Dünyanın damı - Romandan parça. Kənan Hacı

Əsər 37-ci il repressiyasında sürgünə məruz qalmış nakam şair Ağasəlim Fədainin acınacaqlı həyat yolundan bəhs edir

 

 

Taxta qapının taqqulbabını döyməyə ehtiyac yox idi, yüz ildən bəri bu evin sükutunu pozan olmamışdı. Qapı cırıltı ilə açıldı, ot basmış cığır diksindi. Qoltuğumdakı əlyazmaları sinəmə sıxdım. Onları kiminsə qəfil əlimdən alıb qaçacağından qorxurdum. Sükutu cırmaqlayan pişik səsi məni hürkütdü. Qapqara bir pişik ayağıma sürtünməyə başladı. Bu ki, ev yiyəsinin qara pişiyidir. Adı Odissey olmalıydı... Odissey sevindiyindən ətrafımda dövrə vurmağa başladı. O, indi bu həyətin yeganə bələdçisi, qoruyucusu idi...

Çat-çat olmuş pilləkan mamır bağlamışdı. Addım səsləri onun da, eyvanın da yaddaşını oyatdı. İçəridə qədimdən də qədim sükut yüz illik yuxuya getmişdi. Nəm, rütubət çoxillik şərab kimi tündləşmişdi. Qaranlığın, qorxunun gözünün içinə dik baxmaq çətin idi. Qaranlığın arxasında daldalanmış kor və kar tale mənə nə danışa bilərdi ki?!

Yaman yerdə axşamladım... Başım üstündəki toz basmış lampa sanki tavandan diri-diri asılmışdı. Odissey məndən ürəkli çıxdı, aralı qalmış qapıdan içəri sivişib qaranlığı diksindirdi. Əlimi atıb işığı yandırdım. Amma işıq yandımı, yanmadımı, bilmədim. Kor tale divardan tuta-tuta, ayağının ucunda, suyu süzülə-süzülə qapıdan çölə çıxdı və mən geri çevrilincə yox oldu. Odissey, deyəsən, bu otaqda hər şeyin yerini bilirdi. Evin yiyəsi indi o idi...

Taxçada nəmişlikdən saralmış qovluqların üstünə çıxdı və mənə sarı boylandı. İşarəni anladım... Odissey qəribə səs çıxardı və bu səs uzağa atılmış söz kimi yaddaş çayında həlqələr əmələ gətirdi.

Ağ vərəqlərin üstündə sanki qarışqalar gəzişirdi. Bənövşəyi mürəkkəblə yazılmış sətirlər dünyasını çoxdan dəyişmiş bir insanın düşüncələrinin şəkli idi. Heç nə anlaya bilmirdim, hərflər sanki bir-birinə söykənib uyuyurdu... Bir əsrdən bəri bu saralmış, illərin tozu qonmuş vərəqlərdə yatmış duyğuları oyatmaq o qədər də asan deyildi...

 

***

O, kəndin içindən keçib getdikcə adamlar onu qəribə nəzərlərlə süzür, bu yad adamın kimi, nəyi axtardığını anlaya bilmirdilər. Adam yüz ilin yorğunu kimi ayaqlarını arxasınca sürüyür, ətrafa, keçib getdiyi yerlərə maraqla baxır, nələrisə yadına salmağa çalışırdı. Sanki adamın geyimi də yorulmuşdu, paltarları da əynindən tökülür, bir küncə atılmaq istəyirdi.

Cavanlardan biri bu yorğun yolçunun qarşısını kəsdi:

- Əmi, siz kimsiniz?

Adam diksinib ayaq saxladı, bir müddət qarşısında dayanan cavanı küt nəzərlərlə seyr etdi. Quyu dibindən eşidilən kal səslə dedi:

- Mən keçmişəm.

Cavan istehza ilə gülüb davam etdi:

- Həə, deməli, keçmişsən. Bəs keçmiş bu gündə nə axtarır? Keçmişin yeri arxivdir.

- Mən keçmişəm, - adam dediyini təkrarladı, - axı hər kəsin bir keçmişi olmalıdır.

- Yalan danışma, mənim keçmişim yoxdur.

- Keçmişin yoxdursa, deməli, gələcəyin də olmayacaq... - naməlum adam məğrurcasına gülümsədi.

