Ərik bağı - Vahid Məmmədlinin hekayəsi

 

 

“Kiminin əvvəli, kiminin sonu” deyirlər. Hərçənd bəzən son da elə əvvəl kimi olur…   

Şəhər hər tərəfdən meyvə ağacları ilə əhatələnmişdi. Mərkəzə yaxın bir ərik bağı vardı ki, şagird və müəllimlərin çoxu yolu qısaltmaq üçün cığırları ilə məktəbə gedirdilər.

Mədinə bu gün evdən çox erkən çıxmışdı. Bağın ortasında balaca ada kimi görünən böyürtkən kollarının arxasında gizlənib kimisə gözləyirdi. Ətrafı gözətləyəndə nisbətən iri gövdəli, qoca ərik ağacının arxasında məktəbin son sinfində, özündən üç sinif yuxarıda oxuyan Səidin də pusquda olduğunu gördü.

   Hamının qorxduğu Səid üç il idi, sinifdə qalırdı. Direktordan tutmuş birinci sinif şagirdinə kimi hər kəs onun məktəbdən  rədd olub getməsini istəsə də, buna bircə dərs hissə müdiri İbad müəllim mane olurdu. O, sağ-salamat olan atasının goruna and içmişdi ki, Səidi üç il sinifdə saxlayıb attestat üzünə həsrət qoymasa, kişi deyil. Sözünün üstündə durub saxladı da. Başındakı yanıq yerinin ağrısı yalnız bundan sonra onu rahat buraxdı…

İbad müəllim daz idi və keçəlinin görünən hissəsində qara xalı xatırladan bir yanıq yeri vardı. Deyilənə görə, ona məlum olur ki, ailədəki on bir uşağın ən böyüyü olan Səid bazarda göy-göyərti satdığı üçün dərsə gəlmir. Eləməyib tənbəllik, bazara gedir və Səidə deyir ki, sabah dərsə gəlməsən, səni məktəbdən qovacağam. Səid də yenicə yandırdığı siqaretdən bir-iki qullab vurub deyir ki, müəllim, bağışla, on bacım var, onların dərdindən çəkirəm.

Şagirdinin onun gözü önündə siqaret çəkdiyini görüb əsəbləşən İbad müəllim deyir, “Neyniyim, alə, on qızı mən gətirmişəm dünyaya?”. Səid də çıxır piştaxtanın üstünə, deyir, “müəllim, bir qullab da vurum, kişi deyil sənnən getməyən.” Sonra da dərs hissə müdirinə işarə edir ki, qulağını yaxın gətir, vacib sözüm var. İbad fikirləşir ki, bu imansız hələm-hələm qulağa söz deyən deyil - əcəba, nə vacib sözdür ki, bu əbləh mənim qulağıma deyəcək? Maraqla qulağını Səidin ağzına yaxınlaşdıranda bircə söz eşidir: “keçəl”.

     -Nə dedin sən, itdən əmələ gələn? -İbad əl atır ki, Səidi boğazlasın, o da siqaretə son qullabını vurub, müəllimin keçəlinin ortasına basıb söndürür: “Alə, keçəlsən də…” deyə piştaxtanın üstündən tullanıb qaçır. Azyaşlı olmasını, həm də çoxuşaqlı anasının ora-bura yazacağını nəzərə alıb İbad Səiddən polisə şikayət etmir, amma qisasını onu üç il sinifdə saxlamaqla alır…

Mədinə fikirləşdi ki, Səid başına təzə oyun açmaq üçün yenə də İbad müəllimi gözləyir. Amma İbad ərik bağı boyunca olan cığırların heç birində görsənmirdi, onun yerinə, Səidin arxasında gizləndiyi ağacın düz üstünə gedən cığırla Marianna irəliləyirdi…

