Nizaməddin ŞƏMSİZADƏ
Sözün əsas funksiyası yaddaşı idarə etməkdir.
Rəhim Əliyev
Sözümüz özümüzdən güclüdür. Ulu türk sözü - "Avesta", "Kitabi-Dədə Qorqud", Nizami Gəncəvi, İmadəddin Nəsimi, Mövlanə Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər... sözü dünyanı çoxdan - qədim dövrdə və Orta əsrlərdən fəth edib. Lakin biz hələ dünyanı fəth etməmişik. Bu gün - "Türk dünyası əsri" (İlham Əliyev) olan XXI əsrdə dünyanın ədalətli Türk İdarəçiliyinə böyük ehtiyacı var. Çünki türk milləti həm siyasi, həm iqtisadi, həm hərbi, həm də fikri-mənəvi cəhətdən güclənib. Bütün dünya türkləri ortaq məxrəcə doğru hərəkət edir, möhtəşəm Türk birliyi yaranmaqdadır: "Ortaq türk keçmişindən Ortaq türk gələcəyinə" gedən tarixi hərəkət başlanıb. İndi "Bütün dünya türkləri, birləşin!" - dünyaya, müxtəlif ölkələrdə 40 adla yaşayan Türklərin əsas şüarı olmalıdır.
İrəliyə getmək üçün biz geriyə - yaddaşa qayıtmalıyıq. Bizi dünya tarixində hərəkətə gətirən güc, enerji mənbəyi keçmişdədir. Onu Sözlə bu günə gətirməkli - gələcəyə daşımalı, bizdən sonra gələnlərə təhvil verməliyik...
Söz tarixin anasıdır. O, tarixi izah və təsdiq edir, əbədiləşdirir: ədəbiyyat əbədiyyətdir. Bədii ədəbiyyat tarixi qoruyur, onu əsrlərin və illərin arxasından insanların həyatına və yaddaşına gətirir. Bədii ədəbiyyat özündə millət haqqında həqiqətləri gizlədən tarixi arxiv və muzey fondlarından çıxararaq canlandırır. Arxivdə Sözün faktı, sənədi, panteonda cansız heykəli, yaddaşda ruhu yaşayır. Söz də su kimi, hava kimi, od-atəş kimi vulkan və zəlzələ kimi, dağ və dəniz kimi canlıdır. Fəqət, Sözün dilini bilmək lazımdır. Sözün dilini bilməsən onu idarə edə bilməzsən. İdarə olunmayan söz vulkan kimi, zəlzələ kimi dağıdıcı ola bilər. Söz qəlbdən gəlməli, lakin şüurla düşüncə ilə idarə olunmalıdır. Çox zaman bu iş qətiləşir, poetik söz dəli kimidir.
Sözün gücü və estetik dəyəri həqiqəti hansı səhiyyədə ifadə etməsindədir. Həqiqət də digər anlayışlar kimi mütləq anlayış deyil, nisbi anlayışdır: hər bir fərdin, hər toplumun hər bir millətin və xalqın öz həqiqəti var. Həqiqətin meyarı tarixdir, müəyyən bir qənaət nə qədər tarixə uyğundursa, o qədər həqiqidir. Bu baxımdan bədii ədəbiyyatda həm realist Söz, həm romantik söz mövcuddur. Romantik söz gözəldir, cazibədardır. Hüsnü ilə hamını məftun və fəth edir. Realist söz həyatın (həqiqətin!) özü kimi acıdır, coddur, cəzbedici deyil, amma hökmü böyük və güclüdür. Dahi Füzuli yazıb:
"Gər deyirsə Füzuli ki, gözəllərdə vəfa var, Aldanma, şair sözü, əlbəttə, yalandır". Şair sözü yalandır və bu yalan əqlin idrak etdiyi doğrudan daha qiymətlidir. Dahi şair hətta əqlin sevgili olmasını belə qəbullanmır.
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Füzuli eşqi də ağıllı adamın işi hesab edirdi. Ona görə də dahi şairin yaradıcılığında Eşq onu duyan, qiymətləndirən irfan əhlinin mənəvi ucalığı idi.