- Ey qoca keçmiş, sən artıq dünəndə qalmısan. Bu günümüzdə nə axtarırsan?

- Mən gələcəyimi axtarıram.

Cavan deməyə söz tapmadı.

Üfüqə doğru əyilən günəş gülümsədi. Naməlum adam çevrilib arxaya baxdı, sanki onu kimsə çağırırdı. Heç kəsin nəzərini cəlb etmədən çevrilib öz gələcəyinə doğru addımladı, camaata qarışıb gözdən itdi...

 

***

Toy gecə yarıdan xeyli keçmiş qurtardı. Hər ikisinin gözü yuxu bişirirdi. Mağarın səs-küyü hələ də beyinlərindən çəkilib getməmişdi. Qulaqlarındakı uğultunu gecənin sakitliyi ovuda bilmirdi. Kəsmə yolla dəniz sahilinə doğru addımladılar, hardasa bir it kal səslə hürüb sükutu pozdu. Vahid damağındakı "Kazbek"i odladı, dərin qullab vurub tüstünü qaranlığa üfürdü. Uzaqdan sahilyanı kafelərin zəif işığı közərirdi.

Dənizdən əsən sərin meh yorğunluğu misqal-misqal canlarından çıxarmaqdaydı.

- Dəniz alayı şeydü e, qədeş. Adamın ruhuna sığal çəkir, can dərmanıdu, - Səyyar xırıltılı səslə dilləndi.

- Həri. Bir dəfə kefim kök idi, Nurunun kababxanasında yeyib-içirdik. Uşaqlar xahiş elədi ki, bir-iki qəzəl de, feyziyab olaq. Başımı qaldırdım ki, Ay göyün üzündə bədirlənib. İlahi, o nə mənzərəydi! Adam lap istəyirdi dənizin üstünə düşən işıq yoluyla çıxıb üfüqəcən getsin. Gördüm suyun üzərində bir su pərisi mənə "gəl, gəl" deyir. Ömrümdə belə gözəllik görməmişdim. Mənə deyir ki, biz bir palçıqdan yoğrulmuşuq, sən mənsiz yarımçıqsan, mən olmasam, sən yaşaya bilməzsən. Day sonrası yadıma gəlmir. Bilmədim dalğa məni hansı qayaya çırpdı...

- Pay atonnan! Su pərisi səni təxribata çəkirmiş. Yaxşı ki, batmamısan, əmoğlu. Yoxsa qəzəliyyatımız yetim qalardı.

Vahid bilmədi ki, Səyyar bu sözləri ciddi deyir, ya dostuna sataşır.

- Su pərisi ancaq gecələr gözə görünür... - Vahid düşüncəli halda dilləndi.

Səyyar su pərisini axtarırmış kimi nəzərlərini dənizin səthi boyu gəzdirdi. Ay yenə suyun üzərinə qızılı xalçasını sərmişdi. Sanki su pərisi üfüqdən çıxaraq bu xalçanın üstüylə gəlib sahilə çıxacaqdı.

Nurunun köhnə "Moskviç"i kababxananın böyründə idi. Maşının arxa qapıları açıq idi, kiminsə ayaqları çölə çıxmışdı.

Vahidin sinəsi xışıldadı və ardınca uzun bir öskürək sısqa bədənini silkələdi. Maşında yatan adam səsə başını qaldırdı. Bobik əvvəlcə hirsli-hirsli hürdü, gələnlərə yaxınlaşınca quyruğunu bulamağa başladı. İt müştəriləri tanımışdı. Nuru cəld maşının içindən çıxıb qonaqların qabağına yüyürdü:

- Ay xoş gəlmisiz. Vahid əmoğlu, deyəsən, toydan gəlirsiz.

- Həri. Bu vaxt hardan gəliceyəm? Səyyarı da avara eləyib gətirmişəm. Yaxşı çayın olar bəlkə, - Vahid yorğun-yorğun dilləndi.

- Gəlin əyləşin bu besedkada. Hava da sərindir. Sizə qəşəng xoruzquyruğu bir çay dəmləyim. Samovar çayı yorğunluğunuzu çıxaracaq.

Vahid çevrilib Səyyara baxdı:

- Hə, qədeş, samovar çayıyla aron necədü?

- Əla! - Səyyar sevincək dilləndi.