İndi kimya laboratoriyasında laborant işləyən Marianna məktəbi keçən il bitirmişdi. O, hərəkət etdikcə qısa ətəyi iki yastığa birdən çəkilmiş üzlüyü, köynəyi isə iki cərco yemişinə dar gələn torbanı xatırladırdı. Marianna Səidin gizləndiyi ağaca çatanda oğlan pusquda dayanmış ac qurd kimi qarşısını kəsdi. Lal-dinməz Səidin gözlərinin içinə baxan qız yoluna davam etmək üçün addım atanda oğlan cəld yana çəkilib yol verdi, Marianna ilə yanaşı gedə-gedə birdən sol əli ilə qızın belini qamarlayıb dodaqlarına kilidləndi. Mədinə uzaqdan Səidin sağ əlinin qızın koftasının içərisinə girdiyini, qızın “eləməə” deyə nazla dartındığını, oğlanın qolları arasında qıvrıldığını, uzaqlaşdıqca ara-sıra dayanıb öpüşdüklərini izlədikcə bədəninə istilik yayılır, yanaqlarının od tutub yandığını hiss edirdi. Yüngülcə köks ötürüb bağı bir də süzdü, çiynindəki çantasını çıxarıb əlində hazır vəziyyətdə saxladı. Sinif yoldaşı Vasif yaxınlaşanda Mədinə paltarlarına ilişən böyürtkən kollarını tələsik dəf edərək çantanı qaldırıb var qüvvəsi ilə arxadan onun başına çırpdı.

Bığları tərsinə yazılmış T hərfini xatırladan sinif rəhbəri Atabala müəllim bağın ortasında göründü. Arxasınca bir dəstə uşaq gəlsə də, heç kim müəllimdən önə keçməyə cürət etmirdi. Aramla məktəbə doğru yeriyən sinif rəhbəri uzaqdan Mədinə və Vasifi görüb addımlarını yeyinlətdi. Qız hər dəfə əlindəki çantanı yelləyib Vasifi vurmağa çalışsa da, oğlan əli ilə zərbələri dəf edib sakitcə yoluna davam edirdi.

  Qəzəblə dodaqları sıxılmış, alnı qırışmış Mədinə “Hüsüyeva, bu nə biabırçılıqdır?” deyə acıqlanan sinif rəhbərinin səsini eşitmirmiş kimi Vasifin üstünə cumurdu. Atabala müəllim çatıb onun sözlərinə məhəl qoymayan qızın qolundan tutub kənara itələdi. Tərdən sifətinə yapışmış saçlarının arasından görünən bir gözü ilə qəzəblə müəlliminə baxan Mədinə dəliyə dönmüşdü.

- Bu uşaqdan nə istəyirsən, Hüsüyeva? Səndən soruşuram, cavab ver, - Atabala müəllim bağırdı,- Niyə vurursan onu?

Mədinə qəzəbindən boğulsa da, ağalaya da bilmirdi: - O niyə belə yaraşıqlıdır? Niyə axı? Niyə də, niyə? – Üsyana bənzər bu nidasına uşaqlar bərkdən gülüşdülər. Onların gülən çöhrələrinə baxdıqca Mədinənin qəzəbi alovlanırdı.

Atabalanın üst dodağındakı tərsinə T hərfi həmişə əsəbləşəndə olduğu kimi yenə qalxıb endi:

- Atana de məktəbə gəlsin, it küçüyü, sən qızıxmısan, - deyə Mədinəyə çəmkirib Vasifin qolundan tutaraq yoluna davam etdi: -Atana zəng edəcəm, deyəcəm bu uşağı qorumaq lazımdır. Amma mənə bir şey maraqlıdır. Xətrinə dəyənlərin sındırmadığın burunları qalmayıb, bir qızın öhdəsindən gələ bilmirsən? Niyə saçından tutub atmadın kənara?

- Qıza əl qaldırmazlar, müəllim, oğlanlara baxma, - deyə Vasif mavi gözlərindən gülümsədi.

