İstəkli el aşığı, ustad Şakir Hacıyevin 100 illiyinə yazıçı töhfəsi
Bütün bu görüb-duyduqlarımıza, eşitdiklərimizə rəğmən, el-obada, eləcə də azman Türk məkanında bir "aşıq Şakir" möcüzü olub. Səsi-sorağı hər yanı bürüyüb.
Borçalı elləri, məsələn, bir cür danışıb ondan. Qarabağ əhli ayrı cür. Təbriz-Tehran, Dərbənd-Rutuldakılar, Aşqabaddakılar özgə rəng qatıb bu səsin, sözün, avazın sehrinə. Faruqun özü də görmüşdü, tanıyırdı. Öz qənaəti vardı. Bütün bu təsvirləri bir yerə yığıb özlüyündə "aşıq Şakir" obrazını yaratmağa çalışırdı.
Aşıq Şakirin möcüzü Dərviş Məstəli şah "möcüzü" deyildi. Bir anda Parisi yıxıb-dağıda, xalqı öz fırıldağına inandıra. O, İsfahanlı Şeyx Nəsrullah da deyildi, "ölü dirildə", insanları soyub-soymalıya, daldalarda kefini çəkə! Şakir möcüzü toylarda, bayramlarda, el şənliklərində, konsert salonlarındaydı. Sonra da ilğımlaşıb yox olurdu. Səsinin ətri el-obada bəlkə bir həftə qalırdı. Hamı Şakirdən, onun balabançısı Həsrətdən danışırdı.
Aşıq Şakir nə də hipnozçuydu. (Gözbağlayıcı! İqor Kio!). Sadəcə, el aşığıydı. O illərin aşıq libasını geyib əlinə sazı alandan sonra ilahi vergiləri üzə çıxırdı. Getdikcə də bu vergilər möcüzləşirdi. Səsində, danışığında, davranışında həm də Şirvan mədəniyyəti görünürdü.
Faruqun əmisi oğlu (Məzahir!) söz düşəndə bir dəfə belə demişdi: "Adi vaxtlarda o da elə bizim kimi adamdı. Boy-buxunu da elə bizimki qədərdi. Toyda, toyxanada amma ayrı dəstgahlara çevrilir!.."
Aşığa "el anası" deyiblər. Bu yöndə götürsək Şakir hər kəsin demək olar dilini bilirdi. Hər adamın nəbzini tuturdu. Dünyada aşıq dili qədər şirin bəlkə heç nə yoxdu. Şakirin yüyürək dili bir az da irəli gedib, ilanı yuvasından çıxarardı.
Deyirlər özü barədə belə deyibmiş: "Düşmənim əlində silah üstümə gələ haa, qorxum yoxdu. Dilim dilinə dəysə bəsidi, əli boşalıb düşəcək".
Onlarla aşıq vardı o zaman özünü-sözünü, yerişini, otruşunu-duruşunu Şakirə bənzədirdi və bununla da fəxr edirdi. Aşıq Pənahdan, Məmmədağadan tutmuş Aşıq Mahmuda, Əvəzxanacan! Şakirin ifa etdiyi "Boylana-boylana" ustad Pənahda "Dolana-dolana" olmuşdu. Məmmədağanın, Baratın, Şərbətin lentə aldırdığı bir çox mahnıların ilk ifaçısı Şakir olmuşdu. Oxuyanda Şakiri yamsılayırdılar. Xanəndə Eynulla Cəbrayılovun repertuarısa başdan-başa demək olar Şakirinkiydi: Həmin havalara o, xanəndə nəfəsi qatıb oxuyurdu.
Şakir bilirdi səsi fitridi, İlahidəndi. Hara istəsə çəkə bilər. Bəzən səsiylə açıq-aşkar məzələnirdi... Ciddiləşəndə amma ana körpəsiylə oynadığı kimi oynayırdı. Səsini öpürdü, dişdəyirdi, oxşayırdı. Bununla belə, elat sadəliyindəydi. Qulağı el-obadaydı, öyrənirdi. Çalışırdı, tər tökürdü. Səsinə, sözünə yeni çalarlar qatırdı, davranışına fikir verirdi, artıq-əskikliyi olmasın. Xanəndələr, aşıqlar bu ifadakı "şahlıq zirvəsi"ni görmək istəyəndə filarmoniyaya gəlib qabaq yerləri tutardılar.
