Hekayə
ƏDƏBİYYAT ÜZRƏ 1966-CI İLİN NOBEL MÜKAFATÇISI: Şmuel AQNON
İsrail
Yəhudi yazıçısı Şmuel Yosef (Şay) Aqnon 1887-ci ildə Avstriya-Macarıstanın Qalitsiya krallığındakı Buçaç şəhərində anadan olub. O, ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən ilk israilli yəhudi yazardır. Əsərlərini ivrit və idiş dillərində qələmə alıb.
1920-ci illərin sonunda iki cilddən ibarət "Toy gərdəyi" ("Qaxnasat kalla") romanını bitirib və əsər 1931-ci ildə işıq üzü görüb. Hiyləgərlik çalarları ilə zəngin roman Şərqi Avropa ölkələrinə səyaət edərək üç qızına ər axtamağa çıxan kasıb bir hasidin həyatından bəhs edir. Əsərdəki yumor və ironiya Aqnon yaradıcılığına xas təəssüf və ürək ağrısı ilə təqdim olunur.
Onun digər məşhur əsəri isə "Gecə qonağı" ("Oreax nata lalun") 1937-ci ildə qələmə alınıb. Əsər Şərqi Avropadakı doğulduğu yerləri görməyə gələn bir yəhudindən bəhs edir. Vətənə qayıdan qəhrəman bir vaxtlar ənənəvi təhsil və ədəb qaydaları ilə seçilən yerlərin, indi mədəni və sosial təhlükə qarşısında qaldığını görür.
1953-1962-ci illər arasında Aqnonun səkkiz cildlik seçilmiş əsərləri çap olunub. 1966-cı ildə Şmuel Aqnon İsveç yazıçısı Nelli Zaksla birlikdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat yazıçıya "yəhudi xalq motivlərini böyük ustalıqla və orijinal təqdim etmək bacarığına görə" verilib.
Nobel mükafatı alan ilk yəhudi yazıçısı Şmuel Aqnon 1970-ci ildə Qüdsdə vəfat edib. "Ədəbiyyat qəzeti"nin oxucularına yazıçının dini mövzuya həsr edilmiş kiçik bir hekayəsini təqdim edirik.
İsahar və Zevulun
Hekayə
İsahar mükafatını almaq üçün Qan-Ədənə gələndə əməl-kitablarının arasından belə bir yazı çıxdı: "İsahar cəmi iki gün Tövrat oxuyub".
İsahar məğlub görkəmdə dayanmışdı. Dedi:
- Heç elə şey olar? Bütün ömrüm boyu çadırdan bayıra çıxmamışam, burada onun yükünü çəkə bilmək üçün başımı aşağı salıb sakitcə Tövrat oxumuşam, heç cəmi iki gün Tövrat oxuyarlar?
Dedilər:
- İsahar, söylə bizə, de görək sənin bu dünyada ruzin nədən çıxırdı?
Cavab verdi:
- Qardaşım var, adı Zevulundur, bir yerdə böyümüşük. Sahilə çıxıb gəmilərlə səyahətə gedir, ticarətlə məşğul olur. Ruzimi o, verərdi, mənsə oturub Tövrat oxuyardım.
Dedilər ona:
- Əgər elədirsə, sənin Tövratın - Zevulunun var-dövlətidir. Çünki Zevulun ticarətlə məşğul olmasaydı, sən də Tövrat oxuya bilməzdin. Sən axirətini sağ ikən xərcləmisən. Ayağına yazılan o iki gün heç bilirsən hansı günlərdir? Bir dəfə qardaşın ləngimişdi, sənə azuqə gətirməmişdi, bax, onda, sən yenə yerindən qalxmadın, Tövrat oxumağa davam etdin.
İsahar dedi:
- Bəs Zevulun, onun halı necədir?
Əməl kitabını açıb baxdılar:
"Zevulun iki gündən başqa bütün ömrü boyu Tövrat oxuyub", - dedilər. Baxdılar, hesabladılar, gördülər ki, bu elə həmin günlərdir - İsahara yemək gətirmədiyi iki gün.
İsahar dərindən köks ötürdü, yanıqlı bir nalə çəkdi və bu nalənin səsi Qan-Ədəndə əks-səda verdi.
Zevulun dedi:
- Qulağıma bir səs gəlir - bu, qardaşım İsaharın səsidir. Qoy bir gedim görüm nə olub…
İsaharın kədərli olduğunu görən Zevulun dedi:
- Məgər ayağıma yazılan bütün bu səadət payı bütün ömrünü Tövrata həsr edən qardaşım İsahara görə deyilmi? Məlum məsələdir ki, İsaharı mən saxlamamışam, əksinə, o Tövrat oxumaqla məni saxlayıb. Bəs mən onun haqqını Qan-Ədəndə necə verərəm? Yox! Qardaşımın haqqına girmək mənə yaraşmaz. Qoy Qan-Ədəndə mənim yerimi İsahar tutsun.
Bu zaman İsahar ona söylədi:
- Əziz qardaşım, doğrudanmı Qan-Ədəndə sənin yerini tuta biləcəyimi güman edirsən? Heç olarmı ki, sənin süfrən kasıb, mənimki bol olsun?
Zevulun belə ərz elədi:
- Bu, mənim yox, sənin haqqındır. Axı mənə burada ayrılan yer sənin bütün ömrün boyu Tövrat oxumağının mükafatıdır!
İsaharın kədəri bölündü, Zevulun Qan-Ədəndə ona ayrılan yeri qəbul etmədi, heç İsahar da qardaşına olan sevgisindən Zevulunun yerini tutmadı.
Yaradan (Həmd olsun Ona) belə ərz etdi:
- İsahar və Zevulun, siz bir-birinizə görə müqəddəs lütfdən imtina etdiniz. Sizin bu sevginizə görə Mən də öz lütfümü artırıram", yerinizi genişləndirirəm.
Elə o an Zevulunun Qan-Ədəndəki yeri genişləndi, orada İsahar üçün də yer oldu. İsaharla Zevulun hələ də Qan-Ədəndədir. Birlikdə Tövrat oxuyur, müqəddəs Nurun işığından zövq alırlar.
Yaradan (həmd olsun Ona) onlara baxdıqca Öz şöhrətinin dayaqlarını görür.
Zevulun İsaharı müdafiə etdiyi, İsahar da Zevulunun Yaradan tərəfindən mükafatlandırılmasına dayaq olduğu üçün Yaradan onların mükafatını artırdı, onların bir-birinə necə dayaq durmaqlarını görüb, öz şöhrətinə sevindi.
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!