Atabala müəllimin bu yeniyetmə oğlanın böyüklərsayağı təmkinindən xoşu gəldi, bığaltı gülümsədisə də, Vasiflə qaşqabaqlı danışdı:

-Hmmm… Sənin işin çətin olacaq. Əvvəllər təkcə rəqiblərin, oğlanlar ilişirdi sənə, indi qızlar da… Qanları xarab köpək uşaqları! - Atabala müəllim  T hərfinə oxşayan bığının altından deyinə-deyinə irəlilədikcə Vasif anlamırdı ki, sinif rəhbəri öz-özünə danışır, yoxsa onunla. Yaxınlaşdıqca giriş qapısının qarşısında görünən məktəbin ən gözəl qızı Amaliyanın üzünə gülümsəməsi Vasifə bircə anda hər şeyi unutdurdu, bütün narahatlığı yoxa çıxdı, çöhrəsinə nurlu bir təbəssüm yayıldı…

 Mədinə Səidə qoşulub Rusiyaya qaçmışdı. Rostova gəldikləri ilk gün kirayə ev tutdular. Ev sahibləri kommunal mənzilin bir otağını onlara vermişdi. Ev sahibəsi Mariannaya çox oxşayırdı. Uzaq yol gəlib yorulduqlarından Mədinə daş kimi yatmışdı. Gecənin qaranlığında səs-küydən ayılanda başı üstündə polisləri gördü, təlaş və qorxu içində boylananda Səidi ağzıüstə uzadıb qollarını qandallayırdılar…

Səid ev sahibəsini zorlama cəhdi ittihamı ilə səkkiz il azadlıqdan məhrum edildi. Məhkəmədə məlum oldu ki, sən demə, Mədinə yatandan sonra Səid su içmək üçün mətbəxə keçib, orada çay içən ev sahibəsini Marianna ilə “səhv salıb”, arxadan qucaqlayıb sinəsini oxşamağa başlayır. Qadın çığır-bağır salmaq istəyəndə ağzını əli ilə qapadır, düşünür ki, xoşlandığından belə edir. Ev sahibəsinin əri Saveliy mətbəxdəki hənirə qaçıb gəlir və iri tavanı arxadan Səidin başına çırpır. Sonra polisə zəng edir…

Mədinə atasının evinə qayıtmadı. Bazarlarda, piştaxtalar arasında gecələdi. Ümid etdi ki, Səid cəzasını çəkib qurtarandan sonra evlənəcəklər. Onların heç ilk gecəsi də olmamışdı. Yol yorğunu olduqları o ilk gecə Səid yanında yatan Mədinəni Mariannanın bənzərinə dəyişmişdi. Mədinə illərlə gözləsə də, Səid həbsdən qayıtmadı; kamera yoldaşını öldürdüyünə görə daha iyirmi il həbs, sonra daha bir neçə cinayət… Mədinə dünyanın ən xəbis duyğusu olan ümidə aldana-aldana, Səidi gözləyə-gözləyə qarıyırdı. Bir dəfə onu Rostovun mərkəzi bazarının qarşısında maşın vurdu. Bütün sümükləri çilik-çilik olmuşdu, sağalması uzun çəkdi. Gəzəndə axsayır, bir gözü də görmürdü. Bəzən başına daha nə gələ bilər deyə düşünürdü. Bu ömrü niyə yaşamışdı? Niyə belə yaşamışdı? İndi nə etsin, kimə üz tutsun, bilmirdi. Amma nə olursa olsun, vətənə dönməyə üzü yox idi. Bəlkə də, utanmaqdan daha çox hikkəsindən geri qayıtmaq istəmirdi.

Bir şüşə arağı dibinə kimi boşaldıb, ayılanda Moskva-Bakı qatarının plaskart kupesində idi. Qatar Yalamanı keçmişdi. Heç bilmirdi, getsin, ya geri dönsün, deyəsən, indi elə də fərqi yox idi…

Ata-anası çoxdan rəhmətə getmişdi. Yeganə qardaşı Vladivastokda miçman idi. Kimsəsiz evlərinin qarşısında dayanıb nəyisə xatırlamağa çalışır, amma ruhunda heç bir səs, heç bir hənir duymurdu. Xatirələr də onu tərk etmişdi. Qonşulardan biri onu güclə tanıdı, hasardan aşıb həyət qapısını açdı ki, küçədə qalmasın.

