaqdır. S.Vurğuna xüsusi şeir ("Səməd Vurğun") həsr eləməsinə baxmayaraq, sovet dönəmi poeziyamızın bayraqdarına məxsus "inqilabi romantika" da ona yabançıdır. Hər halda, kitabda nə kommunizm idealı, nə də onun "romantikasına" dair şeir yoxdur.

G.Kazımlının romantizmi öz zamanına uyğundur. O, ay işığını "müqəddəslik", "ədalət", "məhəbbət" və "gözəlliyin" rəmzi kimi mənalandırsa da, elmi-texniki inqilabın sürətli sıçrayışıyla klassik romantik idealların aradan qalxması onun nəzərindən yayınmır. İnsan Aya enir və bu səma gözəlinin Yerdən nurlu görünən çöhrəsindəki ləkələri bütün genişliyi, çala-çökəkləri bütün dərinliyi ilə görür. Sən demə, Nizami düz deyirmiş, "ayı gendən görmək daha yaxşıymış." Amma şairin texnogen erada ay işığına sədaqətini qoruyub saxlayan tənhaları, təkləri ürək ağrısı ilə xatırlaması da gözdən qaçmır. Romantik idealların dirilməsiylə bağlı arzularının bütün şiddətinə baxmayaraq, şeir müəllifinin ağlı və qəlbi arasındakı qarşıdurma heç-heçə quratrır - o, ağlı ilə pealist, qəlbiylə romantikdir. Və beləcə, gələnəksəl romantizmə məxsus hiperbolizm, yerlə-göylə əlləşən mübaliğələrin "iynəsi vurulur", yüksək romantik doza şairin yaşadığı, bəzən məişət detallarınacan öz ifadəsini tapan konkret zamanın etkisi altında bəlli ölçüdə aşağı düşür və müəllifi "neoromantikə" çevirir.

 

Ay işığı bir adama borclu qalmayıb,

Heyif, ona saf inamı sındıranlar var.

Elkektrik işığına pulu olmayıb,

Öz evində ay işığı yandıranlar var.

 

Burda daha bir haşiyə çıxmaq istəyirəm. İnsan psixologiyasına məxsus bir yön var ki, o özünü - kənara çıxanda, hər şeyi - qıraqdan baxanda bilir. 60-cı illər 40 illik kommunist cəfəngiyatından sonra fərdi və milli anlamda özünüdərkə başladığımız dönəm idi - kəndimizə qayıdırdıq! G.Kazımlı nə qədər "Ey uzaq səfərlər, muradım, kamım/ Keçin arzu kimi, keçin qəlbimdən/ Nə vaxtı mən sizi arzulamadım/ Bilin ki o zaman qocalmışam mən/ - desə də, Hötenin ev muzeyi, Drezden şəkil qalereyası, Praqa, Tallin, Karlovı Varıya şeirlər həsr eləsə də, daxilən həmişə vətəndədir: Zaqrebdə Bakını, Tümendə Fərman Salmanovu yada salır; sonucda fikrən, ruhən (baş)kəndimizə qayıdır:

 

Doğma Bakı yağış kimi durulmaq üçün,

Nəğmə olub hər küçəndə axmaq gərəkmiş.

Doğma Bakı səni sevmək, vurulmaq üçün,

Sənə bir az ayrılıqdan baxmaq gərəkmiş.

 

"Doğma Bakı"

 

Və öz uşaqlığını, gəncliyini əbədi itirdiyi ("Çox uzaqda kiçik bir kənd", "Doğma yerlər") dəyirmanı ("Köhnə dəyirmanda keçən bir gecə"), yolu ("Kənd yolu"), otu ("Biçilmiş ot"), üzümü ("Kavdar üzümü"), çayı ("Araz vadisində"), quşu ("İsaq-musaq quşları"), insanı ("Kənd müəllimi") ilə birlikdə dünyaya göz açdığı Kavdar kəndinə dönür. Bununla da, öz dövri-aləm səyahətini başa vurur, əvvəllə axır birləşir, çevrə qapanır:

 

Çox erkən yaşımda çıxdım yollara,

Uzaqlar gözümə yaxın göründü.

Məni öz kəndimdən aparan yollar

Axırda yenə də kəndimə döndü.

 

"Kavdar kəndi"

 

Şair üçün unudulmaz xatirələrlə bağlı olduğu doğma yerlərin otuz illik ayrılıqdan sonra azad edilməsinin, onun cənab Prezidentlə birlikdə çəkdirdiyi fotoda üzündəki məmnunluq və yorğunluğun nə demək olduğu bu şeirlərdən sonra tam aydın olur. Doğma torpaqların geri qaytarılması ilə o, "körpə dincliyi", "uşaq nadincliyi", "ömrün gəncliyi"nə, bir sözlə, "əsl həyata" qayıdrıdı - məmnunluğu bundan irəli gəlirdi. Amma o, bu günü 30 il gözləmişdi - yorğunluğu isə bundan doğurdu.