Şakir kimi şövqlə oxuyan ikinci bir aşığı, xanəndəni doğrudan da görməmişdi Faruq. Zövqsüz-şövqsüz, duzsuz, şit oxuyanlar Şakiri əlbəttə bəyənməyəcəkdi. Onu ilhamlandıransa eşq idi, eşq! Təpədən dırnağa "eşq" içindəydi Şakir. Məclisi görürdü. Birdən-birə oxuduğu havanı elə çöndərirdi heç kəs bu qeyri-adiliyin fərqinə varmırdı. Həmin "fantastika"nın elmi yozumu da yox idi, sadəcə fantastika idi, yozumunu verə bilmirdilər. O hava məlum havacat üstündə ancaq Şakirə məxsus olurdu. Duzsuz oxuyanlar amma sözü elə bil göyşəyirdi. Ağızı yoxuşa dirənən zaman töyşüyürdü. Əslində onlar baş girləyirdi. O binəvalar yenə dərk etmirdi, həqiqi sənətin resepti yoxdu.
Doğrudu, Şakir nəhəng Nil kimi axmırdı. İtil çayı kimi də zümzüməli çay deyildi. Aralıq kimi də dəniz deyildi. "Trafaret"lər önündə bəlkə kanal kimi görünürdü. Amma bu elə kanal idi dənizləri, okeanları özündə birləşdirirdi. Eynən də Suveyş kimi! O məkanda daimi olaraq dənizlər, okeanlar dalğalanırdı.
Faruq bilirdi səsi olmayan kəslər səsi olanları niyə bəyənmir?! Kibrli insanlar qısqanc olur. Orda-burda "əmma" qoyur, kompromat düzəldir, şayiə yayır, kimisə el gözündən salmağa çalışır. Bu gizli həsədlər, qısqanclıqlar hardan qaynaqlanıb gəlir, İlahi? Sənət adamları niyə bir-birini "həzm edə" bilmir? Öləndən sonra amma yalandan vaysılanırlar.
Şakir bir yandan insanlara əl tuturdu, o biri yandan saat dəqiqliyiylə işləyən səsinin sehrinə oxuya-oxuya cibləri "soyur"du, "soyundururdu". Olurdu "kasıb" da o birilərə baxıb el ayağından sonuncu "əlliliyi" nəmər uzadırdı. Sehrbaz Şakir o dəqiqə bilirdi bu içki havasınadı. Ya elə-belə, "fanat"ıdı, ürəyi açılıb. Pulun yalnız bircə manatını götürərdi. Qalığını ovcundakı nəmərdən qaytarardı.
Aşıq Şakir ilin on iki ayının 12-sini də demək olar toylardaydı (Orucluq xaric!). Toy dəftərində ilin ayları, günləri dolu olardı. Həftənin bir günü "hamam günü"ydü. Üzündən keçə bilmədikləri həmin günü də əlindən alardı. 50-60-70-ci illərdə hər gün olmasa da, günaşırı efirlərdəydi. Hamı öz məclisini şirin görmək istəyəndə Şakiri arzulayardı (hətta İran şahı Məhəmməd Rza şah da!).
Sənətə o ağır müharibə illərində gəlmişdi Şakir. Ağır-ağır da olsa o ağrı-acılar əriməkdəydi. Amma "Müharibə yaraları"nı ovuda biləcək isti bir səsə, doğma nəfəsə ehtiyac vardı göz yaşını qurutsun. Şakirin səsi bu missiyanı yerinə yetirirdi sanki. Ölümlü-itimli dünyanın rənglərini göstərirdi. Sevinclə kədərin qoşa doğulduğunu hər kəsə diktə edirdi.
Faruq görürdü, şahidiydi pəsxanlar səsini "şax" saxlamaqdan ötrü hansı oyunlardan çıxır. Boğaz tellərinə az qalırdı zəy vursunlar. Ya bəlkə kraxmala qoysunlar, şax qalsın. Gecədən şərbət düzəldib sübh tezdən içirdilər, səs telləri yuyunub arınsın. Titrəyiş tapsın! Şakirin səsi amma İlahidən titrəyişliydi.
