Öldün - ölməz oldun - Qərib MEHDİ

Gəncəli şəhid Orxan Əsgərovun əziz xatirəsinə

 

 

Vətən daha bir şəhid verdi - Azərbaycanın molla-fars rejimli İrandakı səfirliyinin baş mühafizəçisi, gəncəli Orxan Rizvan oğlu terrora məruz qalaraq şəhid oldu.

33 il əvvəl işğalçı sovet ordusu öz istiqlalına və azadlığına can atan bir xalqın Bakı qətliamını törətdi. Bu ümumxalq qəhrəmanlıq və hüzn günü xalqımız tərəfindən hər il yad edilir. Ona görə yad edilir ki, bu dövlət terroru, bu soyqırım hadisəsi yaddaşımızda həmişə diri qalsın, dostumuzu və düşmənimizi qədərincə seçə bilək. Onda bu acını yaşından, cinsindən asılı olmayaraq hamı - bütün xalq yaşadı. Orxan, sən bu acını körpəlik çağlarında yaşadın. İndi də Sən şəhidlik zirvəsinə ucaldın. İndi Sən bu qüruru, bu acını bizlərə yaşadırsan. Bax, buna görə Vətən sənə oğul deyir.

Erməni və fars terrorçuluğu bütün dünyaya bəllidir. Onlar nə qədər günahsız türk elçilərinin qanlarını tökmüşlər... Onlar ifaçıdırlar, bu çirkin işin kiçik "skripkaçılarıdırlar". Gizlində - arxalarında daha böyük sifarişçilər durur. Terror günahsız qan töksə də, bütövlükdə azadlıq arzusunu boğmağa qadir deyil.

Bu günlər İranda molla rejimi orada yaşayan bütün xalqlar tərəfindən lənətlənməkdədir. Qurbanlar verilsə də mübarizədən geri çəkilmirlər. İran azadlığa hamilədir. Çox çəkməz ki, zülm altında inləyən, öz mənəvi-mədəni varlıqlarından məhrum olan xalqlar, o cümlədən Cənubda yaşayan 40 milyonluq soydaşımız öz azadlığına qovuşar.

Orxan, təhsil, vəzifə ilə bağlı sənədlərində kimliyin belə yazılıb: Orxan Rizvan oğlu Əsgərov. Sən həm də yüzillər boyu davam edən həyat məktəblərinin əlaçı məzunu olubsan. Bu məktəblərin hamısı Azərbaycanın bir parçası olan doğulub-böyüdüyün Gəncə şəhəri ilə əlaqəlidir. Gen yaddaşından gələn ali keyfiyyətlərlə formalaşıb kamilləşibsən. Ulu Nizami Gəncəvidən ədaləti, hökmdar babamız Cavad xandan torpaq uğrunda şəhid olmağı, aslan nərəli Kəpəz dağından Göygöl kimi bir nazənini qorumağı, başı buludlarla döyüşən Gəncə Çinarlarından əzəməti mənimsəmisən. Bunların hərəsi bir həyat məktəbidir. Nə xoş ki, Sən bu məktəblərin əlaçı məzunusan.

Hər hansı ölkənin xaricdəki səfirliyi həmin ölkənin kiçik modelidir. Sən İranın paytaxtı Tehran şəhərində fəaliyyət göstərən Azərbaycan səfirliyinin baş mühafizəçisiydin. Terrora qarşı sinə gərib son nəfəsinə qədər səfirliyi, orada fəaliyyət göstərən əməkdaşları həyatını qurban verməklə qorudun.

Tarixdə bir "Qorxulu Tehran" deyimi var. Azadlığa qənim kəsilən bu şəhər elə qorxulu əməllərinə görə bu adı qazanıb. Bunu əyaniləmək üçün yaxın tarixə nəzər salmaq kifayətdir. Tehran, azadlıq aşiqi, zülmə, istibdada üsyan bayrağı qaldıran igid sərkərdə Səttar xanı qətlə yetirən şəhərdir. Tehran Cənubda "Azadstan" adlı müstəqil Azərbaycan dövlətinin qurucusu Şeyx Məhəmməd Xiyabaninin həyatına son verən şəhərdir. Tehran, yenə Cənubda yaradılan müstəqil dövlətin hüquqi dövlət carçısı Firudin İbrahimini (o cümlədən minlərlə başqa mücahidi) dar ağacına çəkən şəhərdir. Tehran indi də çirkin ənənəsini davam etdirərək Sənin həyatınla oynadı. Deyirlər elçiyə zaval yoxdur. Ancaq qorxulu Tehran buna da əhəmiyyət vermədi. Molla rejimi, terrorçular bilsinlər ki, elçiyə qıyan mütləq bir gün ədalət məhkəməsinə çəkilərək cəzasına çatacaqdır.

Orxan, Sənin şəhid olmağın Vətənin Azərbaycana həm qürur verdi, həm də ürəkləri acılara qərq etdi. Bu qoşa hissi - qürur və acını xalqımızla birlikdə Səni qayğı ilə böyüdüb təhsil-tərbiyə verən valideynlərin, vəfalı həyat yoldaşın, dodaqları "Ata!" deməkdən doymayan körpə balaların, iç doğmaların daha dərindən yaşayır. Təsəllimiz var: Sənin qoruduğun Vətən ayaqdadır!

İbrətli bir türk deyimini xatırladım: "Torpağa su qarışanda palçıq, şəhid qanı qarışanda Vətən olur". Biz işğalçı ermənilər üzərində 44 günlük müharibənin qalibi olsaq da, hələ dinclik gətirən sülhə nail olmamışıq. Hələ yaralarımız tam sağalmayıb.

Orxan, Sənin atan Rizvan həkimdir. O, öz xəstələrinin yarasını dava-dərmanla müalicə edir. Vətənin yaralarını isə Sən və Sənin kimi igidlər öz qanı və qaziliyilə müalicə edirlər.

Orxan, cismin yerdə - Vətən torpağında, ruhun göydə - Tanrı dərgahındadır. Allah Sənə rəhmət eləsin. Əmin ol ki, Vətənə bəslədiyin sevginlə, igidlik örnəyinlə həmişə öyünəcəyik!..

 

30.01.2023


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!