Şuşa - ən yeni tariximizin Zəfər Tacı - Səyyad Aranın “Tacın qaytarılması” kitabı haqqında - Nizami CƏFƏROV

Nizami CƏFƏROV

 

 

Görkəmli yazıçı, publisist, ictimai xadim Səyyad Aran son illər qələmə aldığı bir sıra aktual mövzulu əsərlərdən, xüsusilə "Baş daşı"ndan, "İrəvana gedən yollar"dan sonra üçüncü bir romanı - "Tacın qaytarılması"nı yazıb nəşr etdirdi. Roman öz adını xalqın dilində hər nə qədər məşhur olsa da, Azərbaycan Prezidentinin nitqlərində əvvəlki etnoqrafik məhrəmliyini qoruyub saxlamaqla yanaşı, yeni məzmun kəsb edən "Şuşa Qarabağın tacıdır!" ifadəsinin doğurduğu son dərəcə dərin ictimai-siyasi (hətta ideoloji!) təəssüratdan alır. Və müəllif heç bir istisnaya, tərəddüdə yol vermədən əsərin bütün ideya-estetik təfərrüatları ilə göstərir (və inandırır) ki, bu Tac onun əsl sahibinin başında qərar tuta bilər, hansısa işğalçının, quldurun, oğrunun başı onu saxlamaq iqtidarında deyil.

Əsərin ruhuna hopmuş zərif mifoloji mistika özünü ilk sətirlərdən göstərir. Qədim türk eposunda olduğu kimi "Tacın qaytarılması"nda da Vətən oğullarının - düşmən üzərinə yürüşə qərar vermiş əsgərlərin önündə Boz Qurd gedir... Səyyad Aran kökü çox qədim dövrlərdən gələn yazıçı "yaddaş"ını, fəhm-maneralarını təcrübəli publisistik müdaxilələrlə elə zənginləşdirir ki, oxucu "bu gün"ü "keçmiş"də və "keçmiş"i "bü gün"də dərk edə, təsvir olunan hadisələrin bir xalqın tarixi üçün nə qədər əhəmiyyətli olduğunun mahiyyətinə vara bilir... Oğuz xanın qoşunu da bir zamanlar düşmən üzərinə keçilməsi çətin yollarla, Boz Qurdun himayəsində, onun müşayiəti ilə gedib xalqın epik yaddaşından heç zaman silinməyən zəfər çalmışdı... Yazıçı "keçmiş"dən "bu gün"ə, mifdən publisistikaya, ədəbiyyatdan həyata qayıdır: "Əməliyyat sirrini yalnız şərid kimi uzanıb gedən bu kalonun Xüsusi Təyinatlıları bilirdilər. Əməliyyat planı olduqca məxfi hazırlanmışdı. Xüsusi Təyinatlı Qüvvələrin ən say-seçmə döyüşçülərini seçmişdilər. Ərgünəşin ətəklərindən başlayaraq yol gəlirdilər".

Səyyad Aranın təsvir etdiyi hadisələrin baş verdiyi coğrafiyaya olduqca analitik həssaslığı romanın, demək olar ki, hər yerində aydın görünür: "Silahlı qüvvələrimizin Şuşaya daxil olması üçün cənub-qərb və şimal-şərq istiqamətlərində iki güclü birlik - korpus yaranmışdı. Onlardan birincisi sağdan Azıx - Qırmızı Bazar - Muxtarkənd - Şuşakənd istiqamətində, o biri isə Hadrut - Tuğ - Tağlar - Çanaqçı - Sığnaq - Böyük Tağlar - Daşaltı istiqamətində irəliləyərək Şuşanı əhatəyə almalı, Laçın dəhlizini bağlayıb, Laçınlar - Xəlfəli - Qayıbalı kəndlərinin aşağısından Şuşaya qalxmalıydılar".

Bu həssaslığın, bir tərəfdən, müəllifin o yerlərə yaxından bələdliyindən, ikinci tərəfdən, sənədli roman janrının tələblərindən (və bu tələblərə peşəkar reaksiyadan) irəli gəldiyi heç bir şübhə doğurmur; ancaq, görünür, bunların heç birindən az əhəmiyyətsiz olmayan üçüncü bir məsələ də var: yazıçı yaxşı bilir ki, sözügedən toponimiya hər bir azərbaycanlının dilində neçə illərdir bu və ya digər münasibətlə dönə-dönə təkrarlanaraq hər dəfə ruhumuzun ən incə tellərinə toxunur. Və Xüsusi Təyinatlılar kol-kos basıb tanınmaz olmuş bu yerlərdən keçərkən yazıçının bol-bol xatırlatdığı yer adları Vətən adlandırdığımız coğrafiyanın yalnız maddi yox, həm də doğma mənəvi mənzərəsini canlandırır.