Ey Füzuli, eşq mənin qırma nasehdən qəbul
Əql tədbiridir ol, sanma ki, bir bünyadı var.
Eşq ən böyük "əql tədbiridir" - deyir şair-mütəfəkkir.
"Füzuli sevir - Füzuli düşünür deməkdir" (akademik Məmməd Cəfər)
Nə ağlın, nə düşüncənin, nə də Eşqin sərhədləri hələ müəyyənləşməyib. Eşq də istedad kimi Allah vergisi, Tanrının insana bəxş etdiyi mükafatdır. Ona görə də Eşqdə Tanrı qüdrəti var. Bunlar hamısı Sözlə ifadə olunur. Söz doğrunun da, yalanın da şahididir. Bəli, söz yaddaşı idarə edir: istər mənfi düşüncəni, istərsə də pozitiv qənaəti. Buna görə də Sözü hər yerdə işlətmək olmaz: yerində işlənən söz hörmət, yersiz işlənən söz töhmət qazanır:
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da
- deyirdi Şeyx Nizami Gəncəvi... Dahi Füzuli isə belə deyib:
Gər çox istərsən, Füzuli, izzətin az et sözü,
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz.
Biz tarixən sözümüzü daşlara yazmışıq, daha doğrusu, daşlara həkk etmişik. Çörəyimiz kimi sözümüz də daşdan çıxır. Daşlar yaddaşın saxlancıdır. Daş yaddaşı əbədi yaddaşdır.
"Daş qəlbli insanları neyləyərdin, İlahi?" - deyirdi milli şairimiz M.Ə.Sabir. "Dağa dersən eşidər, sonra verər əksi-səda, Daşa dönmüşlərə əks eyləmədi fəryadım!" - bu misralarsa talesiz romantik M.Hadinin fəryadıdır. Deməli, daş qəlbli insan cəmiyyətdə faciə mənbəyidir.
Qeyd etdik ki, bədii ədəbiyyat insana məxsus ən qiymətli sərvətin - yaddaşın qoruyucusudur. Ümumən, bədii əsər yazıçının ağrı yaddaşından doğulur. Azərbaycan oxucusu ağrıya-ağrıya təbəssüm göstərən insandır. Yazıçı bunu bir an da unutmamalıdır. Yazıçı oxucunun ağrısına şərik olmalıdır, yaddaş ağrısına da, qəlb ağrısına da. Məcnunun böyüklüyü dərd çəkməsindədir - o, bütün varlığı ilə dərd çəkirdi ki, dünyanın dərdini bir az da olsa azaltsın: "Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir" (Füzuli. Əsərləri. 6 cilddə. III c. B.,1996. s.15)
Dərd insanı ya aşiq - Məcnun edir, ya da şair. Bütün istedadlı şairlərdə bir az məcnunluq var. Şair Sözün Məcnunudur. Sözü sevmək - şairlik müqəddəs işdir. Həqiqi qələm əhli Sözlə söhbət etməyi bacarmalıdır. Söz həm yandırır, həm də qandırır. İnsan Sözün qazanında bişib şair olur, şairləşir.
