Cınq... cınq... cınq... Dünyanın ən mistik, ən sakral, hipnotik musiqisini eşitdim bu gecə... eynilə belə başlayırdı... cınq... cınq... cınq... İndiyədək belə bir musiqi, belə bir hal, belə bir katarsis yaşamamışdım. Bu, başqa bir aləm idi. Bu aləmdə hər şey tamam ayrı bir rəngə - ilahi rəngə boyanmışdı. Bu aləmdə hər şey müqəddəs idi. Burada sükut öz qulaqlarını səs gələn səmtə - göylərə tutub musiqiyə qulaq asırdı: Cınq... cınq... cınq...
Hə, burada sükutla bu ecazkar musiqi bir-birinin içindən elə keçirdi ki, elə bil dayanıb sükutun səsinə qulaq asırsan. Sükut bədən olmuşdu, musiqi ruh. Bir-birindən aslı, bir-birinə möhtac birgələşmiş iki ayrı varlıq. Bu aləmə qədəm qoydunsa, addım atdınsa, sən də bu sakral dünyanın bir parçasına çevrilirsən. Necə ki, mən bu gecə bu aləmin sehrinə düşüb tamam ayrı bir fəzaya, ayrı bir dalğaya köklənmişdim. Bu aləmdən çıxmaq istəmirdim... Əgər bu mistik məkan, bu sakral musiqi məni oradan ayrılmağa, qopmağa qoymurdusa, İlahi, gör indi onlar özləri bu aləmdən də o tayda, sənin yanında necə xoşbəxtdirlər.
Bəlkə də o xoşbəxtliyin cingiltisidir bu musiqi. Müəzzin azanından, kilsə zəngindən fərqli bir şey var idi bu zərif cingiltidə. Elə bir şey ki, onu sözlə ifadə eləmək mümkün deyil. Gərək orada olasan və o dünyadan, bəlkə də cənnətdən gələn musiqini eşidəsən. Hə, nə bilmək olar, bəlkə də, o musiqi cənnətdəki kövsər bulağının zərif şırıltısıdır, bura gəlib çatanda su səsi öz formasını dəyişib burada məhz bu cür səslənir: Cınq...Cınq... Cınq...
***
Maşın hərəkət etdikcə yolun sağında və solunda bəzən nizamlı, bəzən nizamsız düzülən sinə daşlarından boylanan şəkillər arxada qalırdı. Qəbiristanlığın ortasından çəkilən yol ilə irəlilədikcə mənə elə gəlirdi ki, zaman anlayışım keyiyir. Zamana aid bütün kəlmələr qəbiristanlıqdan o tayda qalırdı.
Məzarların sinə daşlarına sancılmış şəkillər vaxtı gözlərinə yığıb saxlamışdı. Maşının pəncərəsindən şəkillərə baxanda gözlərə yığılmış vaxtın hənirtisini hiss edirdin; hə... məhz hənirtisini... özünü yox. Vaxtın, zamanın özü burada yox idi, ancaq o daşlaşmış şəkillərin gözlərində zamandan nəsə bir əlamət sezmək olurdu.
Zamansızlığın intəhasız çöllüyündən keçib istədiyim məkana çatdım. Maşından düşəndə soyuq yanvar küləyi saçlarımı qarışdırdı, əynimdəki gödəkçənin yaxalığını əsdirdi, elə bil, külək hirslənmişdi və bu hirsli küləyin bumbuz nəfəsi gözlərimi yaşartdı, üzümü, boynumu, boğazımı yandırdı. Yaşarmış gözlərim qarşıdakı sütunun üstündəki yazıya zilləndi: "İkinci Şəhidlər xiyabanı".
Hirsli küləyin müşayiətilə Şəhidlər xiyabanına üz tutdum. Addımımı qapıdan içəri atan kimi tamam ayrı bir hissin məni çulğadığını hiss elədim. Hələ xiyabanın girişindəydim. Uzaqdan şəhid məzarlarını, məzarların başı üzərində dalğalanan bayraqları gördüm, tərifə gəlməz hisslərin ruhuma sızdığını hiss edirdim. Məzarlığa doğru irəlilədikcə həmin izaholunmaz hiss ruhumu ələ keçirirdi. Ora çatanda isə ruhum indiyədək adını tapa bilmədiyim hisslərə təslim olmuşdu.
Şəhidlərimizin uyuduğu məzarlardan əvvəl məni boş qəbirlər qarşıladı. Qazılıb hazır qoyulmuş boş qəbirlər: eyni boyda, eyni ölçüdə... Bu sırayla düzülmüş boş məzarlara baxanda mənə elə gəldi ki, hirsli küləyin yuvası bu məzarlardır; küləklər məhz bu boş qəbirlərin içindən çıxıb aləmi ağuşuna almaq istəyir. Qəbirlərin boşluğu məndə elə bir ovqat yaratmışdı ki, özüm də çaşbaş qalmışdım. Bilmirdim məzarların boşluğunamı sevinim ki, nə yaxşı bu qəbirlər boşdur, burada yatan yoxdur, yoxsa bu boş məzarların da bir gün dolacağına, bir şəhidin məzarına çevriləcəyinəmi kədərlənim. İki hissin ruhuma eyni anda təzyiqi altında şəhid məzarlarına tərəf addımladım. Və... o müqəddəs musiqinin ilk sədalarını eşitdim: Cınq... cınq... cınq...
