Rus poeziyasında köndələn yağışlar - II yazı - Kənan HACI

Kənan HACI

 

Larise Reysner... Rus poeziyası haqqında danışanda bu ad çox vaxt kölgədə qalır. O, inqilab qadını idi. Rus yazıçısı Larisa Vasilyeva "Kremlin qadınları" kitabında yazır: "Larisa od tutub yanan inqilab göylərində kometa kimi peyda oldu və özündən sonra sual işarəsinə oxşar iz qoyaraq yanıb getdi". Həyatla təhlükəli oyunlar oynayan bu qadın özünü poeziyanın şəriksiz ledisi kimi görmək istəyirdi. Lakin onun poetik istedadı yetərincə deyildi. Larisanın o dövrün bütün üzdə olan şairləriylə yaxın münasibətləri vardı. Hətta deyilənə görə, Nikolay Qumilyova vurulmuşdu. Varlam Şalamov isə ona uzaqdan-uzağa aşiq olmuşdu. L.Vasilyeva yazır ki, o, küçədə yeriyərkən sanki öz gözəlliyini məşəl kimi başı üzərində gəzdirirdi.

Lakin bu şahanə gözəllik tez də soldu. Larisa bu fani dünyada cəmi-cümlətanı, otuz il yaşadı. 1926-cı ildə qarın yatalağından dünyasını dəyişən qadının gələcəklə bağlı xəyalları da heçliyə qovuşdu. Ehtimal olunur ki, o, 1937-ci ilə qədər yaşayasdı, çox güman ki, sürgün taleyi yaşayacaqdı. Ən azı, Trotskini dəstəkləyən əri Fyodor Raskolnikova görə, onu rahat buraxmayacaqdılar. O illər inqilabın öz balalarını yediyi dövr idi. Reysner heç qəlbən aşiq olduğu Nikolay Qumilyovu güllələnmədən xilas edə bilmədi.

Tanınmış şairə olmaq Larisanın gizli arzularından biri idi. Lakin o, tarixin yaddaşında poeziyasıyla deyil, inqilabi romantikanın ağ qağayısı kimi qaldı. (Larisa - qağayı deməkdir)

Boris Pasternak ona şöhrət gətirən "Doktor Jivaqo" əsərində Larisanın obrazını yaradıb. Hətta ona ithaf etdiyi bir şeiri də var.

Larisa, çox təəssüf edirəm,

səninlə müqayisədə nə ölüməm, nə heç kim...

 

Larisa Vasilyeva yazır ki, poeziya ölümcül, qəddar oyundur. Əbəs yerə şair və çar həmişə üz-üzə durmayıblar: biri güllə ilə, digəri sözlə. Güllə bir anda qələbə çalırdı, söz isə əbədilik. Larisa bu oyunda hakimiyyəti təmsil edirdi. Poeziya onun üçün həyatın mahiyyətini ifadə etmirdi, sadəcə, dəbdə olan paltar idi. Şeirləri onun özünə bənzəyirdi; soyuqqanlı gözəllik təzahürləri ilə. Bu şeirlər eqosentrik düşüncənin məhsulu idi. Bu xüsusiyyəti ona inqilab aşılamışdı. Larisa özünü həmişə elitanın içində görürdü. O, Leninlə çox yaxın idi, proletar hakimiyyəti qurulduqdan sonra o, özünü vəziyyətin sahibəsi kimi aparırdı. Bu da onun şeirlərində soyuq parıltı kimi sezilirdi.

 

Biz alveolların çəhrayı müstəvisinə,

rubin şirəsinə susamış

qansoran arıları

gizli dərinliklərdən çəkib gətirdik,

həmişə zərbələr altında inləyən

başısoyuq xalqımız

günəşli oksigen udmalıdır

dəryanın dərinliklərindən.

...Bizim qanadlanmağımız

açıq pəncərələrdən

külək kimi girəcək evlərə,

hiddətli yanğı gətirəcək qəlblərə...

 

Alayarımçıq simvolizm... Yox, Larisa Reysner şair olmaq üçün doğulmamışdı. Onun haqqında təfərrüatlara varmağa bəlkə də ehtiyac yoxdur. Lakin rus poeziyasının yoluxduğu simvolizm, dedakent düşüncə, futurizm və bütün bu izmlərin bir ideologiyaya müncər edilməsi onu infantil hala gətirib çıxartdı. Larisa Reysnerin yazdıqları da siyasətə bulaşmış poeziyanın şikəst doğulmuş övladı kimi idi. O, Axmatova, Svetayeva kimi şair taleyi yaşaya bilmədi. Çünki ruhən bu stixiya ona tamamilə yad idi.  