- Alə, Ağoppa! Dur əyağa! Vahidgil gəlib. Gəl tez samovarı odda, - Nuru yarıyacan quruya dartılmış qayığın içində şirin yuxuya dalmış yeniyetməni səslədi.

Ağoppa yerindən dik atıldı, yaxınlaşıb ədəb-ərkanla Vahidlə Səyyarı salamladı və işə başladı. O qədər arıq idi ki, qabırğalarını saymaq olardı. Gün bədənini yandırmışdı, dərisi mis rəngindəydi. Şalvarının balaqlarını dizəcən çirməmiş bu diribaş oğlan günün iyirmi dörd saatını bu kababxanada olurdu, gələn qonaqlara qulluq edir, samovar qaynadır, təmizlik işlərinə də baxırdı. Nuru deyirdi ki, Ağoppa olmasa, batarıq. Hər yay mövsümü gələndə Nuru "Moskviç"ini Qızılquma sürürdü, Ağoppanı axtarıb tapırdı və özüylə kababxanaya gətirirdi. Ağoppa bir də evlərinə sentyabrın axırlarında gedirdi.

Vahid Ağoppanın canıyananlığını bu sözlərlə qiymətləndirdi:

- Allah saxlasın! Çox diribaş uşaqdır, özü də böyük-kiçik yeri biləndür.

Sonra yadına nə düşdüsə, yenə üzünü Səyyara tutdu:

- Səyyar, sənin yadında olar. Kimsə bu dənizə bir meyxana qoşmuşdu.

- Hansını deyirsən? - Səyyar fikirli-fikirli dilləndi.

Vahid meyxanadan bir bənd dedi:

Tanrına qurban, a qızıl qum dəniz,

Kasıb lüt-üryanlara qəyyum dəniz.

Sən ki, bizi bu davadan çıxartdın,

Səndə ölüm, sən gözümü yum, dəniz.

- Nə qəşəng deyib! Bunu eşitməmişdim, əmoğlu, - Səyyar dedi.

Nurunun diqqəti onlardaydı. Tez reaksiya verdi:

- Vahid qədeş, bunu bizim kəntdimiz deyib. Bax, elə burda xalça-palazın üstündə oturub diyiblər. O vaxt müharibə təzə qurtarmışdı. Kəndin cavanları gələrdilər, bu qumun üstündə dövrə vurub oturardılar, başlayardılar meyxana deməyə. Həmin oğlanın adı Cavid idi. İşə bax ki, sonradan özü yazıq elə dənizdə batdı.

Vahid çevrilib qəzəblə dənizə baxdı.

- Heyif... Talantlı uşaq imiş. O sözləri ona dedirdən ilahi qüvvə varmış. Taleyini ona pıçıldayıbmış. Allah rəhmət eləsin. Hələ birdən yadıma düşdü.

Nuru ortaya nərdtaxta gətirdi. Vahid nərdtaxtanı kənara itələdi:

- Hara getsəm, yenə kölgəm kimidü nərd,

Bəxtin zəri şeş verməsə, dövran heçdir.

Gözlədilər, Vahid qəzəlin ardını gətirmədi.

- Yorğunam, qədeş. Bunu yığışdır. Çayımızı gətir, - dedi.

Ağoppa Vahidi, Səyyarı görüb sevinirdi, bu əldən zirək oğlan samovarı beşcə dəqiqənin içində qaladı. Az keçməmiş samovarın dızıltısı eşidildi. Vahid tüstü-dumanın içində itib-batmışdı. Xəyalı hələ də su pərisinin yanında idi.

- Vahid qədeş, deyəsən, toydan gəlirsüz.

Nurunun səsi onu fikirdən ayırdı.

- Həri. Sıxıb suyumuzu çıxartdılar. Bu camaat meyxanadan doymur də. Arada qəzəllərimdən də deyirdim. Görürəm xoşlarına gəlir. "Vahid qədeş, birin də de, birin də de" deyib məni əməlli-başlı yordular.

- Əybi yox, indi qəşəng xoruzquyruğu çay dəmliyərəm sizinçün, bütün yorğunluğuvuz gedər işinin dalıycan, - Nuru dəm çaynikinə kəklikotu atdı.