Həmin an başa düşdüm ki, mən buradan çıxa bilməyəcəm. Hə, şəhid məzarlarının arasında, o sehrli musiqinin sədaları altında elə bir ovqatdaydım, bir anlıq mənə elə gəldi ki, mən həmişəlik burada qalacam. Bu musiqi dünya durduqca davam edəcək, heç vaxt dayanmayacaq, heç vaxt kəsilməyəcək mən də bu musiqinin sədalarıyla şəhid məzarlarının arasında aramla, musiqinin ritminə uyğun dövrə vuracam. Doğrudanmı, bu musiqi cənnətdən gəlirdi?! Nə idi bu xəfif cingilti? Elə bil ki, göylərdən yer üzünə doğru süzülürdü bu hüznlü musiqi. Hüznlüydümü? Yox, hüznün içində qəribə izaha gəlməz bir şirinlik var idi; yuxu kimi bir şirinlik, mürgülü şirinlik. Bu şirinliyin içində nə oyaq qalmaq olardı, nə də yatmaq... bu hüznlü şirinliyin içində ancaq mürgülü halda gəzmək olardı. Yəni ki, şüurun qapalı ancaq üst və alt şüurun kontaktından yaranan mürgülü ovqat...
Bu musiqinin göylərdən gəldiyi şübhəsizdir. Başımı qaldırıb səmaya baxıram - nəhəng qaranlığa. Bu nəhəng qaranlığın içindənmi süzülür bu qüssə dolu nəğmə? Üzümü göylərə dikəndə bu musiqini daha yaxşı eşidirdim. Hə, bu cingilti elə göylərdəydi. Düz tapmışdım. Şəhid məzarlarının yanındakı bayraq dirəkləri üçrəngli şanlı bayrağı dalğalandırırdı və ay-ulduzlu bu möhtəşəm üçrəng dalğalandıqca bayrağı dirəyə pərçimləyən dəmir halqalar dirəyə dəyib səs çıxarırdı: Cınq... cınq... cınq... Küləyin musiqi aləti dəmir dirək və bayrağı dirəyə bağlayan dəmir halqalardı. Külək bu musiqi alətiylə bütün Şəhidlər xiyabanına layla çalır. Bunu elə zərifliklə, elə həzin-həzin edir ki, insan özünü anasının dizinə baş qoyub uyuyan çocuq kimi hiss edir. Şəhidlərin başı üstündə çalınan bu layla, görəsən, onlara necə təsir edir? Ana kitabımız deyir ki, onlara ölü deməyin, şəhidlər diridirlər, lakin siz bunu bilməzsiniz! Hə, əgər bu sehrli layla altında mən özümü anasının dizində yatan uşaq kimi hiss edirəmsə, kim bilir, bəlkə də onlar Allahın ərşində, xanımlar xanımının camalını seyr edirlər. Nə böyük xoşbəxtlik, nə dərin mutluluq! Burada - bu müqəddəs xiyabanda başları üstündə yolunda can verdikləri üçrəngli bayraq küləklə birləşib dalğalanaraq onlara layla çalır, o dünyada isə əsl böyüklər onlara baxıb sevgi ilə gülümsəyirlər. Bu necə bir rəhmətdir?!
Cənnətlə bu dünya arasında körpü salan bu cingiltinin fonunda xiyabanda aram-aram addımlamağa başladım. Hər şəhid məzarının qarşısında dayanıb sinə daşından mənə boylanan şəkillərinə baxırdım. Gözlərimi bu diri baxışlara, bu ölməz baxışlara zilləyib dayanmışdım. Hər şəhid məzarının qarşısında neçə dəqiqə dayandığımı xatırlamıram. Beş dəqiqəmi, on dəqiqəmi, on beş dəqiqəmi? Ümumiyyətlə, orada vaxt, zaman anlayışı vardımı? İnsanın zaman qavrayışı keyiyirdi, xiyaban boyu eşidilən musiqi hər şeyi öz ağuşuna almışdı: zamanı da, məkanı da, insanı da...