Mayakovski, Yesenin isə əsl şair taleyi yaşadılar. Gündəliklərimə baxıram, belə bir qeydə rast gəldim:

Yeseninin qara adamı hər birimizin içində mürgüləyir, hər birimizin içində bir sınıq güzgü var. "Qara adam"ın kölgəsi bizi qarabaqara izləyir.

İnsanın içindəki "mən"i Yesenin qədər çılpaqlığı ilə göstərə bilən çox az şairlər var. "Qara adam" lakmus kağızıdır.

"Qara adam"ı, "Şalvarlı bulud"u yazmaq üçün Tanrının istedad payı ilə tale üst-üstə düşməlidir. Yesenin də, Mayakovski də eyni tale marşrutunda yol gedirdilər. Fransız simvolizmi onların yaradıcılığında bir başqa məna və çalarlar qazanırdı. Məlumdur ki, rus gümüş əsrinin başlıca ədəbi cərəyanları olan dekadans və simvolizm XIX yüzilliyin 80-ci illərində eyni adlı fransız ədəbi axınlarının təsirilə yaranmışdı. Rus şairlərinin yaradıcılığında Bodlerin, Verlenin izlərini açıq-aşkar görmək olurdu. Onların poeziyasını "situasiya şeiri" adlandırmaq olar. Çoxmənalı və ezoterik ironiyalar bu poeziyada butafora kimi sayrışırdı. Sözsüz, situasiya olmadan ədəbiyyat yaranmır, lakin onların şeirləri yeni dövrün hiss və həyəcanlarıyla dolub-daşan situasiyaları əks etdirirdi. Onlar sanki çılpaq sözlərə don geyindirirdilər.

Kifayət qədər nümunələr gətirmək olar. Ötən yazıda onların və gümüş dövr rus poeziyasının nümayəndələri haqqında geniş yazmışıq. Adlayaq XXI əsrə. Etiraf edək ki, sovet sistemi çökdükdən sonra postsovet məkanıyla ədəbi əlaqələr də qırıldı və biz qonşu ölkələrdə gedən ədəbi proseslərdən xəbərsiz qaldıq. 90-cı illərdən bu yana rus poeziyasında hansı təmayüllərin yarandığını, hansı imzaların yetişdiyini izləmək imkanımız olmadı.

70-ci illərdən bu yana rus poeziyası İosif Brodskinin timsalında yeni keyfiyyət dəyişikliyinə uğradı. Brodski hətta Puşkindən də uzaqlara, XVII əsr rus şeirinə qədər gedib çıxdı və oradan özünə lazım olanları tapıb çıxartdı. O, düşünürdü ki, onların oxucuları nəinki bu gündə və gələcəkdə, həm də keçmişdədirlər. Bu isə artıq yeni yanaşma idi.

Sonrakı dövr şairlərin yaradıcılığında azad enerji aşıb-daşır. Mixail Ayzenberq, Timur Kibirov, Vitali Filippov, Mixail Sinelnikov, Dmitri Priqov və digər müasir rus şairlərinin şeirləriylə tanış olduqda artıq başqa bir formasiyanın insanıyla qarşılaşırıq və bu yeni insan tipinin mənəvi kardioqrammasını çıxarmağa can atan avanqard şairlər artıq ideoloji buxovlardan azad idilər. Senzura demokl qılıncı kimi başlarının üstündə deyildi. Buna görə də söz onların şeirlərində rahat nəfəs alır. Şeir poliqonunda əyləncəli "döyüşlər" rus poeziyasında tamamilə yeni paradiqmanın yaranmasına vəsilə oldu. Estetik yorğunluqdan oynaq, çevik postmodernizmə keçid rus şeirinin nəfəs imkanlarını genişləndirdi. Timur Kibirovun və Dmitri Priqovun şeirlərində rus gerçəkliyi özünəironiya formasında təzahür edir. Bu da Yevtuşenkodan, Vısotskidən gələn ənənədir. Bu sətirlər T.Kibirovun şeirindəndir.

 

Dəlibaş şair olmaq yaman yaxşı bir şeydir,

Ağlı başında olan adamların yanında!

Amma sənə sirr açım: inan, artıq çox gecdir -

Ağıllılar uyuyur torpağın altda çoxdan.

 

(Tərcümə Səlim Babullaoğlunundur)

 

XXI əsr artlq bir neçə ədəbi nəsil yetişdirib və rus poeziyasının ekstravaqantizmə meyli artmaqdadır. Dəyərlərə travestik yanaşma yeni nəslin stixiyasıdır. Bu nəslin yaratdığı poeziyada yağışlar göydən yerə deyil, yerdən göyə yağır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!