Qəfildən gecənin qaranlığında havada ağappaq bir kağız yellənməyə başladı. Sanki qağayı idi, sahilə doğru aramla süzürdü. Gecənin bu aləmi qağayı nə gəzirdi. Ətrafa boylandılar. Üst-başı tökülmüş, saç-saqqal içində itib-batmış bir kişi sərin mehin havada oynatdığı kağızın ardınca qaçırdı. Hər dəfə əlini atanda kağız uzaqlaşırdı. Adam divanəyə bənzəyirdi. Qoltuğundakı qalın qovluğu sinəsinə sıxıb o bircə kağızın ardınca yüyürürdü. Nuru Ağoppanı səslədi:

- Adə, Ağoppa, qaç o kağızı tut, ver kişiyə.

Ağoppa kağızı göydə qamarladı.

- Vahid qədeş, bu kişini tanıyırsan? - Nuru kədərlə dilləndi.

- Yox, birinci dəfədir görürəm, amma nəzərimə qərib gəlir, - Vahid siqaretin kötüyünü dişləri arasında sıxdı.

- Ağasəlim Fədaidir. Gözəl şair idi. Dediyinə görə bütün əlyazmalarını vaqonda oğurlayıblar, o vaxtdan dəli kimi gəzir. Adamın ürəyi ağrıyır.

Həsən Səyyar diksindi:

- Ağasəlim Fədai? Yoox, ola bilməz! Bu kişi Ağasəlim ola bilməz. Onun qəddi-qaməti uzaqdan adamı cəlb edirdi. Bunun qəddi bükülüb, o deyil.

- Alə, dayan görüm, bu buzovnalı Ağasəlim döyül? Mən onu axırıncı dəfə bilirsən haçan görmüşəm? Eeeh, otuz il bundan qabaq. Onda cavan uşaq idik, Məşədi Azərin yanına gəlib-gedərdik. Ağasəlim o vaxt təzə-təzə yazmağa başlamışdı. Sonra dedilər Operada işləyir. Day sonra nooldu, xəbərim olmadı, - Vahid dedi.

- Həri, Vahid qədeş, Operada Məcnunu, Kərəmi oynayıb. 37-ci ildə onu buralardan didərgin saldılar. Tutulacağından qorxub Türkmənistana qaçdı. Neçə illər idi Aşqabadda yaşayırdı. Elə qatarla gedəndə necə olubsa, əlyazmaları it-bata düşüb. Orda da günü yaxşı keçməyib. İndi xəstədir, canıyla əlləşir.

Nuru divanəyə bənzəyən kişini səslədi:

- Ağasəlim, gəl bir az dincini al, yaxşı çay dəmləmişəm.

Ağasəlim Ağoppanın küləyin əlindən aldığı kağızı ehtiyatla qovluğun içinə qoyub ağzını düyünlədi və onlara yaxınlaşdı. Vahidlə Səyyar ayağa qalxdılar. Ağasəlim onlarla üzbəüz qalınca duruxdu. Bir müddət baxışdılar və qəfildən həyəcanlı səs gecənin qaranlığında burulub sahilə yayıldı:

- Vahiiid!!!

Qucaqlaşdılar.

- Sən ki məni tanıdun, halaldu sənə! Özüvü niyə bu günə qoymusan, ay Ağasəlim? Nuru deməsəydi, səni tanımiyceydim.

Xəcalət janrında susdular. Ağasəlim bu görkəmindən, Vahidgil isə onu axtarmadıqları üçün sıxıldı.

Çay süfrəsi arxasında şirin söhbət gedirdi. Bu şirinliyə Ağasəlimin xəstə halı azacıq xələl gətirirdi. Ona elə gəlirdi ki, yeniyetmənin gətirdiyi çay da uzaq keçmişdən gəlib, dadı-tamı da o illərin çay dəstgahlarını xatırladırdı. Əmisi oğlu Azərgilin evi həmişə qonaq-qaralı olardı. Hər həftəsonu əhli-qələmlər onun bağına yığışıb şeir məclisləri təşkil edərdilər. Bu məclislərin zövq-səfası heç vaxt yadından çıxmayacaqdı. Ağasəlim şeiriyyatın incəliklərinə elə bu yığnaqlarda bələd oldu, ərəb-fars dillərini ona əmisi oğlu öyrətdi və Ağasəlim klassik şairlərin yazdıqlarını orijinaldan oxumağa başladı. Bu intəhasız söz dəryası onun həmişəlik qərar tutacağı yerə çevrildi. Bir gün utana-utana əmisi oğluna şeir yazdığını deyəndə Azər fikrə getmişdi və bircə kəlmə demişdi: Bilirdim ki, sən də şair olacaqsan.