Zilxanlar vardı səsinin başını açıb buraxırdı, mizan tuta bilmirdi. Cilovu yığmağa çətinlik çəkirdi. Arada caydırırdı, xoruz buraxırdı. Xaric oxuyurdu. Zildə dedikləri başa düşülmürdü. Amma özünün səsini hünərdən sayırdı. Şakirin səsi zildə də, pəsdə də eyni axarla axıb gedirdi. Elə bil də oxumurdu, sadəcə söhbət edirdi. Havanın obrazını yaradırdı, təqdim edirdi. "Talant" dediyimiz elə bu deyilmi?..
Var, "vergili" sənətçilər, oxuduğunu nidalarla çatdırır. Bir də var "vergüllü" sənətçilər! Oxuduqca da vergüllər düzür!
Şakirin Şirvan aşıq-muğam mühitindən götürdükləri, üstə gəl, Bakı məktəbindən öyrəndikləri, Qazax-Borçalı-Qarabağdan mənimsədikləri səsini, sözünü, məclislərini şirinləşdirə-şirinləşdirə intəhasızlığa çatdırmışdı.
O, yaxşı bilirdi sənət canlıdı, eynən dəniz kimidi. Nələrisə götürüb özünə qatır, nələrisə vurub kənara çıxarır. Sənətdən xəbəri olmayanlardı sahildəkiləri görüb-götürür, uşaq kimi çör-çöpdən evcik qurub oynayırlar. Canlı dənizdən xəbərləri yoxdu. Bu yerdə Şah Xətainin iki misrasını xatırlayır Faruq:
Ləl daşını çay daşına
Qatma, qardaş, kərəm eylə!
***
Peyğəmbər kimi o da qızılgülü sevirdi. Berluskoni kimi "aşk" bəlasının giriftarıydı. Gerçək aşiq idi...
Meydan sinəsini, mina gərdənini sevirdi! İncə bellərini, şirin dillərini, Molla Pənah Vaqif kimi "qızıl qolbaqlı" qollarını sevirdi. Ələsgər kimi "gül əndam"larını sevirdi.
Şair Əliağa Vahid həmin gözəllərdən birini görüb belə yazmışdı: "Vahid, deyirlər ki, aşıq Şakiri, eşqin bəlasına saldı bu ceyran!.."
Belə nəql edirlər, İsmayıllıda (Diyallıda, ya Quşencədə! Ya hansı bir kənddəsə!) Şakirdən yana bir gəlin günbəgün şişirmiş. Cürbəcür həkimlərə aparıblar, çarəsi tapılmayıb. Axırda gəlin çəkinə-çəkinə özü bu sirri qaynanasına açmalı olub.
Şakirin ardınca yollanıblar. Aşığı tapıb xəstənin üstünə gətiriblər. Şakir əlini xəstənin alnında gəzdirib deyib: - "Anamsan mənim! Bacımsan mənim! Vallah səndə heç nə yoxdu. Sabahda, birigündə sağalıb işinə yollanacaqsan".
Deyirlər gəlinin halı gerçəkdən də düzəlib. Əl-ayağındakı şişlər çəkilib. Get-gedə normal həyata qayıdıb...
Şakirin səsi, sazı, sözü və özü hardasa da bir-birini tamamlayırdı. Sazını çox aşıqlar çalmağa çalışıb.
Sadəcə, arada su bulandıranlar vardı. Elə indi də var. Bunun dəfələrlə şahidiydi Faruq. Köçünü zorla yola verənlər deyirdi: - Şakirin sazı çalınmır!..
Bu iradda müəyyən həqiqət də vardı. Çünki o biri bölgələrə baxanda Şakirin sazı doğrudan zəif görünürdü. Bu təkcə Şakirin yox, bütöv bir bölgənin qüsuruydu. Pərdədə gəzən barmaqlar diri gəzmirdi. Ev quşuydu sanki, qanad açsa da, uzağa uçmurdu, uça bilmirdi. Bu isə dəstəbazlara dil verirdi.
Şakir həmin irada 10-12 lent yazısı ilə cavab verdi. Sazın səsi artıq Şakirin səsinə qoşulub yeni bəzəyə çevrilirdi.
Bir dəfə Şakir filarmoniya səhnəsində nəyisə danışırdı. Arada baş barmağıyla "Təcnis" gülü vurdu. Faruqla yanaşı əyləşən aşıq oğlu Şəmşad Rzanı heyrət bürüdü. Dedi, Faruq, gördün necə gözəl "təcnis" barmağı elədi?! Və qucaqlayıb Şakirin əvəzinə Faruqu öpdü.