Bayaqdan susqun qalıb qonşunun suallarına cavab vermək istəməyən Mədinə birdən sanki ən vacib şeyi xatırlayıbmış kimi soruşdu:

-Uşaqlar məktəbə yenə də ərik bağından keçib gedirlər?

Qonşu bu an dünyanın ən mənasız sualını verən Mədinəyə təəccüblə baxdı:

-Yox, ay qız, indiyə ərik bağı qalar?! Ağacları kəsib bağı camaata ev yeri kimi payladılar…

Hələ qatarda Mədinənin başında dəli bir həvəs oyanmışdı, təkcə o ərik bağını yenidən görmək istəyirdi – başqa heç nəyi, heç kəsi. Qonşunun sözündən sonra Mədinənin kədərli üzündə zorla sezilən təbəssümün kölgəsi dolandı. Qonşu gözünü onun nə ifadə etdiyi bəlli olmayan üzündən çəkmədən “bağın yerində təzə məktəb, bir də prokurorluq binası da tikiblər” dedi.

Qonşunu yola salan Mədinə illər öncə onun olan pəncərə önündəki çarpayısına yaxınlaşdı. Heç nə dəyişməmişdi. Həmin köhnə, bir yanı əyilmiş çarpayıya üzüüstə sərildi. Bu çarpayını çox sevərdi. Hər gecə yuxusunda ərik bağını görürdü. Bəlkə də, yuxu deyil, xəyal idi: ağaclar çiçək açardı, o isə Vasiflə əl-ələ ağacların arası ilə məktəbə gedərdi… Məktəbdə isə Vasiflə Amaliyanın bir-birinə uzaqdan təbəssümü onun ərik çiçəyi rəngindəki bütün xəyallarını alt-üst edirdi.

Ertəsi gün Mədinə ayaqlarını sürüyə-sürüyə bir vaxtlar ərik bağının olduğu tərəfə yollandı. Qonşunun dediklərinə rəğmən əmindi ki, gedib bağı yerində görəcək. Bağdan isə əsər-əlamət yox idi, yalnız fərdi yaşayış evləri və inzibati binalar. Mədinənin gözü o bağdan qalmış heç olmasa tək bir ərik ağacı axtardı. Yeni çəkilmiş yolun o biri tərəfində balaca bir ağac gözünə dəydi. Sağa-sola şütüyən maşınların arasından yolu keçməyə çalışırdı. Məhv olmuş bağın son işartısından soruşacağı çox şey vardı.

Prokurorun xidməti maşını ana yola çıxanda yol keçən qadını görən sürücü əyləci basıb maşını durdurdu. Özünü itirmiş qadın yerə uzandı. Prokuror maşından düşüb sürücüsünə “-Tez ol, dikəlt onu” dedi. Gənc sürücü Mədinənin qolundan tutub  ayağa qaldırdı: “Xala, əzilməmisən ki?”

Uzun müddət alkoqol istifadəçisi olan Mədinə sürücüyə cavab vermədən dumanlı gözlərini prokurorun üzünə dikdi, bir neçə an səssizcə baxıb yenə bir söz demədən çevrilib getdi. Prokuror bu boz-bulanıq gözləri nə vaxtsa görmüşdü, amma yada sala bilmirdi. Bir xeyli aşa-aşa gedən qadının arxasınca baxıb maşına əyləşdi: “Gedək”.

Prokuror həyatındakı bütün boz xatirələr kimi bu gözlərin sahibini də həmişəlik unutmuşdu. Amma rayon prokurorunun ərik ağacının çiçəklərindən boylanan  dumduru gözlərinin Vasifə aid olduğunu Mədinə dərhal anlamışdı…


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!