Ağasəlim o gün sevindiyindən yerə-göyə sığmırdı. O gündən başladı hər şey. Nə oldusa, ondan sonra oldu. Fədai təxəllüsünü də ona əmisi oğlu verdi.

Birdən xəstə şair yerindən dikəldi, gözləri alacalandı:

- Bilirsüz ki, ya bu üzdə olan şairlərin çoxu şeirlərini məndən oğurlayıb? Mənim şeirlərimlə məşhurlaşıblar.

Səyyar maraq hissiylə soruşdu:

- Hansı şairlər, ay Ağasəlim? Kimdir sənin şeirlərini oğurlayanlar?

- Bu üzdə olan şairlər var aa, hamısı.

- Ağasəlim, ağ eləmə də, - Vahid ərklə köhnə dostuna etiraz etdi. - Bu yazığlar sənin şeirlərini harda gördülər ki, oğurlasınlar? Mətbuatda çap elətdirdiklərini oxumuşuq, çox əla şeirlərdir. Onlar da harda oxunubsa, sənin adın çəkilib. Belə şey ola bilməz. Olsa, mən özüm onları ifşa eləyərəm.

Ağasəlim dərin fikrə getdi, baxışlarını naməlum nöqtəyə zilləyib susdu. Vahidlə Səyyar baxışdılar, bu baxışlar onu deyirdi ki, deyəsən, Ağasəlimin  ruh halı yerində deyil. 

- Bir rəvayət yazmışdım. Bu hadisəyə Aşqabadda rast gəlmişəm. Küçəylə gedirdim, gördüm uşaqlar göyərçinləri daşlayırlar. Qəfildən bir arvad cumdu uşaqların üstünə, qışqırmağa başladı. "Mənim oğlum ölüüüb!!! Mənim oğlum ölüüüb!!!" deyə elə hey çığırırdı. Əvvəlcə heç nə başa düşmədim. Quşlarla onun oğlunun nə əlaqəsi? Uşaqlar da təəccüblə arvada baxırdılar. Sonra öyrəndim ki, sən demə, arvada deyiblər ki, sənin oğlun öləndən sonra göyərçinə çevrilib. Uşaqlardan biri qadına elə bir sual verdi ki, yerimdəcə quruyub qaldım. "Xala, bəlkə sənin oğlunun ruhunu oğurlayıblar?". Yazıq arvad ağlamsındı, pişik miyoltusuna bənzər səs çıxartdı. Ağlıma dəhşətli fikir gəldi, bu arvad pişiyə çevrilib göyərçinə çevrilmiş oğlunu tutub yeyəcək.

İşığın kölgələri sanki dənizin sahilini süpürməkdəydi. Qaranlıqdan eşidilən aramsız uğultu Ağasəlimin danışdığı qəribə hadisənin mistik aurasını bir az da dərinləşdirdi.

Qızıl ovxağını xatırladan qum üstündə diz vurub dövrə ilə oturan bir-iki cavanın səs-küyü onları fikirdən ayırdı.

- Vaygirlik olmayacaq ha! - cavanlardan biri ucadan səsləndi.

Bu, o demək idi ki, meyxana deyiləndən sonra axırıncı iki misrası təkrar olunmayacaq, meyxana qoşa misra ilə deyiləcək.

Nuru dilləndi:

- Cavan uşaqlardu, hər gecə burda yığışıb meyxana deyirlər.

Vahid başını buladı:

- Alə, gənə meyxana? Canımızı gücnən qurtarmışıq.

Məclisin şirin yerində iki nəfər cavanlara yaxınlaşdı, oturanları az qala, bikef edəcəkdilər. Biri azərbaycanlı, biri rus idi. Çimərlik geyimində otuz-otuz beş yaşlarında sağlam bədənli adamlardı. Açıq-aydın hiss olunurdu ki, keflidirlər. Meyxana kəsildi, hamı dilxor oldu. Azərbaycanlı salamsız-kəlamsız ədayla soruşdu:

- O qayıq kimindir?