 

***

Dünyada olan hər şeyin və hər kəsin, o sıradan hər şairin iki koordinatı var - məkan və zaman. G.Kazımlının məkan koordinatı onun kəndidir. Bəs, zaman? Onun bir insan kimi formalaşması 60-70-ci illərə - özünüdərk və özünəqayıdışdan doğan oyanış dönəminə düşürdü. Şeirlərindəki hər cür kədəri yuyub aparan bahar ovqatı, sevinc duyğusu, həyat nəşəsi də bu oyanışdan doğurdu. Şeir sehrli çubuq kimidir, onu kədərə toxundurub, sevincə, payıza, qışa vurub, bahara çevirmək olar. Şairin təkcə kənddə müəllimlik edən qardaşı İslam deyil, özü də bu sirlə-sehrlə dolu şeir havasında bütün fəsilləri bahar bilir:

 

Günəş doğar yer üzünə, şəfəq saçılar,

Bahar bilər fəsillərin hamısını o.

Səhər-səhər gözlərində günəş açılar,

Açıb girər bir sinifin qapısını o.

 

"Kənd müəllimi"

Kitabların fəsilləri, hər şairin isə bir fəsli olur. Baharda doğulan S.Vurğunun poetik fəsli bahar, yayda doğulan Puşkininki isə payız idi. İndi poeziyamızda payız ovqatı dəbbədir. Xalq Yazıçısı Elçin bu mövzuya həsr elədiyi məqaləsində çağdaş şeirimizdəki payız ovqatını hər cür kədərin yasaqlandığı sovet dönəminin çöküşündən sonra ümumbəşəri dünya kədərinə qayıdış kimi mənalandırır. G.Kazımlının zamanı isə bahardır və bu, "işıqlı gələcəyə" dair kommunist optimizmindən doğmur. Çünki onun poetik baharı da, bədii kəndi də siyasi-ideoloji deyil, fərdi-psixoloji səciyyə daşıyır. Kənd və bahar onun daxili cənnətinin iki göstəricisidir və bir-birindən ayrılmazdır - bahar onun kəndi, kənd baharı, ikisi bir yerdə kəndisi, özüdür. Məhz içindəki bahar havası hesabına onun şeirlərində (ömürlük!) ayrılığın özü belə zərif, akvarel hüzn qarışıq nikbin auraya bürünür. O dərəcədə ki hətta "ayrılıq" sözünə mətndə yer qalmır, o "sən bir nağıldasan, mən bir nağılda" şəklində daha yumşaq, daha evfemistik ifadə forması alır:

 

Nağıla bənzəyir o ilk görüş də,

Yaşar təmiz hissdə, uzaq xəyalda.

Nağıla köçmüşük biz özümüz də,

Sən bir nağıldasan, mən bir nağılda.

 

"İki nağıl"

 

Kitabda payız sözü bir neçə ("İlk payız... ilk durna qatarı", Payızın qızıl çağı", "Payız səxavəti", Payız nəğməsi") bahar isə cəmi bir dəfə ("Bahar havası") başlığa çıxır. Amma "Bahar havası"nda sözün birbaşa anlamında bahardan yox, qışdan söz gedir. "Musiqi çalınırdı/ Dünya ağappaq qardı/ Pəncərədən o yana/ Qış almışdı hər yanı/Pəncərədən bu yana/Bahar havası vardı"/ deyən şair çöldəki yox, içəridəki bahardan, özü də otağın içindəki yox, can evindəki bahardan, subyektiv fəsildən danışır. İkincisi, hansı fəsildən yazırsa-yazsın, G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir. Bu köklənmənin hesabına məkan anlayışı keyfiyyətcə çevrilməyə uğrayır, qürbət doğmalaşır, baharın ardınca qoşan durnalar özlərini dünyann heç yerində qərib hiss etmədiyi kimi:

 

Çox eldə dost kimi qanad saxlayar,

Qayğı da, qırğı da görüb durnalar.

Bir ömrü yüz yerdə yaşasalar da,

Olmayıb heç yerdə qərib durnalar.

