Hekayə
Kənan HACI
Çay ləpədöyəndə köksünü ötürüb müdrik susqunluğa qapılmışdı. Onlar Volqa çayının ayparaya bənzəyən sahili boyu uzanıb gedən yaşıllıqda gəzib-dolaşırdılar.Havanın nə vaxt qaraldığını da hiss etməmişdilər. Çaydan buğ qalxırdı, bu buğ çaydan çıxan insan kölgələrinə bənzəyirdi. Gecə öz sirrini açırdı nəydi. Qız deyəsən oğlana əməlli-başlı vurulmuşdu. Çayın üzərində insanabənzər iki kölgəni görüb oğlana sığındı, oğlan qızın zərif çiynini qucaqlayıb onu bir az da özünə sıxdı. Kölgələr getdikcə yaxınlaşırdı.
-Mən boğulanda heç əzab çəkmədim.
-Mən də. Çünki ikimiz də günaha batmışdıq. Cənnətə yolumuz həmişəlik bağlanıb.
Sahildəki cütlük həyəcandan tir-tir əsirdi. Oğlan özünü nə qədər tox tutmağa çalışsa da, kürəyindən soyuq tər axırdı və qorxusunu heç cür qızdan gizlədə bilmirdi. Ağaclar, böcəklər, çiçəklər, bütün kainat susmuşdu. Oğlanla qız araya çökmüş vahiməli sükutu pozmaq istəsələr də, sanki bir anın içində ikisinin də dili tutulmuşdu.
-Mən bir gün əvvəl siçovulların gəmidən atıldığını görmüşdüm.
-Mən o gecə qəribə yuxu görmüşdüm. Gördüm ki, şəhərdə qorxulu xəbər dolaşır, insanlar təşviş içində bir-birinə yenidən dünyanı su basacağını deyirlər. Amma heç kim deyə bilmirdi ki, bu xəbəri kim yayıb. Sonra gördüm ki, həmin insanlar vəhşicəsinə limanda lövbər salmış gəmiyə doluşurlar, gəminin də bir tərəfi ağırlıqdan əyilib.Göyərtədə isə uzun saqqalı, başında külah, əynində əba olan bir yaşlı kişi ucadan, amma təmkinli səsiylə camaata səslənir:
-Özünüzü yormayın, günahı olanlar bu gəmiyə minə bilməyəcək. Qocanın üzündəki ifadə sanki qranitdən tökülmüşdü, heç bir qüvvə bu ifadəni dəyişmək gücündə deyildi.
-Dinamit partlada bilər.
-Mənə lağ eləmə. Bax, sahildəki gəncləri görürsən? Yazıqlar, onlar da lənətləniblər.
-Görürəm. Onları da...
-Sus! Heç nə demə. Mən bilirəm.
Gecənin soyuğu iliklərinəcən işləmişdi. Amma yerlərindən tərpənə bilmirdilər. Qəfildən qızın dili açıldı:
-Tez gedək burdan. Mən qorxuram.
Oğlan qorxusunu büruzə vermək istəmədi, özünü tox tutmağa çalışdı.
-Qorxma, mən yanındayam. Bunlar nə qəribə kölgələrdir. Öz aralarında nəsə danışırlar deyəsən. Danışan kölgə görmüşdün indiyəcən? - Oğlan qıza baxıb hətta gülümsədi də.
Qız bir az çiyinlərini qısıb büzüşdü:
-Mən qorxuram!
-Bizim yazıçılardan biri danışan və yeriyən kölgələr haqqında bir roman da yazmışdı. Sonra həmin yazıçı nə üçünsə intihar etdi...
-Gedək burdan, nolar...
Onlar iki kölgənin sözünü ağzında qoyub əl-ələ tutaraq hündür şam ağaclarının arasında gözdən itdilər. Xəfif-xəfif əsən külək ağacların başında yasəmən rəngli xətlər cızırdı. Bu yolun onları hara çıxaracağını bilmirdilər, yeyin addımlarla meşənin içinə doğru irəliləyirdilər. Oğlan düşünürdü ki, qızı mütləq Bakıya aparacaq və orda evlənəcəklər. Bu sözü ilk dəfə qıza deyəndə qız onun səmimiyyətinə ilk andaca inandı, amma oğlanın vətəninə getmək istəmədiyini də dedi. O da vətənindən, bircə anasından ayrı düşmək istəmirdi. Anası onsuz dözə bilməyəcəkdi. Qız oğlana atasının avtomobil qəzasında dünyasını dəyişdiyini demişdi. Qızın atası da oğlanın vətənindən idi. Oğlan buralara atasını axtarmağa gələndə heç ağlına gəlməzdi ki, atasının əvəzinə bu qəşəng qızı tapacaq. İndi oğlanın da anası bircə oğlunun yolunu gözləyirdi. Bilmirdi ki, neyləsin. Qızı gözü yaşlı buraxıb gedə bilməyəcəkdi. Hansısa şair yazmışdı ki, güman minə qalanda ümid birə işləyir. Onun ümidi bir istəyə, bir arzuya işləyirdi; titrək kəpənək kimi ona sığınmış bu zərif qızı vətəninə aparmaq. O qədər gəlib burda qızları aldadıb çıxıb gedənlər olmuşdu ki. O, heç vaxt onlardan olmayacaqdı, bu şirin, sevimli, məsum qızı aldatmayacaqdı.