Söz yaddaşı tarixə çevirir, yaddaşa həkk olunmayan hadisə və faktlar tarixə çevrilmir, arxivdə, muzeydə cansız əşya - muzey eksponatı kimi düşüb qalır. Əşya məhv olsa da, onun obrazı bədii ədəbiyyatda - ruhda yaşayır Yaddaş ən etibarlı tarixi sənəddir. O, nə itmir - nəsildən nəsilə keçərək yaşayır, nə odda yanmır, nə də suda batmır. Əcdadların yaddaşına yazılanları övladlar oxuyub öyrənir. Adət və ənənələr, rituallar, mərasimlər yaddaşı vəsiqələridir. Ehramlar, qalalar, məscidlər, kilsələr, abidələr, yazılı baş daşları yaddaşın gələcəyi göstərən ox işarələridir. Qədim türklər qurucu idi, əcnəbilər - kafirlər onları təhqiramiz olar "köçəri" adlandırırlar. Düzdür tarixin müəyyən dönəmlərində onları dədə-baba torpaqlarından hiylə və zorla köçürüb bu ərazidərə sahib çıxıblar. Ancaq türklər, o cümlədən türk qövmü olaraq bizim əcdadlarımız özgə torpaqlarına köçməyiblər, öz ucsuz-bucaqsız ərazilərinin bir tərəfindən başqa səmtinə - Mancuriyadan Macarıstana, Altaydan, Sibirdən İtil çayı boyuna, Orta Asiyadan - Türküstandan Qafqaza və Anadoluya köç ediblər. Bu əraziləri qorumaq uğrunda yadellilərlə qəhrəmanlıqla mübarizə aparıblar. Bu gün də türkün gücü, qüdrəti Vətən sevgisi ilə bağlıdır. Türklərin ərazisi yer kürəsinin yarısı-türkün vətəni Yerlə Göy arasıdır. Türkün özü qədər Atı bu sərhədsiz ərazidə qan yolları ilə yox, nur yolları ilə hərəkət edib. Türkün əcdadı səmadan enmiş parlaq Nurdan törəyib. Ona görə də dünya bizə qısqanır, çünki ən gözəl və zəngin torpaqlar, ən bərəkətli təbiət, bol sulu çaylar, münbit ərazilər bizim Vətənimizdədir. Burada yerin altı da, üstü də zəngin xəzinələrdən ibarətdir. Gözələ göz dikən çox olar, fəqət Gözəllik gözü öz sahibindədir. Belə gözəlliyin (sərvət və bərəkətin!) sahibi olan Millət xoşbəxtdir!
Biz bu gün tarixdə yaddaşımızın Yol xəritəsi ilə hərəkət edirik. Bu xəritə bizi tarixin parlaq üfüqlərinə doğru aparır. 44 günlük tarixi Zəfərimiz, qəhrəman xalqımızın, diplomatik və siyasi nüfuza malik cəsur Ali Baş Komandanı qüdrəti sayəsində biz dünyada yeni düzən yaradırıq. Azərbaycan Prezidentinin türk respublikalarına və ərəb-müsəlman dövlətlərinə son illərdə baş tutmuş uğurlu işgüzar səfərləri, dünya türklərini birləşdirmək uğrunda mübarizəsi əməli nəticələr verir. İndi Azərbaycan dünyaya ədalət və cəsarət dərki verir, yeni Azadlıq ölçüləri təqdim edir. Dünya istərsə də, istəməsə də bizimlə hesablaşır, Azərbaycanın diktə etdiyi meyarlara yaşamağa başlayıb. Biz Avropaya, Avroasiyaya, Yaxın və Orta Şərqə təkcə enerji yox, həm də demokratik yaşam qaydaları təklif və təqdim edirik. Bunlar milli liderin xalqın qüdrətinə türkün tarixinə və birliyinə, Prezident, Xalq və Ordu birliyinə güvənməsi, balanslaşdırılmış xarici siyasəti, diplomatik məntiqi və çevik idarəçilik bazarın sayəsində başa gəlir - tarixi həqiqətə çevrilir.
Söz və Yaddaş! Bir-birini idarə edən iki fenomen - İnsan qüdrətini ifadə edən iki vəhdət! Gələcəyə yönəlmiş iki milli iradə! Bizdən sonra gələnlərə əbədi vəsiyyətimiz! Bunlarsız mövcudluğumuz mümkün deyil. İnamımız və imanımız bu vəhdətdən asılıdır: inam millətə və dövlətə, iman müqəddəs İslam dininə və Əqidəyədir.
Sərhəd tanımayan qloballaşmanın amansız pəncəsində əzilməmək üçün vətənimizin sərhədləri ilə bərabər Qəlbimizin və Şüurumuzun sinirlərini də möhkəmlətməliyik. Yaddaşın qorunması, ailə kultunun möhkəmlənməsi bu günün və gələcəyin - bizdən sonra gələnlərin ümdə vəzifəsidir.
Biz bu gün yeni gerçəkliyini yeni təfəkkürün, yeni dünya düzəninin təməl daşlarını düzürük. Bu tarixi işin uğurlu olması üçün Sözümüz və Yaddaşımızın vəhdətini qorumalıyıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!