Hər bir döyüşçünün ən böyük arzusu Şuşanın alınmasında - Tacın geri qaytarılmasında bilavasitə iştirak etmək, qəhrəmanlıq göstərməkdir. Bu, sadəcə, hərbçi borcu yox, vətəndaş məsuliyyəti, milli tarixi missiyadır ki, az qala hər bir əsgərin mənəvi xarakterinə çevrilmişdir... Yürüş zamanı onlardan biri - İbadət ağır yaralanır... "Əsgərlər dövrələmə durdular ki, kənardan baxanda işıq görünməsin. Bütün dəstə dayanmışdı. İbadətin rəngi qaçmışdı. Hərbi kazarmada çarpayı qonşusu Kərim yavaşca soruşdu:

- Çox ağrıdır?

- Yox, qorxuram general eşidər, məni arxaya göndərər. Şuşanın qapısının ağzından geri qayıtmaq... Ölərəm..."

Bu, kiməsə yazıçının bədii şişirtməsi, metafora kimi görünə bilər, ancaq ikinci Qarabağ müharibəsinin - Vətən müharibəsinin gedişi, yəqin ki, hamımızın yadındadır... Özü də bütün detalları ilə... Hər bir gənc, hər bir yeniyetmə hərbi komissarlıqları inandırmağa çalışırdı ki, düşmənlə döyüşə getmək ilk növbədə məhz onun haqqıdır. Və Vətən uğrunda mübarizəyə bu cür kütləvi can atmaq iki mininci illərin əvvəllərində formalaşmış Azərbaycan gəncliyinin ümumi ictimai stixiyasına, sosial-mənəvi təbiətinə çevrilmişdi.

Romanda, bir tərəfdən, xalqın ruh yüksəkliyi, qələbə əzmi göstərilirsə, digər tərəfdən, onun üzvi tərkib hissəsi olan orduya professional rəhbərliyin nə demək olduğu barədə aydın təsəvvür yaradılır... "Ordumuz mühüm strateji əhəmiyyəti olan əraziləri - Suqovuşanı, Cəbrayılı, Füzulini, Zəngilanı, Qubadlını azad etmişdi. Ən vacib strateji məntəqələrdən biri Ağdam idi. Ermənilər əsas zərbəni ordan gözləyirdilər..." Ancaq Ali Baş komandan belə bir "gözlənilməz" qərar qəbul edir ki, ordu artıq məlum yollarla deyil, meşəliklərdən cığır açaraq birbaşa Şuşa üzərinə yeriməlidir... "Ermənilər buradan yol olmadığını bilirdilər. Keçilməz cəngəllikləri Azərbaycan ordusunun yararaq Şuşanın sıldırım qayalıqlarına çıxacağına inanmırdılar".

Azərbaycan ordusu isə Zəfər yolunun cığırını açırdı. Və bu yolun bir bələdçisi mifik Boz Qurddursa, ikincisi Füzuli rayonundan olan baməzə Fazildir. O Fazil ki, Xüsusi Təyinatlılara yalnız yol göstərmir, eyni zamanda onların ruhunu, əhval-ruhiyyəsini yüksəldir, nəinki döyüşçülərlə, hərdənbir canavarlarla da zarafat etməkdən çəkinmir... "Ay dədəmizin, babamızın totemi! Gəl düş qabağa, düz-əməlli, asan bir yolla gedək, əziyyətimiz az olsun. Bu aralığı mən alababat tanıyıram, indi sağ olsunlar, etibar edib çağırıblar, amma axı siz hamıdan yaxşı tanıyırsınız bu yerləri. Ləlik eləməyin dəə... bizi".