Düşdükləri cığır onları kimsəsiz bir yolun kənarına gətirib çıxardı, yoldan əlli-altmış metr aralıda bir koma gözə dəyirdi. Komanın ətrafı kol-kos idi, hiss olunurdu ki, uzun müddətdir buralara gəlib-gedən olmayıb. Hər şey lap nağıllardakı kimi idi. Xəfif, şəffaf dumanın arxasından Ay boylanırdı. Ay məxməri şölələr saçırdı. Oğlan qıza baxıb gülümsədi, qızın gözlərində bayaqkı həyəcandan əsər-əlamət qalmamışdı. Qızın üzündə qədim və hiyləgər təbəssüm çiçəklədi. Komaya yaxınlaşdılar. Meşə susmuşdu. Komanın ağır taxta qapısı cırıltıyla açıldı, içəri keçdilər. Komanın küncündə dəmir soba qaralırdı, sobanın üstündə döymə dəmir şamdan qoyulmuşdu. Oğlan kibrit çəkdi və şamdanı yandırdı. İçəri zəif işıq şüası yayıldı. Qız oğlana yaxınlaşdı. Əvvəl əlləri birləşdi, sonra dodaqları...
***
Geniş asfalt yola çıxmışdılar. Qız oğlanı evlərinə, anasıyla tanış etməyə aparırdı. Anası onun azərbaycanlı bir oğlanı sevdiyini bilirdi. Dəfələrlə evdə ana-bala mübahisə etmişdilər. Qadın nədənsə aman-zaman övladının başqa bir millətdən olan bir oğlanla evlənməsinə razı deyildi. Qızsa anasını atasıyla tərksilah edirdi:
-Ana, özün də azərbaycanlıya ərə getmisən də. İndi noldu?
-Mən başqa, sən başqa, - ana deyirdi.
-Mənə başa sal da, nə mənada başqa?
Anası bu sözlərin qarşısında nə deyəcəyini bilmirdi və tərs-tərs qızını süzüb söhbəti başqa səmtə yönəltməyə çalışırdı. İndi eşidəndə ki, qızı azərbaycanlı oğlana bənd olub, içində narahatlıq baş qaldırmışdı. Altıncı hissi ona bu sövdanın pis bir sonluqla bitəcəyini xəbər verirdi. Rəhmətlik əri Volqoqrad bazarında ilk dəfə onu görəndə vur-tut, on altı yaşı vardı. Kişi onda bazarda gül satırdı, qız o gündən tez-tez yolunu bu bazardan salmağa başladı. Gülsatan hər dəfə ona bir qırmızı qərənfil verirdi və bu qərənfil qızı xoşbəxt edirdi. Sevənlər üçün beş qərənfilin dəbdə olduğu vaxtlar idi, lap bir güllə də qızların ürəyini fəth etmək olurdu.
Evləri çox uzaqda deyilmiş, on beş dəqiqədən sonra artıq qızgilin qapısı önündəydilər. Qız dəmir darvazasını aralayıb əvvəl özü içəri girdi, sonra da gülümsəyib oğlanı içəri dəvət etdi. Amma bu təbəssüm bayaq komada üzündə peyda olan hiyləgər təbəssüm deyildi, xoşbəxt, bir az hürkək təbəssüm idi. Qız tez qaçıb üç pilləkənı çıxdı və evin qapısını açıb anasını çağırdı. Oğlanı içəri dəvət etdilər. Ev sadə quruluşlu idi, lap kənd evləri kimiydi. Aynabənddə pəncərələrin qırağına dibçəklər düzülmüşdü. Mebel də sovet dövründən qalma idi. Oğlana köhnə divanda yer göstərdilər. Qadın oğlana diqqətlə baxırdı. Hiss olunurdu ki, oğlanın gəlişi onun ürəyincə deyil. Oğlan özünü son dərəcə naqolay hiss edirdi. Qız da anasının narazı görkəmindən pərt olmuşdu. Bilmirdi neyləsin. Qadın mətbəxə keçdi və oğlan başını qaldıranda gözü divardakı şəklə sataşdı... Alnına soyuq tər gəldi. Divardakı şəkildən ona öz atası baxırdı. O, atasının üzünü görməmişdi, onu şəkillərdən tanıyırdı. Atası Urusetə çıxıb gedəndə o, hələ dünyaya gəlməmişdi. Bu şəkildə atasının alnına qırışlar düşmüşdü, saçları azca ağarmışdı, gözlərisə həminkiydi.
Tez divandan qalxıb qızın qolundan tutdu və onu çölə çıxartdı:
-Gəl çıxaq, yolda sənə söz deyəcəm.
Qız özünü itirdi:
-Sənə noldu birdən-birə? Nə deyəcəksən? Dayan, anam yemək hazırlayır.
Oğlan isə qızın qolundan tutub onu həyətə, ordan da küçəyə çıxartdı. Qadın oğlanın bu gözlənilməz hərəkətindən möhkəm qorxuya düşdü, nə baş verdiyini anlaya bilmədi. Küçə qapısına yüyürüb onları səslədi, nə qızı, nə də oğlan çevrilib cavab vermədilər. Ananın ağlına ilk gələn bu oldu ki, oğlan deyəsən qızı qaçırır. Yaramaz qızın ağlını əməlli-başlı oğurlayıb. Tez polis idarəsinə xəbər vermək lazım idi.
Onları iki gündən sonra tapdılar. Hər ikisi çayda boğulmuşdu. Kölgələrdən başqa heç kim bilmədi ki, onlar çaya necə düşüblər...
Kölgələr əbədilik susmuşdu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!