 

"İlk payız... ilk durna qatarı"

 

Diqqət eləsək, bu parçada bədii fikir üç dəyişməyə məruz qalır: qayğı və qırğı daxili qulaq qafiyələri olmaqla zahirən səsləşir, bir misraya düzülürlər - bu, tezisdir; qayğı məhəbbət və nəvazişi, qırğı isə ölüm və aqressiyanı işarələməklə təzad yaradır, antoqonizmə çevrilirlər - bu, antitezisdir; bahar eşqinin, bahar həsrətinin olduğu yerdə təzad aradan qalxır, hər yer dost elinə çevriilir - bu, sintezdir. Hər dəfə yeniləşən fikir, sonucda barış ünvanına gəlib çıxır, əksliklərin mübarizəsi öz yerini onların vəhdətinə verir. Bu, metafizik vəhdətin şair düşüncəsindəki doğal ifadəsidir. Şair bu vəhdətin yerdəki işarələrini görsə də, klassik divan şairlərindən fərqli, işarələrdən o yana keç(ə bil)mir. Bu, əlbəttə ki, G.Kazımovun "suçu" olmaqdan daha çox taleyi idi. Onun doğulduğu, təhsil və tərbiyə aldığı sovet dönəmində ictimai şüurun bütün sahələrində olduğu kimi, bədii düşüncənin də "ana təbiətdən" o yana gedən yoluna materialsit düçüncənin qadağanedici nişanı qoyulmuşdu. Bu yoldakı işıqforun yalnız bir işığı varıydı - qırmızı!              

 

***

Mən yuxarıda "...G.Kazımlının şeirlərində daxili zaman bahar havası üstə köklənir" deyəndə "köklənmək" sözünü təsadüfən işlətməmişdim, çünki onun şeirləri musiqilidir və o, nəğməkar şairdir. Bunu deyəndə onun şeirlərinə Ş.Axundova, O.Rəcəbov, A.Rzayev, N.Məmmədov, S.Fərəcov kimi ünlü bəstəkarların 30-dan çox mahnı bəstələdiyini, musiqi xadimlərinin həyat və yaradıcılığından bəhs eləyən çoxaylı kitablara imza atdığını, Muğam Mərkəzində yubiley tədbirlərinə vaxtaşırı aparıcılıq elədiyini, ən nəhayət, muğam-sənət vurğunu olduğunu göz önünə almaqla yanaşı, əksər şeirlərinin formaca olmasa da, mahiyətcə nəğmə olduğunu vurğulamaq istəyirəm. Təsadüfi deyil ki, "Bahar" və "kənd"lə yanaşı "nəğmə" onun poeziyasında üç açar sözdən biridir. Onun poetik dünyasında "durna qatarları mahnı kimi axıb gedir", "gecə nəğmə kimi əriyir", "yol kənarındakı tək çinar", hətta gururltulu "qatar relsləri" belə müğənni, "küləklər bəstəkardır":

 

Küləkdə bəstəkar barmaqalrı var,

Yazır bir nəğməni neçə budaqda.

Yellənə-yellənə bir yarpaq düşür,

Saralmış hüsnünə baxır bulaqda.

 

"Payız nəğməsi"

 

Şübhəsiz ki, bu cür təşbeh və metaforalara çoxlu sayda digər şairlərdə də rast gəlirik. Amma G. Kazımlının dünyaduyumunda musiqi anlayışını şablonlaşmağa qoymayan bir fərqləndirici özəllik var - panmuzıkalizm. Yəni hara baxırsa, nəyi görürsə, musiqi səsləri eşidən şair üçün hər şey sadəcə nəğmə oxumaqla qalmır, bütün varlıq, hətta sükutun özü də sirli bir nəğmədir, hətta lal daşlarda da nəğmə uyuyur. Nəğmə, musiqi, səs təbiətin hər il yenilənən dialektik yaşam ritmi, əzəli və əbədi dövriyyəsi, yerin altından vurub, üstündən çıxan həyatverici qüvvə, həm payız, həm də bahar, həm ölüm, həm də qalımdir. Ruhu muğamla aşılanan qarabağlı şairin belə düşünməsi təbiidir:

 

Uzun gecələrin yaddaşı kövrək,

Çaylar həzin-həzin bayatı çəkir.

Baharda təzədən göyərmək üçün

Payız, nəğmələri torpağa əkir.

