İtaliya markalı ayaqqabı - Hekayə. Akif ABBASOV

 

 

Hava isti idi. Adamım lap nəfəsi kəsilirdi. Səfərəli özünü xarici malların satıldığı mağazaya saldı. İçəridə kondisioner işlədiyindən xoş sərinlik vardı. Öz-özünə: "Köynəklərə, kostyumlara, ayaqqabılara baxıb bir az özümə gəlim, sonra bir taksiyə əyləşib avtovağzala gedərəm", - deyə fikirləşdi.

Səfərəli Söyüdlü rayonundan idi. Bakıya iş dalınca gəlmişdi. Çalışdığı idarədən göndərmişdilər. Tapşırığı yerinə yetirmişdi. Daha görəcəyi bir iş qalmamışdı. Avtobus haradasa 2-3 saatdan sonra tərpənəcəkdi. 2-3 saatlıq da yolu vardı.

Köynəklərə, kostyumlara, ayaqqabılara baxdıqca Səfərəlinin halı qarışırdı: "Ə bu nədir, köynəyin biri 100-200 manata, ayaqqabı 500-600, kostyum 900-1000 manata. Bu şəhər camaatı əcəb kefdədir! Pulları var ki, bu malları gətirib bu qiymətə mağazaya qoyurlar".

Ətrafa göz gəzdirdi. İçəridə xeyli adam vardı. Kassanın qabağında da növbə yaranmışdı. Birinin əlində qalstuk, digərində kostyum, birində palto, başqasında ayaqqabı, plaş...

Səfərəli də gəlib kişi ayaqqabıları olan şöbənin qarşısında dayanmışdı. İtalyan markalı ayaqqabılar idi. Götürüb baxdı. "Salvatore Ferragamo" firması. Qiymətini görəndə az qala başına hava gələcəkdi: 595 dollara. Amma ayaqqabı da ayaqqabı idi ha.

Ayaqqabını yerinə qoyub mağazadan çıxmaq istədi: "Bu ayaqqabını almaq üçün gərək evimi satım". Çıxış qapısına yaxınlaşmışdı ki, nə isə fikirləşib geriyə döndü. Ətrafa baxdı. Xoş simalı bir qızı hədəfə aldı və ona yaxınlaşdı:

- Xanım, sizə işim düşüb. Gərək kömək edəsiniz.

Qız müştəriyə mehribanlıq göstərdi:

- Buyurun, dayı, sizə nə kömək lazımdır?

Səfərəli söhbətinə davam etdi:

- Qızım, subaysan, yoxsa ərdəsən?

Müştərinin bu sualından bir şey başa düşməyən qız çiyinlərini çəkdi. Öz-özünə fikirləşdi:  "Bunun məsələyə nə dəxli var? Sözünü de də. Yoxsa mənə elçi düşmək istəyir?".

Səfərəli qızın təəccüblə baxdığını görüb əlavə etdi:

- Xahiş edirəm, məni düzgün başa düşəsən. Mənim bir oğlum var...

Qız diqqət kəsildi: "Dedim də... İndi başlayacaq ki, səni oğluma almaq istəyirəm. Yəqin, bu mağazada işlədiyimi görüb elə bilir burada pul kəsirik. İndi belədir də. Varlı gəlin axtarırlar".

Səfərəli davam etdi:

- Oğlun deyəndə kürəkəni nəzərdə tuturdum. Sən yaşda bir qızım var. Toyu olmalıdır. İndi, bala, belədir də. Oğlan evi toy ərəfəsində gəlin üçün fata, gəlinlik paltarı, zinət şeyləri ...aldığı kimi, qız evi də bəy üçün kostyum, köynək, qalstuk, ayaqqabı, üzr istəyirəm, alt geyimi alır. İndi qəribə vəziyyət yaranıb. Bütün geyimlər alınıb, ayaqqabıdan başqa.

Qız hələ də key-key baxır, Səfərəlinin ondan nə kömək istəyəcəyini bilmirdi.

- Qızım, məsələ belədir ki, toy günü yaxınlaşır, kürəkən xəstəxanadadır.

Satıcı qız mat-məəttəl qalmışdı: "Əcəb işə düşmüşəm...".

- Avtomobil qəzasına düşüb. Şükür sağ-salamatdır. Bircə sol ayağı gipsdədir. Toy gününə kimi özünə gələr.

Satıcı qızı gülmək tutdu: "Bu kişi yoxsa məni də toya dəvət etmək istəyir?".

Səfərəli pərt oldu:

- Gülmə, qızım. Bax, burada gözüm tutan bir ayaqqabı var. Onu almaq istəyirəm. Amma ayaqqabı elə şeydir ki, ayağına geyməyib aldın, səni peşman eləyəcək. Ya ayağına böyük olacaq, ya da ayağını sıxacaq. Kürəkəni bura gətirmək mümkünsüzdür. Olarmı beh qoyum, ayaqqabının sağ tayını aparım, ayağına olar, lap yaxşı. Pulun qalanını da verib, o biri tayını götürərəm.

Səfərəli axır ki, satıcı qızı başa sala bildi. Qız:

- Dayıcan, bu mənlik deyil. Gərək müdirimizə deyək.

Səfərəli razılaşdı:

- Necə məsləhətdir.

Satıcı qız ayaqqabı şöbəsinə yaxın gəldi. Səfərəli də onun ardınca.

- Hansı ayaqqabını götürmək istəyirsiniz?