Bu nida elə bil aşığın özünə də əyan oldu. Həmin axşam oxuduqlarını ancaq sazın və balabanın müşayiəti ilə oxudu.
Ən aşağı "sort"dan olan aşıqları, balabançıları bu "müstəqillik illərində" tərifləyib göyə qaldırırlar. Halbuki onların heç biri nə Şakirin, nə Həsrətin, nə də Ağasəflə İzzətalının əlinə su tökməyə də yaramır. Di gəl tərifləyirlər...
Aşıq Şakirlə bağlı Mərkəzi Komitəyə (Heydər Əliyevə!) göndərdiyi diləkçəni Faruq mərhum Mikayıl Azaflıya da qollatdırmışdı. Mikayıl kişi Şakirin adını eşidib belə demişdi: - Allah rəhmət eləsin. Onun bir dənə "Boylana-boylana"sı elə hər şeyə dəyər! Verin, qol çəkim!
Şakir arada gəzən söz-söhbətə sənətilə cavab verirdi. Bu təşəbbüsü böyük Bülbül bəyənirdi, alqışlayırdı. Rəşid Behbudov alqışlayırdı. Qara Qarayev alqışlayırdı... Çünki onlar da həmin dönəmlərin yenilikçiləri idi.
***
Deyirlər ölümünə bir neçə ay qalmış Şakir Ağsu mədəniyyət sarayında konsert verirmiş. Konsertdən sonra adamlar öz aralarında danışırmış, "Vallah, bu Şakirin sonuncu konsertidi, vida konsertidi!"
Faruq belə bir söhbəti də eşitmişdi. Şakir deyirmiş: "Məni öləndən sonra axtaracaqlar!"
Gerçəkdən də belə olmuşdu. Əsli Qubadlıdan olan Əsgər Eyvazoğlunun tələkə "Moskviç"iylə Faruq çox yerləri gəzib dolaşmışdı. Bəlkə Şakirin hansısa yeni lent yazısına rast gəldi. Ələ gələni köçürtdürüb "qızıl fonda" saldırsın.
Şamaxının Quşçu, Çaylı, Göylər kəndindən, Ağsunun "Qəşəd"indən, "Padar-Çöl"ündən, altı nəfər Sosialist Əməyi Qəhrəmanı olan Bico kəndindən əldə etdiklərinin heç biri işə yaramadı. Televiziya-Radio Komitəsinin arxivini axtartdırdı, əli boşa çıxdı. Əlacı qaldı qırıq-qurtuq yazılara. Amma heyif, adamı halbahal edən o yazılar da yarımçıq idi. Əldə olanların demək olar heç biri işə yaramadı.
İndi təkcə Şakirdən yox, Şirvan oxuyanlarının heç birindən tutarğa olası bir yadigar qalmayıb. Mirzə Məhəmmədhəsəndən, Mirzə Bilaldan, aşıq Şakirdən, Pənahdan, Bəylərdən, Məmmədağadan!... O vaxtın "çadır" toyları haçandı unudulub. Faruq əlbəttə, buna acıyırdı...
Dastançı aşığımız Xanmusa Musayevin dilindən bir dastanı lentə aldırdı Faruq. Kiçik də olsa yadigar qalsın. Xanmusa amma ayrı yöndə aşıq idi. Şakir tamam ayrı! O adi əhvalatı da böyük şövqlə, özü də yumorla danışardı. Oxuduqca da halbahal edərdi.
Bir dəfə hacı-molla-şair Şərbalının dilindən belə bir sözü eşitmişdi Faruq. O demişdi, "Gülverdi müəllimin ölümündən sonra mən indi bütün ölümlərə adi baxıram!". Həmin sözü elə aşıq Şakir barədə də söyləmək olar. Sap-sağlam Şakiri gerçəkdən ölümə yaraşdırmaq olmurdu! Onun sənəti təkrar olunmayacaq.
***
Koroğlunun
bir dəli nərəsi vardısa
Aşıq Şakirin zildə
dəli bir zənguləsi vardı...
Elə-belədə
elə bilərdin Xan Eyvazdı
Aşıq Şakirə
nə qədər tərif söyləsələr
vallah azdı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!