 

"Payız nəğməsi"

 

"Şuşaya o qədər yağış yağmışdı" kitabında yaddaqalan, orijinal bədii təsvir və ifadə vasitələrinə az rast gəlmirsən. Şairlərin öz ürəyini tərənnüm eləməsiylə hər addımda üzləşirik, amma insan qəlbinin səmimiyyəti və təvazö duyğusunu "Palazı pambıqdan, yorğanı çitdən / Sadə evimizə bənzər ürəyim" şəklində ifadə eləmək dünyada, yəqin ki, yalnız G.Kazımlıya məxsusdur. Duman haqqında "dağı dolanar. qiyamət, ... yola sallanar, cinayət olar" (Qabil) deyə baxış bucağını tam əksinə dəyişməklə çox yazılıb və yaxşı da yazılıb. Amma oxucunu anidən yaxalayan bu rakurs dəyişkənliyi "Elə bil, dumanda bitib zirvələr/ Ya da zirvələri duman qaldırıb/" deyən G.Kazımlıda daha gözlənilməzdir və mənə Tarkovskinin "Solyaris" filminin qəfil finalını xatırladır.

Füzulidən tutmuş R.Rza, V.Səmədoğlu, R.Rövşən, V.B.Odər, İ.Qəhrəman, S.Sarvan, Q.Ağsəs və S.Babullaoğluna qədər əksər şairlər tənhalıqdan yazıb. G.Kazımlı öz təbii inancına uyğun olaraq təkliyi bir armud ağacının naturasında rəsm edir. U.Uitmenin çöldə bitən tək ağac haqqında ünlü şeirini yada salan "Armud ağacı"nda da ağacın kosmik və antropomorf portreti yaradılır. Mən armud ağacını cənnətdəki Tubanın dünyəvi işarəsi kimi anladım və mənə elə gəlir ki, o elə məhz tək olmalıdır. Şair isə ona yerlə göyü birləşdirən mifik dünya ağacı, göydən yerə enmiş romantik gözəlliyin son nişanəsi kimi baxır və bundan kədərlənir:

 

Axşamlar -

Ulduzlarla gözənmiş

Gecə paltarını çəkib əyninə,

Baş qoyub ulduzların çiyninə,

Yatar yək armud ağacı.

 

Bu qərib, bu tənha görkəmiylə

Düzənlərin boz görkəmini

Bəzər tək armud ağacı.

Bu qərib, bu tənha görkəmiylə

Qırılıb tükənmiş bir meşə nəslinin

Son yadigarına

Bənzər tək armud ağacı.

 

Bəzi şeirlərindəki bu romantik kədərə baxmayaraq, G.Kazımlı nikbin şairdir və onun həyatsevərliyinin məkan kodu dünyaya göz açdığı Qarabağdır. Bu nikbinlik bəzən Qarabağ elatı üçün səciyyəvi yumor, zarafat, baməzəliyə çevrilir:

 

Yüz nəğmə oxudu çarxlar bir anda,

Qaldı uzaqlarada neçə bərə-bənd.

Biz əsgər gedirik, bir həftə sonra

Məktub yağışına düşəcək bu kənd.

 

"Biz əsgər gedirik"

 

Bəzən isə bu yumor "Elə dolanıram/ Havalı kimi/ Sərxoş xanənədinin/ Qavalı kimi", yaxud da "Maşınlar çoxdan ötüb/ Axşamdır soyuq düşüb/ Dayanmışam küçədə/ Yadıma toyum düşüb"/ şəklində, Molla Nəsrəddin sayağı avtoironiyaya qədər gedib çıxır və toy, qaval, bir sözlə, musiqi söhbəti yenə də şairin məkan kodundan gəlir.

Və nəhayət, adı kitabın başlığına çıxarılan "Şuşaya o qədər yağış yağmışdı" şeiri:

 

Qəfil günəş doğdu, gözüm qamaşdı,

Yolları yoxuşdu, enişdi Şuşa!

Şuşaya o qədər yağış yağmışdı,

Yuyulub şüşəyə dönmüşdü Şuşa!

 

Əgər O.Suleymanov, yaxud E.Z.Qaraxanlıdan söz getsəydi, bir bənddə 15 dəfə təkrarlanan "ş" səsinin yaratdığı nəğmənin misrabaşı alliterasiya üstündə qurulan əski türk şeiriylə səsləşdiyini deyərdim. Söhbət G. Kazımlıdan getdiyindən bunu demirəm, çünki bir-iki istisnanı çıxmaqla, milli poetik yaddaşımız şeirimizin min illərin o üzündə qalmış əski çağlarını unudub. Bu şeirdə "nəğmə" sözü yoxdur, əvəzində nəğmənin özü var. Yağış sularının öz yaş barmaqlarıyla toxunduğu təbiətin notları kitabda ilk və son dəfə məhz burda səslənir, nəğmə düşüncədən maddəyə, sözdən səsə keçir, dillənir, əyaniləşir. Mən bunu varlığın əsasında duran, mahiyəti bizə indiyəcən açılmayan və  ta qiyamətəcən açılmayacaq nəsə sirli bir nəğmənin ani səslənişi kimi anlayıram. O səs məni eşidin deyir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!