Ordunun keçdiyi yol başdan-başa xarabalığa dönmüşdür. Və belə bir qənaət yaranır ki, işğalçıların məqsədi zəbt etdikləri bu torpaqda yaşamaq yox, əsrlərlə himayəsinə sığındıqları xalqa nə qədər mümkündürsə o qədər ziyan vurmaqdır. "Erməni xəstəliyi"nin nəticəsi olan vəhşiliklərin "Tacın qaytarılması"ndakı mənzərəsi bundan ibarətdir ki, "hansısa kəndi xatırladan xarakterik bir tikili, ev, ağac, bulaq qalmamışdı. Bütün evlər təməlinə qədər sökülüb daşınmışdı. Qapı-pəncərələr, dəmir darvazalar, mişar daşları, həyətlərdə yeni evlər tikmək üçün qalaqlanmış tikinti materiallarının izi-tozu belə qalmamışdı. Meşələrdəki qədimi palıdlar, ulu çinarlar, həyətlərdəki yüzillik bar ağacları dibindən kəsilib aparılmışdı. Kəndləri xəritə ilə güc-bəla müəyyənləşdirirdilər"... Və "elə bil hansısa vəhşi qəbilənin keçdiyi" bu yerlərə indi onun əsl sahibləri qayıdırdılar...

Romanın baş qəhrəmanı, heç şübhəsiz, Ali Baş Komandanın rəhbərlik etdiyi Azərbaycan ordusu, onun öncül qüvvəsi olan Xüsusi Təyinatlılardır. Müəllif onları həm bütöv bir Qüvvə-obraz, həm də müxtəlifçinli döyüşçülərin şəxsində ayrı-ayrılıqda (və adətən, öz dilləri ilə!) təqdim edir... "Üç gün qaldıq həmin ərazidə. Ermənilər bilirdilər ki, ordayıq, amma hücuma keçməyə cəsarət eləmirdilər. Həm "Yaşma"nın nə demək olduğunu anlayırdılar, həm də bu dəfə yüksəkliklərdə biz idik. Bəzən danışıqlarını tuturduq. Elə yana-yana "Yaşma", "Yaşma" deyirdilər ki... Tüstülərinin təpələrindən necə çıxdığını sanki gözlərimizlə görürdük".

İkinci Qarabağ müharibəsi, birincidən fərqli olaraq, Vətən müharibəsi idi. İlham Əliyev Prezident seçildiyi ilk günlərdən ordunu (və xalqı) bu müharibəyə hazırlayırdı. Ölkənin hərbi-iqtisadi imkanları artıq elə bir səviyyəyə çatmışdı ki, hər cəhətdən "tükənmiş" Ermənistanın onun qarşısında duruş gətirəcəyinə yalnız ermənilər (və onların yelbeyin havadarları) kimi avantüristlər inana bilərdi... "Ali Baş Komandan tərəfindən Şuşanın azad edilməsi çox məxfi və mükəmməl hazırlanmışdı. Hamı Azərbaycan ordusunun mühüm strateji əhəmiyyətə malik Ağdam istiqamətindən növbəti hücumu edəcəyini fikirləşirdi. Dahiyanə gediş erməni tərəfini də, elə azərbaycanlı döyüşçülərin, hərbi komandanlığın digər üzvlərini də heyrətə saldı".

Ali Baş Komandan öz xalqının iradəsinə, yaratdığı ordunun gücünə əmin idi, bilirdi ki, hər nə qədər riskli olsa da, ağıllı, əsaslandırılmış hücum planı Azərbaycan əsgərini qorxutmayacaq, əksinə, onun daxilində gizlənmiş potensialı oyadacaq, Zəfər yanğısını hərəkətə gətirəcək... Romanın qəhrəmanlarından biri - tibb baş leytenantı xatırlayır: "Sonralar müşahidə elədim ki, başından, qolundan, ayağından, kürəyindən yaralananlar 15-20 gündən sonra yenidən qayıdıb gəlirlər... Onlara deyirdim ki, ağır yaralısan, sənə döyüşmək olmaz, yenidən qan itirsən, həyatın bahasına başa gələr, gəl səni göndərim hospitala. Yalvarırdı ki, əlinin altında olan dərmanlarla, iynələrlə mənə kömək elə, ağrıkəsici ver, birtəhər əmələ gətir, yenidən döyüşə gedim. Yoldaşlarımdan geri qalmaq istəmirəm".