Həmişə mənə elə gəlib ki, müdrik insanlar üçün zaman anlayışı olmur. Daha doğrusu, onların zaman anlayışı, vaxt qavrayışı bizim vaxt, ölçü anlayışımızdan fərqli olur. Biz zamanı dilim-dilim, hissə-hissə dərk edirik. Ona görə də vaxtı saniyələrə, dəqiqələrə, saatlara, günlərə, illərə, qərinələrə, əsrlərə bölürük. Ancaq ariflər, müdriklər, həyatla "toqquşmuş" insanlar üçün sadəcə İNDİ var. Nə keçmiş, nə gələcək. Hər şey indiyə, bu ana bağlıdır. Və bu bağlılıq hedoist bağlılıq deyil. "Dünya üç günlükdür" kimi fikirlərə dəstək verən yanaşma deyil. İndini hiss eləmək, yaşamaq keçmişdən imtina, gələcəyi inkar üstündə qurulmayıb. İndini hiss etməyin arifanə açılımı odur ki, öz yaşadığın anın qiymətini biləsən, öz yaşadığın anı ilahi rəngə boyayasan. İndini bütün gücünlə hiss etsən, yaşasan, o indi heç vaxt keçmiş olmayacaq, gələcəyi gətirməyəcək. Sən nəhayətsiz indinin içində yaşayacaqsan. Vaxtı belə demək mümkünsə, Dairəvi qəbul edəcəksən. Həyat elə olan halda tamam başqa dalğada, tamam ayrı frekansda yaşanır. Sən açıq-aşkar ilahi rəhməti hiss edirsən!
Mən həmin arifanə, müdrik İndi anlayışını sinə daşlarından boylanan şəhid baxışlarında gördüm. Birində yox, ikisində yox, üçündə yox, hər birində! Hər şəhid məzarından bizə baxan gözlərdə bunu görmək olur. Onların baxışları o qədər diridir ki... o qədər canlıdır ki... yaşlısından gəncinə qədər hər biri eyni şövqlə baxır adama. Sanki soyuq mərmərdən baxan o odlu-alovlu baxışlar bizim dolmuş gözlərimizə, kədərli simamıza baxıb təskinlik verir: "Bizdən nigaran olmayın! Yerimiz çox rahatdır! Biz zirvədəyik".
Onlar haqlıdırlar. O isti, közərən baxışlar keçmişi də, gələcəyi də, indinin içinə sığışdırıb gözlərində saxlayırlar. Müqəddəs kitab deyirsə Şəhidlər diridirlər. Deməli, onlar bütün zamanlarda mövcuddurlar. Deməli, onlar İndinin özüdürlər. Bizim bütün sevincimizə, kədərimizə şahiddirlər. Axı şəhid sözünün kökü elə müşahidə edən deməkdir.
Məzarların arasıyla addımladıqca qarşıda bir neçə qara paltarlı qadın gözümə dəydi. Qadınların qara paltarları, başlarındakı qara örpəklər soyuq yanvar küləyinin cənginə keçib, sağa-sola vurnuxurdu. İrəli addımladıqca o qadınların simasını görə bilirdim. Bir qədər də yaxınlaşdım. Onların kədərli, qüssə tökülən üzlərində qəribə bir arxayınlıq vardır, ötkəmlik vardı, fəxarət hissi vardı. Görəsən, bu qadınlar hansı şəhidin valideynləri, ailəsidir? Addımı yavaşlatdım. Onları müşahidə elədim. Aha, soldan üçüncü məzarın qarşısında dua oxudular. Bir az da onları seyr elədim. İndi isə soldan ikinci məzara yaxınlaşdılar, orada dua edib, növbəti məzara tərəf getdilər. Bu qadınlar bütün şəhid məzarlarının qarşısında əllərini göyə açıb dua edir, onların əziz ruhuna fatihə oxuyurdular. Hər şey aydın idi. Öz oğlunun məzarını ziyarət etməyə gələn analar bütün şəhidlərimizi öz oğlu hesab edir, hər birinin başı üstündə fatihə oxuyur, dualarını edirdilər. Bundan müqəddəs doğmalıqmı var?! Şəhidlər hər biri ayrı-ayrılıqda bu torpaq üçün canlarını qurban etdikdən sonra bir ada çevrilmişdilər - şəhid adına! Analar da artıq tək öz övladlarının anası deyildilər, şəhid anası, şəhidlərin anası idilər. Birgələşmişdilər. Şəhidlər və onların anaları, ailələri. Şəhid adı bir halə kimi onların başının üstündəydi.
Bir neçə saat idi ki, Şəhidlər xiyabanında göylərdən gələn musiqinin sədaları altında şəhid məzarlarını və şəhid analarını müşahidə edirdim. Bu qəribə enerji axını məni öz ardınca aparır, ayaqlarım iradəmə tabe olmadan mən də onlarla birgə xiyabanı məzar-məzar dəfələrlə gəzirdim. Telefonuma gələn zəng məni bu sakral dünyadan qoparmağa cəhd elədi. Ekranda "ana" yazılmışdı. Zəngə cavab verdim.
- Hə, ana?
- Hardasan belə? Ağlayırsan?
- Yox. Gəlirəm bir azdan.
- Hə. Gəl. O nə səsdi elə? Hardan gəlir?
- Musiqi səsidi. Cənnətdən gəlir, ana, cənnətdən.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!