Qayığı indi görürmüş kimi hamı o səmtə döndü. Yarıyacan quruya dartılmış qayıqda sarışın bir qadın oturmuşdu, o da çimərlik geyimində idi. Meyxana deyənlərdən biri dedi:

- Mənimdir, necə bəgəm?

- Bunlar Moskvadan gəliblər. Qayıqda üzüb kef eləmək istəyirlər, olar da... Həmin adam bayağı ədayla dedi.

Qayığın yiyəsi özündən çıxdı:

- Sizin başuvuz xarabdu? Gecənin bu vaxtı qayıqla dənizə çıxmaq olar?

Oturanlardan biri astadan dilləndi:

- Alə, özü də bu pyandu e, qayıq çörülər, batar, zırının biridü, çıxarmaq da olmaz. Oturduğumuz yerdə işə düşərik.

Deyəsən, deyilənlər ədəbazın xoşuna gəlmədi:

- Sən nə danışırsan? Bu, podpolkovnikdir, özü də Moskvadan gəlib. Sən ondan yaxşı qanırsan ki, qayıq nədir, necə idarə edərlər?

Meyxanaçıların ən yaşlısı qanqaraçılığın qarşısını almaq üçün araya girdi və tələsik təzə qafiyə açdı:

Rus qanır, yəni bu xalq anlamasın?

Qanan oldu, onu sağ anlamasın.

Qayıq istəyən elə bil yatmışdı, birdən ayıldı. Ancaq hələ özünə gəlməmiş kənardan ikinci bənd səsləndi:

Fitnəni qandı, amma qanmadı ki,

Yanında özgə xoruz banlamasın.

Ədabaz gördü ki, bu xına o xınadan deyil. Matdım-matdım meyxana deyənlərə baxıb heç nə demədən geri döndülər. Uzaqdan rusun səsi eşidildi:

- O çem oni sporyat druq s druqom?

O, elə zənn eləmişdi ki, oturanlar nə barədəsə mübahisə edirlər. Cavanlar bir bənd deyib kənarda duran orta yaşlı adamı ilk dəfə idi görürdülər.

- Dayı, deyəsən, sən də hal əhlisən, - qayığın sahibi bunu deyib gülümsədi.

Ağasəlim cibindən "Kazbek" çıxarıb odladı, birinci tüstüdə sinəsi qovuşdu, öskürək bədənini silkələdi. Özünə gələndə hələ də cavanların onu maraqla süzdüyünü gördü.

 

Şuri-eşqündü salan kuhi-biyabanə məni,

Ey edən zülfü ilə dəhrdə divanə məni.

 

Fəxr edib hüsnünə tüğyan eləmə aləmdə,

İncidib zülm ilə salma qəmü pünhanə məni.

 

Aşiqəm, sanki Fədai, gülə bülbül kimi mən,

Nə olar, məhrəm elə qönçeyi-xəndanə məni.

 

"Fədai" sözünü eşitcək cavanların dördü də yerindən dik atıldı.

- Fədai!

- Alə, bu, Ağasəlim Fədaidir ki!

Ağasəlim kədərlə gülümsündü:

- Mən əbabil yaşındayam. Unumu əbabil kimi göylərdə ələdim. Şirin yuxulardan çox gec ayıldım. Baxdım ki, ömür fənayə uğrayıb... Qanımla yazdığım şeirlərin sərxoşu kimi aylarımı, illərimi qürbət yellərinə verdim. Amma qürbətin mədəsində çətin həzm olunan tikəyə döndüm. Başımı götürüb gəldim vətənə. Ölməyə gəldim...

Boğazında düyünlənən qəhər ona sözlərinin ardını gətirməyə imkan vermədi. Adamlar uzun illər boyu Ağasəlimin bədbəxtliyinin azarkeşi olmuşdular. Kütlə belə şeyləri sevir axı. Şairi ya tribunada, ya da dar ağacında görməyi xoşlayırlar. Ağasəlim nə tribunada idi, nə də dar ağacında...

- Bu vaxta qədər haralardaydın, şair? Sənin qəzəllərin daim məclislərdə oxundu, adın çəkiləndə gözlər səni axtardı, tapmadı...

- Mən həyatını bir çantaya yığıb yola çıxmağı bacaranlardanam, oğul...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!