Səfərəli göstərdi. Satıcı qız "Salvatore Ferragamo" firmasına məxsus ayaqqabının sağ tayını götürüb Səfərəli ilə birgə şöbə müdirinin otağına gəldi. Məsələni müdirə anlatdı. Şöbə müdiri onu başdan-ayağa süzdü. Səfərli şəhərə gəldiyindən bir az abırlı geyinmişdi. Müdirin tərəddüd etdiyini görən Səfərəli tez 50 manat çıxarıb ona uzatdı.

- Uzağı, yarım saata burdayam. Mənə inana bilərsiniz. Ya bu sağ tayı gətirib 50 manatımı götürəcəyəm, ya da pulun qalanını ödəyib sol tayını da götürəcəyəm.

Səfərəli 50 manatı stolun üstünə qoydu:

- Amma bir xahişim var.

Şöbə müdiri baxdı. Səfərəli:

- Bir az güzəşt edərsiniz. Ayaqqabını qaytarmaq söhbəti olmayacaq. Gözüm bu ayaqqabını tutub. Ölçüdə dəyişiklik ola bilər. 42 ölçünü götürmüşəm, ola bilər kürəkənə 43 ölçü münasib oldu.

- Yaxşı, dayı, amma sabaha qalmasın. Bir saata "hə", "yox" cavabını verərsən. Oldumu? İtaliyada ən yaxşı firmanın ayaqqabısıdır. 595 dollara satırıq. Sən 550 dollar verərsən, oldumu?

Səfərəli tez:

- Mən razı. Allah köməyiniz olsun.

O, ayaqqabının sağ tayını götürüb mağazanı tərk etdi.

Aradan bir saat, iki saat, üç saat keçdi. Səfərəlidən xəbər çıxmadı. Şöbə müdiri satıcı qızı yanına çağırdı:

- Səkinə, sənin tanışın gəlib çıxmadı axı.

Səkinə:

- Vüqar müəllim, o mənim tanışım deyildi ki. Adi müştəri idi. Mənə dedi, mən də sizin yanınıza gətirdim.

Vüqar yerindən dik atıldı:

- Necə yəni tanışın deyildi. Mən tanımadığım adama elə bir dəyərdə ayaqqabı verərdim? Elə bildim onu tanıyırsan.

- Yox, Vüqar müəllim. Harada olsa, gəlib çıxar. Tay ayaqqabı neyinə lazımdır?

Səkinənin sözləri Vüqarın ağlına batdı. Siqaret çıxarıb yandırdı:

- İşə düşmədik. Birdən gəlib çıxmadı. 595 dollar zibilə düşəcəyik. Rəhbərlik bu pulu sənin, ya da ikimizin maaşından çıxacaq... Yaxşı, gözünün yaşını tökmə. Gözləyək. Ola bilsin bir iş çıxıb, sabah gəlməsə, polisə müraciət edərik.

Səfərəli ertəsi gün də, sonrakı gün də gəlmədi, elə o gedən oldu. Vüqar müəllimlə, Səkinə bərk dilxor olmuşdular. İtaliyanın "Salvatore Ferragamo" ayaqqabı brendinin sol tayı Vüqarın otağında idi, sağ tayı isə əlli-ayaqlı yoxa çıxmışdı.

Bu zaman zəng çalındı. Vasif idi. Başqa bir firma mağazasının şöbə müdiri. Həyəcanlı görünürdü:

- Ay Vüqar, başıma iş gəlib.

- Nə iş?

- Bir-iki gün əvvəl geyimli-kecimli birisi mağazamıza gəlmişdi. "Salvatore Ferragamo" italyan firmalı ayaqqabının sol tayını götürüb apardı ki, kürəkənim ayağına geyib yoxlasın, gəlib götürəcəyəm. O gedəndir, gəlib çıxmaq bilmir. Vidi-fasonu məni aldatdı. 50 manat da beh qoymuşdu.

Vüqarı gülmək tutdu. Vasif:

- Niyə gülürsən? Gəlib çıxmasa, cibimdən ödəməliyəm.

- Özümə gülürəm, sənə yox.

- Özünə niyə gülürsən?

- Bilirsən, qardaş, o mənim də başıma elə bir iş gətirib. Həmin yaramaz ayaqqabının sağ tayını məndən, sol tayını da səndən götürüb. Hərəmizə də bunun müqabilində 50 manat ödəyib. Görürsənmi, dünyada necə kələkbaz adamlar var. 595 dollarlıq ayaqqabı ona 100 manata başa gəldi.

- Ola bilməz. Polisə şikayət edərik.

Vüqar qeyri-ixtiyari əlini yellədi:

- Xeyri olmayacaq. Haradan tapacaqlar onu? Hansı rayonu axtarsınlar? Rayon adamına oxşayırdı. Kim bilir hansı rayondandır. Çıxıb gedib evinə-eşiyinə. Yəqin, bizi aldatdığını yadına salıb indi gülür.

- Bəs nə edək?

- Ağlıma bir fikir gəlib. Gəl belə edək. Ayaqqabının sağ tayı səndədir, sol tayı məndə. Ya mən göndərim sol tayı sənə, ya da sən ver sağ tayı mənə. Qoyaq piştaxtaya, satılsın. Ziyanın yarısından qayıtmaq da xeyirədir.

Səfərəli artıq iki-üç gün idi ki, rayonda idi. İtaliya markalı ayaqqabıları büküb bir tərəfə qoymuşdu. Onlardan heç kim xəbər tutmamışdı. Hətta evdəkilərə də bir söz deməmişdi, "Gün gələr lazım olar" - deyə düşünmüşdü.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!