Xüsusi Təyinatlıların kəndir kanatla Şuşaya - Cıdır düzünə qalxmaları səhnəsi romanın ən maraqlı səhifələrindəndir. Döyüşçülər kanatla "uçurlar"... "Ən axırda polkovnik Ələkbərov "uçdu". Qoca qartal heç də cavanlardan geri qalmırdı.

...Erməni əsgərləri arxaları uçuruma doğru çömbəlib nə barədəsə höcətləşirdilər. Mübahisələri çox qızğın keçdiyindən böyürlərində dayanıb gülə-gülə onlara baxan azərbaycanlı XTQ-çiləri görəndə heyrətdən dilləri tutuldu. Kimsə inildəyərək "Yaşma" dedi".

Romanda Şuşanı öz əsl sahiblərindən guya "müdafiə" edən erməni əsgər və zabitləri, onların düşdükləri vəziyyətlər barədə olduqca səciyyəvi ştrixlər vardır. İcra Hakimiyyəti binasının zirzəmisində rahat yeyib-içən mayor ilə adyutantını "əsgərlərimiz avtomatlarının ucu ilə dümsükləyə-dümsükləyə meydana gətirdikdə" mayor şoka düşür... "İcra Hakimiyyəti binasının üstündə dalğalanan Azərbaycan bayrağını nifrətlə süzdü. Var səsilə bağırdı. Ermənicə söyürdü - həm də deyəsən bu dəfə təkcə azərbaycanlıları deyil, elə özününküləri də.

...Kapitan Əziz Vəliyev baş barmağını şəhadət və orta barmağının arasından çıxarıb yeriyə-yeriyə mayora yaxınlaşaraq onun ağzına soxdu"... Erməni mayorla azərbaycanlı kapitanın təkbətək döyüşü onunla nəticələnir ki, "o bizə diri lazımdır" deyə bizimkilər ermənini azərbaycanlı Xüsusi Təyinatlının əlindən zorla alırlar.

Qaçhaqaçda "yaddan çıxıb" Şuşadakı evlərin birində qalan qardaş-bacı iki erməni uşağına azərbaycanlı döyüşçünün münasibəti isə tamam başqa cür olur... "Söz yox ki, gözlərindən nisgil və qorxu əskik olmurdu, amma sövq-təbii hiss edirdilər ki, bu "əmi" onları qoruyacaq, ata-analarına qovuşduracaq"...

Azərbaycan ordusunun keçirdiyi Şuşa əməliyyatının fövqəladə səciyyəsini qaçıb ölümdən canlarını hansısa möcüzə sayəsində qurtarmış yaralı erməni əsgərləri daha yaxşı vermişdilər: "...Biz onları güllələyirdik, görürdük ki, yıxıldılar, öldülər, amma onlar yenidən yıxıldıqları yerlərindən ayağa durub üstümüzə gəlirdilər. Yenə atəş açırdıq, hədəfi vururduq, yıxılırdılar, düşünürdük ki, öldülər. Lakin yenə ayağa qalxıb üstümüzə gəlirdilər... Güclə qaçıb canımızı qurtarırdıq. Başa düşmürdük, canlı adamlarla vuruşurduq, yoxsa robotlarla, cinlərlə, şeytanlarla..." Və bu da axır ki, ağılları başlarına gəlmiş ermənilərin son sözləri: "Axı biz başqasının torpağında nə gəzirik? Buralar Azərbaycan torpaqlarıdır. Qarabağ Ermənistan deyil axı..."

Romanın son səhifələrində müəllif Azərbaycan xalqının Zəfər təntənələrini təsvir edir. Yazır ki, "millət xoşbəxt idi. Otuz ilə yaxın müddətdə qəhəri, kədəri içində qalan xalq dirçəlmişdi, illərdən bəri həsrətində olduğu qələbəyə qovuşmuşdu, özü öz içindən böyümüşdü".

Səyyad Aranın "Tacın qaytarılması" əsəri mövzusu, ideya-məzmunu və süjet-kompozisiyası ilə elə bir uğurlu Vətən müharibəsi romanıdır ki, onun qəhrəmanları sırasında müharibənin də öz yeri var, Vətənin də... Ancaq öndə Şuşa dayanır - ən yeni tariximizin Zəfər Tacı... Tac isə müzəffər Ali Baş Komandana, müzəffər Azərbaycan ordusuna və müzəffər Azərbaycan xalqına mənsubdur...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!